10 dek 16:41region

Fərqli cəbhədə “İkinci Qarabağ” yaranır - Analiz

Fərqli cəbhədə “İkinci Qarabağ” yaranır - AnalizGözlənildiyi kimi, Donbas böhranının həlli ilə məşğul olan “Normand formatı” çərçivəsində Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin Parisdəki görüşündə ciddi nəticə əldə olunmadı. Tərəflər münaqişənin hansı şəkildə həll olunması ətrafında razılaşmadılar.

Avrasiya.net xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Təhlildə Donbasa xüsusi statusun verilməsi məsələsi analiz olunub:

“Donbasa xüsusi statusun verilməsi məsələsində ümumi razılıq var. Ancaq Ukrayna bu statusu bir, Rusiya isə tamamilə fərqli şəkildə görür. Məsələn, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin “Donbasın xüsusi statusu Ukrayna Konstitusiyasında təsbit olunmalıdır” deyə açıqlama verdi. Ukrayna Prezidenti Vladimir Zelenski isə bildirdi ki, Konstitusiyanın dəyişdirilməsinə və Ukraynanın federallaşmasına yol verilməyəcək. Əlbəttə, Zelenski haqlıdır. Çünki Donbasın xüsusi statusu Konstitusiyada təsbit olunsa, Ukraynanın başqa bölgələrinə də eyni yola baş vuracaqlar. Məsələn, Ukraynada yaşayan macarlar və rumınlar da xüsusi status tələb edə bilərlər. Moskvaya da məhz bu lazımdır. Çünki Rusiyada bəlli siyasi mərkəzlər Ukraynada yaşayan digər azsaylı xalqları da separatçılığa təhrik edirlər”.

Təhlildə Paris görüşündə yeganə irəliləyiş kimi atəşkəsin qorunmasının vacibliyi göstərildiyi halda konkret razılığın əldə olunmadığı vurğulanıb:

“Ancaq tərəflər təmas xəttinin sadəcə 3 məntəqəsindən geri çəkilmə məsələsini razılaşdırıblar. Bu məntəqələr barədə isə konkret məlumat yoxdur. Digər tərəfdən, silahlı qüvvələrin bütün təmas xəttindən geri çəkilməsi məsələsi razılaşdırılmayıb. Kiyev əvvəlki kimi haqlı olaraq tələb edir ki, Donbas üzərindən Ukrayna-Rusiya sərhədinə nəzarət etmək istəyir. Rusiya buna qarşıdır və bu məsələni münaqişənin həllinin sonrakı mərhələsində mümkün sayır. Donbasda yerli seçkilərin nə vaxt keçiriləcəyi də Parisdə müəyyənləşmədi. Zelenski yerli seçkilərin mütləq Ukrayna qanunları əsasında keçirilməsini tələb edir. Separatçılar isə bunun əleyhinədir”.

Analizdə Donbas məsələsi Qarabağ münaqişəsi ilə müqayisə olunub:

“Parisdə münaqişənin həllinin konseptual məsələləri deyil, bəzi detalları razılaşdırıldı. Fransa və Almaniya vasitəçidirlər. Paris və Berlin anlayır ki, münaqişəni yaxın illərdə həll etmək çətin olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, böyük dövlətləri münaqişənin həlli yox, atəşkəsin qorunması və müharibə ehtimalının azaldılması maraqlandırır. Və yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində olduğu kimi, Ukraynada da bu cür vəziyyət separatçıların maraqlarına uyğundur. Rəsmi Kiyev isə Ukraynanın ərazi bütövlüyünü təmin etmək istəyir. Beləcə Donbas problemi Dağlıq Qarabağ probleminə oxşamağa başlayıb”.
XƏBƏR LENTİ
21-01-2020, 16:36
SORĞU