05 okt 15:48siyaset

“Kəlbəcərin işğalına görə İsa Qəmbər məsuliyyət daşıyır” — Rəhim Qazıyevdən ŞOK AÇIQLAMALAR

“Kəlbəcərin işğalına görə İsa Qəmbər məsuliyyət daşıyır” — Rəhim Qazıyevdən ŞOK AÇIQLAMALARAzərbaycanın keçmiş müdafiə naziri, 1988-ci ildə başlanan Milli Azadlıq Hərəkatının liderlərindən biri Rəhim Qazıyev hazırda ABŞ-da yaşayan Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı məsələyə münasibət bildirib.

R.Qazıyev “Ölkə.Az”-a açıqlamasında deyib ki, Rəsul Quliyevin prezidentliyə namizəd olmaq istəyi alqışlanacaq addımdır:

“Rəsul Quliyev Azərbaycanın hansı müxalifət liderindən ağılsız və ya savadsızdır? Rəsul Quliyev ağıllı, işgüzar, savadlı və sənayeni, təsərrüfatı yaxşı bilən adamdır. Rəsul Quliyev harada işləyibsə, orada inkişaf olub. Yadıma gəlir, vaxtilə Rəsul Quliyev Bakı Neftayırma zavodunda işləyəndə kasıblara əl tuturdu, maddi yardımlar edirdi, bütün işçilər ondan razı idilər. Mən haqq-ədalətin, düzgünlüyün tərəfdarıyam. Baxmayaraq ki, indiyədək Rəsul Quliyev mənim haqqımda bir dəfə də müsbət fikir söyləməyib. Ancaq ədalət naminə deyim ki, Rəsul Quliyev bütün bunları edib. İndi o niyə Azərbaycanda prezidentliyə namizəd olmasın?”.

R.Qazıyev müxalifətin Rəsul Quliyevi gözünün götürmədiyini də söyləyib:

“Rəsul Quliyevin dırnağı biləni, Arif Hacılının, İsa Qəmbərin bütün bədəni bilmir. Arif Hacılı və ömürlərində iki eşşəyin arpasını bölə bilməyən digər adamlar vaxtilə işlədikləri vəzifələrdə nəyə qadir olduqlarını göstəriblər. Onlardan fərqli olaraq, Rəsul Quliyevin ağlı, savadı, bacarığı var. Doğrudur, Rəsul Quliyev siyasətdə Arif Hacılı kimi məkrli ola bilməz. Ümumiyyətlə, siyasətdə Arif Hacılı kimi məkrli olan ikinci adam tanımıram. Amma İsa Qəmbər, Arif Hacılı və digər müxalifət liderləri arasında təkcə Rəsul Quliyevin normal prezident olmaq şansına inanıram. Əgər Azərbaycanda prezident seçkilərinə Rəsul Quliyev, İsa Qəmbər, Arif Hacılı və digər şəxslər namizədliyini irəli sürsə, mən yalnız Rəsul Quliyevə səs verərəm, onu dəstəkləyərəm. Bunu da konkret əsaslandıraram. Ona görə də müxalifətin Rəsul Quliyevi nədəsə ittiham etməyə və ələ salmağa əsası yoxdur. Baxmayaraq ki, mən 1993-cü ilin avqust ayından sonra Rəsul Quliyevi görməmişəm. Ancaq onun 1990-cı illərə qədər gördüyü yaxşı işləri gizlədə bilmərəm”.
R.Qazıyev Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbəri də hakimiyyətə işləməkdə ittiham edib:

“Bu gün İsa Qəmbər nə isə danışırsa, onu icazəli edir. Kiməsə tikanlı sözlər atmaqla özünü müxalifət lideri kimi təqdim edir. Bütün bunları onun “bacarığı” hesab etmək olar. İsa Qəmbərin bir illik hakimiyyətdən savayı heç bir idarəetmə vəzifəsi olmayıb. O, əvvəllər Akademiyada Şərqşünaslıq İnstitutunda işləyib. İsa Qəmbər 6 il doktorant olsa da, bir elmi işi müdafiə edə bilməyib. Bütün bunlar həqiqətlərdir və xalqımız gözəl bilir. Ona görə də İsa Qəmbər Rəsul Quliyev kimi kənd təsərrüfatını, sənayeni, iqtisadiyyatı yaxşı bilə bilməz. Bizim üçün İsa Qəmbər deyil, belə adamlar lazımdır”.

R.Qazıyev AXC-Müsavat hakimiyyətində təmsil olunmuş şəxslərin onun gördüyü işlərin bir faizini belə görmədiyini bildirib:

“Əgər həmin müxalifət liderləri gəlib sübut etsə ki, mən müdafiə naziri olduğum dövrdə gördüyüm işlərin bir faizini görə biliblərsə, qulağımı kəsərəm. Mən AXC-Müsavat hakimiyyətindən öncə müdafiə naziri olmuşam. Nazir olanda da qeyrətli oğullarımızla bərabər Azərbaycanın dağılmış Müdafiə Nazirliyini yaratmışam. Bunu konkret sənədlərlə sübut da edə bilərəm. Mənim nazir olduğum dövrdə Dağlıq Qarabağın 52 faizi işğaldan azad olunub və Milli Ordu yaranmağa başlayıb. Mən Müdafiə Nazirliyinin yaradılması üçün protokolları hazırlayanda AXC-Müsavat üzvləri meydanlarda hakimiyyətə gəlmək üçün mübarizə aparırdılar. Hətta, 1992-ci il iyulun 17-də Əbülfəz Elçibəy ilk dəfə prezident səlahiyyətlərinə başlayanda mən ona etiraz edərək dedim ki, sizin rəhbərlik etdiyiniz bu komanda ilə işləmək istəmirəm. Əbülfəz Elçibəy isə buna qəti şəkildə etiraz edib. Mən də məcbur olub 10 gün sonra istefa ərizəmi yazmışam. 1992-ci ilin oktyabrında ikinci dəfə istefa ərizəmlə müraciət etmişəm. Nəhayət, 1993-cü il fevralın 17-də üçüncü istefa ərizəmi verib, nazir vəzifəsindən getmişəm. Ayın 20-də isə istefa ərizəmi qəbul ediblər. Mən üçüncü dəfə istefa verib vəzifədən gedən gün Milli Ordumuz Xankəndinin 8-12 kilometrliyində idilər, Kəlbəcər tərəfdən 55, Laçın tərəfdən isə 12 yaşayış məntəqəsini işğaldan azad etmişdik. Dar dəhliz qalmışdı, onu da almaq üzrə idik. Mən hərbçi deyildim, adi müəllim ola-ola bunları etmişdim. Ancaq İsa Qəmbər kimi “qüdrətli siyasətçi” məndən sonra Dadaş Rzayevi nazir təyin etdi və Kəlbəcər yenidən ermənilər tərəfindən işğal olundu. Dalınca da digər rayonlar işğal edildi. Ona görə də Kəlbəcər və digər rayonların işğalına görə birbaşa İsa Qəmbər, Dadaş Rzayev və digər şəxslər məsuliyyət daşıyır”.
XƏBƏR LENTİ
22-10-2019, 14:35
SORĞU