Gürcüstan baş nazirinin müşaviri: “Marneulidə vəziyyət tam sakitdir”
“Hazırda Marneulidə vəziyyət tam sakitdir”.

Avrasiya.net xəbər verir ki, bu barədə Marneuliyə səfər edən Gürcüstanın baş nazirinin regional inkişaf məsələləri üzrə müşaviri Sozar Subari jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rayonda ərzaq mağazaları, apteklər, bank filialları və çörək məmulatları müəssisələrindən başqa bütün obyektlər bağlıdır.

S.Subari deyib ki, Marneulidə yerli sakinlərdən ibarət könüllülər qrupu yaradılıb: “Hər bir qrupa bir həkim daxil edilib. Qruplar ilk olaraq daha çox təhlükənin ola biləcəyi rayon və kəndlərdə yoxlamalar həyata keçirəcəklər. Könüllülər həmçinin yaşlı və həssas qrupa daxil olan digər şəxsləri qida və digər zəruri məhsullarla təmin edtməkdə davam edirlər”.

Qeyd edək ki, bu gündən azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Bolnisi rayonlarında koronavirusun daxili yayılması ilə bağlı yüksək risklə əlaqədar olaraq ciddi karantin rejimi tətbiq olunur.
Gürcüstanda azərbaycanlıların yaşadığı rayonlara hərbi bölmələr yerləşdirildi
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılma riski ilə əlaqədar sərt karantin rejimi elan edilib.

Bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanılır və əraziyə yalnız tibbi vasitələr və ərzağın gətirilməsinə icazə verilir. Baş nazir qeyd edib ki, sözügedən rayonlarda yalnız kritik infrastruktur obyektlərinin fəaliyyətinə icazə veriləcək. Məhdudiyyətin rayonların daxili nəqliyyatına və insanların sərbəst hərəkətinə də tətbiq ediləcəyi, yalnız qida və tibbi vasitələr əldə etmək üçün hərəkətə icazə veriləcəyi bildirilib. Bundan başqa həkimlərin protokoluna əsasən rayon sakinlərinə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa davam etmələri üçün imkan yaradılacağı qeyd olunub.

Baş nazir bildirib ki, Marneulidə yoluxma təsdiqlənmiş qadının virusa hansı mənbədən yoluxması müəyyən edilməyib, bu isə artıq ölkədə daxili yoluxmaların baş verməsini göstərir.

“Epidemoloqlara görə, yoluxma onlarla insanın iştirak etdiyi ritual zamanı baş verib. Biz artıq onunla təmasda olan 90 nəfəri müəyyən etmişik, ancaq bu heç bir məna ifadə etmir, vəziyyət çətindir. Bu, artıq daxili yoluxmaların qeydə alınmasıdır. Hər zaman bu mərhələyə hazır olmağa çalışırdıq. Bununla belə, bütün hazırlıqlara baxmayaraq vəziyyət çox çətindir”, - deyə G. Qaxaria bildirib.

Həmin rayonlarda sərt karantin vəziyyətinin idarə edilməsi isə Baş nazirin müşaviri Sozar Subariyə tapşırılıb.

Hökümətin qərarından sonra karantin elan olunan rayonlarda hərbi texnikalar, habelə çadır və xüsusi texnika yüklənmiş onlarla nəqliyyat vasitəsi yerləşdirilib.

Ölkənin Müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, Qurumlararası Kordinasiya Şurasının qərarına əsasən Müdafiə Nazirliyi sərt karantin rejimində koronavirusun yayılma riskinin azaldılması məqsədi ilə Marneuli və Bolnisidə profilaktik tədbirlərin görülməsi prosesində iştirak edəcək. Bundan başqa hərbi bölmələr Bolnisi və Marneulidə xüsusi buraxılış məntəqələrinin mühafizəsini təşkil edəcək.

Qeyd edək ki, ötən gün Marneuli rayonunda 54 yaşlı azərbaycanlı qadında koronavirusa yoluxma təsdiqlənib. Həmin qadının virusa hansı şəraitdə və kimdən yoluxmasını müəyyən etmək mümkün olmayıb.
İrandan ABŞ-a sərt cavab: “Siz əvvəlcə öz dərdinizə çarə tapın”İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi dövlət televiziyası ilə xalqa müraciətində əhaliyə tibb işçilərinin və koronovirusla mübarizə üçün yaradılan operativ qərargahın tövsiyələrinə ciddi şəkildə əməl etməyə çağırıb.

Ali Rəhbər ABŞ-ın İrana yardın etmək təklifinə də toxunub. O bildirib ki, ABŞ-ın İranı iqtisadi blokadada saxlaması ilə yardım təklif etməsi bir araya sığmır.

İranın yardımdan imtina etməsinə gəlincə isə qeyd edib ki, ABŞ yardımı öz vətəndaşlarına etsin. Çünki ABŞ-da virusa yoluxanların və yardıma ehtiyacı olanların sayı İrandan daha çoxdur. Ali Rəhbər ABŞ-ın yardım təklifinə “Siz əvvəlcə öz dərdinizə çarə tapın” cavabını verərək, Ağ Ev administrasiyasını riyakarlıqda və yalan danışmaqda ittiham edib.

Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 21 min 638-ə, ölənlərin sayı isə 1685-ə çatıb.

İranın Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr isə rekord həddə antibiotik istehsal ediblər. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların müalicəsi üçün istifadə edilən antibiotiklər İranda istehsal olunur. Müəssisələr adi vaxtlardan fərqli olaraq 2,5 dəfə çox antibiotik istehsal edib və xəstəxanalara veriblər.

Prezident Həsən Ruhani də televiziya ilə xalqa müraciət edib. O bildirib ki, ölkədə virusa yoluxma halları azalmaqdadır və bu, İran səhiyyəsinin virusun öhdəsindən gələcəyini deməyə əsas verir. Prezident bir daha əhaliyə imkan daxilində evdən çıxmamağı tövsiyə edib. Nəzərə çatdırıb ki, hökumət bu ağır günlərdə vətəndaşlara və iş adamlarına yardım edəcək. Artıq yardım haqqında proqram hazırdır. Əhalinin aztəminatlı təbəqəsi və virusun yayılmasından zərər çəkən iş adamlarına, həmçinin kiçik şirkətlərə dövlət maddi yardım göstəriləcək.

modern.az
Gürcüstanda azərbaycanlılar arasında dava düşdü: Ölən var
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunun Kürtlər kəndində gənclər arasında mübahisə ölümlə nəticələnib.

Kənd sakini H.İsmayılov bıçaqla həmkəndlisi İ.Mustafayevi ayağından yaralayıb.

Yaralı gənc xəstəxanaya çatdırılsa da, qanaxmadan dünyasını dəyişib.

Hadisəni törətməkdə şübhəli bilinən H. İsmayılov Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /APA

İran koronavirusun dərmanını tapdıİran 7-10 gün ərzində koronavirusa qarşı dərmanı istifadəyə verəcək.

Publika.az xəbər verir ki, bu barədə Qida və Dərman idarəsinin rəhbəri Məhəmməd Rza Şanesaz açıqlama verib. O bildirib ki, dərman tamamilə yerli istehsaldır:

“Dərmanın testləri uğurla başa çatdı. Bəzi xəstələr üzərində test edildi və istifadəyə verilməsi üçün icazələr alındı”.

Qeyd edək ki, İranda koronavirusdan 600-ə qədər insan həyatını itirib. 20 mindən çox insan virusa yoluxub.

Ərdoğan xalqa səsləndi: “Evinizdən çıxmayın”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz xalqına müraciət edib.

Avrasiya.net xəbər verir ki, Türkiyə Prezidentinin rəsmi “Twitter” səhifəsindən yayılan görüntülü müraciətdə R.T.Ərdoğan İslam aləminin mübarək Merac gecəsi münasibətilə xalqını təbrik edib və bildirib ki, yeni növ koronavirusla mübarizədə dövlətin bütün müfafiq qurumları, xüsusilə Türkiyə səhiyyəsi bütün heyətilə 24 saat xalqın xidmətindədir: “Bununla əlaqədar öz adımdan, həmçinin ailəm və xalqım adından Türkiyə səhiyyə işçilərinə təşəkkür edirəm”.

R.T.Ərdoğan dövlətin xalqın sağlamlığı üçün verilən xəbərdarlıqlara, tövsiyələrə intizamla əməl etməyin vacibliyini vurğulayıb:

“Ölüm riski yaş yüksəldikcə çox artır, evinizdən çıxmayın. 65 yaşdan yuxarı və xroniki xəstəliyi olanların xüsusilə evdən kənara çıxmalarına əməl etmələri vacibdir. Bu məsələnin ən çox məsuliyyət daşıyanı olaraq və doktorlarımızdan aldığımız tövsiyələrə istinad edərək sizlərdən xahişim dövlətin xəbərdarlıqlarından kənara çıxanları bu məsələyə riayət etmələrinin vacibliyinə inandırmaqdır.

Ölənlərimizə baxdığımız zaman xəbərdarlıqlarımızın nə qədər həyati əhəmiyyət daşıdığını görürük. Bu çətin günləri inşallah birgə əzmimizlə dəf edəcəyik”.



Prezident koronavirusla mübarizədə Türkiyənin dövət olaraq həm tibbi, həm də insan həyatı üçün zəruri olan digər vasitə və məhsullarla təminatında heç bir problemin olmadığını da vurğulayıb.
Türkiyədə koronadan ölənlərin sayı artdı - 12 nəfər
Bu gün daha 12 vətəndaşımız koronavirusdan həyatını itirib.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

“Son 24 saat ərzində təxminən 3 min nəfər test edildi, olardan 277-nin nəticəsi pozitiv çıxdı. Yaşlı xəstələrdən 12-si həyatını itirdi. Ümumilikdə ölkəmizdə 21 nəfər bu xəstəlikdən ölüb”, - nazir bildirib.
Rusiyada koronaya yoluxanların sayı artdı
Rusiyada 53 nəfər koronavirusa yoluxub.

Axar.az xəbər verir ki, bu barədə koronavirusla bağlı yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 306-ya çatıb.

Məlumata görə, Rusiyanın 18 regionunda koronavirusa yoluxma halı qeydə alınıb.

İranda məhbuslar qiyam qaldırdı: ölən və yaralanan var
İranın Loristan əyalətinin Əligudərz şəhər həbsxanasından kütləvi şəkildə qaçmaq istəyən məhkumlar qiyam qaldırıblar.

Axar.az xəbər verir ki, qiyam zamanı məhbuslarla həbsxana gözətçiləri və polislər arasında qarşıdurma yaşanıb.

Hadisə nəticəsində bir məhkumun öldüyü, birinin isə yaralandığı deyilir. Rəsmilər heç bir məhbusun qaçmağa müvəffəq olmadığını iddia ediblər.

Qeyd edək ki, martın 19-da da Loristanın Xürrəmabad bölgəsində yerləşən Parsillon həbsxanasında baş verən oxşar hadisədə 1 məhkum ölüb, 1-i yaralanıb. 23 məhbus isə cəzaçəkmə müəssisəsindən qaçıb.
Azərbaycanlılarla ermənilər arasanda dava düşdü
Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.

Avrasiya.net “Report”a istinadən xəbər verir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.

Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni kəndçi azərbaycanlı həmkəndçisi, fiziki imkanları məhdud şəxsə qarşı fiziki təzyiq göstərib.

Polis insidentlə bağlı araşdırma aparır.

Hazırda Xocernidə ümumi vəziyyət sakitdir.