"Əsgərlərimiz öz gücünü xalqdan və Ali Baş Komandandan alır"Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov partiyanın mətbuat xidmətinə müsahibə verib.

- Əlisahib müəllim, Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində dövlət başçımız və Ali Baş Komandanımız İlham Əliyevin siyasətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi sentyabrın 27-də ölkəmizə qarşı növbəti dəfə elan olunmamış müharibə başlandı. Biz yenə də işğalçı Ermənistanın xain hücumuna məruz qaldıq. Bu müharibəni sözün birbaşa mənasında İkinci Qarabağ Müharibəsi adlandırmaq olar. Ancaq onu da qeyd etməliyik ki, 27 sentyabr döyüşlərini biz başlamamışıq. Bütün dünya da bilir ki, biz erməni təxribatlarına son qoymaq məqsədilə əks-hücuma keçməyə məcbur olmuşuq. Prezident İlham Əliyevin BMT tribunasından da bəyan etdiyi kimi Ermənistan rəhbərliyi son aylarda davamlı şəkildə müharibəyə hazırlaşırdı və məhz bunun nəticəsi olaraq Ermənistan silahlı qüvvələri gah münaqişə zonasında, gah da Azərbaycan-Ermənistan dövlət sərhədində tez-tez müxtəlif təxribatlar törədir, silahlı toqquşmalara şərait yaradırdı. 12 iyul hadisələri də buna əyani
misaldır. Sentyabrın 27-də isə Ermənistan tərəfi Azərbaycana qarşı elan olunmamış genişmiqyaslı hərbi əməliyyatlara başladı. Bu əsl müharibə təşəbbüsü idi. Beləliklə, ermənilərin sentyabrın 27-də səhər tezdən başladıqları hərbi hücum nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qaldı. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz bu təcavüzə əks-hücumla cavab verməyə, vətəndaşlarımızı və torpağımızı qorumağa məcbur idik. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün hücuma keçdi və layiqli cavabını da almaqdadır.

Heç şübhəsiz ki, Ordumuzun döyüş uğurları hər şeydən əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Biz Milli Həmrəylik Partiyası olaraq Ali Baş Komandamızın yürütdüyü hərbi siyasətini və keçirilən uğurlu döyüş əməliyyatlarını yüksək qiymətləndiririk. Eləcə də Ordumuzun hazırki döyüş əzmi, savaş ruhu kifayət qədər yüksək səviyyədədir. Odur ki, əminliklə deyə bilərəm ki, Ali Baş Komandanımız kimi Ordumuz da tam Qələbəyə köklənib. Bu belə də olmalıdır. Çünki əsgərlərimiz öz gücünü xalqdan və Ali Baş Komandandan alır. Bu gün Ordu-Xalq-Ali Baş Komandan vəhdəti əsgər və zabitlərimizin özünəinamını,
Qələbəyə hədəflənməsini təmin edir.

Mən Ali Baş Komandanımızın əsgərlərə münasibətində bir ata qayğısını, diqqətini görürəm. Onun Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə səmimi söhbəti də buna əyani sübutdur. İlham Əliyev beynəlxalq təşkilatlara, dünya liderlərinə göndərdiyi ismarıclarında, müraciətlərində nə qədər sərt, cəsarətli, sərrast və təcrübəli siyasətçi, diplomat təsiri bağışlayırsa, yaralı əsgərlərimizə, qazilərimizi qarşı da elə bir o qədər şəfqətli, mülayim və qayğıkeşdir. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz və xalqımız eyni amal uğrunda mübarizə aparır. Bu müqəddəs Vətən müharibəsidir və biz düşmənin şanlı Ordumuz tərəfindən tezliklə məğlubiyyətə uğradılacağına qəti şəkildə əminik! Biz Qarabağa dönəcəyik! Mütləq dönəcəyik!

- Bəs hazırki situasiyada Azərbaycan cəmiyyətində, siyasi partiyalar arasında Milli Həmrəyliyin nümayiş etdirilməsini necə qiymətləndirirsiniz?

- Bu sualınıza cavab olaraq onu qeyd etməliyəm ki, xalqımız Ordumuzla nəfəs alır. Bir daha bildirirəm ki, hazırda istər xalqımız, istərsə də Ordumuz yalnız və yalnız Qələbəyə köklənib və hərbi əməliyyatlar da hər gün yeni-yeni nailiyyətlərimizlə davam edir. Bu saat ermənilər böyük bir qorxu, xof içindədir. Çünki
Ali Baş Komandanımızın qətiyyəti və Ordumuzun döyüş əzmi Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağdakı qondarma rejimin bütün təxribat və işğalçılıq planlarını alt-üst edib. Artıq bir neçə gündür ki, cəbhədə şiddətli döyüşlər gedir və bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, eləcə də müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub.

Vətəndaşlarimiz da hərə öz bacardığı səviyyədə dövlətimizə, döyüşən ordumuza dəstək verməyə çalışır. Yaralı əsgərlərimiz üçün könüllü qan verməyə gedən donor vətəndaşlarımızın sayı-hesabı yoxdur. Orduya kömək üçün maliyyə vəsaiti köçürmək istəyən, eləcə də döyüşmək üçün Orduya könüllü yazılan insanlarımız da həddindən çoxdur. Əsgərlərimizin qələbəsi üçün dua edən insanlarımızı da xüsusi qeyd etməliyik. Bir sözlə, bu gün Ordu ilə xalq arasında sarsılmaz vəhdət mövcuddur.

Siyasi partiyalar da ilk gündən Ali Baş Komandanımızın və Ordumuzun yanında yer aldılar. Belə ki, 50 siyasi partiya sentyabrın 27-də Orduya və Ali Baş Komandana dəstək məqsədilə birgə bəyanat imzaladı. Bu əsl Milli Həmrəyliyin təntənəsi idi. Bütün dünya da gördü ki, ölkəmiz üçün taleyüklü məsələlərdə partiya rəhbərləri siyasi və ideoloji fərqləri bir kənara qoyub iqtidarla, dövlətlə bir araya gəlməyə, birlik nümayiş etdirməyə qadirdir. Bu, eyni zamanda iqtidarla siyasi partiyalar arasında yeni sivil münasibətlərin formalaşmasının təzahürü idi.

Xüsusi qürur hissi ilə bildirmək istəyirəm ki, sözügedən birgə bəyanatı imzalayan 50 partiyanın arasında bir iqtidaryönlü partiya kimi biz də varıq. Ənənəvi radikal müxalifət partiyalarının bu bəyanatı imzalamaması isə onların iç üzünü açdı və düşmən dəyirmanına su tökməklərini ortaya qoydu. Onlar bu
xalqdan qopmuş, uzaqlaşmış partiyalardır. Onların sonu yoxdur.

- Bu gün Milli Həmrəyliyin əldə olunmasında QHT-lərin dəstək verməsinin və ilin əvəlindən başlayan siyasi partiyalar arasında dialoqun nə kimi rolu olmuşdur?

- Milli Həmrəyliyə nail olmaq üçün hər kəsin – istər sıravi vətəndaşlarımızın, istər siyasi partiyaların, istərsə də ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının hər birinin rolu və iştirakı önəmlidir. Bu komponentlərin ümumi ictimai razılığı, birlik təşəbbüsləri olmadan toplumda birliyə, milli həmrəyliyə nail
olmaq mümkünsüzdür. Məhz bu mənada mən hazırki situasiyada ölkədə Milli Həmrəylik mühitinin formalaşmasında və hökm sürməsində siyasi partiyalarla və fərdlərlə yanaşı, QHT-lərin də rolunu yüksək qiymətləndirirəm. Bu gün Ordumuza dəstək məqsədilə hərəkətə keçən, müxtəlif təşəbbüslərlə çıxış edən
çoxlu sayda QHT-ləri görə bilərik. Eləcə də 2020-ci ilin əvvəlindən daha da dərinləşən siyasi dialoq kursunun da bu gün siyasi partiyalarla dövlət arasında səmimi əməkdaşlıq münasibətlərinin
formalaşmasında, həmçinin siyasi partiyalarla Ordu arasında mənəvi birliyin, həmrəyliyin araya-ərsəyə gəlməsində mühüm rolu olub. Bütün bunlar ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü yeni siyasi konfiqurasiyanın formalaşdırılması xəttinin nəticəsidir. Dövlətimizin başçısının başlatdığı demokratik açılım kursu və Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin səmərəli fəaliyyəti ölkədə siyasi partiyalara qarşı tamamilə yeni və sağlam münasibətin formalaşmasına rəvac verib. Məhz
bunun nəticəsidir ki, bu gün ölkəmiz düşmən təxribatı ilə üz-üzə qalanda həm siyasi partiyalar, həm də QHT-lər dövlətin, dövlət başçısının və Ordumuzun yanında yer aldılar və bimənalı şəkildə Həmrəylik nümayiş etdirdilər.

- Bizi dəstəkləyən ölkələr barədə nə deyə bilərsiniz?

- Ermənistan silahlı qüvələrinin 27 sentyabr təxribatına qarşı əks-hücum əməliyyatlarına başlamağımız bizim gerçək dostlarımızı da bir daha yaxından tanımağımıza imkan yaratdı. Mən bu ölkələr sırasında ilk növbədə qardaş Türkiyənin və Pakistanın adını qeyd etmək istəyirəm. Eləcə də, Ukrayna və İsrail də birmənalı şəkildə bizə dəstək verdilər. Bu günlərdə dövlət başçımıza zəng edən, dəstəyini ifadə edən siyasi liderlər, nazirlər, beynəlxalq təşkilat rəhbərləri çoxdur. Biz dostlarımızın dəstəyini unutmayacağıq.
Bu arada ikibaşlı siyasət yürüdən və yaxud, özünü bizə dost kimi göstərib arxada isə əleyhimizə işlər çevirən ölkələri, ölkə başçılarını da tanıdıq. Lakin erməniləri kim dəstəkləyir dəstəkləsin, onsuz da bunun son nəticəyə heç bir təsiri olmayacaq. Çünki bütün hallarda ermənilər Qarabağdan qaçmağa məhkumdurlar. Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı döyüş nailiyyətləri bunu deməyə əsas verir. Mən Ordumuzun uğurları ilə və Prezidentimizin qətiyyətli mövqeyi ilə gerçəkdən də qürur duyuram!
Putinin Qarabağ açıqlaması: Sürpriz, yoxsa reallıq?Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, erməni işğalçılarını torpaqlarımızdan qovmağa başladığımız bir zamanda Almaniya kansleri Merkelin, Fransa Prezidenti Makronun Azərbaycan Respublikasının Prezidentinə, digər Qərb ölkələri rəsmilərinin Ceyhun Bayramova zəng etməsinin səbəbləri barədə mülahizələrinizi oxucularımızla bölüşmənizi istərdik.

- Onlar daha çox ondan narahatdırlar ki, Azərbaycan Ordusu Dağlıq Qarabağ üzərində ölkəmizin suveren hüquqlarını bərpa edəcək. Onlar münaqişəni uzun illər dondurmağa çalışmaqla ermənilərə işğal olunmuş ərazilərimizi məskunlaşdırmaq üçün imkan yaratmaq və bizi işğalla barışdırmaq istəyirdilər. Ona görə də işğal olunmuş ərazilərimizin qeyd-şərtsiz azad olunmasına dair BMT TŞ-nin qətnamələrinin icrası üçün 28 il ərzində işğalçı Ermənistana heç bir təzyiq göstərməyiblər. Həmin liderlərdən soruşmaq lazımdır ki, Azərbaycan torpaqları işğal olunarkən Ermənistan rəhbərliyinə niyə zəng edib onu durdurmurdular? Əgər onları insan ölümü narahat edirsə, erməni işğalı zamanı ölən əsgərlər və mülki əhali insan deyildimi?

- Rusiya Prezidentinin baş verənləri qonşu ölkənin daxili işi hesab etməsi sizin üçün sürpiriz olmadı ki?

- Qətiyyən yox, çünki həmişə bu fikirdə olmuşam ki, Rusiya ilə danışmaq olar. Putin kifayət qədər ağıllı adamdır. Əvvəla, o görür ki, Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır, hətta Rusiyanın və özünün dostu hesab etdiyi Köçəryanı həbsə atır, rusiyameyilli siyasətçiləri ya hakimiyyətdən uzaqlaşdırır, ya da cinayət məsuliyyətinə cəlb edir. Putin onu da yaxşı başa düşür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayan kimi Paşinyan pişiyə dönüb ona yalvarmağa başlayacaq. Həm də təkcə Paşinyan yox, Paşinyanı qorumaq istəyən, amma Rusiyaya sanksiyalar tətbiq etməyə hazırlaşan Qərb liderləri də. Bununla yanaşı, Paşinyan və onun komandasının üzvləri hakimiyyətdə olduqları iki il ərzində verdikləri axmaq açıqlamalarla və Azərbaycanın bundan məharətlə istifadə etməsi nəticəsində özlərinin müdafiəsini xeyli çətinləşdirmişlər. Ona görə belə bir axmağın müdafiəsi Putinin də marağında deyil.

- Qüdrət bəy, 2016-cı ilin aprelində olduğu kimi, xarici dövlətlərin təzyiqi ilə bizi yenidən torpaqlarımızı işğaldan tam azad etmədən atəşkəsə məcbur edə bilərlərmi?

- Bu ehtimal çox azdır. Prezidentin açıqlamaları, qardaş Türkiyə Respublikası Prezidentinin mövqeyi ermənilər geri çəkilməyəcəyi halda bunu mümkünsüz edir. Belə bir tarixi şansı qaçırmayacağımız çox inanıram. Ermənistan xarici ölkələrdən çoxlu muzdlu döyüşçü cəlb edib. O cümlədən, PKK və YPG-nin 300-ə qədər silahlısının da artıq bizə qarşı Qarabağda döyüşdüyünə dair ciddi məlumatlar var. Bəzi qonşu dövlətlər də altdan-altdan onlara kömək edirlər. Bütün bunlara baxmayaraq, Ordumuzun onların öhdəsindən gələcəyinə inanıram. İkinci Dünya müharibəsi zamanı Azərbaycanın 3 milyon civarında 380 min əhalisi var idi. Müharibə başa çatanda, 1945-ci ildə bizim 2.6 milyon əhalimiz qalmışdı. Döyüşdə ölənlərin sayı 300 min nəfərdən çox idi. 640 min insan səfərbərliyə alınmışdı ki, bunun 10 min nəfəri qadın idi. Əhalinin say nisbətinə görə biz Belarusdan sonra ən çox itki verən ölkə idik. Ona görə biz torpaqlarımızı azad etmək istəyiriksə, itkilərdən və dağıntılardan qorxmamalıyıq. Ermənistana xarici dəstəyin artacağı halda başqa işğala məruz qalan ölkələr kimi, heç bir tərəddüd etmədən qardaş Türkiyəyə hərbi kömək üçün müraciət etməliyik. Artıq hörmətli Ərdoğan qardaş Türkiyənin buna hazır olduğunu dəfələrlə heç kimdən çəkinməyərək bəyan edib. 1995-ci ilin avqustunda Xorvatiya Almaniyanın açıq-gizli dəstəyi ilə öz ərazisində yaradılmış qondarma “Serb Krayina Respublikası”na ildırım sürətli “Tufan əməliyyatı” ilə 4 gündə son qoyduğu kimi, biz də Qarabağdakı qondarma rejimə bu dəfə son qoymalıyıq.
İrandan İrəvana 7 müəmmalı reys: nə daşınır? – SensasiyaAxar.az jurnalist Elçin Alıoğlunun Ermənistan xüsusi xidmət orqanları və onlara havadarlıq edənlərin Azərbaycana qarşı açdığı yeni hibrid müharibənin təfərrüatları ilə bağlı saytımıza müsahibəsini təqdim edir:

- Elçin bəy, son statusunuzda “media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq” fikrini səsləndirdiniz. Nə baş verir?

- Ermənistan xüsusi xidmət orqanları, erməni diaspor nümayəndələri, habelə müxtəlif ölkələrin vətəndaşları olaraq Ermənistanın xüsusi xidmət orqanlarına, işğalçı ölkənin maraqlarına, mənafelərinə xidmət edən şəxsləri nəzərdə tuturam. Onlar artıq Azərbaycana qarşı olan ideoloji və informativ müharibəni keyfiyyətcə yeni mərhələyə keçiriblər. Bu, hibrid savaşdır. Hazırda Azərbaycana qarşı çox ciddi hibrid savaş gedir. Bu hibrid savaşın təzahürlərini biz sosial şəbəkələrdə, müxtəlif akkauntlarda, messencerlərdə, ən başlıcası isə kütləvi informasiya vasitələrində görə bilərik.

- Amma konkret adlar çəkmək istəmirsiniz...

- Bilirsiniz, mən konkret adlar çəkməklə kimlərisə suçlamaq niyyətində deyiləm. Mən məsələnin nə dərəcədə ciddi olduğunu sizin nəzərinizə çatdırmaq istəyirəm. Məsələn, bu yaxınlarda Azərbaycanda guya Rusiyaya işləyən şəxslərin siyahısı açıqlandı. 76 nəfərin ad-soyadından ibarət siyahı idi. Bu adamların heç biri hər hansı dövlətin nə agentidir, nə də casus şəbəkəsinə daxil olan şəxslərdir. Həmin siyahıda gənclər, tələbələr var idi. Çox absurd və marazmatik siyahıdır. Tələbənin hansı təsir imkanı ola bilər axı?! Mənə maraqlı olan o siyahını kimlərin hazırlamasıdır.

- Sizcə, o siyahını kimlər hazırlamışdı?

- Rusiyalı milyarder Mixail Xodorkovskinin “MBK Media” adlanan şirkətinin strukturu. Həmin siyahını hazırlayan şəxsin adını açıqlayıram. Bu, Modest Kolerovdur. Bu həmin şəxsdir ki, əvvəllər Rusiya Prezidentinin regionlar və xarici ölkələrlə mədəni əlaqələr ofisinin rəhbəri idi. Sonra bu adam həmin işdən qovuldu. Sonra Reqnum İnformasiya Agentliyinin rəhbəri oldu. Reqnum, “Rossiya seqodnya” və “Sputnik” agentliyi birmənalı olaraq Ermənistanı dəstəkləməyə başladı. RT və digərləri də buraya daxildir. Azərbaycana qarşı təxribatların hazırlanmasında əsasən 3 nəfərin əməyi var: Aram Qabrielyanov, Modest Kolerov və Marqarita Simonyan. Aram Qabrelyanov Layfnyus.ru (lifenews.ru) saytının redaktorudur. Marqarita Simonyan isə Rusiyanın RT kanalının baş redaktorudur. Bu adamlar birmənalı olaraq Azərbaycana qarşı düşmənçilik mövqeyi tutub. Onların Azərbaycana qarşı yeni planları var. Mediada isə onların nüfuz dairələri həddən ziyadədir. Bu nüfuzun əhatə dairəsinə Rusiyada yaşayan erməni əsilli və digər millətlərin nümayəndələri olan jurnalistlər daxildir. Eyni zamanda, Yaxın Şərqdə və ən müxtəlif ölkələrdə bunların dedikləri ilə oturub-duran media nümayəndələri var.

- Bəs onların əsas məqsədi nələrdir?

- Bunların əsas məqsədlərindən biri Azərbaycanı zəif salmaq, ölkəmizin daxilində kütləvi çaxnaşmalar yaratmaq, Azərbaycan xalqında xof və pərişanlıq hissləri aşılamaqdır. Ən başlıcası, Ermənistanı zərərçəkən və qalib gələn tərəf kimi göstərməkdir. Ermənistanın maraqlarını Rusiyada tam və geniş miqyasda qoruyan, təmsil edən bu insanlar əməllərindən bixəbər olduğumuzu düşünürlərsə, yanılırlar. Onların kimdən, necə və hansı vasitələr üçün istifadə etmələri də bəllidir. Dövlətə və millətə qarşı yönələn hər niyyətə dəfələrlə ağır, sərt cavab veriləcək. Bir daha deyirəm ki, media ermənilərin və Ermənistana işləyənlərin özlərini rahat hiss edəcəkləri yer olmayacaq. İrəvanın tulaları da bunu bilsinlər.

- İran-Kuveyt-Ermənistan aviamarşrutu barədə yazmısınız... Ermənistanı kim və necə silahlandırır? Özünütəcridə yuvarlanmış ölkə necə olur ki, qəflətən hərbi texnika, sursat, hərbi-texniki vasitələrlə təmin olunur?

- Bu yaxınlarda, iyul ayında Tovuzdakı döyüşlərdə bu sual xüsusi aktuallıq kəsb etdi: Rusiyadan, Serbiyadan və başqa ölkələrdən Ermənistana çox müəmmalı aviareyslər aşkarlandı. Təyyarələr bir qayda olaraq Ermənistana hərbi yüklər daşıyırdılar. Özü də əksər hallarda dolanbac marşrutlarla. Azərbaycan qəti etirazını bildirdi - özü də tək yük yollayan ölkələrə yox, həm də bu tranzit üçün səmasını açan dövlətlərə. Silah və hərbi texnika daşınmasının qaydalarına əsasən, hava dəhlizi verən ölkə yük, onun daşındığı son məkan barədə məlumatlandırılmalıdır. Lakin bu qaydalara əməl olunubmu - dəqiq bilinmir. Belə ölkələr arasında qonşu İran da var. Adi yüklər bu cür dolanbac yollarla daşınmır. Həmin adları çəkilən ölkələrdən bu uçuşlarla bağlı qaneedici açıqlamalar eşitmədim. Əgər həmin aviareyslərdə hərbi təyinatlı yüklər daşınmırsa, niyə onların çeşidi, siyahısı və tutumu açıqlanmır? Qanunidirsə, niyə açıqlanmır?! Mən sübut etdim ki, Rusiyanın hərbi hava qüvvələrinə məxsus İL-76TB hərbi yük nəqliyyat təyyarəsi Ermənistana gəlib. Orada onun üzərinə boya ilə Ermənistan bayrağı çəkilib. Guya bu, Ermənistanın hərbi hava qüvvələrinə məxsus təyyarədir. Bu təyyarə ilə müxtəlif ölkələrə gizli uçuşlar həyata keçirilib.

- Bəs qəribə və ya dolanbac adlandırdığınız marşrutlar hansılardır? Həmin aviareyslərlə nələr daşınıb?

- Son həftələrdə İran-Küveyt marşrutu ilə gerçəkləşdirilmiş çox qəribə aviareyslər barədə məlumatlar var. Maraqlıdır ki, o reyslərin hamısı İrəvandakı Zvartnos hava limanına enişlə gerçəkləşdirilib. Avqustun 13-də İranın “Fars Air Qeshm” aviaşirkətinin Boinq- 747 təyyarəsi yerli vaxtla 16.05-də Tehrandan İrəvana uçub. Təyyarə İrəvan hava limanında 7 saat qalıb, sonra Küveytə uçub, avqustun 14-də, səhər saatlarında isə oradan Tehrana qayıdıb. Bir həftə keçib və 21 avqustda yerli vaxtla 15.00-da “Fars Air Qeshm” aviaşirkətinin elə həmin Boinq-747 təyyarəsi Tehrandan İrəvana uçub. Ertəsi gün səhər erkən saatlarda təyyarə İrəvandan Küveytə yollanıb. Avqustun 22-də isə Küveytdən Tehrana qayıdıb.

- Bu reyslər müntəzəm olub?

- Xeyr, bu reyslər müntəzəm olmayıb. Növbəti müəmmalı aviareys 26-27 avqustda olub. Yenə Boinq-747, yenə “Fars Air Qeshm” və yenə də Tehran-İrəvan-Küveyt marşrutu, oradan da geriyə, Tehrana. Sentyabrın əvvəlində daha bir insident olub. Mediada yayılan xəbərlərlə görə, nömrə nişanları olmayan hərbi yük maşınlarından və digər xüsusi texnikadan ibarət karvan İran-Ermənistan sərhədini “Norduz” nəzarət-buraxılış məntəqəsindən keçib.

Yeri gəlmişkən, bir qədər əvvəl digər qonşumuz - Gürcüstan ərazisini Ermənistana hərbi tranzit üçün qapalı elan etmişdi. İrandan isə yüklər heç bir problem olmadan keçib.

İranın Bakıdakı səfirliyi onda bəyan etmişdi ki, bütün bunlar hansısa “üçüncü qüvvələrin yaydığı yalan və dezinformasiyadır”. Bununla belə, İrandan Küveytə müəmmalı, İrəvandakı aeroportda saatlarla dayanmaqla qəribə uçuşlar nəinki dayanmayıb, əksinə, daha da intensivləşib. Özü də tək İrana yox.

- Sizdə “müəmmalı reyslərin” sayı barədə məlumat varmı?


- Deməli, sentyabrın 15-də elə həmin “Fars Air Qeshm” aviaşirkətinin Boinq-747 təyyarəsi Tehrandan İrəvana uçub, orada bir neçə saat qalıb, sonra “adət edilmiş” marşurtla Küveytə yollanıb. Küveytdən isə həmin təyyarə təbii ki, birbaşa Tehrana qayıdıb. Sentyabrın 16-da isə sözügedən aviaşirkət təyyarəsini Tehrandan İrəvana yollayıb. Zvartnots hava limanında 7 saat qalan təyyarə sonradan Birləşmiş Ərəb Əmirliklərinə, Ras əl-Hayma yolanıb. Ertəsi gün təyyarə Tehrana qayıdıb. Sentyabrın 17-də də Tehran-İrəvan-Küveyt-Tehran marşrutu ilə daha bir reys gerçəkləşdirilib. Beləliklə, demək olar ki, Tehrandan ən azı 7 müəmmalı aviareyslə yüklər İrəvandan keçməklə daşınıb. Bütün avieryslərdə İran aviaşirkətinin təyyarəsi olub və o, nədənsə Tehrandan Küveytə birbaşa yox, Ermənistandan keçməklə uçub. Ölkəmizə qarşı fəaliyyətdə olanları aşkarlamalıyıq. Azərbaycana qarşı uzanan əlləri kəsməliyik. Biz bunların hamısını aşkara çıxarmalıyıq.
"Azərbaycanı “sülh danışıqlar” çərçivəsinə salıb, məsələnin həllini uzadıblar"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-un suallarını cavablandırıb.

- Fuad müəllim, prezident İlham Əliyev Qarabağ məsələsində hərbi-siyasi reallıqların yarandığını vurğuladı və ölkə ictimaiyyətinə, beynəlxalq aləmə, o cümlədən, Ermənistana yeni mesajlar verdi. Verilən mesajları necə qiymətləndirərsiz?

- Bu il iyul ayında sərhəddə, Ermənistan tərəfindən törədilən təxribata verilən cavab onlar üçün gözlənilməz idi. Bundan sonra Ermənistanın baş naziri, müdafiə naziri qondarma “DQR”-ə səfər etdilər. Baş nazirin həyat yoldaşı 18-27 yaşlı qadınların hərbi təlimlərdə iştrak edəcəklərini bəyan edir. Müdafiə naziri Gəncəni vurulmaqla hədələyir. Bütün bunlar, bu savaş ritorikası cavabsız qalmamalı idi. Və dövlət başçısı onların cavabını verdi. Ən əsası beynəlxalq ictimayyətə də bildirdi ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləmiyəcək. Hesab edirəm ki, bu çox vacib ismarıcdır. Ermənistana deyilən fikirlər, dolayısı ilə başda BMT olmaqla digər beynəlxalq təşkilatlara da aiddir. Bu təşkilatlar, özlərinin verdikləri qərarlara hörmətsizlik edirlər, beynəlxalq hüququ yerə vururlar. Azərbaycanı “sülh danışıqlar” çərçivəsinə salıb, məsələnin həllini uzadıblar. 27 ildən çoxdur ki, haqlı olduğumuzu, beynəlxalq hüquqa əsaslanıb işğalda olan torpaqlarımızı azad edə bilmirik. Bəli, dövlət başçısı demişkən – danışıqlara yer qalmayıb. Azərbaycan anti-terror əməliyyata başlamalıdır.

- Bu çıxışdan sonra ehtiyatda olan hərbi vəzifəlilər qanunvericiliyə uyğun olaraq təlim toplantılarına çağırıldılar. Bəzi vətəndaşlar bunu səfərbərlik kimi başa düşərək panikaya düşdü....

- Birincisi, niyə panikaya düşürlər? Vətənimizi bəyəm təkcə əsgərlərimiz qorumalıdır? Xeyir, bu bizim hamımızın borcudur. Düzdür, Azərbaycan Ordusu güclüdür və istənilən zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Amma müharibə olacağı zaman hər birimiz bu prosesdə iştirak etməliyik. Bu, hər bir azərbaycanlı vətəndaşın üzərinə düşən məsuliyyətdir. İkincisi, bu ehtiyatda olan əsgər və zabitlərin təlim toplantılarına çağırışdır. Mənim yadımdadır ki, Sovet dönəmində, belə çağırışlar hər il olub. “Sbori” deyirdilər. Olurdu bir ay, və yaxud iki və üç aylıq təlimlər. Bu normaldır. Hesab edirəm ki, Azərbaycan müharibə şəraitində olduğuna görə belə təlimlər qısa müddətli ildə iki dəfə keçirmək olar.
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər" Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan Respublikası Prezidentinin yerli televiziyalara verdiyi müsahibəsində diqqətinizi çəkən əsas məqamlar barədə fikirlərinizi almaq istərdik.

- Prezident həm yerli, həm də beynəlxalq ictimaiyyətə yönələn çoxlu sayda ciddi mesajlar verdi. Öz sözlərimlə ifadə etsəm, çıxışın əsas məğzi ondan ibarət idi ki, müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq və keçmişin nostalgiyası ilə yaşayıb müstəqilliyə qarşı çıxanlar vətən xainləridir. Prezident misallarla əsaslandırdı ki, Azərbaycan xalqı faşizm üzərində qələbəyə böyük töhfə versə də, Kreml ölkəmizin təbii sərvətlərini uzun illər vəhşicəsinə, böyük ekoloji fəlakət yaratmaqla talasa da etnik seperatizmi dəstəkləməklə Azərbaycana xəyanət etdi və nəticədə torpaqlarımızın 20 % -i Ermənistan tərəfindən işğal olundu. Müstəqillik illərində biz xarici investorları cəlb edib neft sənayesini yenidən qurmaqla, böyük maddi vəsaitlər hesabına həmin ağır ekoloji fəlakətin nəticələrini aradan qaldırmaqla şəhər və kəndlərimizi abadlaşdırmaqla, ölkəmizi faktiki olaraq yenidən qurmaqla məşğuluq.

Növbəti açıqlama ondan ibarət oldu ki, Paşinyan siyasi riyakarlığına görə əvvəlki sələflərindən heç nə ilə fərqlənmir və onunla Qarabağ probleminin həlli istiqamətində danışıq aparmağın mənası yoxdur. Biz bilirik ki, Paşinyan əhalinin ölkə daxilində mövcud olan problemlərdən diqqətini yayındırmaq üçün iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin təxribat xarakterli hücumunu təşkil etdi. Həmin təxribatı xalqına qələbə kimi təqdim edib, Azərbaycan qarşısında danışıqları mənasız edən şərtlər irəli sürdü. Bundan sonra səfərbərlik elan edib, arvadının da əlinə silah verib Qarabağa yolladı. Əminəm ki, əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər.

Prezident bəyan etdi ki, Ermənistan torpaqlarımızı işğal edib, ərazilərimizi məskunlaşdırırsa və beynəlxalq birliyin sərt təpkisi və sanksiyaları ilə üzləşmirsə, beynəlxalq hüquqa hörmət yalnız bizə qalmayıb ki. Əgər növbəti təxribat olarsa hərbi əməliyyatlar təkcə bizim ərazidə aparılmayacaq. Müsahibənin ümumi ab-havasından belə qənatə gəlmək olar ki, torpaqlarımızın azadlığı istiqamətində yaxın gələcəkdə ciddi addımlar atılacaqdır. Bu qənaətdəyəm ki, son açıqlamalar 26 ildir davam edən söz savaşına oxşamır. Müdafiə naziri Zakir Həsənovun ehtiyatda olan xüsusi ixtisaslı hərbçilərin Orduya çağırılması barədə əmri də bu qənaəti möhkəmləndirir. Kaş ki, qənaətimdə yanılmayaydım, qoy Allah qətiyyətimizi və cəsarətimizi əlimizdən almasın.

Başqa mühüm açıqlama Türkiyə, Gürcüstan və İrana yönəlmişdi. Prezident Türkiyənin qardaş ölkə olmasını, əməkdaşlığımızı genişləndirəcəyimizi bir daha vurğuladı. Gürcüstanın üzərindən Ermənistana silah daşınmasına icazə verilməməsini yüksək qiymətləndirdi və həmişə Gürcüstanın yanında olduğumuzu növbəti dəfə bəyan etdi. Gürcüstandakı bəzi gürcü familiyalı ermənilərin münasibətlərimizi pozmağa cəhd etdiyini də diqqətə çatdırdı. Prezidentin çıxışından Ermənistandan sonra ciddi nəticə çıxarmalı olan ikinci ölkə, həm də soydaşlarımızın vətəni olan İran olmalıdır. Prezident söylədi ki, əli müsəlman uşaqların, qadınların qanına batmış, bir milyondan çox müsəlmanı ev-eşiyindən didərgin salmış, islam məscidlərini, abidələrini dağıtmış, məscidlərdə donuz saxlayan ermənilərlə müsəlman olub necə münasibət qurmaq olar? Yeri gəlmişkən, ərəb ölkələrini İsraillə diplomatik əlaqələr qurmasına görə sərt tənqid edib hədələyən İran, Ermənistana İranın hava məkanından silah daşınmasına icazə verməsi bir yana, görəsən İsraildə səfirlik açan Ermənistana münasibətdə niyə "quzu" kimi susur? Ümumən müsahibəni yüksək qiymətləndirirəm. Xalqımız bunun ardınca real addımların atılmasını gözləyir.
Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir - Sadiq QurbanovMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinn sədri Sadiq Qurbanov

- Sadiq müəllim, sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ili tamam olur. “Əsrin müqaviləsi”nin imzalanması dövrünü necə xarakterizə edərdiniz?

- Azərbaycan müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvəllərində bütün sahələr üzrə çətinliklərlə üz-üzə qalmışdı. Uzun illər keçmiş sovet respublikaları ilə mövcud olmuş, qurulmuş iqtisadi əlaqələrin qırılması, respublikda qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın aşağı düşməsi, neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdı. Elə bir iqtisadi-siyasi vəziyyət yaranmışdı ki, az qala müstəqilliyimizi itirirdik. Bütün bu çətinliklər, imkansızlıq Xəzər dənizində olan "Azəri", "Çıraq" və "Günəşli" kimi yataqların işlənməsinə də imkan vermirdi.

Həm siyasi, həm iqtisadi tənəzzülün qarşısını almaq, əldə edilmiş müstəqilliyini qoruyub saxlamaq üçün xalqımız üzünü Ümummilli Liderimiz Heydər Əliyevə tutdu və Onun təkidlə hakimiyyətə gəlməsini tələb etdi. Xalqın bu tələbi ilə ikinci dəfə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev xalqı düşdüyü vəziyyətdən çıxarmaq üçün bütün var qüvvəsini səfərbər etdi. Dahi lider "Neft Azərbaycanın milli sərvətidir" devizi ilə çıxış edərək, respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variant var idi. Birinci variant, ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ikinci variant isə xarici neft şirkətlərini bu prosesə cəlb etmək. Dahi şəxsiyyət ikinci variantı seçdi və xarici iri neft şirkətlərini Azərbaycana dəvət etdi.

Qısa bir vaxtda "Yeni neft strategiyası" işlənib hazırlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq- Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Bütövlükdə, "Əsrin müqaviləsi"ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır.

- Ümummili Liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik...

- Ulu Öndər Heydər Əliyevin "Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məsələlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində gəzdirdiyi arzusuna çatmışdır və öz təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir" fikirlərini yada salsaq, neft gəlirlərinin təyinatı üzrə xərclənməsinin ölkəmizə qazandırdığı uğurların, xalqımızın mənafeyinə xidmətinin aydın mənzərəsini yaradır. Eyni zamanda, bu saziş mahiyyət etibarı ilə təkcə Azərbaycan üçün deyil, bütün region, Avropa üçün böyük əhəmiyyət daşıyan bir sazişdir. Biz bu sazişin gözəl nəticələrini görürük. Artıq neçə ildir ki, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edibdir və digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu oynayır və bu rol getdikcə artmaqda davam edəcək. Belə ki, vaxtilə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi, onun ardınca yeni-yeni layihələrin gündəmə gətirilməsi və icrası ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırır.

- Hazırda uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi nə kimi önəmə malikdir?

- “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan üçün çox əhəmiyyətli layihələrdən biridir. Bu layihə Azərbaycanın mavi qazını Avropa bazarına çıxarmaq mümkün olacaq ki, bu da dövlət gəlirlərinin artması deməkdir. "Cənub Qaz Dəhlizi” layihəsi ölkəmizə 100 milyard dollardan artıq vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Avropa bazarı dünyada ən böyük bazarlardan biridir və 450 milyondan artıq istehlakçısı var.

Eyni zamanda, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından da çox vacibdir. Belə ki, Avropa birinci mərhələdə TAP layihəsi vasitəsilə illik olaraq 10 milyard kubmetr, ikinci mərhələdə isə 20 milyard kubmetr mavi qaz alacaq. Həmçinin, qardaş Türkiyə "Cənub Qaz Dəhlizi” layihəsindən faydalanacaqdır. Baxmayaraq ki, qardaş ölkə artiq karbohidrogen yataqları istismar edəcək, lakin istismara qədər bu layihə ilə mavi qazdan asılılığını aradan qaldıra biləcək. Bir cümlə ilə desək, bu, Avropa ölkələri üçün çox əhəmiyyətli bir layihədir.

- Bütövlükdə, həyata keçirilən enerji layihələri Azərbaycanın gələcək inkişafı baxımından nə kimi perspektivlər vəd edir?

- Bu gün Azərbaycan regionda siyasi və iqtisadi əməkdaşlığın yaradılmasında və inkişafında təşəbbüskar ölkədir. Azərbaycan artıq dünyada söz sahibi olan ölkədir, Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir.Cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində müasir qlobal çağırışların tələbləri ölkəmizdə təmin edilir.

Məhz belə doğru yanaşmanın nəticəsidir ki, dünyanın əksər ölkələrində pandemiyanın vurduğu ziyan, bizdə minumun səviyyədədir. Onu da qeyd edim ki, bu gün dünyanı maraqlandıran bərpaolunan alternativ enerji istehsal etmək üçün də respublikamızda münbit şərait var. Biz gələcəkdə bu enerji layihələri ilə də çox ölkələri qabaqlayacağıq.

Azertac
“Qarabağda vəziyyət qarışa, müharibə alovlana bilər” – Əfşar Süleymaniİranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymaninin Yenisabah.az-a müsahibəsi:

- Əfşar bəy, Livanda yaşayan erməni ailərinin Dağlıq Qarabağa köçürülməsi haqqında danışarkən “bu işin görünən tərəfidir” demisiz. Bəs məsələnin görünməyən tərəfi nədir?

-Ümumiyyətlə, siyasətdə və diplomatiyada atılan publik addımlar adətən məsələnin görünən tərəfi olur. Böhranlı vəziyyətlərdə isə daha qapalı siyasət yürüdülür.

Konkret olaraq Ermənistanın Livanda yaşayan erməni ailələrinin Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara yerləşdirməsinə gəlincə, fikrimcə, İrəvanın bölgədə möhkəmlənməsinə xidmət edir. Digər tərəfdən, Ermənistan daima münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bəyan edir. Lakin atdiğı addımlar göstərir ki, bu belə deyil. Artıq 30 ildir ki, Ermənistan “sülh” deyə-deyə Azərbaycanın ərazilərini işğalda saxlayır. Diqqət edin, bu ölkənin Baş naziri qondarma Dağlıq Respublikasına səfərlər edir, onun “prezidentinə” təbrik ünvanlayır, ərazilərin adlarını dəyişir və s. İndisə Azərbaycanın ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparır. Bütün bunlar göstərir ki, Ermənistan sülh məsələsində səmimi deyil.

Rusiyanın dəstəyinə arxalanan Ermənistan düşünür ki, bu yolla Azərbaycana təzyiq etməklə öz maraqlarını gerçəkləşdirə bilər. Ətraf rayonlar da onun əlində sadəcə təzyiq vasitəsidir. Bütün səylər Dağlıq Qarabağı əldən verməməyə yönəlib. PKK qüvvələrinin də Dağlıq Qarabağda yerləşdirilməsi Türkiyənin bu məsələdə mövqeyinə təsir etmək məqsədi daşıyır.

- Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti Dağlıq Qarabağda müharibənin alovlanmasına səbəb ola bilərmi?

- Təbii ki, ermənilər bütün imkanlarından istifadə edərək işğalçılıq siyasətini davam etdirirlər. Bu isə Azərbaycanı lazımi reaksiya vermək məcburiyyətində qoya bilər. Bu halda əlbəttə ki, orada vəziyyət qarışa, müharibə alovlana bilər. Hesab edirəm ki, bu halda böyük güclər də məsələyə müdaxilə edə bilərlər. Xüsusilə, Rusiya. Böyük güclər, o cümlədən Rusiya münaqişənin həllində maraqlı görünmür. Bu münaqişə onlar üçün sadəcə təzyiq vasitəsidir. ATƏT-in Minsk qrupu da bundan ötrü yaradılıb. Yəni, problemi dondurulmuş vəziyyətdə saxlmaq. Çünki Rusiyanın da, digər güclərin də öz maraqları var. Onlar bu münaqişədən öz maraqları üçün yararlanırlar.

- Bu məsələyə beynəlxalq aləmin laqeyd yanaşmasını nə ilə izah edərdiniz?

- Baxın, BMT-nin 4 qətnaməsi var, amma icra olunmur. Heç bir dövlət də səsini çıxarmır. Çünki beynəlxalq qurumlar da böyük güclərin təsir dairəsindədir və beynəlxalq rəyi böyük güclər müəyyən edir. Əgər onların mənafeləri təmin olunursa, o zaman hansısa addımlar atılır, əks halda susmağa üstünlük verilir.

ABŞ, Rusiya, Fransa kimi böyük dövlətlər lazım olanda beynəlxalq qurumları nəzərə almadan addımlar atırlar. Çünki gücdürlər. Yəni, Azərbaycan da reallıqları nəzərə almalı siyasətini buna uyğun qurmalı və ərazi bütövlüyünün təmin olunması istiqamətində addımlarını davam etdirməlidir.

- İraq və Suriyadan PKK qüvvələrinin Dağlıq Qarabağa yerləşdirildiyi barədə xəbərlər gəlir. Türkiyə bunu əsas gətirərək bölgədə antiterror əməliyyatlarına başlaya bilərmi?

- Əlbəttə ki, terror varsa ona qarşı mübarizə aparılmalıdır. Bu dövlətlərin borcudur. Digər tərəfdən, terrorçu qruplar konkret olaraq hansısa ölkənin maraqlarını təhdid edirsə, həmin dövlətin haqqıdır ki, buna qarşı mübarizə aparsın. Türkiyənin də buna haqqı çatır. Çünki PKK terrorçu təşkilat kimi tanınır.

- Sizcə, Azərbaycan indiki situasiyada hansı addımları atmalıdır?

- Azərbaycanın balans siyasəti yürütməsi yaxşı haldır. Tərəf, yaxud heç kimdən asılı olmamaq bir dövlət üçün əlbəttə yaxşıdır. Hesab edirəm ki, Azərbaycan bu siyasəti davam etdirməli, dövlətlərlə münasibətlərinə milli maraqlar kontekstində yanaşmalı, əsas hədəf ölkənin maraqlarının, ərazi bütövlüyünün, sevrenliyinin qorunması olmalıdır. Hansı dövlət bu məsələdə Azərbaycanla həmrəydirsə, yəni, onun ərazi bütövülüyünü, suverenliyinin təhdid etmirsə, əksinə, bu məsələlərdə ona dəstək nümayiş etdirirsə həmin ölkələrlə də sıx münasibətlə qurulmalıdır.

Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "525"-ci qəzetin "Siyasi dialoq" rubrikasının qonağı olaraq, geniş müsahibə verib. Müsahibənin I hissəsini təqdim edirik.

- Fuad bəy, bir müddətdir ki, Azərbaycanda belə demək mümkünsə, iqtidar-müxalifət dialoquna start verilib. PA-nın şöbə müdiri Ədalət Vəliyev mütamadi olaraq siyasi partiya liderləri ilə müzakirələr aparır. Sizin fikrinizcə, iqtidar-müxalifət dialoqunun aparılması nə üçün vacibdir.

- İlk olaraq onu qeyd edim ki, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur - Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması hakimiyyətin siyasi partiyalarla müntəzəm iş aparmaq, sağlam əməkdaşlıq qurmaq istəyindən irəli gəlir. Bu şöbənin rəhbəri Ədalət Vəliyevin partiya sədrləri ilə ayrı-ayrılıqda görüşü dövlətin siyasi partiyalara verdiyi önəmin daha bir göstəricisi sayıla bilər. Bu eyni zamanda ölkədə siyasi mühitin saflaşdırılması, münasibətlərin normallaşdırılması deməkdir. ALDP bu görüşü yüksək qiymətləndirib. Bu görüşləri hakimiyyət-müxalifət arasında dialoqun ilk addımı hesab etmək olar. Bu gün həmin dialoqun baş tutması olduqca əhəmiyyətli və vacibdir. Düzdür, bunu istəməyən qüvvələr də mövcuddur. Amma əgər biz Azərbaycanda siyasi münasibətlərin sağlamlaşmasını, iqtidarla müxalifət arasında münasibətlərin saflaşmasını istəyiriksə, hakimiyyətlə dialoqa getməliyik. Bütün sivil və demokratik ölkələrdə hakimiyyət-müxalifət dialoqu baş tutub. Bu dialoq təkcə tərəflərin yox, bütövlükdə cəmiyyətimizin xeyrinədir. ALDP hakimiyətin təşəbbüsü ilə başladılan siyasi dialoqun, bu istiqamətdə atılan ilkin addımların müsbət qiymətləndirir, onun davamlı olmasına ümid edirik.

- Siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar- müxalifət dialoqu hansı rolu oynaya bilər?

- Hakimiyyət-müxalifət dialoquna aparan ilkin addımların atılması onu deməyə əsas verir ki, Dövlət başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Bu konfiqurasiyanı qorumalıyıq. Hakimiyyət-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün yaradılan fürsət və şəraiti qoruyub saxlamalıyıq. Müxalifətin istəyi siyasi münasibətlər sisteminin yenilənməsi və daha sivil, demokratik münasibətlər qurulmasıdır. Bu istək hakimiyyət rəhbərliyi tərəfindən dialoq vasitəsilə həyata keçirilirsə, bunun nəyi pisdir. Niyə buna mane olmalıyıq?

- Sizin rəhbərlik etdiyiniz partiya prosesdə nə dərəcədə aktiv cəlb olunub və dialoq çərçivəsində hansı məsələləri qaldırıb, nə kimi təkliflər irəli sürmüsünüz?

- ALDP həmişə istər müxalifət daxili, istərsə də müxalifətlə hakimiyyət düşərgəsi arasında dialoqun tərəfdarı olub. Biz ölkədə siyasi sistemdə də islahatların aparılmasını istəmişik. Eyni zamanda milli və dövlətçilik maraqlar naminə həmrəylik tərəfdarı kimi çıxışlar etmişik. Dəfələrlə digər siyasi partiyalara bu mövzuda müraciətlər etmişik. Müxalifətə ölkədə keçirilən bütün seçkilərdə seçkilərin demokratik və şəffaf keçirilməsində hökumətə dəstək olmaq təklifini vermişik. Təəssüflər olsun ki, müxtəlif obyektiv səbəblərdən çağırışlarımız nəticəsiz qalıb. O ki, qaldı dialoqda səsləndirdiyimiz təkliflərə, həmişə cəmiyyətimizi, ictimaiyyəti narahat edən problemləri, məsələləri qaldırmışıq. Konkret olaraq Seçki Məsəlləsində bir sıra dəyişikliklərin edilməsinin vacibliyi, proporsional seçki sisteminin tətbiq edilməsini, parlamentli respublika formasına keçid, seçkilərə qatılan, lakin parlamentə düşməyən siyasi partiyaların dövlət tətəfindən maliyyələşməsi, partiyaların qeydiyyat prosedurunun yumşaldılması, Bakı merinin seçki yolu ilə seçilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi partiyaların fəaliyyətinin intensivləşdirilməsi, bu istiqamətdə hakimiyyətlə birgə addımlamağı ... və digər önəmli sosial, iqtisadi təkliflər səsləndirmişik. Ümid edirəm ki, hakimiyyət siyasi partiyaların təkliflərini nəzərə alacaq.

- Hakimiyyətin dialoq başlayandan bəri atdığı addımları necə qiymətləndirirsiniz? İlkin nəticələr Sizi qane edir?

- İlk addımları müsbət qiymətləndirirəm. Hələ nəticədən danışmaq tezdir. Hakimiyyət hələ müxalifətlə münasibət qurur, tənzimləyir. Düzdür, fikir mübadilələri aparmışıq, təkliflərimizi səsləndirmişik. Hə, partiyaların qeydiyyat məsələsini qeyd etmək olar, amma ümumillikdə, hələ ortada heş nə yoxdur. ALDP təmərküzləşmənin, qarşılıqlı anlaşma yolu ilə bütün məsələlərin həllinin tapılmasının tərəfdarıdır. Müxtəlif məsələ və problemlərə müxtəlif yanaşmalar ola bilər, bu təbiidir, amma sivil müxalifətçiliyi də davam etdirməyi bacarmalıyıq. Bizim istəyimiz budur. Hakimiyyət-müxalifət dialoquna atılan ilk addımlar onu göstərir ki, ölkə rəhbərliyi də bu məsələdə maraqlı tərəfdir. Bütün bunları nəzərə alarq deyə bilərəm ki, PA rəsmisi Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşündən müsbət nəticələr gözləyirəm.

Ardı var
Türkiyə ilə müharibə ola bilərmi? – Yunan professorAxar.az-ın suallarını Afina Universitetinin professoru Panteon Kostas İfantis cavablandırır.

- Bu yaxınlarda NATO Baş katibi Yens Stoltenberq Türkiyə və Yunanıstanın danışıqlara hazır olduqlarını bildirib. Uzun çəkişmələrindən sonra razılığın ələ edilməsini necə qiymətləndirirsiniz?

- Vəziyyət çox gərgindir və uçurum astanasındadır. Hazırda vəziyyətdən çıxış yolunu təsəvvür etmək çox çətindir. Yunanıstan bir şey tələb edir, Ankara başqa şey istəyir.

- Qarşıdurma necə nəticələnə bilər?

- Nəyisə istisna etmək olmaz. Lakin hərbi qarşıdurma böyk bir səhv olar. Ortaq yol axtarmağa davam etməliyik.

- Vəziyyətin gərginləşməməsində başqa kimlər maraqlıdır?

- Hər şeydən əvvəl Vaşinqton və Berlin. Çünki onların bölgədə böyük maraqları var. Buna görə hərbi qarşıdurmanın qarşısını almaq üçün əllərindən gələni edəcəklər.
Sorosun Ermənistana təsiri Kremli narahat edir - ALDP sədri Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Baku News-a müsahibə verib.

- Fuad müəllim, Ermənistanla müharibənin başlanması mümkündürmi?

- Sualın belə qoyulması ilə razı deyiləm. Biz işğalda olan torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyatlara başlamalıyıq. Hə, bu olan təqdirdə, Ermənistan Dağlıq Qarabağ separatçılarına hər hansı bir hərbi dəstək verəcəksə, bu demək olacaq ki, ermənilər müharibə yolunu seçiblər. Bu zaman hesab edirəm ki, layiqli cavab alacaqlar. Ermənistan rəhbərliyi bütün danışıqlardan imtina edib. Hər gün ermənilər atəşkəsi pozurlar. Ermənistan rəhbərliyi beynəlxalq normaları pozaraq qondarma “DQR”ə səfər edirlər. Paşınyanın xanımı əlində silah poza verib şəkil çəkdirir. Suriya və Livandan erməni əsilli ailələri qondarma “DQR”ə köçürürlər. Bunlar onu göstərir ki, ermənilər illər boyu iştrak etdiyi danışıqlarda sadəcə imitasiya ediblər. Bu münaqişənin həllinin uzadılması onlara xeyir verir.

- Bu illər ərzində Azərbaycan sülh danışıqların tərəfdarı olub. Amma 2016-cı il aprel döyüşlərindən sonra müharibə notları daha çox səslənir.

- Əslində Azərbaycan çox çətin bir durumda olub. Fikir verin, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrində ciddi və güclü erməni təşkilatları fəaliyyət göstərir. Rusiya isə regionda əsirlər boyu erməni faktorundan istifadə edib. Ermənistan respublikasını yaratmaq üçün, bizə torpaq payı verilməsinə “məsləhət” görüb. Burada sözsüz ki, din amili də var. İndi isə nə dəyişib? Ermənistanda Sorosun marionet rejimi var. Bu da Moskvanı ciddi narahat edir. Paşinyan demokrat libasında hakimiyyətə gəldikdən sonra siyasətini 180 dərəcədə dəyişdi. Onun və yaxınlarının adının korrupsiya işlərində hallanması ABŞ-dan dəstəyin azalmasına gətirib çıxarıb. Belə olan halda biz təbliğat mexanizmini gücləndirməliyik. Təkçə ABŞ, Fransa və Rusiyada yox, digər ölkələrdə bizim diaspor təşkilatlarının fəaliyyətlərini aktivləşdirməliyik. Bütün bunlarla yanaşı, əsas bizim hərbçilərimiz hazır olmalıdırlar və biz də, cəmiyyət olaraq onların arxasında durmalıyıq, onlara dəstək verməliyik.

- Son aylar, xüsusən də Tovuz döyüşlərindən sonra, Azərbaycanda Türkiyənin hərbi bazalarının yaradılması təkliflər irəli sürülür. Bu, Dağlıq Qarabağ torpaqlarınıb işğaldan azad olunmasında nə dərəcədə bizə kömək olacaq?

- Türkiyə və Azərbaycan hər il hərbi təlimlər keçirir. Hərbi mütəxəsisslər təcrübə bölüşürlər. Çox yaxşı olardı ki, hərbi bazalar da yaradılsın. Yeri gəlmişkən, Türk dövlətinə, qardaş türk xalqına Qarabağ məsələsində dəstəyə görə minətdarlığımı bildirirəm. Burada qardaş Türkiyənin hərbi qüvvələrinin bazalarının yaradılması, əslində Rusiyanın bu məsələyə qarışmasının qarşısını almaq məqsədilə olmalıdır. Amma hərbi bazaların yaradılması, o anlamına gəlməsin ki, türk hərbçilər bizim əvəzimizə işğalda olan torpaqları azad edəcəklər. Bunu bizim əsgər etməlidir, biz etməliyik.