21 avq 08:24region

Azərbaycan diversantları postumuzu ələ keçirdi - Karapetyan

Azərbaycan diversantları postumuzu ələ keçirdi - Karapetyan
Ermənistanın "1in.am" saytı Baş Qərargahın Kəşfiyyat İdarəsinə 10 il başçılıq etmiş general Arşak Karapetyanın 2008-ci il 1 mart hadisələrinə dair istintaqa şahid qismində verdiyi ifadəni dərc edib.

Avrasiya.net Virtualaz.org-a istinadla xəbər verir ki, Ermənistan ordusunun 2016-cı ilin aprel döyüşlərində aldığı zərbələrə görə Serj Sərkisyan tərəfindən işdən çıxarılan, lakin hazırda Baş nazir Paşinyanın müşaviri olan general Karapetyan həmin hadisələr zamanı Azərbaycanla cəbhə xəttindən qoşunların çıxarılıb İrəvana göndərilməsindən danışıb.

Karapetyan ifadəsində deyir ki, silahlı qüvvələrin komandanlığı 2008-ci ilin fevral-mart aylarında Azərbaycan Silahlı Qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində, xüsusən də Qarabağda cəmləşdiyi bir vaxtda qoşunların İrəvana aparılmasını anlamırdı. Ordunun bəzi hissələri üçün isə bu yerdəyişmə qəbuledilməz idi. Generalın bildirdiyinə görə, nəinki Qarabağdan, hətta Ermənistan-Azərbaycan sərhədindən də qüvvələr çıxarılaraq İrəvana aparılıb.

“Həmin günlərdə təmas xəttinin müxtəlif istiqamətlərində, xüsusən də Qarabağdakı müdafiə rayonlarında Azərbaycan Silahlı Qüvvələrinin cəmləşməsi müşahidə olunurdu. Bu cəmləşmənin nəticəsi olaraq bir müddət sonra düşmənin diversiya qrupu bizim müdafiə postlarımızdan birini ələ keçirdi”, - Arşak Karapetyan bildirib.

O, ifadəsində iddia edib ki, Ermənistan silahlı qüvvələri həmin postu tezliklə geri qaytarıb:

“Mənim və komandan heyətindən bir çoxları üçün təəccüblü idi ki, regionda hökm sürən təhlükəli vəziyyətə baxmayaraq, İrəvana üstəlik sərhəd korpusunun birləşmələrini də göndərmişdilər. Bu mənim üçün qəbuledilməz idi, çünki istənilən vaxt sərhəddə təxribat baş verərdi və əlavə qüvvələrə ehtiyac yaranardı. Sərhəd korpusundan qoşunları çıxarıb İrəvana göndərməyin nə mənası vardı ki! Oradakı mitinqləri başqa qüvvələrin köməyi ilə dağıtmaq olardı. Ən uzağı İrəvan qarnizonunun qoşunlarından istifadə oluna bilərdi. Aydın deyildi ki, nəyə görə 3-cü ordu korpusunun BMP-ləri İrəvana göndərilmişdi. Bu texnika orada nə etməli idi? Mənim fikrimcə, bütün bunlara ehtiyac yox idi”, - Karapetyan bildirir.

Ermənistan ordusunun 3-cü korpusu Azərbaycanla sərhədin Qazax-Tovuz-Gədəbəy istiqamətlərinə cavabdehdir.

General Karapetyan Serj Sərkisyanı, Robert Köçəryanı və vaxtilə qulluq etdiyi komandanın digər üzvlərini istintaqa sataraq, fevralın 23-də İrəvanda keçirilən müşavirə haqda da danışıb. Deyib ki, Köçəryan həmin müşavirədə ölkədə hərbi vəziyyətin elan olunduğunu bildirdi. Serj Sərkisyan isə hələ baş nazir statusunda təklif etdi ki, İrəvanda general Yuri Xaçaturovun rəhbərliyi ilə hərbi administrasiya yaradılsın.

Xatırladaq ki, bundan əvvəl BBC-nin rus xidməti istintaq sənədlərinə istinadən Qarabağdan İrəvana göndərilən qoşunlara general Samvel Karapetyan-Ohanovskinin komandanlıq etdiyini bildirib. İstintaq materiallarına əsasən həmin qüvvələrin içərisindən nümayişçilərə güllə atmaq üçün 20 nəfərlik dəstələr yaradılıb, onlar Prezident Administrasiyasının zirzəmisində yerləşdirilib.
XƏBƏR LENTİ
13-10-2019, 18:06
SORĞU