"Həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm"Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin Milli Məclisin ötən iclasındakı çıxışı geniş rezonansa səbəb oldu. Azərbaycanla region ölkələrini müqayisə edən deputat ölkəmizdə orta aylıq əmək haqqının aşağı olmasından bəhs edib, ciddi təkliflər irəli sürdü. Ancaq bu çıxışdan keçən günlər ərzində partiya sədrinin deputatların maaşını 8 min manata çatdırmaqla bağlı fikirləri daha çox müzakirə olundu və tənqid hədəfinə çevrildi.

“Yeni Müsavat”ın suallarına cavabında BAXCP sədri sözügedən çıxışla bağlı məram və məqsədini geniş açıqlayıb.

Avrasiya.net BAXCP sədrinin həmin müsahibəsini öz oxucularına təqdim edir:

– Əslində, mənim dediklərim ona yönəlmişdi ki, ölkədə düzgün əməkhaqqı siyasəti yürüdülməlidir. Nə qədər ki, dövlət adamları, məmurlar, qanunverici hakimiyyətin, məhkəmə hakimiyyətinin üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları aldıqları maaşla ləyaqətli həyat sürə bilməyəcəklər, ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Ona görə ki, həmin o məmur, yaxud nəzarətedici şəxs hansısa digər məmurun dövlət əmlakını mənimsəməsinə, rüşvət almasına göz yumacaq. Bununla da çalışacaq ki, digər məmur qanunsuz əldə etdiyi gəlirlərdən ona da versin və o da normal həyatını qura bilsin.

Mən çıxışımda Sinqapuru nümunə göstərdim ki, o vaxt Sinqapur möcüzəsinin banisi Li Kuan bu ölkədə islahatlara başlayanda ilk növbədə məmurların illik maaşını 2,2 milyon dollardan başladı. Bu da Sinqapur dollarından ABŞ dollarına çevirəndə təqribən 160-180 min dollarlıq aylıq maaş demək idi. O dövrdə ona bu haqda sual verəndə demişdi ki, əgər biz məmurlara ildə 2 milyon maaş verməsək, əvəzində ayda 10 milyon, bəlkə daha çox oğurlayacaqlar. Belə olduğu halda o pulları sadə vətəndaşlardan oğurlayacaqlar, yaxud rüşvət alacaqlar. İkincisi də korrupsiya iqtisadiyyatı inkişaf etdirməyə imkan verməyəcək. İqtisadiyyat inkişaf etmədiyi təqdirdə də sadə insanların maaşı, təqaüdləri qalxmayacaq.

Ona görə mən çıxışımda da dedim ki, bəzi şəxslər deputatların maaşının artmasından narahat olacaqlar, amma xalqa izah etmək lazımdır ki, Sinqapurda nazirin maaşı 100 min ABŞ dolları olandan sonra orta aylıq əmək haqqı da qalxdı, oldu 58 min dollar. Ona görə də hesab edirəm ki, bu gün nazir 10 min dollar alsa, Azərbaycanda orta maaş alan adam 5 min manat alacaq.

– Qüdrət bəy, siz buna əminsinizmi ki, o halda sadə insan da dediyiniz miqdarda maaş alacaq?

– Bəli, ümid edirəm ki, alacaq. Məmura normal əməkhaqqı verib sonra ondan tələb etmək lazımdır ki, düz işlə. Yoxsa məmura çox aşağı məbləğdə maaş verib ondan düz işləməyi tələb etmək heç bir effekt verməyəcək. Ola bilsin ki, gözdən pərdə asmaq üçün bir-iki nəfəri məsuliyyətə də cəlb etmək olar, yaxud korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparıldığı görüntüsünü yaratmaq olar. Amma kütləvi şəkildə məmurlar, dövlət adamları aldıqları maaşla dolana bilmirləsə, onlar əlavə gəlir mənbələri haqda düşünəcəklər. Azərbaycanda hamı başa düşür ki, indiki maaşla yaşamaq çox çətindir. Ona görə mən dedim ki, biz islahatları dərinləşdirmədən, həmçinin əməkhaqqı siyasətinə yenidən baxmadan ciddi irəliləyişlərə nail ola bilməyəcəyik.

– Əlləri korrupsiya və rüşvətə bulaşan şəxslərin aylıq maaşa ehtiyacı varmı? Yaxud maaş artımı vəziyyəti dəyişəcəkmi?


– Söhbət korrupsiyaya bulaşanlardan getmir. Cəmiyyətdə dəniz kimi, içəridən təmizlənmə prosesi getməlidir. Son vaxtlar görürsünüz ki, nazirlər dəyişir, yeni kadrlar təyin olunur. Mən demirəm ki, bu, bir günün işidir, yaxud deputatın, ya nazirin əməkhaqqını qaldırmaqla hər şey düzələcək. Yox, bu, başlanğıcdır. Mən hesab edirəm ki, hökumətin üzvləri içərisində böyük əksəriyyət normal maaş alacaqlarsa, o maaşla öz həyatlarını qura biləcəklərsə, onlar əlavə gəlirlər, oğurluq, rüşvət, dövlət əmlakını mənimsəmək haqqında düşünməyə risk eləməyəcəklər. Əgər biz cəmiyyəti inkişafın yeni mərhələsinə keçirmək istəyiriksə, islahatlar əməkhaqqından başlamalıdır.

– Deputat həmkarınız Araz Əlizadə bir sual verdi ki, kim bir ayda 52 manata dolana bilərsə, əlini qaldırsın? Bu gün 52 manat təqaüd alan insanlar varsa, yüksək məbləğ qıcıq doğurur…

– Təbii ki, söhbət tək nazir, ya deputatın maaşının artırılmasından getmir. Həkimlərin aldığı maaş simvolikdir, 150-200 manatdır. Bu adamları xalq dolandırmasa, faktiki surətdə aldıqları o əməkhaqqı ilə yaşamaları mümkün deyil. Mən də məsələ qaldırdım ki, nə vaxta qədər insanlar kənar gəlir mənbələri barədə düşünəcəklər? Məmur da vaxtının bir hissəsini bu məsələyə sərf edir, yaxud özünün biznesini qurmağa, yaxud rüşvət almağa məcburdur. Ona görə də biz artıq bu istiqamətdə islahatlara başlamalıyıq. İkincisi də götürək elə qonşu dövlətləri… Elə Rauf bəyin (Rauf Arifoğlu-red.) də bu barədə açıqlaması var idi ki, Türkiyədə millət vəkilləri 12 min manat maaş alır. 2014-cü ildə, Krımın işğalına qədər Rusiyanın deputatları NATO Parlament Assambleyasında assosiativ üzv kimi iştirak edirdilər. O zaman mən onlardan nə qədər maaş aldıqlarını soruşmuşdum. Onlar dollar ekvivalenti ilə söyləmişdilər ki, biz 10 min dollar alırıq. Bu yaxınlarda isə hörmətli akademikimiz Kamal Abdulla Xarici Dillər Universitetində tədbir keçirirdi, orda Rusiya Dumasının bir üzvü də iştirak edirdi. Elmira xanım ondan maaşının miqdarını soruşanda dedi ki, devalvasiyadan, rubl dəyərini itirəndən sonra 6 min dollar alırıq.

– Bizdə isə sonuncu 10 faizlik artımla deputat maaşı 2250 manat oldu, eləmi?

– Bəli. Bu, olduqca az bir vəsaitdir. Mən iclasda da dedim ki, dəqiq bilmirəm, amma aldığım məlumata görə, Prezident Administrasiyasında şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox maaş alır. Halbuki məhkəmə kimi, Milli Məclis də hakimiyyətin müstəqil qanadıdır. Təbii ki, dövlət başçısını çıxmaq şərtilə. Çünki dövlət başçısı icra qanadının başçısı olmaqla yanaşı, həm də dövləti təmsil edir. Amma necə ola bilər ki, Administrasiyada şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox əmək haqqı alsın? Yəni burada nizam-intizam yaratmaq, yeni bir siyasət müəyyənləşdirmək lazımdır. Özü də maaşları qanunlarla müəyyənləşdirmək lazım deyil. Deyək ki, hər dəfə devalvasiya oldu, yaxud inflyasiya olandan sonra biz gərək ombudsmanın əməkhaqqını artırmaq üçün hər dəfə Konstitusiya qanunu qəbul edək. Bununçün ayrıca bir qanun qəbul etmək lazımdır. Yəni əmək haqlarını indeksləşdirək və bununla bağlı olaraq hər dəfə qanunlara xüsusi düzəlişlər etməyə ehtiyac qalmasın. İnsanların qanunlar çərçivəsində yaşamasını təmin etmək üçün, xüsusilə də dövlət adamlarının, onlara normal maaş vermək lazımdır. Ona görə də səhiyyə obyektləri özəlləşdirilməli, icbari tibbi sığorta nəhayət, tətbiq olunmalıdır.

– Bunu əvvəlki parlament çıxışlarınızda, elə son prezident seçkisi ilə bağlı teledebatlarda da demişdiniz. Prezident özü isə seçkidən sonra bildirdi ki, bir sıra təkliflər nəzərə alınacaq. Necə bilirsiniz, nəzərə alınacaq təkliflərin sırasında bunlar da ola bilərmi?

– Mən ümid edirəm. Bizneslə sahibkarlar məşğul olmalı, onlar vergi ödəməlidir. Dövlət özünə lazım olan işi gördürmək üçün həmin ayrı-ayrı fəaliyyət növü ilə məşğul olan, yaxud xidmət sahəsində olan şirkətlərə sifariş verməlidir, onlarla müqavilə bağlayıb işi gördürməlidir. Məsələn, niyə Bakının küçələrini Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan hansısa bir dövlət qurumu süpürtdürməlidir? Amma əslində İcra Hakimiyyəti hansısa şirkətlə müqavilə bağlamalıdır, küçənin təmizliyinə görə o məsuliyyət daşımalıdır, yumalı, təmizləməlidir və büdcədən də onun pulu ödənilməlidir. Mənzil təsərrüfat idarələri, “Azərsu”, “Azərenerji”, “Azəriqaz” kimi xidmət sahələri özəlləşdirilməlidir. Ona görə ki, o xidmət sahələrinin yenidən qurulmasına böyük məbləğdə pullar lazımdır. Prezident seçkisində də dedim ki, təkcə Bakı şəhərində köhnəlmiş qaz kəmərlərinin dəyişdirilməsinə 1 milyard dollara yaxın vəsait lazımdır. Hazırda dövlətin bu vəsaiti qoymağa imkanı yoxdur. Ona görə də bu sahəni 99 illiyə hansısa şirkətə, əməli idarəetməyə vermək olar. Azərbaycanda bir vaxt “Barmek” nümunəsi də olub. Dövlət yavaş-yavaş biznes fəaliyyətindən azad olunmalı, tənzimləyici funksiyanı yerinə yetirməli və qanunlar qəbul etməklə iş adamlarının, biznes adamlarının önünü açmalıdır ki, həm Azərbaycana xarici investisiyalar cəlb olunsun, xaricdən sahibkarlar gəlsinlər, ölkəmizə investisiya qoysunlar. Bunun üçün də vergi yükü azaldılmalıdır və qanunun aliliyi təmin olunmalıdır. Xarici sahibkar bilməlidir ki, burada onun mülkiyyəti, əmlakı qanunla ciddi şəkildə qorunur və heç kim onun əmlakına toxuna bilməyəcək.

– Amma sizin digər dedikləriniz arxa plana keçidi və həm mətbuatda, həm sosial mediada daha çox deputatların maaşı ilə bağlı təklifinizdən danışıldı, sərt şəkildə tənqid olundunuz…

– Məqsədyönlü şəkildə bir qrup yaramaz insan məsələni bu cür təqdim etdilər ki, Qüdrət Həsənquliyev deyib deputatların əmək haqqı artırılsın. Halbuki, mən orda orta əmək haqqının 5 minə qədər qaldırılmasını təklif etmişdim. Yəni əgər nazir 10 min alacaqsa, orta aylıq əməkhaqqı 5 min olacaq. İndi tutaq ki, orta aylıq əmək haqqı ilə nazirin maaşı arasındakı fərq 4-5 dəfədir. Amma mənim irəli sürdüyüm təklifdə nazirin də maaşı qalxır, orta aylıq maaş da qalxır. 5 min manat alan vətəndaş öz həyatını kifayət qədər yaxşı qura biləcək. Orta aylıq əmək haqqından söhbət gedir, bura müəllim də, həkim də, dövlət qulluğunda, biznes strukturlarında olanlar və s. də aiddir. Əlbəttə, orta aylıq əmək haqqı 500 manatdırsa və deputatın da maaşı birdən-birə 8 min olursa, bu, əlbəttə, qıcıq doğuracaq.

– Geniş rezonansa səbəb olan bu çıxışınıza məmur təbəqəsindən hansısa reaksiya verildimi? Onlar necə, məmnun qaldılarmı?

– Yox, reaksiya olmadı. Mən hesab edirəm ki, ağlı başında olan hər bir azərbaycanlı mənim çıxışımı normal qarşılamalı idi. Kim istəməz ki, ölkədə hamının əmək haqqı yüksəlsin? Sadəcə olaraq bizdə jurnalistikada da, siyasətdə də yaramaz ünsürlər var. Onlar ayrı-ayrı sifarişlərlə, bəziləri reketlik naminə, utanmadan, öz peşələrinə xəyanət edərək, informasiyanı birtərəfli çatdırdılar. Açıq deyək, cəmiyyətdə də siyasi mədəniyyət yüksək olmadığından, həm də biz emosional xalq olduğumuzdan yazılmış informasiyanın nə dərəcədə doğru olduğunu araşdırmadan, mənim çıxışımın tam mətni ilə tanış olmadan, başladılar ki, bəs, bu nədir, orta aylıq əmək haqqı 500 manatdır, Qüdrət Həsənquliyev deyir deputatın maşı 8 min manat olsun? Bəziləri hətta bütün ədəb-ərkanı unudaraq təhqirə keçdilər. Əlbəttə, bütün cəmiyyətlərdə olduğu kimi, bizim də cəmiyyətimizdə əxlaqsız, namussuz, tərbiyəsiz elementlər var. Namuslu adam söyüş söyməz. Kimsə söyüş söyürsə, təhqirə keçirsə, bilin ki, o, namussuz insandır. Namussuz insanlara da mənim baş qoşmağıma dəyməz. Amma siz özünüz parlament müxbiri olaraq şahidsiniz, özümü tərifləmirəm, amma o parlamentdə sadə insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı ən fəal mübarizə aparan insanlardan biri, hesab edirəm ki, mənəm. Elə son iclasda da mən əlillərlə bağlı məsələ qaldırdım ki, prezidentin təsdiq etdiyi Dövlət Proqramı var, 2014-2018-ci illərdə 5700-dən artıq əlilin mənzillə təmin olunması vəzifəsi qoyulub. İl başa çatır və mən nazir müavini Natiq müəllimə sual verdim ki, 5700-dən artıq insanın neçəsinə mənzil verilib, neçəsinə verilməyib? Amma o, bu suala cavab vermədi. Mən büdcənin müzakirələrində də hər zaman pensiyaların, əmək haqqının azlığından, müəllimlərin, həkimlərin maaşının aşağı olmasından danışmışam, amnistiya, əfvlə, milli barışıqla bağlı məsələlər qaldırmışam. Ona görə də açığı, son dərəcədə vicdansız, ləyaqət hissini itirmiş adamlar mənə o formada hücum edə bilərdilər ki, bu da təşkil olunmuş məsələ idi. Bu, bəzi yüksək dairələrdən qaynaqlanır, hələlik bu barədə geniş danışmaq istəmirəm. Yəqin ki, zamanı gələndə həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm.

"Özümü seksual obrazlarda görməyi sevirəm"Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub. İfaçı söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnısını yutub kanalında dinləyicilərinə təqdim edib.

Yeni mahnısı ilə yanaşı cəsarətli fotosessiyası ilə gündəm yaradan müğənni Publika.az-a danışıb.

- Afaq Aslan özünü zəhmətkeş müğənni hesab edirmi?

- Bəli, mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər ərsəyə gətirirəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Bir çoxları deyir ki, Afaq Aslan adı gələndə qalmaqal yada düşür. Bu, əsla belə deyil. Sadəcə, bu sənətdə məni gözü götürməyənlər çoxdur. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid atəşinə tutanlara demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiniz.

- Sizcə, həmkarlarınız zahiri gözəlliyinizin, yoxsa mahnılarınızın və səsinizin paxıllığını çəkir?

- Vallah yerimdə olmaq istəyib, amma ola bilməyən adamlar çoxdur.

- Yeni fotosessiyanız çox cəsarətli alınıb...

- Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm, yeni şəkillərim də müzakirələrə səbəb olacaq.

- Belə fotolardan sonra sevgiliniz sizi qısqanmır? Adını açıqlamaq istəmədiyiniz, həyatınzda olan gizli şəxs sizə geyimlə bağlı hansısa qadağalar qoyurmu?

- Hələ ki, belə problemlə üzləşməmişəm. Bilirsiniz, artıq səhnə adamısansa, o, səni müğənni kimi qəbul edir. Başa düşür ki, sənət naminə soyunursan. Bəzi müğənnilər kimi efirə bağlı geyinib, amma orada-burada gizli-gizli onun-bunun qucağında oturmuram ki... Elə ifaçılar tanıyıram ki, efirdə zavallı və yazıq qadın obrazı yaratmağı sevir, namusdan-qeyrətdən danışırlar. Halbuki özlərində bu keyfiyyətlərdən əsər-əlamət yoxdur, həyat tərzləri bərbad gündədir. Şükürlər olsun ki, mən elə deyiləm.

- Sənət üçün soyunmağa dəyər?

- Bu, mənim üçün bir hobbidir, dediyim kimi, özümü seksual obrazlarda görməyi sevirəm. Bir var ki, həyatda obrazdan-obraza girəsən. O qədər roldan-rola girirlər ki, nə cür insan olduğunu müəyyən edə bilmirsən. Səhnədə dondan-dona girmək qorxulu deyil, əsas odur ki, həyatda simanı itirməyəsən, rola girməyəsən.

- Ətrafınızda belələri çoxdur?

- Məşhur olsam da, əslində çevrəsi geniş olan insan deyiləm. Çünki hər adamı həyatıma buraxmağı sevmirəm. Çox qapalı xasiyyətli insanam, dost dediyim insanları seçib-seçib, ələkdən keçirirəm. Bu səbəbdən də hesab edirəm ki, ətrafımda ikiüzlü insanlar yoxdur. Kənarda mənə yaxın olmayan insanlar çox şey danışa bilər, amma məni görəndə üzümə gülürlər. Bu cür insanlarla münasibət qurmamağa çalışıram, həmçinin məsafə saxlayıram.

- Film təklifləri gəlirmi? İstənilən rolu oynamağa hazırsınız?

- Gəlir, heç birini qəbul etmirəm. Çünki özümü aktrisa kimi görmürəm.
“Paşinyan qurbanlıqdır” - Qüdrət HəsənquliyevBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Dünən Milli Məclisdə Dağlıq Qarabağ problemi ilə bağlı təcili dinləmələr keçirilməsini təklif etdiniz. Təklifi irəli sürmənizin səbəbi nədir? Axı faktiki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılmır?

- Əvvəla, Dağlıq Qarabağ problemi Azərbaycanın əsas problemidir. Ona görə də bu problem həmişə ölkə siyasətçilərinin daim diqqətində olmalıdır. İkincisi, bizim torpaqlarımızı işğal etmiş Ermənistanda hazırda ciddi və gərgin proseslər davam edir. Ermənistandakı siyasi qüvvələr ölkə daxilində üstünlük əldə etmək üçün cəbhə xəttində müxtəlif təxribatlara əl ata bilərlər. Həm Nikol Paşinyanın, həm Serj Sərkisyanın tərəfdarları, həm də yaranmış vəziyyətdə hakimiyyətə göz dikmiş üçüncü qüvvə bu addımı ata bilər. Ölkənin siyasi elitası, o cümlədən hərbi-sənaye kompleksinə, orduya daxil olan şəxslərin bir hissəsi artıq Sərkisyan gedəndən sonra Nikol Paşinyanı da ciddi qəbul etməyib, özləri hakimiyyəti ələ almaq fikrinə düşə bilərlər. Cəbhədə təxribat törədib, daha sonra qoşunu İrəvana çəkib öz aralarında haqq-hesab çəkə bilərlər. Bütün bu baş verənlər isə bizim ölkə üçün son dərəcədə əhəmiyyətlidir. Torpaqlarımızın 20 faizini işğal altında saxlamış dövlətdə ciddi siyasi hadisələr baş verir. Biz, sadəcə, digər qonşular, Avropa ölkələri kimi Ermənistanda baş verənləri müşahidə etməməliyik. Ona görə də Milli Məclisin xüsusi iclası çağırılmalı, hökumət ora dəvət olunmalıdır. Hesab edirəm ki, prezident də Milli Məclisdə danışıqların gedişi barədə məlumat verə bilər. Torpaqların işğaldan azad olunması ilə bağlı siyasət nədən ibarətdir - bu barədə də parlamentə məlumat verilməlidir və millət vəkillərinin fikirləri dinlənilməlidir. Elə məsələlər var ki, mediada deyə bilmirəm, parlamentin qapalı iclasında açıq danışa və məsələləri müzakirə edə bilərik.

Nəzərə almalıyıq ki, qonşu olduğumuz böyük dövlətlərin hər birinin də Ermənistanda öz marağı var. Azərbaycan hakimiyyəti bu məsələləri ciddi müzakirə etməlidir. İndi hakimiyyətə gəlməyə çalışan Nikol Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlayacağı barədə and-aman etsə də, o, daha çox qərbyönümlü elektoratın təmsilçisidir. Nikol Paşinyan mütəmadi olaraq Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı çağırışlar edib. Bundan başqa, Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Serj Sərkisyandan da sərt və radikal mövqe sərgiləyir. Ona görə də, bu məsələdə Azərbaycanın bəzi maraqları Rusiya ilə də üst-üstə düşə bilər. Bu səbəbdən də Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə, xüsusilə də Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycan öz ədalətli, haqlı dövlət maraqlarını təmin etmək üçün yaranmış vəziyyətdən istifadə edə bilsin. Mən əminəm ki, Ermənistanda qərbyönümlü siyasət yürüdənlər böyük bir ümid qırıqlığına düçar olacaq. Ola bilsin ki, Ermənistanda hərbi qiyam baş versin. Qiyamın nəticəsi olaraq İrəvanda qərbyönümlü hakimiyyət gedir, insalar ümidsizliyə düçar olur və xalq uzun illər Ermənistanda siyasətdən kənara çəkilir. Beləliklə də Rusiya Ermənistanda uzun illər istədiyi şəxsi hakimiyyətə gətirir, problemsiz Ermənistanı idarə edir.

Artıq üçüncü onillikdir ki, Dağlıq Qarabağ münaqişəsi davam edir. Bəlkə də son 30 ildə Azərbaycan üçün ən əlverişli məqamlardan biri yaranmaqdadır. Azərbaycan özünün ağıllı və çevik siyasəti, cəsarətli qərarları ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail ola bilər. Mən parlamentdə qeyd etdim ki, 1993-ci ildə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası qərar qəbul etmişdi ki, Kəlbəcər və digər işğal olunmuş Azərbaycan əraziləri işğaldan azad olunsun. Amma ermənilər Azərbaycanda yaranmış hakimiyyət boşluğundan və vətəndaş qarşıdurmasından istifadə edərək, nəinki torpaqları azad etmədilər, üstəlik, Dağlıq Qarabağ ətrafındakı digər rayonları da işğal etdilər.

- Düşünürsünüz ki, tarix təkrarlanır…?

- Bəli. Məsələ Azərbaycandan asılıdır ki, nə dərəcədə çevik və cəsarətli siyasət yürüdüləcək. Tarixdə xalqların, dövlətlərin siyasi həyatında elə məqamlar olur ki, həmin məqamda qəbul edilən qərar o xalqın növbəti 100 illik üçün gələcəyini müəyyənləşdirir. Əlbəttə, fərqindəyəm ki, dövlət rəhbərliyi yüz dəfə ölçməli, bir dəfə biçməlidir, əsassız risklərə getməməlidir. Amma risklər zamanı olacaq. Əgər qələbə, torpaqların işğaldan azad edilməsini istəyiriksə, risk hər zaman olmalıdır və xalq da bu riskə hazır olmalıdır. Çünki risklər olmayan yerdə böyük qələbələrdən söhbət gedə bilməz. Yəni biz Lələtəpəni azad edə bilərik, amma Qarabağ azad etmək üçün yeri gələndə böyük risklərə, cəsarətli qərarlara da ehtiyac var və biz də buna getməliyik.

- Necə düşünürsünüz, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi mümkündürmü?

- Bəli, Nikol Paşinyanın hakimiyyətə gəlmək ehtimalı var, ancaq bu hakimiyyət uzun müddət davam etməyəcək. Yəni Nikol Paşinyan uzun müddət Ermənistanda sabitliyi təmin edə, qüvvələr arasında uzlaşma yarada bilməyəcək. Birincisi, Ermənistanda güclü Dağlıq Qarabağ klanı var, kifayət qədər maddi imkanlara malikdir, ordu və güc strukturlarında kifayət qədər kök atıblar, asanlıqla təslim olmayacaq, mövqelərini əldən verməyəcəklər. İkincisi, Rusiya amili var. Məncə, Rusiya özü də Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yol açır. Rusiya qərbyönümlüləri iflasa uğratmaq və uzun müddət hakimiyyət iddiasına düşməməsinə səbəb olacaq nəticəyə çalışır. Sadəcə, Azərbaycan bundan nə dərəcədə faydalana biləcək, bizim üçün əsas məsələ budur. Ona görə də Milli Məclisin xüsusi qapalı iclasının keçirilməsini təklif etdim. Azərbaycan hökuməti indi intensiv danışıqlar aparmalıdır. Ermənistanda bu qədər gərgin vəziyyət olmasına baxmayaraq, mən bu dövrdə görmədim ki, xarici işlər nazirimiz Qazaxıstana, Rusiya, Belarusa səfər etsin. Bu səfərlər olmalı idi. Parlamentdəki çıxışım da bu narahatlığımdan irəli gəlib. Bəlkə hökumətin addımlarını qənaətbəxş saysaydım, parlamentdəki çıxışıma da ehtiyac qalmazdı. Çox təəssüf ki, bizim hökumət indi Ermənistanda baş verənlərə müşahidəçi mövqeyi tutub.

- Uzun illərdir ki, sülh danışıqları aparılır, “xalq diplomatiyası” çərçivəsində ziyalıların səfərləri olur. Ancaq Azərbaycanın hətta bir rayonunun da işğal edilməsini zəruri sayan və münaqişənin həllində daha radikal mövqe tutan Nikol Paşinyan meydanlarda ermənilərin dəstəyini alır. Bu, əslində illərlə aparılan sülh danışıqlarının davam etdirilməsi ilə bağlı sual doğurmurmu?

- İndiyə qədər aparılan sülh danışıqları bizim ölkəmizə vaxt qazanmaq baxımından müsbət dividentlər də qazandırdı. Azərbaycan zamandan istifadə edərək neft müqavilələrini imzaladı, ölkədə silahlı müxalifət yığışdırıldı, sabitlik təmin olundu, ölkəyə böyük neft pulları gəldi, iqtisadiyyat dirçəldi, güclü ordu quruldu, hərbi sənaye kompleksi yaradıldı. Yoxsa Azərbaycanda hər kəs başa düşür ki, Ermənistanla, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistan heç bir şeyi həll etmir. Sizi əmin edirəm ki, Nikol Paşinyan, yaxud başqası Rusiyanın razılığı olmadan Azərbaycanla bu problemi həll etmək istəsə, ya Dəmiçiyan və Vazgen Sərkisyan kimi parlamentdə başlarına güllə vurulacaq, ya da yaxşı halda Ter-Petrosyan kimi hakimiyyətdən kənara atacaqlar. Hər zaman deyirəm, Azərbaycan bu danışıqları Rusiya ilə aparmalıdır. Rusiyanın istəyi, regionda maraqlarının necə təmin edilməsi də danışıqların mövzusu olmalıdır. Rusiya arxayın olmalıdır ki, onu bu regiondan tamamilə çıxarıb kənara atmayacaqlar və bizə imkan versin ki, Ermənistanla bu problemi həll edək, ərazi bütövlüyümüzü təmin edək. Ona görə də, danışıqlar Rusiya ilə aparılmalıdır. Ermənistanda bu qədər qarışıqlıqlar baş verir, hələ Azərbaycanın xarici işlər naziri Rusiyaya səfər etməyib. Mən, sadəcə, bunu başa düşə bilmirəm.

Azərbaycan daha çevik bir xarici siyasət yürütməlidir. Biz böyük müharibəsiz, böyük dağıntılarsız, böyük itkilərsiz bu problemi həll etmək istəyiriksə, Rusiya ilə danışmalıyıq ki, Azərbaycana mane olmasın. Yenə də deyirəm ki, Nikol Paşinyan, yaxud Serj Sərkisyan olsun, onlarla danışıqlar aparmağın mənası yoxdur. Digər tərəfdən, uzun müddətdir hamı bilirdi ki, Rusiya Serj Sərkisyanın ikili oyunundan bezmişdi. Onun həm Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq istəyi, həm də Sürix protokollarını imzalaması Rusiyanı qıcıqlandırmışdı. Rusiya Serj Sərkisyanı hakimiyyətdən devirmək barədə düşünürdü, amma bunun böyük çaxnaşmalarsız olmasını istəyirdi. Hesab edirəm ki, Rusiya bu istəyinə çatıb. İndi Rusiyanın qarşısında duran məsələ xalqın qərbyönümlü hissəsini məyusluğa məruz qoymaqdır ki, onlar bir daha Qərbə inteqrasiya haqqında düşünməsinlər. Nikol Paşinyan da həmin missiyanın həyata keçirilməsi üçün seçilmiş qurbanlıqdır. Bu qurbanlığın hakimiyyətdə 6 ay, bir il qalması və ya hakimiyyətə gəlmədən qurban verilməsi də mümkündür. Hazırda Ermənistanda Nikol Paşinyan bilərəkdən, yaxud bilməyərəkdən Rusiyanın siyasətinin həyata keçirilməsinə xidmət edən bir fiqurdur.

- Yeri gəlmişkən, Azərbaycanda prezident seçkilərindən sonra hökumətdə xeyli dəyişikliklər oldu. Bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Hökumətə xeyli gənc kadrlar gəlib. Çox müsbət haldır ki, parlamentdən hökumətə həmkarlarımız cəlb olunub. Düşünürəm ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. Parlament böyük bir siyasi məktəbdir. Düzdür, bu o demək deyil ki, millət vəkili olan şəxs nazir təyin olunursa, 100 faiz uğurlu olacaq. Ancaq hökumətə keçmiş deputatların digərləri ilə müqayisədə 90 faiz daha uğurlu olacağına əsas var. Parlamentdən nazirlərin təyin olunması çox müsbət haldır və təqdir olunmalıdır. Bu siyasət davam etməlidir. Görürsünüz, Türkiyədə nazirlər tez-tez dəyişir, parlamentə gəlirlər, bəziləri parlamentdən nazir təyin olunur. Yəni bu dinamika daim olmalıdır. Nazir postu siyasi vəzifədir və bu vəzifədə də siyasi baxımdan hazırlıqlı insanlar olmalıdır. Hökumətin tərkibində xeyli dəyişikliklər baş verib. Əlbəttə, hökumətin nüvəsini təşkil edən fiqurların qalması önəmli idi. Hökumətdə prezidentə sədaqəti, öz işgüzarlığı ilə seçilən insanlar var və bu insanların yeni hökumətdə də təmsil olunmaları müsbət haldır.

Hazırda nə baş verməlidir? İlk növbədə dövlət məmurlarının əməkhaqqı kifayət qədər artırılmalı və ixtisarlar aparılmalıdır. Mən prezident seçkiləri kampaniyasında da söyləmişdim ki, məmur ordusunun 1/3-i azaldıla bilər, buna çox böyük ehtiyac var. Sinqapurda baş nazir Li Kuan Yu böyük islahatlara başlayanda dedi ki, məmurların əməkhaqqını əhəmiyyətli səviyyədə artırmadan korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. O, nazirlərinə təqribən aylıq 100 min dollar əməkhaqqı verir. Hələ 2011-ci ildə Sinqapurda nazirlərin əməkhaqqı 36 faiz azaldıldı, o azalmadan sonra 100 min dollar əməkhaqqı alırlar. O zaman insanlar şoka düşmüşdülər ki, bu qədər aylıq maaş olar? Li Kuan Yu demişdi ki, nazirlərə normal yaşayışını təmin etmək üçün bu qədər pul verilməsə, onlar ayda 10 milyon oğurlayacaqlar. Demirəm ki, Azərbaycanda nazirlərə 100 min dollar vermək lazımdır. Ancaq ən azı 10 min dollar vermək lazımdır ki, sonra ondan oğurlamamağı tələb edəsən.

Buna görə də Azərbaycanda mütləq məmurların əməkhaqqına baxılmalıdır. Nə qədər nəzarətedici orqan yaradırsansa yarat, bunsuz mümkün deyil. Nəzarətedici orqanlar işləmələrin görüntüsü yaratmaq üçün ola bilər ki, bir-iki nəfəri tutub məsuliyyətə cəlb edəcəklər. Amma onlar da özləri şərait yaratmalıdırlar ki, kimsə oğurlasın ki, onlara da versinlər. Çünki onların da aldığı əməkhaqqı layiqli həyat şəraitlərini təmin etmir. Bu səbəbdən Azərbaycanda hazırda məmur ixtisarına getmək lazımdır. Hökumətdə müəyyən dəyişikliklər olub, əlbəttə, bu dəyişikliklərin miqyasını bir qədər genişləndirmək də olardı. Hər halda bu, prezidentin öz səlahiyyətində olan məsələdir. Qarşıdakı 7 il ərzində də kadr dəyişiklikləri davam etməlidir. Önəmli olan məsələlərdən biri də islahatların həyata keçirilməsidir. Kadrlar bir-birini əvəzləyiblər, amma islahatlar keçirilməlidir. İqtisadiyyat, vergilər naziri, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi kim olursa olsun, əgər iqtisadi islahatların dərinləşdirilməsi ilə bağlı ümumi siyasi qərar olmasa, onlar heç nə edə bilməzlər. O kadrların o zaman əhəmiyyəti artır ki, onlara islahatları dərinləşdirmək tapşırılır və onlar bu islahatları həyata keçirir, yaxud həyata keçirə bilmirlər. O zaman həmin kadrların bacarığı ortaya çıxır.

Düşünürəm ki, Azərbaycanda iqtisadi, o cümlədən siyasi islahatlar davam etdirilməlidir. Biz prezident seçkilərində müxtəlif məsələlər qaldırmışdıq və prezident də həmin məsələlərin nəzərə alınacağını bildirmişdi. Həmin məsələlərin bəziləri artıq nəzərə alınıb. Məsələn, prezident seçkilərində hərbi vəziyyət zamanı siyasi partiyaların fəaliyyətinin dayandırılması məsələsini qaldırmışdım, dünən parlamentdə bu barədə qanun qəbul olundu. Şəhid ailələrinə çatacaq vəsaitin verilməsi barədə də qərar qəbul edildi. Bütün bunlar onu göstərir ki, prezident doğurdanda dediyi sözün arxasındadır və gerçəkləşdirilməsi mümkün olan təkliflər həyata keçirilir. Amma islahatların daha da dərinləşdirilməsinə ehtiyac var. İslahatçı insanların özü də hakimiyyətə cəlb olunmalıdır. Düzdür, hakimiyyət üçün insanların sədaqət prinsipi önəmlidir. Amma ən önəmlisi odur ki, Azərbaycana bu gün mütərəqqi, innovativ və islahatçı kadrlar lazımdır. Ümid edək ki, bu addımlar da atılacaq.
"İnanıram ki, TBMM-də Can Azərbaycanı da təmsil edəcəm"İyunun 24-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərə Ankaradan Ədalət və İnkişaf Partiyasından (AKP) Azərbaycan əsilli Samir İsgəndər namizədlik üçün namizədliyini verib. Samir İsgəndər əslən Gədəbəy rayonundandır. 2003-cü ildə Xətai rayonu 48 saylı orta məktəbi bitirib. İxtisasca hüquqşünasdır. Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyinin qurucularındandır. 2007-ci ildə Bakıda Diplomatların Diskussiya Klubunun sədri olub. 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2011 - 2013-cü illərdə Gənclik Təşəbbüs Qrupu İctimai Birliyində fəaliyyət göstərib. 2013-cü ildən Türkiyə ilə Rusiya və Türkdilli dövlətlər arasında siyasi sosial işlərdə aktivlik göstərir. 2017-ci ildən Ankara Gənc İş Adamları Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəridir. Samir İsgəndərdən bu seçkilərdə nə qədər şansının olduğunu ilə maraqlandıq.

- Samir bəy, 24 iyunda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə hakim partiyadan millət vəkilliyi üçün namizədliyinizi irəli sürmüsüz. Şansınızı nece dəyərləndirirsiniz?

- Bəli, AKP-dən millət vəkilliyi üçün namizədlik üçün namizədliyimi irəli sürdüm və qəbul olundu. Şansımın yüksək olduğu qənaətindəyəm. İnanıram ki, Can Azərbaycan bir millət iki dövlət sözü sadəcə sözdə yox, əməldə də olacaq və məclisdə Azərbaycanı da təmsil edəcəm.

- Növbədənkənar seçkiləri zəruri edən səbəb nədir? Türkiyənin təcili olaraq erkən seçimə getməsi əsasən nə ilə bağlı idi?

- Növbədənkənar seçkiləri biz əslində noyabr ayı üçün gözləyirdik. Son dönəmlərdə Türkiyəmizdə yaşananları hamımız yaxından izləyirik. Bu qərar dövlətin özünü yeniləməsi üçün çox vacib idi ve artıq siyasi sistem çox yavaşlamıştı. Məhz ən başlıca səbəblərdən olan sistemin və dövlətin özünü yeniləyib yeni sistemə keçərək inkişafı üçün qaçınılmaz oldu.

- Sizdən başqa Azərbaycan əsilli namizəd varmi hakim partiyadan. Əslində Türkiyə Böyük Millət Məclisində erməni əsilli şəxslər hər zaman təmsil oluna bilib. Azərbaycan əsilli şəxsin təmsil olunması da lobbiçilik baxımından çox faydalı olardı.

- Bildiyimə görə Azərbaycandan gelib vətəndaşlıq aldıqdan sonra namizədliyini irəli sürən başqa kimsə yoxdur. Lakin Türkiyə vətəndaşı olan və Iğdırdan olan Azərbaycan əsilli bir neçə layiqli şəxslər vardır ki, onlar da AK Parti də daxil olmaqla o biri partiyalardan da namizədliklərini veriblər. Məncə, Türkiyə Böyük Millət Məclisində Azərbaycan və digər türk dövlətlərindən olan ölkələrə bağı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər.

- Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini yenə də Türkiyəyə etdi. İki qardaş ölkə arasında əlaqələrə dair vacib mesajlar verildi. Namizədliyinizin dəstəklənməsində bu amil də rol oynaya bilərmi?


- Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri sıx olan əməkdaşlıq əlaqələrinin daha da irəliləməsinə, daha strateji əməkdaşlıq müqavilələrinin bağlanmasına səbəb oldu. Düşünürəm ki, bu səfərin hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq. Unudulan bir şey də var ki, bu gün AK partinin içində ülküçülər və millətçilər də yetərincədir, onlar aktif çalışırlar. Ümid edirəm ki, onlar tərəfindən də dəstəklənə bilirim.

- Samir bəy, ümid edirik ki, bu seçimlərdə qələbə qazana biləcəksiniz. Azərbaycandan necə bir dəstək gözləyirsən?

- Mənim qazanacağım qələbə həm də Azərbaycanımızın qələbəsi olacaq. Ona görə də bu məsələyə mənim şəxsi timsalımda deyil, daha geniş çərçivədən baxmaq lazımdır. Ən böyük dəstək isə dövlət böyüklərimizin və aydınlarımızın yanımızda olduqlarını hiss etdirmələridir.

newscentr.az
 "Hazırda Baş nazir vəzifəsi nominal xarekter daşıyır, ləğv olunmalıdır"BAXCP sədri partiyanın mətbuat xidmətinə müsahibə verib.

O, seçkidən sonra yaranmış vəziyyət, baş nazir təyinatı və müxalifətin qarşıdakı vəzifələri barədə fikirlərini açıqlayıb.

Avrasiya.net müsahibəni oxucularına təqdim edir:

– Seçkilərin nəticələrinə və son Baş nazir təyinatına münasibətiniz necədir?

– Seçkilərin nəticələri göstərdi ki, xalqımız dəyişikliklərdən çəkinir və ölkənin gələcəyini İlham Əliyevlə görür. Mövcud problemlərin onun tərəfindən həll olunacağına inanır. Digərləri isə mövcud vəziyyətin onları qane etdiyini düşünür. Etiraf etmək lazımdır ki, bütün mövcud problemlərə baxmayaraq, xeyli işlər görülüb, əhalinin böyük qisminin sosial vəziyyəti yaxşılaşıb. Bütün bunlar seçkinin nəticələrində özünü göstərdi.

– İnsanlar nədən çəkinirlər ki, müxalifətə ciddi dəstək vermədilər?

– İstənilən dəyişikliyin hakimiyyət boşluğu yarada biləcəyindən çəkinirlər. 1993-cü ildə yaranmış hakimiyyət boşluğu xeyli torpaqlarımızın işğalı ilə nəticələndi. Ölkə hər mənada dağılmaq üzrə idi. Yaxın keçmişdə baş vermiş hadisələr insanları qorxudur. Onlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər. Çox istərdim ki, onların ümidləri özünü doğrultsun.

– Yeni təyin olunmuş Baş nazir həmin islahatları həyata keçirmək gücündədirmi?

– Sonuncu referendum layihəsi təəssüf ki, nə ictimai müzakirəyə çıxarılmadı, nə də Milli Məclisdə müzakirə olunmadı. Amma o zaman mən söylədim ki, vitse-prezidentlik institutu yaradılırsa, Baş nazir vəzifəsi ləğv olunmalıdır. Hazırda bu vəzifə nominal xarekter daşıyır. İqtisadi məsələlərlə Prezidentin iqtisadçı və maliyyəçilərdən ibarət komandası məşğul olur. Novruz Məmmədovun Baş nazir təyinatı ilə xarici siyasətdən uzaqlaşması prezidentə imkan yaradır ki, xarici siyasətin formalaşdırılmasında rol oynayacaq və onun həyata keçirilməsində aktiv iştirak edə biləcək, danışan yox, işləyən birisini özünə xarici məsələlər üzrə köməkçi təyin etsin. Bu, həm də ona görə zəruridir ki, Elmar Məmmədyarov xarıci işlər naziri olaraq qalır. Qarabağın azadlığı, ölkəyə xarici sərmayələrin cəlbi ağıllı və cəsarətli xarici siyasətdən çox asılıdır.

– Güclü müxalifətsiz ölkədə sürətli inkişafa nail olmaq mümkündürmü?

– Ölkəmizdə BAXCP kimi sağlam, öz siyasətini inkarçılıq üzərində qurmayan, problemlərin nədən qaynaqlandığını göstərən və həlli yollarını təklif edən, təhqirdən yox, sərt tənqiddən istifadə edən partiya var. Düzdür köhnə stereotipləri tam qıra bilməmişik. Hələ də bir çoxları, əgər hər hansı partiya iqtidarı təhqir edib ağır cinayətlərdə ittiham etmirsə onu real müxalifət saymır. Biz bu istiqamətdə də ciddi işləməkdə davam etməli, konsturiktiv fəaliyyət sərgiləyən sağ mərkəzçi partiyaların birləşməsinə nail olmalıyıq. Hazırda seçkilərdə qalib gəlmək imkanları olmadığından partiyalar birləşmək barədə yox, özlərini cəmiyyətə təqdim etmək barədə düşünürlər. Cəmiyyətimiz daha çox bu günlə yaşayır, vəziyyəti dəyişmək fikrindən çox uzaqdır. İqtidar isə müxalifətin güclənməsinə yol açacaq siyasi islahatlara getmir. Ona görə bir partiyanın güclü rəqiblərsiz fəaliyyətindən doğan dövlət əmlakından səmərəsiz istifadə, məmur özbaşınalığı kimi problemlərə qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Hazırda müxalifətin qarşısında duran əsas vəzifə o olmalıdır ki, proporsional seçki sisteminin bərpasına nail olaq, növbəti parlament seçkilərində konstruktiv müxalifət parlamentdə güclü fraksiya yarada bilsin. Hazırda biz Avropada yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur, heç bir partiya parlament idarəçiliyində iştirak etmir. Bu isə ölkənin sivil dövlətlər arasındakı imicinə və gələcəyinə ciddi zərbədir.

– Son günlər müzakirə olunan bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Necə hesab edirsiniz, Ermənistanın demokratikləşməsi Azərbaycanın xeyrinədirmi?

– Yalnız delitantlar belə düşünə bilər. Çünki demokratik Ermənistanın iqtisadiyyatı sürətlə inkişaf edəcək. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Demokratik ölkə ciddi beynəlxalq dəstək əldə edəcək. Gözdən salınmış dəyərlər bərpa olunacaq. Bunun nəticəsi olaraq Qarabağın azadlığı daha da çətinləşəcək. Unutmaq lazım deyil ki, Qarabağ uğrunda ən qanlı savaş demokrat Levonla Elçibəyin prezidentliyi zamanı baş verib.

“Bəzən cinsi təcavüzlər könüllü olur...” – Həkimdən şok açıqlamalarBakıda falçının tələbə qızları yuxuya verib bakirəliklərini pozması barədə xəbərlər gündəmə bomba kimi düşüb. Bu xəbərdən sonra sosial şəbəkədə etiraz statusları yazılıb, toplumun dərinliyinə işləmiş belə inancların fəsadları qeyd edilib.

Həkim pediatr Vaqif Qarayev isə təkcə falçılardan deyil, çöpçü, cinçıxaran, dua yazan, sınıqçılıq edən və onlara inananlardan söz açdı.

Avrasiya.net Vaqif Qarayevin Teleqraf.com-a verdiyi müsahibəni təqdim edir.

- Falçı, çöpçü, cinçıxaran, dua yazan, sınıqçılıq edənlər bizdə kifayət qədər populyardırlar. Sizcə, bunun əsas səbəbi nədir?

- Səbəb birmənalı olaraq cahillikdir, cəhalətdir. 30-35 il bundan qabaq həkimliyə təzə başlayanda həmin şəxsləri anlamağa çalışırdım. Çünki anaların, nənələrin əksəriyyəti təhsilsiz idi. Ən çox da əyalət və rayonlarda bu hal yaşanırdı. Onları anlamaq olardı, çünki gözləri qapalı idi. Gözlərini açıb falçı, çöpçü, sınıqçı görmüşdülər. Amma indi vəziyyət dəyişib, artıq 21-ci əsr birinci rübü başa çatır...

- Deyilənlərə görə, qolu-qıçı sınan insanlar həkimə getsə də, bəzən onları sınıqçı yanına göndərirlər. Eynilə neçə gün temperaturu olan uşaqların istiliyini sala bilməyəndə həkimdən “bəlkə çöpü qalıb, bir çöpçüyə göstərin” sözlərini eşidən valideynlər də var.

- Əgər həkim pasiyentini çöpçüyə göndərirsə, bu faciədir. Dəhşətdir... Həkim qruplarında çox tez-tez mübahisələr olur. Bir qisim həkim deyir ki, mən çöpçüyə inanıram, uşağımı da aparmışam.

Mən özüm sovet vaxtı təxminən 15-16 millətin yaşadığı yerdə işləmişəm. Sualım var: Bizimkilərdən başqa digər millətin uşağında niyə çöp qalmır? Cavab yoxdur. Burunda xüsusi ciblər var. Ona burun-udlaq deyirik. Orada yad cisimlər uzun müddət qala bilməz.

Xüsusən də indiki uşaqlar əllərinə keçən batareyanı, xırda oyuncaqları və sair şeyləri burunlarına, qulaqlarına, ağızlarına soxurlar deyə həmin cisimlərin ora düşmə ehtimalı var. Ona biz yad cisim deyirik. O yad cisim tibbi müdaxilə ilə çıxarılır.

Amma apardım, çöpçü uşağın burnundan kivi yarpağını, ananas qırığını çıxardı sözünün eşidəndə əsəbiləşirəm. Axı, uşaq onları yeməyib. Belə şey olmaz... Çöpdən fayda gördüyünü deyən həkimlərə bir arqumentim var - mən özüm çöpdən sonra vəziyyəti ağırlaşan neçə pasiyent qəbul eləmişəm. Həmin çöpçü ağzındakı infeksiyanı uşağın boğazına üfürüb və uşaq infeksiyaya yoluxub. Deyirlər, çöpçüdən sonra uşağın qızdırması düşür, qarınağrısı kəsir. Bunun tibbi izahı yoxdur. Elmi bir tezisə istinad etsinlər ki, mən filan şey edirəm, ona görə də qızdırma düşür, qarınağrısı kəsir.

Çöpçü üfürdü, qarınağrısı kəsildi... Bəs nədən yaranmışdı həmin qarınağrısı? O çöp nədir ki, qarınağrısı verir? Yəni bu kimi məsələlər var. Həkim özü çöpçüyə yönləndirirsə, mən adi insana bunu necə başa salım? Bu, dözülməz və qəbuledilməzdir.

- Bu günlərdə tələbə qızların falçı tərəfindən təkrar-təkrar zorlanması ilə bağlı xəbərlər yayılıb. Tələbə zorlandığını bildiyi halda yenidən həmin falçının yanına niyə gedir? Şantajdan qorxub, ya necə?..

- Tələbə qızların falçı tərəfindən zorlanması xəbərini gördüm, doğrusu, orada olan bəzi məqamlara inanmıram. Çünki təkrar-təkrar eyni şey baş verirsə, adama deməzlər ki, başın hardadır? Yəni o məqamlara inanmıram. 900 manat pul verib, nəyi düzəldirmiş falçı? Hər halda o qədər pulu tələbə valideynlərindən almalı idi. Tələbə qızda o qədər pul hardadır? Yaxşı, bəs, valideyn buna niyə razılıq verib?

Amma bir fakt inandırıcıdır ki, bizim bəzi qızlarımız dayanmadan falçı yanına gedirlər. Xüsusən, bəxtlərini açdırmaqdan ötrü. Fikirləşirəm ki, tutalım, o qız ərə getdi. Bəs onun böyütdüyü övlad nə tərbiyə alacaq?

Zorlanan qızın psixologiyası çox mürəkkəbdir. Əksər hallarda psixologiya zədələnir deyə, intihara cəhd edirlər. Çünki açıb heç kimə deyə bilmirlər. Bizdə qəbul olunmamış bir şeydir. Əgər üstü açılsa, valideynin reaksiyası-filan... Qız düşünür ki, bundansa ölsə, yaxşıdır.

Amma heç inana bilmirəm ki, psixoloji baxımdan zədə alsın və təkrar yenə eyni yerə getsin. Nə üçün və niyə? Əslində, bu zorlanma hadisələri mətbuatın yazdığı kimi olmur. Mətbuat belə xəbərlərə pafos qatır. Amma hər zorlanma epizoduna, bir az dərinə nüfuz eləsək, görərik, orda könüllülük cizgisi var. Özünü sığortalamaq üçün zorlanmanı qabardır. Deməzdim ki, hamısında könüllülük var, amma bəzən elə də olur.

- Bir çoxları falçılıqla, çöpçülüklə məşğul olanları və onların yanına gedənləri qınayır. Bəs həmin şəxslərin yanına gedənlər kimlərdir?

- Evlənmək üçün falçı yanına gedən valideyn olandan sonra uşağını çöpçüyə aparacaq. Bu düşüncəylə, cahilliklə uşağa necə baxacaq, axı? Məni əsas narahat edən bu cəhətidir. Deyilən görə, Biləcəri yolunda bir çöpçü var və onun qapısının ağzı dolu olur. Polis onu görmür? Rəsmi qurumlar ondan soruşmalıdır ki, sən neynirsən, nə işlə məşğul olursan? Həm yolda camaata əziyyət verirsən, həm də pul qazanırsansa, heç olmasa zəhmət çək, vergi ver. Necə olur ki, adam blokun qarşısına 2 daş qoyan kimi sahə müvəkkili başının üstünü alır, hər şeyi görür, amma o boyda həngamədən xəbərsiz qalır? Görürlər, əlbəttə. Mənim düşüncəmə görə, onların fəaliyyətində cinayət var. Hökumət adminstrativ yolla bu işə qarışmasa, bu cəhalətdən qurtara bilmərik.

Hökumətlə yanaşı biz də, mətbuat da maarifləndirmə aparmalıdır. İndi hansı zamandır ki, travma alan uşağı həkimə yox, sınıqçıya aparırlar?

Deyir, həkimə apardım bilmədi, amma sınıqçı düzəltdi. Sınıqçı nə qədər uşağı şikəst edib... 50 il bundan qabaq ucqarlarda həkim, rentgen yox idi. Onda belələrini anlamaq olardı. Amma indi, texnologiyanın inkişaf etdiyi vaxtda sınıqçı nədi?

- Falçının tələbələrə qarşı zor tətbiqi məsələsində vurğuladınız ki, belə şəxslərə inananlar cahildir, təhsilsizdir... Amma zərərçəkənlər tələbədir, təhsil alır axı. Əslində məsələnin kökündə nə dayanır?

- Biz hamımız toplum olaraq cahilik, təhsilsizik. Çünki təhsilli insan gözüaçıq olur, mütaliə edir, dünyagörüşə sahiblənir. Məntiqi normal işləyir, özünü müdafiə edir, gələcək üçün qarşısına məqsəd qoyur. Həmin hadisədə deyilir ki, hər iki qız İnstaqramda tanış olduqlarını yönləndirməklə bu yerə gediblər.

Bir də təhsillilərin hamısının dünyagörüşü normal olmur, axı. Həmişə belə olub, indi də belədir. Mənim işim gənclərlə bağlıdır, onlarla söhbət edirəm. Heç də hamısı savadlı, ağıllı deyil. Təsəvvür edin ki, gənc ana termometrdən istifadə qaydalarını da bilmir bəzən.

- Sizcə, belə falçıları, türkəçarə həkimlərini cəmiyyətdə kim populyarlaşdırır?


- Televiziyalar. Mən telekanallardan çox narazıyam. Bir vaxtlar hər gün ancaq cinçıxaran göstərirdilər. Bu, nə deməkdir?.. Həkim kabinetində nə qədər qışqırsa da, onu 10-15 nəfər eşidəcək, amma ölkənin böyük əksəriyyəti televiziyalara baxır. Ekran insanları maqnit kimi çəkir.

Bu yaxınlarda gördüm ki, kanalların birində kimsə bütün xəstəlikləri sağaldır... Maraqlı budur ki, studiyada həkimlər də oturmuşdu və aparıcı daha çox o şarlatana söz verirdi. Həkimə imkan vermirdi ki, bir kəlmə desin. Mən elə şarlatanlarla eyni yerdə oturmaram...

Qeyd edək ki, Bakıda tələbələri, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ovlayan” falçının peyda olması barədə məlumat yayılıb. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən kömək təklif edib. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada onlara bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.
Cinlər yanımdadırlar - Cindar Həsən - VİDEOMəşhur ekstrasens, cindar Həsən Həsrətli maraqlı müsahibə verib.

Avrasiya.net baku.ws-ə istinadən həmin müsahibəni təqdim edir:

– Həsən, qısa müddətdə məşhurlaşmağının sirri nədədir? Düşünürəm ki, səndə şeytani qüvvə var.
– İnsan məşğul olduğu işi mükəmməl bilməlidir. Sözsüz, şeytanların, cinlərin, gözəgörünməz varlıqların dilini bilən və özümə tabe edən tək-tük insanlardan biriyəm. Mən Süleyman peyğəmbərin yolunu gedirəm. Onun kimi cinləri özümə ram edirəm. Bir müsəlman olaraq bunu bacarıramsa nəyi pisdir? Vaxt vardı Həsən Həsrətli “Həsən Həsrətli” adının məşhurlaşması üçün çabalayırdım, artıq adımın mənə işlədiyi vaxtdır. Mən bədənimi, ruhumu şeytana satan biri deyiləm.

– Çox gözəl! Həsən, 5 il əvvəl sizin evdə olmuşam və cinlərinin sizinlə eyni evdə yaşadığını deyirdin. Həmin cinlər indi buradadırlarmi? Yoxsa onları İstanbula aparmısan?
– Mən istədiyim yerdə, istədiyim vaxtda onlar yanımda olurlar. Onlar işıq sürətilə hərəkət edirlər. İnsanların özlərini narahat hiss etməmələri üçün yanımda gəzdirmirəm. Amma istədiyim zaman mənimlədirlər. Mənimkilər müsəlman cinlərdir. Düzdür, şeytanlar kimi çox məlumat vermirlər. Onlar mənə cin müsallat olmuş xəstənin sağalmasında kömək edirlər.

– Sənə daha çox Azərbaycanda tələbat çoxdur, yoxsa Türkiyədə?

– Yanıma gələnlərin əksəriyyəti məndən kiməsə pislik etməyimi istəyir. Buna görə Bakıda heç kimi qəbul etmirəm. Bilirsiz ki, uzun müddətdir İstanbuldayam.

– Güt-güdə ekstrasenlərin sayı çoxalır. Səncə bu nə ilə bağlıdır?
– Bu gün 3 sənət dəbdədir. Müğənnilik, ekstrasenslik və jurnalistlik. Əlinə mikrafon alan özünə müğənni deyir, kart alan ekstrasensəm deyir. Hər yerindən duran, özünü tanımayan uşaq, dünya ekstrasenslər yarışmalarından qovulanlar, öz ana dilində səlis danışa bilməyənlər 2-3 verilişə çıxandan sonra insanlara ağıl verirlər. O insanların arxivini araşdırıb üzə çıxarmaq və yalanlarını ifşa etmək lazımdır.

-Mən deyərdim ki, ekstrasenslərin çoxalmasında Həsən Həsrətlinin böyük rolu var. Çoxu sizin qazandığınız şan-şöhrəti, uğurları görüb bu sənətə gəlirlər.

-Özlərini yormasınlar, qazana bilməyəcəklər. Çünki bu mümkün deyil. Bu sənət seçilmir, bu güc özü bizi seçir. Mən doğuşdan buyam, mən heç bir zaman istəməzdim belə olum. Mən özüm tamam başqa sahəni seçmişəm. İdmançıyam, biznesim var. Bu sahədən uzaqlaşmaq istəsəm də, məni özünə sürükləyir. Çünki mən buyam, belə doğulmuşam. Bu sənət ya var, ya yoxdur! Bəli, bunun elmini öyrənə bilərsən, amma o güc səndə yoxdursa olmayacaq. 6-7 yaşımdan dərk etmədiyim proqnozlar vermişəm.

– Məşhurlardan müraciət edənlər olur?
– Çox. Fakt budur ki, mən onları qəbul etmirəm.

– Yüksək rütbəli məmurlar necə?
– Türkiyədə və digər xarici ölkələrdə yükçək rütbəli məmurlar məndən kömək istəyirlər. Əksəriyyət kiməsə pislik etmək üçün mənim köməyimdən istifadə etmək istəyirlər. Ancaq mən buna razı olmuram. Xaricə daha çox cinli xəstələri sağaltmaq üçün dəvət edirlər. Azərbaycanda fəaliyyət göstərmirəm. İndi də Bakıya üçgünlük, dostumun toyuna gəlmişəm. Türkiyədə uzunmüddətli oturma izni almışam.

– Həsən, Təbrizdə ağır avtomobil qəzada kliniki ölüm keçirmişdin. Bu barədə danışardın.

– Bəli, kliniki ölüm keçirdim. Dostlarımla bərabər Təbrizdə cinli xəstənin üstünə gedirdik. Avtomobilimiz məscidin qarşısında xarab oldu və dostlarıma dedim ki, bizi güclü bəla gözləyir, gəlin qayıdaq. durdu. Bizi gözləyən şəxs arxamızca başqa maşın göndərdi. İkinci maşın gələndə dostlarıma özümü narahat və gücsüz hiss etdiyimi dedim və yatdım. Güzümü morqda açdım. Şikəst qalma ehtimalım böyük idi, hətta mənə əlil arabası da almışdılar. Möcüzə baş verdi və gördüyünüz kimi ayaqdayam. Qısa müddətdən sonra məşqlərimə də qayıtdım.
Azərbaycanda yaşayan erməni qadın:"Ermənilərin vəhşiliyinə görə xəcalət çəkirəm"News12.az saytı bu gündən başlayaraq 2014-cü ildə çapdan çıxmış " Azərbaycanın erməni vətəndaşları: Təhlükəsizlik təmin olunur!" adlı kitabda yer alan müsahibələri oxuculara təqdim edir. Qeyd edək ki, 2014-cü ildə çapdan çıxan bu kitab 4 dildə nəşr olunaraq dünyanın müxtəlif ölkələrinə yayılıb.

Arutinova Mariya İsrafi qızı 1933-cü ildə Şamaxı şəhərində andan olub. Hazırda Gəncə şəhərində yaşayır.

-Atamı demək olar ki, heç xatırlamıram. Anam rəhmətə gedəndən sonra məni Şamaxıdakı uşaq evinə veriblər. Sonra Xanlardakı uşaq evinə köçürüldük. Sonuncu sığınacaq yerim Hacıkənddəki uşaq evi olub. Atam ikinci dəfə ailə həyatı qurub.Mənim indi iki ögey bacım da var. Hazırda Bakıda yaşayırlar. Gediş -gəlişimiz yoxdu, amma bilirəm ki, yaşayırlar.
Həyat yoldaşım azərbaycanlıdır, onunla Gəncədə tanış olmuşuq . O zaman Gəncə Toxuculuq Kombinatında işləyirdim. Sonra o da bizim kombinata işləməyə gəldi. O vaxt gördük bir -birimizi, tanış olduq, sonra da ailə qurduq. Yoldaşımın ata-anası məni çox yaxşı qəbul etdi. Baldızlarım, qayınlarımdan da incikliyim olmadı. Çox yaxşı, mehriban yaşamışıq. Övladım oldu sonra, qaynayıb qarışdıq. heç vaxt bizim ailədə qeyri-millət söhbəti olmayıb.

Özümə qarşı zərrə qədər də olsun ögey münasibət görmədim

-1949-cu ildən Gəncə Toxuculuq Farikində işləmişəm.Qabacıl işçi olmuşam. Şəkilim daima şərəf lövhəsində olub. Ailə qurandan sonra bir müddət işdən ayrılmalı oldum.Amma yenidən işimə qayıtdım və 1984-cü ilə qədər işlədim. Hadisələr başlayanda( söhbət Ermənsitanın Azərbaycana silahlı təcavüzündən gedir-Red.) mən artıq təqaüdə çıxmışdım. Amma çox yaxşı xatırlayıram o günləri. Təbii ki, milliyətindən asılı olmayaraq hamı təlaş içində idi. Çünki müharibə təhlükəsi var idi. Bu da heç kimə yaxşı nəsə vəd etmirdi.
Mən burada yaşadığıma görə bunu demirəm, amma həqiqətən də özümə zərrə qədər belə olsun ögey münasibət görmədim. Belə olsaydı yəqin ki, mən indi burada yaşamazdım. İstədiyiniz qonşuya yaxınlaşıb münasibətimiz haqqında soruşa bilərsiniz. Bir kəlmə olsun belə acı söz deyilmədi. Yalandan nə deyə bilərəm ki?
Ermənistan Azərbaycana düşmən dövlətdir. Buna baxmayaraq, biz ermənilərə münasibət normaldır, başqa millətlərə olduğu kimi. Bu münasibətdən kim narazı ola bilər ki?
Azərbaycanın da, azərbaycanlıların da heç kəsə ziyanı dəymir.

Hər iki tərəfi sülhə, əminamanlığa çağırıram

-Bir övladı böyütmək insanın canı, ömrü bahasına başa gəlir. Kim istəyir ki, onun övladı günahsız yerə müharibənin qurbanı olsun? Ermənistan tərəfi Azərbaycanın tarixi torpaqlarını qaytarsın ki, camaat da gedib öz evində rahat yaşasın. Onlar işğal ediblər bizim torpaqları, azərbaycanlı olduğum üçün bu həm də mənim torpağımdı. Onlar qarışdırır aranı, günahsız yerə övladlarımız şəhid olur. İnanın ki, onların vəhşiliyinə görə xəcalət çəkirəm. Onlara bu hərəkətlərinə görə nifrət edirəm. Mənə sual verdilər ki, bir dəfə Ermənistanda yaşamaq istərdimmi? Mən cavab verdim ki, heç vaxt. Allah eləməsin.Mən o ölkənin yolunu belə tanımaq istəmirəm. Mən doğulduğum torpağı-Şamaxını çox sevirəm.Oradan başqa da harasa getmək heç vaxt ağlımdan keçməyib. Ermənilərə qarşı münasibətim pisdi. Bizimkilər müharibə istəmir. Hər iki tərəfi sülhə, əminamanlığa çağırıram.
“Türkiyə ordusu Naxçıvan üzərindən Qarabağa keçəcəkdi…” – Sensasiyalı açıqlamalar1993-cü ilin aprelində, Kəlbəcər rayonunun işğalından bir həftə sonra Azərbaycanın silahlı bölmələri qədim Zəngəzur torpaqları istiqamətində, müvəqqəti də olsa, qələbə ilə nəticələnmiş bir hücum əməliyyatı keçirib. Ötən həftə Moderator.az saytı bununla bağlı maraqlı bir material tirajladı. Yazıda bildirilirdi ki, Ermənistanın Zəngilan rayonunun kəndlərini işğal etməsinə cavab olaraq, Qafan-Mehri istiqamətində keçirilən uğurlu əməliyyat nəticəsində hətta Naxçıvana dəhliz açılmasına az qalırmış…

Üstəlik, Türkiyənin də əməliyyatda iştirakı məsələsi razılaşdırılıbmış. Lakin Azərbaycan rəhbərliyi, konkret olaraq prezident Əbülfəz Elçibəy xarici təzyiqləri əsas götürüb əməliyyatı dayandırır. Bütün bunlar haqda Elçibəy hakimiyyətində təmsil olunmuş, sabiq milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər “Yeni Müsavat”a ilginc məlumatlar açıqlayıb. Onunla söhbəti təqdim edirik:

- Sülhəddin bəy, 25 il əvvəl Azərbaycan hərbi bölmələrinin Mehri dəhlizini açmaqla bağlı əməliyyat keçirməsindən xəbəriniz var idimi?

– Mən özüm həmin əməliyyatın hazırlanmasında iştirak etmişəm. Xatırlayırsınızsa, həmin dövrdə Füzuli istiqamətində də ağır vəziyyət yaranmışdı və İsa Qəmbər başda olmaqla bir sıra dövlət rəhbərləri cəbhədə vəziyyəti normallaşdırmaq üçün həmin bölgəyə getmişdilər. O zaman İsa Qəmbərlə bərabər mən də milli təhlükəsizlik nazirinin 1-ci müavini kimi orda olmuşam. Dövlət müşaviri Arif Hacılı da ordaydı. O vaxt biz İsa bəylə ölkədəki həm ictimai-siyasi vəziyyəti, xüsusən də hərbi vəziyyəti geniş müzakirə etdik, vəziyyətdən çıxış yolları haqqında variantları götür-qoy elədik. Bir sıra prinsipial qərarlara gəldik və bu qərarları prezidentlə bölüşmək fikri ortaya çıxdı. Həmin vaxt prezident Elçibəy də Füzuliyə səfər etdi və onunla da fikir mübadiləsi apardıq. Demək istədiyim odur ki, həmin dövrdə biz ölkədə yaranmış ağır hərbi-siyasi və ictimai-siyasi vəziyyəti müzakirə etdik. Ondan sonra bizim İsa bəylə birlikdə bir ideyamız ortaya çıxdı. Biz ölkədə hərbi-siyasi durumu öz lehimizə yenidən dəyişmək üçün hansı addımları ata bilərik, bunun üçün hansı siyasi, hərbi, ya hərbi-siyasi qərarlar lazımdır, təhlükəsizlik sahəsində hansı addımlar atılmalıdır, hətta hansı kadr dəyişiklikləri olmalıdır, bu barədə geniş fikir mübadiləmiz oldu. Həmin dövrdə İsa bəyin müdafiə naziri postuna keçməsi fikri ortaya çıxdı. Bizim İsa bəylə razılaşmamız beləydi ki, əgər Əbülfəz bəy razılıq verərsə, İsa bəy müdafiə naziri olur, kəşfiyyat təhlükəsizlik qüvvələri birləşdirilir, mən də müdafiə nazirinin müavini postuna keçməyi düşünürdüm, daha doğrusu, danışığımız beləydi.

- Hərbi əməliyyat qərarı da orda verildi?

– Həmin dövrdə biz bir sıra hərbi-strateji əməliyyatların keçirilməsi haqqında fikir mübadiləmiz oldu və bu kontekstdə Zəngilanın icra başçısı İlham Hüseynovla görüşdük. Oranın hərbi rəhbərliyi ilə görüşümüz oldu və o zaman biz yoxlama kəşfiyyat yürüşü, hərbi səfəri ideyası ortaya çıxdı. Bu zaman Mehri dəhlizini açmaq ideyası var idi. Təbii ki, biz bu zaman Türkiyənin də dəstəyi haqqında düşünürdük. Biz ora yoxlama hərbi ekspedisiya yürüşünün təşkil olunmasını istədik və çox uğurlu bir hərbi yürüş oldu. Həmin dövrdə hərbi rəhbər polkovnik Şabanov idi, kifayət qədər peşəkar hərbçi, Əfqanıstan təcrübəsi olan alay komandiri idi, hərbi detalları haqqında daha dəqiq məlumat verə bilər. Bizi əsasən məsələnin hərbi-strateji tərəfi maraqlandırırdı. Oradakı erməni qüvvələrinin mövqeləri, nə qədər gücləri var, hərbi əməliyyatın güclənməsi üçün bir yoxlama yürüşü idi. Yəni kəşfiyyatın yoxlama döyüşü idi. Səhv etmirəmsə, bir itki olmuşdu, o da döyüş itkisi deyildi, hərbçilərimizin ehtiyatsızlığı üzündən baş vermişdi. Demək olar ki, heç bir müqavimətə rast gəlməyən əməliyyat uğurla nəticələndi. Ancaq mən indi neçə kilometr irəli getdiyimizi dəqiq deyə bilmərəm.

- Söhbət 1993-cü ilin aprelindəki əməliyyatdan gedir?

– Bəli. Biz ondan sonra Bakıya yüksək əhval-ruhiyyə ilə qayıtdıq ki, deməli, bizim planlarımız reallıqdan uzaq deyil.

- Ancaq uğurlu əməliyyatdan sonra mövqedən geri çəkildi. Burada beynəlxalq güclərin təsiri nə dərəcədə oldu?

– Bu, sadəcə, yoxlama döyüşü idi. Digər tərəfdən, bu hərbi yürüşdən, demək olar ki, heç kəsin xəbəri olmadı.

- Bəs, Elçibəyin bu əməliyyatın dayandırılması və qüvvələrin geri çəkilməsi barədə tapşırıq verməsi barədə iddialar nə dərəcədə əsaslıdır?

– Mən o barədə bir söz deyə bilmərəm. Bunun şahidi olmamışam. Dediyim kimi, məqsədimiz oraya girib, orda mövqe tutmaq deyildi. Bizim məqsədimiz yoxlama idi. Burada hərbi-strateji hədəf gələcəkdə bu dəhlizi açıb Naxçıvan üzərindən Türkiyə ilə fiziki-coğrafi bağlantı qurmaq idi. Yadımda qalan odur ki, bizim qüvvələrimiz nəzərdə tutulduğundan daha irəli getmişdilər.

- Səhv etmiriksə, 1992-ci ildə də Naxçıvan istiqamətindən Mehri əməliyyatının keçirilməsi nəzərdə tutulurdu. O barədə nə deyə bilərsiniz?

– Mən onun iştirakçısı olmamışam.

- Bu əməliyyatda Türkiyənin hansı şəkildə iştirakından söhbət gedirdi?

– Türkiyənin iştirakı olmayıb. Bu, Ərdoğanın termini ilə desək, yerli və milli əməliyyat idi.

- Bəs, əgər savaş qızışacaqdısa, o halda Türkiyənin müdaxiləsi olacaqdı?


– Bu əməliyyat elə birdən-birə ortaya çıxmadı ki. Kəşfiyyat əməliyyatları aparıldıqdan, informasiyanı topladıqdan sonra yoxlamanı dərinləşdirmək məqsədilə keçirilib. Bu dərin yoxlama da bizim ilkin məlumatlarımızı təsdiq edib. Yəni orda nə ermənilərin, nə Rusiyanın ciddi bir qüvvəsinin olmadığı haqqında məlumatımız var idi. Sadəcə birbaşa, praktiki olaraq bunu yoxlamaqla təsdiq etmək istəyirdik. Qeyd etdiyim kimi, məqsədimiz daha ciddi əməliyyat keçirmək, Mehri dəhlizini açmaq, Naxçıvan üzərindən Türkiyə ilə fiziki-coğrafi bağlantı qurmaq idi. Ondan sonra Türkiyə ilə bu istiqamətdə danışıqlar da aparılırdı və Türkiyənin də analoji əməliyyat planı var idi. Amma Türkiyənin əməliyyat planı daha geniş idi. Həm hakimiyyət dövründə bu danışıqlar olub, həm də biz hakimiyyətdən getdikdən sonra Türkiyə rəhbərliyi ilə bununla bağlı müəyyən danışıqlar olub.

- Artıq üstündən xeyli keçdiyi üçün artıq bunun detalları barədə danışmaq olar. Söhbət konkret nələrdən gedirdi?

– Söhbət Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan üzərindən Qarabağa çıxışından gedirdi. Birbaşa Laçın və Şuşaya çıxışından. Orda lap qədim dövrlərdən hərbi yürüş yolları olub, onlar da, yeni yaranmış situasiya da nəzərə alınırdı. Yəni bu, artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının planlaşdırması idi.

- Bu söhbətlər nə vaxt dayandı?

– İyun qiyamından sonra. Həmin dövrdə bizim geniş planlarımız var idi. Təkcə bu istiqamətdə deyildi ki. Eyni zamanda mən iştirakçısı olduğum başqa məsələni də deyə bilərəm. Türkiyə NATO-nun üzvü olduğu, Azərbaycan isə münaqişəsi olan ölkə olduğundan Ankara bizimlə rəsmi şəkildə hərbi əməkdaşlıq müqaviləsi imzalaya bilmirdi. Bizim həm MİT-lə gizli əməkdaşlıq protokolumuz var idi. Eyni belə bir əməkdaşlıq planı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ilə həyata keçirmək istəyirdik. Əgər qiyam baş verməsəydi, 6 iyunda mənim Ankara səfərim var idi və 8 iyunda baş qərargah rəisi Doğan Günəşlə görüşüm olacaqdı. Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının hazırlanması haqqında bizim protokol imzalamağımız nəzərdə tutulurdu. Təbii ki, bu protokol gizli olacaqdı.

- Mehridən dəhliz açmaq nə dərəcədə mümkün idi – İran, Rusiya faktorunun olması və bu ərazinin Ermənistan üçün nəfəslik olması halında?

– Bu yoxlamanı etməkdə məqsədimiz bu idi ki, görək biz ölkədə hərbi-siyasi vəziyyətə nəzarəti götürə bilərikmi? O zaman biz belə qərara gəldik ki, milli qüvvələr hakimiyyəti saxlamaq üçün mütləq müharibədə qalib gəlməlidir. Yəni əgər biz müharibədə uğura və qələbəyə nail olmasaq, hakimiyyətdən çəkilməliyik. Biz siyasi hədəfə çatmaq üçün hərbi sahədə bu yoxlamaları aparırdıq. Bu yoxlamalar kəşfiyyat, təhlükəsizlik, hərbi-siyasi sahədə, informasiya siyasəti, kadr siyasəti sahəsində aparılırdı. Yəni hərtərəfli, kompleks tədbirlər planı nəzərdə tuturduq. Ölkədə radikal dəyişiklik nəzərdə tutulurdu.

- Ancaq demədiniz ki, iki böyük qonşu dövlətin bu əməliyyata reaksiyası nəzərə alınmışdımı?

– Həmin dövrdə biz düşünürdük ki, Türkiyənin dəstəyini ala biləriksə, de-fakto durum yarada bilərik. Siz Rusiyanın indiki gücü, təsiri ilə düşünürsünüz. Bir qədər geriyə gedin… Biz həmin dövrdə Rusiya ilə də müəyyən razılığa gələcəyimizi, siyasi danışıqlara gedə biləcəyimizi düşünürdük.

- İran necə?

– İranla da xüsusi problem olacağını düşünmürdük. Həm də bu, gizli nəzərdə tutulan əməliyyat idi. Təbii ki, əməliyyat həyata keçirilərkən Rusiya və İranla, hətta Qərblə də danışıqlar qaçılmazdır. Onun siyasi-diplomatik təminat məsələsi artıq başqa məsələdir. Yəni həmin dövrdə bu, yalnız bizim fikrimiz halındaydı, dövlət siyasəti halına gəlməmişdi. Biz onu dövlət siyasəti halına gətirə bilmədik.

- Bu, faktdır ki, Azərbaycan ərazilərində Ermənistan adlı dövlətin yaradılması əslində Azərbaycanla Türkiyənin əlaqələrini kəsmək niyyətindən irəli gəlirdi. Belə olan təqdirdə beynəlxalq güclərin sizin əməliyyata münasibəti nəzərə alınırdımı?

– Şübhəsiz. Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması və Zəngəzurun verilməsində başlıca məqsəd bu idi. Sonra da Naxçıvanın alınması nəzərdə tutulurdu. İstəyirdilər bu dəhlizi daha da genişləndirsinlər və Türkiyənin Türk dünyası ilə əlaqəsi tamamilə kəsilsin.

- Vaxtilə Levon Ter-Petrosyan da etiraf etmişdi ki, İran Ermənistan üçün Qarabağ müharibəsi illərində nəfəslik rolunu oynayıb. Elə isə Mehri dəhlizinin açılması real görünürmü? Naxçıvanla Azərbaycanın digər əraziləri arasında birbaşa quru əlaqənin bərpasına nail olmaq mümkündürmü?

– Vallah, indiki halda bu, bir qədər real görünmür. Çünki vəziyyət köklü şəkildə dəyişməyib – həm ölkədə, həm regionda. Eyni zamanda da bunun üçün hakimiyyətdə milli iradə ilə seçilmiş milli hökumət olmalıdır. Həmçinin məqsədyönlü, uzunmüddətli, strateji hazırlıq və plan olmalıdır. Yəni bu, sadəcə, sözlə olan məsələ deyil.

- Xatırladaq ki, Sədərəyin Kərki kəndinin işğal olunması ilə faktiki olaraq Qars müqaviləsinin şərtləri pozulub.

– Yenə deyirəm, milli hökumət olmalıdır və o hökumətin strateji planı olmalıdır, qısa, orta, uzunmüddətli. Bunun siyasi-diplomatik, iqtisadi, sosial, hərbi tərəfləri, kəşfiyyatı, təhlükəsizliyi, kibersiyasət məsələsi var və sair.

- Bir ölkənin ərazisi məcburi şəkildə digər ərazilərindən ayrılıb. Bu məsələni Qarabağla bağlı aparılan danışıqlar masasına gətirmək mümkündürmü?

– Tamamilə mümkündür. Birincisi, Azərbaycan bu məsələdə haqlıdır, əsas budur. Məsələnin tarixi dərinliyini də gündəmə gətirmək olar. Ən başlıcası isə döyüş meydanında de-fakto durum yaratmaq lazımdır. Əsas odur. Azərbaycan güclü müttəfiqliklər, tərəfdaşlıqlar qurmalıdır, güclü əməkdaşlıq sistemi yaratmalıdır. Yəni bu, çox ciddi, uzunmüddətli bir dövlət siyasəti tələb edən bir məsələdir. Bunun üçün də dövlətin milli strateji siyasəti olmalıdır. O milli strateji siyasət kontekstində də konkret bu məsələnin həlli üçün strateji plan işlənib hazırlanmalıdır.
Məşhur azərbaycanlı general barəsindəki qalmaqallı iddialara aydınlıq gətirdiAzərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Cavanşir Məmmədovun haqqında son günlər ayrı-ayrı saytlarda yazılar dərc olunur. Həmin yazılarda iddia olunur ki, general Məmmədov Fransaya köçüb və həmin ölkədə 20 milyon avro miqyasında biznes qurub.
C.Məmmədov bu və digər iddialarla "Musavat"a müsahibəsində aydınlıq gətirib:

- Salam, cənab general. Sizi narahat edən "Yeni Müsavat" qəzetinin əməkdaşıdır. Cavanşir müəllim, Sizin telefonunuzu çox çətinliklə tapdıq. Ona görə də xahiş edirik ki, bizi dinləyin. Bir neçə sualımız var. Onları cavablandırasınız.

— Əlbəttə, olar buyurun.

- Cavanşir müəllim, neçə gündür ki, saytlar sizdən yazır, siz isə susqunluq göstərirsiniz.

— Nə yazırlar ki? Maşallah, o qədər sayt var ki. Hamısını oxumağa vaxtmı var?…

- Yazırlar ki, Avropaya — Fransaya köçüb, orada 20 milyon avro civarında biznes qurmusunuz, doğrudurmu?

— Xeyir, mən Azərbaycanda, Bakıdayam. Heç bir ölkəyə köçməmişəm. Heç bir ölkəyə də köçmək fikrində deyiləm. Nəinki Fransada, ümumiyyətlə, dünyanın heç bir ölkəsində, hətta doğulduğum Gürcüstanda 1 manat da olsa, sərmayə yatırmaq ağlıma belə, gəlməyib. Bir də ki, mən xaricə getmişəm ki, orada da biznes quram?! Bu lap gülməlidir ki!… Xaricə getmək qəbahət deyil. Amma sözlərimin səmimiyyətinə inanın. Bakımız gözəl şəhərdir. Bakı kimi doğma, yaşamalı şəhərmi var?

Mən bütün varlığımla Azərbaycana bağlıyam. 1988-ci ildə Azərbaycanın ağır günlərində mən Rusiyada öz isti iş yerimi qoyub, bir zabit kimi vətənin harayına gəlmişəm. Və bundan da heç vaxt peşman olmamışam. Əksinə, hər zaman qürur duyuram. Bütün varlığımla Azərbaycanımıza layiqli xidmət edib fayda verməyə çalışmışam. Ölkəmizdə ictimai təhlükəsizliyin qorunmasında, stabilliyin təmin olunmasında Daxili İşlər Nazirliyinin gördüyü danılmaz xidmətlərdə təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, mənim də müəyyən əməyim olub. Azərbaycan dövlətinin varlığı mənim üçün hər şeydir. Və bu dövlət, bu vətən, ulu öndərimiz Heydər Əliyev və bu günkü prezidentimiz İlham Əliyev mənim xidmətlərimi yüksək qiymətləndirib. Mən Azərbaycan generalıyam. Bundan artıq fəxr olunmalı başqa nə var ki?!

- Cavanşir müəllim, başqa bir məlumat da yazıblar ki, Sabunçu rayonunda "Oba market" və digər obyektlər sizə məxsusdur.

— Bəs bayaq deyirdiniz ki, Parisə köçmüşəm. İndi də Sabunçu? İndi də o boyda Parisdən Sabunçudakı hansısa marketəmi qayıtdınız? Sabah yazsalar ki, "Eyfel" qülləsini də mən almışam, heç təəccüblənmərəm. İnanın, bunların hamısı boş və mənasız uydurmalardır.

- Bəs bu söhbətlər nə ilə əlaqədardır?

— Vallah, bilmirəm. Həmişə dedi-qodulardan, yalanlardan, çəkişmələrdən uzaq olmuşam. Və bu sayaq adamlarla əlaqəm olmayıb. Hazırda təqaüddəyəm. Nəvələrimin təhsili ilə məşğulam. Məni tanıyanlar bilirlər ki, həm də yazı-pozu adamıyam. Öz gərgin və qaynar ömrümün sakit baba dövrünü yaşayıram.



Read more: https://sputnik.az/news/20180410/414796572/general-baresinde-deyilenlere-aydinliq-getirib.html