Ermənilərdən növbəti təxribat: Ruslar "mina"ya düşdü - Foto

Ermənilərdən növbəti təxribat: Ruslar "mina"ya düşdü - FotoBu gün bəzi yerli internet seqmentində Qarabağdakı Rusiya sülhməramlılarının Azərbaycana qarşı növbəti təxribata əl atması barədə xəbər yayılıb.

Avrasiya.net-in Musavat.com-a istinadən məlumatına görə, yayılan xəbərdə qeyd olunub ki, sülhməramli qüvvələrin gündəlik brifinqi zamanı otaqda Rusiya bayrağı ilə yanaşı, ermənilərin müharibədən sonra birdəfəlik itirdikləri xəyali arzuları - qondarma “dqr”in “bayrağı” da asılıb.

Əlbəttə ki, yayılmış xəbəri araşdıranda məlum oldu ki, əslində söhbət heç də Rusiya Sülhməramlı Mərkəzin rəsmi informasiya mərkəzindən getmir. Əgər həqiqətən də Rusiya tərəfi gündəlik yayılan rəsmi informasiya bülletenində bu cür təxribat etsəydi, bu çox ciddi skandal olardı.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyinin rəsmi saytında sülhməramlı missiyanın gündəlik məlumatı Moskvadan yayımlanır. Bu brifinq isə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiyalar Departamentinin rəhbəri general Konaşenkoya həvalə edilib.

Qarabağdakı sülhməramlılardan alınmış məlumatları məhz o, gündəlik elan edir. Yalnız istisna hallarda bu işi Qarabağdakı sülhməramlıların rəhbəri general-leytenat Rüstəm Muradov və ya müavini polkovnik Dmitri Perepelkina görür. Bəs yayılmış şəkil və Rusiya sülhməramlıları?

Qısa araşdırmadan sonra məlum oldu ki, sözügedən qondarma “bayraq” Xankəndidəki bir məktəbdə lentə alınıb.

Bununla bağlı sülhməramlı qüvvələrin bülletenində xəbər və müvafiq fotolar var. Xəbərdə bildirilir ki, Dağlıq Qarabağdakı Humanitar Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Xankəndidə (xəbərdə Stepanakert yazılıb) orta məktəbin şagirdləri üçün məşğələ keçiblər. Burada şagirdlərə partlayıcı obyektləri aşkar edərkən təhlükəsizlik tələblərinə riayət olunması ilə bağlı danışıblar. Həmçinin mütəxəssislər məktəblilərə ilk tibbi yardım qaydalarını nümayiş etdiriblər.

Təlimlərdə ümumilikdə 80-dək şagird, müəllim və məktəblilərin valideynləri iştirak ediblər.

Şübhə yoxdur ki, ermənilər bu “parça oyunu” ilə əvvəl azərbaycanlıların əsəblərinə toxunmağa, sülhməramlı qüvvələrin reputasiyasını korlamağa, onların ermənilər tərəfdə olduğunu göstərməyə çalışıblar. Belə görünür ki, rusiyalı təlimçilər də ermənilərin bu cılız oyununa ya bilərəkdən, ya bilməyərəkdən alət olublar. Əks halda, gorbagor “dqr”in “bayrağının” rus bayrağı ilə qoşa asılmasının fotolarını heç olmasa, bülletenlərində yerləşdirməzdilər.

Görünən budur ki, rusiyalı minaaxtaran təlimçiləri ermənilərin qurduqları “mina”ya düşüblər.