30 okt 16:44siyaset

Azərbaycan yenidən yüksək təşkilatçılıq qabiliyyətini göstərəcək

Azərbaycan yenidən yüksək təşkilatçılıq qabiliyyətini göstərəcəkNövbəti Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi ölkəmizin siyasi nüfuzunun göstəricisidir

“Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ölkəmizə olan etimadın növbəti göstəricisi oldu”.

Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə mediaya açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, bu Konqres müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirləndəndir. Məhz növbəti Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun daha bir təzahürü, Azərbaycana olan inamın nəticəsidir: “Əlbəttə ki, belə bir qərarın verilməsi təsadüfi xarakter daşımır. Azərbaycan son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində bir çox uğurlar əldə edib. Hazırda ölkəmizin 3 peykinin olması və kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlar deyilən fikrin əyani sübutudur. Hətta, bu gün Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir”.

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, beynəlxalq əhəmiyyətli bir Konqresin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi heç də asan başa gəlməyib: “Çünki növbəti Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi üçün Bakı ilə yanaşı, dünyanın tanınmış meqapolislərinin - Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərlərinin də namizədliyi gözdən keçirilib. Sinqapur dünyanın ən inkişaf etmiş ölkələrindən birinin paytaxtıdır. Bu ölkə iqtisadı göstəricilərinə görə bəzi sahələrdə hətta Avropa dövlətlərini belə geridə qoyur. Rio-de-Janeyro Braziliyanın, Dehli isə Hindistan kimi inkişaf etmiş dövlətlərin şəhərləridir. “Böyük iyirmilik”ə daxil olan bu ölkələrin yuxarıda adları çəkilən şəhərlərinin deyil, Azərbaycanın paytaxtı Bakı şəhərinin növbəti Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi üçün seçilməsi çox mühüm məqamlardan xəbər verir. Bu qərar bir daha sübut edir ki, Azərbaycana inanırlar, etibar edirlər. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, qadınlar arasında futbol üzrə dünya çempionatına, Formula-1 yarışlarına, şahmat, gimnastika, cüdo üzrə dünya birinciliklərinə, futbol üzrə Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi edib. Bütün tədbirlər yüksək təşkilatçılıq və təhlükəsizlik şəraitində reallaşıb. Ona görə də Sinqapur, Braziliya və Hindistan kimi rəqiblər arasında Azərbaycana üstünlük verilməsi həm ölkəmizə olan etimadın, həm də inamın göstəricisidir”.

Vüqar Rəhimzadə xatırladıb ki, 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresi Sovet İttifaqında - Bakı şəhərində keçirilib. Hələ o zaman ulu öndər Heydər Əliyev Azərbaycanın rəhbəri kimi böyük səylər göstərmişdi ki, Sovet İttifaqında bu Konqres məhz Bakıda keçirilsin: “Məhz təxminən 50 ildən sonra müstəqil Azərbaycanda, yenidən Bakı şəhərində bu Konqresin keçirilməsi böyük rəmzi məna daşıyır. Ən böyük fərq isə ondan ibarət olacaq ki, Azərbaycan müstəqil dövlət kimi bu böyük tədbirə ev sahibliyi edəcək”.

Baş redaktor əlavə edib ki, Konqresdə iştirak üçün Azərbaycana 6-7 min qonağın gəlişi gözlənilir: “Mən əminəm ki, Azərbaycan yenidən yüksək təşkilatçılıq qabiliyyətini göstərəcək və 2022-ci ildə keçiriləcək növbəti Beynəlxalq Astronavtika Konqresi uzun müddət yaddaşlarda qalacaq”.
XƏBƏR LENTİ
SORĞU