01 mar 08:03siyaset

Müxalifəti iqtidardan kimlər canlandırır? - Sensasion açıqlama

Müxalifəti iqtidardan kimlər canlandırır? - Sensasion açıqlamaİndi çoxları sual verir ki, hökumət niyə sərbəst toplaşmaq azadlığını pozur. Əlbəttə, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Amma bu hüquqdan üstün bir hüquq da var. Bu, ölkənin vətəndaşlarının təhlükəsizliyinin, əmin-amanlığının qorunması, ölkəmiz xaosa sürüklənməməsidir. Prezident indi ciddi islahatlar aparır. Belə bir ərəfədə sabitlik pozulsa, hər şey yarımçıq qala və ölkəni çox pis günlər gözləyə bilər.

Avrasiya.net xəbər verir ki, bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev müxalifətin son mitinqlərinə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsini Teleqraf.com-a şərh edərkən deyib.

Deputat xatırladıb ki, son mitinqdə küçələrə çıxıb yürüş etmək haqda çağırışlar səslənib və Əli Kərimli bu çağırışlara özünəməxsus formada cavab verib:

“Əli Kərimli bəyan etdi ki, biz bir dəfə buna cəhd etdik, tərəfdarlarımız az idi və hökumət aksiyanı dağıtdı. İndi də sayımız azdı. Biz burada daha çox adam toplamalıyıq. Yəni Əli Kərimli açıq dedi ki, əgər mitinqdə iştirakçılar onun gözlədiyindən çox olsaydı, buna gedə bilərdi. Demədi ki, biz qarşıdurmaya getmərik, icazə alıb mitinq keçirəcəyik, tələblər qoyacağıq və onun cavabını da hökumətdən istəyəcəyik. Əvəzində dedi ki, sayımız azdır. Deməli, adam çox olsaydı, yürüş də edə bilərdi. Bu nə deməkdir? Artıq şəhərin küçələrində toqquşma deməkdir. Sözsüz ki, polis icazəsiz yürüşün qarşısını almağa çalışacaqdı. Bu isə toqquşma, böyük çaxnaşma, şəhərin mərkəzində kütləvi ixtişas, vətəndaşların obyektlərinə ziyan vurulması və s deməkdir. Hökumət ehtiyatlı davranır və onun nədən belə addım atdığının fərqindəyəm. Mən son mitinqdən sonra bunu açıq bəyan etmişdim”.

Q. Həsənquliyev hesab edir ki, Azərbaycanda müxalifəti həm iqtidarın daxilindəki müəyyən qüvvələr canlandırır, həm də xaricdəki söyüş söyənlər müəyyən qüvvələr tərəfindən idarə edilir. Onun sözlərinə görə, bunu görmək üçün fakt lazım deyil:

“Bir siyasətçi kimi prosesləri görürük və qiymətləndiririk. İqtidardakı bəzi qüvvələr istəmirlər ki, ölkədə islahatlar getsin. Bir çox adamlar vəzifələrini itirəcəklərindən qorxurlar. Ona görə də prezidentə təsir etməyə cəhd göstərirlər. Odur ki, indi həqiqətən Azərbaycanı sevən, demokratiya, qanunun aliliyini istəyən, bu ölkənin gələcəyini düşünən hər kəs başlanan böyük islahatları dəstəklədiyini bəyan etməli və növbəti parlament seçkilərinə qədər kütləvi aksiyalara moratorium qoymalıdır. Mən çağırış edirəm: növbəti parlament seçkilərinə qədər ölkədə kütləvi etiraz aksiyalarına moratorium qoyulsun. Əlbəttə, ümummilli məsələlərlə bağlı kütləvi tədbirlər keçirilə bilər. Məsələn, sabah iqtidarlı-müxalifətli Qarabağla bağlı yürüş keçirə bilərik. Və ya Azərbaycana qarşı hansısa bir dövlətin ədalətsiz davranışı olarsa, kütləvi şəkildə aksiya təşkil oluna bilər. Yəni bu halda destruktiv qüvvələrin faydalanmasına imkan olmaz. Amma indiki qarşıdurmadan destruktiv qüvvələr faydalanır. Məsələn, diqqət edin: 2013-cü il seçkilərində Rüstəm İbrahimbəyov Azərbaycana göndərildi. Demokratiya uğrunda vuruşan insanların çoxu bilirdi ki, o öyrədilmiş adamdır, xüsusi missiya ilə Azərbaycana gəlib. Amma onun başına toplaşdılar, müdafiə etdilər və imkan verdilər ki, Rusiya Rüstəm İbrahimbəyovdan Azərbaycana qarşı istifadə edə bilsin.

Görürsünüz, indi Rüstəm İbrahimbəyov Moskvadan Bakıya gəldi və onu müdafiə edənləri heç adam yerinə qoymadı. O tipli adamlar milli düşüncəli şəxsləri heç vaxt adam yerinə qoya bilməz. Çünki onlar milli dəyərlərlə yox, kosmopolit mentalitetlə formalaşıblar. Sadəcə, gəldi və radikal müxalifətdən istifadə edib getdi. İndi bəziləri çıxıb deyirlər ki, Azərbaycan Rusiyadan sınıq-salxaq silahlar alıb. Mən bunun həqiqət olub-olmadığını bilmirəm. Amma alıbsa belə, bu silah müqaviləsinin bağlanmasında yüz faiz müxalifətin rolu olub. Rusiya Azərbaycana təzyiq etdi və 5 milyard dollarlıq müqavilə bağlandı. Radikal müxalifət o zaman hökumətə təzyiq edənlərin yaninda olmaqla Azərbaycan dövlətinə böyük ziyanlar vurub. Ona görə deyirəm ki, indi ciddi islahatlar, Dağlıq Qarabağla bağlı danışıqlar gedir.

Gərək Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan müxalifət imkan verməsin ki, Qərb dairələri onlardan istifadə edərək Prezidentə təzyiq edib onun Dağlıq Qarabağ istiqamətində daha cəsarətli siyasət yürütməsinə manə olsun. Radikal müxalifətin dövlətçiliyə vurduğu ziyan budur. Mən bunu açıq deyirəm. Onlardan istifadə edilir. Odur ki, aksiyalara növbəti seçkilərə qədər moratorium qoyulmalıdır. Seçkilərdə aksiyalar, yürüşlər keçirilə bilər. Onsuz da indi sosial şəbəkələr var. Hər kəs orada öz sözünü deyir, fikrini bölüşür. Üstəlik, mitinqdə 20 min adam səni dinləyirsə, sosial şəbəkələrdə 100 minlər var. Fikirlərini çatdır, sözünü de, amma imkan vermə ki, səndən istifadə etsinlər”
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU