Sizin Reklam Burada

İran nüvə silahı yaratmağa qərar verdi: ABŞ zərbə endirəcək?

İran nüvə silahı yaratmağa qərar verdi: ABŞ zərbə endirəcək?Uranın zənginləşdirilməsinin 4 faizdən 20 faizə qədər qaldırılması İrana nüvə silahı əldə etməyə imkan verəcək. Bəs, İran niyə uranı məhz indi bu səviyyədə zənginləşdirməyə qərar verdi?

Bu mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu baxışlarını təqdim edib.

O bildirib ki, Donald Tramp prezident seçildikdən dərhal sonra İranla nüvə anlaşmasından çıxdı:

“Buna baxmayaraq, İran Trampın hakimiyyətdə olduğu 4 ildə açıq şəkildə uranı zənginləşdirməkdən çəkindi. Digər tərəfdən nüvə anlaşmasını imzalayan digər ölkələr İranı anlaşmadan çıxmamağa çağırırdılar, əvəzində Tehrana qarşı ABŞ sanksiyalarına qoşulmayacaqlarını vəd edirdilər. Ancaq İranla ortaq layihələri olan Avropanın böyük şirkətləri ABŞ sanksiyalarından çəkinərək, İranı tədricən tərk etdilər. Yəni Avropa Birliyi sözdə Amerikanın sanksiyalarına qoşulmayacağını vəd etsə də, nə İrana investisiya yatırımları etdi, nə də İran bazarını tərk edən şirkətlərinin qarşısını kəsdi”.

Politoloq xatırladıb ki, bu zaman kəsiyində İran iki tanınmış simasını sui-qəsd nəticəsində itirdi: general Qasım Süleymani və nüvə alimi Möhsün Fəxrizadə:

“İran ikinci sui-qəsddə İsraili ittiham etdi. Həqiqətən son illərdə İranda nüvə çalışmalarında iştirak edən neçə-neçə alim müəmmalı şəkildə qətlə yetirildilər. İranın nüvə silahına yiyələnməsinə qarşı çıxan başlıca dövlət İsraildir. Bəllidir ki, İran nüvə silahı əldə etsə, hədəfindəki əsas ölkə İsrail olacaq. Buna baxmayaraq, İranın uranı zənginləşdirməsini nə Trampın nüvə anlaşmasından çıxmasıyla, nə də haqqında danışdığım sui-qəsdlərlə əlaqələndirirəm”.

Politoloq deyib ki, Tehran hiyləgər gediş edir:

“İranın hakim və dini dairələri tez və ya gec nüvə silahı əldə etməyi hədəfləyib. Tehran uranı nüvə silahı əldə etmək səviyyəsində zənginləşdirmək qərarını Trampın Ağ Evdən getməsinə sayılı günlər qaldığı vaxtda elan etdi və bununla Vaşinqtonu çətin seçimə sürüklədi. Tehranda düşündülər ki, “ya indi, ya da heç vaxt” və indini seçdilər. Təsəvvür edin ki, Tramp Ağ Evi tərk etməyə hazırlaşdığı dövrdə İranla müharibəyə başlayır. Bu halda Amerikanın daxili siyasətində aləm bir-birinə qarışır. Əsas sual bu olacaq: müharibəyə kim başçılıq edəcək?

Birinci variant odur ki, İranı bombalayan Donald Tramp prezident seçkisində məğlub olmasına baxmayaraq, Ağ Evi tərk etmir və müharibəni davam etdirir. Onsuz da Tramp rəqibi Cozef Baydenin saxtakarlıq nəticəsində seçkidə qələbə çaldığını iddia edir. Trampın son günlərdə İranla müharibəyə başlaması və Ağ Evi tərk etməməsi qərarı Amerikanı qarışdıracaq.

İkinci variant odur ki, Tramp İranla başladığı müharibəni yanvarın 20-də andiçmə mərasimindən sonra Ağ Evin yeni sahibi Baydenə ötürür. İlk gündən İranla müharibə Baydenə yaxşı heç nə vəd etmir. Əlbəttə, Amerika İranda hansısa hədəfləri vura bilər, ancaq İran və onun müxtəlif ölkələrdəki silahlı satellitləri də boş dayanmayaraq, harda mümkündür, Amerika hərbçilərini və vətəndaşlarını hədəf alacaqlar. Bayden hakimiyyətə gəldiyi ilk gündən itkilərlə üzləşmək istəmir”.

Politoloqun iddiasına görə, İrandakı siyasi dairələr bu iki variantı hesablayaraq uranı məhz indi zənginləşdirməyə qərar veriblər:

“Əlbəttə, Amerika İranın uranı zənginləşdirməsinə hansısa şəkildə reaksiya verməlidir və görünür, Tehran bu dəfə özünü mümkün əks-reaksiyalara hazırlayıb. İranın itirəcəyi heç nə yoxdur, iqtisadiyyatda ağır günlər yaşanır, pandemiya minlərlə insanın ölümünə səbəb olub. Ortaq düşmənə qarşı mümkün müharibə İran hakimiyyətinin və cəmiyyətinin üzləşdiyi problemləri arxa plana atacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər