"Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu" — İlqar MikayıloğluTanınmış aparıcı İlqar Mikayıloğlunun "Maşın" şoudan müğənni Xatuntərəfindən gözlənilmədən uzaqlaşdırılması birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə gün ərzində Xatuna iradlarını bildirən izləyicilər müğənninin düzgün addım atmadığını deyiblər.

Avrasiya.net oxu.az-a istinadən bildirir ki, İlqar Mikayıloğlu şouda baş verənlərlə bağlı fikirlərinibölüşüb.

-İlqar, Xatunla sənin gedəcəyini əvvəlcədən razılaşdırmışdınız?

-Öncə deyim ki, Xatunla bizim əvvəldən yaxşı münasibətimiz olub. Onun həyat yoldaşım Zülfiyyə xanımla da isti münasibətləri var. Fikir verdinizsə, verilişdə iştirakçılar təqdim olunanda da biz səhnəyə bir çıxdıq. Bir sözlə, Xatunun əlindən tutub şouya gətirdim. Ona həmişə deyirdim ki, səninlə işim yoxdur. Verilişdən bir gün əvvəl mənə yaxınlaşdı və dedi ki, çıx səsverməyə və məni uzaqlaşdır. Amma ona dedim ki, mənim sənə əlim qalxmaz. O, "Səni çıxarsam inciməzsən ki?" deyə müraciət etdi. Bunu zarafat kimi qəbul elədim və dedim ki, "Yox, çıx oyununu oyna". Mən nəzərdə tuturdum ki, hədəfini əvvəlcədən açıqla və rəqibin üzərində kişi kimi qələbə qazan. Amma o, sona qədər hədəfi açıqlamamaqla haqsızlıq etdi. Bu, mənə qarşı yox, məni verilişdə dəstəkləyən tamaşaçılara, dostlarıma və Xatuna qarşı göstərdiyim münasibətə hörmətsizlik idi. Xatun mənim rəqibim deyil, adımı açıqlasaydı, sona qədər getsin deyənlər çox olacaqdı. O, bunu gözəl bildiyinə görə, məni arxadan vurdu. Əlindən tutub şouya gətirdiyim Xatun məni arxadan vurub yola saldı. Bu gün şərhləri oxuyurdum. Bir izləyicinin şərhi məni yenidən özümə qaytardı. Yazmışdı ki, "İlqarın gediş anında simasından bu sözləri oxudum. İndi əlimdə bir Kalaşnikov olardı, hamınızı qırıb gedərdim". Bütün izləyicilərimə təşəkkür edirəm. Haqsızlıq üzündən onlara mübarizədə şans yarada bilmədim.

-Özünüzə başlıca rəqib kimi görürdünüz?

-Mənim üçün rəqib anlayışı ancaq finalda ola bilərdi. İstənilən şəxslə səsvermədə yarışa bilərdim. Mən sms-in yox, gücün həll etdiyi mərhələdə rəqib axtarardım. Amma mənə finalda Vüqar Əbilov, Mehriban Xanlarova və Vüsalə Kərimova ilə mübarizə maraqlı olardı. Mən müharibə görmüş bir adam kimi, onlarla fiziki yox, psixoloji rəqabət aparacaqdım. Güc yox, konsentrasiya əsasdır.

-Samirə Yusifqızı verilişdə hər şeyi Murad Dadaşovun həll etdiyini iddia edir. Bunu hiss etmisinizmi?

-Heç vaxt. Əksinə mən şoudan gedəndə Muradın təəccüblü baxışları, onun hələ də hadisənin şokunda olduğunu göstərirdi. Murad bunun bir oyun olduğunu həmişə deyib və hakim kimi qərəzsiz və bitərəf olub. Açığı deyim qalmaqallar zamanı mən oyunçuları deyil, Muradı izləyirdm. İstənilən halda Murad ustalıqla vəziyyətə nəzarəti ələ alırdı. Başqa aparıcı olsa, orada bəlkə də saçyoldu və əlbayaxa dava düşərdi. "Maşın şou" Murad Dadaşova görə tanınıb və sevilir.

-Bəs siz səsvermədə qalib olsaydınız kimi çıxarardınız?

-Talıb Taleni. İzah edim. Mən heçbir qruplaşmada olmadığıma görə, hər iki tərəf planlarını rahat şəkildə mənə deyirdi. Maraqlıdır ki, Talıb hər iki qruplaşmada var idi. Bir sözlə Ştirlitslik edirdi. Amma kimin tərəfində olduğu da bilinmirdi.

-Qalib qismində kimi görürsünüz?


-Mən üçlükdə Vüqar Əbilovu, Mehriban Xanlarovanı və Toppuş bacını (Tünzalə Əliyeva) görürəm.
Səlcuq Çətin: “Güclü Azərbaycan güclü Türkiyə deməkdir”Ankara Pursaqlar bələdiyyəsinin başqanı Səlcuq Çətinlə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürklə Azərbaycan səfəri və bir sıra mövzular ətrafında söhbət ediblər.

- Səlcuq bəy, Azərbaycana xoş gəlmisiniz. Azərbaycanı necə gördünüz?

- Təşəkkür edirəm. İlk öncə qeyd edim ki, qardaş Azərbaycan haqqında danışmaqla sözlərim bitməz. Buralar bizim ikinci vətənimizdir. Səfərimdə Bakı və Sumqayıtda oldum. Abadlıq və inkişaf göz önündədir. Xəzər dənizi Bakıya xüsusi gözəllik verir. Havası çox yaxşıdır. İnsanlarla təmasda oldum. İnsanlar istiqanlı və qonaqpərvərdirlər. Azərbaycanı belə görmək bizi çox sevindirir. Bizim üçün güclü Azərbaycan güclü Türkiyə deməkdir. Bilirsiniz ki, iki qardaş ölkə ümumilli məsələlər daxil olmaqla beynəlxalq aləmdə də bir-birilərinə dəstək verirlər.

- Siz rəhbəri olduğunuz Pursaqlar bələdiyyəsində Qarabağ parkını açmısınız. Qarabağ mövzusu Türkiyə cəmiyyətinə nə qədər çox tanışdır?

- Türkiyə böyük dövlətdir. 80 milyon insanın bu barədə məlumatı tam olmaya bilər. Amma cəmiyyət Qarabağ məsələsini bilir və qardaş Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Cənab prezidentimiz Rəcəb Təyyub Ərdoğan açıq şəkildə bunu bəyan edib. Türkiyədə bir neçə Qarabağ parkları var. Bu il də bələdiyyə olaraq Qarabağ parkının açılışını etdik. Bakıdan da hörmətli qonaqlar gəlmişdi. Əgər biz bununla qardaş vətənimizə dəstək oluruqsa, bu, məni çox sevindirir. İnşallah, torpaqlar azad olunandan sonra hamımız birgə Qarabağı ziyarət edəcəyik. O günü səbrsizliklə gözləyirik.

- Türkiyə-Azərbaycan əlaqələri haqqında nə deyə bilərsiniz?

- Türkiyə-Azərbaycan əlaqələri strateji və qarşılıqlı səviyyədə davam etməkdədir. Ən çətin zamanımızda bir-birimizə dəstəyimizi göstəririk. Bundan gözəl heç nə ola bilməz. Qarabağ parkının açılışı çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı konfrans keçirdik. Konfransda yüzlərlə insan iştirak edirdi. Qarşıda planlarımız çoxdur. Onları reallaşdırmaq haqqında düşünürük.
Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam"Son günlər 10-cu sinif rus bölməsi üçün istifadəyə verilən “Ümumi Tarix” dərsliyindəki xəritə qalmaqala səbəb olub. Mətbuat və sosial şəbəkədə bu barədə xeyli müzakirələr aparıldı. Təhsil Nazirliyi müraciəti edən şəxsə təşəkkür edib, dərsliklərin məktəbdən yığışdırıldığını açıqlasa da, müzakirələr davam edir.

Həmin müzakirələr zamanı yaranan suallara son qoymaq, problemin haradan qaynaqlandığını öyrənmək məqsədilə dərslik müəlliflərindən olan Kamran Əsədov Publika.az-ın suallarını cavablandırıb:

- Kamran müəllim, həmin xəritə “Böyük Ermənistan”dır?

- 10-cu sinif rus bölməsi “Ümumi Tarix” dərsliyinin 32-ci səhifəsində Roma imperiyasının xəritəsi qeyd olunub. Xəritənin şəkli konteksdən çıxarılaraq yayılıb. Yayılan xəritə yalnız "Armeniya" yazılmış hissədir. Bu xəritə dünya tarixində də var. Uğursuzluq odur ki, “Böyük Ermənistan” adlandırılan qondarma dövlətin ərazilərinin sərhədləri dənizdən-dənizə, yəni Xəzərdən Ağ dənizə qədərdir. Həmin xəritədə məqsəd “Böyük Ermənistan” idisə, sərhədlər Ağ dənizə qədər gəlib çıxmalı idi. Nə kitabda, nə də xəritədə “Böyük Ermənistan” ifadəsi işlədilməyib. Xəritədə Roma imperatoru Trayan Adrianın dövründə Romaya tabe edilmiş ərazilər göstərilib. Romalılar e.ə 66-65-ci illərdə Albaniyanı məğlub edib, özlərinə tabe etdilər, e.ə 20-ci ildə Atropatenada hakimiyyətə Romapərəst hökmdar gətirdilər. Bu ərazilər Romaya tabe olmuşdu. Həmin xəritə hazırda istifadə edilən 6-cı sinif “Ümumi Tarix” dərsliyində də (səh.106-107) olduğu kimi verilib. Orada da Roma İmperiyasından asılı olan ərazilər göstərilib. Sadəcə, rus bölməsində Van gölünün yuxarısında Armeniya yazılıb, ancaq bu da erməni dövləti deyil.

- O zaman həmin ərazidə göstərilən hissə erməni çarlığının ərazisidirmi?

- Oradakı ərazi erməni çarlığı deyil, Ərməni vilayətidir. Onun indiki Ermənistanla heç bir əlaqəsi yoxdur. Bu vilayət e.ə II əsrdən, eramızın II əsrinə qədər Romaya tabe olmuş vilayətdir. Ermənilər Qafqazda deyil, Şərqi Anadoluda - Urmiya gölünün ətrafında kiçik bir çarlıq qurublar. Armeniya vilayəti Şərqi Anadoluda mövcud olmuş kiçik erməni çarlığıdır. 7-ci sinif “Azərbaycan tarixi”, VII cildlik Azərbaycan Tarixi kitabının I cildində 359-cu ildə Amid, 371-ci ildə Dzirav döyüşlərində ermənilərin Roma ilə müttəfiq kimi iştirak etməsi yazılıb. 387-ci ildə isə erməni çarlığının Sasanilərlə Romalılar arasında bölüşdürülməsi yazılır. Həmin bölüşdürülən çarlıq da xəritədə qeyd olunan yerdə idi. Burada “Böyük Ermənistan” xəritəsi yazılmayıb, xəritə Romanın ərazilərini təsvir edir. Xəritənin altında şərh hissəsində, “Romaya tabe dövlətlər və əyalətlər” yazılıb. Bu o deməkdir ki, həmin ərazilər Romadan asılı olub. Kimlərsə, yalnız həmin hissənin şəkilini çəkib paylaşıb. Xəritənin çatışmazlığı yuxarı hissəsində Albaniya, aşağıda Atropatenanın qeyd edilməməsidir. Armeniyanın qeyd edilməsində heç bir tarixi səhv yoxdur. Bu gün Romanın Kalizeyinin divarında bu xəritə asılıb. İnternetdə Roma imperiyası yazan kimi bu xəritə çıxacaq. Rəsmi İtaliyanın mənbələrində bu xəritə var. İndiyə qədər həmin ərazi 6-cı sinif “Ümumi Tarix” dərsliyindən silinib. Lakin silinmə çıxış yolu deyil. Çünki şagird silinən ərazinin hara olduğunu soruşur. O zaman şagirdə hansı cavabı verməliyik? Qobustan kitabəsində Romalıların burada olması, Trayan Adrianla Albaniya hökmdarları arasında məktublaşmalar var. Biz bunları inkar edə bilmərik. Ərəb xilafəti xətirəsində həm Atropatena, həm də Albaniyanın ərazisi Ərməniyyə adlandırılmışdı. Bu o deməkdir ki, bu ərazilərdə ermənilər yaşayıb? Bu çox gülməli olardı. Nizami Gəncəvinin əsərlərində “ərmən vilayəti çarının qızı” ifadəsi yer alıb, O Ərməniyyə ilə indiki Ermənistanın heç bir əlaqəsi yoxdur.

- Siz xəritəni hansı mənbələrdən əldə etmisiniz?

- Xəritə Roma mənbələrindən götürülüb. Problem dünya tarixinin dövrləri ilə bağlı yerli mənbələrdə xəritələrin olmamasından qaynaqlanır. Biz Azərbaycan dilində dünya tarixi ilə bağlı atlas, xəritə tapa bilmirik. Kitab yazanda məcbur qalıb, rus və Avropa mənbələrində bizə lazım olan dövrlə bağlı rəsmi formada təsdiq edilmiş xəritələrdən istifadə edirik. İtaliya dövlətinin Roma tarixinin bu dövrü ilə bağlı məlumatlarında məhz həmin xəritədən istifadə edilib. Bizim dünya tarixinin dövrlərilə bağlı vahid xəritəmiz yoxdur. Dünyanın bütün ölkələrində həm vahid tarix konsepsiyası, həm də öz dillərində mənbələr var.

- Bu xəritələri kim hazırlamalıdır?

- 26 ildir müstəqilik, lakin tarixin necə yazılması ilə bağlı vahid konsepsiyamız yoxdur. Tarix İnstitutu dövlətlər və dövrlər üzrə istifadə edilməli olan xəritələri təsdiq edib, atlas halında çap etməlidir. Təəssüf ki, bizdə bir dövlətlə bağlı müxtəlif xəritələr var. Biz kitab yazanda internetdən, İtaliya arxivindən xəritə axtarmamalıyıq. Bu zaman dövlətçilik baxımından da problem ortaya çıxa bilər. Hansı ki, bu məsələdə dövlətçiliklə bağlı heç bir problem yox idi, sadəcə ictimaiyyət yanlış yönləndirilib. Heç kim xəritəyə bütöv halda, şərti işarələrlə baxmır. Bundan başqa, dərslik 1 ay ictimai müzakirəyə çıxarıldı, ekspertlər baxdı. Mən kitabın müəlliflərindən olsam da, həmin dövrü yazmamışam. Azərbaycan bölməsinə baxmışam, çünki rus bölməsinin tərcüməçisi, redaktoru var idi. Bu məni məsuliyyətdən azad etmir, lakin şişirdilən kimi də qəbahət yoxdur.

- Həm tarixçi, həm kitab müəllifi, həm də təhsil eksperti kimi belə halların yaşanmaması üçün nəyə diqqət edilməlidir?

- Birincisi, kitab yazmaq üçün müəlliflərə az müddət - 2 ay verilib. Problemin kökündə bu durur. Bu müddət ərzində 210 səhifə “Azərbaycan tarixi”, 160 səhifə “Ümumi tarix”, həm də bu həcmdə müəllim üçün metodik vəsait yazılmalıdır. Başqalarının kitabından istifadə plagiatlıq hesab edilir, şəkil və məlumatlar yenidən işlənməlidir. İkinci məqam, kitab birbaşa orta məktəbə istifadəyə verilməməlidir. Pilot olaraq bir neçə məktəbə təqdim edilməli idi. Bu zaman müəllif, redaktor, ekspertlərin gözündən yayınan məqam açıqlanardı. 4500 məktəbdən ən azı 20-nə yeni çap olunan dərslik sınaq məqsədilə verilə bilərdi. Qüsursuz kitab istəyiriksə, bu addım atılmalıdır. Üçüncü məqam, ictimaiyyət və cəmiyyət olaraq bu cür siyasi məsələlərdə birlik nümayiş etdirməliyik. Problem varsa, kimisə günahkar çıxartmaq lazım deyil. Məni erməniyə işləməkdə günahlandırırlar, mənim atam Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib, Qarabağ əlilidir. Palçıq atmaq asandır, ortaya yeni dərslik qoymaq lazımdır. Təəssüf ki, qüsuru toy-bayram edirik. Bundan sonra dərslik yazmayacam. Çünki biz yaxşını məhv etməyə hazırıq. Həqiqətən, milləti düşünənlər problemi aradan qaldırmağa çalışar, ittiham etməyə fürsət axtarmaz. Bunu həll etmək çətin deyil. Bir gecənin içərisində kitablar toplandı, nəşriyyatın hesabına yeni dərslik çap olunub məktəblərə paylandı. Bütün bunlarla yanaşı, tariximizə həssas yanaşan insanlara təşəkkür edirəm. Ancaq sevəndə küsdürmək lazım deyil. "Armeniya" sözünü silməklə problemi həll etmirik. Hər kəsdən xahiş edirəm ki, bir məsələni gündəmə gətirməzdən əvvəl araşdırsın. Bütün dərslik boyu milləti, dövlətçiliyi qorumuşuq. Bir dəfə Armeniya vilayətinin adını verməyi qəbahət kimi qəbul etmək doğru deyil. Kitabı bütöv oxusunlar, xəritəyə bütöv halda baxsınlar, şərti işarələrə diqqət etsinlər.
"... Hərb yolu seçilməlidir" - ALDP sədri
“Danışıqlar “yolu” nə vaxtsa bitməlidir”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, erməni separatçılarının Azərbaycanın Dağlıq Qarabağ ərazisində yaratdığı “münaqişə ocağı”nın söndürülməsi ilə bağlı aparılan müzakirələrdə daha çox “münaqişə beynəlxalq müstəvidə həll olunur”, “problemin həlli böyük dövlətlərin nəzarətinə keçib” və sair kimi fikirlər öndə dayanır. Sizcə bu səbəblər gözləmə mövqeyində dayanmağımıza əsas verə bilərmi?

– Məlumdur ki, bir sıra beynəlxalq təşkilatar, o cümlədən BMT və Avropa Şurası Dağlıq Qarabağın Azərbaycan əraziləri olması ilə bağlı rəsmi sənədlərlə çıxış edib və işğal altında qalan torpaqların qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələr qəbul olunub. Azərbaycan bu mənada daha çox beynəlxalq hüquqa güvəndi və münaqişənin sülh yolu ilə həll olunmasına üstünlük verdi. Nəticə etibarilə artıq 20 ildən artıqdır ki, danışıqlar aparılır və torpaqlarımız hələ də işğal altında qalır.

Bu gün vəziyyət daha da qəlizləşib və görünən odur ki, beynlxalq hüquq normalarına riayət edilmir. Əksinə, digər coğrafiyalarda da buna bənzər hallar baş verir və regionda marağı olan dövlətlər münaqişənin həllini deyil, daha da uzadılmasında maraqlı görünürlər.

Vaxtilə Gürcüstanın prezidenti Saakaşvili Cənubi Osetiya və Abxaziyanı azad etmək istəyi ilə çıxış edəndə Rusiya hərbi güclə Tiflisə daxil olaraq, bu niyyətinə görə Gürcüstanı növbəti dəfə “cəzalandırmaq” istəmişdi. Göründüyü kimi, regionda ağalıq etmək istəyən Rusiya özünün hegemonluğunu saxlamaq üçün əlindən gələni edir və “dişini” bizə də “qıcayır”. Bu mənada Azərbaycanın da öz torpaqlarını işğaldan azad etməsi üçün hərbi əməliyyatlara başlanması çətinləşib. Eyni zamanda xatırlayırsınızsa, aprel ayında Dağlıq Qarabağda gedən 3 günlük döyüşlərdə də Rusiya kənarda qalmadı və əməliyyat təzyiqlə dayandırıldı. Deyilən həmin fikirlər bu nöqteyi-nəzərdən tez-tez səslənir.

Hesab edirəm ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnaməsinin qəbulundan dərhal sonra Azərbaycan bundan istifadə edib hərbi addımlarla torpaqlarını işğaldan azad etməli idi. Bu gün doğrudan da vəziyyət çox ciddidir.

“Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da…”

– Siyasi partiyaların, ictimai qurumların kənarda durub beynəlxalq aləmdən “buyruq” gözləməsi nə dərəcədə doğrudur. Sizcə beynəlxalq aləmi məsələyə ədalətli yanaşmaya cəlb etmək üçün siyasi cəmiyyət hansı addımları atmalıdır?

– Biz siyasi partiya olaraq öz yığıncaqlarımızda, görüşlərimizdə qeyd edirik ki, “danışıqlar yolu” bitməlidir. Ya beynəlxaq sənədlər əsas tutularaq işğal altında olan ərazilər azad edilməli, ya da hərb yolu seçilməlidir. Mən bir siyasətçi və müxalfət partiyasının sədri kimi dəfələrlə bu mövqeyimi açıqlamışam.

Bu gün hərb sahəsində də müəyyən neqativ hallardan söz edilsə də hesab edirəm ki, Azərbaycan ordusu çox güclüdür və torpaqlarını azad etməyə qadirdir. Düşmən bunu hiss edir. Məncə bu günlərdə İspaniyada Kataloniya, Şimali İraqda Kürdüsdan dövlətinin yaradılması ilə bağlı referendumlar bizm üçün də həyacan siqnalı olmalı və bundan nəticə çıxararaq ciddi addımlar atılmalıdır.

“Xarici siyasətimiz axsayır, düzgün qərarlar verilmir”

– Fuad bəy, Rusiya Federasiya Şurası artıq qeyd etdiyiniz coğrafiyalarda baş tutan referendumlardan öz mənfəəti üçün yararlanaraq Dağlıq Qarabağ da daxil olmaqla həmin dövlətlərin tanınması fikrini irəli sürüb. Buna fikriniz nə olacaq?

– Rusiyanın dövlət siyasəti daim beynəlxaql hüquqa zidd olaraq aparılıb. Bu gün Rusiya bu referendumları tanısa belə, artıq Avropa ölkələri bunu qəbul etmir. Azərbaycan Rusiyanın bu mövqeyindən ciddi nəticə çıxarmalıdır. Təəssüf ki, bir çox məsələlərdə Azərbaycan Rusiyanın tərəfində olur və Rusiyanın qaldırdığı məsələlərə dəstək verir. Bu da onu göstərir ki, bizdə xarici siyasət axsayır, düzgün qərarlar verilmir. Bunun nəticəsi olaraq Azərbaycan bu gün antidemokratik düşərgədədir və heç bir beynəxalq təşkilat bizi demokratik bir ölkə kimi tanımır. Bu gün daxildə vətəndaşlara qarşı olan təzyiqlər Rusiyanın hakimiyyətə verdiyi dəstəyə söykənərək cərəyan edir.

– Siyasi analitiklər dünyada yaranan böhranı dünyanın yeni xəritəsinin cızılması ilə əlaqələndirirlər və bu, addım-addım insanların şüuruna işlədərək aparılır. Artıq internetdə Dağlıq Qarabağın adı tanınmayan ölkələr kimi siyahıda yer alıb. Buna qarşı hansı reaksiyaların verilməsi labüddür?

– Bu bizim üçün böyük bir təhlükədir. Mən bu barədə dəfələrlə həyəcan təbili çalmışam. Ermənilər harada olursa-olsunlar, Azərbaycan regionlarının adını özəlləşdirmək üçün nə gəldi edirlər. Hələ mən 2004-cü ildə Moskvada olarkən rastlaşdığım bir mənzərə ilə bağlı narahatlığımı mətbuata da bildirmişdim. Həmin il ermənilər orada kilsənin bünövrəsini qoyub, qarşısına da “Yeni Naxçıvan” lövhəsini asmışdılar. Mən bu barədə mətbuat konfransı keçirib həyəcan təbili çaldım. Amma reaksiya verən olmadı.

Ermənilər neçə illərdir “Qarabağ bizimdir” deyir və o istiqamətdə işlər görürlər. Bu kimi məsələlərə “cəfəngiyat” deyib keçmək doğru deyil, hansı ki, biz belə edirik. “Erməni qələt edir” deyirik, amma o da öz bildiyini edir. Torpaqların işğalı buna sübutdur.

Əgər internet üzərində Dağlıq Qarabağ “tanınmayan dövlət” kimi göstərilirsə, buna narahat olmaq lazımdır. Ümumiyyətlə, Dağlıq Qarabağın adı Azərbaycanın sərhədləri daxilində, Azərbaycan bölgəsi olaraq göstərilmirsə, bu artıq təhlükədir. Çünki bu, bir neçə ildən sonra dünyada, beynəlxalq aləmdə təbliğ olunacaq və bizim kiməsə nəsə sübut etməyimiz çətin olacaq. Əgər Qarabağın dövlətlər siyahısında adı çəkilirsə, onun nə vaxtsa tanınması məsələsi qaldırıla bilər. Aidiyyatı qurumlar bununla bağı öz sözlərini deməlidir.

Amma arzu edək ki, güclü dövlətlər özlərində iradə tapıb bu məsələdə bizi dəstəkləyəcəklər. Digər tərəfdən, burda müsəlman-xristian məsələsi var. Artıq bizim üçün çox böyük problem yaranıb.

“İqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və…”

– Bütün hallarda müxalifət siyasi düşərgə bütün problemləri kənara qoyub, məhz Dağlıq Qarabağın işğalı ilə bağlı beynəlxalq münasibətə təsir etmək amacı ilə bir araya gələ bilməzdimi?

– Biz müxalifət olaraq il ərzində Qarabağla bağlı Forumlar keçiririk. Amma bu gün bu məsələdə təkcə müxalifət yox, hər kəs aktiv olmalıdır. Düşünürəm ki, iqtidar partiya qabağa keçib bizləri də arxasınca aparmalı və Qarabağın işğaldan azad olunması ilə bağlı beynəlxalq təşkilatlara ciddi mesajlar verməli, dünyanı silkələyən tədbirlər keçirməlidir. Bu məsələdə artıq iqtidarla müxalifət partiya mövqelərini kənara qoyub bir araya gəməli, fikirlər bir nöqtəyə cəmlənməli, güc bir nöqtəyə yığılmalıdır. Xalq, millət olaraq bu məsələni həll edə bilərik. Səhv etmirəmsə Heydər Əliyev 2002-ci ildə bütün müxalifət partiyalarını bir araya gətirmişdi. Bu çox yaxşı göstərici idi. Amma təəsüf ki, sonra bu görüşlər davam etdirilmədi. Biz iqtidarlı-müxalifətli bir yerdə olsaq beynəlxalq aləm gücümüzü anlayar.