20 okt 19:49siyaset

“Dağlıq Qarabağ problemi lap Konqoda müzakirə olunsa belə, heç bir mənası olmayacaq”

“Dağlıq Qarabağ problemi lap Konqoda müzakirə olunsa belə, heç bir mənası olmayacaq”“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir fikri dəyişməyib”.

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ABŞ Senatında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda keçirilən brifinqdə Minsk qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikin münaqişənin tənzimlənməsi ilə bağlı səsləndirdiyi fikirlərlə bağlı açıqlamasında bildirib. ALDP sədri deyib ki, münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunda cəmlənən dövlətlər, o cümlədən Rusiya və Fransanın da mövqeləri eynidir. Dağlıq Qarabağ problemi lap Konqoda müzakirə olunsa belə heç bir mənası olmayacaq. F.Əliyev bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli yalnız Azərbaycan dövlətinin və xalqının birgə fəaliyyəti və gücü sayəsində gerçəkləşə bilər:

“Dövlətlərin ərazi bütövlüyü məsələsi beynəlxalq hüquqda təsbit olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Biz həmin qətnamələrə üz tutub öz ərazilərimizi işğaldan azad etməliyik”.

ALDP sədri bildirib ki, Dağlıq Qarabağ məsələsinin harada və necə müzakirə etməsinin məsələyə heç bir təsiri olmayacaq:

“Hamıya yaxşı aydındır ki, neçə illərdir fəaliyyət göstərən Minsk Qrupunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə boş-boş səfərlər edib, görüşlər təşkil etməklə vəzifələrini bitmiş sayırlar. Məsələ isə hələ də öz həllini tapmamış qalır. Aparılan danışıqlar isə yalnız münaqişənin bir az da uzadılmasına xidmət edir. Ola bilər ki, xeyrimizə, yaxud əleyhimizə 100 dənə qərar çıxarsınlar. Qarabağ məsələsində yalnız Azərbaycan dövləti və vətəndaşlarının sözü, yekun qərarı rol oynayacaq. Biz özümüz güclü ordumuza arxalanaraq torpaqlarımızı azad edə bilərik”.

F.Əliyev bu mənada Ceyms Uorlikin brifinqdə səsləndirdiyi fikirləri də mənasız hesab edib:

“Bu yalnız münaqişənin bir neçə il də uzadılması ilə bağlı Ermənistana mesaj göndərməyə xidmət edir. Hətta kimsə bizim xeyrimizə nə isə demiş olsa belə, biz bundan arxayınlaşmamalıyıq. Çünki heç kəs bizim əvəzimizə torpaqlarımızı işğaldan azad etməyəcək”.
loading...
XƏBƏR LENTİ
SORĞU