İranın yeni prezidentinin Qarabağ siyasəti... - Balçı

İranın yeni prezidentinin Qarabağ siyasəti... - Balçıİbrahim Rəisi ötən gün keçirdiyi mətbuat konfransında ölkənin əsas problemlərdən biri kimi iqtisadi sıxıntılardan danışdı və bu sıxıntıların aradan qaldırılmasının yeni qurulacaq hökumətin qarşısında duran ən vacib məsələlərdən biri olduğunu qeyd etdi.

Bunu Axar.az-a açıqlamasında siyasi ekspert Çağatay Balçı bildirib. Onun sözlərinə görə, ölkədə mövcud iqtisadi böhranın Amerikanın sanksiyaları ilə birbaşa əlaqəsi var və yeni seçilmiş prezidentin problemləri qısa müddətdə həll etməsi mümkün deyil:

“Əslində Rəisinin də ABŞ-la münasibətlərə mənfi baxdığını demək mümkündür. Bu, İbrahim Rəisinin sözügedən mətbuat konfransı zamanı mövzu ilə bağlı suallara cavablarında da özünü göstərdi. Fikrimcə, İran və ABŞ münasibətlərində yaxın müddətdə yaxşılaşma görünmür. Ancaq yeni hökumət formalaşdıqdan sonra hadisələrin inkişaf istiqamətinə uyğun olaraq 1-2 il sonra müəyyən dəyişikliklərin olacağını söyləmək mümkündür”.

Ekspert Qarabağ məsələsində İranın rəsmi mövqeyinin dəyişməyəcəyini bildirib:

“İranın 44 günlük Qarabağ müharibəsində tutduğu mövqeyi qoruyacağını düşünürəm. Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdiyi “altılıq platforması”nda İran özünü bir aktor kimi göstərmək istəyir. Bu da təbiidir, çünki İranın da bölgədə geosiyasi maraqları mövcuddur. İran bu platformaya 2017-ci ildə başlayan Astana görüşlərindəki mövqeyinə bənzər münasibət göstərir və platformanın formalaşmasına qüvvələr balansını saxlamaq, münasibətlərin daha effektiv şəkildə müzakirəsi üçün yeni bir imkan kimi baxır”.