28 yan 08:28siyaset

AXCP sədri gizli qrupda tərəfdarlarına tapşırıq verib

AXCP sədri gizli qrupda tərəfdarlarına tapşırıq veribMilli Şura yanvarın 26-da icazəsiz aksiya keçirib. Aksiyanın keçirilməsinə qurumun həmin gün “Məhsul” stadionunda təyin etdiyi mitinqə icazə verilməməsi səbəb olub. İcazəsiz aksiyada saxlanılanlar olub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Məlumatda deyilir: “Yanvarın 26-da, saat 15.30 radələrində 50-60 nəfərdən ibarət bir qrup şəxs ”Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində toplaşıb küçə yürüşü keçirməyə cəhd edib".

Bildirilir ki, bu zaman həmin şəxslər ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər. “Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb Yasamal rayon polis idarəsinə gətirilib, digərləri ərazidən uzaqlaşdırılıb. Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb”, - deyə rəsmi məlumatda qeyd olunur.

Həbs edilənlərin kimliyi açıqlanmır. Təkcə saxlanılanlardan AXCP üzvü Aqil Əliyevin adı məlumdur ki, onun da fotosu sosial şəbəkələrdə paylaşılır. A.Əliyev 20 sutka inzibati həbs cəzası alıb.

Saxlanılan cəbhəçilər barədə məlumatın verilməməsi barədə “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub. Məlumatda AXCP sədri Əli Kərimlinin yeni taktika seçdiyi deyilir. Bu taktika ilə Ə.Kərimlinin AXCP-nin gizli qrupunda xüsusi göstəriş verdiyi bildirilir. Göstəriş isə bundan ibarətdir ki, mitinq təyin ediləndə cəbhəçilər bu barədə sosial şəbəkələrdə məlumat paylaşmamalıdırlar, eyni zamanda, həbslər olarsa, saxlanılanların sayı, onların adları açıqlanmamalıdır. Bununla Kərimlinin insanlar, tərəfdarları arasında xofun yaranmasını istəmədiyi qeyd olunur.

Doğrudur, AXCP sədri son paylaşımında həbs edilən cəbhəçilərdən bəhs edib. O, son günlərdə məhkəmələr önündə, eləcə də, aksiyalarda həbs edilən və inzibatı cəza alan 28 cəbhəçinin fotosunu paylaşıb. Amma onların nə zaman, harada həbs edildikləri məlum deyil. Heç şübhəsiz ki, həmin fotoda 26 yanvarda keçirilən icazəsiz aksiyada saxlanılanların da şəkilləri yer alır. Bundan sonra da Ə.Kərimlinin bu taktikaya üstünlük verəcəyi deyilir.

Əslində bu deyilənlər 19 yanvar mitinqi ərəfəsində özünü göstərmişdi. Belə ki, ondan əvvəlki aksiyalarda mitinqlərin vaxtı təyin olunduğu andan etibarən cəbhəçilər sosial şəbəkələrdə kütləvi şəkildə kampaniyalar aparır, çağırışlar edirdilər. Amma 19 yanvar mitinqində bircə çağırışın, paylaşımın belə şahidi olmadıq. Yalnız ara-sıra Əli Kərimlinin canlı yayımlara çıxdığını gördük.
XƏBƏR LENTİ
SORĞU