“Elçin Behbudovu hamama aparıb, duşun altında..." - Hacı ƏbdülAvrasiya.net keçmiş millət vəkili, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdülün AzVision.az-a müsahibəsini təqdim edirik:

- Əbdül bəy, sizi daha çox orta yaşlı nəslin nümayəndələri tanıyır, 90-cı illərin siyasi prosesləri ilə yadda qalmısınız. Gənc nəslə özünüzü necə təqdim etmək istərdiniz?


- Həyat tarixçəm çox şaxəlidir. Heç bilmirəm haradan başlayım. 1940-cı ildə Bakıda anadan olmuşam. 1958-ci ildə 161 nömrəli məktəbi bitirmişəm. Sonra o vaxtki Ticarət Texnikomuna daxil olmuşam. Oranı bitirdikdən sonra isə Azərbaycan Politexnik İnstitutunun Avtomobil Nəqliyyatı İstehsalı şöbəsində oxumuşam. Ancaq bununla kifayətlənməmişəm, ədəbiyyata olan marağıma görə filologiya fakültəsində də təhsil almışam. 4 il Odessa Dəniz donanması Mühəndisləri İnstitutunda oxumuşam. Lap axırda İslam Universitetini bitirmişəm. Sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçiyəm. Bu sahə üzrə institutda dərs demişəm.

Həmçinin, ədəbiyyat müəllimi kimi işləmişəm. Gəmi Təmiri Zavodunda çalışmışam. Politexnik İnstitutun Mühərriklər fakültəsində də dərs demişəm. Dediyim kimi, həyatım rəngarəngdir.

Sovet vaxtı iki institutda oxumağa icazə vermirdilər. Politexnik İnstitutun 4-cü kursuna keçəndə universitetin filologiya fakültəsinə daxil oldum. Anamdan başqa üç il heç kim bunu bilmədi. Gecə və gündüz təhsil alırdım. Eyni gündə həm humanitar, həm də texniki fəndən imtahan verirdim. Onda 3 il yarışlara getmədim. Qorxurdum ki, yarışlarda bu təhsil müəssisələri məni öz tələbələri kimi təqdim edərlər və məsələnin üstü açılar. Nəticədə hər ikisindən qovula bilərdim. Çox prinsipial tələbə idim.

-Güləşçi olduğunuzu dediniz. Yəqin ki, uşaqlığınızdan davaya, qolunuzun gücünü göstərməyə meyilli olmusunuz.

-Uşaqlıqda çox dəcəl idim. Döyülməyim heç yadıma gəlmir. 14 yaşımdan yarışlara çıxmışam. Yunan məşqçim var idi.

-İdmançıların həm də həssas qəlbi olur. Yəqin bundandır ki, bir müddət şeir də yazmısınız.

-Filologiya fakültəsində oxuyasan, şeirə marağın olmasın? Siyasi, uşaq və məhəbbət şeirləri yazırdım.

-Məhəbbət şeirlərini kimə həsr edirdiniz?

-Bu barədə nə danışım... Belə də. (Gülür)

-Doğurdan da həyatınızda rəngarənglik var. Bu saydıqlarınız hara, siyasət hara?

-Siyasət düz yol göstərən deməkdir. Ancaq baxır siyasət kimin əlindədir. Siyasət vətənini, xalqını sevən, dininə məhəbbəti olan adamın əlində olanda gözəl olar. Pulu, vəzifəni, özünü sevən adamların əlində olanda isə çox pis olur. Uşaqlıqdan vətəni sevən adam olmuşam, hadisələrin gedişatından kənarda qala bilməzdim. Buna görə siyasətə gəldim.

Mən həmişə xalqın içində olmuşam. Bir an, bir saniyə belə xalqdan kənarda olmamışam.

-Deputat olanda insanlar sizə yaxınlaşa bilirdilərmi?

-Əlbəttə, yanıma çox gəlirdilər. Gözəl günlər idi... İndi millət vəkillərinə yaxınlaşmaq qeyri- mümkündür. O vaxt daha asan idi. Parlamentə piyada gedib, piyada gəlirdim. 3 maşınım var idi. Ancaq ictimai nəqliyyatdan istifadə edirdim. Təyyarə ilə harasa gedəndə, camaatın keçdiyi yerdən keçirdim, növbəyə dururdum. Deyirdim, qoy düşünməsinlər ki, deputatdır deyə maşından düşmür. İnsanlarla ünsiyyətimi kəsmirdim.

-“Tövbə”-nin ideyası necə yarandı? Belə bir cəmiyyəti yaratmaq kimin ağlına gəldi?

-1985-ci il idi. Həmişə yatağımın yanında qələm dəftər saxlayırdım ki, gecə təbim gəlsə, kiçik şeirlər yazım. Bir gün yatıb yuxuda gördüm ki, İrandayam və İmam Xomeyni çıxış edir. Elə gözəl fikirlər deyir ki, gözümü ondan çəkə bilmirəm. Yuxu gördüyümü bilirdim, çalışırdım ki, danışdıqlarını yadda saxlayım və səhər durub xalqa danışım, xalq pis əməllərdən çəkinsin.

Yuxudan ayıldım ki, gecə dördün yarısıdır. Yadımda ancaq bir fikri qalıb: “Xalq cəsarətli bir sözə möhtacdır”. Bunu dəftərimə yazıb yatdım. Politexnik İnstitutda bir fəlsəfə müəllimi var idi , ona dedim ki, qardaş, belə bir yuxu görmüşəm, ancaq nə məna kəsb etdiyini tapa bilmirəm. Gedib, dostlarıma, yoldaşlarıma deyəcəm ki, içki içməsinlər, ziyanlı vərdişlərdən uzaq dursunlar, o boyda imamı yuxuda görümüşəm. Özüm də içkidən uzaqlaşdım, dostlarıma məsləhət gördüm ki, içməsinlər. Həmin müəllim yanıma gəlib dedi ki, cəsarətli fikir tövbədir. Beləliklə “Tövbə” cəmiyyəti yarandı.

Dağlı məhəlləsindəki gənclərin hamısını tövbə etdirdim. 200 gənci Politexnik İnstitutun idman zalına yığıb tövbə mərasimi təşkil etdim. Həmin günlərdən birində zala iki hündürboy kişi daxil oldu. Sənətlərini göstərib, KQB əməkdaşı olduqlarını dedilər.

Bildirdilər ki, ruslar bizdən şikayət ediblər. Deyiblər ki, “Tək bir”, “Allahu-Əkbər” deyib səs salırıq. “Tək bir”in mənasını soruşdular. Dedim, bir adam xəstəxanaya gedəndə həkim ona dərman verməsə, o, sağalar? Dedilər, xeyir. Dedim, bu uşaqlar da içkiyə, narkotikaya aludə olublar. Dərmanlarını verib müalicə edirəm. Dərman isə “Tək bir”, yəni Allahdır, inamdır. Ağıllarına batdı, çıxıb getdilər.

Bir neçə dəqiqədən sonra həmin şəxslərdən biri qayıtdı. Dedi ki, mən də tövbə etmək istəyirəm. Dedim haçan istəyirsən, buyur gəl. Həmin adam İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudov idi. Onu hamama aparıb duşun altında tövbə etdirdim.

Onunla bağlı bu əhvalat heç yadımdan çıxmır. Deməli bu, suyun altında durub, mən də tövbə etdirirəm. Bir də baxdım ki, Elçin əsir. Əlimi kürəyinə qoyub, surələri təkrar etdirəndə gördüm ki, su od kimidir. Sən demə, yadımdan çıxıb, soyuq suyu açmamışam, bu da qaynar suyun altında yanırmış. Üz vurmadım və əlimi kürəyindən çəkmədim ki, qoy tövbənin gücü itməsin. Onunla bərabər mən də yandım.

-Beləliklə, tövbə edənlərin sayı artdı...

-Maşallah, saysız, hesabsız adamlar tövbə etdilər. Elə olurdu ki, həm atanı, həm də oğulunu tövbə etdirirdim. Kazanda tövbə məscidi tikdirmişdim. Dağıstanda da belə bir məscid var idi. Sosialist ölkələrindən yanımıza tövbə etməyə gəlirdilər. Cəmiyyətimizin 6 dildə nizamnaməsi var idi. Dünyada belə bir cəmiyyət ilk dəfə Azərbaycanda yaradılıb.

-Tövbə etdirmək üçün hansı metodlardan istifadə edirdiniz? Suyun altında surə oxumaq, şallaq vurmaq?

-1985-ci ildə hamamda tövbə etdirirdik. Məscidə keçəndən sonra tövbənin forması dəyişdi. Bir məsələni də vurğulayım ki, tövbə edənləri bir müddət məsciddəki otaqlarımızda saxlayırdıq. Onları tezliklə evə buraxmırdıq.

Məsciddə böyük idman zalımız var idi. Dövlət bizə güləş üçün ləvazimatlar vermişdi. Gündə 3 dəfə onlarla məşq aparırdım. Narkotikadan tövbə edənlərin bədənlərinin sıxma vaxtı gələndə özüm onları sındırırdım. Bir-biriləri ilə və ya özümlə güləşdirirdim. Həmin adamlar o anı idmanla ötürürdü. Əzan veriləndə idmanı saxlayıb, namaz qılırdılar.

Tövbə edən adam bu bəladan xilas olduğunu, evə getmək istədiyini deyəndə icazə vermirdim. Deyirdim proses əlavə iki ay da davam edəcək.

-Hansı günahlara görə sizə müraciət edirdilər?

- Bizim tövbənin altı şərti var. Pis işlərdən, zinadan uzaq durmalısan, spirtli içkilərdən, narkotikadan istifadə etməməlisən, məzhəb, millət, təriqət ixtilafı yaratmamalısan. Tövbələrimiz bu şərtlər altında olurdu. Xristian da gəlib bizdə tövbə edirdi. Belə adamlardan biri Bakıda tövbə edəndən sonra “Tövbə cəmiyyəti” yaratdı. Onlara “Dom Mariya” adında kilsə də verdilər. Bizim üçün insanın yahudi, xristian və ya müsəlman olmasının, hansı məzhəbdən, təriqətdən olmasının fərqi yoxdur. Millətə qayıtsın, ailəsinə qayıtsın. Qayıdandan sonra Allah istəsə hidayət edəcək.

-Xristian qonağınıza da şallaq vurdunuz?

-Şallaq bizim "Tövbə”yə böhtandır. Biz şallaq vurmuruq. Tövbə edənə hədiyyə veririk.

-Nə hədiyyə edirsiniz?


-Quran kitabında tövbə edibsə, biz həmin Quranı ona veririk ki, qoy evinə girəndə, çıxanda gözünün qabağında olsun, tövbəsini pozmasın.

-Xanımlar da tövbəyə gəlir?

-Əlbəttə, gəlirlər. Bir yahudi qadın tövbə üçün gəlmişdi. Onların nə üçün, nədən tövbə etdiklərini mən soruşmuram. Sadəcə surəni mən deyirəm, onlar da təkrar edir.

-Dəfələrlə müsahibələrinizdə tanınmış siyasətçilərin tövbə etdiyi bildirmisiniz. Həmin şəxslərin adlarını çəkə bilərsinizmi?

-Adlarını deyə bilmərəm. Partiya sədrlərindən çox adam tövbə edib. Bircə indiki deputat Tahir Kərimlinin adını bir neçə dəfə mətbuatda çəkmişəm. O vaxt mən həbs olunanda Ali Məhkəmənin sədri Tahir Kərimli idi. Ona bəlkə də 100-ə yaxın məktub göndərdim ki, mən günahsızam. İşimə baxmırdı, uzadırdı. AXC-nin vaxtından Heydər Əliyev hakimiyyətə gələn günə qədər həbsdə qaldım. Dövran fırlandı, hakimiyyət dəyişildi. Tahir Kərimli tövbəyə gəldi. Bunu yerə uzadıb, şallağı əlimə aldım. Yazdığım məktubları, uşaqlarımın sahibsiz qaldığı günləri xatırladım. Dedim, Allah, mənə güc ver. Ona 3 dənə şallağı elə vurdum ki... Bu, Allahın hökmü idi.

-Ayağa durnadan sonra sizə heç nə demədi?

-Mənə heç kim heç nə deyə bilməz.

-Maraqlıdır, siz tövbənizi heç vaxt pozmursunuz?

-Mən elə tövbə etmişəm ki, doğrasalar da tövbəmi pozmaram. Ölərəm, amma tövbəmi pozmaram. Çünki mən tövbənin başında gedirəm. Ölmək olar, amma pozmaq olmaz. Zindanda qarşıma şərtlər qoyurdular ki, onların dediyin eləyim, məni həbsdən buraxsınlar. Etmirdim. Çünki yalan danışa və ya heç kimə şər ata bilməzdim. Səhəri günü şər atdığım adam mənə deyərdi: “Həci, sənə ayıb olsun, mənə şər atdın”.

Rəis mənə dedi ki, ya onların dediklərini eləməliyəm, ya da həbsdə qalıb ölməliyəm. Zərrə qədər qorxum yox idi. Qaldığım kamerada hamını tövbə etdirmişdim, namaza oturtmuşdum. Hətta başqa kameralardan xahiş edirdilər ki, onları da tövbə etdirim.

Heydər Əliyev hakimiyyətə gələndən sonra həbsxana nəzarətçisi yanıma gəldi. Dedi ki, hazırlaş, Heydər Əliyev səni həbsdən buraxdırır. Həbsdən çıxandan sonra məni Moskvaya müalicəyə göndərdi, səsimə görə əməliyyat olundum.

-Bildiyimizə görə 12 övladınız var. Onlar sizin yolunuzla gedirmi?

- Böyük övladımın 50, kiçik övladımın isə bir yaşı var. Böyük uşaqlarım keçməkeşli günlərimə düşdülər, onlara çox diqqət yetirə bilmədim. Allah qismət etsə, onları da haqq yolu ilə apararıq.
"İlham Əliyevlə mübarizə apara biləcək bir alternativ güc yoxdur"“İlham Əliyev həm müxalif yönlü insanların, həm də xalqın böyük əksəriyyətinin qeyd-şərtsiz hesablaşdığı və qəbul etdiyi ortaq namizəddir.”

Məlum olduğu kimi respublikamızda Prezident seçkilərinin vaxtının dəyişdirilərək önə çəkilməsi müxalifət partiyaları tərəfində etirazla qarşılanıb. Məsələyə aydınlq gətirmək məqsədi ilə Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq, hüquq üzrə fəlsəfə doktoru, dosent Xaliq Səfəviyə müraciət etdik.

-Xaliq müəllim, ilk öncə ondan başlayaq ki, Prezident seçkiləri niyə önə çəkildi?
-Əvvəlcə onu qeyd edim ki, bu sualla bağlı çoxlu fikirlər irəli sürülüb. Hüquqi aspektdən yanaşdıqda bu tam qanuni və mümkün olan haldır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən prezident seçkilərinin vaxtından əvvəl kecirilməsi ilə bağlı Prezident qərar verə bilər. Bu məsələnin hüquqi aspektidir və tam olaraq qanuna müvafiqdir. Azərbaycan Respublikasında Konstitusiyasının 109-cu maddəsinin 18-ci bəndinə əsasən seçkilərin və referendumun vaxtını Prezident təyin edir. Hazırda bəzi müxalifət partiyaları bu seçkilərin keçirilməsinə haqsız olaraq öz etirazlarını bildirirlər. Əslində onlar bu etirazları ilə ya fərqində olaraq, yəni bilə - bilə, ya da fərqində olmadan Azərbaycan Respublikası əhalisinin fikirlərinə, onun səsvermə hüququna etiraz edib onların konstitusyon hüquqlarını tapdalayırlar. Azərbaycan əhalisi yüksək səs çoxluğu ilə öz ölkəsinin prezidentini seçibsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqı adından danışa bilmə hüququna sahib yeganə şəxsdirsə, bu etiraz edənlərin nə hüquqi baxımdan, nə də siyasi baxımdan əsaslarının olmadığını deyə bilərik.

-Bəzi müxalifət yönlü partiya sözçüləri bunun müxalifət partiyalarını zərərsizləşdirmək məqsədi ilə edildiyi bildirilir. Sizin fkrinizcə bu mümkündürmü ?
-Bu seçki kampaniyası zamanı çox fikirlər irəli sürülə bilər. Ancaq əmin ola bilərsiniz ki, bu gün Siyasi səhnədə Prezidentlik uğrunda mübarizədə İlham Əliyevlə mübarizə apara biləcək bir alternativ güc yoxdur. Müxalifət yönlü partiya nümayəndələri özləri də yaxşı bilirlər ki, bu gün İlham Əliyev həm müxalif yönümlü insanların, həm də xalqın böyük əksəriyyətinin qeyd - şərtsiz hesablaşdığı və qəbul etdiyi ortaq namizəddir. Siz özünüz də yaxşı bilirsiniz ki, bundan əvvəlki seçkilərdə də müxalifət düşərgəsi həm Milli Şura adlanan qurumla vahid namizəd çıxararaq, həm də tək – tək seçkilərdə iştirak etmişdilər. Amma onlar nə yazıq ki, xalqın inamını qazana bilməmişdilər.

-Biz bilirik ki, bu il həm Rusiyada, həm də Ermənistanda prezdent seçkiləri keçiriləcək. Bəs bu faktın özünün seçkilərin vaxtından keçirilməsi ilə bir əlaqəsi varmı?
- Əgər biz bu gün iddia etsək ki, bu ölkələrdə keçiriləcək seçkilərin bizə heç bir aidiyyatı yoxdur, bu yanlış olar. Düzdür, hüquqi baxımdan bu seçkilərin bizə heç bir aidiyyatı yoxdur, amma siyasi aspektdən yanaşdığımız zaman, deyə bilərik ki, regionda baş verən hər bir siyasi yüklü hadisə kimi bu hadisələrin də bizim ölkəmizə təsiri vardır. Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərinin önə çəkilməsi Ermənistanda keçiriləcək prezident seçkiləri zamanı ölkəmizə qarşı baş verə biləcək müəyyən təxribat hadisələrin qarşısının alınması baxımından olduqca önəmlidir. Əgər Ermənistanda prezident seçkiləri Azərbaycandakı prezident seçkilərindən öncə keçirilmiş olsaydı, ölkəmiz Ermənistan tərəfindən hələ hazır olmadığı bir təxribatla qarşılaşa bilərdi. Amma Azərbaycan Respublikasının Prezidenti seçkilərinin önə çəkilməsi ilə bu növ təhdidlərin və təxribatların qarşısı alınmış oldu.

-Xaliq müəllim, burda təkcə söhbət təkcə Ermənistandan gələ biləcək təhdidlərdən gedir, yoxsa başqa dövlətlərdən gələ biləcək təhdidlər də bura aiddirmi?
-Əlbəttə, biz bilirik ki, Ermənistan deyilən bir dövlət yoxdur. Ermənistan bu gün regionda Rusiyanın vassalı olmaqla yanaşı, həm də digər Avropa dövlətlərinin də vassalı, əmr və buyruq quludur. Azərbaycan Respublikasının Prezidenti seçkilərinin önə çəkilməsi həm Ermənistanın özünə, həm də onun havadarlarına siyasi mesajdır ki, biz sizdən gələ biləcək hər hansi bir təhlükəni dərhal aradan qaldırmağa qadirik. Rusiya da Ermənistanın siyasi havadarlarından biridir. Rusiya hər nə qədər Azərbaycanla ən müxtəlif sferalarda müttəfiq olsa da, bu qərarla Ermənistan üzərindən Rusiyaya da bir mesaj göndərildi ki, biz Ermənistan vasitəsi ilə Azərbaycanda hər hansı bir təxribatın törədilməsinə imkan verməyəcəyik.

-Bəzi analitiklər iddia edirlər ki, Azərbaycan Respublikasının Prezidenti seçkilərinin önə çəkilməsi bölgədə antiterror əməliyyatlarının başlanacağı ilə əlaqəlidir. Bu nə qədər realdır sizcə? Bölgədə ölkəmiz hər hansı bir antiterror əməliyyatına başlaya bilərmi?
-Yox, o ehtimalı real saymıram. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev artıq üç dəfə prezident seçilib. Bu, artıq onun iştirak edəcəyi dördüncü seçkidir. Bu müddət ərzində cənab İlham Əliyev regionda siyasi baxımdan kifayət qədər öz sözünü demiş, çəkisi olan prezident kimi ölkəsini uğurla regionun ən aparıcı dövlətlərindən birinə çevirib. Bu baxımdan bu ehtimalı mən real görmürəm.

-Xaliq müəəlim, bəzi siyasi analitiklər iddia edirlər ki, bu seçkilərin önə çəkilməsi 28 mayda Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ilə bağlı elan olunacaq əfv fərmanı ilə sıx surətdə əlaqədardır. Bilirik ki, bu əfv fərmanında əfv olunacaq şəxslər REAL hərəkatının sədri İlqar Məmmədovun da adı hallanır. Bu iddianı necə doğru sayırsınızmı?
-Bilirsiniz ki, Ulu öndər Heydər Əliyevin dövründə də, daha sonra Prezidentimiz İlham Əliyevin və birinci vitse prezident Mehran xanım Əliyevanın da təşəbbüsü ilə müxtəlif əfv fərmanları imzalanıb və imzalanan bu əfv fərmanları nəticəsində də müxtəlif insanlar azadlığa buraxılıblar ki, onların arasında siyasətçilər də olub. Bu imzalanan əfv fərmanları Azərbaycan siyasi səhnəsində hansı təsirə malik olublarsa, düşünürəm ki, elə imzalanacaq bu əfv fərmanı da həmin təsirə malik olacaq. Və 28 mayda imzalanacaq həmin bu əfv fərmanı ilə birlikdə cənab İlham Əliyevin nüfuzu cəmiyyətdə daha da artacaq.

Oqtay Hacımusalı
“Martın 2-də Əbu Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlanılacaq”Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx dostluq əlaqələri mövcuddur. Son vaxtlar ölkələrimizin xalqları arasında gediş-gəliş də artıb. Bütün bunlar iki dost dövlət arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyini göstərir. Amma bu da bir faktdır ki, dostluq əlaqələrinin özülünü mütləq kimlərsə qoymalı və sonra da davam etdirməlidir. Əlbəttə, bu mənada Azərbaycanın BƏƏ-də səfiri, böyük diplomat, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük xidmətləri olan Daşqın Şikarovun əməyi müqayisəsizdir. Fikirləşdim ki, 2017-ci ili yola salıb, bu ilə yenicə qədəm qoymuşuq, Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrə elə hörmətli səfirimizlə müsahibə edib, onun fikirləri ilə aydınlıq gətirək. Sağ olsun, bu da nəticəsi...

Öncə "Həftə içi" qəzetinin oxuyucularını salamlayıb, onlara ən xoş arzularımı çatdıran Azərbaycan səfirinin dediklərini gəlin misralara çevrilmiş müsahibədən birlikdən oxuyub, öyrənək:

- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan genişmiqyaslı işlər Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin fəaliyyətində də öz əksini tapıb. Bununla əlaqədar, səfirliyin BƏƏ-də diplomatik, siyasi, iqtisadi və humanitar sahələrdə fəaliyyətində yeni dinamika müşahidə olunur. İqtisadi inkişafında böyük nailiyyətlər əldə etmiş və Azərbaycanla dostluq münasibətlərdə olan BƏƏ-də iş mühiti rahat və məmnunedicidir. Şübhəsiz, hər bir ölkənin tarix, adət-ənənə, din, mövcud dövlət quruluşu sistemi və digər amillərdən irəli gələn xüsusiyyətləri var. Diplomatın vəzifəsi sözügedən xüsusiyyətlərə hörmət və ehtiramla yanaşmaqla ölkələr arasında əməkdaşlıq körpülərinin qurulmasından ibarətdir.

- Ölkələrimiz arasında münasibətlərin səviyyəsi, geridə buraxdığımız 2017-ci ilə baxsaq, sizi qane edirmi? Ötənilki fəaliyyətə nəzər salanda “kaş ki, onu etmiş olaydıq” dediyiniz, amma reallaşması bu ilə qalan hansı layihələr var və bu istiqamətdə planlarınız nədir?

- Səfirliyin fəaliyyəti müəyyən edilmiş plan və iş əsnasında meydana çıxan imkanlar əsasında aparılır. 2017-ci il istər siyasi, istər iqtisadi, istərsə də humanitar və təbliğat sahəsində kifayət qədər zəngin olub. Ölkələrimiz arasında diplomatik, iqtisadi və humanitar sahələrdə həyata keçirilməsi nəzərdə tutulmuş bütün işlər həyata keçirilib. Bununla belə, həyata keçirilməsi 2018-ci ilə nəzərdə tutulmuş bir sıra tədbirlər üzrə də müəyyən işlərə məhz 2017-ci ildə start verilib ki, bu tədbirlər həyata keçirildikcə mətbuata məlumat veriləcək.

- Rəsmi və biznes mühitini bir kənara qoysaq, bu gün BƏƏ cəmiyyətində Azərbaycan necə tanınır, sadə xalq barəmizdə nələri bilir?

- Çox müsbət haldır ki, bu gün Azərbaycan BƏƏ və burada yaşayan digər ölkə vətəndaşları arasında çox tanınan ölkədir. Azərbaycanlılar və ərəblərin islam dininə itaət etməsi, aralarında adət-ənənə, mədəniyyət, mətbəx oxşarlıqları xalqları biri birinə yaxınlaşdıran amilərdir. Eyni zamanda, son illərdə ölkələrimiz arasında turist mübadiləsinin artması Azərbaycanın BƏƏ-də və BƏƏ-nin Azərbaycanda tanınmasına xidmət edir. Bu ölkədə demək olar hər 5 nəfərdən birinin Azərbaycanda olduğu, yenidən getməyi planlaşdırdığı kimi xoş təəssüratları eşitmək həqiqətən də çox xoşdur və bu istiqamətdə fəaliyyətimizi daha da artırmaq üçün ilham mənbəyidir.

- Azərbaycanla BƏƏ arasında siyasi əlaqələr yüksək səviyyədədir, bu məlumdur. Amma yenə də soruşmaq istərdim: irəlidən Xocalı soyqırımının ildönümü gəlir, onun tanınması və ya bu kimi digər addımların atılması üçün BƏƏ hökuməti ilə hər hansı görüş və danışıqlarınız olubmu? Olubsa gözləntiləriniz necədir?

- Birləşmiş Ərəb Əmirlikləri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələsində, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən ölkədir. Tərəf müqabillərimizlə müxtəlif səviyyələrdə keçirilən bütün görüşlərdə, BƏƏ-nin münaqişəyə dair beynəlxalq hüquqa əsaslanan mövqeyinə görə minnətdarlıq bildirilməklə yanaşı, bir daha Azərbaycan həqiqətləri, ermənilərin Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırım haqqında, eyni zamanda, sözügedən soyqırıma bir sıra ölkələr tərəfindən hüquqi qiymət verilməsi barədə məlumatlar verilir. Bu münaqişənin həlli üçün müsəlman ölkələrinin vahid mövqedən çıxış etməsinin son dərəcə vacib olduğu vurğulanır.

- İqtisadi əlaqələrimizin səviyyəsini necə dəyərləndirərsiniz? 2017-ci ilə nəzər salsaq iki ölkə arasında ticarətin həcmi təxminən nə qədərdir və ticarətdə üstünlük tərəflərdən hansındadır?

- Məmnuniyyətlə bildirmək istərdim ki, böyük potensiala malik olan Azərbaycan - BƏƏ iqtisadi əlaqələri 2017-ci il ərzində sürətlə inkişaf edib. Belə ki, Dubay Ticarət Palatası 2017-ci ilin natamam göstəricilərinə görə iki ölkə arasında ticarət dövriyyəsinin 221 milyon dollar təşkil etdiyini açıqlayıb ki, bu da 2016-ci il ilə müqayisədə 3,5 dəfə çoxdur. Sözügedən rəqəm təkcə Dubayla olan ticarəti əks etdirir və nəzərə alsaq ki, ölkəmiz digər əmirliklərlə, o cümlədən Əbu Dabi əmiriliyi ilə də ticarət əlaqələrindədir, bu rəqəmin daha çox olduğunu deməyə əsas verir. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər kimi Azərbaycan Prezidentinin qeyri neft sektorunun inkişafı strategiyası çərçivəsində BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, beynəlxalq sərgi, tədbir və festivallarda iştirak, həmçinin böyük turist axınını göstərmək olar. Azərbaycanın xaricdəki bir neçə ticarət nümayəndəliyindən birinin də BƏƏ-də açılması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas yaradır.

- Məlumdur ki, quraq təbii şəraitə malik regionun bir parçası olan BƏƏ-də kənd təsərrüfatı məhsullarına ciddi ehtiyac duyulur və həmin məhsullarla zəngin olan respublikamız BƏƏ bazarında söz sahibi ola bilər. Lütfən bu xüsusda fikir və görüşlərinizi yazın: indiyədək BƏƏ bazarına Azərbaycan nə çıxarır və 2018-ci ildə daha yeni məhsullar çıxaracağı gözlənilirmi? Son illər BƏƏ-də keçiirlən sərgilərdə Azərbaycan ortalama 25-30 qeyri-neft sahəsinin şirkətləri ilə təmsil olunur. Bunlar ən çox kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları ilə məşğul olan şirkətlərdir. Belə sərgidə təmsil olunmaq ikitərəfli ticarətin artmasına nə kimi təsir etməkdədir?

- Birləşmiş Ərəb Əmirliklərinin ən tanınmış hipermarketlərində Azərbaycanda istehsal olunmuş meyvə, tərəvəz və ət məhsullarına rast gəlmək olar. Öz yüksək keyfiyyəti ilə seçilən bu məhsullar yerli əhali arasında çox məşhurdur. Hətta BƏƏ-də fəaliyyət göstərən bəzi restoranlar Azərbaycandan gündəlik olaraq ət və meyvə-tərəvəz məhsulları ilə təchiz olunur. Təbii ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı mallarının həm çeşid, həm də kəmiyyət baxımından artırılması üzərində hərtərəfli iş aparılır. Deyə bilərəm ki, BƏƏ bazarında Azərbaycanın meyvə-tərəvəz və meyvə şirələri, mineral sular və digər sərinləşdirici içkilər, ət və süd məhsulları, çay, fındıq, konservləşdirilmiş məhsullar və digər kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub. Lakin BƏƏ-nin qida məhsullarının demək olar hamısını idxal etdiyini və bu məhsulun böyük hissəsini olduğu kimi və ya emal olunmuş şəkildə regionun digər ölkələrinə təkrar ixrac edildiyini nəzərə alaraq, ölkəmizin məhsularının bu bazarda mövqelərinin genişləndirilməsi üçün daha böyük imkanlar var. Vurğuladığımız kimi, beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı ticarət mübadiləsinin artmasına təsirli təkan verən amillərdəndir. Qeyd olunmalıdır ki, 2017-ci ildə Azərbaycan Gulfood 2017, Arabian Travel Market, Əbu Dabidə keçirilmiş "İslam Həmrəyliyi ili-istiqamət Azərbaycan" sərgilərdinə, Şeyx Zahid İrsi Festivalında təmsil olunub. Həmçinin Əmirliklərdən olan sənaye şirkətləri Bakıda keçirilmiş REC Expo daşınmaz əmlak sərgisində də iştirak ediblər.

- Hazırda dövlətimiz turizmin inkişafı müstəvisində ciddi layihələr həyata keçirir və bu məqsədlərə ərəb, ö cümlədən BƏƏ turistini ölkəmizə cəlb etmək də daxildir. O da məlumdur ki, son illər konkret olaraq BƏƏ-dən Azərbaycana gələnlərin sayı sürətlə artır. Lütfən bu müstəvidə fikirlərinizi alaq... Yola saldığımız il BƏƏ-dən Azərbaycana nə qədər turist gəlib və builki gözləntiləriniz nə qədərdir? Ö cümlədən, Azərbaycandan da BƏƏ-yə gedən turistlərin illik sayı barədə, imkan varsa, məlumat açıqlayardınız...

- Turizmin inkişafına dair Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi daha da artmaqdadır və bu gün on minlərlə BƏƏ turisti Azərbaycana səfər edir. BƏƏ-dən olan böyük turist axını Azərbaycan turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verməklə yanaşı, ikitərəfli əlaqələrə də təsir edir. Rəsmi statistikaya görə 2017-ci ildə BƏƏ-dən Azərbaycana 106500 nəfər turist gedib. Lakin, statistik göstəricilərə yalnız BƏƏ vətəndaşlarının daxil olmasını, BƏƏ əhalisinin 85 faizdən çoxunun isə digər ölkə vətəndaşlarının təşkil etdiyini nəzərə alsaq, bu rəqəmin daha çox olmasını əminliklə demək olar. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 2500, 2016-ci ildə isə 68500 nəfər olub. BƏƏ mətbuatında yayılmış məlumata əsasən, Google şirkətinin rəsmi açıqlamasında Azərbaycan xaricə səfər etmək üçün BƏƏ-dən axtarışa verilən ölkələr sırasında 5-ci yeri tutub.

- İkitərəfli gediş-gəlişi artırmaq üçün rahat nəqliyyata ehtiyac var. Bilirik ki, Azərbaycanla BƏƏ arasında Bakıdan Dubaya və Qəbələdən Dubaya hava yolu müntəzəm fəaliyyət göstərir və son vaxtlar Şarjaya da hava reysləri açıldı. Amma Bakı ilə Əbu Dabi arasında hələ də birbaşa reyslər yoxdur. Bu barədə danışıqlar gedirdi, nəticəsi nə oldu və 2018-ci ildə bu yönümdə sevindirici xəbər ala biləcəyikmi?

- 2016-cı ildə başladılmış və 2017-ci ildə davam etdirilmiş işlər nəticəsində ötən ilin mart ayından “Air Arabia” şirkətinin Şarja-Bakı marşrutu üzrə birbaşa reysləri açılıb. Öncə həftədə iki dəfə uçuş həyata keçirən şirkət daha sonra uçuşların sayını artırıb və bu gün şirkətin qeyd olunan marşrut üzrə, hətta gündə iki dəfə təyyarə uçuşu olur. Bununla yanaşı “Air Arabia” şirkəti ilə aparılan işlər nəticəsində şirkətin bu ilin iyun ayından Şarja-Qəbələ marşrutu üzrə də reyslərin başlanılması barədə iki ölkə arasında qərar qəbul edilib. Əbu Dabi-Bakı birbaşa uçuşları ilə bağlı sualınıza cavab olaraq bildirmək istərdim ki, dünyanın ən yaxşı hava yolları beşliyinə daxil olan “Etihad Airways” şirkəti 2018-ci il mart ayının 2-dən başlayaraq qeyd olunan marşrut üzrə uçuşlara başlayacaq. Qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı da iş 2016-cı ildən başladılıb, ancaq səfirlik tərəfindən qaldırılmış təşəbbüs və keçirilən görüşlər nəticə verməmişdi. Lakin şirkətin rəhbərliyi dəyişildikdən və səfirliyin BƏƏ-nin yüksək rütbəli rəsmi şəxsləri ilə təmaslarda məsələni müzakirə etməsi nəticəsində ötən ilin avqust ayında şirkətin nümayəndə heyətinin Bakıya səfəri təşkil edildi və uçuşların başlanılması barədə razılıq əldə olundu. Səfirlik “Etihad” hava yolları şirkəti ilə birgə 2 mart tarixində baş tutacaq ilk uçuşla bağlı Əbu Dabi və Bakı şəhərlərində mərasim tədbirlərinin keçirilməsi üzərində işləyir. Ölkənin paytaxtı və siyasi mərkəzi olan Əbu Dabi Əmirliyinin turizm baxımdan çox cəlbedici olduğunu, burada yerləşən möhtəşəm Şeyx Zayed məscidi, Luvr muzeyi, Ferrari World, Yas Water World, Warner Brothers kimi əyləncə şəhərcikləri, çimərliklər və müxtəlif seqmentlərdə mehmanxanalar, formula 1 və digər avtomobil idman yarışları, müxtəlif dünya şöhrətli ulduzların konsertləri və sair kimi tədbirlər Əbu Dabinin turistik nöqteyi nəzərindən Dubayla rəqabət aparmasına imkan yaradır. Həmçinin Əbu Dabinin BƏƏ iqtisadiyyatında böyük rolu var. Yerli ərəblərin əksəriyyəti bu əmirlik ərazisində yaşayır və əmirliyin investisiya imkanları olduqca yüksək qiymətləndirilir. Bunları nəzərə alaraq sözügedən reysin açılmasının iki ölkə arasında turizm əlaqələri ilə yanaşı ticarət mübadiləsinə də təkan verəcəyini ehtimal etməyə əsas var. Qeyd olunanlarla yanaşı onu da diqqətinizə çatdırmaq istəyirəm ki, səfirlik əməkdaşlq etdiyi BƏƏ-nin hava yolları şirkətlərinə Azərbaycanın digər səfalı və turist potensialı olan yerləri barədə məlumatlar verir, onları başqa istiqamətlərdə uçuşlar həyata keçirməyə təşviq edir. “Air Arabia” və “Etihad” hava yollarına BƏƏ ilə Naxçıvan arasında birbaşa uçuşların nəzərdən keçirilməsi də təklif edilib və bu istiqamətdə iş gedir.

- Son olaraq, bu il iki ölkə arasında rəsmi müstəvidə hansı qarşılıqlı səfərlər nəzərdə tutulur? Xüsusilə də BƏƏ prezidentinin Bakıya, Azərbaycan dövlət başçısının da BƏƏ-yə səfəri nəzərdə tutulurmu?

- 2017-ci il əməkdaşlığın qarşılıqlı səfərlər müstəvisində də çox məhsuldar olub. Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığında Əbu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanla görüşü, Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovun, xarici işlər naziri Elmar Məmmədyarovun, daxili işlər naziri Ramil Usubovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, iqtisadiyyat naziri Şahin Mustafayevin, gənclər və idman naziri Azad Rəhimovun, Dövlət Sərhəd Xidmətinin rəsi Elçin Quliyevin, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin, AZAL-ın Prezidenti Cahangir Əsgərovun və digər rəsmi şəxslərin BƏƏ-yə, həmçinin BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdulla Bin Zayed Bin Nəhyanın, Prezidentin hüquq və dini məsələlər üzrə müşaviri Əl-Sayid Əli bin əl-Sayidin, Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd əl-Bavardinin, Xarici İşlər üzrə dövlət naziri Ənvər Qarqaşın və digər yüksək rütbəli məmurların Azərbaycana səfərləri ölkələr arasında əməkdaşlıq üçün vacib olub. 2018-ci il ərzində Əbu Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl-Nəhyanın Azərbaycana səfərinin təşkil olunması üçün iş davam etdirilir. Eyni zamanda Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, energetika naziri Pərviz Şahbazovun, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Milli Məclis nümayəndə heyətinin BƏƏ-yə səfərləri, həmçinin iki ölkə xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi nəzərdə tutulub. İl ərzində iqtisadi sahəyə aid bir sıra tədbirlərin də həyata keçirilməsi planlaşdırılır.

Vüsal Tağıbəyli
Ayaz Mütəllibov: "Seçkilərdə prezident İlham Əliyevi dəstəkləməliyik"Avrasiya.net Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov "Ölkə.Az" xəbər portalına verdiyi müsahibəni təqdim edir.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərara sizin münasibətiniz necədir?

– Əvvəla, bu qərarın dövlətimizin zəruriliyindən irəli gəlməsinə şübhə etmirəm. Yəni, bu sırf dövlətçiliyimizlə bağlı atılan addımdır. Burada olan incəlikləri ölkə başçısı İlham Əliyev daha yaxşı bilir. Bu qərarı şəxsi məsələ kimi təqdim etmək doğru deyil. Bu, qarşıya çıxan və böyük məsuliyyət tələb edən məsələlərə hesablanıb. Ona görə də mən Azərbaycanda prezident seçkilərinin ertələnməsinə çox normal baxıram.

Dəfələrlə də bildirmişəm ki, mən ayrı-ayrı siyasi partiyaları deyil, Azərbaycan dövlətçiliyini dəstəkləyirəm. Mən hər zaman dövlətçiliyin qorunmasının tərəfini tutan insanam. Heç zaman da şəxsi mövqeyim və marağım üçün çıxış etməmişəm. Hər zaman demişəm ki, biz gərək prezident İlham Əliyevə dəstək verək. Çünki dünyada, o cümlədən Azərbaycanın qonşusu ölan ölkələrdə çox xoşagəlməz hadisələr baş verir. Biz də Azərbaycanın xətadan, bəladan uzaq olmasını istəməliyik. Bunun üçün də ölkə başçısının ətrafında sıx birləşməlyik. Daha müxalifətçilik edib dövlət başçısının qərarlarını təftiş etmək, orada nə isə nöqsanlar axtarmaq düzgün deyil. Biz ona diqqət etməliyik ki, tutduğumuz yol Azərbaycanın müstəqilliyinin qorunması və inkişafında səmərəli olsun. Hər bir Azərbaycan vətəndaşı bunu düşünərək, öz prezidentinə kömək etməlidir. Mən də hər zaman yalnız bu məqamı əsas sayıram. Bir daha deyirəm ki, prezident seçkilərinin aprelin 11-ə təyin edilməsi ilə bağlı qərar çox doğru və vacib addımdır. Hər kəs bu addıma hörmətlə yanaşmalıdır.

– Prezident seçkilərində hansı namizədi dəstəkləyəcəksiniz?

– Mənim üçün bu məsələ çoxdan müəyyən edilib. Çıxışlarımda da hər zaman demişəm ki, prezident idarə üsulu ona görə yaradılıb ki, onunla hesablaşasan. Mən ötən dəfə keçirilən seçkilərdə prezident İlham Əliyevə səs vermişdim. Bu dəfə də ona səs verəcəm.

– Bəs seçkilərdə İlham Əliyevin qalib gəlmək şanslarını necə dəyərləndirirsiniz?

– Mənim zənnimcə, prezident seçkilərində İlham Əliyevin alternativi yoxdur. Çünki İlham Əliyev dünya miqyasında tanınan prezidentdir. Onu dünya birliyi çox yaxşı tanıyır. Ümumiyyətlə, hər bir ölkənin prezidenti ən yüksək hörmətə layiq olmalıdır ki, onun əks-sədası beynəlxalq aləmdə də özünü göstərsin. Əminəm ki, İlham Əliyev tam məsuliyyətlə bu işlərə yanaşır və necə addım atılmasını yaxşı bilir. Ona görə də biz prezident İlham Əliyevə hər zaman dəstək verməliyik. İlham Əliyev Azərbaycanı xarici təxribatlardan qorumağa çalışır. Tarixən də şahid olmuşuq ki, Azərbaycan cəmiyyətini daxildən və xaricdən parçalamaq istəyən qüvvələr var. Prezident İlham Əliyev də Azərbaycanı parçalanmadan qorumağa çalışan prezidentdir.

– Prezident seçkiləri apreldə deyil, oktyabrda olsaydı nə baş verə bilərdi?

– Mən bu suala cavab axtarmaq istəmirəm. Ancaq elə məsələlər var ki, onu ölkə prezidenti hamıdan yaxşı bilir. Ola bilsin ki, seçkilərdən əvvəl bunu cəmiyyətə çatdırmaq düzgün olmazdı. Yəqin ki, ehtiyyat üçün bu cür addımlar atılır.

Digər tərəfdən isə Ermənistanda və digər ölkələrdə də bir sıra dəyişikliklər olacaq. Yəqin ki, seçkilərin vaxtının dəyişdirlməsində bu məsələ də nəzərə alınıb. Qonşu ölkələrdə baş verən münaqişələr də bunun isbatıdır. Bu baxımdan biz ehtiyyatımızı əldən verməməliyik və seçkilərdə prezident İlham Əliyevi dəstəkləməliyik.

– Seçkilərə Rusiyadan olan dairələrin müdaxilə etmək ehtimalı nə qədərdir?

– Rusiya Azərbaycanın böyük qonşusu olan dövlətdir. Şükürlər olsun ki, hazırda Azərbaycan və Rusiya münasibətləri normal səviyyədədir. Eyni zamanda Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında da çox yaxşı dostluq münasibətləri var. Bu məqamdan ölkəmiz üçün istifadə etmək vacibdir.

– Azərbaycanda keçiriləcək prezident seçkilərinə Rəsul Quliyev, Hüseyn Abdullayev və digər şəxslər də namizədliklərini irəli sürmək istəyirlər. Bəs bu şəxslərin şansları nə qədərdir?

– Bilirsiniz, ötən sərin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrin hər birimizin yaxşı yadındadır. İndi kimsə prezidentliyə namizəd olmaq istəyirsə, bu sırf onun şəxsi işidir. Ancaq cəmiyyətimiz 90-cı illərin cəmiyyəti deyil. O vaxt biz çaşbaş vəziyyətdə idik. Bir tərəfdən Qarabağ münaqişəsi, digər tərəfdən isə yeni müstəqilliyin qazanılması və sairə, Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmışdı. İndi isə xalqın təəssüratları fərqlidir. İndi biz demokratik yolla addımlayırıq. Hər bir şəxsin prezidentliyiə namizəd olmaq hüquqları var. Ancaq seçim xalqın iradəsindən asılıdır. Xalqın iradəsi kimi seçsə, biz də onunla razılaşmalıyıq.
Növbədənkənar seçki qərarının - Əsas səbəbləriAvrasiya.net Teleqraf.com-a istinadən BAXCP sədri Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir:

- Qüdrət bəy, Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi haqda sərəncam imzaladı. 2018-ci il aprelin 11-də növbəti prezident seçkiləri təyin olundu. Bu qərarı necə şərh edirsiniz?

- Düşünürəm ki, belə bir qərarın verilməsində bir neçə faktor rol oynayıb. Yəni bir yox, bir neçə səbəblər toplusu var. Bu, ilk növbədə ona görə zəruri idi ki, 2025-ci ildə prezident seçkiləri ilə parlament seçkiləri üst-üstə düşə bilərdi. Bu seçkilərin biri 6 ay qabağa çəkilməli idi ki, növbəti parlament və prezident seçkiləri üst-üstə düşməsin. Bu, zəruri idi və görünür, prezident parlamentin deyil, öz səlahiyyət müddətini 6 ay azaldıb.

İkinci mühüm məsələ Dağlıq Qarabağla bağlıdır. Bildiyiniz kimi, son zamanlar bu istiqamətdə Azərbaycan tərəfinin israrlı və təkidli mövqeyi nəticəsində danışıqlar prosesi yenidən bərpa olunub. Rusiya və onun müttəfiqi Ermənistanda eyni vaxtda prezident seçkiləri keçirilir və siyasi hakimiyyət yenidən formalaşır. Azərbaycanda seçkilər payızda keçirilirdi və payıza qədər heç bir iqtidar taleyüklü problemlə əlaqəli riskli qərarlar qəbul etməzdi. Bu səbəbdən də Azərbaycanın mövqeyi bu istiqamətdə zəif görsənirdi. Odur ki, Rusiya və Ermənistanla eyni vaxtda yeni seçkilər keçirmək, yeni dövrə başlamaq faktoru da qərarın verilməsində rol oynaya bilər.

Beləcə Azərbaycanda seçkilər önə çəkilir və təqribən eyni vaxtda hər üç dövlətdə seçkilər keçirilir. Bunu zəruri edən səbəblərdən biri də odur ki, 2016-cı ilin Aprel döyüşündən sonra Azərbaycan Ermənistandan tələb edirdi ki, İrəvan konstruktiv mövqe sərgiləsin və problem həllini tapsın. Ermənistan isə daha üstün mövqe əldə etmək, nəzarətində olan torpaqların kiçik hissəsini itirməklə Azərbaycanı məcbur etmək istəyirdi ki, Bakı müşahidə missiyasının gücləndirilməsinə razılıq versin. Bununla da Ermənistan həm işğalçı ordunun təhlükəsizliyini təmin etmək, həm Dağlıq Qarabağda ermənilərin məskunlaşdırılması siyasətini davam etdirmək, həm də problemin həll edilməmiş qalmasını təmin etmək istəyirdi.

Azərbaycan xalqı da hökumətdən tələb edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atılsın. Biz bundan sonra 25 il danışıqlar apara bilmərik. Doğrudur, iqtidar bəyan edir ki, biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik. Amma bunun neçənci ildə bərpa ediləcəyi haqda konkret bilgi yoxdur. Bu tip suallar açıqdır və xalq da problemin həllini istəyir. Odur ki, iqtidar ciddi qərarlar qəbul etməlidir. Düşünürəm ki, iqtidar Dağlıq Qarabağ problemi istiqamətində daha qətiyyətli mövqe sərgiləsin deyə, prezident seçkilərinin Rusiya və Ermənistandakı seçkilərlə eyni anda keçirilməsi əhəmiyyət daşıyır. Ola bilsin ki, seçkilər haqqında qərarı şərtləndirən faktorlardan biri də bununla bağlıdır.

Digər bir səbəb kimi deyim ki, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır, Rusiya Azərbaycanın qonşusudur. Oradakı azərbaycanlılar pul qazanır və Azərbaycana göndərirlər. Başqa sözlə, Rusiyadakı proseslər Azərbaycana təsirsiz ötüşmür. ABŞ iddia edir ki, Rusiya ABŞ-dakı son prezident seçkilərinə müdaxilə edib. Hazırda Rusiyada prezident seçkiləridir və hamı bunun əksini gözləyir, düşünür ki, ABŞ kimi dövlət bunu cavabsız qoymayacaq və Rusiyadakı seçkilərə müdaxilə edə bilər.

Bütünlüklə Rusiya siyasi elitası üzvlərinin ABŞ tərəfindən sanksiyalar siyahısına salınması rus cəmiyyətində çalxalanmaya səbəb olub. Hələlik Rusiya elitasında təmsil olunan şəxslərin adı qara siyahıya salınıb. Bundan sonra isə sanksiyaların tətbiqi məsələsi gündəmə gələcək. Sanksiyaların tətbiqi isə daha ciddi nəticələr doğuracaq. Rusiyada sabitliyin pozulma ehtimalı var. Bu o demək deyil ki, ABŞ oradakı sabitliyi pozacaq və gərginlik yarada biləcək, amma bu ehtimal var. Düşünürəm ki, bu məqam da növbədənkənar prezident seçkiləri haqda qərar qəbul edilərkən nəzərə alınıb.

Qeyd edim ki, bizdə baş verən proseslərə təsir etmək gücündə olacaq digər mühüm hadisə Türkiyə ilə bağlıdır. Türkiyə böyük dövlətlərlə, hətta Suriya mövzusunda müttəfiq saydığı Rusiya və İranla razılaşmadan Suriyaya daxil olaraq sərhədləri boyunca terrorçulara qarşı əməliyyata başlayıb. Mən heç ABŞ və Avropa Birliyini nəzərə almıram. Bu dövlətlərin hər biri Türkiyədən narazı qalıblar. Müharibəni başlamaq çox asan, başa çatdırmaq isə olduqca çətindir. Böyük dövlətlərin razılığı olmadan Türkiyə bu addımı atıb və görürsünüz ki, hələ də türk ordusu Afrini tam təmizləyə bilmir, ordunun itkiləri artır. Qarşıdakı aylarda Türkiyədə durum necə olacaq, Türkiyə bu müharibəni nə qədər aparmaq gücündədir, iqtisadiyyat buna davam gətirəcəkmi, böyük dövlətlərin atacağı addım necə olacaq, siyasi sabitlik pozula bilərmi məsələləri açıq qalmaqla yanaşı, həm də risklidir.

Üstəlik, Türkiyədə baş verən proseslər də Azərbaycana ciddi təsir edir. Rusiya və Türkiyə müəyyən mənada Azərbaycana yaxın dövlətlərdir. Fikrimcə, bu faktorlar da növbədənkənar seçkilərin keçirilməsi haqqında qərarın qəbulunda rol oynayıb.

Mənim qiymətləndirməmə görə, sonuncu arqument o ola bilər ki, Qərbin müəyyən dairələri Azərbaycandakı seçkilərə müdaxilə etmək haqqında müəyyən planlar qura bilərdilər. Amma seçkilərin 6 ay önə çəkilməsi bu destruktiv qüvvələrin hazırlıq işlərini poza bilərdi.

Məncə, sadaladığım faktorlar erkən seçkilərin keçirilməsini şərtləndirib. Ancaq hansı faktorun burada daha çox təsiri olması o qədər də önəmli deyil. Birinin çox, birinin az təsirli olmasından asılı olmayaraq, düşünürəm ki, bu faktorların hər birinin erkən seçkilərin keçirilməsində rolu olub.

- Bu qərarın ölkədaxili siyasətə hansı təsirləri olacaq?

- Normalda seçkilərə bir il qalmış istənilən ölkədə siyasi proseslər başlayır. Azərbaycanda da bütün siyasi təşkilatlar bilirdilər ki, 2018-ci il ölkədə seçkilər ilidir. Yəni seçkilərin altı ay tez və ya gec keçirilməsi heç nəyi dəyişmir. Bu baxımdan desəm ki, qərar siyasi təşkilatlara tam təsirsiz olub, doğru olmazdı. Məsələn, biz qurultayımızı mayın sonu və ya iyunun birinci yarısında keçirməyi planlaşdırırdıq. Artıq rayonlarda konfranslara hazırlıqlar başlamışdı. Martın 1-dən konfranslar keçiriləcəkdi. Ancaq indi biz seçkilərə qurultay keçirmədən getmək məcburiyyətindəyik.

- Yəni sizə də təsir edib...

- Əlbəttə. Mən dedim ki, müəyyən təsirləri var. Amma ümumən, qlobal götürdükdə partiyaların hamısı bilirdi ki, bu il seçki ilidir və hamısı da seçkiyə hazırlaşırdı. Yəni seçkilərin 6 ay önə çəkilməsinin partiyaların işini tam pozduğu haqda fikirləri qəbul etmirəm. Təşkilati baxımdan bizim partiya qurultayını elan etmişdi, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaratmışdı. Ancaq yəqin ki, indi qurultayı keçirə bilməyəcəyik və Ali Məclis toplanaraq buna münasibət bildirəcək.

- Yəni bu qərar heç bir halda ölkədaxili siyasi amillərlə bağlı deyil?


- Yox. Mən hesab edirəm ki, yuxarıda sadaladıqlarımın hamısı xarici faktorlardır. Düşünürəm ki, xarici faktorlar əsas rol oynayıb və nəticədə prezident növbədənkənar seçkilərin vaxtını elan etdi. Bildiyiniz kimi, növbədənkənar seçkilərlə bağlı mən məsələ qaldırmışdım, sonra başqa siyasətçilər də qaldırdı. Amma YAP rəsmiləri qeyd edirdilər ki, seçkilər vaxtında keçiriləcək. Lakin zaman və şərait də diktə etdi ki, növbədənkənar seçkilər keçirilsin.

- Siz namizədliyinizi irəli sürəcəksiniz, yoxsa vahid namizəd ideyasını daha vacib hesab edirsiniz?


- Təxminən fevralın 9-dan sonra seçkilərə 60 gün qalacaq. Bu o deməkdir ki, seçkilərə 60 gün qalmış seçki prosesi elan olunmalıdır. Yəqin ki, yaxın günlərdə MSK təqvim planını təsdiq etməli, namizədlərin irəli sürülməsi başlamalıdır. Düşünürəm ki, bir həftə ərzində seçki platforması və hakimiyyətə münasibəti bizim partiya ilə yaxın olan partiyalarla danışıqlar aparacağıq. Yaxın 10 gün ərzində partiyamızın seçkilərə öz namizədi ilə gedəcəyi və ya başqa namizədi dəstəkləyəcəyini elan edəcəyik. Sözün doğrusu, bizim partiya vahid namizəd məsələsində güzəştə getməyə hazırdır. Çalışacağıq ki, daha çox partiya bir araya gələ bilsin. Tam səmimi deyirəm ki, Azərbaycanın güclü müxalifətə ehtiyacı var. Onsuz da iqtidar kifayət qədər güclüdür. Müxalifətin güclü olması vacibdir və bunun üçün də müxalif partiyalar bir araya gəlməlidir. Buna da nail olmaq üçün partiyalar güzəştə getməyi bacarmalıdır.

- Siz parlamentdə təmsil olunan partiyaların vahid namizədi ideyasını irəli sürürsünüz?


- Yox. Mənim parlament partiyaları ilə də danışıqlarım olacaq. Amma parlamentdən kənar və mövqeləri bizə yaxın partiyalarla da bu istiqamətdə danışıqlarımız olacaq.

- Müsavat Partiyası namizədini elan edib, Milli Şuranın mövqeyi hələlik aydın deyil. Bu mənada parlamentdən kənar müxalifətin bu prosesdə iştirakını necə görürsünüz?

- Milli Şuradan söhbət gedirsə, Əli Kərimlinin seçkilərə girməsi az ehtimal olunur. Cəmil Həsənli olsa, onun namizədliyi üzərində dayanılacaq. Özü seçkiyə daxil olsa, kampaniyanın hansısa mərhələsində geri çəkiləcək...
Nikah müqaviləsi nikahın və ailənin qorunması vasitəsidirNatiq Abdullayev: " Bu müqavilə təsadüfi, maddi maraqlar naminə bağlanan nikahların sayını azalda bilər"

Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində sosial institutlar da inkişaf edir. Son illərdə Azərbaycan cəmiyyətində nikah müqaviləsinə dair müzakirələr aparılır, bu sosial institutun məcburi formalaşmasına dair təkliflər səslənir. Mütəxəssislər arasında belə bir fikir var ki, ailədə əmlak münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun formalaşması və ailədə hər bir kəsin hüquqlarının mütənasib qorunmasını təmin etmək üçün nikah müqaviləsinin tətbiq olunması zəruri şərtdir. Bu barədə fikirlər müxtəlifdir, ayrı-ayrı mütəxəssislər nikah müqaviləsinə dair fərqli fikirdədir. Ancaq ümumilikdə götürdükdə, nikah müqaviləsinin bağlanmasının zəruriliyi əksəriyyətin fikridir. Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri hüquqşünas Natiq Abdullayevlə söhbətimiz də nikah müqaviləsinin tarixi, mahiyyəti, hazırki dövrdə əhəmiyyəti, tətbiqi zəruriyyəti ilə bağlıdır.

- Natiq müəllim, belə fikirlər var ki, nikah müqaviləsi inkişaf etmiş kapitalist cəmiyyətlərində ailənin ixtiyarında olan əmlakın bölüşdürülməsi üçün düşünülmüş növbəti bir vasitədir. Bildiyimiz kimi, ailənin mənşəyi qədim dövrlərə aiddir, bəs nikah müqaviləsi institutu nə vaxtdan yaranıb?

- Nikah müqaviləsinin ixtirasında birincilik hüququ nə müasir Avropaya, nə də ki, Amerikaya məxsusdur. Bu institut düşündüyümüz kimi gənc deyil. Hələ min il əvvəl Qədim Misirdə və Romada kişi və qadın ailə qurmamışdan əvvəl saziş imzalayırdılar, orada onlar öz əmlak münasibətlərini, həmçinin elə həmin anda, gələcəkdə birgə əldə olunacaq əmlakın vərəsəlik məsələlərini təsvir edirdilər. Bu, heç də utancverici bir şey deyildi və belə bir "sığorta" xristianlıq gələnədək yaılmışdır. Sonrakı zamanlarda "müqəddəs birlik" kilsə tərəfindən bağlanaraq tənzimlənirdi. İngiltərədə 1882-ci ilədək ər və arvadın əmlakı "ümumi hüqüq" üzrə ("common law") ərə məxsus idi. Hətta, qadının nikahadək olan əmlakı da ərinin mülkiyyətinə keçirdi. Lakin bir həqiqət də var ki, ailə-nikah münasibətlərinin inkişafında xüsusi mülkiyyət amili rol oynamışdır. Artıq XVII əsrdə İngiltərədə kapitalizmin inkişafı ilə əlaqədar "ümumi hüquq"un normaları varlı insanların maraqları ilə ziddiyyət təşkil etdiyindən 1882-ci ildə ingiltərə parlamenti tərəfindən ərdə olan qadınların mülkiyyəti haqqında qanun qəbul edilir. Ərli qadınlara hüquq verilirdi ki, mülkiyyətlərində olan əmlaklara dair müqavilələr bağlasınlar və onu vəsiyyət edə bilsinlər. Beləliklə də ilkin olaraq nikah kontraktlarının əmələ gəlməsinin səbəbi varlı insanların öz əmlaklarını kənar müdaxilədən qorumaq zərurəti olmuşdur.

- Bəs müasir dövrdə bu məsələnin aktuallığı nədən irəli gəlir? Nikah müqaviləsi bütünlükdə ailə münasibətlərinin tənzimlənməsinə xidmət edir, yoxsa bu, sadəcə əmlakın bölüşdürülməsini tənzimləyən bir sənəddir?

- 01 iyun 2000-ci ilədək qüvvədə olmuş ailə-nikah qanunvericiliyinə əsasən ər və arvadın əmlak münasibətləri sadəcə qanunla tənzimlənirdi. Sovet mülki hüququnda nikah müqaviləsi bir institut olaraq öz yerini tapmamışdı. Hətta, ümumi birgə əmlakın idarə olunması və sərəncamına dair bağlanmış hər hansı bir saziş qanuna zidd qəbul olunaraq etibarsız hesab olunurdu. Buna əsas səbəb, ər və arvadın əmlakı adətən gündəlik istifadə etdikləri (paltar, mebel və s.) əşyalar idi, ona görə də bir qayda olaraq "bölməyə" heç nə qalmırdı. Bundan əlavə, ehtimal olunurdu ki, sovet ailəsində mənəvi köklər maddi köklər üzərində üstünlük təşkil edir. Lakin müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatı ilə inkişaf edən respublikamızda (digər postsovet ölkələrində olduğu kimi) ictimai münasibətlərin xarakteri dəyişir, buna xüsusi mülkiyyət münasibətlərinin inkişaf etməsi də öz təsirini göstərir. Artıq öz var-dövlətini və kapitalını mühafizə etmək zərurəti yaranan və xeyli sayda əmlakları olan ailələr meydana cıxmışdır.
İctimai münasibətlərin bu cür inkişafına uyğun olaraq da qanunvericilikdə dəyişikliklər, yeni münasibətləri tənzimləyən normalar yaranır.Azərbaycanda nikah müqaviləsinin bağlanılması yeni ailə və mülki məcəllələrin qəbul olunması ilə mümkün oldu. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsində nəzərdə tutulur ki, "ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir".
Azərbaycan Respublikasının Konstitusiyası ilə dövlət ailənin qorunmasına, himayə edilməsinə təminat verir. Dövlətin bu sahədəki siyasətini konkret müddəalarla tənzimləyən Mülki Məcəllə, Ailə Məcəlləsi və digər qanunvericilik aktları isə əsas insan hüquqları və azadlıqlarının qorunmasına müvafiq olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyir.

- Nikah müqaviləsinin bağlanmasının ailə münasibətlərinin qorunması və ya ümumiyyələ, insan hüquq və azadlıqlarının müdafiəsi üçün hansı praktiki əhəmiyyəti vardır?

- Nikah müqaviləsi ər və arvadın məhkəmə qaydasında əmlak bölgüsünə dair mübahisələrdən uzaq olmaq üçün onların maraqlarını nəzərə almaq məqsədilə bağlanan sazişdir. Məhz savadlı tərtib olunmuş nikah müqaviləsi, ər və arvadı artıq bölünməmiş əmlakdan başqa heç bir şey birləşdirmədiyi halda, onların tək istinad mənbəyi ola bilər. Doğrudur, Azərbaycan Respublikasının mülki qanunvericiliyi və Ailə Məcəlləsi ərlə arvadın nikaha qədərki əmlakının qanuni rejimini, birgə nikah dövründə əldə olunmuş əmlakın hüquqi rejimini, boşanma zamanı əmlakın bölüşdürülməsi qaydalarını və s. bu kimi məsələləri tənzimləyir. Lakin etiraf etmək lazımdır ki, yalnız qanunvericiliyin müddəalarına istinad etməklə bəzən ərlə arvad arasında istər birgə nikah dövründə, istərsə də nikah pozulduqdan sonra kifayət qədər mübahisəli məsələlər olur. Təbii ki, nikah müqaviləsi qanunvericiliyin tələblərindən kənara çıxa bilməz, belə ki, nikah müqavləsinin bağlanması özü qanunla tənzimlənir. Yuxarıda sadalanan müddəalardan da göründüyü kimi, qanunvericilikdə nikah müqaviləsində başqa qayda nəzərdə tutulmadığı hallarda, ərlə arvad arasında əmlak münasibətlərinin xarakteri və hüquqi rejimi göstərilir.
Nikah müqaviləsinin bağlanmasının ilk növbədə əhəmiyyəti ondadır ki, təsadüfi, müəyyən maddi maraqlar naminə bağlanan nikahların sayını azalda bilər. Heç də sirr deyil ki, qeyri-maraqlar naminə bağlanan nikahların da sayı az deyil. Nikah müqaviləsinin bağlanması, həmçinin, nikah dövründə ərlə arvadın birgə qazandığı əmlakın etibarlı təminatçısı rolunu oynaya bilər, xüsusi mülkiyyət hüquqlarının qorunmasını təmin edə bilər. Bundan başqa, nikah müqaviləsinin bağlanması əsassız boşanmaların sayının azalmasında müəyyən rol oynaya bilər. Qanunvericiliyin tələbinə görə, nikaha girmə şəxslərin qarşılıqlı iradə ifadələri ilə reallaşır. Nikahın pozulması isə, qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlər istisna olmaqla, birtərəfli iradə ifadəsidir. Məlum olduğu kimi, bir çox hallarda əsaslı səbəblər olmadan, yalnız "xasiyyətimiz düz gəlmir" əsası ilə nikahın pozulmasına dair məhkəmələrə iddialar verilir və məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş qaydada belə iddiaları təmin edir. Təcrübə göstərir ki, hazırda Azərbaycanda boşanma işlərinin əhəmiyyətli bir hissəsi qadınların hüquqlarının pozulması ilə nəticələnir. Yəni, nikahı pozulmuş qadının mənzillə təminatı, aliment alınması və s. məsələlərdə problemlər var və bu problemlər obyektiv səbəblərdən yaranır. Bəzən ər və ya arvad, boşanmanın onun üçün ciddi əmlak nəticələrinə səbəb olmayacağını bildiyinə görə subyektiv mülahizələrdən nikahın pozulmasına dair iddia qaldırır. Belə hallarda qanunvericiliyə istinadla keçmiş ər və ya arvadın nikahdan sonrakı əmlak vəziyyətini, uşaqların maddi təminatını tənzimləmək mümkün olmur. Bax bu cür problemlərin aradan qaldırılması üçün nikah müqaviləsinin bağlanması zəruridir.

- Azərbaycanda nikah müqaviləsinin bağlanması, daha doğrusu, nikah müqaviləsi institutunun formalaşması üçün şərait varmı? Cəmiyyət, yeni ailə quran gənclər buna hazırdırlarmı?

- Mən nikah müqaviləsinin bağlanmamasından yaranan cəmi bir neçə problemi sadaladım. Əslində nikah müqaviləsinin bağlanması ailə institutunun möhkəmlənməsi, inkişafı üçün münbit şərait yaradır, ən azı subyektiv yanaşmaları, nikaha girməyə və boşanmalara əsassız səbəbləri aradan qaldıra bilər. Cəmiyyətin bu məsələyə münasibətinə gəlincə, hesab edirəm ki, hazırda bu məsələ kifayət qədər aktuallaşıb. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri nikah müqaviləsinin bağlanmasının zəruriliyinə dair fikirlərini bildirirlər. Son günlər Milli Məclisin deputatı Sədaqət Vəliyevanın bu məsələ ilə bağlı müsbət təşəbbüsü olub. Həmin təşəbbüs Milli Məclisin Ailə, qadın və uşaq hüquqları komitəsinin sədri Aqiyə xanım Naxçıvanlı tərəfindən də təqdirə layiq hesab edilib. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının rəhbərləri, hakimlər, çoxsaylı hüquqşünaslar da nikah müqaviləsinin tətbiq edilməsinin zəruriliyinə dair KİV-də fikirlərini bildirirlər. Yəni, bu məsələ kifayət qədər aktualdır və hesab edirəm ki, cəmiyyətin bu məsələyə həssas münasibəti də məsələnin aktuallığını göstərir.

- Nikah müqaviləsinin məcburi formada bağlanmasına dair qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi barədə təkliflər səslənir. Sizcə, nikaha girən şəxslərdən birmənalı şəkildə müqavilə imzalamağı tələb etmək olarmı?

- Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Sözügedən müqavilənin predmeti yalnız ər və arvadın əmlak münasibətləri, bir-birini qarşılıqlı saxlamaq vəzifələri, bir-birinin gəlirlərində iştirak üsulları, ailənin ümumi xərclərində hər birinin iştirak qaydaları ilə bağlı hüquq və vəzifələri ola bilər. Hansı əmlaklar nikah müqaviləsinin predmeti ola bilər, bunu nikaha girən şəxslər özləri müstəqil surətdə müəyyənləşdirə bilərlər. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. (AR Ailə Məcəlləsinin 39.1-ci maddəsi).
Əlbəttə ki, nikaha girən şəxsləri birmənalı olaraq müqavilə imzalamağa məcbur etmək olmaz. Mülki Məcəllənin 6-cı maddəsində şəxslərin müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməsində sərbəst iradə ifadəsinə əsaslanması nəzərdə tutulur.
Ancaq bu gün sirr deyil ki, nikah müqaviləsi Azərbaycanda geniş tətbiq edilmir. Bunu milli mentalitetimizlə də əlaqələndirmək olar. Bizdə nikaha daxil olarkən bir qayda olaraq nikah müqaviləsinin bağlanmasını tərəflər bir-birlərindən tələb etmirlər, düşünürlər ki, belə olarsa, nikahlarını şübhə altına alarlar, yəni, nikahları hansısa niyyət daşımış olar. Ancaq məsələyə fərqli yanaşma lazımdır. Nə qədər ki, biz qanunla milli mentalitetimiz arasındakı bu fərqi qiymətləndirmirik, nikah müqaviləsi kimi vacib bir institut Azərbaycanda könüllülük əsasında inkişaf etməyəcək. Bəzən belə fikirlər səsləndirilir ki, bu institutun inkişafı üçün maarifləndirmə işinin genişləndirilməsi lazımdır. Lakin mən praktik-hüquqşünas olaraq düşünürəm ki, bu institutun inkişafı heç də maarifləndirmədən asılı deyil. Statistika göstərir ki, hətta, hüquqlarını yaxşı bilən hüquqşünaslarımız da nikah müqaviləsi bağlamadan ailə qururlar. Ölkəmizdə adətən təkrar nikahlar zamanı belə müqavilələrə təsadüf edilir.
Yuxarıda göstərilənlərə əsaslanaraq bir daha qeyd edirəm ki, bu məsələ qanunvericilik müstəvisində öz həllini tapmalıdır. Onu da qeyd edim ki, Ailə Məcəlləsində nikah müqaviləsinin bağlanması üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur, yəni, qanunvericilikdə bu institutun inkişafı üçün kifayət qədər əsaslar var. Bu mənada "qanunvericilikdə boşluqlar var" kimi fikirlərlə razılaşmaq olmaz. Təcrübədə nikah müqaviləsinin bağlanmasının genişləndirilməsi üçün isə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar çərçivəsində yeni müddəalara zərurət var.
Digər vətəndaşlıq vəziyyəti aktları kimi, nikahın qeydə alınması da Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" ilə tənzimlənir. Təklif edirəm ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3-cü hissəsinə (Nikahın qeydə alınması) yeni müddəalar əlavə edilsin, bununla nikaha daxil olanların qeydiyyat orqanına təqdim etdiyi sənədlərin siyahısı müəyyənləşdirilsin və bu siyahıda digər sənədlərlə yanaşı, nikahın qeydə alınması üçün nikah müqaviləsinin təqdim olunması təsbit olunsun.
Bununla nikaha daxil olan şəxslərdən nikah müqaviləsinin bağlanması tələb edilmiş olacaqdır ki, bu halda nikahını qeydə aldırmaq istəyən şəxslər nikah müqaviləsini bağlayacaqlar. Digər tərəfdən, nikah müqaviləsinin iki növünün - yəni, nikah qeydə alındığı zaman və ya nikah qeydə alındıqdan sonra bağlanan müqavilələrin nümunəvi formaları (əmək müqviləsinin nümunəvi forması kimi) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir ki, müqavilələrin bağlanmasında pərakəndəliyə yol verilməsin. Bununla da həm mülki hüququn əsas prinsiplərindən olan müqavilə azadlığı prinsipinə riayət edilmiş olar, həm də nikah müqaviləsinin bağlanmasının tətbiqinin genişlənməsi təmin edilmiş olar.

- Siz praktik hüquqşünas olaraq, həm də ictimai təşkilatın rəhbərlərindən biri kimi, bu məsələnin qanunvericilik qaydasında tənzimlənməsi üçün nə kimi tədbirlər görürsünüz?

- Biz hüquqşünaslar bu sahədə fikirlərimizi mütəmadi olaraq ictimaiyyətə çatdırırıq, Televiziya verilişlərində də bu mövzuya dair çıxışlarımız olub. Hüquqi İslahatlara Yardım Mərkəzi İB-nin təcrübəli əməkdaşları ilə birgə təkliflərimizi hazırlayıb müvafiq qurumlara təqdim edəcəyik, bu istiqamətdə iş gedir. Biz nikah müqaviləsinin iki variantda (həm nikaha qədər, həm də nikah dövründə bağlanmalı olan) nümunəvi formasını hazırlamışıq və lazım gələrsə, əlaqədar qurumlarla birgə bu məsələnin müzakirəsinə də hazırıq. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin müvafiq qurumları, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri də bu müzakirələrdə iştirak etməlidir. Nazirlər Kabineti isə bütün təklifləri ümumiləşdirib yeni Qaydaları təsdiq etməklə nikah müqaviləsi məsələsini birmənalı olaraq həll edə bilər.

Alim
"Bəzi saytlar iş adamları ilə, məmurlarla yaxınlıq edirlər"Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Report”a müsahibə verib.

Avrasiya.net həmin müsahibəni təqdim edir:

- Hazırda gündəmdə olan məsələlərdən biri Azərbaycan dilindəki sözlərin bəzilərinin yazılışında dəyişiklik edilməsi ilə bağlıdır. Siz də Dövlət Dil Komissiyasının üzvüsünüz. Təklif edilən dəyişikliklərə münasibətiniz necədir?

- Dilin öz qanunları var. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun və ayrı-ayrı qurumların rəhbərliyi bu barədə öz təkliflərini, fikirlərini söyləyirlər. Hətta, sosial şəbəkələrdə məsələ geniş müzakirə obyektinə çevrilir. Doğrudan da, mövcud sahədə müəyyən problemlər var. Əlbəttə, dil inkişaf edir və inkişaf etdikcə yeni terminlər, sözlər yaranır. Bunlardan qaçmaq olmaz. İndiki şəraitdə biz hər şeyə anlayışlı yanaşmalıyıq və müzakirə açıb fikirlərimizi izah etməyə çalışmalıyıq. Müzakirə kifayət qədər qızğın gedir. Nəinki bu sahədə olan mütəxəssislər, ümumiyyətlə, hamı diskussiyalarda iştirak etməkdə maraqlıdır. Çox təəssüf ki, qeyri-etik ifadələrə, mənasız ittihamlara da rast gəlinir.

- Dəyişikliklərlə razısız?

- Məsələyə kompleks yanaşmaq lazımdır. Biz daha çox sözün tarixiliyinə, ifadə formasına, dilə yatımlılığına fikir verməliyik. İndi birmənalı qaydada kiməsə irad tutmaq olmaz ki, nə üçün hansısa sözü necəsə ifadə etməyi təklif edir. Geniş müzakirələrdən sonra müəyyən qənaətə gəlmək olacaq. Əlbəttə, mən yeniliyin tərəfdarıyam.

- Mətbuatda ədəbi dil normaları qorunurmu? Mətbuat Şurası bu istiqamətdə hansı işləri görür?

- Mətbuatda ədəbi dil normalarının qorunması mühüm məsələdir. Bununla əlaqədar təkliflərimiz var. İstərdik ki, saytlarda çalışan yaradıcı əməkdaşlar ədəbi dil bilgisi üzrə vaxtaşırı attestasiyadan keçsinlər. Bilək ki, bunlar ədəbi dilin prinsiplərinə nə dərəcədə bələddirlər. Eyni zamanda, təklif edirik ki, yeni əməkdaşlar Azərbaycan ədəbi dilinin normalarından imtahan verdikdən sonra işə qəbul olunsunlar. Qəzet redaksiyalarına və saytlara kadr seçimi zamanı jurnalistika və filologiya fakültələrinin məzunlarına üstünlük verilməsi lazımdır. Hər bir redaksiyada yazıların dili və üslubuna görə məsuliyyət daşıyan yüksək maaşlı ədəbi redaktor ştatı yaradılmalıdır. Hazırda nəinki saytlarda, bəzi ənənəvi media vasitələrində belə korrektor yoxdur. Azərbaycan ədəbi dilinin normalarını və orfoqrafiya qaydalarını əks etdirən metodik vəsait hazırlanıb redaksiyalara paylanılmalıdır. Orfoqrafiya lüğətində sözlər çoxdur. Ancaq təqribən 100 minə qədər sözün yalnız bir hissəsi gündəlik istifadə olunur. Bunu nəzərə alaraq sırf Azərbaycan jurnalistləri üçün işlək və jurnalistikada istifadə olunan terminoloji ifadələri birləşdirən metodik vəsait hazırlansa yaxşı olar. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nəzdində KİV-lər üçün kursların açılmasını təklif etmişik. İlkin mərhələdə kurslar ödənişsiz ola bilər. İkinci mərhələdə redaksiyalar yeni işə götürdükləri əməkdaşlarını bir-iki aylıq kurslara göndərə bilərlər. Biz düşünürdük ki, mütəmadi olaraq tanınmış şəxslərlə və mütəxəssislərlə birgə monitorinqlər, seminarlar, “dəyirmi masa”lar, treninqlər keçirilsin. Ədəbi dil normaların qorunması ilə bağlı yoxlamaların aparılmasının və görülmüş işlərin davamlı müzakirəsinin tərəfdarıyıq. Eyni zamanda, televiziya və radiolarda dillə bağlı verilişlərin sayı artırılmalı, qəzet, jurnal və saytlarda bu mövzuda sistemli şəkildə materiallar dərc olunmalıdır. Ədəbi dil normalarını daha çox pozan saytlar və əməkdaşlar məsuliyyətə cəlb olunmalıdır. Biz bunun formalarını düşünürük. Ümumiyyətlə, saytlar və redaksiyalar Dilçilik İnstitutu, universitetlərin filologiya və jurnalistika fakultələri ilə sıx əlaqədə olmalıdırlar. Sadə insanlar da bəzən ədəbi dil normalarını pozurlar. Bu, sosial şəbəkələrdə açıq-aydın görünür. Bəzən də tanıdığın, qələminə hörmət etdiyin bir insan sosial şəbəkədə paylaşdığı bir mətndə durğu işarələri ilə, müxtəlif ifadələrlə bağlı ciddi səhvlərə yol verir. Yazdığı fikir maraqlı, diqqətçəkən olsa da, ordakı orfoqrafik pozuntular düşüncə məhsulunun qiymətini kifayət qədər aşağı salır. Ümumiyyətlə, mən elə düşünürəm ki, hər bir ziyalı mütəmadi olaraq yazı-pozu ilə məşğuldusa, orfoqrafiya qaydalarını mükəmməl bilməlidir.

- Bir neçə ildir onlayn mediaya vəsait ayrılmasını təklif edirsiniz, amma hələ ki, nəticə yoxdur. Səbəbi nədir?


- Deməzdim ki, nəticə vermir. Son illərdə, yəni təxminən 10 ildən çox müddətdə Azərbaycan mətbuatında kifayət qədər irəliləyiş var. Əlbəttə, burada Mətbuat Şurasının rolu da az deyil. Mövcud istiqamətdə təkliflərimiz var və onları istər parlamentdə, istərsə də ayrı-ayrı müsahibələrdə bir neçə dəfə gündəmə gətirmişik. Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimai fikir əsasən internet üzərindən yayımlanan media vasitələri tərəfindən formalaşır. Son zamanlar daha çox sosial şəbəkələr bu missiyanı üzərinə götürüblər. Azərbaycanın torpaqlarının 20 faizi düşmən tərəfindən zəbt olunub. Ölkədə 1 milyon 200 minə yaxın qaçqın və məcburi köçkün var. Biz torpaqlarımızı qaytarmaqda israrlıyıq. Obyektiv və subyektiv səbəblərdən beynəlxalq miqyasda bu məsələlər müzakirə olunanda Azərbaycana qarşı soyuq münasibət hiss olunur. Sülh danışıqları bəhrəsini verməsə, müharibə yolu ilə torpaqlarımızı geri alacağıq. Ancaq unutmayaq ki, xaricdəki erməni lobbisi kifayət qədər güclüdür. Onun köməyi ilə Azərbaycanı sevməyən beynəlxalq qurumlar, siyasi xadimlər birləşir, ölkəmizin guya qeyri-demokratik yolda olduğunu, burada həyatın orta əsrlərdəki kimi cərəyan etdiyini, azərbaycanlıların sivil inkişafdan kənarda qaldıqlarını, buna görə Dağlıq Qarabağda ermənilərin azərbaycanlılarla birgə yaşaya bilməyəcəklərini iddia edirlər. Belə bir məqamda ölkəmizin haqq işini dünyaya çatdıran əsas institut internet üzərindən yayımlanan media vasitələridir. Məhz buna görə də dəfələrlə həmin institutun dövlət tərəfindən maliyyələşməsinin vacibliyini vurğulamışıq.

Təsəvvür edək - Azərbaycanda reklamla bağlı problemlər qalmaqdadır. Əgər bir sayt reklamdan bəhrələnə bilmirsə, istər-istəməz öz yaşamını qurmaq üçün ya yerli iş adamları ilə əlaqə saxlayacaq, yerli məmurlarla yaxın olmağa səy göstərəcək, ya da hansısa formada beynəlxalq təşkilatların təsir dairəsinə düşəcək, müstəqilliyini itirəcək. Nəticədə həm ölkə daxilində, həm ölkə xaricində Azərbaycan həqiqətlərinin yayılmasında problemlər yaşanacaq. Əminəm ki, biz bu məsələyə yaxın vaxtlarda yenidən qayıdacağıq.

- Tələblər nədən ibarət olacaq?

- Maliyyələşən klassik mediaya olan tələblər onlayn mediaya da şamil edilə bilər. Yəni, əhatəli, daha çox işləyən, Azərbaycanın xaricdəki imicinin formalaşmasında xidmətləri olan saytlar maliyyələşə bilərlər. Yəqin ki, bunun daha konkret mexanizmi hazırlanacaq, texniki xüsusiyyətlər nəzərə alınacaq. İndiki mərhələdə əsas olan prosesə başlamaqdır.

- Siz bu təklifi onlayn medianın hansısa məmurun və yaxud qrupun təsiri altına düşməməyi üçün irəli sürdüyünüzü bildirdiniz. Hazırda bu məsələdə medianın mənzərəsi necədir?

- Dünya maraqlar əsasında idarə olunur. Buraya Avropa, Amerika maraqları daxildir. Məsələn, CNN 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktını göstərmədi. Ona görə ki, insanlar ruhdan düşməsin. Hətta Barak Obama ABŞ prezidenti olana qədər Əfqanıstanda həlak olan Amerika əsgərləri ilə bağlı məlumat verilmirdi ki, proses rezonans doğurmasın. İstəyirdilər ki, Amerika əsgərlərinin ölümü ilə bağlı xəbərləri görməsinlər. Amerikanın hazırkı prezidenti Donald Trampla bəzi qəzet və saytlar arasında anlaşılmazlıq yaranıb. Yəni ABŞ mediası Amerika maraqlarını üstün tutur. Trampla bağlı bəzi məsələləri gündəmə gətirsələr də, narazılıq olsa da, yekunda Amerika maraqları əsas götürülür. Avropada da elədir. Siz Avropa mediasına – BBC-yə, “Euronews”a baxsanız, görərsiniz ki, Avropa həyatı ön plana çıxarılır. Yaxın Şərq, Afrika və digər regionlar fərqli səpkidə təqdim olunur. Azərbaycanın da öz maraqları var. Ötən illərlə müqayisədə Azərbaycan mediası daha çox milli maraqlardan çıxış edir. Məsələn, KİV-lərimiz I Avropa Oyunları, “Evrovisiya-2012” mahnı müsabiqəsi zamanı Azərbaycana olan hücumlara qarşı mübarizə apardılar. Əlbəttə, daxili problemlər də var və diqqətə çatdırılmalıdır. Bu da milli maraqlara xidmətdir.

Medianın problemlərinin kökündə isə iqtisadi məsələlər durur. Ona yetərincə reklam verilmir. Bu problemləri həll etmək üçün "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanıb. İşlərin həyata keçirilməsi üçün də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətdədir. Fond vasitəsi ilə dövlət Azərbaycan mediasına yardım edir. İl ərzində 34 qəzetə maliyyə vəsaiti ayrılır. Nə qədər ki, reklam bazarı ilə bağlı problem həll edilməyib, dövlət yardım edəcək. Dövlətin mediaya yardımı ilə bağlı müxtəlif əks fikirlər də səsləndirilir. Ancaq biz Fondu yaradarkən, konsepsiyanı hazırlayarkən beynəlxalq təcrübəyə əsaslanmışıq. Yardım mexanizmi yalnız Azərbaycanda deyil.

- Saytlara girişin məhdudlaşdırılması qanunvericiliklə tənzimlənir. Narazılıq edirlər ki, Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının “qara siyahı”sına düşən saytlara dərhal blok qoyulur. Ümumiyyətlə, bu prosedur necədir?

- Mətbuat Şurasının saytları bloklamaqla bağlı mexanizmi yoxdur. Şuranın tərkibində bir neçə komissiya fəaliyyət göstərir. Bunlardan biri də Şikayətlər üzrə Komissiyasıdır. Komissiyada quruma daxil olan şikayətləri araşdırırıq. Hətta bəzi media vasitələri ilə bağlı 5-10 şikayət daxil olur. Bu zaman məsələyə Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxılır. Şikayət edən tərəfin iddiası əsaslıdırsa, həmin media vasitəsi "qara siyahı"ya daxil edilir. "Qara siyahı" ilə bağlı qaydalar var. Bu qaydalarda qeyd olunub ki, il ərzində barəsində şikayət daxil olmayan sayt siyahıdan çıxarıla bilər. Siyahıdan çıxma ilə bağlı məsələyə Şuranın “apellyasiya qrupu” baxır, rəy verir. "Qara siyahı"da 100-ə yaxın media var idi, onların təqribən 50-si siyahıdan çıxarılıb. Siyahıda olan bəzi KİV-lərin fəaliyyəti hüquqi müstəvidə araşdırılmalıdır. Bu, Mətbuat Şurasının səlahiyyətində olan məsələ deyil. Belə hallarda hüquq mühafizə orqanlarına müraciət edirik. Şuranın missiyası cavabdeh KİV-in adını "qara siyahı"ya daxil etməklə məhdudlaşır. Ən son ictimai qınaq tədbirimiz budur.

- İndiyədək hüquq-mühafizə orqanlarına müraciət etmisinizmi?

- Bəli, bir sıra saytlarla bağlı müraciət etmişik. Əslində araşdırılmalıdır ki, ayrı-ayrı nəşrlər, internet media resursları nə üçün peşə etikasından kənar, hüquqi məsuliyyət şübhəsi yaradan hərəkətlərə yol verirlər? Əslində belə halların çox az hissəsi bilməməzlikdən qaynaqlanır. Düzdür, Azərbaycan mediasında kifayət qədər peşəkar jurnalistlər var. Ancaq onlayn mediaya elementar təhsili olmayanlar da axın edir. Onların bəziləri ilə söhbət etmək, nəyisə başa salmaq qətiyyən mümkün deyil. Media, jurnalistika nədir bilmirlər. Peşə davranış qaydaları haqqında tam məlumatsızdırlar. Təəssüf ki, belələri az da deyil. Bəzi saytlar iş adamları ilə, məmurlarla yaxınlıq edirlər. Bir-birinə qarşı duran qüvvələrin ruporuna çevrilirlər. Bunların içərisində də bir dəstə formalaşır. Burada toplaşanları əksər hallarda eyni bölgədən olmaları birləşdirir. Onlar müzakirələr aparırlar, ayrı-ayrı insanların tərcümeyi-halını tapırlar və “fəaliyyətə” keçirlər. Bəzən belə olur ki, hansısa sayt yazı yerləşdirir. Deyək ki, müəyyən maddi təmənna müqabilində yazı birinci mənbədən silinir. Ancaq sonradan digər saytlarda yayımlanır. Beləcə, kifayət qədər mütəşəkkil təsir bağışlayan, belə demək mümkünsə, şər mexanizminin mövcudluğunu görürsən. Belə hallarda da hüquq-mühafizə orqanlarına müraciət edilir.

- "Reket"lərə qarşı tədbirlər görürsünüz, amma bu, kökündən həll edilmir? Səbəbi nədir?

- Bunun həlli hələ tam mümkün deyil. Bu, mərhələli şəkildə olmalıdır. Həyat özü dəyişməlidir. Həyat dəyişdikcə bu məsələlər də həllini tapacaq. Bunlar çox ciddi məsələlərdir. Ümumən bu məsələlərin jurnalistika ilə əlaqəsi yoxdur. Sadəcə zərbə altında qalan, qınaqlara məruz qalan jurnalistikadır. Buna görə mübarizə aparılmalıdır və aparılacaq da.

- Milli Məclisin deputatları, vəzifəlki şəxslər barələrində gedən yazılarla bağlı çoxmu xahişlər edirlər?

- Bəli, müraciətlər olur. Həm şifahi, həm yazılı formada. Bəzən kimsə müraciət edir və bildirir ki, haqqımızda yazıblar. Biz onlara deyirik ki, müraciətlərinizi yazılı formada göndərin. Onlar isə razılaşmır, hətta bəziləri vurğulayırlar ki, nəsillərində "işverən" yoxdur (gülür). Məhz bu yanaşmaya görədir ki, problemin mahiyyətinin dərin olduğunu düşünürük. Bəzi hallarda müraciət edənlərə deyirəm ki, hansısa sayt yazıbsa, niyə narahat olursuz, onun oxucusu yoxdur. Deyirlər, istəmirik ki, haqqımızda internetdə mənfi məlumat olsun.

- Bu il jurnalistlərə mənzillər hədiyyə edildi. Amma hələ də bina yaşayış üçün istifadəyə verilməyib. Proses niyə uzanır?


- Jurnalistlərin mənzillə təminatı cənab Prezidentin jurnalistikaya, bu peşənin sahiblərinə verdiyi böyük dəyərdir. Buna hər kəs hörmətlə yanaşmalı və üzərinə düşən missiyanı yerinə yetirməlidir. Ümumiyyətlə, bina tikildikdən sonra onun istifadəyə verilməsi vaxt tələb edir. Müəyyən qurumlar var ki, yoxlamalar aparmalı, istifadəyə icazə verilməlidir. Əminəm ki, çox yaxın vaxtlarda bu məsələlər həllini tapacaq, jurnalistlər mənzillərinə köçə biləcəklər.

- Yayılan məlumatlara görə, bir neçə jurnalist razılıq olmadan həmin binadakı mənzilinə köçüb. Buna etiraz olaraq binanın işığını kəsiblər...

- Binanın tikilməsi və paylanılmasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondu nəzarət edib. Bu məsələlər onlara aiddir. Bina istifadəyə verilməyibsə, yəqin ki, həmkarlarımız köçməkdə tələskənliyə yol veriblər. Amma başqaları darıxmasınlar, yaxın vaxtlarda hamı mənzilinə köçəcək.

- Artıq jurnalistlər üçün üçüncü binanın tikintisinə başlanılıb. Belə fikirlər var ki, həmin bina sonuncu olacaq...

- Jurnalistlər üçün ikinci binanın inşası zamanı da deyilirdi ki, bu bina sonuncudur, daha jurnalistlər üçün bina tikilməyəcək. Üçüncü binanın sonuncu olub-olmadığını zaman göstərəcək.

- Siz informasiya ombudsmanının ayrıca qurum kimi fəaliyyətini zəruri hesab edirsiniz, amma bu, reallaşmır. Hazırki ombudsman həmin işin öhdəsindən gələ bilirmi?

- “İnformasiya əldə etmək haqqında” qanun beynəlxalq standartlara cavab verən mükəmməl qanundur. Sənəd işlənib-hazırlanarkən mən də işçi qrupunda təmsil olunurdum. Orada müsbət cəhətlərindən biri də informasiya əldə edilməsinə nəzarət edən qurumun yaradılması ilə bağlı idi. Yəni informasiya əldə edilməsi ilə bağlı müraciət olunur, bu müraciətlər necə təmin olunur? Söhbət yalnız jurnalistlərin informasiya almasından getmir. Qanunda dövlət qurumlarının, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının internet resurslarının yaradılması, müraciətlərə cavab verən məsul şəxslərin müəyyən edilməsi ilə bağlı bir sıra məqamlar əksini tapıb. Bu da informasiyaların zamanında verilməsinə şərait yaradır. İnformasiya Ombudsmanı məsələni tənzimləyən kifayət qədər işlək mexanizm kimi formalaşmalıydı. Ancaq təsisat İnsan Hüquqları üzrə Müvəkkilin - Ombudsmanın tərkibinə verildi. İndi də ortada bir növ, laqeydlik var. Neçə illərdir, informasiya Ombudsmanı üçün əlavə ştatlar ayrılmayıb. Öhdəliklər yerinə yetirsəydi, mən bu cür çıxış etməzdim. Doğrudan da, faydası yoxdursa, biz niyə iki təşkilatı birləşdirməli idik? Ümumən İnformasiya Ombudsmanın müstəqil fəaliyyət göstərməsinin tərəfdarı olmuşam. Yenə bu mövqedəyəm, bundan sonra da belə olacaq.

- Mətbuat Şurasının qurultay nə zaman olacaq?

- Yaxın vaxtlarda Mətbuat Şurasının hesabatı hazırlanacaq. Sonra qurultay məsələsini gündəmə gətirəcəyik. Yəqin ki, bu ilin yazında olacaq.

- Namizədliyinizi irəli sürəcəksinimi?

- Bunu zaman göstərəcək. Məsələ namizədliyin irəli sürülməsi deyil, qurultayın kimi seçməsidir.
Primakov İsa Qəmbəri qorumaq tapşırığı verdi - Şok səbəbKəramət Böyükçölün politoloq Zərdüşt Əlizadə ilə müsahibəsini təqdim edirik.

– Zərdüşt bəy, siz 90-larda “İstiqlal”, 2000-lərdə isə “Xəzri” qəzetini nəşr edirdiniz. Hamıya, eləcə də mediaya peşəkarlıq dərsi keçən Zərdüşt Əlizadə necə oldu ki, nə oxucu kütləsinin bol olduğu 90-larda, nə də təminatının yaxşı olduğu 2000-lərdə nəşr etdiyi qəzetləri ayaqda saxlayıb populyar edə bildi?

– Azad mətbuat üçün mütləq reklam bazarı olmalıdır. 90-cı illərdə isə reklam bazarı boğulurdu. Biznesmenlərin heç biri mətbuata bir köpük də reklam vermirdi. İcazə ilə cəmi iki-üç qəzetə reklam alırdı, “Ayna/Zerkalo”, “Exo” və bu kimi loyal qəzetlər! Belə olan halda iki yol qalırdı: ya sarı mətbuata çevrilmək, skandal, kəmərdən aşağı xəbərlər, böhtanlar, şayiələr, ya da hakimiyyətin sızdırdığı xəbərləri çap eləmək. Məsələn, “Yeni Müsavat”, “Azadlıq” qəzetləri buna getdi, ona görə də populyar olaraq qaldılar. Mən isə o yolu seçə bilməzdim, çünki əqidəmizə, məsləkimizə ziddir. Biz ancaq düznəqulu yazırdıq, bu şəkildə də davam eləmək mümkün deyildi. Çünki maaş alan işçimiz yox idi, ancaq könüllü yazırdılar və heç bir qonorar almırdılar. Qəzetin satışdan gələn pulu növbəti çapına güclə çatırdı. Siz KİV-ə Dövlət Dəstəyi Fondunun arxivinə də baxa bilərsiniz, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə həmişə onminlərlə pul verilirdi, bizə isə heç nə.

– Bildiyimizə görə, “Xəzri” qəzetində yaxşı qonorar verirsinizmiş, elə? Avropa Birliyi nə qədər qrant ayırmışdı?

– Əvvəla, “Xəzri” qəzetini mən nəşr etmirdim, orda köşə yazarı idim. O qəzeti sadəcə, qısa bir müddətdə mən buraxdım. Bəli, Avropa Birliyi bizə qrant ayırırdı. Layihədə nə yazılmışdısa, işçilərə o da verilirdi. Heç kim deyə bilməz ki, mənim bir qəpik pulumu yedilər.

– Azərbaycanda müxalifət partiyalarını tənqid edirsiniz ki, səriştəsiz adamlardan ibarətdir. Bəs sizin öz partiyanız niyə uğur qazanmadı? Söhbət hakimiyyətə gəlməkdən getmir, heç ictimai rəydə də özünüzü təsdiq edə bilmədiniz.

– Sosial demokratlar oturuşmuş sinfi cəmiyyətlərdə mötəbər partiyalardır. Avropada Sosial Demokrat partiyalarının arxasında kim durur? - Həmkarlar İttifaqları, peşə birlikləri, orta sinfin aşağı hissəsi və s. Bizdə fəhlə sinfi varmı? Bizdə isə ancaq bisavad kütlə var. Bizim Azərbaycan Sosial Demokrat Partiyasının əsas üzvləri orta təbəqənin aşağı hissəsinin nümayəndələridir. Onlar pula meyillidirlər. Bizdə də pul yoxdur. Ona görə də adamları hey yanımıza yığırdıq, bir balaca imkan olan kimi isə qaçıb vəzifəyə gedirdilər. Biz hansısa bir ülvi, ideal nəzəriyyə verirdik. Neçə dəfə cəhd eləmişik ki, peşə birlikləri yaradaq, alınmayıb.

İkincisi, xalqın siyasi savadsızlığı da bizim qarşımızı alıb. Siyasi savad olması üçün də gərək hansısa bir təcrübə və nəzəriyyə olsun. İndi bizim xalqın çox gözəl musiqi, mətbəx mədəniyyəti var, qonaqpərvərliyimiz var, amma siyasi mədəniyyəti varmı? Qaçarlar dövründə bu xalq siyasi mədəniyyət əldə eləyə bilərdi? Yox. Romonovlar dövründə əldə eləyə bilərdi? Yox. Sovet dövründə əldə eləyə bilərdi? Yox. Bir siyasi Şeyx Nəsullah gəlib deyəndə ki, Baykal gölündən Aralıq dənizinə qədər böyük türk dünyası yaradacağıq, inanırdılar. Belə bir cəmiyyətdə hansı siyasi mədəniyyətdən danışmaq olardı?

– Soros Fondunun idarə heyətinin üzvü olmusunuz. Nə yaxşı buna görə sizə gözünüz üstündə qaşınız var deyən olmayıb?

– Soros Fondu müstəsna açıq fəaliyyət göstərən fonddur. Azərbaycan Respublikasının Açıq Cəmiyyət İnstitutu yarandığı andan bağlandığı günə qədər nə qədər pul gəlib, necə xərclənib, kim nə qədər götürüb, hamısı açıq şəkildə internetdə var. Bizim Açıq Cəmiyyət İnstitutunun ən böyük proqramlarından biri də narkomanlara köməkdən ibarət idi. SPİD-ə qarşı, insan haqlarının, dəylərinin təbliğatı üçün kurslar keçirilirdi. Seçkilərə nəzarət, gənclərə debat mədəniyyət aşılamaq və s. Bunlara görə məni nə üçün qınamalıdırlar? Mənim rəhbərlik elədiyim dövrdə xərclənən hər bir dollara görə qanun qarşısında cavab verməyə hazıram. Pulların hamısı da bankdan keçirdi, Soros Fondunda qeyri-bank ödəmələr yox idi.

– Bəs qardaşınız Araz Əlizadə nə üçün Sorosdan qrant alanları Azərbaycan xalqının düşmənlərindən qrant almaqla bərabər tutur?


– Sizə bir dəfə də dedim ki, mənə onunla bağlı sual verməyin!

– Siz ərəb ölkələrində də işləmisiniz. Vəfa Quluzadə kitabında yazır ki, o vaxt xaricdən, yəni ərəb ölkələrindən gələnlərin hamısı maşınla gəlirdi. Məlumdur ki, Sovet dövründə maşın almaq çətin idi. Deyir, ərəb ölkələrindən bircə Elçibəy maşınsız gəlmişdi. Bunun da səbəbi o idi ki, Elçibəy pul yığan deyildi... Bəs siz nəylə gəlmişdiniz?

– Mən iki il Misirdə işləyəndən sonra bir dənə “Moskviç” maşını almışdım. Mənim maşınla heç aram yox idi. Sadəcə, ailəmiz bağa gedib-gələndə avtobusla çətinlik çəkirdim. İnsafən, orda yaxşı maaş verirdilər.

– Siz həmişə AXC hakimiyyətini, Xalq Hərəkatını qəzəbli şəkildə tənqid eləmisiniz. Hətta Elçibəy hakimiyyətini söz və ifadə azadlığını boğmaqda da ittiham eləmisiniz. Bəs necə söz azadlığı yox idi ki, millətçi bir hakimiyyət dövründə “İstiqlal” qəzetində terrorçu Abdullah Öcalanı müdafiə eləyən yazılar yazmısınız, onu qəhrəman kimi təqdim eləmisiniz...

– Birincisi, qəzetim hamının üzünə açıq idi, kim nə istədi, yazırdı. Mən sizə o qəzetin nömrəsini göstərərəm ki, orda məni eninə də, uzununa da tənqid, hətta təhqir ediblər. Eynilə kürd əsilli hansısa Azərbaycan vətəndaşı da yazı gətirirdi ki, bunu çap elə, mən də eləyirdim. O ki qaldı Öcalan məsələsinə, siz bilirsinizmi o zaman Türkiyədə kürdlərə kürd adı vermək qadağan idi? Siz bilirsinizmi o zaman Türkiyə radio və televiziyasında kürd musiqisi çalmaq qadağan idi? İctimai yerlərdə kürd dilində danışmaq qadağan idi, həbs cəzası gösləyirdi. Bunların hamısı insan hüquq və azadlıqlarının pozulması idi. Və məhz insan hüquqlarının pozulması nəticəsində marksist qruplar hakimiyyətə qarşı silahlı mübarizəyə başlamışdılar. Mən isə PKK-nın yaranma və fəaliyyət səbəblərini açıq göstərirdim ki, bunlar Türkiyə hökumətinin yanlış siyasətinin nəticəsidir. Əgər o vaxt Türkiyə hökumətinin həmin yanlış siyasəti olmasaydı, kürd terroru da olmazdı. Bizim bəzi bəsit, məsələdən bixəbər, həyatı ağ və qara – türk və kürd görən adamlar buna görə məni qınayır. Türk də insandır, kürd də. Və bunların arasındakı münasibətlərdə sosial hüquqları, iqtisadi hüquqları görmürdülər. Mən türkəm, onlar kürddür, vəssalam, bundan başqa söz yox idi. Mən də yazırdım ki, Türkiyə hökumətinin anti-kürd siyasəti və kürd əsilli vətəndaşlarının hüquqlarını pozması ona gətirir ki, Türkiyədə terror təşkilatı fəaliyyət göstərir və geniş xalq dəstəyi qazanır. Amma Bülənt Ecevitdən sonra Türkiyədə kürdlərin hüquqları tanınmağa və onlara qarşı dövlət basqısı aradan götürülməyə başlandı. Ərdoğan hakimiyyətinin ilkin dönəmində isə bu proses daha da genişləndi, kürd musiqisi tanındı, kürd dilində danışdılar, kürd televiziyası, kürd radiosu və s. yarandı. Bundan sonra terror üçün əsas bitdi.

Bütün hallarda etiraf eləmək lazımdır ki, bu cür basqı şəraitində, ölüm təhlükəsi altında öz xalqının hüquqları uğrunda Öcalan kimi mübarizə aparmaq hər adamın işi deyil. Yəni Öcalan qorxaq deyil, Kələkiyə qaçmadı, gizlənmədi. Salvador Aliende kimi əlində silah mübarizə apardı. Mən Öcalanın mövqeyini bəyənməyə, əqidəsini bölüşməyə bilərəm. Amma insan kimi o qəhrəmandırsa və bunu görürəmsə, deməli, etiraf eləməliyəm. Və Öcalan indi həbsxanada oturub nə deyir? Deyir ki, biz türk xalqı ilə barışmalıyıq, türk xalqı ilə birlikdə demokratik Türkiyə qurmalıyıq. Bunu deyir də! Deməli, Öcalan düşünüb dəyişməyə qadir bir şəxsdir.

– Elçibəyi Heydər Əliyevə müsbət münasibətinə görə də tənqid etmisiniz. Axı siz özünüz də “İstiqlal” qəzetində yazmışdınız ki, Heydər Əliyev bizim xilasımızdır, o, hakimiyyətə nə qədər tez gəlsə, bizim xeyrimizədir. Bəs Elçibəyi tənqid etdiyiniz mövzuda özünüz niyə belə bir məqalə yazmısınız?

– Deyim: Xalq hərəkatının bir yolu var, demokratik islahat yolu, elədirmi? Bu demokratik islahatda gərək mütləq hakim zümrə ilə əməkdaşlıq edək. Hakim zümrə də qarabağlı Vəzirovdan və onun ətrafından ibarət idi. Elçibəy və ətrafı isə heç bir əsas olmadan qan töküb onu devirdi. Vəzirovun devrilməsinin qan bahası 20 Yanvar oldu. 20 Yanvara gedən yolun əsas günahkarlarından biri Elçibəy və onun ətrafı idi. 20 Yanvara gedən yol bilirsinizmi nədən keçir? Bu hadisə göydən paraşütlə düşmədi. Bunları ətraflı şəkildə bilmək istəyirsinizsə, Leyla Yunusun “Siyasətçinin məsuliyyət meyarı” məqaləsini tapıb oxuyun.

– Sizin də bu məsələ ilə bağlı xeyli yazılarınız var...

– Bəli, var. 1989-cu ildə Azərbaycan demokratik hərəkatının qarşısında bir yol dururdu: qarşıdan gələn parlament seçkilərinə hazırlıq. Bu, təkcə bizim qarşımızda duran yol deyildi. Sovet dövründə 1985-ci ildə seçilmiş Ali Sovetlər 1990-cı ilin yazında yenidən seçilməli idi. O zaman Xalq Cəbhəsinin xalq arasında müstəsna hörməti və sevgisi var idi. Və şübhəsiz ki, bu seçkilərdə Xalq Cəbhəsi Kommunist Partiyasını məğlub edəcəkdi.

Latviya, Litva, Estoniya və Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan - bu yeddi respublikada xalq cəbhələri Kommunist Partiyasını əyib məcbur edirdilər ki, onların iradəsinə tabe olsun. Azərbaycanda avqust və sentyabrda başlanmış böyük tətillərin, böyük nümayişlərin nəticəsində Kommunist Partiyası məcbur olmuşdu ki, Qarabağın Xüsusi İdarə Komitəsini ləğv eləsin və Azərbaycan Respublikasının suverenliyi haqqında qanun qəbul eləsin. Bəli, bu, Azərbaycan Xalq Hərəkatının böyük qələbəsi idi. Bu 6 respublikada xalq hərəkatları ordu və sovet hakimiyyəti ilə toqquşmaya getmədilər. Seçki yolunu tutdular. Və 90-cı il yazdakı seçkilərdə Latviya, Litva, Estoniya, Moldova, Ermənistan, Gürcüstanda Xalq Cəbhələri qələbə çaldı, öz hökumətlərini qurdular, Kommunist Partiyası isə getdi müxalifətdə oturdu.

Bəs Azərbaycanda nə baş verdi? Azərbaycanda Elçibəy və onun ətrafının başçılığı altında başqa proses getdi. Bu proses ondan ibarət idi ki, mən Xalq Cəbhəsi İdarə Heyətinin üzvü kimi qışqırırdım ki, zorakılığa getməyin, dövlət orqanlarına hücum etməyin, seçkilərə hazırlaşın, 5-6 aydan sonra seçkidir. Məni qırağa itələdilər. Bəs nə edirdilər? Raykomlara hücum yoluna əl atdılar. Xalq Cəbhəsi rayon təşkilatları 17 rayonda zorakı yolla raykom katiblərini devirdilər. Devirdikləri kimlər idi? Vəzirovun adamları. Mən dedim ki, siz neynirsiniz? Siz dövlətə əsas verirsiniz, bəhanə verirsiniz ki, gəlib bizi əzsin. Elçibəy əlinin arxası ilə məni itələyib deyirdi ki, bu Zərdüşt iranlıdır, həmşəridir, kommunistdir, satqındır, Vəzirovun adamıdır, buna nə qulaq asırsınız? Axırıncını da Cəllabadda devirdilər, yenə də qan tökməklə, binanı, polisi yandırmaqla. Mən isə prosesləri görürdüm, çünki mən hadisələrə çayxana yox, öz təcrübəm və biliyim səviyyəsindən baxırdım. Görürdüm ki, artıq Moskvada qərara alıblar ki, Azərbaycanı əzsinlər. Qarbaçovun özünə sual vermişdilər ki, nə üçün 20 Yanvar hadisəsi baş verdi? Demişdi ki, Xalq Cəbhəsi 17 raykomu dağıtmışdı, özü də Elçibəyin başçılığı altında. Sovet hökuməti artıq qərara almışdı ki, Bakını dağıdacaqlar, ona görə də şərait yaradırdı ki, burada başıpozuqluq daha da artsın. Nə qədər çox qanunsuz hərəkət olsa, Moskvanın əlində o qədər çox bəhanə olacaqdı. Məhəmməd Seyid Qarabaği, Məhəmməd Hatəmi başlarına adamları yığıb sovet idarələrinə hücum edirdilər. Mən də qışqırırdım ki, siz neyniyirsiniz, Moskvanın əlinə bəhanə verirsiniz, ordu gələcək. Pənah Hüseyn deyirdi ki, ə, bəsdi də, Zərdüşt, bizim zəhləmizi tökmə, elə qışqırırsan “ordu gələcək, ordu gələcək”, Tiflisdən sonra Bakıya ordu gəlməyəcək, zabitlər komandanlığın əmrini yerinə yetirməyəcək.

Birdən mənim ağlıma bir fikir gəldi, dedim ki, biz burda 16 nəfərik, Leyla xanım qadındır, onu çıxıram, hərbi mükəlləfiyyət ona aid deyil. Xalq Cəbhəsinin İradə Heyətində, başda sədr olmaqla, 15 kişiyik, xahiş edirəm əlinizi qaldırın, kim orduda qulluq eləyib? İki nəfər əlini qaldırdı - Əlikram Hümbətov və mən. Soruşdum ki, Əlikram bəy, siz orduda necə qulluq eləmisiniz? Qayıtdı ki, Poltexnik İnstitunun avtonəqliyyət fakültəsini qurtarandan sonra məni orduya çağırdılar, avtonəqliyyat rotasının komandiri olmuşam. Mən də dedim ki, Misirdə döyüşən orduda olmuşam, bombardman altında olmuşam. İdarə Heyətinə sual verdim ki, bəs siz 13 kişi nə üçün orduda qulluq eləməmisiniz? SSRİ Konstitusiyasının 67-ci bəndində yazılmışdı ki, sosialist vətəninin qorunması Sovet insanının müqəddəs borcudur. Əbülfəz Elçibəy, İsa Qəmbər, Pənah Hüseyn, Sabit Bağırov, Hikmət Hacızadə, Rəhim Qazıyev, Sülhəddin Əkbər, Nəcəf Nəcəfov, Canbaxış Ümidov, Etibar Məmmədov, Nemət Pənahlı heç biri hərbi xidmətdə olmayıblar. Bəs nə üçün olmamısınız? Başladılar gülməyə. Yəni biz xidmətdən əkilmişik, siz iki axmaq gedib orduda xidmət eləmisiniz. Dedim ki, siz hərbi xidmətdə olmamısınız, ona görə də bilmirsiniz ki, orduya əmr versələr ki, xalqa atəş aç, açacaq. Pənaha dedim ki, təsəvvür elə, mən zabitəm, mənə əmr verilib ki, bu tankı A nöqtəsindən B nöqtəsinə sürüm. Yolda baxıram ki, anam tankın qabağında dayanıb. Ya anamın üstündən keçməliyəm, ya da həyatımı təhlükəyə atıb tankdan çıxıb anamı götürüb fırladıb atmalıyam kənara, təzədən tanka oturmalıyam. Sən niyə bunu başa düşmürsən? Çünki mən həyatım bahasına olsa da, bütün əmrləri sözsüz yerinə yetirəcəyimə and içmişəm.

Yenə də Xalq Cəbhəsinin yanvar ayının 6-7 konfransında mən çıxış elədim. Dedim ki, yaxınlaşan qanı, zorakılığı və məğlubiyyəti görürəm. Mən adımı bu cinayətə qatmaq istəmirəm, ona görə də istefa verirəm. Akademiyanın dəyirmi zalında 500 adam əyləşmişdi, hamısı qışqırdılar ki, qorxaq, satqın, axmaq, agent. Və mən özümün yaratdığım Xalq Cəbhəsindən istefa verdim. Halbuki, proqramını da, ilk dayaq dəstələrini də özüm yaratmışdım. İndiyə kimi də Allaha şükür edirəm ki, o cəsarəti, o bəsirəti özümdə tapdım və istefa verdim. Bundan sonra Əbülfəz bəym durdu ayağa, əlinin işarəsi ilə zalı sakitləşdirib dedi ki, mən azadlığa gedən yolda demokratiya ilə yanaşı qan da görürəm. Hamı əl çaldı ki, nə gözəl sözdür.

– Axı o sözün müəllifi Elçibəy deyil...

– Bəli, o sözün müəllifi Bencamin Franklindir. O demişdi ki, demokratiya ağacı vaxtaşırı qanla suvarılmalıdır. Yaxşı, Əbülfəz bəy, qanla o zaman suvarılmalıdır ki, başqa yol yoxdur. Axı mən deyirəm ki, qaqaş, seçki olacaq və seçkidə biz Kommunist Partiyasını udacağıq. Bununla da hökuməti, parlamenti götürəcəyik.

– Siz Xalq Cəbhəsindən istefa verdiniz, sonra nə oldu?

– Bundan sonra Sovet hakimiyyəti Azərbaycan xalqını əzmək üçün əlində daha əsaslı bəhanə olsun deyə Xalq Cəbhəsinə daha yaxşı şərait yaratdı ki, özbaşınalıq eləsin. Özü də məndə məlumat var ki, Sovet hakimiyyəti məhbusların hamısını azad eləyib gətirib Bakıya yığmışdı ki, burda vəhşilik eləsinlər. Bütün dünyanın gözü qarşısında Xalq Cəbhəsinin əli ilə bəhanə yaradandan sonra yavaş-yavaş Primakov, KQB-nin sədr müavini Babkov, Daixili İşlər naziri Bakatin, müdafiə naziri Bakıya gəldi. Moskvadan yüzlərlə milis işçiləri gəlmişdi. SSRİ müdafiə nazirinin ayıq vaxtı olmurdu, bütün günü içirdi. Hamısı Azərbaycan xalqını əzməyə gəlmişdi. Amma bunun planını hazırlamaq lazım idi. Akademik Primakov bir-bir Xalq Cəbhəsinin rəhbərləri ilə görüşdü. Əbülfəz Elçibəyi və İsa Qəmbəri qəbul elədi, onlara dedi ki, qaranlıq, çox pis vaxtdır, belə şəraitdə xalqı küçəyə çıxarmayın. İsa qayıdır ki, dinc nümayişlər xalqın konstitusion hüququdur. Primakov sonra deyir ki, İsa çox qiymətli kadrdır, onu qoruyun. Axı, İsanın dediyi Primakovun planına uyğun idi.

Qulaq asın, mən sizə desəm ki, Kəramət, uşağını küçəyə gəzməyə çıxartma, küçədə banditlər var, ora-bura güllə atır, sən mənə nə deyəcəksən? Deməlisən ki, xəbər verdiyin üçün çox sağ ol. Ya da deyəcəksən ki, yox e, küçədə gəzmək mənim konstitusion hüququmdur. Əgər belə desən, mən fikirləşəcəm ki, ya sən təxribatçısan, uşaqların düşmənisən, ya da başdanxarabsan. Primakov deyir ki, camaatı küçəyə çıxarmayın. O, bunu deyəndə Azərbaycan xalqına yanmırdı. Sadəcə, Xalq Cəbhəsi liderlərinin axmaq olduğunu bilib deyirdi, bilirdi ki, onlar yenə camaatı küçəyə çıxaracaqlar.

Bakı sovet şəhəri idi, dördüncü ordunun qərargahı idi. Bakıda on bir min sovet qoşunu vardı. Dördüncü ordunun ən böyük planı Tehranın tutulması idi. Lənkəran tanklarla dolu idi. Azərbaycanda üç sovet diviziyası vardı: Bakıda, Lənkəranda və Naxçıvanda. Nə üçün? İrana, sonra da Bağdada qədər çıxmaq üçün. Azərbaycanda atom silahı bazaları, anbarları, raket, təyyarə bazaları var idi. Bunların isə başları yox idi, görmürdülər, axı hərbi xidmətdə olmayıblar, elə deyirlər ki, Tiflisdən sonra Bakıya atmazlar.

Və yanvarın 19-da gecə vaxtı Elçibəy camatın qabağında çıxış eləyib deyir ki, heç nədən qorxmayın, ordu şəhərə girməyəcək, sadəcə, hər ehtimala qarşı uşaqlar və qadınlar evə getsinlər, amma kişilər qalsınlar. Ay camaat, yolları möhkəm tutun, ordu gəlsə, biz onları şəhərə buraxmarıq. Heç nədən qorxayın... Bir qoduq gəlib Əbülfəz bəyin qulağına deyir ki, bəy, Mərkəzi Komitənin yanından gəlirəm, deyirlər ki, ordu şəhərə girəcək. Elçibəy əyilib onun qulağına deyir: səs salma, camaatı qorxutma. Elçibəyin qulağına deyilən bu sözü Sədrəddin bəy də eşidib. Amma Elçibəy təzədən başını qaldırıb ki, camaat, qorxmayın, möhkəm dayanın. Bunu deyəndən sonra Elçibəy özü mindi maşına, getdi indiki Yeni Yasamal adlanan yerdə yaxın bir badə dostu vardı, Becan Fərzəliyev, onun evində gizləndi. İsa Qəmbər deyirdi ki, dinc nümayiş xalqın konstitusion hüququdur. Halbuki, özü 20 yanvar gecəsi Yusif Səmədoğlunun evində qaldı, radioda Bakıdan reoprtajlara qulaq asırdı. Fikir verin, işlərini görüblər, xalqı tankın qabağına qoyublar, özləri də qaçıb gizləniblər. Xalqa deyirdilər ki, biz sizə silah verəcəyik. Ayə, nə silahı verəcəksiniz? Hələ Elçibəy və onun komandasının çox oyunlarını danışıaram.

– Əgər sizin dediyiniz kimidirsə belə, hər halda, Xalq Cəbhəsi bunları qəsdən eləmirdi, sadəcə, siyasi səriştəsizlikdən irəli gəlirdi...

– Litva xalqının Xalq Cəbhəsi hakimiyyətə gələndə birinci demokratik qərarlarından biri o oldu ki, lüstrasiya haqqında qanun qəbul eləsinlər. Bu qanunun mahiyyəti nədir? İstənilən vətəndaş haqqında KQB-yə sorğu verə bilərsən və soruşa bilərsən ki, onun sizinlə əlaqəsi necə olub? Məsələn, sorğu verirsən ki, bu adam Zərdüşt Əlizadədir, 45 il sovet vətəndaşı olub, deyin görüm, KQB ilə onun əlaqəsi olub, yoxsa olmayıb?

– Doğrudan, olub, yoxsa olmayıb?

– Bunu mən özüm də deyə bilərəm. Bəli, yazılarımın hamısı KQB-dədir, hamısını İsa Qəmbər verib. Litvada qanun qəbul olundu, Ali Seymin 35 üzvündən 17-si KQB agenti çıxdı, onları istefaya göndərdilər. Əgər Liva Ali Seyminin 50 faizdən çoxu KQB agenti idisə, Azərbaycan kimi bir yerdə agentlərin sayı, sizcə, nə qədər olardı?

– Nə deyim...

– Elçibəy prezidentdir, mən isə dılğır bir qəzetin redaktoruyam. Ona açıq məktub yazdım ki, möhtərəm prezident, Xalq Cəbhəsində mənə qarşı mübarizə aparanda hamıya deyirdin ki, mən də, atam da KQB agentiyik. İndi sən prezidentsən, xahiş edirəm, göstəriş ver, mənim KQB-dəki dosyemi açsınlar, xalq bilsin ki, mən necə agentəm. Amma öz dosyeni də, Xalq Cəbhəsi İdarə Heyətinin 14 üzvünün də dosyesini aç. Hamısını aç, qoy bilsinlər. Elçibəy cavab vermədi. Bir də açıq məktub yazdım, yenə cavab vermədi. Axırda Sülhəddin Əkbərə açıq məktub yazdım ki, lüstrasiya haqqında qanun qəbul eləsinlər, yenə eləmədilər. Axırda mətbuat konfransında bir jurnalist sual verdi ki, Əbülfəz bəy, Zərdüşt Əlizadə deyir, dosyeləri aç, dosyeləri aç, niyə açmırsınız? Əbülfəz bəy cavab verdi ki, mən o dosyeləri açsam, Azərbaycanda vətəndaş müharibəsi baş verər.

– Zərdüşt bəy, bir sualım cavabsız qaldı. Bəs siz özünüz də “İstiqlal” qəzetində yazmısınız ki, Heydər Əliyev bizim xilasımızdır, o, hakimiyyətə nə qədər tez gəlsə, bizim xeyrimizədir...

– Mən Xalq Cəbhəsi İdarə Heyəti üzvlərinə deyirdim ki, Vəzirovun başını yediniz, qan tökdünüz, yıxdınız, Mütəllibov gəldi. Bu Mütəllibov bədbəxt sizə əməkdaşlıq, koalision hökumət təklif eləyir. Deyir ki, dörd vəzifəni mənə – prezidentin tabeliyinə verin; xarici, daxili, təhlükəsizlik və müdafiə. Çünki sizin bu vəzifələrə qoymağa adamınız yoxdur. Doğrudan da, bizim sıramızda belə adamlar yox idi. Qalan vəzifələr; baş nazir və baş nazirin müavinləri, səhiyyə, tibb, maliyyə, tikinti, təhsil... hamısını Mütəllibov Xalq Cəbhəsinə verirdi. Elçibəy razılaşmadı. Mən yazırdım ki, a kişi, niyə razılaşmırsınız? Gül kimi təklifdir. Hakim zümrə sizə koalisiya hökuməti təklif edir. Axı Azərbaycan pis gündədir, Qarabağ və keçid dövrünün problemləri var. Gəlin əlbir olaq, hakimiyyət sizdə, hökumət sizdə, gəlin addım-addım gedin, təcrübə də toplayın, heç nə bilmirsiniz axı, qabiliyyətiniz, savadınız yoxdur. Yavaş-yavaş dövlətçilik təcrübəsi toplayın, yavaş-yavaş da islahatlara gedək. Elçibəy dedi, yox e, Ayaz Mütəllibov getməlidir. Getdi də.

Bundan sonra Elçibəy öz dəstəsi ilə gəldi. Mən də bunları çox yaxşı tanıyıram, anlayıram ki, savadsız, təcrübəsizdirlər: dövlət nədir, xarici siyasət nədir, daxili siyasət nədir, heç nə bilmirlər. Bir tərəfdən ermənilər, o biri tərəfdən ruslar, bir tərəfdən də Elçibəy çıxıb deyir ki, İranı dağıdacağıq. Çin dağılacaq, Hindistan dağılacaq, böyük türk dünyası yaradacağıq. Mən gördüm ki, bunlar Azərbaycanı dağıdacaqlar. Və götürdüm bir məqalə yazdım ki, Heydər Əliyev onsuz da hakimiyyətə qayıdacaq, nə qədər tez qayıtsa, bizim xeyrimizədir. İki yol var idi, ya dövlət dağılmalı idi, ya da Heydər Əliyev hakimiyyətə gəlməli idi. Dövləti qorumaq üçün ona görə belə bir məqalə yazdım.

– Zərdüşt bəy, deyirsiniz ki, Elçibəyin və Etibar Məmmədovun, eləcə də digərlərinin əlindən başınızı götürüb Xalq Cəbhəsindən qaçdınız. Bəs necə oldu ki, 1998-ci il prezident seçkilərində öz millətinin diktatorunu başqa xalqın demokratından üstün tutan Etibar Məmmədovun namizədliyini dəstəklədiniz, amma Elçibəyə qarşı qəzəbiniz hələ də keçməyib?

– Çox gözəl sualdır. Elçibəy öz rolunu oynayıb Kələkiyə getmişdi, artıq dramın ikinci hissəsinə hazırlaşırdı. Demokratik düşərgənin vahid namizədi olmaq və 1998-ci il seçkilərində iştirak eləmək üçün Bakıya gəldi. Müxalifətin vahid namizədi olmaq istəyirdi. Və İsa Qəmbər Müsavat Partiyasında dedi ki, vahid namizədliyi Elçibəyə verək. Hikmət Hacızadə qayıtdı ki, a kişi, sən neynirsən? Bir dəfə ona imkan verdik, başımızı soxdu yerə, axı bu adam heç nəyə yaramadığını sübut elədi. Namizəd sən – İsa Qəmbər olmalısan. Beləliklə, İsa Qəmbər Əbülfəz Elçibəyə deyir ki, bəy, mən sənin vahid namizədliyini verə bilmərəm, çünki partiyam qərar çıxarıb ki, mən olmalıyam. Bundan sonra Elçibəöy İlyas İsmayılova deyir ki, mənim vahid namizədliyimi ver, İlyas da qayıdır ki, mən razıyam, amma İsa Qəmbər geri çəkilsə, mən də səni dəstəkləyirəm.

Bu zaman mən İsaya zəng elədim, dedim ki, gəl görüşək. Malakan bağında görüşdük. İsa Qəmbər cangüdənləri ilə gəldi. Oturub qəhvə sifariş elədik. Dedim, İsa, mənim qəşəng bir təklifim var. Sizin blokun daxilindəki vəziyyəti bilirəm. Sizdə beş nəfər potensial namizəd var. Sən, Elçibəy, İlyas İsmayılov, Sabir Rüstəmxanlı, Lalə Şövkət Hacıyeva, burdan da sosial demokrat mən. 6 nəfər gedirik Mərkəzi Seçki Komissiyasına, 50 min imza lazımdır, biz isə 60 min imza vərəqi götürürük və öz sadiq tərəfdarlarımızın imzasını toplayırıq. Və xahiş eləyirik ki, o vətəndaşlar digər beş nüxsəyə də qol çəksin. Amma kimin üçün imza topladığımızı demirik. Hərəmiz 10 min imza toplayandan sonra o vərəqləri bir-birimizə veririk. Anladınızmı?

– Aha..

– Artıq kağıza yazılır ki, Əbülfəz 60 min imza, Lalə Şövkət 60 min imza və s. Bu imzaları bir yerdə aparıb Mərkəzi Seçki Komissiyasına veririk və elan edirik ki, biz bu imzaları eyni adamlardan yığmışıq. Yəni bir nəfər 6 namizədə imza verib, o vaxt belə bir şey mümkün idi. Və deyirik: əgər birimizi qeydiyyatdan keçirməsəniz, altımız da seçkidə iştirak etmirik. Onda prezident seçkilərində hər bir namizədin üç saat efirdə danışmaq ixtiyarı var idi. Belə bir təklif verdim. İsa isə dedi ki, Lalə Şövkət 50 min imza toplaya bilməz. Dedim, İsa, sən nə danışırsan, mən dedim axı ki, 10 min imza toplayırıq, sadəcə, bir nəfər 6 namizədə imza verir. Yenə dedi ki, Lalə Şövkət imza toplaya bilməz. Başa düşdüm ki, bunun başında bir dənə fikir var: təki Lalə Şövkət namizəd olmasın. Başa düşdüm ki, İsa Qəmbərlə seçki taktikasını müzakirə eləmək mənasızdır. Ona görə də içdiyim qəhvənin pulunu verib, çıxıb getdim.

– Etibar Məmmədov məsələsi ilə bağlı sual vermişdim...

– Elə ora gəlirəm. Bundan sonra Nazim İmanov yanıma gəldi, dedi ki, Etibar Məmmədov səninlə görüşmək istəyir. Onda Etibarla münasibətim çox pis idi. Çünki Xalq Cəbhəsində məsələ qaldırmışdım ki, o, burdan qovulsun. Etibar bizim iqamətgaha gəldi. Dedim ki, Etibar, müxalifət seçkini boykot eləyib, amma sən seçkiyə gedirsən, ümid edirsən ki, seçiləcəksən? Dedim ki, bil və agah ol: sən Heydər Əliyevə qalib gələ bilməyəcəksən! Amma xalqın maariflənməsi naminə biz böyük işlər görə bilərik. Sən ermənistanlısan, mən isə bakılı. Gəl xalqa nümunə göstərək ki, müxalifətdə ermənistanlı və bakılı tandemi mümkündür. Sən prezidentliyə gedirsənsə, seçki platformanda məni də elan elə ki, Zərdüşt baş nazir olacaq. Mən də baş nazir kimi öz sosial-demokrat proqramımı irəli sürəcək, Qarabağın dinc yolla həlli, demokratik islahaltlar və s. kimi təkliflər verəcəyəm. Etibar güldü. Dedim ki, əgər razısansa, gəl müqavilə bağlayaq, Sosial Demokrat Partiyası səni dəstəkləsin və mən də öz fəllarımı sənin müvəkkilin kimi işə qoşum. Dedi, yaxşı. Bir müavilə imzaladıq, o müqavilə indi də durur.

– Siz doğrudan, baş nazir olmaq istəyirdiniz?

– Yox, bu, sadəcə, siyasət idi. Onsuz da bilirdim ki, Etibar prezident olmayacaq. Amma xalq bilməli idi ki, müxalifətdə “yerazla bakılı”nın tandemi yarandı. Hətta onun müvəkkili kimi öz tərəfdarlarımı da göndərdim. Amma Nazim İmanov gəlib dedi ki, Etibar deyir, mən Zərdüştün baş nazir olacağını elan eləyə bilmərəm. Çünki baş nazir vəzifəsini Bakı ət kombinantının diretktoruna vəd eləyib. Dedim, get Etibara de ki, getsin, mənimki məndə, onunku da onda, bir də mənim yanıma gəlməsin. Vəssalam! Bundan başqa mən Etibara heç bir rəsmi dəstək verməmişəm. Amma Etibar özü açıqlama vermişdi ki, məni Sosial Demokratlar Partiyası da müdafiə eləyir. Yalan demişdi.

– Zərdüşt bəy, Ayaz Mütəllibovla indi münasibətiniz var?

– Mən onu ömrümdə bircə dəfə görmüşəm, 1989-cu ildə bir dəfə qısa söhbətmiz oldu, vəssalam.
axar.az
"Dedim xahiş edirəm, əmr edin, qoşunları Bakıya yeritməsinlər"Bu həftə Azərbaycan xalqının başına gətirilən faciələrdən daha birinin – 20 Yanvar qırğınının 28-ci ildönümü tamam olacaq. Çox təəssüflər olsun ki, 1990-cı ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsinin qarşısını almaq üçün işğalçı sovet ordusunun həyata keçirdiyi dəhşətli hadisələrin cinayətkarları hələ də cəzasını almayıb.

Azərbaycanın eks-prezidenti, həmin hadisələr zamanı hökumətə rəhbərlik etmiş Ayaz Mütəllibov “Yeni Müsavat”ın suallarını cavablandırıb.

– Ayaz müəllim, bu həftə 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd olunacaq. İstərdim həmin qırğına qədərki hadisələri xatırlayasınız. Ermənilərin Bakıdan çıxarılması prosesinin arxasında kimlər dururdu? Burada qırğına zəmin yaratmaq istəyən “KQB”-nin rolu var idimi? Hesab etmək olarmı ki, məhz bu hadisələrdən istifadə edib Bakıya ordu yeritdilər?

– Əlbəttə. O vaxt Bakıda azı 250-300 min erməni yaşayırdı. Əslində azərbaycanlıların Ermənistandan qovulmasının qarşılığında bu, biz tərəfdən müsbət qiymətə layiq hərəkət idi. Şəxsən mən Ermənistan rəhbərliyinə dəfələrlə dedim ki, siz azərbaycanlıları, Ermənistan vətəndaşları olan insanları vətənlərdindən qovdunuz, bizsə hələlik burdakı erməniləri güc-bəla ilə saxlayırıq. Niyyətiniz nədir? Gəlin Azərbaycandakı ermənilərin də durumuna fikir verin. Qaytarın azərbaycanlıları, biz də bilək ki, siz həqiqətən də bu məsələnin həllinə can atırsınız. Deyirdilər ki, yox, bilirsiniz, qonşuların arasında xırda bir mübahisə olsa da, deyəcəklər millətlər arasında gərginlik var. Bu kimi bəhanələr… Dedim biz bir ildir dözürük ki, siz bu məsələni özünüz dərk edib həll edəcəksiniz, çünki axırı pis ola bilər. Ondan sonra da məlum hadisələr baş verdi, 12 yanvarda Bakıda ermənilərə qarşı həmin hadisələr təşkil olundu. “KQB”nin, ya kimin vasitəsilə təşkil olunduğunu deyə bilmərəm. Ancaq faktiki olaraq bir neçə erməniyə zərbə vuruldu və bu hadisələr qanqaraçılığa səbəb oldu. Təsəvvür edin, azı 100 minə qədər azərbaycanlı Ermənistandan Bakıya gəlmişdi. Onların işlə, yaxud yaşayış yeri ilə təmin edilməsi məsələsi mümkün deyildi. Ona görə ermənilərə deyirdik ki, qaytarın bunları, çünki sizin vətəndaşlardır. Həm də onlar indiyədək sizə ziyan vurmayıblar. Bu, alınmadığı üçün biz də erməniləri dövlət səviyyəsində Azərbaycandan çıxarmağa məcbur olduq. Çünki bunun axırı pis olardı. Kimsə təxribat vasitəsilə, ya başqa yolla ədavəti qızışdırsaydı, onda ermənilər necə ki, Türkiyəni bu vaxta qədər rahat qoymurlar – bizi də bu hadisələrə görə ittiham edəcəkdilər. İndi də deyinirlər, ancaq əsasları yoxdur. Çünki biz erməni sakinlərə pislik etməmişik, əksinə, kömək etmişik ki, canlarını qurtarsınlar.

– Nemət Pənahlı müsahibəsində deyib ən böyük səhvlərimdən biri bu olub ki, 17 yanvardakı görüşdən sonra Ayaz Mütəllibov və Primakovu girov götürməyib…

-(Əsəbi halda) Əşi, axmaq-axmaq danışmasın. Qoy özünə, törətdiyi əngəllərə baxsın! Nə danışır? Nə ixtiyarı var belə sözləri işlədir? Kimdir o?

– O zaman sizin aranızda hansısa problemlər yaranmışdımı, mübahisəniz olmuşdumu?

– Yox. Sadəcə olaraq Primakov Mərkəzi Komitənin büro iclasında bizi tənqid etdi ki, siz idarəçiliyi itirmisiniz, vəziyyəti nizamlaya bilmirsiniz. Mən də dözmədim, o zaman baş nazir idim, siyasətlə məşğul olmurdum, işim təsərrüfatçılıq idi. Dedim, bilirsiniz nə var, siz bizi ittiham edirsiniz ki, guya bu işlə məşğul olmuruq. Ancaq əslində Azərbaycanda sizin ucbatınızdan belə vəziyyət yaranıb. Siz ölkəni idarə edə bilmirsiniz. O adam susdu, bir söz demədi. Başqa bir epizod da oldu. Deyəsən, ayın 19-u idi. Moskvadan gələn adamlar Vəzirovun kabinetindəydilər, yaranmış vəziyyəti müzakirə edirdilər. Moskvadan gələnlərin biri məndən soruşdu ki, Ayaz müəllim, siz bu vəziyyətə necə baxırsınız? Əlimi pəncərəyə tuşladım – həyətdə yığışan adamlar “istefa” tələb edirdilər – dedim bilirsiniz camaat orda nə tələb edir: “istefa”. Biz istefa verməliyik, çünki biz sizin, ya başqasının ucbatından idarə edə bilmirik. Bu narazılığın kökünü də siz bizdən yaxşı bilirsiniz, Qarabağ məsələsi olmasaydı, indiki hadisələr baş verməyəcəkdi, sakitlik hökm sürəcəkdi. Amma faktiki olaraq indi biz ölkəni idarə edə bilmirik.

– Belə çıxır ki, danışıqların gərgin keçməsi Bakıya ordu yeridilməsinə səbəb oldu?

– Hə də. Bunlar Xalq Cəbhəsinin rəhbərliyi ilə söhbət etdilər ki, Qorbaçovun əmri var, qoşunlar yeridiləcək. Ona görə də gəlin meydanı boşaldın, çünki siz hakimiyyətə qarşı əl qaldırmısınız. Sözün doğrusu, biz Xalq Cəbhəsini qeydiyyata alanda qol çəkdiyimiz sənəddə qeyd olunmuşdu ki, Xalq Cəbhəsi konstitusion dövlətə qarşı çıxış etməyəcək. Ancaq faktiki olaraq kimin xoşuna gəlir, ya gəlmir, o zaman SSRİ bir dövlət kimi rəsmən var idi. Qorbaçov da bundan istifadə etdi. Ümumiyyətlə, o zaman Azərbaycan siyasi meydanında iki qüvvə qarşıdurmada oldu: Azərbaycan tərəfdən Xalq Cəbhəsi, Moskva tərəfindən də Kreml. Biz, ozamankı hökumət heç nə edə bilmirdik, bizə qulaq asan yox idi.

– Hesab etmək olarmı ki, hakimiyyətin iradəsizliyi öz sözünü deyib?

– İradəsizlik deyil e. Siz niyə bu sözü işlədirsiniz? Hap-gopla biz nə edə bilərdik? Silah mərkəzdəydi, bizdə ordu yox idi. Biz nə edə bilərdik? İradəsizlikdən danışmaq çox rahatdır. Ancaq ozamankı vəziyyəti göz önünə gətirsəniz, bizi anlaya bilərsiniz, bağışlayın bu sözümə görə. O zaman bizim hökumətin imkanları sıfır dərəcəsindəydi. Ona görə ki, Moskva gəlib lövbərini salmışdı. Mən Primakovun üzünə o sözləri dedim. Bundan artıq nə deyə bilərdim?

– Yəni 20 Yanvar qırğını baş verməyə də bilərdi?

– Əlbəttə. Söhbət ondan gedirdi ki, Bakı qarnizonunun ətrafına yığışan adamlar oranı boşaltsınlar. Adamlar dağılışsa, qırğın olmazdı.

– Belə çıxır ki, Vəzirovun Bakını tərk etməsindən siz də xəbərsiz olmusunuz?

– Yox, məlumatsız olmamışam. Həsən Həsənov zəng edib məndən soruşdu. Dedim mənim xəbərim yoxdur, o, 1-ci katibdir, siz də katib. Onu siz billməlisiniz ki, 1-ci katib hardadır, məndən niyə soruşursunuz? 18-dən 19-na keçən gecə mən öz kabinetimdə oturmuşdum. Ancaq Nazirlər Sovetinin binasında mən və köməkçimdən başqa heç kim yox idi.

– Vəzirov da sizə xəbər vermədən Bakıdan qaçmışdı, eləmi?

– Yox, mənə nə Vəzirov, nə başqası bir söz demişdi. Yanvarın 19-u gecəsi, təqribən 10 radələrində məndən bir neçə nəfər xahiş etdilər ki, Ayaz müəllim, biz eşitmişik ki, Bakıya qoşun yeridəcəklər. Amanın günüdür, Moskvaya zəng edib bunun qabağını alın. Mən də onların yanında SSRİ-nin baş naziri Rıjkova zəng etdim. Dedim xahiş edirəm, əmr edin, qoşunları Bakıya yeritməsinlər, böyük fəlakətlə üzləşəcəksiniz. Bunu bilin ki, Bakıda yarım milyon rus əhali var, onları pis vəziyyətə qoymayın! Çünki sovet ordusu rus ordusu kimi qəbul olunur, ona görə də buna yol verməyin! O da mənə dedi ki, siz idarə edə bilmirsiniz. Dedim bəli, biz idarə edə bilmirik. Ancaq bu idarə edə bilməməyin nəticəsi acı olacaq, bunun qabağını siz almalısınız. Mənim bu işdə nə gücüm var, nə də imkanım. Sonra Yazova zəng etdim. Yazov onda 4-cü ordunun qərargahında idi. Dedim ki, mən indicə Rıjkovla da danışdım… Mənim dediklərimi Rıjkov öz kitabında qeyd edib.

– Zəng edəndə sizin yanınızda kimlər var idi?

– Mərkəzi Komitənin katibləri Həsən Həsənov və Telman Orucovun, komsomolun birinci katibi Sahib Ələkbərovun, Mərkəzi Komitənin digər rəsmisi Rauf Axundovun yanında zəng etdim. Baxmayaraq ki, ondan əvvəl Moskvadakı adamlarla danışırdım və xəbərdarlıq edirdim ki, böyük faciələr ola bilər, buna yol verməyin. Ancaq “Salyan kazarması”nın qarşısına yığılan adamları oradan yığışdırsaydılar, vəziyyət başqa cür olardı. Bakıda inzibati binaların fəaliyyəti iflic olmuşdu. Bakı şəhər partiya komitəsinin binasında Xalq Cəbhəsi oturmuşdu, Mərkəzi Komitə mühasirədəydi, Nazirlər Sovetinin binasına qadağa qoymuşdular, təkcə məni işə buraxmışdılar. Odur ki, “konstitusiyalı hakimiyyətə silahlı hücum” ittihamı elan olundu. Bununla nə qazandılar? Bu bəhanəni niyə verirdilər? Bəziləri deyirdilər ki, siz narahat olmayın, Tiflis hadisələrindən sonra Bakıya qoşun yeridilməyəcək, biz gedib sizə silah gətirəcəyik.

– Amma təbii ki, bu hadisələrdə ən böyük məsuliyyəti Qorbaçov və onun komandası daşıyır. Onların nə zamansa məhkəmə qarşısında dayanacağını, cəzalandırılacağını gözləyirsinizmi?

– Şübhəsiz ki, ən böyük məsuliyyəti Qorbaçov daşıyır. Çünki o, ölkə prezidenti və baş katib idi, bütün səlahiyyət də onun əlində idi. Mən bunu özünə də demişəm. Özü də etiraf edib ki, bəli, mən çox şeyi edə bilməmişəm, ancaq bir məsələnin həllində özüm üçün uğurlu nəticə qazanmışam, o da kommunist sisteminin ləğvinə nail olmağımdır. Lakin deyə bilmərəm ki, Qorbaçov nə vaxtsa cəzasını alacaq. İndi Qorbaçov kimdir ki? Bununla belə o, məhkəmə qarşısında dayanmalıdır. Ona qarşı cinayət işi də qaldırılıb, ancaq rəsmi hökumət tərəfindən yox. O vaxt mən bütün yüksək tribunalardan sözünü demişəm. Məsələn, kommunistlərin 28-ci qurultayında mən ağzıma gələni dedim. Biri dedi ki, biz heç gözləməzdik ki, Ayaz Mütəllibov bu sözləri işlətsin. Mən tarixdə ilk dəfə Mərkəzi Komitənin Siyasi Bürosunun üzvlərinin fəaliyyətinə mənfi qiymət verdim. Təbii ki, mən 20 Yanvar hadisələrinin araşdırılması ilə bağlı məhkəmə prosesinin qurulmasını istərdim. Sadəcə, biz bilməliydik ki, o zaman nə qədər canfəşanlığa yol versək, müsbət nəticə əldə edə bilməyəcəyik. Ona görə cəbhəçilər də deyirdik, Moskva yaralı bir ayıdır, ona sataşsanız, bilməliyik ki, bunun əks təsiri olacaq. Qarabağ münaqişəsi sovet Moskvasında başlamışdı. Sən də mərkəzi hökuməti təhqir edirsən. Kimin xeyrinə? Ermənilərin. Ermənilər istəyirdik ki, biz Moskvanın təsirindən çıxaq, biz də onu etdik. Emosionallığa yol verilməməli idi. Çünki siyasətdə emosiya olmamalıdır. Mən də deyirdim ki, Qarabağ münaqişəsinin həllinin açarı Moskvadadır. Bu münaqişəni Moskvada söndürmək lazım idi. Deyirdilər yox e, biz Avropa yolu ilə gedək. Nəticə nə oldu? Moskvada Azərbaycanla dostluğa üstünlük verən xeyli adamlar var idi. İndinin özündə də görürsünüz, nə dolaşığa düşmüşük. İnandığımız Qərb nə verdi bizə? Gəlib-gedirlər, mənasız səfərlərin heç bir faydası yoxdur. Halbuki bizim ixtiyarımız var torpaqları azad etməyə, ancaq deyirlər siyasi yolla həll olunmalıdır…
"Kişi seksdə orqazm zamanı ölür"Avrasiya.net Azərbaycanda ilk seks kitablarının müəllifi, yazıçı-publisist Allahverdi Eminovun Kulis.az-a verdiyi müsahibəni təqdim edir:

- Allahverdi müəllim, siz ixtisasca filoloqsunuz. Bir xeyli elmi, bədii kitabların müəllifisiniz. Amma hamı sizi “Payıza qədər” kitabı ilə tanıyır...

- Bu kitab 1990-cı ildə çıxıb. Sovet hökumətinin nəfəsinin gedib-gəldiyi vaxtda. Heç kim inanmırdı ki, sovet hökuməti dağılacaq. Mən risk edib bu kitabı yazdım. Özü də bu kitabı vəhylə yazmışam. Cəmi 20 günə yazıb bitirdim. Mərhum şairimiz Tofiq Abdin kitabımı mətbuatda roman kimi təqdim etmişdi. Ancaq mən bu kitabı esse janrında yazılmış traktat hesab edirəm. Mənə qədər heç kim belə bir kitab yazmağa cəsarət etməmişdi. Bu kitabda öz şəxsi düşüncələrimdən çıxış etmişəm. Demək istəmişəm ki, heç bir kişi qadınla intim münasibəti özünə ayıb bilməsin. Seks Allahın əmridir. Kişi qadınla intim münasibətə girirsə, o zaman dünyaya övlad gətirir. Hər bir övlad da Allaha qulluq edəcək. Mən müşahidələrimi qələmə almışam. Görmüşəm ki, cavanlarımız seks barədə maariflənməyiblər. Seksi tamam ayrı cür anlayırlar. Mən kitabda seks sözünə maraqlı bir alternativ yaratmışam: “İntim oyun”. Sizə bir şey deyim. Kitabda da bu nüansa toxunmuşam. Bizim kişilər gedirlər Rusiyaya, Nataşaları vurub qoltuğuna gətirirlər öz kəndlərinə. Nataşa da belə mühitdə yaşaya bilmir, qaçıb gedir. Bizim qızlar isə sekssiz bir həyat keçirirlər. Nə olar ki, bir az qızlarımız özlərinə fikir versinlər, davranış qaydalarına riayət etsinlər, seksin bir mədəniyyət olduğunu anlasınlar. Seks sözündən məni o qədər qorxudublar ki, adını çəkə bilmirəm (gülür). Bu intim münasibətin öz mədəniyyəti, gözəlliyi, estetikası var. Təsəvvür eləyin ki, bizim təzə ərə gedən qızlarımız orqazmın nə olduğunu bilmirlər. Kor-koranə yaşayırlar. Orqazm Allahla insan arasındakı vasitədir. Çünki orqazmsız dünyaya uşaq gələ bilməz. Bu seksin bioloji tərəfidir, amma onun həm də mədəni tərəfi var.

- Aydındır ki, bu maarifləndirmə sizə baha başa gəlib...

- Hə... (gülür). Məni çox tənqid elədilər. 50-dən çox tənqidi məqalə yazıldı haqqımda. Mərkəzi Komitədə bir nəfər işləyirdi. Tez-tez görüşürdük, mənim gənclik dostum idi. Bir gün ona dedim ki, nə əcəb Mərkəzi Komitə bu kitaba münasibət bildirmir. Güldü, dedi, Allahverdi müəllim, Mərkəzi Komitədəkilərin hamısının masasının üstündə bu kitab var. Qapı açılan kimi tez aşağı qoyurlar. Dostum deyirdi ki, onlar ideoloji cəhətdən bu kitabı ziyanlı hesab etmirlər, sənin doğru yazdığını düşünürlər. Sadəcə tənqidlərin qarşısını almaq mümkün deyil.

- Pornoqrafiya kimi təqdim edənlər də olub kitabı...

- Düzdü. Mən onlara demişdim ki, əşşi, pornoqrafiya ayrı şeydi. Mən beynəlxalq aləmdə qəbul olunan seks sözünü işlətmişəm. Kitabda məhəbbəti tərənnüm etmişəm. Nə pornoqrafiya? Bunları çaşdıran kitabın birinci şəxsin dili ilə yazılmasıydı. Onlara elə gəlirdi ki, Allahverdi müəllim öz tərcümeyi-halını qələmə alıb. Axı dünyanın ən məşhur yazıçıları birinci şəxsin dili ilə yazırlar. Nə olsun? Bu o demək deyil ki, şəxsi həyatındı.

- Bu kitaba görə sizə anonim məktublar da gəlib...

- Çox...

- Qadınlar yazırdı?

- Qadınlardan az gəlirdi, açığı. Daha çox kişilər yazırdı. Ən çox telefon zəngləri olurdu. Mən o vaxtı “Maarif” nəşriyyatının direktorunu rəsmi şəkildə əvəz edirdim. Öz şəxsi kabinetim vardı. İşlədiyim yerin telefon nömrəsini tapmışdılar, durmadan zəng edirdilər. Həm də mən veriliş aparırdım. 83-cü ildən 92-ci ilə qədər. Üç veriliş aparmışam. Direktoru əvəz edəndə “Ziya” verilişini aparırdım. Onları bu da qıcıqlandırıdı. Həm veriliş aparıcısı, həm də Dövlət Nəşriyyatının direktoru olmağım.

- Zəng edib nə deyirdilər?

- Deyirdilər, Allahverdi müəllim, siz haqlısınız, siz bizim hislərimizi verə bilmisiniz. Mən də deyirdim, bunu mətbuata yazın. Deyirdi, axı mənim ailəm var, yaza bilmərəm. Hətta mənə bir neçə adam demişdi ki, tərif yazısı yazmışdıq, apardıq redaksiyaya, qəbul etmədilər. Çünki kitab haqda yalnız tənqidi yazıları çap edirdilər. Mənə şəxsi həyatımla bağlı suallar verirdilər. Yazdığım hislərinin doğru olub-olmadığını. Mən də deyirdim, qadınlara böyük hörmət göstərmişəm, yaxşı yaşamışam həmişə, o hislər həyatımda olub. Kitabda da yazmışam ki, kişi gərək namuslu qadını, intim həyata meylli olmayan qadını vəzifəsindən, pulundan istifadə eləyib yoldan çıxarmasın. Bu, kişilik deyil. O qadının ki, buna meyli var, əri yoxdu, bu normaldı.

- Yəni o qadını yoldan çıxarmaq olar?

- Hə, bu olar. Özünün xoşu gəlirsə. Meyli varsa. Mən həyatım boyu namuslu qadınları yoldan çıxarmamışam. Vəzifəm də olub, pulum da... Qadın olub ki, gəlib mənə öz həyatını danışıb. Deyib, ərim var, başqa qadınla görüşür, istəyirəm boşanım ondan. Demişəm, elə şey eləmə. Bu, müvəqqəti bir hisdir, ötüb keçəcək. Ehtiraslar sönüb gedir. Kitabın adını da təsadüfən “Payıza qədər” qoymamışam. İnsan 100 il də yaşaya bilər. Ancaq intim qabiliyyət çox çəkmir. Müəyyən yaşa çatanda o güc əldən gedir. Yəni Allah o gücü sənə əbədi vermir. Mən də insanlara deyirəm ki, gücünüz yetdiyi qədər bu hissi yaşayın. Cavanlara üzümü tuturam: etikadan kənara çıxmadan, estetik davranaraq yaşayın bu hissi.

- Kitabdan sonra sizə intim həyatını danışan qadınlar olub?

- Danışıblar. Çox danışıblar. Məndə nə qədər məktub var. Gündəliyimdə də yazıram bunları.

- Yadınızda nə qalıb o məktublardan?

- Məsələn, yazırdılar ki, sizinlə görüşmək istəyirəm, amma ailəliyəm. Yazırdılar, sizə o yaşı vermək olmaz, cavan birinə oxşayırsınız.

- Münasibət qurmaq istəyən olub?

- Mən İdman İnstitutunda iki il işləmişəm. Auditoriyada zəhmli olurdum deyə, qızlar çəkinirdi məndən. Orda bir xanım məni otağa dəvət etmişdi. Soruşdum, nişanlın var. Dedi, hə, amma Moskvadadır. Dedim, mən risk eləmirəm. Təəssüflə “heç nə olmaz, mən bunu elə-belə təklif etdim” dedi və birdən nə desə yaxşıdır? Müəllimi sevmək olmaz? Sonuncu cümləsi bu olmuşdu. Mən də dedim, müəllimi sevmək olar, amma o sevgi platonik qalsın.

- Razılaşdığınız olmayıb?

- Yox. Bu təbii olmalıdır e. Təbii... O sahədə mənim öz konsepsiyam var. Mən dərs deyirəm buna, bəlkə də qiymət üçün bu yola əl atır. Təmənna var altında. Mən intimə dindən də baxıram. Bunun axirəti var axı. Elədiyinə görə cavab verəcəksən.

- Kitabınız Freydin fikri ilə bitir: “Qadın nə istəyir?”

- Bəli. Sonra mən kitab kimi yazdım bunu, adını da qoydum “Qadın nə istəyir?” Çap olunmayıb hələ.

- Deyəsən, sualın cavabını tapmısınız...

- Cavab tapmışam. Sizə bir əhvalat danışım. Bir alim teorem kəşf eləyib, ancaq teoremin cavabını yoxa çıxarıb. Kəşfini riyaziyyat institutuna təqdim edib. Teoremin cavabını soruşublar, alim deyib ki, bunun cavabı var, amma mən istəyirəm, cavabı özləri axtarıb tapsınlar. Elan verirlər, dünyanın ən məşhur riyaziyyatçılarını teoremin cavabını tapmağa çağırırlar. Uzun illər heç kim tapa bilmir. Nəhayət biri gəlib deyir ki, mən tapmışam, ancaq bunu yalnız institut rəhbərliyinə deyə bilərəm. Qoy heç olmasa o alimin xətrinə alimlər hər üç ildən bir yığışsınlar. Mən bu əhvalatdan yola çıxıb deyirəm ki, cavabı tapmışam, amma bu da birmənalı deyil. Qadının yeganə ən böyük tələbi onun intim münasibətidir. Fikir verin, yaxşı vəzifədə olan adamın qadını bəzən sürücüyə qaçır. Yaxud da hər şeyi ilə təmin olunmuş qadın yenə də xəyanət edir. Məsələ intim mənada təmin olunmamağıdır.

- Bəlkə, bunun bir səbəbi də erkən nikahdır? Tanımadığı, sevmədiyi şəxslə ailə həyatı qurmaqdı?

- Xəyanət gendən gəlir. Hətta gözəl bir misalımız da var: “Anası gəzən ağacı balası budaq-budaq gəzər”. İkinci, xəyanətin kökündə sosial mühitin rolu var. Ehtiyac məsələsi... Qadının xəyanətinin səbəbi kişiyə qısqanclıqdandı. Görür, kişi xəyanət edir, o da bunu sınamaq istəyir. Orda günahkar kişidir. Məsələn, zəng edirlər qadına, deyirlər, sənin kişin filankəslə gəzir. Rayon, kənd qadınları bunu normal qarşılayar. Amma yüksək vəzifədə olan, imkanı olan qadın qisas almaq istəyir. Mən açıq deyirəm: başqa qadınla görüşmək evli kişi üçün məqbuldur. Amma ərli qadının başqa kişiylə görüşməsi bizim ənənəmizə görə olmaz. Mentalitet qəbul etmir.

- Cinsi ayrı-seçkilik deyilmi bu?

- Ərindən boşansın, sonra başqa kişiylə münasibət qursun.

- Bizim cəmiyyətlərdə boşanmış qadına da münasibət yaxşı olmur. Belə olanda nə etsin?

- “Aytəkinin taleyi” romanında sizin verdiyiniz sual üzərində gəzişmişəm. Bizdə dul, boşanmış qadına yaxşı baxmırlar. Axı bu hamının başına gələ bilər. Niyə biz buna pis baxmalıyıq?

Mənim əmim vardı, müharibə getdi və gəlmədi. Onun yoldaşı ərindən sonra heç kimlə ailə həyatı qurmadı. Beş uşağı təkbaşına böyütdü. 90 il yaşadı qadın. Ölmədən əvvəl uşaqlarına vəsiyyət eləmişdi. Demişdi, sandıqdan toy gecəsi geyindiyim paltarı sinəmə qoyub elə basdırarsınız məni.

- Dəhşətdir.

- O qadını vəsiyyətinə uyğun şəkildə Şıxlı qəbiristanlığında dəfn eləmişdilər. Bizim bu cür qadınlarımız da var.

- Bizdə bu düşüncə də var: qadın sona qədər ərinə sadiq qalmalıdır, o öləndən sonra evlənməməlidir. Amma kişi üçün belə bir qayda yoxdur...

- Əgər ər ölübsə, ya biryolluq xaricə gedibsə, ya boşanıbsa, o qadın başqa kişiylə münasibət qura bilər.

- Yəqin, ailə qurmasını nəzərdə tutursunuz...

- Əlbəttə. Sizə bir şey də deyim. Versiyaya görə, Məhəmməd peyğəmbərin 13 həyat yoldaşı olub. “Qadın nə istəyir?” adlı kitabımda bu barədə ayrıca fəsil yazmışam. Mən çoxarvadlılığın tərəfdarıyam. Ancaq bu şərtlə ki, evli olduğu qadınların hamısını intim mənada təmin eləyə bilsin. Eyni zamanda da maddi cəhətdən təmin etmək lazımdır.

- Belə olanda qadına haqsızlıq edildiyini düşünmürsünüz?

- Mən çoxarvadlılıq deyəndə 300 qadın demirəm (gülür). Üç qadından artıq olmaz. Təbii ki, bunun mənəvi tərəfləri də var.

- Allahverdi müəllim, cəmiyyətimizdə azad seksin tərəfində olan gənclər var. Buna necə baxırsınız?

- Yox. Buna qətiyyən razı deyiləm. O zaman bizim istiqamətimiz yaxşı olmaz. Biz Fransa deyilik. Bizim dinimiz, mentalitetimiz var.

- Bəzən bu qapalılığın fəsadları ortaya çıxır. Sevgililər intihar edir, başlarına faciəvi hadisələr gəlir. Bəs bunu necə tənzimləmək olar?

- Öpüş qəbul oluna bilər. Məndə olan məlumata görə öpüşün 108 növü var. Öpüş bir-birini anlamaq üçün çox gözəl vasitədir. Sən bir qadınla sevişirsənsə, niyə bunu uzadırsan? Evlən getsin də... Mənə görə, bakirəlik gözlənilməlidir.

- Qadın üçün bakirəliyin uzun müddət gözlənilməsi ona problem deyil?

- 40 yaşdan sonra uşaq dünyaya gətirməsi mümkünsüz olur. Qalan heç bir problemi yoxdur. Sadəcə uşağı olmaya bilər. Elə ona görə deyirəm ki, sevirsənsə bunu niyə uzadırsan, ailə qur da. Qız sənin üçün hər şey eləyə bilər. Amma sən ondan istifadə eləməməlisən. Yoxsa bu sənin də başına gələr sonra. Sənin qızının, bacının, ən doğma adamının başına gələr.

- Allahverdi müəllim, bir çap olunmayan kitabınız var dediniz: “Qadın nə istəyir?” Başqa yenə var?

- Var. Birini də yazmışam: “Qadınlar və kişilər zövqlər səltənətində”. Üç-dörd gündü bitirmişəm. Mən Ginnesin rekordlar kitabına düşə bilərdim. Şərqdə ilk seks kitabı yazan biri kimi... Sadəcə sənəd-sünəd işi vardı, düşmədim dalınca. Kitabda seksin mədəniyyətindən yazmışam. Məsələn, intim münasibətdə qara, qırmızı rəngdə çarpayıya girmək olmaz. Bizim nadanlar girirlər. Sən mələklə otağa girirsən e. Sənin ixtiyarındadır. Burda harmoniya, ahəng olmalıdır. Sizə maraqlı bir fikir deyim. Çin seksoloqu Qalinin sözü var: “İntim münasibətdən sonra yalnız iki məxluq həzz alır: biri qadınlar, biri xoruzlar”. Kişilər intim münasibətdən sonra peşmançılıq çəkirlər. Neçə il o qadına görə vurnuxursan, dalınca düşürsən, razılığını almağa çalışırsan, axırda da öz-özünə deyirsən ki, əşşi, dəyərdi mənim o qədər əziyyətimə? (gülür).

- Amma deyirlər, kişinin təlabatı daha çoxdur...


- Əlbəttə. Qadın istəyir ki, sən məhəbbət oyunu oynayasan. O, bu prosesə əyləncə kimi baxır. Rəqsə bənzədir seksi. Bəzən biz deyirik ki, filan qadın niyə o kişidən əl çəkmir? Çünki o qadın orda özünü tapır. Sevmək deyil bu. Mən sevgiyə inanmıram, elə bir şey yoxdur. Sadəcə məhəbbətdir, xoşa gəlməkdir.

- Freydlə razısınız onda...


- Hə, həqiqətən belədir.

- Freyd insanın gün ərzində iki fikirdə olduğunu deyir: seks və ölüm. Siz necə düşünürsünüz? Bizim hər hərəkətimizdə, davranışımızda seksual motiv var?

- Kişi seksdə orqazm zamanı ölür. Qadınla çox ünsiyyətdə olan kişi cavan qalır. O kişi artıq ölümü görür. Müdrikləşir. Ölümün özünün ləzzəti var. Məşhur rus fizioloqu Pavlov ölmədən əvvəl dostlarına deyir ki, yaxına gəlməyin, görüm insan necə ölür. Bu ölümü görmək üçün seks yaşamalısan. Amma həqiqi seks. Yoxsa, heyvan kimi...

- Qadın da ölür?

- Əlbəttə. Qadın olmadığım üçün kişiləri misal çəkdim (gülür). Fikir vermisiniz, gəzəyən qadınlar qayğılı qadınlardan fərqli olaraq, nə qədər cavan qalırlar. Qadın var ki, seks zamanı az qala ağlayır. Bax o qadın artıq ölür. O qadın ölmək istəyir. Həm də istəmir. İkisinin arasında qalıb. Seks nədir? Ölüm. İki insanın bir yerdə ölməsi.