06 iyn 21:16Qarabag

Sanki Qarabağın, Ağdamın axtarşındayıq

Sanki Qarabağın, Ağdamın axtarşındayıqRamazan bayramı ilə bağlı bayramlaşma zamanı dostlarımdan biri “son vaxtlar yazılarına rast gəlmirəm, nə olub”- deyə soruşdu. Bu da bir həqiqət idi ki, son vaxtlar Qarabağa, xüsusəndə doğma Ağdamıma az-az gedirəm.

“Bir az yorğun olduğumu və sanki həyat eşqimin qeybə çəkilməsi səbəbindən yazmağa əlim gəlmir”-deyə cavab verdim.

Etiraf etməliyəm ki, ciddi araşdırma aparılası məqamlar çoxdur. Ağdamın teatr mədəniyyətiylə bağlı bütün elmi-nəzəri mənbələri, materialların surətlərini çətinliklə əldə edib toplamışam. Bu gün Ağdamla bağlı geniş bir məqalələr toplusu, Çörək muzeyi ilə bağlı tədqiqatın yenilənmiş və əlavələr edilmiş hissəsi çapa hazır vəziyyətddədir.

Hətta dünyada ikinci olan Ağdam Çörək Muzeyinin bərpasıyla bağlı bütün yazışmalarda aparılmış, razılıqlar verilmişdi. Lakin dövlət və icra strukturları maliyyə tələb edən muzeyin bərpası işini kiminsə üstünə atmaq istəyirmişlər kimi görsəndi.

Deməliyəm ki, bu gün tək Çörək muzeyi ilə bağlı min bir əzab-əziyyətlə topladığım 180 yaxın qiymətli eksponat əldə etmişəm. Dəyərli və təkrarsız. On ildən sonra yox, indidən o eksponatlara dəyər verməyin vaxtı çatmayıbmı?

Gənc, böyüməkdə olan nəslə Ağdam və Qarabağın tarixi və dəyəri haqqında bilgiləri verməliyik. Sərgiləməliyik. Tək muzeyin bərpası açığı elə də böyük maliyyə tələb etmir. Xaricdən valyuta ilə dəvət edilən estrada müğənnisinə verilən qonorarın onda biri də kifayət edər...Nə isə...

Hörmət etdiyim şəxsin telefon danışığından düşünmək olardı ki, Ağdam eşqi, Qarabağ eşqi hələ ki unudulmayıb. Amma...

Bu gün Ağdamsız, Qarabağsız böyüyən gəncin artıq 26 yaşı olur. Və ən azı gərgin illərdə də on yaşın olmalıydı ki, köçkün həyatını, doğma torpaqların abu-havasını dərindən sinəyə çəkib, ürəkdən“oxayy” demiş olaydın. Demək, o torpaqların zənginliyini, qiymətini bilmək istəyində olan şəxsin bu gün minimum 36 yaşı olmalıdır.

Bununla nəyi demək istərdim. Hər birimiz hansısa formada yerləşmişik. Birinə Allah bir qapı açıb, digərini dövlətimiz şərait yaradıb. Yəni hazırda heç kim acından olmür, əli ayağı yer tutan hər kəs özünə müəyyən şərait yaradıb. İçi özüm qarışıq.

Ancaq nə isə çatmır, çatışmır. Yeri gələndə özümüzü artist yerinə qoysaq da alınmır. Bu itgini heçnə ilə bərpa etmək olmur, o torpaqların yerini heç nə vermir.

Yadımdadı, rəhmətlik Allahverdinin restoranında yediyim çolpa supunun dadını ötən il Şamaxıda, Pirquluda tapa bildim, o da tam yox.

Hər birimiz axtarışdayıq. O torpaqların axtarışında, o yerlərin dadının-tamının axtarışında. Ağdamın, Şuşanın, Qarabağın axtarışında.

Sözsüz ki, torpaqlarda qayıdacaq, nə vaxtsa.

İstərdim biz o xoşbəxt günü görək, quruculuğunda yaxından iştirak edək. Ancaq o illərdəki xatirələrin bərpası, o illərdəki səmimiyyəti qaytara biləcəyikmi?

Təki torpaqlarımızı qaytara bilək, nə qədər ki unutmamışıq...

Vüqar Tofiqli
loading...
XƏBƏR LENTİ
25-06-2019, 22:56
25-06-2019, 16:30
24-06-2019, 15:00
SORĞU