07 dek 08:32siyaset

“Dağlıq Qarabağın müstəmləkə anlayışına daxil olması heç cür mümkün deyil"

“Dağlıq Qarabağın müstəmləkə anlayışına daxil olması heç cür mümkün deyil"Dağlıq Qarabağın müstəmləkə anlayışına daxil olması heç cür mümkün deyil.

Bu sözləri Axar.az-a Ermənistanın Xristian Demokratik Partiyasının sədri Levon Şirinyanın açıqlamasını şərh edən hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. Professor Şirinyanın Qarabağ danışıqlarının formatının dəyişdirilməsi üçün irəli sürdüyü fikri absurd hesab edib:

“Dağlıq Qarabağın müstəmləkə anlayışına daxil olması heç cür mümkün deyil. Birincisi, müstəmləkələr başqa bir dövlət tərəfindən ekspluatasiya, yəni istismar olunan torpaqlardır. Məsələn, bir dövlət istismar etdiyi ərazidən xam maddə çıxarır, pul götürür, amma əvəzində oraya investisiya qoymur. Dağlıq Qarabağın SSRİ-nin tərkibində olduğu illərə nəzər saldıqda, belə bir faktın olmadığı aşkar görünür. SSRİ dönəmində hətta Dağlıq Qarabağda erməni dilində fəaliyyət göstərən məktəblər var idi. Bu isə qətiyyən Dağlıq Qarabağa müstəmləkə statusu verməyə imkan vermir. Hətta ittifaq respublikalarının özləri belə, məsələn, Azərbaycan SSR və Türkmənistan SSR müstəmləkə olduqlarını irəli sürə bilməzdilər. Çünki SSRİ-də bu şəkildə ekspluatasiya yox idi. Bu, birbaşa Dağlıq Qarabağa da aid idi. İkincisi, müstəmləkəçiliklə bağlı beynəlxalq hüquqda daha bir anlayış var. Belə ki, müstəmləkə olduğunu iddia edən hər hansı ərazi və ya xalq toplumu yalnız bir dəfə milli dövlət qura bilər. Ermənilər isə artıq Ermənistan dövlətini qurublar. Bunu Azərbaycan hökuməti də dəfələrlə danışıqlarda bəyan edib. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına qətiyyən yol verilə bilməz. Bu səbəbdən də Dağlıq Qarabağın müstəmləkə rejim anlayışından istifadə edəcəyini irəli sürmək növbəti savadsız və əsassız iddiadan başqa heç nə deyil və onun da baş tutma ehtimalı olduqca aşağıdır”.

Qeyd edək ki, Ermənistan İctimai Televiziyasında keçirilən debatda çıxışı zamanı Ermənistanın Xristian Demokratik Partiyasının sədri Levon Şirinyan Qarabağ danışıqlarının formatının dəyişdirilməsi gərəkdiyini bildirib. O, bunun üçün əsas nümunə kimi BMT-nin 1960-cı il koloniyaların müstəqilliyi haqqında qərarını göstərib və bunun tətbiq olunması halında Qarabağın danışıqlarda tərəf olacağını deyib.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU