22 okt 14:30siyaset

YAP-çı deputat yeni istefaları anons etdi: Kimlər gedir?

YAP-çı deputat yeni istefaları anons etdi: Kimlər gedir?Qarşıdakı günlərdə ərzində cənab Prezidentin bu ismarışının ardınca pensiya yaşını ötmüş, yaşı 70-i keçmiş digər vəzifəli şəxslərin oxşar addımlar atacağına şahidlik edəcəyimiz istisna deyil.

Bu sözləri Axar.az-a Milli Məclisin üzvü, tanınmış politoloq Elman Nəsirov dünən Baş nazirin iki müavini – Əli Həsənovla Hacıbala Abutalıbovun istefa ərizələrini Prezidentə təqdim etmələri və Prezidentin bu addımı hakimiyyətdə olan yaşı 70-i keçmiş digər şəxslər üçün də nümunə kimi göstərməsi barədə danışarkən deyib.

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 9 ayın sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə indi atdığı addımların bir növ anonsunu verdi:

“Prezident qeyd etdi ki, yeni reallıqlar var və hazırda daha fərqli, sürətlə inkişaf edən dünyada yaşayırıq. Bu səbəbdən hazırda çox bacarıqlı, bilikli, savadlı gənc kadrlara ehtiyac var. Onların potensialından istifadə olunmalıdır. Bu da ona görə lazımdır ki, ölkəmizdə islahatlar kursunun alternativi yoxdur. İslahatlar kursu bundan sonra da davam etdiriləcək və daha da dərinləşdiriləcək.

İslahatların və ölkəmizin qarşısında dayanan bu konteksdə yeni hədəflərin məntiqindən çıxış edərək, yeni və gənc kadrlara ehtiyac artıb.

Cənab Prezidentin bu fikirlərinin ardınca gördünüz ki, Baş nazirin müavini Əli Həsənov və Hacıbala Abutalıbov Prezidentə ərizə ilə müraciət edərək, işdən azad edilmələrini xahiş etdilər.

Prezident onların hər ikisinə bu addımlarına və seçimlərinə görə öz təşəkkürünü bildirdi. Həmçinin qeyd etdi ki, onların bu addımı çox yaxşı örnək ola bilər”.

E.Nəsirov əlavə edib ki, Baş nazirin müavinlərinin bu addımı nümunəyə çevrilə bilər:

“Prezident humanistlik göstərir və özü uzun illər yanında olan kadrları vəzifədən uzaqlaşdırmaq istəmir. Əlbəttə, o kadrlar arasında yaşları çox olsa da, nümunəviləri, təcrübəliləri və dövlətimiz üçün dəyərliləri də var. Ancaq təbii ki, yaşı 70-i ötmüş məmurlar arasında yorulmuşları da var.

Bu məntiqlə yanaşanda, qarşıdakı günlərdə Prezidentin bu ismarışının ardınca pensiya yaşını ötmüş digər vəzifəli şəxslərin də oxşar addımlar atacağına şahidlik edə bilərik”.

E.Nəsirov Prezidentin bu mesajından sonra Nazirlər Kabinetindəki kadrlar, xüsusilə Baş nazirin birinci müavini, 73 yaşlı Yaqub Eyyubovla bağlı sosial şəbəkələrdəki müzakirələr barədə sualı da cavablandırıb:

“Bu, Nazirlər Kabinetində də ola bilər, nazirliklərdə də, komitələrdə də. Prezidentin bu mesajından sonra biz bu müraciətləri hər yerdə müşahidə edə bilərik”.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU