16 okt 15:46siyaset

"Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açacaq"

"Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açacaq"“Son illər Bakıda keçirilən biri-birindən mühüm və tarixi əhəmiyyətli tədbirlər türk dövlətləri arasında münasibətlərin daha da möhkəmlənməsinə, ümumilikdə türk dünyasının güclənməsinə böyük dəstəkdir. Bu baxımdan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçirilən VII Zirvə Görüşü xüsusi diqqət çəkir”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan növbəti mötəbər beynəlxalq tədbirə uğurla və yüksək təşkilatçılıqla ev sahibliyi etdi: “Oktyabrın 14-15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirildi. TDƏŞ-in yaradılması ilə bağlı Naxçıvan Sazişinin 10-cu ildönümünə təsadüf edən bu görüş əməkdaşlığın daha da dərinləşməsi istiqamətində yeni mərhələnin əsasını qoydu”.

“10 il əvvəl, 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı zamanı "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişi imzalanıb. Həmin Sazişin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası, katiblik təsis edilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmin təşkilatların təsisçi üzvləridir” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Türk Şurası da adlandırılan bu qurum dövlət başçılarının siyasi iradəsi, türk birliyinin formalaşması üzrə verdikləri mühüm qərarlar sayəsində 10 ildə böyük inkişaf dövrü keçib, sürətlə təşkilatlanıb.

Baş redaktor vurğulayıb ki, Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlıqdır: “TDƏŞ-in indiyədək 6 zirvə görüşü keçirilib. Görüşlərin mövzusu fərqli sahələri əhatə edib və bu mənada Türk Şurası müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verməkdədir”.

Ötən bir ildə TDƏŞ-in tərkibində və fəaliyyətində yeni keyfiyyət dəyişikliklərinin baş verdiyini diqqətə çatdıran V. Rəhimzadə xüsusi qeyd edib ki, ən mühüm nailiyyət isə Özbəkistanın qurumun üzvlüyünə qəbul olunmasıdır: “Bu, həm Şuranın nüfuzu, həm də türk dünyasının birliyi baxımından olduqca mühüm siyasi hadisədir. Başqa bir mühüm hadisə Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Şurasının ofisinin açılmasıdır. Bu, türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və həmin qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli rol oynayacaq, Türk Şurasının fəaliyyətinə töhfə verəcək, gələcək inkişafına müsbət təsir göstərəcək”.

Vüqar Rəhimzadə qeyd edib ki, Türk Şurası türk dövlətləri arasında münasibətlərin genişləndirilməsində mühüm platformadır: “Şura üzv ölkələr arasında inteqrasiyanın daha da gücləndirilməsinə, iqtisadi və digər sahələrdə əməkdaşlığın yüksək səviyyəyə qaldırılmasına təkan verir. Həmçinin türk xalqlarının ortaq mədəniyyətinin və irsinin qorunmasında mühüm rol oynayır. Bu baxımdan Bakı görüşü Türk Şurasının fəaliyyətində xüsusi canlanma yaradacaq, türk xalqlarının birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisə kimi yaddaşlarda qalacaq”.
XƏBƏR LENTİ
SORĞU