Azərbaycanda separatçı qüvvə yetişdirilir, terror təhlükəsi: “Heç kim bizim qarşımızı ala bilməz”

Azərbaycanda separatçı qüvvə yetişdirilir, terror təhlükəsi: “Heç kim bizim qarşımızı ala bilməz” Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır və onlar arasında ayrı-seçkilik edilmir.

Dövlət tərəfindən müəyyən edilən Konstitusiyaya görə də, ölkədə milli-irqi ayrı-seçkilik salanlar məsuliyyətə cəlb olunur. Bəzi dairələr isə Azərbaycanda qarşıdurma yaratmaq üçün millətini sevən insanların həssas damarlarına toxunmağa çalışırlar.

Minval.info xəbər verir ki, sosial şəbəkədə fəaliyyət göstərən “Talysh” səhifəsi təxribat maşınını işə salıb. Belə ki, səhifə adminləri Azərbaycanda talışların haqqının tapdandığını yazır. Bu şəxs və ya şəxslərin təbii ki, Azərbaycan vətəndaşı olduğu şübhə doğurur. Çünki Azərbaycan vətəndaşı ölkəsində xaos yaranmasının tərəfdarı ola bilməz. Lakin səhifəni idarə edən separatçı qüvvələr talış millətinin nümayəndəsi olduğunu iddia edirlər. Bununla talışları cəlb edərək öz çirkin niyyətlərinin qurbanına çevirməyə çalışırlar.

Əvvəla qeyd edək ki, qəlbində millətinə xüsusi patriotik məhəbbəti olan şəxs heç zaman xalqını radikallığa sürükləməz. Üstəlik, Azərbaycan dilində təbliğat aparan qüvvələr daim İran talışları barədə paylaşımlar etməklə niyyətini gizlədə bilmirlər. Belə ki, səhifədə tez-tez qonşu ölkənin sənətçilərinin musiqiləri paylaşılır. Bununla yanaşı, İranın futbol komandasının, idmançılarının uğurları fəxrlə önə çəkilir. Məgər, Azərbaycandakı talış idmançıların, sənət adamlarının uğurları yoxdurmu ki, qonşu ölkənin vətəndaşları bəh-bəhlə təbliğ edilir.

Futbol klubundan paylaşım etmək istəyən şəxs ən azından Azərbaycan çempionatında çıxışları ilə yadda qalan Xəzər-Lənkaran klubundan bəhs edə bilər. Eynilə talış millətinin nümayəndəsi olan müğənni Baloğlan Əşrəfovun ifalarına səhifəsində yer ayırar. Lakin sadaladıqlarımız separatçı “Talysh” səhifəsində gözümüzə dəymədi. Azərbaycanda yaşayan hər kəs bilir ki, bu ölkədə heç bir din, irq, milliyət arasında fərq qoyulmur. Qanun hamı üçün eynidir. Bunun əksini iddia etmək belə gülüncdür.

Bu torpaq üzərində yaşayan hər bir şəxs azərbaycanlıdır. İstər türk, istər talış, istərsə də ləzgi olsun, fərq etməz. Hamı üçün bir bayraq, bir torpaq var. Kiməsə gedib desən ki, “Filankəs talışdır, ondan uzaq durun”, sənə əvvəlcə gülərlər, çox üstlərinə getsən səni qardaş arasına dava saldığın üçün döyərlər. Bu xalq belədir. Kimsə “facebook” səhifəsi açmaqla, orada ara qızışdırmağa çalışmaqla bunu məhv edə bilməz. Bu torpaq üzərində yaşayan hər kəs eynidir.

Bu səhifəni tənqid edənlərə isə “şərəfsiz” damğası vurulur və “qeyrət” kəliməsindən istifadə olunaraq insanlara çağırış olunur. Beləliklə, həssas damara toxunaraq yenidən kütləni özlərinə cəlb edirlər. Səhifədə talışların Azərbaycanda pis vəziyyətdə yaşadığı barədə paylaşımlar olunur. Bununla, insanlara talış bayrağı altında cəm olması və “Talış Muxtar Republikası”nın qurulması ilə bağlı çağırışlar edilir.

Separatizm – istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Bu işin sonu terrora gedir. İnsanları küyə gətirib, onlarda etiraz hissi yaradıb, bir yerə toplamaq istəyirlər. Sonra onları hansı məqsədlə istifadə edəcəklər? Hansı əllər bu “qazanı” qarışdırır?

Hüquq-mühafizə orqanlarını məsələ ilə bağlı diqqətli olmağa çağırırıq.

Minval.info