Sizin Reklam Burada

İran-Azərbaycan: iqtisadi-siyasi əlaqələr

İran-Azərbaycan: iqtisadi-siyasi əlaqələr Azərbaycanlı ekspertlər hesab edir ki, Bakı ilə Tehran arasında son illər iqtisadi-siyasi əlaqələrin inkişafı, qarşılıqlı etimadın möhkəmlənməsi prezidentlər Həsən Ruhani ilə İlham Əliyev arasında davamlı görüşlərin, səmərəli danışıqların nəticəsidir.

İran prezidenti Həsən Ruhani son 6 ildə Azərbaycana 3 rəsmi səfər edib. Bu səfərlər zamanı əldə olunmuş razılaşmalar Bakı ilə Tehran arasında siyasi əlaqələrə ciddi təkan verməklə yanaşı, vacib müştərək iqtisadi layihələrin həyata keçirilməsinə də yol açıb.

Eyni dövrdə Azərbaycan prezidenti İlham Əliyev də öz növbəsində, Həsən Ruhaninin dəvətilə İrana 3 dəfə rəsmi səfərə gəlib. Bununla yanaşı, ötən dövr ərzində iki ölkə liderləri beynəlxalq və regional tədbirlər çərçivəsində düz 7 dəfə görüşüblər. Bu, iki ölkə arasında müxtəlif sahələrdə əldə olunmuş sazişlərin icrası ilə bağlı danışıqların aparılmasına əlverişli fürsət olub.

İqtisadi-siyasi əlaqələr: azərbaycanlı espertlərin fikirləri

Azərbaycanlı siyasi ekspert Elşən Manafov İran və Azərbaycan xalqlarının ümumi tarixi, mədəni və mənəvi dəyərlərə sahib olduğunu, bunun da iki qonşu ölkə arasında möhkəm bağlar yaratdığını deyir. O, İranın Azərbaycanın ərazi bütövlüyünə hər zaman dəstək verdiyini, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll olunmasına çağırış etdiyini xatırladıb. Ekspert deyir ki, Azərbaycan İranla münasibətlərin inkişafında maraqlıdır.

“Son illərdə Azərbaycan və İran prezidentlərinin ölkələrimiz arasında əlaqələri inkişaf etdirmək, iqtisadi və ticari əməkdaşlığı genişləndirmək əzmi daha da artıb. Nəticədə bu gün İran Azərbaycanın 10 əsas ticarət tərəfdaşından biridir”, - deyə Manafov qeyd edib.

Ekspert hesab edir ki, son illərdə Azərbaycanla İran enerji sahəsində də əməkdaşlığı genişləndirməyə çalışır. Bununla yanaşı, iki ölkə bölgənin nəqliyyat və tranzit imkanlarından daha geniş istifadə etmək istəyir, bu istiqamətdə mühüm addımlar atılır.

Elşən Manafov iqtisadi və təhlükəsizlik sahəsində regional əməkdaşlığın genişləndirilməsini münasibətlərin son illərə aid xüsusiyyəti kimi xarakterizə edir: “Azərbaycan beynəlxalq səviyyədə İranın dinc məqsədli nüvə proqramına hər zaman dəstək verib, ABŞ-ın bununla bağlı sanksiyalarına qarşı çıxıb”.

Son illər əlaqələrin inkişafının daim Azərbaycan və İran prezidentlərinin diqqət mərkəzində olduğunu deyən ekspert fikrini belə davam etdirib: “İranın bölgədə sülh və sabitliyin bərqərar olunmasına yönəlmiş səyləri və Azərbaycanın bu səylərə dəstəyi, eyni zamanda, Bakının İrana qarşı sanksiyaların qəbuluna qarşı çıxması tərəflər arasında qarşılıqlı etimadı daha da gücləndirib”.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük mütəxəssisi Saleh Dostəliyev də bənzər fikirdədir. O, IRNA-ya açıqlamasında İranın 11 və 12-ci hökümətləri dövründə Tehranla Bakı arasında əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bildirib: “Tehran-Bakı əlaqələrinin son illərə aid xüsusiyyətlərindən biri də, regional əməkdaşlığın genişləndirilməsinə daha çox diqqət ayrılmasıdır”.

O, İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərini və İran, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşlərini regional qarşılıqlı fəaliyyətin genişlənməsinin bariz nümunəsi kimi xarakterizə edib.

S.Dostəliyev hesab edir ki, son illərdə iki qonşu ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və indi, İranla Azərbaycan beynəlxalq səviyyədə bir-birinin mövqelərini daha çox dəstəkləyir. Bununla yanaşı, İran və Azərbaycan prezidentləri arasında səmimi münasibətlərin formalaşdığını deyən ekpert iki liderin son illərdə ikitərəfli və beynəlxalq formatda 13 dəfə görüşdüklərini xatırladıb. Onun fikrincə, bu görüşlərdə aparılmış müzakirələr iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin gələcəyi baxımından çox əhəmiyyətlidir.

Dəstəliyev Azərbaycanla İranın humanitar, mədəni, coğrafi, hətta mənəvi baxımdan yaxın dövlətlər olduğunu bildirib. Onun fikrincə, bu gün qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi üçün ciddi imkanlar var: “İran və Azərbaycan liderlərinin də tələb və istəyi bu imkanlardan istifadə olunmasıdır. Bu, təkcə iki ölkənin deyil, bütünlükdə bölgənin maraqlarına uyğundur”.

Əslində, prezident Ruhaninin hakimiyyətə gəldiyi andan qonşu ölkələrlə münasibətlərin, əməkdaşlığın hərtərəfli inkişafını xarici siyasətin prioriteti elan edib. Nəticədə Azərbaycanla da ikitərəfli münasibətlərinin inkişafında ciddi dinamikanın şahidiyik. Son bir neçə ildə siyasi münasibətlərdə bəzi anlaşılmazlıqların aradan qaldırılması üçün həqiqətən də ciddi addımlar atılıb, eyni zamanda, iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm tədbirlər görülüb. Son illərdə bir sıra müştərək ikitərəfli və regional layihələrin həyata keçirilməsi bunun sübutudur.

Azərbaycanın müstəqillik qazandığı vaxtdan ötən 28 ildə Bakı ilə Tehran arasında ümumilikdə 188 əməkdaşlıq sənədi imzalanıb. Onlardan 41-nə məhz son 6 ildə prezidentlərinin qarşılıqlı səfərləri zamanı imza atılıb.

Həsən Ruhani İran-Azərbaycan münasibətlərinin bölgənin və ümumilikdə dünyanın maraqlarına cavab verdiyini Bakıya 2018-ci ilin aprelində etdiyi üçüncü rəsmi səfəri zamanı da vurğulamışdı. “Bu gün biz iki xalq və dövlət arasında ən yaxşı münasibətlərin şahidiyik”, - deyə H.Ruhani o zaman bildirmişdi. Azərbaycanın təhlükəsizliyi və inkişafını İranın təhlükəsizliyi və inkişafı adlandıran Ruhani fikrini belə davam etdirmişdi: “Biz bir ailənin üzvləriyik, birlikdə olmalı, imkanlarımızdan istifadə etməliyik. İranla Azərbaycan arasındakı ikitərəfli əlaqələr üçtərəfli və çoxtərəfli münasibətlər səviyyəsinə yüksəlməlidir. Bu halda daha etibarlı və sabit şəbəkənin formalaşdığının şahidi olarıq”.

Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində, Ruhaninin Bakıya səfərini tarixi hadisə adlandırmışdı: “Bu səfər zamanı iki ölkə arasında tarixi sənədlər imzalandı. Gələcəkdə hər birimiz onun faydalı nəticələrinin şahidi olacağıq”.

Əliyev İran-Azərbaycan münasibətlərini, Bakı-Tehran əməkdaşlığını qonşuluq nümunəsi kimi qiymətləndirmişdi: “Son dörd ildəki qarşılıqlı əlaqələr göstərir ki, qəbul edilən qərarlar, görülən işlər hər iki xalq üçün yaxşı nəticələr verir. İranla Azərbaycan regional əməkdaşlıqda da mühüm rol oynayırlar. İran, Azərbaycan və Rusiya liderlərinin Bakıda və Tehranda keçirdikləri üçtərəfli görüşlər, həmçinin İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü, İran, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü bu çərçivədə regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Siyasi əlaqələrin genişlənməsi iqtisadi əməkdaşlıq üçün əlverişli platformadır

İki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı istər iki ölkə, istərsə də region üçün böyük əhəmiyyət kəsb edən müştərək iqtisadi layihələr xüsusi diqqət mərkəzində olub. Məhz bu səfərlər zamanı əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi, Bakıdan 168 kilometr cənubda yerləşən Neftçala Sənaye Parkında birgə avtomobil zavodunun inşası kimi bir çox vacib layihələr həyata keçirilib. Birgə səylər nəticəsində son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi beş dəfə artaraq, təxminən 500 milyon dollara çatıb.

Yeri gəlmişkən, Azərbaycan və İran dəmir yolu xətlərinin brləşdirilməsi layihəsi “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin tərkib hissəsidir. Bu layihənin həyata keçirilməsi çərçivəsində Azərbaycan ərazisində 8,5, İran ərazisində 1,5 kilometr uzunluğunda əlavə dəmir yolu çəkilib. Bu dəmir yolu layihəsinin açılışı 2018-ci ilin aprelində Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı Heydər Əliyev Mərkəzində təşkil edilmiş iqtisadi forum çərçivəsində baş tutub.

İqtisadi ekspertlər “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini, həmçinin İran ərazisindəki Qəzvin-Rəşt dəmir yolunu, tikilməkdə olan Rəşt-Astara dəmir yolu layihəsini son dərəcə vacib hesab edirlər.

“Azərmaş”la “Iran Khodro” şirkətləri tərəfindən Neftçala Sənaye Zonasında inşa edilmiş birgə avtomobil zavodunun tikintisinə isə 2016-cı ildə başlanılmışdı. Zavodun illik istehsal gücü müxtəlif modellərdə 10 min ədəd minik avtomobildir. Müasir texnologiyalarla, avadanlıqlar və qabaqcıl texnika ilə təchiz edilmiş zavodda “Rana”, “Samand”, “Dena”, “Peugeot 206”, “Peugeot 207”, “Renault Pickup” və “Renault Tondar” kimi minik avtomobilləri istehsal olunur.

“Iran Khodro” şirkəti bu müəssisədə 25% paya sahibdir. Buraya lahiyələndirmə işləri, avadanlıqların quraşdırılması və istismarı, texniki və mühəndislik xidmətlərinin ixracı daxildir. Artıq 2018-ci ildə zavodda istehsal olunmuş min ədəd avtomobil Azərbaycanda satılıb. Gələcəkdə avtomobillərin bir sıra MDB ölkəsinə ixracı ilə bağlı danışıqlar aparılır.

Müştərək zavodun açılış mərasimi H.Ruhaninin Azərbaycana 2018-cı ilin aprelində baş tutmuş səfəri zamanı keçirilmişdi.

Bütün bunlarla yanaşı, bu gün İran-Azərbaycan sərhədində sənaye şəhərciyinin yaradılması üçün ilkin tədbirlər görülür. İki ölkə arasında güzəştli ticarət sazişinin imzalanması ilə bağlı da danışıqlar aparılır.

Azərbaycanın rəsmi mənbələri İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar investisiya yatırdığını bildirir. Bununla yanaşı, mindən çox İran şirkəti Azərbaycanda sənaye, tikinti, xidmət, telekommunikasiya, nəqliyyat və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərmək üçün qeydiyyatdan keçib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: IRNA

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər