20 apr 09:30region

ABŞ Türkiyəyə sanksiya tətbiq edə bilərmi?

ABŞ Türkiyəyə sanksiya tətbiq edə bilərmi?Belə bir qərarın qəbulu ABŞ-Türkiyə münasibətlərinin yeni bir gərginlik dönəminə girməsinə səbəb ola bilər. Bu, ilk növbədə, Türkiyənin Rusiya, Çin, İranla əməkdaşlığının daha da genişlənməsinə şərait yaradar. Qərb üçün bu çox arzuolunmaz bir məqamdır ki, bunu da tez-tez dilə gətirirlər. Digər tərəfdən, ABŞ-ın tətbiq edəcəyi sanksiyalara qarşı Türkiyə də cavab həmlələri ilə çıxış edə bilər. Ona görə də Tramp Adminstrasiyasının Türkiyəyə sanksiya tətbiq etməkdə çox da maraqlı olacağını düşünmürəm. Konqresdə bununla bağlı müəyyən qərarların çıxma ehtimalı isə istisna edilmir.

Bu sözləri Axar.az-a açıqlamasında QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy ABŞ Dövlət Katibliyinin sözçüsü Vess Mitçelin Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alacağı təqdirdə Ankaraya sanksiyanın tətbiq ediləcəyi ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O bildirib ki, nəzəri baxımdan bu mümkündür:

“Çünki ABŞ tərəfindən əvvəl də Türkiyəyə qarşı belə bir təcrübə olub. Xüsusən də Kipr hərəkatı zamanı Türkiyəyə silah embarqosu tətbiq edilmişdi. Zaman-zaman Türkiyə və ABŞ arasındakı münasibətlərin gərginləşməsi fonunda ABŞ silahlarının Türkiyəyə verilməməsi, əngəllənməsi, verilən silahların istifadəsi ilə bağlı müəyyən narahatlıqların dilə gətirilməsi Konsqresdə müəyyən zamanlarda gündəmə gələn məqamlardandır. Yəni Mitçelin bu açıqlmaları yeni bir şey deyil. Bunun olma ehtimalı hər zaman var idi və bu gün də bu məsələ aktualdır. Digər tərəfdən, hazırda ABŞ-da Türkiyəyə yönəlik ümumi yanaşma daha çox mənfi çalarlarla yadda qalır. Bunun səbəbi. əsasən, Türkiyə-ABŞ arsında xarici siyasətlə bağlı müxtəlif ziddiyyətlərin olmasıdır. FETÖ, PYD və s. məsələlər iki ölkə arasında gərginliyin artmasına səbəb olan məqamlardandır. Bütün bunlar Türkiyəyə qarşı səsləndirilən mənfi fikirlərin artmasının təşviqinə şərait yaradır”.

N.Cəfərsoy qeyd edib ki, Türkiyəyə qarşı mənfi fikirlər hər zaman Konqresdə güclü olub:

“Buna görə də Türkiyə əleyhnə səsləndirilən fikirlərin, sanksiyaların hakim olduğu mühit ənənəvi olaraq Konqresdir. Doğrudur, Türkiyəyə qarşı ABŞ-ın sanksiya tətbiq edə biləcəyi ehtimalını istisna etmək olmaz. Amma bütün bunlara baxmayaraq, ABŞ hökuməti buna razı olmayacaq. Çünki son günlər Tramp Adminstrasiyasından da dəfələrlə Türkiyəni itirməmələri olduqları yönündə açıqlamalar gəlir”.

N.Cəfərsoyun sözlərinə görə, Türkiyəyə qarşı sanksiyaların tətbiq edilmə məsələsi hələ də qərarverilmə mərhələsindədir:

“Çünki Türkiyəyə S-400 aldığı üçün sanksiyaların tətbiq edilməsi çox böyük geosiyasi problemləri də özüylə bir gətirə bilər. Qərbin son dövrlərdə narazı qaldığı nöqtələrdən biri Türkiyənin Rusiya və İranla yaxınlığıdır. Bu məsələ ABŞ Dövlət katibi postuna namizəd Mayk Pompeonun da maraq dairəsindədir. Eyni zamanda, ən çox Suriya böhranı sırasında Fransa Prezidenti Emmanuel Makron da Türkiyə-Rusiya yaxınlığından narahatlığını dəfələrlə dilə gətirmişdi. Məsələyə bu mənada baxdıqda, Türkiyəyə bu sanksiyaların tətbiq edilməsi Qərb üçün Ankaranın bir az da itirilməsi demək olar”.

N.Cəfərsoy vurğulayıb ki, əgər ABŞ Türkiyəyə sanksiya tətbiq edərsə, bunun nəticələri də Qərb üçün yaxşı olmaz:

“Suriyadakı problemlərin artdığı bir dönəmdə ABŞ bölgədəki ən önəmli müttəfiqlərindən biri, NATO-da ikinci böyük ordunun sahibi olan Türkiyə ilə yeni problemlərinin meydana çıxmasınl istəməz. Bu, həm də Amerikanın bölgə maraqları baxımından çox ciddi problemlərin yaranmasına gətirib çıxara bilər”.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyinin sözçüsü Vess Mitçel Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri alacağı təqdirdə Ankaraya sanksiya tətbiq ediləcəyini bildirib.
XƏBƏR LENTİ
SORĞU