18 iyl 14:52siyaset

Keşikdə və marıqda duranlar

Keşikdə və marıqda duranlarElçin Mirzəbəyli

Azərbaycan-Gürcüstan sərhədində, Keşikçi dağı ərazisində baş verən insidentdən sonra son zamanların ən aktual sualı əvvəlkindən daha qabarıq şəkildə gündəmə gəlib: İki müttəfiq ölkə arasında süni münaqaşə yaratmaq kimə və nə üçün lazımdır?

Azərbaycanın bu məsələdə həm tarixi, həm də hüquqi nöqteyi-nəzərdən haqlı tərəf olduğu ortalıqdadır. Bu baxımdan, baş verənlərin əsl mahiyyətinin anlaşılması, soyuqqanlı şəkildə təhlil edilməsi üçün bütün emosional notların, pafoslu cümlələrin bir kənara qoyulmasının vacib olduğunu düşünürəm.
Beləliklə gurultulu və içiboş bəyanatları, Türkiyə türklərinin təbirincə desək, “Vətən, Millət, Sakarya” kimi şüarları rahat buraxıb mətləbə keçirəm.
Hesab edirəm ki, yaranmış vəziyyətdə tam və real mənzərənin göz önünə sərgilənməsi üçün delimitasiya prosesini münaqişəyə çevirmək istəyən qüvvələrin kimliyini müəyyənləşdirmək lazımdır.

Saxta vətənpərvərlər

Öncə Gürcüstan tərəfində olan təxribaçıların kimliyini müəyyənləşdirək:
Bu prosesdə Gürcüstanın parlament partiyalarından ən fəal, bəlkə də lokomotiv rolunu oynayan “Gürcüstan Vətənpərvərlər Alyansı” partiyasıdır. Partiya 2012-ci ildə Saakaşviliyə və onun lideri olduğu Vahid Milli Hərəkat Partiyasına qarşı alternativ milli ideya ilə çıxış edən siyasi təşkilat kimi yaradılıb. Hazırda Gürcüstan parlamentində 6 deputatla təmsil olunur.

“Vətənpərvərlər Alyansı” partiyası Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiyasının əleyhinədir və hökuməti bu siyasi xəttdən imtina etməyə çağırır.
Partiya Rusiya ilə münasibətlərin hərtərəfli inkişafının tərəfdarıdır.

Qeyd edim ki, iyunun 15-də Tiflisin “Azadlıq” meydanında “David Qareci – Bu Gürcüstandır” şüarı ilə etiraz aksiyası keçirən siyasi təşkilat da məhz “Gürcüstan Vətənpərvərlər Alyansı” partiyasıdır.

Gürcüstanda Azərbaycan əleyhinə təbliğat aparan, ən qatı radikal şüarlar səsləndirən və son hadisələrdə baş təxribatçı funksiyasını yerinə yetirən başqa bir siyasətçi isə Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvildir.

Bu şəxsin bacardığı qədər gizli saxlamağa çalışdığı yönünü isə, qənaətimə görə, onun 2005-ci ildə Gürcüstanın baş naziri olan Zurab Jvaniyanın ölümü zamanı tutduğu mövqedən və verdiyi bəyanatlardan sezmək olar. Onlardan birinə diqqət çəkək: “Jvaniya son zamanlar Rusiyaya tərəf o qədər ciddi istiqamətlənmişdi ki, onu amerikalılar da aradan götürə bilərdilər. Deyə bilmərəm, amerikalılar ya yox, amma Jvaniya Rusiyaya münasibətdə praqmatik meyllənməsinə görə Gürcüstan siyasətçilərinin və biznesmenlərinin bir hissəsini qane etmirdi”.

Xatırladım ki, 2007-ci il noyabrın 8-də Gürcüstanın baş prokurorluğu Şalva Natelaşvilini Rusiyanın xeyrinə cəsusluq etməkdə ittiham edib və Leyboristlər Partiyasının sədri uzun müddət istintaqdan gizlənib.

Erməni izi

Azərbaycanla Gürcüstan arasında sərhədlərin delimitasiya prosesini münaqişəyə çevirmək istəyənlərin arasında ermənilərin ön planda dayandığını xüsusi şəkildə vurğulamağa düşünürəm ki, ehtiyac yoxdur. Onların arasında gürcü soyadı daşıyan ermənilərin sayı da az deyil. Qeyd edim ki, Kvemi-Kartli, Şida Kartli, Kaxeti bölgələrində yaşayan ermənilər nəinki fərdi qaydada, hətta bütöv kənd halında soyadlarını gürcüləşdiriblər.

Ermənistanın kütləvi informasiya vasitələri, Rusiyadakı və Gürcüstandakı ermənilərin və ermənipərəst dairələrin nəzarətində olan media qurumları Keşikçi dağ məbədi ilə bağlı məsələni durmadan körükləyir və “xristian abidəsi” faktorunu xüsusi olaraq qabartmağa çalışırlar. Təbii ki, burada ermənilərin məqsədi təkcə Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək deyil, həm də Azərbaycan torpaqlarının işğalına haq qazandırmaq üçün istifadə etdikləri dini-ideoloji tezisi gücləndirməkdir. Ermənistan uzun illərdir ki, Azərbaycan torpaqlarının işğalına və Qarabağ məsələsinə dini çalar qatmağa, münaqişənin etnik separatizmdən yox, məhz dini zəmində dözümsüzlükdən qaynaqlandığını əsaslandırmağa çalışır. Məqsəd isə şübhəsiz ki, “xristian aləmi”nin daha açıq və qabarıq dəstəyini qazanmaqdır. Keşikçi dağ məbədi ilə bağlı məsələnin körüklənməsi də bu məqsədə xidmət edir. Ermənilər öz yalanları, saxta məlumatları və qərəzli şərhləri ilə mömin gürcülərin hissləri ilə oynağa, onları azərbaycanlılara qarşı təxribata çəkməyə və bununla da guya Cənubi Qafqazda “müsəlmanların xristianları sıxışdırdığı” barədə rəy yaratmağa cəhd göstərirlər.

Daxili amil

Keşikçi dağ məbədi ilə bağlı məsələdən Gürcüstanın daxilindəki siyasi mübarizədə istifadə edənlər də az deyil. 2020-ci ildə qonşu ölkədə tamamilə proposional sistem əsasında parlament seçkisi keçiriləcək. Məlum olduğu kimi, ölkənin seçki sistemində edilən son dəyişikliyə görə partiyaların parlamentə düşməsi üçün nəzərdə tutulan 5%-lik hədd də aradan qaldırılıb və beləliklə kiçik partiyaların da parlamentə düşmək şansı yaranıb. Gürcüstanda keçirilən son prezident seçkilərinin nəticəsi isə hakim partiyanın öz mövqelərini ciddi şəkildə əldən verdiyini göstərir.

Vahid Milli Hərəkat Partiyasının yeni sədri Qriqol Vaşadzenin son prezident seçkilərində 40%-dən çox səs toplaması 2020-ci ildə keçiriləcək parlament seçkilərinin fərqli nəticələrə yol aça biləcəyi ehtimalını yaradır.

Vahid Milli Hərəkat Partiyası Azərbaycanla münasibətlərin qorunması və daha da inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edir. Bu, Saakaşvilinin lider, Vaşadzenin isə sədr olduğu partiyanın strateji siyasi kursunun əsas prinsiplərindən biridir.

Onu da qeyd edim ki, Mixail Saakaşvilinin prezident olduğu dönəmdə Gütcüstanın xarici işlər naziri olan Nino Kalandadze Keşikçi dağı məbədi ilə bağlı ölkəsinin rəsmi mövqeyini açıqlamış, “David Qareci kompleksi”nin mübahisəli ərazi olmadığını və Azərbaycanın ərazisində yerləşdiyini vurğulamışdı.

Məhz bu səbəbdən də Vahid Milli Hərəkat Partiyası istisna olmaqla, Gürcüstandakı əksər siyasi təşkilatlar, o cümlədən hakim “Gürcü arzusu” Keşikçi dağı məbədi amilindən siyasi dividend qazanmağa çalışır. Əgər 2020-ci ilədək sərhədlərin delimitasiya ilə bağlı məsələ öz həllini tapmazsa, o zaman məbəd kompleksinin əksər siyasi partiyaların seçki platformasının əsas tezislərindən biri ola biləcəyi ehtimalı az deyil.

“Üçüncü tərəf” və “5-ci kolon”

Hər iki tərəfdə xaricdən idarə olunan radikal qrupların aktivliyi bu prosesdə “üçünücü tərəf” amilinin aparıcı yerdə dayandığını sübuta yetirir. Ermənistan və ermənipərəst dairələrlə bağlı məsələyə daha öncə aydınlıq gətirdiyim üçün bu istiqamətə diqqət ayırmayacağam.

Söhbət regionda maraqları olan, Azərbaycandakı və Gürtcüstandakı radikal qrupları, “5-ci kolon” təmsilçilərini idarə “üçüncü tərəf”(lər)dən gedir. Bu fikir Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Azərtac-a açıqlamasında da əsas istiqamətlərdən birini təşkil etdiyi üçün əsaslı olduğu və dəqiqləşdirilmiş, təhlil edilmiş məlumatlara söykəndiyi şübhə doğurmur. Əli Həsənov deyir: “Təəssüflə qeyd edilməlidir ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq.”

Bəs “5-ci kolon”un və bu xroniki nüfuz müvəkkillərini idarə edənlərin Azərbaycan-Gürcüstan münasibətlərinin gərginləşməsində maraqları nədir?
Hər iki ölkənin bir-biri üçün həyati əhəmiyyət kəsb etdiyini, beynəlxalq enerji və nəqliyyat layihələrini misal çəkmədən konkret hədəfləri göstərəcəyəm:

1. İki tərəf arasında gərginliyin yaranması “üçüncü tərəf”lərin hakim, yaxud vasitəçi rolunda çıxış etmələrinə imkan yaradır ki, onlar da yaranmış vəziyyətdən iqtisadi, yaxud siyasi dividend qazanmaq üçün imkan əldə edirlər.

2. İstənilən gərginlik “xalq (qrant) diplomatiyası”nın hərəkətə keçməsinə, yeni-yeni layihələrə və təbii ki, hara və necə xərcləndiyinin hesabı sorulmayan vəsaitlərin ciblərə axmasına zəmin yaradır.

3. Gərginlik, qarşıdurma tərəfləri zəiflədir, diqqəti ölkə həyatından, sosial layihələrdən, islahatlardan yayındırır, bir sıra sahələrdə boşluqların meydana çıxmasına və həmin boşluqlarda xarici dairələrin sifarişi ilə hərəkət edən “5-ci kolon”un rahat şəkildə qol-qanad açmasına imkan verir.
Bu arada xüsusi olaraq bir məqama diqqət çəkmək istəyirəm: Keşikçi dağı məbədi ilə bağlı həm Gürcüstanda, həm də Azərbaycanda bu və ya digər şəkildə aşırı radikallıq nümayiş etdirənlər, əsasən öz ölkələrinin ərazi bütövülüyü məsələsində birmənalı mövqe sərgiləməyən, əksinə işğalçının və işğlaçını himayə edənlərin maraqlarına uyğun şəkildə davranan, öz dövlətlərinə qarşı xarici təzyiqlər üçün bəhanə yaratmağa çalışanlardır. Bu da əslində çox şeydən xəbər verir...
Keşikçi dağı məbədi ilə bağlı yaranmış insidentlərin TANAP-ın Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır vəziyyətə gətirildiyi ilə bağlı xəbərlə üst-üstə düşməsi də həmçinin...

2020-ci ildə Azərbaycanda parlament seçkilsi keçiriləcək...

2020-ci ildə Gürcüstanda da, daha öncə qeyd etdiyim kimi parlament seçkilərinin keçirilməsi gözlənilir.

2020-ci ildə Cənub Qaz Dəhlizi tam istismara veriləcək və Azərbaycan qazı Avropaya nəql olunacaq...

Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirildiyi müddət ərzində Yunanıstanda və İtaliyada üzdə yunan və italyan QHT, siyasi partiya və siyasi hərəkatları kimi görünən dairələrin arxasından hansı xarici qüvvələrin kölgəsinin süründüyünü isə yaxşı bilirik.
Məhz bu baxımdan da, təxribatçılara münasibətdə sərt və güzəştsiz mövqe sərgilənməlidir. Xalqlarımızın və dövlətlərimizin gələcəyi bunu tələb edir!
loading...
XƏBƏR LENTİ
SORĞU