Azad edilmiş Qarabağ Moldova jurnalistlərinin gözü ilə

Azad edilmiş Qarabağ Moldova jurnalistlərinin gözü ilə26 fevral tarixində Prezident İlham Əliyevin mətbuat konfransına gələn xarici jurnalistlərin daha sonra azad edilmiş torpaqlara səfəri təşkil edilib. Səfərdə dünyanın bir çox ölkəsindən gələn media nümayəndələri iştirak ediblər. Moldovalı jurnalistin Qarabağa səfər edən jurnalistlərin təəssüratları barədə Moldova mətbuatında "Освобождённый Карабах глазами молдавских журналистов" adlı məqaləsi dərc edilib. Məqalədə bölgədəki erməni vandalizminin nəticələrinə media nümayəndələrinin şahid olmaları və bu kimi məsələlər şərh edilir.

Həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

Bu yaxınlarda Prezident İlham Əliyevin mətbuat konfransı üçün Bakıya gələn xarici jurnalistlərin Azərbaycanın azad edilmiş ərazilərinə səfəri təşkil edildi.

Moldova Respublikasından olan jurnalistlər də daxil olmaqla dünyanın hər yerindən gələn media təmsilçiləri Laçın rayonu, Füzuli, Cəbrayıl və Ağdam şəhərlərinə səfər etdilər və bir vaxtlar çiçəklənən bu ərazilərin erməni vandallarının əməlləri sayəsində nəyə çevrildiyinin şəxsən şahidi oldular.

Jurnalistlərin özləri üçün qeyd etdikləri ilk şey buradakı gözəl təbiət idi. Bölgənin ermənilər tərəfindən dağıdılıb xarabalığa çevrilməsi fonunda, ərazi həm də böyük potensiala malikdir. Media nümayəndələri bu gün Azərbaycanın Qarabağının tamamilə dağıdılmış infrastrukturu, yandırılmış qəbiristanlıqları, abidələri və kəsilmiş meşələri olan bir ruhlar şəhəri olduğunu ifadə ediblər.

1990-cı illərdəki Birinci Qarabağ müharibəsindən əvvəl Ağdam ticarətin inkişaf etdiyi və ümumən Sovet İttifaqı üzrə bütün bölgədəki ən böyük şəhərlərdən biri idi. İndi şəhər tamamilə məhv edilib - evlərin yarı sökülmüş daş skeletləri, yandırılmış torpaq və bəzi hissələrdə paslı dəmirlərdən başqa heç nə qalmayıb.

Bu günə qədər gəlib çıxan yeganə dağıdılmayan bina məsciddir və burada həyat olduğunun yeganə işarəsi bu yaxınlarda ortaya çıxan bir hərbi zastavada toplanılmış sahibsiz itlər və pişiklərdir. Jurnalistlər eyni şeyə Cəbrayıl və Füzulidə də şahid oldular. Mütəxəssislər, erməni işğalının nəticələrini Xirosimadakı atom bombası partladılması ilə müqayisə ediblər.

Doğrudur, Füzuli artıq yenidən qurulmağa başlanıb. Azərbaycanın səlahiyyətli şəxslərinin ən sevindirici və vacib uğuru hava limanı tikintisinə başlanılmasıdır. Hava limanı beynəlxalq olacaq və 2021-ci ilin sonuna qədər açılması planlaşdırılır. Hava limanı ilə birlikdə Şuşaya gedən magistral yolun inşasına da artıq başlanılıb. Bundan əlavə, jurnalistlərə bildirilib ki, yaxın üç il ərzində Laçın dəhlizi boyunca Ermənistanla Xankəndi arasında əlaqəni təmin etmək üçün yeni bir yolun tikintisi üçün plan hazırlanacaq.Həmçinin Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin nüansları da işlənərək hazırlanıb.
Əlbətdə ki, yaxın gələcəkdə erməni təcavüzündən əziyyət çəkmiş bütün ziyarətgahlar bərpa ediləcəkdir. Bunlar ilk növbədə məscidlər, qəbiristanlıqlar və tarixi abidələrdir. Məktəblər, xəstəxanalar, inzibati binalar və yaşayış binaları yenidən tikiləcək ki, bütün məcburi köçkünlər evlərinə qayıda və tam rahat həyat sürə bilsinlər. Həmçinin, "Ağıllı kənd" pilot layihəsinin də həyata keçirilməsi planlaşdırılır, çünki Qarabağa qayıtmaq istəyənlərin bir çoxu kənd təsərrüfatı ilə məşğul olmağı planlaşdırır Bu layihə onların həyatını xeyli asanlaşdıracaq.

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu il hökumət azad edilmiş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat ayırıb (bu, təxminən 1,5 milyard dollardır). Ancaq əlbəttə ki, bu, aysberqin yalnız görünən hissəsidir: Bu məbləğə dövlət şirkətləri tərəfindən idarə edilən, müxtəlif fondlar tərəfindən maliyyələşdirilən layihələrin və təbii ki, xarici investisiyaların dəyəri daxil deyil. Yaxın gələcəkdə bu torpaqlar prioritet inkişaf əraziləri olacaqdır.
Buraya yatırılan investisiya üç dəfəyə qədər özünü doğruldacaq, çünki bu ərazilərdə mədən sənayesi və kənd təsərrüfatı, həmçinin emal da daxil olmaqla, uzun müddətdə bölgələrə böyük yük axınlarına xidmət göstərməyə imkan verəcək turizm və logistika mübadilələri də mümkün olacaq. Bütün bunlar iqtisadiyyatın neft sənayesi ilə əlaqəli olmayan yeni iş yerləri və bütün ölkə üçün faydalı olacaq iqtisadi inkişafa kömək edəcək sahələr yaradacaqdır.

Ancaq infrastrukturun bərpası xaricində Azərbaycan Rusiya tərəfi ilə birlikdə bütün ərazini təmizləməlidir və Ermənistanın vermək istəmədiyi minalanmış ərazilərin xəritələri olmadan bunu etmək çox çətin olacaq. Gələn jurnalistlərə dərhal xəbərdarlıq edilib ki, bölgədəki minaların davamlı olaraq partlaması kiminsə həlak olmasına səbəb olur və burada olmaq heç də təhlükəsiz hesab edilmir.

Bu bir çox insanı narahat edirdi. Müharibədən sonrakı 4 ay ərzində təxminən 70 nəfər minalardan zərər çəkib. Bunu dayandırmaq üçün xəritələrə ehtiyac var və onların Ermənistan rəhbərliyi tərəfindən təqdim edilməməsi insanlığa qarşı başqa bir cinayət kimi qiymətləndirilə bilər. Ermənistana təsir etmək və günahsız vətəndaşların ölümünün dayandırılması üçün dünya ictimaiyyətinin diqqətini bu problemə cəlb etmək vacibdir.