27 iyl 10:47siyaset

Bakı antiterror əməliyyatı keçirərsə, kimsə müdaxilə edə bilməz

Bakı antiterror əməliyyatı keçirərsə, kimsə müdaxilə edə bilməzRus ekspertlərin bu cür mülahizələri Azərbaycanı qorxutmağa hesablanıb. Onlar bununla Azərbaycanı müharibə etmək fikrindən çəkindirmək istəyirlər.

Bu sözləri Axar.az-a Anatoli Çıqanokun Rusiyanın İrəvana görə Azərbaycana müdaxiləsinin mümkün olması ilə bağlı açıqlamasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Çıqanokun söylədikləri Azərbaycana şamil edilə bilməz:

“Çünki Azərbaycan öz daxilində aqressiv separatizmlə üz-üzə qalıb və separatçılar mərkəzi hakimiyyətə tabe olmur. Üstəlik onlar Ermənistanın köməyi ilə ərazimizin 20%-ni də qəsb ediblər. Bütün bunlar onu göstərir ki, Rusiyada müxtəlif cəbhələr var. Ağlı yerində olan, düşünməyi bacaran rus ziyalıları Azərbaycanın təcavüzə məruz qaldığını, Ermənistanın təcavüzkar olduğunu anlayır. Bu səbəbdən də bildirirlər ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir. Ərazi bütövlüyü beynəlxalq hüququn ən ali normalarından biridir”.

Q.Hüseynli vurğulayıb ki, bu gün Azərbaycan ordusu mükəmməl döyüş hazırlığı keçib:

“Ermənistanda isə ciddi böhran yaşanmaqdadır və belə səviyyədə Ermənistan danışıqlar prosesinə qatılmır. Buna görə də erməni tərəfi hay-haray salıb ki, Azərbaycan Ermənistana hücum edəcək. Hətta Rusiyanın özündə də Jirinovski kimi tiplər Azərbaycanın mövqeyini qınayır. Azərbaycan başqa bir dövlətin ərazisinə hücum etmir. Öz ərazisində anti-terror əməliyyatları aparmaq onun haqqıdır. Bu, beynəlxalq hüquqla qadağan edilməyib”.

Politoloq qeyd edib ki, Azərbaycan Ermənistan sərhədlərini keçməyi düşünmür:

“Azərbaycan antiterror əməliyyatını öz sərhədləri daxilində aparırsa, buna kim müdaxilə edə bilər? Rusiyanın yalnız Ermənistanın sərhədləri pozulacağı halda müdaxilə ehtimalı yarana bilər”.

Politoloq qeyd edib ki, rusiyalı politoloqun bu yanaşması çox yanlış və təhlükəli tendensiyadır.

Qeyd edək ki, Rusiya Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru politoloq Anatoli Çıqanok erməni mediasına müsahibəsində Rusiyanın heç bir döyüş istəyi olmadan Ermənistan-Azərbaycan konfliktinə avtomatik olaraq cəlb oluna biləcəyini deyib. Səbəb kimi isə Azərbaycanın Dağlıq Qarabağa “hücumu” (?) zamanı Ermənistanın kənarda qalmayacağı, Ermənistana isə Rusiyanın dəstək olacağını göstərib. Çıqanov həmçinin bildirib ki, Rusiya və Azərbaycan arasındakı hər hansı qarşıdurma Türkiyəni də konflikə daxil edə bilər. Onun sözlərinə görə, Rusiya Azərbaycana müdaxilə edəcəyi təqdirdə NATO üzvü olan Türkiyə seyrçi qalmayacaq.
XƏBƏR LENTİ
SORĞU