02 fev 10:31siyaset

Bakı Qarabağda öldürücü zərbəyə hazırdır

Bakı Qarabağda öldürücü zərbəyə hazırdırHəmsədrlərin sülhyaratma prosesi ilə deyil, sadəcə onun texniki tərəfləri, yəni təmas xəttində müşahidəçilərin sayının artırılması ilə məşğul olması çox gülməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, bütün proseslər Azərbaycanın işğal olunmuş torpaqlarında getdiyindən Bakı belə müzakirələrdə maraqlı deyil:

“Azərbaycanın qarşısındakı əsas məqsəd işğala son qoyulmasıdır. Müşahidəçilər qrupu, onun texniki təchizatı və s. sülhyaratma prosesinə heç bir xidmət göstərmir, əksinə status-kvo ilə bağlı mövcud şəraitin qorunub saxlanılmasına xidmət edir. Ermənilər hazırda Azərbaycan Ordusunun artan qüdrətindən narahatdır. Çünki İrəvan Aprel döyüşlərinin təkrarlanacağından qorxur. Buna görə də təmas xəttində atəşkəs rejiminin qorunmasını irəli sürürlər. Azərbaycana sülhyaratma prosesi ilə bağlı konstruktiv, danışıqlar prosesini irəli aparacaq təkliflər lazımdır”.

Politoloq bildirib ki, əgər Ermənistan danışıqlar masası arxasında özünü şıltaq gəlin kimi aparmaqda davam edərsə, bu, Bakının danışıqlar prosesindən imtina etməsinə səbəb ola bilər:

“Yəni Azərbaycan əlində olan digər imkanlardan istifadə edəcək. Görünən odur ki, ermənilər özləri müharibə istəyirlər və torpaqlarımızı xoşluqla qaytarmayacaqlar. Bu istiqamətdə beynəlxalq aləm Ermənistana heç bir təzyiq göstərmir, əksinə İrəvanın başını sığallamaqla məşğuldur. Belə olan halda Azərbaycan vəziyyətdən çıxış yolunu hərbi əməliyyatların yenidən başladılmasında, yaxud da xüsusi taktika əsasında işlənib hazırlanmış əks-hücum əməliyyatlarının həyata keçirilməsində görür. Diplomatiyanın arxasında mütləq güc dayanmalıdır. Zənnimcə, bu, səngimiş danışıqlar prosesini aktivləşdirmək və ermənilərə yeni dərs vermək üçün vacibdir”.

Q.Hüseynlinin qənaətinə görə, Bakı üçün çox əlverişli bir zaman yetişib:

“ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistandan yan keçməyəcək. İrəvan buna görə hazırda yas içərisindədir. Amerika bölgədə vəziyyəti kimin qarışdırdığını, Rusiyanın əlinə kimin oynadığını, ərazilərində rus hərbi bazalarını hansı dövlətin saxladığını çox yaxşı bilir. Hesab edirəm ki, ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaların bir istiqamətini Ermənistana yönəldəcək. Bu isə işğalçının zəifləməsinə səbəb olacaq. Zəifləmiş dövlətin danışıqlar masası ətrafındakı mövqeyi də zəifləyəcək. Azərbaycan öz əraziləri uğrunda mübarizə aparır və istənilən vaxt hərbi əməliyyatları yeniləyə bilər. Bu məsələ gündəmdədir. Hazırda texnika və alınan silahların şəxsi heyətə tədris edilməsi prosesi gedir. Bunun ardınca isə hərbi təlimlər başlayacaq, ordumuz hər zaman döyüşə hazır vəziyyətdədir”.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU