03 iyn 11:33region

İran-Azərbaycan: dərin və köklü əlaqələr

İran-Azərbaycan: dərin və köklü əlaqələrİran İslam Respublikasının məqsədi Azərbaycanla mehriban qonşuluq zəmnində iqtisadi-ticari əlaqələri inkişaf etdirməkdir.

Ölkələrin hərtərəfli tanınması onunla müxtəlif formatlarda münasibətlərin genişləndirilməsi və dərinləşdirilməsi üçün vacibdir. Bir ölkənin tarixi mənşəyi, etnik-siyasi quruluşu, faktiki və potensial imkanları ilə hərtərəfli tanışlıq münasibətlərin perspektivini daha aydın edir.

Azərbaycan mədəni, dini və tarixi yaxınlığına görə İrana ən yaxın ölkələrdən biridir. Azərbaycanın müstəqillik qazanmasından dərhal sonra onunla əlaqələrin genişləndiriməsi Tehranın xarici siyasətinin prioritetlərindən olub. O vaxtdan bu yana iki ölkənin prezidentlərinin, həmçinin digər yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri bir çox sahələrdə əlaqələrin inkişafına mühüm təkan verib.

Siyasi əlaqələr

Müstəqilliyini 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra qazanmış Azərbaycanı ilk tanımış dövlətlərdən biri İran olub. O, qonşusunu 25 dekabr 1991-ci ildə müstəqil dövlət kimi tanıyıb və 12 mart 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub.

Müstəqilliyin ilk illərində Azərbaycan istər Dağlıq Qarabağ münaqişəsi, istər iqtisadi problemlər, istərsə də daxili gərginlik və idarəçilik təcrübəsinin olmaması kimi bir sıra ciddi problemlərlə üzləşmişdi. Elə həmin dövrdə Tehran yenicə müstəqillik qazanmış bu ölkəyə hərtərəfli yardım göstərməyə hazır olduğunu bəyan etmişdi.

Respublikanın müstəqillik qazanmasından sonra Naxçıvan Ali Məclisinə sədrlik edən görkəmli siyasətçi Heydər Əliyev 1993-cü ilin yayında xalqın tələbilə Bakıya qayıdaraq, ölkənin başına keçib. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Bakının İran və Rusiya kimi ölkələrlə münasibətlərində köklü dəyişikliklər başlayıb. H.Əliyev hələ Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın əsas ərazisindən təcrid olunmuş Naxçıvanın Ali Məclisinə sədrlik edən zaman bu muxtar respublikanın bəzi problemlərini həll etmək üçün İranla sıx əlaqələr qura bilmişdi. O, təcrübəli siyasətçi olaraq, Tehranla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini anlayır və bu istiqamətdə addımlar atırdı.

2003-cü ilə qədər davam edən prezidentliyi dövründə H.Əliyev İrana dəfələrlə rəsmi və qeyri-rəsmi səfərlər edib. Bu səfərlər zamanı iki qonşu ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi yolları nəzərdən keçirilib, tərəflər arasında mühüm siyasi, iqtisadi və mədəni sənədlər imzalanıb.

İranın mərhum prezidenti Əkbər Haşimi Rəfsəncani də öz növbəsində, hələ 1993-cü ilin oktyabrında böyük nümayəndə heyətilə Azərbaycana rəsmi səfər etmişdi.

1990-cı illərdə İran Dağlıq Qarabağ münaqişəsindən ciddi əziyyət çəkən Azərbaycana böyük yardımlar edib. Bu münaqişə nəticəsində bir milyona yaxın Azərbaycan vətəndaşı ev-eşiyindən didərgin düşüb. Həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrində qaçqın düşərgələrinin yaradılması, qaçqınlara humanitar yardımların göndərilməsi İranın yeni müstəqillik qazanmış bu ölkə ilə əməkdaşlıq istiqamətlərindən olub.

Azərbaycanın 2003-cü ildə hakimiyyətə gəlmiş hazırkı prezidenti İlham Əliyev Heydər Əliyevin İranla mehriban qonşuluq siyasətinə sadiqlik nümayiş etdirib. Onun Azərbaycana, Həsən Ruhaninin isə İrana rəhbərlik etdiyi dövrdə iki ölkə arasında münasibətlər daha da yaxşılaşıb.

İranla Azərbaycan ikitərəfli əlaqələri inkişaf etdirməklə yanaşı, regional əməkdaşlığın genişləndirilməsi istiqamətində də birgə səylər göstərir. İran, Azərbaycan və Rusiya prezidentlərinin 2016-cı ilin avqustunda və 2017-ci ilin noyabrında Bakıda və Tehranda keçirilmiş üçtərəfli görüşləri onların regional əlaqələri gücləndirmək əzmini ortaya qoyub. Bundan başqa, Tehranla Bakı beynəlxalq arenada da əməkdaşlıq edir. Azərbaycan hər zaman Qərbin ədalətsiz sanksiyaları qarşısında İranın mövqeyini dəstəkləyib. İlham Əliyev dinc məqsədli nüvə proqramının İranın haqqı olduğunu dəfələrlə beynəlxalq tribunalardan dilə gətirib. Bununla yanaşı, Bakı Azərbaycan ərazisindən İrana qarşı istifadəyə imkan verilməyəcəyini də dəfələrlə elan edib.

İqtisadi əməkdaşlıq

Azərbaycanın müstəqillik qazanmasından sonra İran tacirləri və malları digər ölkələrdən əvvəl Azərbaycana istiqamətlənməyə başlayıb. İranlı iş adamları ortaq mədəniyyət və din amilindən yararlanıb. Bundan başqa, məsafənin yaxınlığı, nəqliyyat xərclərinin azlığı İran mallarının Azırbaycan bazarında tez bir zamanda özünə yer etməsinə imkan verib. Doğrudur, sonradan respublikaya digər ölkələrdən idxalın başlaması, həmçinin xarici şirkətlərin Azərbaycana ayaq açması ilə rəqabət xeyli artıb. Eyni zamanda, yerli istehsala xüsusi güzəştlərin edilməsi İran məhsullarının bazarını bir qədər məhdudlaşdırıb. Bununla belə, iki ölkə arasında ticarət əlaqələri davam edir, hər iki tərəf iqtisadi mübadilənin mümkün qədər genişləndirilməsinə can atır.

İranın Azərbaycanla əlaqələri inkişaf etdirmək istiqamətində gördüyü tədbirlərdən biri də bu ölkə vətəndaşları üçün vizaların ləğvidir. İran bu qərarı 2010-cu ilin fevralında, lakin birtərəfli qaydada ləğv edib. Bu, Azərbaycan vətəndaşlarının İrana ziyarət, ticarət və müalicə səfərlərinin sayını xeyli artırıb.

Bundan başqa, İran Azərbaycanın tikinti və istehsal sektorlarında da fəaldır. İran şirkətləri Bakı və Naxçıvan hava limanlarının inşasında, ölkədə müxtəlif yaşayış binalarının tikintisində, ayrı-ayrı otellərin, Prezident Sarayının, Milli Məclisin binalarının təmirində iştirak edib. Kimyəvi dərman istehsalı zavodunun inşasında, bəzi sənaye qurğularının yenidən qurulması və istismara verilməsində də iştirak etmiş İran şirkətləri Bakı-Astara magistral yolunun layihələndirilməsində də zəhmət çəkib. Bir sözlə, son illər iki ölkə arasındakı iqtisadi əlaqələr də xeyli inkişaf edib.

İranla Azərbaycanın birgə reallaşdırdıqları iqtisadi layihələrdən biri də Bakıdan 168 km cənubda yerləşən Neftçala şəhərinin sənaye zonasında birgə avtomobil zavodunun inşasıdır. “İran Khodro” ilə “Azərmaş” şirkətləri tərəfindən birgə avtomobil zavodunun yaradılmasına dair saziş 2016-cı ilin avqustunda imzalanıb. Lyihənin investisiya dəyəri 24 milyon manat, zavodun maksimal illik istehsal gücü 10 min minik avtomobilidir. Zavodun açılışı 2018-ci ilin martında İran prezidenti Həsən Ruhaninin Bakıya rəsmi səfəri zamanı baş tutub. “İran Khodro” şirkəti bu istehsalat birliyində 25% paya malikdir.

Azərbaycan Dövlət Gömrük Komitəsinin son statistikasına əsasən, 2019-cu ilin ilk yarısında İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 313,6 milyon dollara çatıb. Məlumata görə, bu dövrdə Azərbaycandan İrana ixracın həcmi 2,4 dəfə artaraq, 23 milyon dollar təşkil edib. 2019-cu ilin birinci yarısında İran Azərbaycana 290 milyon dollar dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. İranın Bakıdakı səfiri Cavad Cahangirzadə ötən yay iki ölkə arasında ticarət dövriyyəsi həcminin 600 milyon dollara çatacağına ümid etdiyini bildirmişdi. Onun sözlərinə görə, son illərdə Azərbaycanda fəaliyyət göstərən İran şirkətlərinin sayı 500-dən 1000-dək artıb.

İranla Azərbaycanın ortaq mədəni və tarixi kökləri inkaşaf edən Tehran-Bakı münasibətlərinin daha da möhkəmlənməsi üçün yaxşı zəmindir. Siyasi əlaqələrin dərinləşməsi, qarşılıqlı ticarətin artması hər iki ölkənin milli maraqlarına da cavab verir.

(İRNA- Fars dilindən tərcümə - WorldMedia.Az)
XƏBƏR LENTİ
SORĞU