20 fev 11:22siyaset

Nəriman Həsənzadə: "Xalq İlham Əliyevi ömürlük prezident görmək istəyir"

Nəriman Həsənzadə: "Xalq İlham Əliyevi ömürlük prezident görmək istəyir"“İlham Əliyev prezident olmağa şəxsi maraq göstərmir. Azərbaycan xalqı xahiş və təkidlə onu prezident görmək istəyir. Biz nəinki İlham Əliyevə səs veririk, ilk növbədə xahiş edirik ki, o, prezidentliyə namizəd olsun. Bu, sözün həqiqi mənasında belədir”.

Bu sözləri Sfera.az-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, xalq şairi Nəriman Həsənzadə deyib.
Xalq şairi bildirib ki, xalq İlham Əliyevi səmimi və tam şəkildə müdafiə edir:

“Bəzən deyirlər ki, xalq İlham Əliyevə səs verəcək. Bu, bir qədər minnətçi kimi çıxır. Ancaq siz İlham Əliyevdən xahiş edib görün, o, dərhal razılıq verəcəkmi? 1990-cu ildə mən rəhmətlik Bəxtiyar Vahabzadə ilə Naxçıvana gedib mərhum Heydər Əliyevlə görüşdüm. Həmin vaxtı ulu öndər Vasif Talıbovun evində qalırdı. Biz orada onun necə fədəkarlıq göstərdiyinin şahidi olmuşuq. Təsəvvür edin ki, Naxçıvanda oturub gecə-gündüz yatmırdı, çalışırdı ki, Naxçıvanı blokada şəraitindən çıxartsın. Həmin dövrdə Heydər Əliyevin dünyada güclü lider kimi tanınması Azərbaycanı xilas etdi. Naxçıvan, Azərbaycan ağ günə çıxdı. Nəticədə də camaat küçələrə çıxaraq, Heydər Əliyevin Bakıya gəlməsini, prezident olmasını tələb etdi. İndi də Azərbaycan xalqı ulu öndərin oğlu İlham Əliyevi ömürlük prezident görmək istəyir. İlham Əliyev Azərbaycanı silah alan ölkədən silah satan ölkəyə çevirib. Azərbaycanı dünyada tanıdır. Allaha dönə-dönə şükr etməliyik ki, xalqımızın İlham Əliyev kimi uzaqgörən və bacarıqlı prezidenti var. Mən bunu tam səmimi söyləyirəm. Biz qarşıdan gələn prezident seçkilərində də sonadək İlham Əliyevin namizədliyini dəstəkləyəcəyik. Çünki İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin bizə yadigar qoyduğu adamdır. Ona görə də xalq İlham Əliyevi səmimi və tam şəkildə müdafiə edir”.

Nəriman Həsənzadə qeyd edib ki, prezident olmaq heç də asan məsələ deyil:
“Baxın, prezident İlham Əliyev daim rayonlarda insanlarla görüşür, onların problemləri ilə maraqlanır. O, çox yaradıcı və böyük şəxsiyyətdir. İlham Əliyev Azərbaycan xalqının səsini beynəlxalq tribunalardan dünyaya çatdırır. İnanın ki, əgər onun danışığında bir kəlmə səhv olarsa, erməni dünyaya car çəkər. Prezidentin çıxışları erməniləri də heyran qoyub. Yəni, bunu hər dövlət başçısı bacarmır. Azərbaycan xalqı çox xoşbəxtdir ki, İlham Əliyev kimi şəxsiyyət onun bəxtinə çıxıb. Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. Ulu öndər vaxtilə “mən özümdən çox ona inanıram” deyəndə, İlham Əliyev böyük siyasətə artıq tam hazır idi”.

Nəriman Həsənzadə prezident İlham Əliyevi uşaqlıq illərindən yaxşı tanıdığını söyləyib:

“Demək olar ki, İlham Əliyev uşaqlıqdan mənim gözümün qabağında böyüyüb. Rəhmətlik Heydər Əliyevlə səfərlərə gedəndə İlham Əliyev də yanımızda olurdu. Mən onu bizim oğlumuz hesab edirəm, ona oğlum kimi baxıram, onunla fəxr edirəm. İlham Əliyevin növbəti dəfə prezident seçilməsi şübhəsizdir. Başqa cür ola da bilməz”.

Xalq şairi əlavə edib ki, son günlər müxalifətçilərin Azərbaycan ziyalılarına qarşı apardığı kampaniyalar xalq tərəfindən qəti dəstəklənmir:

“Ziyalıları tənqid və təhqir edən adamlar özlərinə sual verirmi ki, mən və ya valideynlərim Azərbaycan xalqı üçün nə etmişik? Onlar İlham Əliyevlə əsla müqayisə oluna bilməz. İlham Əliyev özü kimi ziyalı, tərbiyyəli və əxlaqlı ailədə böyüyüb. Fikir verin, dünyada üç lider öz həyat yoldaşının adına heykəl qoydurub. Bunlardan biri Şəmsəddin Eldəniz, ikincisi Cahan Şah, ücüncüsü isə ulu öndər Heydər Əliyevdir. Bu, Azərbaycan qadınına verilən qiymətdir. Bu gün dünya liderlərinə də baxaq. Vladimir Putin, Nikolya Sarkozi, Donald Tramp və digərləri prezident seçiləndən sonra həyat yoldaşını boşayırlar. Həmin siyasətçilərdən fərqli olaraq, Azərbaycan prezidenti əxlaqı, tərbiyyəni, mənəviyyatı təbliğ edən liderdir. Ona görə də İlham Əliyev alternativsiz liderdir. Mən İlham Əliyevin əleyhinə danışmağı, Azərbaycanın əleyhinə danışmaq hesab edirəm. Mən prezident İlham Əliyevi sonadək dəstəkləyəcəm. Seçkilərdə özüm və ailə üzvlərim gedib İlham Əliyevə səs verəcəklər. Mən buradan ziyalılara və oxucularıma da səslənirəm ki, seçkilərdə gedib İlham Əliyevə səs versinlər. Xalq onsuz da onu çox istəyir. Əminəm ki, seçkilərdə də mütləq əksəriyyət ona səs verəcək”.
XƏBƏR LENTİ
SORĞU