03 iyl 09:39siyaset

Bizim üçün Duqinin deyil, Lavrovun fikri önəmlidir

Bizim üçün Duqinin deyil, Lavrovun fikri önəmlidirRusiyalı ekspertlərin, deputatların işğaldan azad edilmiş ərazilərimizə gəlmələri, orada azərbaycanlı həmkarları ilə birgə konfrans keçirmələri və ölkəmizin ərazi bütövlüyü ilə bağlı obyektiv yanaşma sərgiləmələri önəmli məsələdir.

Bu sözləri Axar.az-a Rusiyanın deputat və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Cocuq Mərcanlıya səfərini və Dağlıq Qarabağla bağlı fikirlərini şərh edən analitik Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, buna baxmayaraq, belə tədbirləri, açıqlamaları Rusiyanın rəsmi, yaxud həlledici mövqeyi kimi təqdim etmək yanlışdır:

“Çünki belə məsələlərin ətrafında ajiotajın yaradılması ictimai rəyə mənfi təsir göstərir. Bəzən ifrat dərəcədə artıq təqdim olunan, reallığı əks etdirməyən məsələ insanları ruhdan salır. Təəssüf ki, Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan əraziləri ətrafında baş verən prosesləri bəzi KİV-lər ifrat dərəcədə mübaliğəli, xarici ölkələrin və xarici ölkə liderlərinin bu prosesdəki rolunu maksimal dərəcədə şişirdərək təqdim edirlər. Peşəkarlığı bir kənara qoyuram, Qarabağ məsələsindən reytinq və yaxud hansısa maraqlar naminə istifadə etməyin adı yoxdur. Ağır cümlələr işlətmək istəmirəm, amma əslində belə oyunbazlığın cavabı çox ağır olmalıdır. Belə tədbirlərin keçirilməsi önəmlidir və ictimai rəyə təsir baxımından mühüm əhəmiyyət kəsb edir. Rusiyada Azərbaycanın ədalətli mövqeyini müdafiə edən ekspertlərin, deputatların olması çox vacibdir. Amma qiymətləndirmə də əndazəsində, mübaliğəsiz olmalıdır. Ola bilsin ki, kimlərsə belə tədbirlərdə səsləndirilən fikirləri ifrat dərəcədə şişirtməklə insanları ümidləndirmək istəyirlər. Amma unutmaq lazım deyil ki, reallığa söykənməyən ümid ümidsizliyə və hətta etimadsızlığa, inamsızlığa gətirib çıxara bilər. Bununla yanaşı, digər tərəfi də nəzərə almaq lazımdır. Məsələn, Rusiyadakı hansısa ciddi siyasət adamı bu ölkənin sıradan bir ekspertinin sözündən sevincək olduğumuzu görəndə, problemin real həllindən daha çox “dopinqi” artırmaq barədə düşünür. Mən bir neçə ildir ki, Duqinin Rusiyanın sözçüsü, yaxud Kremlin ideoloqu kimi təqdim olunmasına etiraz edirəm. Duqin maraqlı adamdır, yaxşı PR-çidir, ölkəsinin hətta uğursuz layihələrinə də geosiyasi don geyindirməyi bacarır. Amma biz unuduruq ki, onun mülahizələri subyektiv xarakter daşıyır və ölkəsinin Cənubi Qafqazla bağlı siyasətinə heç cüzi korrektə etmək gücündə də deyil”.

Analitikin fikrincə, bizim üçün Duqin və yaxud Rusiya parlamentinin komitə sədrinin müavinin dediyi sözlərdən daha çox rəsmi Moskvanın mövqeyini ifadə edən Sergey Lavrovun açıqlamaları önəm kəsb edir:

“Lavrov isə bir neçə gün öncə Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin atəşkəsə nail olmaq üçün qəbul olunduğunu bildirmişdi və ölkəsinin də səs verdiyi sənədlərin mahiyyətini açıq-aşkar təhrif etmişdi. Azərbaycana səfər edən rus ekspertlər və deputatlar əgər həqiqətin yanındadırlarsa, bizə xoş gəlmək üçün Azərbaycanda bəyanat vermək əvəzinə, qoy, Rusiyanın kütləvi informasiya vasitələrində Sergey Lavrovun avantürist açıqlamalarına etiraz etsinlər, Dövlət Dumasında Rusiyanın Cənubi Qafqazdakı siyasətinin yanlış olduğunu bildirsinlər. Rusiya telekanallarında siyasi tok-şouları diqqətlə izləyirəm. Hətta Azərbaycanda Kremlin sözçüsü kimi təqdim olunan Duqini həmin verilişlərdə çox nadir hallarda görmək mümkündür. Duqinin ünvanına tərif yağdıranlar onun Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı 2016-cı ildə hazırladığı video müraciətə baxsınlar və nəticə çıxarsınlar. Duqin bu müraciətində Azərbaycanda və Cənubi Qafqazda yaşayan bütün kiçik etnik qruplar haqqında həm də xüsusi hiyləgərliklə danışır, amma bu torpaqlarda çoxsaylı dövlətlər quran türk etnosundan bir kəlmə söz açmır. Duqin AXC-ni ümumiyyətlə yada salmır və Azərbaycanın SSRİ-dən yox, məhz Rusiyadan 1991-ci ildə ayrıldığını iddia edir. Duqin Avrasiya İmperiyasından danışır və Rusiyanı bu imperiyanın varisi hesab edir. Onun qənaətinə görə, bu imperiyadan qopanlar, o cümlədən Azərbaycan müstəqillik əldə etdiyinə görə sevinməməlidir. İndi bu ultra-millətçi boşboğaz nə deyirsə desin, əgər o Azərbaycanın müstəqilliyini həzm edə bilmirsə, dövlətçilik tariximizlə barışmırsa, onun söylədiklərinin heç bir dəyəri yoxdur. Duqinin avrasiyaçılığı rus və türk etnoslarının bərabərhüquqlu birliyi deyil, Rusiyanın timsalında Avrasiya İmperiyasının yaradılmasıdır və Duqinin “imperiya”sında türkləri “böyük rus xalqı”nın kölgəsinə sığınan təbəə kimi görürlər”.

E.Mirzəbəyli bu arada həssas bir məqama da toxunub:

“Rusiya Ermənistanda baş verən proseslərdən narazıdır və təbii ki, yaranmış vəziyyətdən maksimum yararlanmağa cəhd göstərmək lazımdır. Bizim üçün əsas məqsəd Rusiyanın Ermənistandakı vəziyyəti yenidən tam nəzarətə götürmək niyyətinin reallaşması deyil, ərazi bütövlüyümüzün təmin olunması olmalıdır”.

Qeyd edək ki, Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyəti Cocuq Mərcanlı kəndində keçirilən “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransında iştirak edib və Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla, torpaqlarının işğaldan azad edilməsi vacibliyini bildiriblər.
XƏBƏR LENTİ
SORĞU