Kriminal aləm “Quli”nin ətrafında cəmləşir – Küçə döyüşünə hazırlıq
Hazırda kriminal aləmdə iki “oğru”nun ətrafında təmərküzləşmə prosesi gedir. Həmin “oğru”lardan biri azərbaycanlı Nadir Səlifov (“Quli”), digəri isə gürcü Merab Canqveladzedir(“Merab Suxumski”).
Yenisabah.az xəbər verir ki, bu iddianı PrimeCrime portalının baş redaktoru Viktoriya Qefter kriminal dünyanın hazırkı vəziyyətini şərh edərkən bildirib.
Nadir Səlifovun 20 il həbsdə olduğunu xatırladaraq onu azadlığa çıxdıqdan sonra tez bir zamanda kriminal aləmə təsir imkanlarını artırdığını bildirib. Merab Canqveladzeyə gəlincə, Qefter onun klanını daha güclü sayır. Onun sözlərinə görə, gürcü əsilli “oğru”nun ətrafında daha təcrübəli residivistlər cəmləşib. Bununla belə, Qefter bildirib ki, Nadir Səlifov individual planda Merab Canqveladzedən heç də geri qalmır.
Baş redaktor Nadir Səlifovla Rusiyanın nüfuzlu “oğru”su Zaxari Kalaşovun (“Şakro Molodoy”) arasında müəyyən gərginliyin olduğunu bildirib. Qefterin sözlərinə görə, Zaxari Kalaşov Nadir Səlifovun yüksəlişini və onun nəzarətində olmadığını həzm edə bilmir.
Zaxari Kalaşovun imperiyasını ələ keçirmək məsələsinə gəlincə, Qefter Nadir Səlifovla Merab Canqveladzenin Rusiya hüdudlarından kənarda yaşadığını əsas gətirərək bunun mümkünsüz olduğunu bildirib. O, əlavə edib ki, xüsusilə, Nadir Səlifov Zaxari Kalaşovun kriminal aləmdəki “taxt-tacını” ələ keçirmək niyyətində deyil. “Bildiyim qədər bu, ona lazım deyil”, - deyə Qefter bildirib.
Baş redaktor “oğru”lar arasındakı gərginliyin küçə döyüşləri müstəvisinə keçə biləcəyini də istisna edib. Onun sözlərinə görə, ümumiyyətlə, təcrübədə “oğru”lar arasındakı gərginliyin küçələrdə silahlı toqquşma müstəvisinə keçməsi halına rats gəlinməyib. “Bu əsasən beyinlərin savaşıdır”, - deyə Qefter vurğulayıb.