10 may 11:11region

İrana sanksiyalar Bakıya necə təsir edəcək?

İrana sanksiyalar Bakıya necə təsir edəcək?ABŞ-ın bu addımı bütövlükdə regionda vəziyyəti gərginləşdirəcək. İqtisadi sanksiyaların tətbiqi isə istər-istəməz bu və ya digər formada İranın əməkdaşlıq etdiyi ölkələrdə də öz təsirini hiss etdirəcək. Azərbaycan da burada istisna deyil.

Bu sözləri Axar.az-a keçmiş maliyyə naziri, professor Fikrət Yusifov ABŞ Maliyyə Nazirliyinin İrana qarşı keçmiş sanksiyaları yenidən bərpa etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bütövlükdə Trampın bu qərarının xoşa gələn nəticələri gözlənilmir:

“Tək iqtisadi müstəvidə deyil, eyni zamanda, hərbi müstəvidə də gərginliklər müşahidə olunacaq. Bu günə qədər ABŞ və İsrail bu məsələdə birlikdə, Avropa, Rusiya, Çin isə əks cəbhədən çıxış edirlər. Mətbuatdan aldığımız məlumata görə, hətta İsrail İranın müxtəlif obyektlərini raketlər vasitəsi ilə vurmaq niyyətindədir və bu istiqamətdə işlər aparır. Bunun baş verməsi bütövlükdə regionda sülhün pozulmasına, vəziyyətin daha da gərginləşməsinə, nəticədə yeni bir müharibə ocağının yaranmasına gətirib çıxara bilər. Bu gün bu, real görünür”.

F.Yusifov qeyd edib ki, İranda hərbi münaqişə olarsa, yaxud İran hansısa hərbi münaqişədə iştirak edərsə, bunun başqa fəsadlarının da Azərbaycana gəlib çatacağı və mənfi təsir edəcəyi şübhəsizdir:

“Trampın bu qərarı regionda hər bir tərəfi rahatsız edə biləcək məsələdir. Hazırda İran iqtisadiyyatı çox ciddi sanksiyaların tətbiqi ilə də üz-üzədir. Onsuz da İrana illərdir ABŞ-ın və Qərbin sanksiyaları tətbiq olunur. Bu günə qədər böyük çətinliklər hesabına öz iqtisadi problemlərini həll etməyə çalışırdı. İndi isə İranda köçürmələr həyata keçirmədən, bank-hesablaşma əməliyyatlarını normal şəkildə aparmadan hansı iqtisadi inkişafdan söhbət gedə bilər?! İran artıq məcbur olacaq ki, bu işlərin hamısını dolayı yollarla etsin. Bu yollar isə hər zaman uğur gətirmir və problemlər yaradır. Ümumiyyətlə, hansısa ölkələrdə olan şirkətlər bu qadağaların əksinə olaraq, İran tərəfi ilə əlaqələrə girsə, hansısa işlər etmək istədiyi ortaya çıxsa, həmin tərəflər də cəza obyektinə çevriləcək. Ona görə də İranla əməkdaşlıq edən tərəflər də artıq bundan çəkinəcək. Çünki heç bir dövlət və şirkət istəməz ki, sanksiya ilə üzləşsin, ya da adı qara siyahıya düşsün. Belə olan şəraitdə İranın iqtisadi durumu getdikcə ağırlaşacaq. Bütün bu hadisələr neftin qiymətlərinə də ciddi təsir edəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması barədə açıqlamasının ardından ABŞ Maliyyə Nazirliyi 3-6 ay müddətində bu ölkəyə qarşı bütün sanksiyaların bərpa ediləcəyini açıqlayıb.
XƏBƏR LENTİ
SORĞU