23 okt 14:40siyaset

"Rusiya ilə münasibətlərimizə yenidən baxmalıyıq" - Deputat

"Rusiya ilə münasibətlərimizə yenidən baxmalıyıq" - DeputatBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib.

BAXCP-dən bildirilib ki, iclasda partiyanın baş katibi Yaşar Kələntərli qurultaya hazırlıqla bağlı məlumat verəndən sonra BAXCP sədrinin, İdarə Heyəti, Mərkəzi Nəzarət Komissiyası və rayon (şəhər) təşkilatlarının sədrlərinin daxil olduğu 25 nəfərdən ibarət Təşkilat Komitəsi seçilib.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxışında Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə baş tutan görüşünə münasibət bildirib: “2016-cı il aprel döyüşlərindən sonra Ermənistan danışıqlara yaxın gəlmirdi və beynəlxalq təşkilatların təzyiqi ilə yenidən masa arxasında oturmağa məcbur oldu”.

O bildirib ki, Ermənistanı bu məsələdə güzəştə getməyə vadar etmək üçün ölkə daxilində xalqı Sarkisyan rejiminin üstünə qaldırmaq, ya da beynəlxalq güclərin işğalçı ölkəyə təzyiqlərini artırmaq lazımdır. Əks təqdirdə Azərbaycan özü bu məsələni həll etməlidir”.

Qüdrət Həsənquliyev deyib ki, qərb Azərbaycanın işğal altında olan torpaqlarını müharibə yolu ilə azad edə biləcəyi təhlükəsindən narahatdır: “Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədrləri, Avropa İttifaqı Azərbaycana ciddi təzyiqlər göstərir ki, müharibə variantından əl çəksinBiz Ermənistanın arxasında dayanan Rusiyadan və yaxud da başqa dövlətdən çəkinib müharibə variantından vaz keçə bilmərik. Rusiya ilə münasibətlərimizə yenidən baxmalıyıq. Aydınlıq gətirilməlidir ki, Rusiya Azərbaycandan nə istəyir?”

BAXCP sədri Azərbaycan ordusunun ildən-ilə gücləndiyini, ən müasir hərbi texnika, silah-sursatla təmin edildiyini vurğulayıb.

Qüdrət Həsənquliyev bildirib ki, müharibəni aparmaq üçün güclü iqtisadiyyata sahib olmaq gərəkdir, müharibəni pulla udurlar: “Ölkəmizdə neft gəlirləri hesabına çoxlu iş görülüb. Bakı-Tiflis-Qars dəmir yolu xəttini misal çəkə bilərik. İstərdik ki, belə bir xətt Naxçıvanla Türkiyə arasında da çəkilsin”.

Qüdrət Həsənquliyev bank sektorunun əhaliyə xidmətindən də narazılığını bildirib və qeyd edib ki, bankların sahibkarlara verilən kredit faizlərini qaldırması düzgün deyil: “Avropa ölkələrində 2-5 faizlə verilən kreditlər Azərbaycanda sahibkarlara 26-28 faizlə verilir. Orta sahibkarlığın inkişaf etdirilməsi üçün sahibkarlara dövlət təminatı ilə aşağı faizlərlə kredit verilməlidir. Bunun nəticəsidir ki, azərbaycanlılar xarici ölkələrə pul yatırırlar, amma Azərbaycana yox. Səbəb onlara dövlət təminatının verilməməsidir. Təəssüf ki, Azərbaycanda əksər hallarda sahibkarların mülkiyyət hüquqları qorunmur”.

Qüdrət Həsənquliyev təhsil sahəsinə də dövlət tərəfindən ayrılan vəsaitin həcminin artırılmasının vacibliyini vurğulayıb.
"Rusiya ilə münasibətlərimizə yenidən baxmalıyıq" - Deputat
XƏBƏR LENTİ
SORĞU