01 dek 09:45region

"Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir"

"Azərbaycanda Türkiyənin hərbi bazaları yerləşdirilməlidir"Artıq Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması prosesinə başlanılmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Dağlıq Qarabağ məsələsinin həllinin asan olmayacağını deyən politoloqun sözlərinə görə, Türkiyə Azərbaycanın haqlı davasını sadəcə diplomatik yolla müzakirə etməklə kifayətlənməməlidir:

“Türkiyə Dağlıq Qarabağ problemini açıq şəkildə Rusiyanın qarşısında öz tələblərindən biri kimi qoymalıdır. Yəni Ankara tərəfindən hazırkından da ciddi bir siyasi iradənin nümayiş etdirilməsinə ehtiyac var. Problemin 4 və ya 5-ci məsələ kimi qaldırılması, əlbəttə ki, Rusiya tərəfindən lazımı şəkildə qarşılanmayacaq. Türkiyə aktiv şəkildə Azərbaycanın hərbi cəhətdən güclənməsinə kömək etməli və ordumuzun hazırlanmasında fəallığını artırmalıdır. Xüsusi təyinatlıların hazırlanmasında qardaş ölkənin təcrübəsi böyükdür, ona görə də bu sahədə də ölkəmizə yaxından dəstək verilməlidir.

Türkiyənin bəzi silahları var ki, artıq onların Azərbaycana verilməsi prosesi sürətləndirilməlidir. Ən əsası isə Türkiyə Azərbaycanda, xüsusilə də Naxçıvanda öz hərbi bazasını yaratmalıdır. Hazırda bu prosesin başlanmasına çox böyük ehtiyac var”.

Politoloq bu fonda daha mühüm bir məqama diqqət çəkərək, Türkiyə ilə Azərbaycan arasında hərbi saziş imzalanmasının vacibliyini də vurğulayıb:

“Məhz bu saziş münaqişəni həllini sürətləndirə bilər. Bu saziş özündə tərəflərin bir-birini müdafiə etməsini, Azərbaycana olan hücumun Türkiyəyə və ya əksinə qiymətləndirilməsini ehtiva etməlidir. Zənnimcə, Türkiyə-Azərbaycan münasibətləri yalnız bu inkişaf səviyyəsinə çatdıqdan sonra Ərdoğan Putin qarşısında bütün ciddiyyəti ilə Qarabağ məsələsinin həllini qoya bilər. Çünki Rusiya tərəfi həqiqətən neoimperialist davranışlar sərgiləyir. Türkiyənin öz sözünü deməsi hazırkı proseslərdə sərgilədiyi siyasi iradənin daha da artırılması sayəsində mümkün ola bilər. O üzdən də bundan sonra Dağlıq Qarabağ məsələsi Türkiyə-Rusiya münasibətlərində birinci yerə keçməlidir”.
XƏBƏR LENTİ
Dünən, 14:33
SORĞU