01 mar 09:25siyaset

Bakı istəsə, İran dövlətini silkələyə bilər – Deputat

Bakı istəsə, İran dövlətini silkələyə bilər – DeputatTəəssüf ki, çox vaxt İran Azərbaycanın xoş münasibətini lazımınca qiymətləndirə bilmir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılmasına münasibət bildirərkən deyib.

O, İranda yaşayan qeyri-millətlərin sayının farslardan çox olduğunu bildirib:

“İran bizim böyük qonşumuzdur və orada 40 milyona yaxın azərbaycanlı öz dədə-baba torpaqlarında yaşayır. Əslində, İranda azərbaycanlılar əhalinin çoxluğunu təmsil edir, amma oradakı azərbaycanlıların siyasi baxımdan aktiv olmaması ona gətirib çıxarıb ki, farslar öz dövlət siyasətini müəyyənləşdirərkən Azərbaycan türklərini nəzərə almırlar. Demirlər ki, axı bu dövlətin əhalisinin yarısı Azərbaycan türkləridir. Azərbaycan da həmişə çalışır ki, İranla yaxın qonşuluq münasibətlərini qoruyub saxlasın. Ona görə də Azərbaycan hökuməti Cənubi Azərbaycanda soydaşlarımızın siyasi baxımdan aktivləşdirilməsi, canlandırılması istiqamətində addımlar atmır. İran hökuməti isə bu vəziyyətdən istifadə edərək, Azərbaycana münasibətdə belə bir ədalətsiz siyasət yürüdür”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan hökuməti İranın bu siyasətinin bəyan etdiyi islami dəyərlərə zidd olduğu barədə Azərbaycanda böyük təbliğat kampaniyasının başladılmaması üçün ciddi səy göstərir:

“Əslində, hökumət bunun qarşısını almağa çalışır ki, qonşumuzla münasibətlərimiz korlanmasın. Təəssüf ki, çox zaman İran dövləti bunu lazımınca qiymətləndirə bilmir. Bəlkə də Azərbaycanın dünyəvi, modern bir dövlət olması İranı qorxudur”.

BAXCP sədri islam dövlətinin təcavüzkar erməni rejiminə qarşı isti münasibətindən təəssüfləndiyini söyləyib:

“Bu məni həm də bir müsəlman olaraq çox üzür. Özünü islam dövləti adlandıran rejim bir milyon müsəlmanı ev-eşiyindən didərgin salan, islam mədəniyyəti abidələrini dağıdan, məscidləri məhv edən, müsəlman qadınlarına, uşaqlarına işgəncələr verən dövlətə sanksiyalar tətbiq etmək, işğal edilən ərazilərin azad edilməsini tələb etmək əvəzinə bu cür isti münasibətlər necə qura bilər? Bizim vətəndaşlar bilməlidirlər ki, hansı qonşularla əhatə olunmuşuq və onların da bizə istiqamətlənmiş siyasəti nədən ibarətdir. Mən də Azərbaycanla İranın yaxın dost münasibətləri qurmasını istəyən bir siyasətçiyəm. Amma İranın dövlət siyasəti sadəcə olaraq bunu mümkünsüz edir”.

Qeyd edək ki, İranda rəsmi səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Tehranın “Ararat” klubunda erməni icması ilə görüşü zamanı qaldırılmasına icazə verilən plakatda ermənicə “Qarabağ Ermənistandır və Son” sözləri yazılıb.
XƏBƏR LENTİ
Bu gün, 08:58
SORĞU