05 iyn 10:37siyaset

Fuad Əliyev: “Dövlət Departamentində keçirdiyim görüşlərdə mənə dedilər ki...”

Fuad Əliyev: “Dövlət Departamentində keçirdiyim görüşlərdə mənə dedilər ki...”Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ-a işgüzar səfərdən qayıdıb. Fuad Əliyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, Vaşinqtona bir həftəlik səfər gərgin iş rejimində keçib. Dövlət Departamentində, Konqresdə çoxlu sayda görüşləri reallaşıb:

“Konqresdə həm Respublikaçılar, həm də Demokrat Partiyasının konqresmenləri ilə görüşdüm. Hər bir görüşdə əsasən Azərbaycanda ictimai-siyasi vəziyyət, insan haqlarının qorunması, media azadlığı və təbii ki, Azərbaycanın regionda yürütdüyü siyasət, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərə toxunuldu. Amerikalıların hər bir sualına geniş və dolğun cavablar verildi. Onları daha çox Azərbaycanda söz və mətbuat azadlığının qorunması, insan haqlarına verilən dəyər, bir də rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe, daha dəqiq desəm, Azərbaycanın işğal olunan torpaqlarımızın müharibə yolu ilə azad etmək istəyində olması ilə bağlı bəyanatları maraqlandırırdı. Bəziləri Azərbaycan haqqında birinci dəfə məndən ətraflı məlumat aldıqlarını bildirdilər. Amma əksəriyyəti Azərbaycandakı ictimai-siyasi vəziyyətdən məlumatlıydılar. Sadəcə, əlavə məlumat almaq üçün mənimlə yenidən görüşürdülər”.

F.Əliyevin sözlərinə görə, rəhbərliyində təmsil olunduğu Azərbaycan Xalq Hərəkatının fəaliyyəti ilə bağlı da Vaşinqtonda keçirdiyi görüşlərdə bilgi verib: “Hərəkatın yaranma səbəb və məqsədlərindən danışdım. Hərəkatın fəaliyyəti də onlarda maraq doğurdu və bununla bağlı çoxlu suallar verdilər. Maraqlısı o idi ki, Dövlət Departamentində keçirdiyim görüşlərdə mənə dedilər ki, AXH-yə qarşı olan təzyiqlər haqqında məlumatlıdırlar. AXH-nin fəaliyyəti, hakimiyyətə gələcəyi halda beynəlxalq və daxili siyasətin necə olacağını, NATO ilə münasibətlər, Rusiya və İranla münasibətlərlə bağlı suallar verdilər.

Görüşlərdə Azərbaycanda müxalifət düşərgəsindəki vəziyyətdən də danışdım. Onlara bildirdim ki, Azərbaycan müxalifətinin birliyi tək AXH-dən asılı olan məsələ deyil. Bu məsələdə müxalifətin bütün qüvvələri keçmişdə olan umu-küsüləri yaddan çıxartmalıdır, bir-birinə qarşı olan kompromat savaşını dayandırmalıdır. Müxalifət qüvvələrinin bir məqsədi var - Azərbaycanda demokratiya, azad, bərabər və şəffaf seçkilərin keçirilməsi. Məni diqqətlə dinlədilər və özlərində qeydlər apardılar. Onlarla görüşümdən məmnun qaldıqlarını ifadə etdilər".
loading...
XƏBƏR LENTİ
SORĞU