Rusiya olmasa, Ermənistan ordusu... - Manukyandan ETİRAF

Rusiya olmasa, Ermənistan ordusu... - Manukyandan ETİRAFRusiyanın köməyi olmadan Ermənistan Silahlı Qüvvələri döyüş qabiliyyətini bərpa edə bilməyəcək.

Bu barədə Ermənistan müxalifətinin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan yerli media ilə görüşdə deyib.

“Bu bölgədəki əsas oyunçular Türkiyə və Rusiyadır. Ankaranın, onsuz da, Gürcüstan üzərində çox böyük təsiri var. İndiki şəraitdə gələcəyimizi Türkiyə ilə əlaqələndirsək, məhv olacağıq. Bu səbəbdən indi Rusiyanın rolu Ermənistan üçün əvvəlkindən daha çox vacibdir. Lakin bu, digər ölkələrlə münasibətləri istisna etmir”, - Manukyan bildirib.

O qeyd edib ki, indi ölkə təhlükəsizliyinin əsas qarantı Rusiya Federasiyasının sülhməramlı qüvvələridir: “Rəsmi olaraq bu qarant 5 ildən sonra olmayacaq. Bəlkə bu müddət ərzində nəsə olacaq, bəlkə müddət uzadılacaq - amma bütün bunlar fərziyyələrdir. Ordunu gücləndirməyimiz üçün 5 il var, daha sonra yeni müttəfiqlər axtarmalıyıq”.

V.Manukyan bildirib ki, Ermənistan və Rusiyanın maraqları bir çox məsələlərdə üst-üstə düşür. Amma hər zaman deyil: “Ancaq həqiqət budur ki, sürətlə dəyişən bu bölgədə ən azı 5 il Rusiya təhlükəsizliyimizin sabit qarantı və müttəfiqimiz olacaq. Əminəm. Rusiya olmasa, ordumuzu bərpa edib yenidən silahlandıra bilməyəcəyik”.