Ağdamdakı hadisədə Rusiya sülhməramlıları günahkardı

Ağdamdakı hadisədə Rusiya sülhməramlıları günahkardıDünən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz, baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Bununla yanaşı ermənilər Qazaxla sərhəd olan ərazidə yanğın törədiblər.
Ermənilərin son günlərdə belə fəallaşmasının səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev məğlubiyyətdən sonra Ermənistanın Rusiya və Azərbaycanı üz-üzə gətirmək üçün planlar həyata keçirdiyini bildirib:


“Ermənistan tərəfi müharibədəki məğlubiyyət zamanı və bundan sonrakı postmüharibə dövründə Rusiya ilə Azərbaycanı üz-üzə gətirmək üçün istənilən fəaliyyəti həyata keçirir. Bunu gələcəkdə dayandıracaqları da gözlənilmir. Ortada bir çarəsizlik sindromu var. Ərazilər işğaldan azad edildikdən sonra Ermənistan hər gün hansısa demarkasiya, delimitasiya prosesləri ilə bəzi əraziləri boşaldıblar. Bundan sonra da delimitasiyanın Laçın və Kəlbəcərdən Qazaxa qədər davam etməsi Ermənistanın hələ də geri addım atacağını bəribaşdan görməyə imkan verir.

Sərhəddə baş verən son hadisə və Qarabağda bir gizirimizin ermənilər tərəfindən açılan atəş nəticəsində yaralanması təbii ki, Azərbaycan tərəfindən qəbul ediləcək olay deyil. Bu hadisədə Rusiya sülhməramlılarının da günahı böyükdür. Çünki onlar zamanında üçtərəfli bəyanatın 4-cü bəndini yerinə yetirsəydilər, həmin atəşi Azərbaycan tərəfinə açacaq erməni tapılmazdı”.


Ekspert Rusiya sülhməramlılarının funksiyalarında ciddi boşluqların olduğunu vurğulayıb:


“Ruslar öz funksiyalarını yerinə yetirməkdə ciddi boşluqlara yol verirlər. İşğaldan azad olunmuş ərazilərə Rusiya sülhməramlıları nəzarət edirsə, ordan da erməni silahlısı Azərbaycan əsgərinə atəş açırsa, bu zaman günahkar axtarmağa çox zaman ayırmaq lazım deyil. Günahkar zatən bəllidir. Rusiya sülhməramlılarının işində çox ciddi çatışmazlıqlar var. Erməni silahlıları Qarabağ ərazisinə sülhməramlıların gözü qarşısında girirlər. Rusiya tərəfi bu dəfə erməni vandallığına, vəhşiliyinə şərik olmamalı, atəş açan və əmri verən şəxsləri tapıb, Azərbaycan tərəfinə təslim etməlidir.

Əgər Rusiya tərəfi bu prosesləri həyata keçirtməkdə ləngimələrə yol verərsə, Azərbaycan həmin ərazilərdə anti-terror əməliyyatlarını həyata keçirmək hüquqlarını özündə saxlayar. Rusiya sülhməramlıları bacarmırsa, Azərbaycan əsgəri rusların nəzarətində olan ərazilərdəki erməni silahlılarını bir həftə ərzində həmin ərazilərdən təmizləsin. Çünki bu təmizlənmə baş verməcəyi müddətdə Azərbaycan tərəfi mütləq cavab atəşi açmaq məcburiyyətində qalacaq. Bu cavab atəşinə isə Rusiya sülhməramlılarının tuş gəlməsi ermənilərin maraqlarına xidmət edir. Odur ki, Rusiya tərəfi vəziyyəti daha açıq-aydın düşüncə ilə analiz etməli, həmin şəxslər tapılmalı və ərazilərdən erməni silahlıların çıxarılması prosesi çox tez şəkildə sürətləndirməlidir. Rusiya sülhməramlıları ya bu ərazilərdə boynuna düşən vəzifələri tam şəkildə icra etməlidirlər, ya da kənara çəkilib Azərbaycana öz ərazilərində haqqın, hüququn aliliyini təmin etmək üçün şəraiti yaratmalıdır. Artıq vəziyyət kifayət qədər gərgin və kritikdir”.