03 iyl 22:28region

Rusiya Gürcüstanı yenidən cəzalandıracaq

Rusiya Gürcüstanı yenidən cəzalandıracaqRauf Məmmədov
ekspert

Ermənistanda baş verən "məxməri" inqilabı və Gürcüstanda yaşanan hadisələr Ukrayna böhranından bu günə qədər davam edən proseslərin təzahürü kimi qiymətləndirə bilərik. Ukrayna böhranından sonra Qərb Rusiyanı sıxışdırmaq üçün alternativ olaraq Ermənistan hadisələrini təhrik etdi. Bu baxımdan Ermənistanda baş verən hadisələri bu şəkildə izləmək və meydana gələn hadisələrdə Amerikanın əlinin olduğunu ifadə etmək olar. Ermənistanda meydana gələn küçə nümayişlərinin nəticəsindəki iqtidar dəyişiminin altında Qərbin Ukrayna böhranı zamanı Rusiyaya qarşı yeni cəbhələr açma strategiyasının olduğu görülür. Fikrimcə, bu gün Gürcüstanda da baş verən hadisələrlə Ermənistandakı hadisələrə bənzərliyin olduğunu müşahidə etmək olar.

Gürcüstanda hökümətlə prezident arasında bəzi məsələlərdə anlaşılmazlıqların ortaya çıxması və rus millət vəkilinin iclası aparması baş verən böhranın mahiyyətcə görünən tərəfi olsa da əslində xalq tərəfindən Rusiyanın Gürcüstan siyasətinə qarşı etiraz əlaməti olaraq nümayişələrin başladıldığını qeyd edə bilərik. Gürcüstanda etirazlar davam edir. Parlament önündə etirazlarda dünən 1000 dən çox insan iştirak edib, onlar 3 tələb irəli sürüblər. Həbs edilmiş iğtişaşçıların azad edilməsi, DİN rəhbəri Gaxarianın istefa verməsi və növbədənkənar seçkilərin keçirilməsidir. Bununla yanaşı İvanasvili, Gürcü Arzusu partiyasının toplantısını keçirib. Toplantıda 2020 parlament seçkilərinin proporsional əsasda sıfır baryerlə keçirilməsinə qərar verilib. Bu sonuncu prezident seçkilərindən bəri müxalifətin əsas tələbi idi. Buna qədər 150 yerlik Gürcü parlamentində 77 yer proporsional, 73 yer majoritar əsasda olmaqla qarışıq sistemdə keçirilirdi. Lakin majoritar seçki sistemində dairələr üzrə daha çox yer qazanmaq çətin olurdu. İnfrastruktur və resursun da hakim partiyada cəmlənməsi müxalifət üçün çətin amillər idi. Gürcü müxalifəti üçün bu qərar böyük dividentdi.

Əgər bu son bir ildə müxalifət konsolidasiya oluna bilsə, yaxşı və aktiv çalışsa 2020-də dəyişim ola bilər. Ukraynada İvanisvilinin əsas rəqibi Saakaşvili də seçkilərə təsir göstərməyə çalışacaq. Rusiyaya qarşı toplumun sərt etirazı, seçkilərdə anti Rusiya abu havasını daha da genişləndirəcək. Qonşu dövlət yeni bir gərgin dövrə qədəm qoyur. Gürcüstanda gərginlik və Rusiya ilə uzaqlaşma bizim maraqlara uyğundur. Belə olan halda Tbilisinin, Bakıya ehtiyacı daha da artacaq.

Rusiya isə öz növbəsində Gürcüstanda baş verən hadisələrə müdaxilə etmək üçün hər yola əl atacaqdır. Gürcüstanda baş verən siyasi böhran uzanarsa və Rusiyaya qarşı çıxan müxalifət qüvvələrin qalib gəlməsi prosesi baş verərsə o zaman Rusiya əlindəki ən əsas kartları oynamaq məcburiyyətində qalacaqdır. Yəni Rusiya təsirinin güclü olduğu Cavaxetiya və Borçalı ərazilərində yeni münaqişə ocaqlarının yaranması ehtimalı çox yüksələcəkdir. Belə olan təqdirdə Gürcüstanın dövlət kimi varlığı təhlükə altına düşəcəkdir.

Uzun illərdir ermənilər tərəfindən Cavexetiyaya qarşı torpaq iddiası irəli sürülməkdədir.Belə olan halda Rusiya bu amildən istifadə edərək buradakı böhranı yenidən qızışdırmaqla Gürcüstanı cəzalandırmaq istəyəcəkdir. Onsuzda orada kompakt şəkildə yaşayan ermənilər bu günü səbirsizliklə gözləməkdədirlər.
Bir sözlə, Rusiya Cavaxetiya böhranını yenidən qızışdırmaqla bir neçə qazanc əldə edə bilər. Birincisi, Rusiya siyasətinə qarşı çıxış etdiyinə görə bu formada Gürcüstanı cəzalandırmaq. İkincisi, Ermənistan ilə Gürcüstan arasında movcud olan münasibətlərə zərbə vurmaq. Üçüncüsü, Rusiyanın Ermənistanda zəifləyən imicini bərpa etmək mnəqsədilə Cavaxetiyada yaşayan ermənilərə dəstək vermək. Dördüncüsü, ərazidə qeyri-sabitlik yaratmaqla iri iqtisadi layihələrin, Cənubi Qafqazdan Avropaya hərəkət edən marşrutu üzərində nəzarət.

Heç şübhəsiz Borçalıda ki, vəziyyətlə Cavaxetiyadakı separatist tendesiyaları müqayisə etsək sonraki proseslərdə oxşar olmasa da vəziyyəti yerindən oynadacaq məqamlar movcuddur. Bölgədə mövcud olan sosial-iqtisadi problemlər, gürcü milliyətçiliyinin yenidən baş qaldırılması, erməni teroristə abidə ucadılması, Azərbaycan-Gürcüstan sərhədindəki ərazi iddiası məsələsi bunun üçün müxtəlif həssaslıqlar yaradır. Hersab edirəm ki, Rusiyanın Borçalı ərazisində baş verən proseslərə təsir etmək rıçaqları da kifayət qədərdir. Əvvəla onu qeyd edək ki, Azərbaycan ilə Gürcüstan arasında ortaya çıxan və yenidən qızışdırılmağa çalışılan bu gərginliyin arxasında ABŞ-ın İranı regiondan təcrid etmək siyasəti durduğunu unutmaq olmaz.

Beləliklə, Rusiya Borçalı böhranı ilə Gürcüstanı cəzalandırmaq, Bakı-Tbilisi əlaqələrinə zərbə vurmaq, son 30 ildə regionda Rusiya-İran-Ermənistan ittifaqına qarşı olaraq görülən və siyasi, iqtisadi uğurlar qazanan Azərbaycan-Gürcüstan-Türkiyə strateji ittifaqını parçalamaq, Borçalı azərbaycanlılarını dəstəkləməklə Azərbaycan ictimai rəyində müsbət rəy formalaşdırmaq, Bakıya da yeni etnik zəmində separatizm yarada biləcəyini dair mesajlar verəcəkdir.

Belə olan halda Azərbaycan və Türkiyə Gürcüstandakı hadisələrlə əlaqədar öz qətiyyətli mövqeyini nümayiş etdirməlidir. Əks halda baş verən hadisələrin gələcək Qafqazı daha böyük fəlakətlərə aparması deməkdir.
XƏBƏR LENTİ
SORĞU