Rusiyada yaşayan soydaşlarımıza AMOR dəstək olur
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) bu ölkədə gücləndirilmiş karantin rejimi şəraitində yaşayan soydaşlarımızı diqqətdə saxlayır, onların problemləri ilə maraqlanır, hər cür dəstək olur.
Avrasiya.net xəbər verir ki, bu haqda Rusiyada yaşayan soydaşımız, Moskva Dəmir Yol Universitetinin azərbaycanlı gəncər icmasının rəhbəri Emin Həmzəyev məlumat verib.
O bildirib ki, AMOR Rusiyada yaşayan və maddi imkanı zəif olub-olmamasından asılı olmayaraq soydaşlarımızın ailələrinə evbəev baş çəkir, minimal tələbatları ödəyən ərzaq yardımı edir və digər problemləri ilə maraqlanır.
“AMOR-un hazırki icraçı direktoru Ceyhun Hüseynov özü şəxsən bu evlərə baş çəkir, soydaşlarımızla maraqlanır.”-deyən Emin Həmzəyev bildirib ki, bir azərbaycanlı kimi Rusiyada fəaliyyət göstərən diaspor təşkilatımızın bu addımından çox qürur duyur.
“Bilirsiniz, pandemiyanın fəlsəfəsində yəqin ki, insanların bir-birinə əl tutuması, ümumi bəlaya qarşı birgə mübarizə aparmaq, həmrəy olmaq var. AMOR-un bu addımı təkcə 15 gün üçün nəzərdə tutulan ərzaq təminatı ilə yekunlaşmır. Burada əsas Vətənimizin bizi diqqətdə saxlamağı, başqa ölkədə yaşayan soydaşlara arxa olması, qayğısıdır. Bu sözlələr ifadə olunacaq hiss deyil.”- deyən gənc fəal bu fəxr hisslərini onlara yaşadan AMOR sədri Leyla Əliyeva başda olmaqla hər kəsə təşəkkür edib.
“Prezident İlham Əliyevin “biz birlikdə güclüyük” ifadəsi özünü bu məqamlarda daha qabarıq büruzə verir və bu dönəmdə dövlətimizin nə qədər güclü olduğunu görmək ayrı bir xoşbəxtlikdir”-deyə gənc fəal fikirlərini çatdırıb.