15 iyn 22:12siyaset

Mirsamir Məmmədov: "15 iyun tarixi Azərbaycanın və xalqımızın xilasının əbədi rəmzidir"

Mirsamir Məmmədov: "15 iyun tarixi Azərbaycanın və xalqımızın xilasının əbədi rəmzidir" 15 iyun Azərbaycanın yenidən doğulduğu‚ yenidən dünyaya göz açdığı‚ xilası və qurtuluşu günüdür! Müstəqillik anlayışının‚ dövlətçilik dəyərlərinin‚ xoşbəxtlik və bu günkü firavanlığın təməllərinin atıldığı gündür 15 iyun tarixi. 1991-ci ilin oktyabrın 18-də ölkəmiz müstəqillik qazansa da‚ faktiki olaraq ölkədə müstəqillikdən əsər əlamət yox idi. 1990-cı illər ölkə yağışdan çıxıb yağmura düşmüşdü. Bir qurup səriştəsiz və dövlət idarəçiliyindən xəbərsiz şəxslərin‚ AXC-Musavat hökumətinin yarıtmaz fəaliyyəti Azərbaycanı uçuruma doğru apardı. Ölkəni xaos və qardaş qırğını bürüdü‚ vətəndaş müharibəsi baş qaldırdı. Azərbaycan zərrələrə bölünmək və parçalanmaq təhlükəsilə üz-üzə dayandı. Cəngəllik və dərəbəylik qanunları o qədər kəskin və şiddətli vüsət aldı ki‚ hər kəs özündən bəy olmuş‚ istənilən şəxs əlinə qanunsuz şəkildə silah alır‚ kimin kimlə ədavəti və şəxsi düşmənçiliyi vardısa öldürüb cinayəti gizlədirdi.

Məhz belə dəhşətli tragedik şəraitdə ölkə ziyalıları Naxçıvana Heydər Əliyevin qəbuluna getdilər. Ölkəni bürümüş acınacaqlı siyasi böhranın həlli üçün Böyük Şəxsiyyətdən yardım istənildi. Artıq ölkənin taleyini düşünən hər kəsin və xalqın təkidli tələbi idi Heydər Əliyevin Bakıya gəlməsi. Məhz ölkə ziyalılarının‚ xalqın tələbini icra etməyi və ölkəni qardaş qırğınından xilas etmək vəzifəsinin ağırlığını öz çiyinlərinə götürən Dahi Şəxsiyyət Heydər Əliyev 1993-cü ilin iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Bu zaman bütün ictimaiyyət‚ siyasət xadimləri və xalq kütləsi onu hava limanında qarşıladı. Hər kəsin gözlərində sevinc parlamağa başlamışdı Ulu Öndərin gəlişi ilə. İnsanlarda bir əminlik və bir ümid peyda olmuşdu. Çünki ölkənin xilaskarı artıq təşrif buyurmuşdu. Belə ağır günlərdə üsyançılarla danışıqlara gedən və ölkənin taleyini dəyişən addımlar atan Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan ictimaiyyətinin‚ siyasət və hökumət adamlarının‚ habelə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Məclisinin sədri seçildi. Bununla da Azərbaycanın dövlətçilik tarixi qızıl hərflərlə‚ yenidən yazılmağa başladı.

Vəzifəsinin icrasına başlayan Dahi Şəxsiyyət xalqın ona göstərdiyi etimadı hər zaman olduğu kimi yenə də doğrultmağa‚ qəlblərdəki ümid çıraqlarını yandırmağa başladı. Hakimiyyət başına 2-ci dəfə qayıtdıqdan sonra böyük və əsaslı islahatlara başlayan Heydər Əliyev ölkədəki siyasi böhranın‚ acınacaqlı və faciəvi durumların qarşısını aldı. Heydər Əliyevin Bakıya gəlişi ilə ölkədə sabitlik və əmin-amanlıq hökm sürməyə başladı. Xaos və anarxiyanın qarşısı alındı‚ Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu. Bu günün mahiyyəti məhz xilasımızın simvoludur. 15 iyun tarixi Azərbaycanın və xalqımızın xilasının əbədi rəmzidir. Məhz Heydər Əliyevin uzaqgörən‚ müdrik və parlaq siyasətinin nəticəsi olaraq Azərbaycan bütün dünyada öz layiqli yerini tutmağa başladı. Heydər Əliyev dühası bütün sahələrdə ölkəmizi zirvələrə qaldırdı. Bu gün Azərbaycanın hər bir sahədə olan mükəmməl uğurları‚ ölkəmizin artan qüdrəti və yüksək inkişafı‚ parlaq müvəffəqiyyətlər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin və zəngin idarəçilik təcrübəsinin bəhrəsidir.

Mirsamir Məmmədov
Politoloq,
Siyasi ekspert
loading...
XƏBƏR LENTİ
Dünən, 14:58
SORĞU