18 dek 17:20region

İrəvanda təşviş: Bakı bu briqadanı Qarabağa hazırlayır

İrəvanda təşviş: Bakı bu briqadanı Qarabağa hazırlayırAzərbaycanın Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətlərində bəzi postlara sərhəd qoşunlarının bölmələrini yerləşdirməsinə İrəvandan şərhlər gəlməkdə davam edir.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, bu dəfə 90-cı illərin əvvəllərində Ermənistanın Qarabağa göndərdiyi ilk kəşfiyyat-diversiya batalyonunun komandiri olmuş Vova Vartanov bu hadisə barədə öz fikirlərini jurnalistlərlə bölüşüb.

Kəşfiyyatçı Vova deyir ki, hazırda Azərbaycan tərəfində fəal hərəkətlilik müşahidə olunur.

“Onlar təmas xəttinin həm Qarabağ, həm Naxçıvan istiqamətində fəal mühəndis işləri aparırlar. Habelə qoşunların yerləşdirilməsi məsələsində müəyyən dəyişiklik edilir. Onların sərhəd qoşunları çox maraqlıdır, bizimkilərdən xeyli fərqlidir. Hazırda sərhəd qoşunları sərhədin Qazax istiqamətində yerləşdirilir. Bu isə o deməkdir ki, onlar bir briqadanı Ermənistanla sərhəddən götürüb zərurət yaranarsa Qarabağ istiqamətinə yönəldəcəklər” - Vova Vartanov belə deyib.

Azərbaycanın sərhəd qoşunlarını Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətinə yerləşdirdiyini Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev açıqlayıb. O bildirib ki, Ali baş komandanın bu əmri sərhəd qoşunlarının yüksək döyüş hazırlığına və təchizata malik olmasının nəticəsidir.

Azərbaycanın sərhəd qoşunları ağır və yüngül zirehli texnika, tank əleyhinə raket sistemləri, hava hücumundan müdafiə vasitələri və müxtəlif artilleriya sistemləri ilə təchiz edilmiş, tammiqyaslı döyüş əməliyyatları həyata keçirən qoşun birləşməsidir. Bu baxımdan kəşfiyyatçı Vova tamamilə düz deyir ki, Azərbaycanın sərhəd qoşunları Ermənistanın sərhəd qoşunlarından fərqlənir.
XƏBƏR LENTİ
SORĞU