07 apr 15:19siyaset

Qüdrət Həsənquliyev yenidən sədr seçildi - BAXCP-nin V qurultayında

Qüdrət Həsənquliyev yenidən sədr seçildi - BAXCP-nin V qurultayındaBu gün Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının V qurultayı keçirilib.

Avrasiya.net xəbər verir ki, partiya sədri, millət vəkili Qüdrət Həsənquliyev 59 rayon təşkilatından 400 nəfər qurultay nümayəndəsinin seçildiyini bildirib. O qurultayın keçirilməsi üçün daha geniş zalın ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə razılığa gələ bilmədiklərini vurğulayıb:

“Onlar bizə Əmircanda yerləşən mədəniyyət mərkəzini təklif etdilər. Biz də bunu məqsədəuyğun saymadıq və razılıq əsasında bu zalda qurultay keçirməyə qərar verdik. Qeyd etdiyim kimi, qurultaya 400 nümayəndə seçilmişdi. Biz onları kənarda saxlaya bilməzdik. Çünki onlar hesabat-seçki yığıncaqlarında seçiliblər. Mənə verilən məlumata görə, artıq 235 nəfər qeydiyyatdan keçib və yetərsay var”.

Qurultay Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub.

Partiya sıralarından dünyasını dəyişənlərin, həmçinin Azərbayacan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhu bir dəqiqəlik sükutla yad olunub. Q.Həsənquliyev qurultaydan öncə Ə.Elçibəyin məzarını ziyarət etdiklərini vurğulayıb.

Sonra 6 nəfərdən ibarət sədarət, həmçinin, katiblik seçilib.

Daha sonra Qüdrət Həsənquliyev partiyanın ötən dövrdəki fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edir ki, qurultaylararası dövrdə partiya Avropa Mühahafizəkarlar və İslahatçılar Alyansının Tunisdə keçirilən iclasında qurumun tamhüquqlu üzvü seçilib:

“Bu ilin iyun ayında alyansın Bakıda müşavirəsinin keçirilməsi gözlənilir. Əgər müvafiq razılıq əldə edə bilsək, bu iclas paytaxtımızda baş tutacaq”.

Q.Həsənquliyev ötən dövrdə partiya yeni üzvlərin cəlb edilməsi istiqamətində iş aparıldığını, 3 rayonda yeni təşkilat yarandığını vurğulayıb. Qarşımızda duran vəzifə Azərbaycanın hər bir rayonunda partiyanın rayon təşkilatlarının olması ilə bağlıdır”.

Millət vəkili çoxpartiyalı sistemin inkişaf etdirilməsinin partiyanın başlıca vəzifələrindən olduğunu vurğulayıb:”Biz bu məqsədlə bütün seçkilərə qatılırıq”.
Qüdrət Həsənquliyev yenidən sədr seçildi - BAXCP-nin V qurultayında
QşHəsənquliyev Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunub. O, bildirib ki, biz Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıyıq. Rusiyaya açıq şəkildə deməliyik, sən Azərbaycandan nə istəyirsən ki, bu məsələ həllini tapsın?!

O əlavə edib ki, əgər Rusiya bu problemin həllinə razılıq verərsə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İttifaqının və Gömrük İttifaqınının üzvü ola bilər:

“Biz bu fikri səsləndirəndə bizi çox naşı şəkildə ittiham edirlər. Amma tərəzinin bir gözünə Azərbaycan ərazilərinin 20 faizini, digərinə bu təşkilatlara üzvlüyü qoyun, görün hansı ağır gəlir? Yox, əgər Rusiya bu siyasətini davam etdirəcəksə, biz Rusiya ilə dost-qardaş olaraq qala bilmərik”.

Q.Həsənquliyev əlavə edib ki, Rusiya ilə razılığa gələ bilməsək, Vətən müharibəsinə başlamalıyıq:

“Bu məqsədlə 60 min nəfərlik ordu quracağıq. Biz ya torpaqlarımızı azad etməli, ya da ərazilərimizin işğalı ilə barışmalıyıq”.

Partiya sədri balanslaşdırılmış siyasətindən imtina etməyə çağırıb, Qoşulmama Hərəkatı kimi təşkilatlara üzvlüyün Qarabağ münaqişəsinin həllinə aparmadığını vurğulayıb:

"Biz hakimiyyətə gəlsək, 1 il danışıqlar aparacağıq. Əgər bu danışıqlar uğursuzluqla nəticələnsə, dünya birliyinə müraciətimizi göndərəcək və istəniləın an torpaqlarımızın azadlığı əməliyyatına başlayacağımızı bildirəcəyik. Əgər xalq bizim siyasətimizi dəstəkləsə, 2020-ci ilin yayı Azərbaycan torpaqlarının işğaldan azadlığı ili olacaq".

Fasilədən sonra BAXCP Ali Məclisinin sədri Vaqif Abışov, Mərkəzi Nəzarət Təftiş Komissiyası sədri Yeganə Mehdibəyli, İdarə Heyətinin üzvü Hüseynağa Qəniyev, partiya sədrinin müavinləri Niyaməddin Orduxanlı və Elçin Mirzəbəyli, həmçinin Kəlbəcər, Gəncə və Lerik təşkilatlarının sədrləri çıxış ediblər. Çıxış edənlər bir sıra digər məsələlərlə yanaşı partiya sədri postuna Q.Həsənquliyevin namizədliyini irəli sürüblər.

Çıxışlardan sonra E.Mirzəbəyli BAXCP-nin V qurultayının Azərbaycan xalqına müraciətini səsləndirib.
Daha sonra BAXCP sədri postuna seçki keçiirlib. Açıq keçirilən səsvermə nəticəsində Q.Həsənquliyev yenidən BAXCP sədri seçilib.

Q.Həsənquliyev qurultay nümayəndələrinə təşəkkür edərək qarşıdakı dövrdə ona göstərilən etimadı doğruldacağını, partiyanın gücləndirilməsi, nüfuzunun möhkəmləndirilməsi istiqamətində çalışacağını bildirib.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU