22 mar 03:05region

Moskvada möhtəşəm Novruz şöləni planlaşdırılır

Moskvada möhtəşəm Novruz şöləni planlaşdırılırMartın 22-də Ümumdünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Moskvada Novruz bayramı münasibətilə mərasim keçiriləcək.

Musavat.com -a tədbirin Təşkilat Komitəsindən verilən bilgiyə görə, təxminən 300 nəfərin dəvət edildiyi bayram son illər Rusiya Federasiyasında Azərbaycan diasporunun keçirdiyi ən böyük mərasim olacaq.

Moskvanın görkəmli məkanlarından birində keçiriləcək bayram tədbirinə Moskva vilayətində və Rusiyanın bir çox regionunda fəaliyyət göstərən Azərbaycan icmalarının təmsilçiləri, Rusiya Federasiyasında çalışan azərbaycanlı elm xadimləri, ictimai fəallar qatılacaq. Dəvətlilər arasında Rusiya Dövlət Dumasının təmsilçiləri, siyasilər, politoloqlar, ölkə ictimaiyyətinin tanınmış isimləri də var.

Təşkilat Komitəsi birlik, bərabərlik bayramı olan Novruzda Azərbaycan mədəniyyətinin daha geniş təbliği məqsədilə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Gürcüstan, Tacikistan dövlətlərinin Rusiya böyükerlçiliklərinin, Rusiyanın federasiya subyektlərindən Çeçenistan, Kabardin-Balkar, Dağıstan, Tatarıstan, Respublikasının Moskva nümayəndəliklərinin təmsilçiləri mərasimə dəvət edib.

Bayram tədbirinin bədii hissəsində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri çıxış edəcək, əyləncəli yarışmalar keçiriləcək, qaliblərə qiymətli hədiyyələr paylanacaq.

Ümumdünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov Türkiyə paytaxtında keçirilən Turan Qurultayında iştirak etdiyi üçün onun bayram iştirakçılarına müraciətini Təşkilat Komitəsinin sədri Ceyhun Əliyev səsləndirəcək.

Qeyd edək ki, Moskvada baş tutacaq mərasim Ümumdünya Azərbaycanlıları İttifaqı və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə Novruz bayramı münasibəti ilə keçirilən altıncı bayram törənidir. Bundan öncə İtaliyada, Fransada, Holandiyada, Azərbaycanda və Türkiyədə Fondun xətti ilə bayram tədbirləri keçirilib.
loading...
XƏBƏR LENTİ
SORĞU