“Paşinyan hakimiyyəti maksimum bir il çəkəcək” Qüdrət Həsənquliyev: “Son 30 ildə ilk dəfədir bizim Qarabağı almağımız üçün belə əlverişli şərait yaranıb”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev müsahibəsini oxucularımıza təqdim edirik

- Qüdrət bəy, Ermənistanda geniş xalq kütləsinin iştirakı ilə hakimiyyət dəyişikliyi baş verdi. Bu zamana qədər müxalif siyasətçi kimliyi ilə tanınan Nikol Paşinyan artıq baş nazir təyin olunub. Bir çox ekspertlər və siyasilər bu hakimiyyət dəyişikliyinin Qarabağ məsələsinə də təsir edəcəyini düşünürlər. Paşinyan hakimiyyətindən Siz nə gözləyirsiniz?

- Vaxtilə Rusiyada boyarlar Mişa Romanovu çar seçəndə düşünürdülər ki, o, ağıldankəm və uşaqdır. Axmaq Mişanı rahatlıqla idarə edə bilərlər. Baxmayaraq ki, sonradan hər kəsin axmaq kimi gördüyü həmin Mişanın sülaləsi Rusiyanı 300 ildən artıq idarə etdi. Rusiya indi də eyni məntiqlə Nikol Paşinyanı hakimiyyət gətirdi. Düşündülər ki, Paşinyan həm ağılsızdır, həm emossionaldır, həm də kifayət qədər təcrübəyə sahib deyil. Beləcə, Ermənistanda getdikcə artan Qərbə meylliliyi Paşinyanın təcrübəsizliyi nəticəsində ortadan qaldıra biləcəklərinə inanırlar.

Digər tərəfdən, Sarkisyan da həm uğursuz iqtisadi siyasəti və regionçu mövqeyi ilə xalq arasında, həm də Avropaya meylli siyasətilə Rusiya qarşısında etimadını itirmişdi. Bilirsiniz ki, 2009-cu ildə Türkiyə ilə Sürix protokollarını imzalayan Sarkisyan daha sonra Avropa İttifaqı ilə assosiativ saziş bağlamağa cəhd göstərmiş, bu da Rusiya tərəfindən birmənalı qarşılanmamışdı. Həmin təşəbbüsdən sonra Putin onu Kremlə çağırıb hədələmiş və Ermənistan bu sazişdən imtina etmişdi. Buna baxmayaraq, Rusiya görürdü ki, Ermənistan cəmiyyətində Qərbə meyllilik artır və bu işdə erməni diasporu aktiv rol oynayır.
Mənim qənaətimə görə, Paşinyanın hakimiyyətə gətirilməsi iki məqsədə qulluq edir: birincisi, qorxaq addımlarla belə olsa, Qərbə meylli siyasətə yönəlməyə çalışan Sarkisyanın cəzalandırılması, ikincisi, Paşinyanın timsalında Qərbpərəstlərin hakimiyyətə gətirilməsi və təcrübəsizlikləri nəticəsində nüfuzdan salınması. Əks halda, Rusiya istəsəydi, Paşinyanın qarşısını rahatlıqla alardı. Məlum olduğu kimi, Paşinyanın çağırışıyla mitinqə ilk öncə bir neçə min adam çıxmışdı və Rusiyanın xeyir-duasını alsaydı, Sarkisyan bu aksiyanı polis gücüylə asanlıqla dağıda bilərdi.

“Xalq həmişə güclü olanın arxasınca gedir”

- Necə ki, 10 il əvvəl bunu etmişdilər.


- Elədir, həmin vaxt hətta insan itkisi də yaşanmışdı . Səhv etmirəmsə, 10 nəfər adam güllələmişdilər. 2008-ci ildən fərqli olaraq, indi heç adam öldürməyə də ehtiyac yox idi. Polis dəyənək gücünə bir neçə minlik etirazçını meydandan qova bilərdi. Amma Rusiya Sarkisyana bu imkanı vermədi. Rusiyanın bu mövqeyindən cəsarətlənən Ermənistan xalqı Paşinyanı ciddi şəkildə dəstəklədi və bu, gözlənilən idi. Çünki xalq həmişə güclü olanın, yaxşı gələcək vəd edənin arxasınca gedir.
Hesab edirəm ki, Paşinyan hakimiyyəti maksimum bir il çəkəcək. Bir il ərzində Rusiya hansısa formada onun hakimiyyətini iflasa uğradacaq. İstərdim ki, biz Rusiya ilə bu istiqamətdə danışıqlar aparaq və Paşinyanın iflasını bizim vasitəmizlə həyata keçirilməsinə nail olaq.

“O, qurbanlıq qoyundur”

- Yəni demək istəyirsiniz ki, Paşinyan Ermənistanın Yusif Sərracıdır?


- Mən hesab edirəm ki, o, qurbanlıq qoyundur və yaxın vaxtlarda öz məntiqi aqibətini yaşayacaq. Necə ki, vaxtilə Moskva Mütəllibovu təyyarə ilə Bakıdan çıxartdı və Xalq Cəbhəsini hakimiyyətə gətirməyə şərait yaratdı, bir ildən sonra isə bütün demokratik qüvvələri iflasa uğratdı. Xalq hələ də bu şokdan xilas ola bilməyib və demokratik çağırışları ciddi qəbul etmir. Məncə, eyni ssenari indi Ermənistanda həyata keçirilir. Bu dəfə Ermənistandakı qərbpərəst qüvvələri məhv edəcəklər. Moskva ən azı bunu planlaşdırıb. Ona görə də istərdim ki, 1993-cü ildə Azərbaycanın başına gələnlərlə bu dəfə bizim qələbəmiz nəticəsində Ermənistan üzləşsin. Xatırlayırsınızsa, o vaxt əvvəlcə Kəlbəcər işğal edildi, sonra qiyam təşkil olundu. AXC hökumətinin nüfuzu xalq arasında Kəlbəcərin işğalından sonra ciddi zərbə aldı və hakimiyyətdən getdi. İndi də yaxşı olardı ki, biz torpaqlarımızı işğaldan azad edək və növbəti qiyamla Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın. Bunun üçün isə Azərbaycan hakimiyyəti Rusiya ilə intensiv danışıqlar aparmalı və hər iki tərəfin marağına uyğun ortaq məxrəcə gəlinməlidir. Əks halda, Ermənistanda vətəndaş müharibəsi baş versə, insanlar bir-birini qırsa belə, Rusiyanın razılığı alınmasa, Azərbaycanın Qarabağı işğaldan azad etməsi xeyli dərəcədə riskli və çətin olacaq. Belə olacağı təqdirdə isə biz Rusiya ilə üz-üzə gələ bilərik.

“Qarabağ probleminin həllində bəzi maneələri aşa bilərik”

- Siz Rusiyanın Ermənistana qarşı bizimlə razılaşacağını mümkün hesab edirsiniz?
- Firkimcə, Rusiyanın müəyyən maraqlarını nəzərə alsaq, bizimlə razılığa gələr. Adi bir misal deyim; Gəncə qiyamından sonra biz Müstəqil Dövlətlər Birliyinə də getdik, 1994-99-ci illərdə 5 il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü olduq. Azərbaycanın o vaxt başqa yolu yox idi. Bu addımlar ona görə atılırdı ki, Rusiya Azərbaycanda sabitliyin yaranmasına maneçilik törətməsin. Azərbaycan o zaman Rusiya ilə müəyyən razılığa getdikdən sonra Surət Hüseynov tutulub Bakıya təhvil verildi, ölkədə siyasi müxalifətin fəaliyyətinə faktiki son qoyuldu, sabitlik bərqərar olundu, neft kontraktları imzalandı. Hakimiyyət bu addımı atmasaydı, Rusiya Azərbaycanın normal inkişaf yoluna qədəm qoymasına imkan verməyəcəkdi. Biz indi də Rusiyanın maraqlarını nəzərə alsaq, Qarabağ probleminin həllində bəzi maneələri aşa bilərik. Rusiya ilə yenə də vasitəçi kimi danışacağıqsa, mümkündür ki, Moskva Paşinyanı devirmək üçün başqa alternativ variantlar üzərində düşünsün, Paşinyan hakimiyyəti bizim iştirakımız olmadan dəyişdirilsin, nəticədə status-kvo qorunub saxlanılsın. Ona görə də düşünürəm ki, son 30 ildə ilk dəfədir bizim Qarabağı almağımız üçün belə əlverişli şərait yaranıb.
İllər keçdikcə bizim bu problemi həll etmək şansımız da azalır. Biz bundan sonra bir 30 il də danışıqlar aparacağıqsa, 60 il müstəqil dövlət kimi yaşayan qurumu (bunu istərsən “qondarma respublika”, istərsən, tanınmamış dövlət adlandır) yenidən Azərbaycanın tərkibinə qayıtmasını dünya birliyi qəbul etməyəcək. Necə ki, biz indi İrəvanı, Zəngəzuru nostalgiya hissiylə xatırlayırıq, münaqişənin həlli uzanarsa, Qarabağ barədə də keçmiş tariximiz kimi danışacağıq.

“Dövlətlərin öz maraqları var”

- Bu yaxınlarda Aleksadr Dugin öz Avrasiya İttifaqı haqqında görüşlərini yenidən gündəmə gətirdi. Açığını desəm, onun bəzi fikirləri sizin düşüncələrinizlə üst-üstə düşür. O, belə bir təkliflə çıxış etdi ki, Avrasiya İttifaqının sərhədləri genişlənməli, ittifaqa Türkiyə və İran da qoşulmalıdır. Duginin fikrincə, həm Rusiya, həm Türkiyə, həm də İranın eyni ittifaqda birləşməsi üçün zəruri şərait yaranıb. Hər 3 ölkə ABŞ tərəfindən təzyiqlərə, şantajlara, sanksiyalara məruz qalır. ABŞ-ın hədəfı onları parçalamaqdır. Aleksandr Dugin ortaq təhlükəsizlik maraqlarını birləşdirməyi və Qərb imperializminə qarşı birgə mübarizəni təklif edirdi. Rusiya ilə Türkiyənin yaxınlaşması Qarabağ problemində siz dediyiniz perspektivi – Moskvanın İrəvandan vaz keçməsi ehtimalını yarada bilərmi?


- Dediyiniz kimi, bu ideya xeyli əvvəl mənim tərəfimdən də səsləndirilib. Mən də söyləmişdim ki, Türk-Slavyan Respublikaları Birliyi yaradıla bilər. Nəzəri baxımdan mümkün kimi görünən bu ideyanın bəlkə də gələcəkdə reallaşdırılmaq potensialı daha güclüdür, hazırda isə isə bunu qeyri-real hesab edirəm.
Bununla belə, indiki zamanda gələcəyi proqnozlaşdırmaq çətindir. Hər an hər şey dəyişilə bilir. Bilirik ki, hazırda Türkiyə ilə üzvü olduğu NATO və Aİ-nin arasında çox ciddi problemlər yaranıb. Türkiyə əgər NATO-dan çıxarsa və Avropa İttifaqından uzaqlaşarsa, onun Avrasiya İqtisadi Birliyinə daxil olması barədə danışmağa dəyər. Hələlik isə, NATO -nun üzvü olan bir dövlətin alternativ və əks qütbdə dayanan ittifaqa üzvlüyündən danşmaq yersizdir.
Amma Türkiyənin atdığı bəzi addımlar siz dediyiniz ehtimalı da tam istisna etməyə imkan vermir. Bilirsiniz ki, Türkiyə Rusiyadan S-400 raketləri almaq istəyir və bu da NATO müttəfiqləri tərəfindən birmənalı qarşılanmır. NATO-nun bəzi üzvləri və Alyansın Baş katibi desələr də ki, bu, Türkiyənin hüququdur, ABŞ və Avropa Birliyinin siyasətini müəyyənləşdirən əsas dövlətlər bundan narazı qaldıqlarını gizlətmirlər.

Amma hazırda perspektivi şübhə doğuran, qeyri-real görünən ehtimallarla hərəkət etmək, nələrəsə ümid bəsləmək zamanı deyil. Hələlik real olan budur ki, Azərbaycan Rusiya ilə müəyyən anlaşmalara gedərək, Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola və yaranmış münbit şəraitdən faydalanaraq, Qarabağ məsələsini həll edə bilər. Əlbəttə, bizim Qarabağ problemimiz olmasaydı, mən də bir çoxları kimi istəməzdim ki, ölkəmiz bu qurumlara qoşulsun. Amma tərəzinin bir gözünə Qarabağı qoyub, o biri gözünə digər alternativləri qoyanda hesab edirəm ki, biz Qarabağ naminə bu addımları atmalıyıq. Azərbaycan Qarabağ məsələsinin həllində bizə nə qədər yaxın olub-olmamasına baxmayaraq, heç bir dövlətə güvənməməlidir. Yəqin, siz də gördünüz; Paşinyan bəyanat verdi ki, Ermənistan Türkiyə ilə heç bir şərt qoymadan və heç bir şərti də qəbul etmədən diplomatik əlaqələr qura, sərhədləri aça bilər. Türkiyənin baş naziri isə ona cavabında Dağlıq Qarabağ məsələsini tamamilə unutdu və bildirdi ki, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilərsə, biz bu təklifəri müzakirə etməyə hazırıq. Bu onu göstərir ki, dövlətlərin öz maraqları var və hər bir dövlət bu maraqlar çərçivəsində hərəkət edir. Azərbaycan da məsələlərə öz maraqları çərçivəsindən yanaşıb Rusiya ilə danışıqlar aparmalıdır.

“Səhra komandirinin imicini döyüş meydanında sındırırlar”

- Bayaq dediniz ki, Paşinyan Rusiyanın layihəsidir. Amma Ermənistanda həmin hadisələr baş verən ərəfədə Gürcüstanda da hərəkətlənmələr oldu. Saakaşvili öz tərəfdarlarını növbəti prezident seçkilərinə hazır olmağa və mübarizə aparmağa çağırdı. Səhv etmirəmsə, Gürcüstanda seçkilər noyabrda başlayacaq. Deməli, bu ilin payızında digər qonşumuzda da Rusiyadan qopma prosesinə start veriləcək. Sizcə, eyni geopolitik məkana aid olan iki dövlətdə eyni anda hərəkətlənmənin başlanması təsadüfidirmi? Hər iki proses bir-birinin tərkib hissəsinə oxşamırmı və eyni mərkəzdən idarə olunmurmu?


- Xeyr, mən demirəm ki, Paşinyanı Rusiya hakimiyyətə gətirdi. Mən deyirəm ki, Paşinyanın hakimiyyətə gəlməsinə və ya gətirilməsinə Rusiya yaşıl işıq yandırdı. Məqsəd isə Ermənistanda böyük vüsətlə yayılan Qərbə meyllənmək siyasətini öz nəzarəti altına almaq və Paşinyanın təcrübəsizliyindən istifadə edərək gözlədiyi təhlükəni ortadan qaldırmaqdır.
Rusiya görürdü ki, Ermənistanda qərbyönümlü mövqe güclənir. Hətta Rusiyanın Baş Kəşfiyyat İdarəsinin agenti Sarkisyan da artıq yavaş-yavaş Qərbə meyllənir. Rusiya da erməni qərbyönümlüləri iflasa uğratmaq üçün Paşinyana yaşıl işıq yandırdı. Bununla həm də Sarkisyanı cəzalandırdı.
Rusiyanın Sarkisyanı cəzalandırmaq niyyəti yeni ortaya çıxmayıb. 2016-cı ilin aprel ayının ilk günlərində Azərbaycanın Qarabağda ermənilərə əks zərbə endirməsinə Rusiya məhz bu səbəbdən üç gün səs çıxartmadı. Bilirsiniz ki, Sarkisyan hərbi səhra komandiri olub. Hərbi səhra komandirinin imicini adətən döyüş meydanında sındırırlar. Ona görə də məlum aprel hadisələrində Azərbaycana uğurlu hərbi əməliyyatlar keçirmək imkanı verildi. Sarkisyanın devrilməsində bu qalib imicinin sındırılması da mühüm rol oynadı.
ABŞ və digər Qərb ölkələrinin Paşinyanın hakimiyyətə gətirilməsində ciddi şəkildə iştirak etdikləri heç kimə sirr deyil. Vaxtilə Ukraynada baş verən Maydan hərəkatının təşkilatçılarının böyük qismi son hadisələr zamanı Ermənistanda idi. Rusiya da bunu görür və bir müddətdən sonra nüfuzdan salacağı qurbanının qarşısındakı maneələri aradan qaldırırdı. Bəlkə də Paşinyanı dəstəkləyən Qərb belə, onun bu tezliklə qələbə qazanacağını gözləmirdi. Bir sözlə, Qərb də, Rusiya da öz oyununu oynayırdı.
Gürcüstandakı proseslərə gəlincə, onu demək istərdim ki, Qərb Saakaşvilini yenidən hakimiyyətə gətirərsə, Ermənistanın Avropaya çıxışı yaranacaq, özü də iki istiqamətdə. İstiqamətlərdən biri, yəqin ki, Türkiyə olacaq. Zənnimcə, bir müddətdən sonra Qərb Ermənistanla sərhədləri açması üçün Türkiyəyə təzyiqlərə başlayacaq. Gürcüstanda da hakimiyyət dəyişikliyinə nail olunarsa, Ermənistan üçün ikinci “nəfəslik” bu istiqamətdə açılacaq. Qərbin fikrincə, yalnız bu yolla Ermənistanı Rusiyanın asılılığından qurtarmaq mümkündür. Bu mənada Qərbin Saakaşvilini yenidən Gürcüstanda hakimiyyətə gətirmək niyyətini istisna etmək mümkün deyil.
Gürcüstanda hakimiyyət dəyişikliyinin sosial əsasları da mövcuddur. Gürcülər arasında İvanişviliylə bağlı ümid qırıqlığı yaşanır və növbəti seçkilərdə bu amil həlledici rol oynaya bilər.
Saakaşvili hakimiyyətə gəlsə, Qərbin Ermənistanla bağlı tələblərini yerinə yetirəcək. Nəticədə ermənilərin vəziyyəti daha da yüngülləşəcək. Baxmayaraq ki, Saakaşvilinin Azərbaycanla və Prezident İlham Əliyevlə yaxın münasibətləri var, amma o, Qərb qarşısında boynuna götürdüyü missiyasını yerinə yetirməyə məcbur olacaq.

“Bizə yanaşma tamamilə fərqlidir”

- Qüdrət bəy, yəqin, razılaşarsınız ki, Qərb dövlətləri Cənubi Qafqaz ölkələrini ayrı-ayrı dövlətlər kimi yox, vahid geopolitik məkan olaraq qəbul edirlər. Həmin vahid regionun 3 ölkəsindən ikisində Avropaya meylli hərəkətlənmə başlayıb. Azərbaycan isə Rusiyaya yaxınlaşır. Rusiya isə zəifləyən tərəfidir. Bu fərqli oriyentasiya bizim dövlətin gələcəyi üçün nə vəd edir?

- Əvvəla, Qərb Azərbaycanda hərəkətləri proqnozlaşdırıla bilinməyən hakimiyyətin formalaşmasını arzulamır və buna imkan verməyəcək. Məhz bu səbəbdən iqtidarı nə qədər tənqid etsə də, ən kritik məqamda onu ciddi şəkildə dəstəkləyir.
İkincisi, Qərbin bu regionda ən böyük arzusu o idi ki, Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsində əsas rolu Rusiya oynasın. Beləcə, Azərbaycanla Rusiya əbədi düşmən olsun. Rusiya isə böyük təcrübəsi olan bir dövlət kimi, bu niyyəti başa düşür və status-kvonu qorumağa çalışır.
Qərb də eyni səbəbdən Azərbaycanı çox sıxmaq istəmir, gedib Rusiyaya daha çox yaxınlamasından ehtiyatlanır. Amma qərblilərin qəlbi ermənilərlə bir yerdədir. İstəyirlər ki, Qarabağ ermənilərə verilsin. Bunun səbəbi isə xristian təəssübkeşliyindən və islamfobiyadan qaynaqlanır. Odur ki, həm hakimiyyəti qorumaq strategiyasını sürdürür, həm də Azərbaycanı insan haqlarını pozmaqda, seçkiləri saxtalaşdırmaqda günahlandırır. Bir sözlə, Azərbaycanı gözüqırpıq vəziyyətdə saxlamağa çalışır. Ona görə də Gürcüstan və Ermənistanla müqayisədə bizə yanaşma tamamilə fərqlidir.

Heydər Oğuz
“Cümhur” ittifaqı ilə birlikdə olmağımız mümkün deyil” – Cem TokerTürkiyədə seçki öncəsi prosesdə iştirak edəcək tərəflər arasında mübarizə o qədər güclənib ki, onların bir-birini ən ağır formada ittihamlaması, bir-birini zəiflətmək və seçicinin gözündən salmaq üçün arxivi qarışdırıb, tutarlı dəlillər tapmaq səyləri adi hal alıb. Bunun qarşısında gözlənilməz, hətta deyərdim ki, olduqca eksklüziv bir hadisə baş verdi: heç kimin ağlına gəlmədiyi halda Liberal Demokrat Partiyasından (LDP) Cem Tokerlə Cümhuriyyət Xalq Partiyası (CXP) arasında təkliflərdən ibarət bir görüşüş gündəmə atıldı.

C.Toker CXP-yə təklif verib ki, Liberal Demokrat Partiyası “Millət” qrupunun timsalında onları dəstəkləməyə hazırdır, yetər ki, onun da parlamentə seçilməsinə yardım göstərilsin. Yəni CXP parlamentdə bir yerin LDP-yə ayrılmasına yol açsın. Təklif deyəsən Kamal Kılıçdaroğluna xoş gəlib və LDP sədri Gültəkin Turpançı ilə görüş də keçirib. Amma hələlik, bir kürsünün LDP-yə verilib-verilməyəcəyi məsələsinə konkret cavab verilməyib. Ona görə də, LDP-nin CXP ilə eyni səngərə atılmaq istəməsinin məqsədini öyrənmək üçün təklifin sahibi, LDP-nin keçmiş sədri Cem Tokerlə əlaqə saxlayıb, ona bir neçə sual yönləndirdim:

- Millət vəkili seçilmək üçün niyə CXP-dən yardım istədiniz? Əvvəlcədən CXP sizə bu yönümdə bir mesaj-filan ötürmüşdümü?

- Yalnız CXP ilə deyil, dostlarımız və partiyamızın rəhbərliyi, hansı ki, mən indi rəhbərlikdə təmsil olunmuram, bu günlərdə İyi Partiya ilə də əlaqə qurmağa çalışdılar. Məsələ ondadır ki, məhz CXP rəhbərliyindən müraciətimizə cavab verdilər və görüşmək təklifimizi qəbul etdilər. Ona görə də partiyadan bir heyət CXP ilə görüş keçirib, vəziyyəti onlara başa saldı. Bilirsiniz, BDP və digər partiyaların seçki haqları Yüksək Seçki Şurası və Prokurorluq tərəfindən qanunsuz şəkildə əllərindən alınıb. Biz də həm onların hüquqlarını qorumaq, həm də CXP-nin mövqeyini gücləndirmək üçün dedik ki, Məclisdə bir kürsünün Liberal Demokratlara verilməsi yaxşı olardı. Hələlik, bu təklifimizə CXP-dən cavab verilməyib. Gözləyirik, görək necə olacaq. Dünən qatıldığım televiziya proqramında da soruşdular, dedim ki, mütləq Liberal Demokrat Partiyasından bir nəfərin Məclisdə olması lazımdır. Əgər CXP-dən belə bir təklif gələrsə və Liberal Demokrat Partiyasının rəhbərliyi bu kürsünü mənə layiq görərsə, məmnuniyyətlə qəbul edərəm.

- Niyə AKP və ya MHP ilə müttəfiq olmaq istəmədiniz? Məncə onların iqtidar olma şansı “Millət” ittifaqı ilə müqayisədə daha böyükdür və arxalarında gedən kütlə də daha izdihamlıdır. Hətta hesab edirəm ki, seçkilərə az qalmış “Millət” ittifaqında mütləq bir sapma və ya parçalanma baş verəcək. Bu da “Cümhur” ittifaqının xeyrinə olacaq. O zaman niyə “Millət” və “Cümhur” ittifaqları arasında seçiminiz birincinin üzərində durdu?

- “Cümhur” ittifaqı ilə birlikdə olmağımız mümkün deyil. Liberal Demokrat Partiyasının AKP və MHP, eləcə də BBP ilə bir ittifaqda yer alması, fəaliyyət göstərdiyimiz 24 il ərzində müdafiə etdiyimiz və uğrunda mübarizə apardığımız dəyərlərin inkar olunması deməkdir. Bu bizim siyasi etibarımızı heçə endirər, həm də xalqın – seçicinin qarşısında öhdəliyimiz var, qarşı çıxa bilmərik. Partiyamızın heç bir üzvü də “Cümhur” ittifakı ilə münasibətlərə isti yanaşmır.

- Tutaq ki, CXP sizə dəstək verdi, hətta millət vəkili seçilməyinizə də yardım göstərdi. Sonrası necə olacaq, LDP-nin məramı CXP-nin məqsəd və məramı ilə uzlaşırsa, niyə indiyədək əməkdaşlıq etmədiniz və millət vəkili seçimlərinə bərabər getmədiniz?

- Əgər CXP-dən Liberal Demokrat Partiyasına millət vəkili seçimi üçün təklif gəlisə, əvvəla, onlar bilir ki, Liberal Demokrat Partiyasının 24 illik məramı, dəyərləri hansılardır, necədir. Bizim istəklərimiz, siyasi yolumuz, əleyhinə çıxdığımız məsələlər, millət vəkili olduğumuz təqdirdə Məclisdə nəyə tərəfdar olacağımız, nəyin əleyhinə çıxacağımız da bəllidir və bunu hamı bilir. LDP heç vaxt bu gün bir söz, sabah başqa söz deməyib və həmişə də dediyini edib. CXP də məhz bunları bildiyi üçün təklif edəcək bizə...

- Türkiyədəki mövcud solyönümlü partiya və quruluşlar niyə bir araya gələrək öz aralarında cəbhə yaratmadı, məncə bu daha maraqlı olardı. Bütün Avropada mövcud olan sollar Türkiyə parlamentinə də girə və hökumətdə öz mövqeyini ortaya qoya bilərdi...

- Bunu mən də sual edirəm ki, CXP-nin Liberal Demokrat Partiyasından əvvəl Ecevitin “AKP”si olan DSP-yə, hətta solyönümlü TKP-yə təklif göndərməsi lazım idi. Proqramda da dedim ki, LDP solyönümlü cəbhəyə aid deyil. Solyönümlü partiyalar başqadır və zənn edirəm ki, hazırda onların arasında güclü çəkişmələr yaşanır. Ola bilsin CXP-də düşünürlər ki, son anda hər necə olsa da, solyönümlülərdən səs alacaqlar. Onların yerinə danışmış olmayım, bu mənim şəxsi fikrimdir.

- LDP sədri Gültəkin Turpancı nə deyir sizin CXP-yə verdiyiniz təklifə? Partiyanızın mövqeyi necədir bu məsələdə?

- Hər bir plan və proqramımızı məhz partiyamızın rəhbəri Gültəkin Turpançının icazəsi və dəstəyi ilə həyata keçirir, ondan xəbərsiz addım atmırıq. O cümlədən, CXP ilə görüşü də özü keçirib və qarşıdan hansısa partiya ilə görüş keçiriləcəksə, bu da mütləq sədr Gültəkin Turpançının icazəsi və dəstəyi ilə olacaq. Çünki o da hər birimiz kimi, görüdüyü işləri, yürütdüyü siyasəti şəxsi maraqları üçün deyil, məhz partiyamızın məqsədləri naminə edən liderdir.

Vüsal Tağıbəyli
"Yeltsin Heydər Əliyevə sui-qəsd edən naziri Azərbaycana təhvil vermədi"Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi respublikamızda, eləcə də onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilir. Xalqımızın taleyində misilsiz rolu olan, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin xilaskarı, qurucusu, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış tarixi şəxsiyyətin xatirəsi böyük ehtiramla anılır. Heydər Əliyevlə bağlı dilə gələn hər bir xatirə, yaddaşlara xoş duyğularla yazılan səmimi anlar bu böyük insanın dühasını, bənzərsiz ömür yolunu bir daha bizlərə agah edir, Heydər Əliyev qüdrətini təsdiqləyir.

Avrasiya.net Azərbaycan qəzetinə istinadla bu əlamətdar gün ərəfəsində xaosdan qurtuluşa doğru tarixi keçid prosesində ulu öndərin siyasi kursunun fəal icraçılarından olmuş daxili işlər naziri, general-polkovnik Ramil Usubovla müsahibəni təqdim edir:

- Cənab nazir, ümummilli lider Heydər Əliyevin anım günləri xalqın böyük ehtiramı ilə qeyd edilir, onun cahanşümul fəaliyyətinin mahiyyəti bir daha yada salınır. Şübhəsiz, Azərbaycanın daxili işlər orqanlarının fəaliyyət salnaməsində də ulu öndərin silinməz izləri, böyük töhfələri var...

- Əslində, Heydər Əliyev kimi bir dühadan, qüdrətli dövlət xadimindən danışarkən onun fəaliyyət istiqamətlərini yalnız bir struktur çərçivəsində qiymətləndirmək düzgün olmaz. Nəzərə alaq ki, bir neçə həftədən sonra Xalq Cümhuriyyətinin, yəni dövlət müstəqillyimizin 100-cü ildönümünü qeyd edəcəyik. Bu dövrün isə, demək olar ki, tam yarısı Heydər Əliyev şəxsiyyətinin əbədiyaşar adı, möhtəşəm fəaliyyəti, tarixi töhfələri və ideyalarının həyata keçməsi ilə əlamətdardır.

Bu gün tarixin ən qüdrətli Azərbaycanının vətəndaşı olaraq hamımız dövlətimizin əldə etdiyi böyük nailiyyətlərlə, genişmiqyaslı yüksəliş dinamikası ilə qürur duyuruq. Bu uğurların təməli məhz 1969-cu ildən qoyulub. Bir məqama da toxunum ki, mən Azərbaycanın qurtuluş tarixinin yalnız 1993-cü ildən hesablanması fikri ilə bir o qədər də razılaşmıram. Hesab edirəm ki, 25 il öncə Azərbaycanın qurtuluş tarixinin sadəcə ikinci mərhələsi yaşandı. İlk mərhələ 49 il əvvəl böyük iqtisadi-sosial problemlər, ictimai-siyasi təlatümlər, mənəvi aşınma yaşayan Azərbaycanda hakimiyyətə Heydər Əliyevin gəlişi ilə başladı. Həmin dövrdən bu dahi şəxsiyyət dövlətinə, xalqına xilaskar missiya ilə rəhbərlik etdi və qısa müddətdə Azərbaycanın böyük intibahının müəllifinə çevrildi.

Heydər Əliyev gənc yaşlarından vətəninə, xalqına xidmət etməyi öz həyatının əsas amalı seçmişdi, həm də fövqəladə təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha və yenilməz iradəyə malik idi. Təsadüfi deyildi ki, o, Azərbaycan Xalq Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmiş və xüsusi xidmət orqanlarında ilk azərbaycanlı general olmuşdur. 46 yaşında Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi idi. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün böyük əhəmiyyətli işlər görmüşdür.

1969-1982-ci illərdə respublikamızda milli gəlirin həcmi 2,5 dəfə artmışdı. Böyük quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salınır, fabrik və zavodlar tikilirdi. Mədəniyyət tariximizdə iz qoyan onlarca görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş və başqa sənət xadimləri yetişirdi. Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında soydaşlarımızın sayı davamlı surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı.

Heydər Əliyevin ölkənin bütün sahələrini əhatə edən möhtəşəm fəaliyyəti, əlbəttə ki, daxili işlər orqanlarından da təsirsiz ötüşməmişdi. 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələdir.

Strukturumuzun bizim yaş nəslini təmsil edən heyəti Heydər Əliyev dühasının yetirmələridir və bununla hədsiz qürur duyuruq. Həmin dövrdə ümummilli liderimiz böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etdi. Əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi bu amillər sırasında xüsusilə aparıcı mövqeyə malik idi və tam qətiyyətlə söyləmək olar ki, Azərbaycanın daxili işlər orqanlarında mahiyyətcə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.

- Özünüzü Heydər Əliyev dühasının yetirməsi kimi dəyərləndirdiniz. Bu əlamətdar tarixdə Heydər Əliyevi yaxından tanıyanların, onun komandasında çalışanların bu böyük şəxsiyyətlə bağlı xatirələri xalqımız tərəfindən xüsusi maraqla qarşılanır. Uzun illər ulu öndərin rəhbərliyi altında çalışan bir insan kimi, şübhəsiz ki, Sizin də çoxlu xatirələriniz var...

- Heydər Əliyev barədə xatirələr saysız-hesabsızdır və onlar həyatımın ən parlaq səhifələrini təşkil edir. Fəaliyyətimin dahi şəxsiyyətlə bağlı olan, onun rəhbərliyi ilə keçən illərini böyük qürur, sonsuz ehtiramla yad edirəm. Ümummilli liderimiz barədə danışmaq isə həm şərəfli, həm də məsuliyyətlidir.

Ozamankı Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olarkən - 1969-cu ilin iyul ayında belə bir məlumat eşitdim ki, Azərbaycana yeni rəhbər təyin olunub və bu insan əvvəlki dövrdə ölkə DTK-ya rəhbərlik etmiş general rütbəli Heydər Əliyevdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə artıq hər yerdə Heydər Əliyev haqqında xoş sözlər eşidilir, onun əvvəlki rəhbərlərə bənzəməyən iş metodları barədə çoxsaylı xəbərlər dolaşırdı. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin qətiyyəti və prinsipiallığı barədə ən çox danışılan, daha doğrusu, bu əzmkarlığı daha çox hiss edən bölgələrdən biri də məhz ermənilərin kompakt şəkildə yaşadığı Dağlıq Qarabağ idi.

Həmin dövrdə vilayətdə yaşayan bir vətəndaş kimi 60-cı illərdəki acınacaqlı vəziyyəti yaxşı xatırlayıram.

İrəvandan idarə olunan məkrli qüvvələr millətlərarası münasibətləri kəskinləşdirir, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alır, onlar hətta öz doğma dillərində belə ehtiyatla danışırdılar. Yalnız Heydər Əliyevin qətiyyətli mövqeyi və məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağda əl-qol açmış erməni millətçiliyinə sipər çəkildi. Moskvadakı imperiyapərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, vilayət şovinist ünsürlərdən təmizləndi. Bölgənin dövlət qurumlarında, hüquq mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı.

Eyni zamanda, partiya-sovet orqanlarına, hüquq mühafizə strukturlarına məhz Heydər Əliyev siyasətinə tam sadiq olan, xalqlararası sağlam, mehriban əlaqələrin inkişaf etdirilməsinə çalışan, hər cür şovinizm meyillərinə qarşı çıxan erməni millətinə mənsub rəhbər şəxslər gətirildi. Vilayət partiya komiəsinin birinci katibi Boris Gevorkov və onunla birgə digər rəhbər şəxslər ulu öndərdən aldıqları təlimatlar, göstərişlər əsasında vilayətdə sabitliyi, ictimai asayişi yaratdılar, ən əsası isə, rəsmi Bakıya birmənalı tabeçilik inzibati mexanizmini bərpa etdilər. Bəli, Heydər Əliyevin dövlət idarəçiliyində bir misilsiz böyüklüyü də o idi ki, ədalətli, düzgün mövqeyə sahib, Azərbaycanı sevən erməni məmurlar vasitəsilə erməni şovinizmini məhv edirdi.

Ötən əsrin 70-ci illərində Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı əhvali-ruhiyyə aradan qalxmaqla yanaşı, artıq sadə ermənilər də bədnam millətçi meyillərə qarşı açıq etirazlarını bildirir, Azərbaycan tərkibində təhlükəsiz, rifahlı və xoşbəxt yaşadıqlarını daim bəyan edirdilər. Heydər Əliyevin qətiyyətli, uzaqgörən tədbirləri nəticəsində Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı, erməni və Azərbaycan xalqları arasında düşmənçilik toxumu səpənlər geri çəkildilər.

Bir sözlə, Heydər Əliyev 70-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytardı və bu, orada yaşayan soydaşlarımız üçün yeni dövrün başlanğıcı oldu.

Dağlıq Qarabağ azərbaycanlıları özlərini doğma yurdlarının əsl sahibləri kimi hiss etməyə başladılar. Əvvəlki dövrlərlə müqayisədə həmin illərdə vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı da müşahidə olundu. Bölgənin sosial-iqtisadi həyatında böyük uğurlar əldə edilir, mühüm infrastrukturlar istifadəyə verilirdi. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttinin çəkilişində Heydər Əliyevin məqsədi həm də Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını daha da möhkəmləndirmək idi. Vilayətin ən ucqar kəndlərinin də yolları abadlaşdırılır, yaşayış məntəqələrinin elektrik enerjisi və qazla təminatı yaxşılaşırdı.

Ulu öndərimiz vilayətdə yaşayan azərbaycanlıların təhsil məsələlərinə də xüsusi önəm verirdi. 70-80-ci illərdə bölgədə onlarca müasir məktəb inşa edildi. 1973-cü ildə isə Xankəndidə Pedaqoji İnstitutun açılması ilə vilayətdə milli ziyalı kadrların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artdı və onun fəaliyyəti Dağlıq Qarabağda azərbaycanlı ziyalıların formalaşması prosesinə ciddi təsir göstərdi. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə də böyük diqqət yetirirdi. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi və azərbaycanlı əhalinin kompakt yaşadığı bu şəhərin bölgənin mədəni, siyasi mərkəzinə çevrilməsi prosesi məhz ulu öndərimizin xeyir-duası ilə həyata keçirilirdi.

Ümummilli liderimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu müddətdə erməni millətçiləri torpaq iddialarını heç vaxt açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və onların iki xalq arasında münasibətləri gərginləşdirmək cəhdlərinə imkan verilmədi. Ermənistanın ölkəmizə təcavüzü, Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən neqativ hadisələr də məhz ulu öndərimizin Moskvada tutduğu yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra baş verdi.

Bu məqamda bir zəruri haşiyə çıxmaq istərdim. Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağda süni şəkildə qarşıdurma yaratmağa, xalqlar arasında ədavət toxumu səpməyə çalışan M.Qorbaçov komandası və ona bağlı qüvvələr Azərbaycanda rəhbərliyi dəyişərək Moskvanın əmrlərini icra edəcək, milli hisləri itirmiş şəxsləri vəzifəyə gətirdikləri kimi, eyni ssenarini muxtar vilayətdə də tətbiq etdilər. Kremldə anlayırdılar ki, Dağlıq Qarabağda vəzifədə olan ermənilərin mütləq əksəriyyəti Heydər Əliyev siyasətinə sadiqdir və heç vəchlə milli zəmində münaqişəyə rəvac verməyəcəklər. Ona görə də bu vəzifəli ermənilərə qarşı süni etiraz kampaniyaları təşkil edilir, onlar “Azərbaycanın və Heydər Əliyevin agentləri”, “erməni xalqının düşmənləri” adlandırılaraq təqib olunurdular. Nəticədə onların hamısı vəzifələrindən kənarlaşdırıldı və təəssüf ki, ozamankı Azərbaycan rəhbərliyi də bu şəxslərə sonadək sahib çıxmadı. Dağlıq Qarabağın yeni rəhbərləri Azərbaycandakı yeni hakimiyyətin səbatsızlığından, mütiliyindən istifadə edərək vaxtilə Heydər Əliyevin böyük fədakarlıqlar hesabına yaratdığı sabitliyi, sağlam ab-havanı qısa müddətdə darmadağın etdilər və artıq 30 ildir davam edən bu qanlı münaqişənin əsasını qoydular.

- Cənab nazir, ulu öndərlə ilk görüşünüz nə zaman olub?

- Ümummilli liderimizlə ilk canlı təmasım da məhz Dağlıq Qarabağda olmuşdur. 1982-ci ilin yanvar ayında Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Qeyd edim ki, Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı. Yeri gəlmişkən, sadə erməni əhalisi də ayrı-ayrı görüşlərdə vilayətdə erməni milliyyətçiliyini qızışdıranlara qarşı qətiyyətli mövqeyinə, bütövlükdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirirdilər.

Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşu qaldırıb düz yerdə qoyduq. Bununla, bir növ, qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər. Həmin tədbirdə Heydər Əliyevlə ünsiyyətimiz də oldu. Mən artıq Heydər Əliyev böyüklüyünü daha dərindən dərk edir, konkret faktların timsalında bu dahi şəxsiyyətin öz vətəninə, xalqına necə bağlı olduğunu görürdüm.

- 1993-cü ildən etibarən Siz artıq Heydər Əliyevin komandasında təmsil olunmağa başladınız. O dövrü necə xatırlayırsınız?

- Bəli, tale bizi Heydər Əliyevlə bir də 11 il sonra görüşdürdü. AXC-Müsavat hakimiyyəti dövründə Daxili İşlər Nazirliyində idarə rəisi vəzifəsindən azad edilmişdim və bölmə rəisi işləyirdim. Ozamankı iqtidar mənsublarının özbaşınalıqları, haqsızlıqlar, DİN-dəki çəkişmələr, qanun pozuntuları məni hətta o vəziyyətə gətirmişdi ki, həmin ərəfədə daxili işlər orqanlarından tərxis olunmaq üçün yazdığım raportu nazirliyin rəhbərliyinə təqdim etmək istəyirdim. Lakin qəbula düşə bilmirdim, deyirdilər ki, nazir əvəzinin vaxtı olanda qəbul edəcək.

Belə bir vaxtda, 1993-cü il iyulun 2-də DİN-in qərargah rəisi mənə dedi ki, Heydər Əliyev səni nazirin kabinetində telefona çağırır. Xatırladım ki, artıq ulu öndərimiz Prezident səlahiyyətlərini həyata keçirirdi. Bu xəbərdən çox həyəcanlandım. Telefonla danışdıq. Mənə dedi ki, Naxçıvanda vəziyyət olduqca gərginləşib. Sən orada daxili işlər naziri işləmisən, şəxsi heyət arasında nüfuzun var. Gedib vəziyyətə nəzarət edilməsi üçün tədbirlər gör. Heydər Əliyev kimi bir dühadan belə bir etimadı qazanmağın məsuliyyətini anlayaraq, təcili Naxçıvana getdim.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri əvəzi, sonra isə nazir təyin olundum. Çox böyük çətinliklərlə, hətta sui-qəsdlə, terrorla üzləşdim. Lakin Heydər Əliyevin tapşırığını yerinə yetirmək üçün bütün qüvvələri səfərbər etdik və bir müddətdən sonra bölgədə kövrək də olsa, sabitliyi bərpa edə bildik. Naxçıvandakı durumla bağlı müntəzəm olaraq ulu öndərə məruzə edir, ondan müvafiq göstərişlər, məsləhətlər alırdım.

- Bir müddət sonra isə respublikanın daxili işlər naziri vəzifəsinə təyin olundunuz...

- Sözün düzü, bu təyinat da mənim üçün gözlənilməz oldu. 1994-cü il aprelin 29-da Prezident yanında DİN-in məsul işçilərinin müşavirəsi keçiriləcəkdi. İclasdan bir neçə saat əvvəl Prezident məni qəbul etdi, Naxçıvandakı vəziyyətlə, xidmət və həyat yolumla maraqlandı. İclasın gedişində isə nazirliyin ozamankı rəhbərliyinin işi kəskin tənqid olundu və daxili işlər orqanlarının fəaliyyətində ciddi dönüşün yaradılması tələb edildi. Sonda Heydər Əliyev gözləmədiyim halda bildirdi ki, məni ölkənin daxili işlər naziri təyin edir. Ümummilli liderimiz onu da qeyd etdi ki, Ramil Usubova tam inanıram, Prezident kimi ona etimad göstərirəm və bir də hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Bu sözlər mənim üçün ən böyük etimad və dəstək idi.

Beləliklə, mən Heydər Əliyevlə birgə işləmək, onun rəhbərliyi altında dövlət quruculuğu prosesində iştirak etmək imkanı qazandım. Sonrakı 9 ildə də Heydər Əliyevin misilsiz fəaliyyətini, vətənə və xalqa həsr olunan fədakar missiyasını daha geniş miqyasda gördüm. Bütün dövrlər üçün ən ali örnək ünvanımız kimi qəbul ediləcək böyük vətəndaş, dahi şəxsiyyət, qüdrətli lider yalnız xalqın rifahı, dövlətin qüdrətlənməsi, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə yaşayırdı. Elə onun fəaliyyət fəlsəfəsi, həyat mənası da yalnız bu idi.

- Cənab nazir, Heydər Əliyevin ikinci hakimiyyət dövrü daxili işlər orqanlarının fəaliyyətində hansı uğurlu proseslərlə əlamətdar oldu?

- Sualınıza cavabı qısa olaraq belə ümumiləşdirə bilərəm: Heydər Əliyev, demək olar ki, yenidən formalaşdırdığı, daxilən saflaşdırdığı daxili irşlər orqanlarının fəaliyyətini düzgün, müdrikcəsinə tənzimləyərək, ölkədə kriminogen durumun nəzarət altına alınması, cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili, ümumilikdə isə ictimai-siyasi sabitliyin təminatı kimi taleyüklü məsələlərin həllinə nail oldu.

Ulu öndər hələ 1994-cü il aprel müşavirəsində xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini vermişdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” əsasnamələr qəbul edildi.

Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında respublikamızda iqtisadi tərəqqiyə yol açan “Əsrin müqaviləsi” imzalandı.

Lakin həyat göstərdi ki, Heydər Əliyevin milli maraqlarımızın təmin edilməsindəki qətiyyətli mövqeyi və yorulmaz fəaliyyəti ölkənin xaricində və daxildə olan məlum qüvvələri olduqca narahat edir. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar. Niyyət bəlli idi: respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək. Ancaq ümummilli liderimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdlərinin qarşısını öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu.

Xatırlatmaq yerinə düşər ki, hüquqda, o cümlədən bizim xidmətdə “Cinayət varsa, cəza labüddür” prinsipi daim fəaliyyət prioritetlərindən sayılıb. Bu baxımdan 1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi.

Ümummilli lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı.

Hələ hadisələrin ən qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev vurğulamışdı ki, “Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır”.

Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların da himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən Milli Qəhrəman adına, orden və medallara layiq görülmüşdür.

Qısa müddətdə ölkəmizdə ictimai-siyasi, kriminogen durumun tam sabitləşməsi, sürətli inkişaf yoluna qədəm qoyulması, bütün istiqamətlərdə mütərəqqi islahatların başlanması yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından birinə çevrildi.

Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər 2002-ci ildə peşə bayramımızda şəxsən iştirak edərək bir daha xidməti fəaliyyətimizlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanlarımızı göstərib tövsiyələrini verdi, vəzifələrimizi müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.

- Heydər Əliyevin rəhbərliyi altında çalışan şəxs kimi ulu öndərin hansı xüsusiyyətini daha yüksək dəyərləndirirsiniz?

- Zənnimcə, Heydər Əliyev kimi nadir bir şəxsiyyətdən danışarkən onun xüsusiyyətlərini müqayisə etmək, hansınısa xüsusi qabartmaq düzgün deyil. Çünki bu dahi insanın malik olduğu bütün dəyərlər, xüsusiyyətlər ali səviyyədə idi, ən yüksək mənəvi həddə çatırdı. Heydər Əliyev bütün həyatını Azərbaycana həsr etmişdi və onun bütün xarakterik xüsusiyyətləri də bu missiyanın uğurla həyata keçirilməsini təmin edirdi.

Məsələn, ulu öndər çox mərhəmətli idi, hətta ona xəyanət edənləri də bağışlamışdı. Fəaliyyət müddətində səhv edənlərə güzəşt edirdi, ancaq məsələ dövlət mənafeyi ilə bağlı idisə, ən sərt tədbirləri görməkdən çəkinməzdi. Yəni onun elə bu hisləri - mərhəmət və sərtlik xüsusiyyətləri, əslində, elə bir-birinə zidd deyildi, tam mənada bir-birini tamamlayırdı.

Heydər Əliyev olduqca prinsipial rəhbər idi. İnandığı, düzgün saydığı mövqedən, Azərbaycanın maraqlarından zərrə qədər də geri çəkilməzdi. Mən bu məqamda 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrini xatırlayıram. Azərbaycana və şəxsən Heydər Əliyevin həyatına böyük təhlükə, qəsd var idi. Həm də həmin dövrlərdə hadisələrin nə ilə nəticələnəcəyi də, sözün düzü, bilinmirdi. Amma Heydər Əliyev şəxsən öz həyatını böyük risklər altına qoydu, təhlükəsizliyinin təminini əsla düşünmədi və bu barədə təkliflərimizə birmənalı etiraz etdi. Əsl sərkərdə kimi dövlətçiliyə qəsdin qarşısında mətin dayandı, əsl lider kimi xalqını səfərbər etdi, əsl vətənpərvər kimi də qalib gəldi.

Heydər Əliyev insanlara, o cümlədən komandasında çalışan məmurlara baxışını onların milli dəyərlərə bağlılığı, milli hisləri necə daşımaları ilə müəyyənləşdirirdi. Ulu öndər hər bir məmurdan peşəkarlıqla, qabiliyyətlə yanaşı, fəal vətəndaşlıq, yüksək vətənpərvərlik də tələb edirdi. Daim Azərbaycana bağlı olmaq, xalqın və dövlətin maraqlarını qorumaq liderimizin bizdən əsas istəyi idi.

Mən indi bu mövzuda danışarkən 20 il öncəki bir hadisəni xatırladım. Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun ekstradisiyası gündəmə gəlmişdi. Lakin Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Ş.Musayev həbsdən azad olunmuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rizayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə məhz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Ş.Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Ş.Musayev birmənalı bildirdi ki, “mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər”.

Bakıya dönərək söhbət barədə ulu öndərə məruzə etdim. Mən Heydər Əliyevə müraciətlə bəlkə mövzunu Prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yəqin, ekstradisiya məsələsinə kömək edər dedim. Heydər Əliyev bir qədər düşündükdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı həmkarına zəng etdi. Boris Yeltsinə mövzu barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərdə və şəxsən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tam təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslində elə Heydər Əliyevin gözlədiyi kimi oldu: “Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik”.

Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra acı-acı gülərək “Ramil, görürsən ovaxtkı rəhbərlik necə agentləri, kəşfiyyatçıları ordumuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkarlarıdır. Bu agentlər Azərbaycandan başqa hər qüvvəyə, hər kəsə xidmət etdilər” dedi.

Bəli, Heydər Əliyev, həmişəki kimi, tam haqlı idi. Təsəvvür edin, Şahin Musayev kimi xarici ölkə kəşfiyyatına xidmət etməsi məlum olan birisi Azərbaycanın müdafiə naziri səlahiyyətlərini icra etmiş, nazirliyin Baş Qərargah rəisi təyin olunmuşdu. Azərbaycan Ordusunun bütün taleyi milli hislərdən, azərbaycançılıqdan uzaq olan adama tapşırılmışdı. Özü də bu fakt tək deyildi, belə hallar onlarla idi.

Heydər Əliyev bütün müqayisələrin fövqündə durur və onu heç vaxt kiminləsə, o da ola tarixmizə adı qara ləkə kimi düşmüş insanlarla müqayisə etməmişəm. Amma həqiqət müqayisədə üzə çıxdığından bu açıq və səmimi söhbətimizdə hökmən bir məqama nəzər salmalıyam: Heydər Əliyev 1988-1993-cü illərdə ölkəyə rəhbərlik etsəydi, belə agentlər, xainlər vəzifə tuta bilərdilərmi? Yaxud, ümumiyyətlə o dövrdə rəhbərlikdə məhz Heydər Əliyev olsaydı, həmin illərin təlatümləri, tənəzzülləri, Qarabağ münaqişəsi yaranardımı?..

Biz Azərbaycan xalqı olaraq Heydər Əliyevli illərimizin qürurunu yaşadığımız kimi, Heydər Əliyevsiz keçən 1988-1993-cü illərin məşəqqətlərini, faciələrini də unutmuruq və bunları yeni nəslə daim təlqin etməliyik.

Heydər Əliyevi hər zaman özümə müəllim, həyat məktəbi kimi qəbul etmişəm, daim ondan öyrənmişəm. Əslində, ulu öndərin irsi elə bir mükəmməl idarəçilik, qüdrətli liderlik və böyük vətəndaşlıq məktəbidir ki, milyonlarla həmvətənimiz də onu özünə örnək, nümunə seçib. Yəni Heydər Əliyevin malik olduğu xüsusiyyətlər, daşıdığı dəyərlər onun dünyanın ən böyük azərbaycanlısı statasuna yüksəlməsini şərtləndirməklə yanaşı, Azərbaycanın da qüdrətlənməsini, müstəqilliyinin daimi, dönməz hal almasını təmin edib. Sanki elə Heydər Əliyevin timsalında deyiblər: liderin xarakteri onun millətinin və dövlətinin taleyini müəyyənləşdirir. Bu baxımdan bugünkü tarixin ən qüdrətli Azərbaycanı da məhz ulu öndərin və Prezident İlham Əliyevin xarakterik xüsusiyyətlərinin məntiqi nəticəsidir.

- Cənab nazir, Heydər Əliyevlə bağlı son görüşünüzü necə xatırlayırsınız?

- Söhbətimizin əvvəlində də qeyd etdim ki, Heydər Əliyevlə bağlı xatirələrim saysız-hesabsızdır. Onunla hər görüş, verdiyi tövsiyə və tapşırıqlar yaddaşıma işıqlı bir xatirə kimi həkk olunub. Ancaq ümummilli liderimizlə son görüşümüzü - 2003-cü ilin 8 iyulunda keçirilən Təhlükəsizlik Şurasının iclasında aldığım təəssüratı indi də həyəcanla xatırlayıram.

Müalicə üçün Türkiyəyə gedəcək Prezident bizə məsləhətlərini, göstərişlərini verdi. O, Azərbaycan dövlətini, müstəqilliyimizi göz bəbəyi kimi qorumağı, xalq qarşısında daşıdığımız məsuliyyətə, öhdəliyə sadiq olmağı, vətəndaşlarımızın qeydinə qalınmasını, ən nəhayət, Heydər Əliyev komandasının hər bir üzvünün bundan sonra da daim dövlətçilik mövqeyində, bir cəbhədə, monolit siyasi platformada olmasını tövsiyə etdi. Həmin anda da onun daxili əzəməti, qətiyyəti, müdrikliyi, yenə də öz sağlamlığını yox, məhz həyatından çox sevdiyi xalqını düşünmək hissi, hətta yumor duyumu belə əvvəlki kimi güclü idi.

2003-cü il aprelin 21-də Respublika sarayında keçirilən tədbirdə çıxış edərkən aldığı xəsarətdən yaranan ağrılara baxmayaraq, yenə də tribunaya qayıdıb, öz yenilməzliyini, qətiyyətli, dönməz sərkərdə qüdrətini bütün dünyaya nümayiş etdirən Heydər Əliyev mənim nəzərimdə daim zirvələrdə olan və bu yüksəklikdən heç zaman enməyəcək dahi İnsan obrazını qətiləşdirdi. Budur mənim tanıdığım və həyat örnəyi kimi qəbul etdiyim ulu öndər!

- Heydər Əliyev ideyaları bəs bu gün necə reallaşır və milli inkişaf strategiyasında hansı əhəmiyyət daşıyır?

- Prezident İlham Əliyevin liderliyində Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşaması, qazandığı mühüm nailiyyətlər, qlobal miqyasda əldə etdiyi böyük nüfuz, bölgənin lider dövlətinə çevrilməsi və saysız-hesabsız digər uğurlar məhz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsinin nəticəsi və təntənəsidir. Heydər Əliyev ideyaları Azərbaycanın müstəqillik kursunun, hərbi strategiyasının, sosial-iqtisadi inkişaf konsepsiyasının və digər zəruri dövlətçilik istiqamətlərinin əsas xəttidir.

Respublikamız məhz Heydər Əliyev ideyalarının işığında, qüdrətli liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə inamla irəliləyir. Ulu öndərimizin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək əmanət etdiyi şah əsərini - müstəqil Azərbaycanı bu gün Prezidentimiz böyük qətiyyət, yüksək təşkilatçılıq istedadı və fədakarlıqla qoruyur, inkişaf etdirir.

Prezident İlham Əliyev Azərbaycanı Avropanın əsas enerji təminatçılarından birinə, qitələrarası ən səmərəli logistik məkana, kosmik dövlətə, BMT Təhlükəsizlik Şurasının üzvünə, dünyanın ən mükəmməl sülh və əməkdaşlıq platformasına çevirib. Qlobal böhran şəraitində milli inkişafı qoruyub və daha da sürətləndirib, əhalinin rifahının dəfələrlə yüksəlməsini təmin edib.

Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimiz Aprel zəfərini qazanıblar və Böyük Qayıdışın ilk ünvanı olan Cocuq Mərcanlı qısa müddətdə Cənubi Qafqazın ən abad, ən müasir kəndinə çevrilib.

Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib. Yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır. Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Lakin Prezident İlham Əliyevin düzgün siyasəti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır.

Daxili işlər orqanlarına Prezident İlham Əliyevin böyük dəstəyi, himayədarlığı bizə xidməti fəaliyyətimizdə əsaslı dəstək, yüksək mənəvi stimul verir. Son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində cənab Prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb. Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb. Şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ildə 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb.

Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik zati-aliləri Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın genişmiqyaslı inkişafının və müstəqillik kursunun əsas təminatçı amillərindəndir.

- Cənab nazir, bəs ictimai-siyasi sabitliyi formalaşdıran əsas amil nədir?

- İstisnasız olaraq xalq-iqtidar birliyi! Vətəndaşlarımızın cənab İlham Əliyevə və onun hakimiyyətinə olan inamı ölkədə güclü həmrəylik və monolit ictimai birlik yaradıb. Son prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı cənab İlham Əliyevə alternativ görmür, onun siyasi kursunu birmənalı dəstəkləyir. Qeyd edim ki, ötən ay keçirilən prezident seçkilərinin nəticələri həm də Heydər Əliyev ideyalarının növbəti qələbəsi idi.

Ümummilli liderimizin yubileyinə ən böyük töhfə məhz zati-aliləri İlham Əliyevin liderliyindəki güclü, qüdrətli Azərbaycandır! Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın xoşbəxtliyini təmin edəcəkdir! Bu müqəddəs vəzifənin həyata keçməsində Azərbaycanın daxili işlər orqanlarının və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların şəxsi heyəti öz Prezidentinin, Ali Baş Komandanının ən sadiq silahdaşlarından olacaq, ulu öndərimizin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.
"Həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm"Deputat, BAXCP sədri Qüdrət Həsənquliyevin Milli Məclisin ötən iclasındakı çıxışı geniş rezonansa səbəb oldu. Azərbaycanla region ölkələrini müqayisə edən deputat ölkəmizdə orta aylıq əmək haqqının aşağı olmasından bəhs edib, ciddi təkliflər irəli sürdü. Ancaq bu çıxışdan keçən günlər ərzində partiya sədrinin deputatların maaşını 8 min manata çatdırmaqla bağlı fikirləri daha çox müzakirə olundu və tənqid hədəfinə çevrildi.

“Yeni Müsavat”ın suallarına cavabında BAXCP sədri sözügedən çıxışla bağlı məram və məqsədini geniş açıqlayıb.

Avrasiya.net BAXCP sədrinin həmin müsahibəsini öz oxucularına təqdim edir:

– Əslində, mənim dediklərim ona yönəlmişdi ki, ölkədə düzgün əməkhaqqı siyasəti yürüdülməlidir. Nə qədər ki, dövlət adamları, məmurlar, qanunverici hakimiyyətin, məhkəmə hakimiyyətinin üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları aldıqları maaşla ləyaqətli həyat sürə bilməyəcəklər, ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Ona görə ki, həmin o məmur, yaxud nəzarətedici şəxs hansısa digər məmurun dövlət əmlakını mənimsəməsinə, rüşvət almasına göz yumacaq. Bununla da çalışacaq ki, digər məmur qanunsuz əldə etdiyi gəlirlərdən ona da versin və o da normal həyatını qura bilsin.

Mən çıxışımda Sinqapuru nümunə göstərdim ki, o vaxt Sinqapur möcüzəsinin banisi Li Kuan bu ölkədə islahatlara başlayanda ilk növbədə məmurların illik maaşını 2,2 milyon dollardan başladı. Bu da Sinqapur dollarından ABŞ dollarına çevirəndə təqribən 160-180 min dollarlıq aylıq maaş demək idi. O dövrdə ona bu haqda sual verəndə demişdi ki, əgər biz məmurlara ildə 2 milyon maaş verməsək, əvəzində ayda 10 milyon, bəlkə daha çox oğurlayacaqlar. Belə olduğu halda o pulları sadə vətəndaşlardan oğurlayacaqlar, yaxud rüşvət alacaqlar. İkincisi də korrupsiya iqtisadiyyatı inkişaf etdirməyə imkan verməyəcək. İqtisadiyyat inkişaf etmədiyi təqdirdə də sadə insanların maaşı, təqaüdləri qalxmayacaq.

Ona görə mən çıxışımda da dedim ki, bəzi şəxslər deputatların maaşının artmasından narahat olacaqlar, amma xalqa izah etmək lazımdır ki, Sinqapurda nazirin maaşı 100 min ABŞ dolları olandan sonra orta aylıq əmək haqqı da qalxdı, oldu 58 min dollar. Ona görə də hesab edirəm ki, bu gün nazir 10 min dollar alsa, Azərbaycanda orta maaş alan adam 5 min manat alacaq.

– Qüdrət bəy, siz buna əminsinizmi ki, o halda sadə insan da dediyiniz miqdarda maaş alacaq?

– Bəli, ümid edirəm ki, alacaq. Məmura normal əməkhaqqı verib sonra ondan tələb etmək lazımdır ki, düz işlə. Yoxsa məmura çox aşağı məbləğdə maaş verib ondan düz işləməyi tələb etmək heç bir effekt verməyəcək. Ola bilsin ki, gözdən pərdə asmaq üçün bir-iki nəfəri məsuliyyətə də cəlb etmək olar, yaxud korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparıldığı görüntüsünü yaratmaq olar. Amma kütləvi şəkildə məmurlar, dövlət adamları aldıqları maaşla dolana bilmirləsə, onlar əlavə gəlir mənbələri haqda düşünəcəklər. Azərbaycanda hamı başa düşür ki, indiki maaşla yaşamaq çox çətindir. Ona görə mən dedim ki, biz islahatları dərinləşdirmədən, həmçinin əməkhaqqı siyasətinə yenidən baxmadan ciddi irəliləyişlərə nail ola bilməyəcəyik.

– Əlləri korrupsiya və rüşvətə bulaşan şəxslərin aylıq maaşa ehtiyacı varmı? Yaxud maaş artımı vəziyyəti dəyişəcəkmi?


– Söhbət korrupsiyaya bulaşanlardan getmir. Cəmiyyətdə dəniz kimi, içəridən təmizlənmə prosesi getməlidir. Son vaxtlar görürsünüz ki, nazirlər dəyişir, yeni kadrlar təyin olunur. Mən demirəm ki, bu, bir günün işidir, yaxud deputatın, ya nazirin əməkhaqqını qaldırmaqla hər şey düzələcək. Yox, bu, başlanğıcdır. Mən hesab edirəm ki, hökumətin üzvləri içərisində böyük əksəriyyət normal maaş alacaqlarsa, o maaşla öz həyatlarını qura biləcəklərsə, onlar əlavə gəlirlər, oğurluq, rüşvət, dövlət əmlakını mənimsəmək haqqında düşünməyə risk eləməyəcəklər. Əgər biz cəmiyyəti inkişafın yeni mərhələsinə keçirmək istəyiriksə, islahatlar əməkhaqqından başlamalıdır.

– Deputat həmkarınız Araz Əlizadə bir sual verdi ki, kim bir ayda 52 manata dolana bilərsə, əlini qaldırsın? Bu gün 52 manat təqaüd alan insanlar varsa, yüksək məbləğ qıcıq doğurur…

– Təbii ki, söhbət tək nazir, ya deputatın maaşının artırılmasından getmir. Həkimlərin aldığı maaş simvolikdir, 150-200 manatdır. Bu adamları xalq dolandırmasa, faktiki surətdə aldıqları o əməkhaqqı ilə yaşamaları mümkün deyil. Mən də məsələ qaldırdım ki, nə vaxta qədər insanlar kənar gəlir mənbələri barədə düşünəcəklər? Məmur da vaxtının bir hissəsini bu məsələyə sərf edir, yaxud özünün biznesini qurmağa, yaxud rüşvət almağa məcburdur. Ona görə də biz artıq bu istiqamətdə islahatlara başlamalıyıq. İkincisi də götürək elə qonşu dövlətləri… Elə Rauf bəyin (Rauf Arifoğlu-red.) də bu barədə açıqlaması var idi ki, Türkiyədə millət vəkilləri 12 min manat maaş alır. 2014-cü ildə, Krımın işğalına qədər Rusiyanın deputatları NATO Parlament Assambleyasında assosiativ üzv kimi iştirak edirdilər. O zaman mən onlardan nə qədər maaş aldıqlarını soruşmuşdum. Onlar dollar ekvivalenti ilə söyləmişdilər ki, biz 10 min dollar alırıq. Bu yaxınlarda isə hörmətli akademikimiz Kamal Abdulla Xarici Dillər Universitetində tədbir keçirirdi, orda Rusiya Dumasının bir üzvü də iştirak edirdi. Elmira xanım ondan maaşının miqdarını soruşanda dedi ki, devalvasiyadan, rubl dəyərini itirəndən sonra 6 min dollar alırıq.

– Bizdə isə sonuncu 10 faizlik artımla deputat maaşı 2250 manat oldu, eləmi?

– Bəli. Bu, olduqca az bir vəsaitdir. Mən iclasda da dedim ki, dəqiq bilmirəm, amma aldığım məlumata görə, Prezident Administrasiyasında şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox maaş alır. Halbuki məhkəmə kimi, Milli Məclis də hakimiyyətin müstəqil qanadıdır. Təbii ki, dövlət başçısını çıxmaq şərtilə. Çünki dövlət başçısı icra qanadının başçısı olmaqla yanaşı, həm də dövləti təmsil edir. Amma necə ola bilər ki, Administrasiyada şöbə müdiri Milli Məclisin rəhbərliyindən çox əmək haqqı alsın? Yəni burada nizam-intizam yaratmaq, yeni bir siyasət müəyyənləşdirmək lazımdır. Özü də maaşları qanunlarla müəyyənləşdirmək lazım deyil. Deyək ki, hər dəfə devalvasiya oldu, yaxud inflyasiya olandan sonra biz gərək ombudsmanın əməkhaqqını artırmaq üçün hər dəfə Konstitusiya qanunu qəbul edək. Bununçün ayrıca bir qanun qəbul etmək lazımdır. Yəni əmək haqlarını indeksləşdirək və bununla bağlı olaraq hər dəfə qanunlara xüsusi düzəlişlər etməyə ehtiyac qalmasın. İnsanların qanunlar çərçivəsində yaşamasını təmin etmək üçün, xüsusilə də dövlət adamlarının, onlara normal maaş vermək lazımdır. Ona görə də səhiyyə obyektləri özəlləşdirilməli, icbari tibbi sığorta nəhayət, tətbiq olunmalıdır.

– Bunu əvvəlki parlament çıxışlarınızda, elə son prezident seçkisi ilə bağlı teledebatlarda da demişdiniz. Prezident özü isə seçkidən sonra bildirdi ki, bir sıra təkliflər nəzərə alınacaq. Necə bilirsiniz, nəzərə alınacaq təkliflərin sırasında bunlar da ola bilərmi?

– Mən ümid edirəm. Bizneslə sahibkarlar məşğul olmalı, onlar vergi ödəməlidir. Dövlət özünə lazım olan işi gördürmək üçün həmin ayrı-ayrı fəaliyyət növü ilə məşğul olan, yaxud xidmət sahəsində olan şirkətlərə sifariş verməlidir, onlarla müqavilə bağlayıb işi gördürməlidir. Məsələn, niyə Bakının küçələrini Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan hansısa bir dövlət qurumu süpürtdürməlidir? Amma əslində İcra Hakimiyyəti hansısa şirkətlə müqavilə bağlamalıdır, küçənin təmizliyinə görə o məsuliyyət daşımalıdır, yumalı, təmizləməlidir və büdcədən də onun pulu ödənilməlidir. Mənzil təsərrüfat idarələri, “Azərsu”, “Azərenerji”, “Azəriqaz” kimi xidmət sahələri özəlləşdirilməlidir. Ona görə ki, o xidmət sahələrinin yenidən qurulmasına böyük məbləğdə pullar lazımdır. Prezident seçkisində də dedim ki, təkcə Bakı şəhərində köhnəlmiş qaz kəmərlərinin dəyişdirilməsinə 1 milyard dollara yaxın vəsait lazımdır. Hazırda dövlətin bu vəsaiti qoymağa imkanı yoxdur. Ona görə də bu sahəni 99 illiyə hansısa şirkətə, əməli idarəetməyə vermək olar. Azərbaycanda bir vaxt “Barmek” nümunəsi də olub. Dövlət yavaş-yavaş biznes fəaliyyətindən azad olunmalı, tənzimləyici funksiyanı yerinə yetirməli və qanunlar qəbul etməklə iş adamlarının, biznes adamlarının önünü açmalıdır ki, həm Azərbaycana xarici investisiyalar cəlb olunsun, xaricdən sahibkarlar gəlsinlər, ölkəmizə investisiya qoysunlar. Bunun üçün də vergi yükü azaldılmalıdır və qanunun aliliyi təmin olunmalıdır. Xarici sahibkar bilməlidir ki, burada onun mülkiyyəti, əmlakı qanunla ciddi şəkildə qorunur və heç kim onun əmlakına toxuna bilməyəcək.

– Amma sizin digər dedikləriniz arxa plana keçidi və həm mətbuatda, həm sosial mediada daha çox deputatların maaşı ilə bağlı təklifinizdən danışıldı, sərt şəkildə tənqid olundunuz…

– Məqsədyönlü şəkildə bir qrup yaramaz insan məsələni bu cür təqdim etdilər ki, Qüdrət Həsənquliyev deyib deputatların əmək haqqı artırılsın. Halbuki, mən orda orta əmək haqqının 5 minə qədər qaldırılmasını təklif etmişdim. Yəni əgər nazir 10 min alacaqsa, orta aylıq əməkhaqqı 5 min olacaq. İndi tutaq ki, orta aylıq əmək haqqı ilə nazirin maaşı arasındakı fərq 4-5 dəfədir. Amma mənim irəli sürdüyüm təklifdə nazirin də maaşı qalxır, orta aylıq maaş da qalxır. 5 min manat alan vətəndaş öz həyatını kifayət qədər yaxşı qura biləcək. Orta aylıq əmək haqqından söhbət gedir, bura müəllim də, həkim də, dövlət qulluğunda, biznes strukturlarında olanlar və s. də aiddir. Əlbəttə, orta aylıq əmək haqqı 500 manatdırsa və deputatın da maaşı birdən-birə 8 min olursa, bu, əlbəttə, qıcıq doğuracaq.

– Geniş rezonansa səbəb olan bu çıxışınıza məmur təbəqəsindən hansısa reaksiya verildimi? Onlar necə, məmnun qaldılarmı?

– Yox, reaksiya olmadı. Mən hesab edirəm ki, ağlı başında olan hər bir azərbaycanlı mənim çıxışımı normal qarşılamalı idi. Kim istəməz ki, ölkədə hamının əmək haqqı yüksəlsin? Sadəcə olaraq bizdə jurnalistikada da, siyasətdə də yaramaz ünsürlər var. Onlar ayrı-ayrı sifarişlərlə, bəziləri reketlik naminə, utanmadan, öz peşələrinə xəyanət edərək, informasiyanı birtərəfli çatdırdılar. Açıq deyək, cəmiyyətdə də siyasi mədəniyyət yüksək olmadığından, həm də biz emosional xalq olduğumuzdan yazılmış informasiyanın nə dərəcədə doğru olduğunu araşdırmadan, mənim çıxışımın tam mətni ilə tanış olmadan, başladılar ki, bəs, bu nədir, orta aylıq əmək haqqı 500 manatdır, Qüdrət Həsənquliyev deyir deputatın maşı 8 min manat olsun? Bəziləri hətta bütün ədəb-ərkanı unudaraq təhqirə keçdilər. Əlbəttə, bütün cəmiyyətlərdə olduğu kimi, bizim də cəmiyyətimizdə əxlaqsız, namussuz, tərbiyəsiz elementlər var. Namuslu adam söyüş söyməz. Kimsə söyüş söyürsə, təhqirə keçirsə, bilin ki, o, namussuz insandır. Namussuz insanlara da mənim baş qoşmağıma dəyməz. Amma siz özünüz parlament müxbiri olaraq şahidsiniz, özümü tərifləmirəm, amma o parlamentdə sadə insanların hüquq və azadlıqlarının qorunması ilə bağlı ən fəal mübarizə aparan insanlardan biri, hesab edirəm ki, mənəm. Elə son iclasda da mən əlillərlə bağlı məsələ qaldırdım ki, prezidentin təsdiq etdiyi Dövlət Proqramı var, 2014-2018-ci illərdə 5700-dən artıq əlilin mənzillə təmin olunması vəzifəsi qoyulub. İl başa çatır və mən nazir müavini Natiq müəllimə sual verdim ki, 5700-dən artıq insanın neçəsinə mənzil verilib, neçəsinə verilməyib? Amma o, bu suala cavab vermədi. Mən büdcənin müzakirələrində də hər zaman pensiyaların, əmək haqqının azlığından, müəllimlərin, həkimlərin maaşının aşağı olmasından danışmışam, amnistiya, əfvlə, milli barışıqla bağlı məsələlər qaldırmışam. Ona görə də açığı, son dərəcədə vicdansız, ləyaqət hissini itirmiş adamlar mənə o formada hücum edə bilərdilər ki, bu da təşkil olunmuş məsələ idi. Bu, bəzi yüksək dairələrdən qaynaqlanır, hələlik bu barədə geniş danışmaq istəmirəm. Yəqin ki, zamanı gələndə həmin insanları necə lazımdırsa, ifşa edəcəyəm.

"Özümü seksual obrazlarda görməyi sevirəm"Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub. İfaçı söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnısını yutub kanalında dinləyicilərinə təqdim edib.

Yeni mahnısı ilə yanaşı cəsarətli fotosessiyası ilə gündəm yaradan müğənni Publika.az-a danışıb.

- Afaq Aslan özünü zəhmətkeş müğənni hesab edirmi?

- Bəli, mən daima yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər ərsəyə gətirirəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Bir çoxları deyir ki, Afaq Aslan adı gələndə qalmaqal yada düşür. Bu, əsla belə deyil. Sadəcə, bu sənətdə məni gözü götürməyənlər çoxdur. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid atəşinə tutanlara demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiniz.

- Sizcə, həmkarlarınız zahiri gözəlliyinizin, yoxsa mahnılarınızın və səsinizin paxıllığını çəkir?

- Vallah yerimdə olmaq istəyib, amma ola bilməyən adamlar çoxdur.

- Yeni fotosessiyanız çox cəsarətli alınıb...

- Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Bilirəm, yeni şəkillərim də müzakirələrə səbəb olacaq.

- Belə fotolardan sonra sevgiliniz sizi qısqanmır? Adını açıqlamaq istəmədiyiniz, həyatınzda olan gizli şəxs sizə geyimlə bağlı hansısa qadağalar qoyurmu?

- Hələ ki, belə problemlə üzləşməmişəm. Bilirsiniz, artıq səhnə adamısansa, o, səni müğənni kimi qəbul edir. Başa düşür ki, sənət naminə soyunursan. Bəzi müğənnilər kimi efirə bağlı geyinib, amma orada-burada gizli-gizli onun-bunun qucağında oturmuram ki... Elə ifaçılar tanıyıram ki, efirdə zavallı və yazıq qadın obrazı yaratmağı sevir, namusdan-qeyrətdən danışırlar. Halbuki özlərində bu keyfiyyətlərdən əsər-əlamət yoxdur, həyat tərzləri bərbad gündədir. Şükürlər olsun ki, mən elə deyiləm.

- Sənət üçün soyunmağa dəyər?

- Bu, mənim üçün bir hobbidir, dediyim kimi, özümü seksual obrazlarda görməyi sevirəm. Bir var ki, həyatda obrazdan-obraza girəsən. O qədər roldan-rola girirlər ki, nə cür insan olduğunu müəyyən edə bilmirsən. Səhnədə dondan-dona girmək qorxulu deyil, əsas odur ki, həyatda simanı itirməyəsən, rola girməyəsən.

- Ətrafınızda belələri çoxdur?

- Məşhur olsam da, əslində çevrəsi geniş olan insan deyiləm. Çünki hər adamı həyatıma buraxmağı sevmirəm. Çox qapalı xasiyyətli insanam, dost dediyim insanları seçib-seçib, ələkdən keçirirəm. Bu səbəbdən də hesab edirəm ki, ətrafımda ikiüzlü insanlar yoxdur. Kənarda mənə yaxın olmayan insanlar çox şey danışa bilər, amma məni görəndə üzümə gülürlər. Bu cür insanlarla münasibət qurmamağa çalışıram, həmçinin məsafə saxlayıram.

- Film təklifləri gəlirmi? İstənilən rolu oynamağa hazırsınız?

- Gəlir, heç birini qəbul etmirəm. Çünki özümü aktrisa kimi görmürəm.
“Paşinyan qurbanlıqdır” - Qüdrət HəsənquliyevBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi

- Dünən Milli Məclisdə Dağlıq Qarabağ problemi ilə bağlı təcili dinləmələr keçirilməsini təklif etdiniz. Təklifi irəli sürmənizin səbəbi nədir? Axı faktiki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılmır?

- Əvvəla, Dağlıq Qarabağ problemi Azərbaycanın əsas problemidir. Ona görə də bu problem həmişə ölkə siyasətçilərinin daim diqqətində olmalıdır. İkincisi, bizim torpaqlarımızı işğal etmiş Ermənistanda hazırda ciddi və gərgin proseslər davam edir. Ermənistandakı siyasi qüvvələr ölkə daxilində üstünlük əldə etmək üçün cəbhə xəttində müxtəlif təxribatlara əl ata bilərlər. Həm Nikol Paşinyanın, həm Serj Sərkisyanın tərəfdarları, həm də yaranmış vəziyyətdə hakimiyyətə göz dikmiş üçüncü qüvvə bu addımı ata bilər. Ölkənin siyasi elitası, o cümlədən hərbi-sənaye kompleksinə, orduya daxil olan şəxslərin bir hissəsi artıq Sərkisyan gedəndən sonra Nikol Paşinyanı da ciddi qəbul etməyib, özləri hakimiyyəti ələ almaq fikrinə düşə bilərlər. Cəbhədə təxribat törədib, daha sonra qoşunu İrəvana çəkib öz aralarında haqq-hesab çəkə bilərlər. Bütün bu baş verənlər isə bizim ölkə üçün son dərəcədə əhəmiyyətlidir. Torpaqlarımızın 20 faizini işğal altında saxlamış dövlətdə ciddi siyasi hadisələr baş verir. Biz, sadəcə, digər qonşular, Avropa ölkələri kimi Ermənistanda baş verənləri müşahidə etməməliyik. Ona görə də Milli Məclisin xüsusi iclası çağırılmalı, hökumət ora dəvət olunmalıdır. Hesab edirəm ki, prezident də Milli Məclisdə danışıqların gedişi barədə məlumat verə bilər. Torpaqların işğaldan azad olunması ilə bağlı siyasət nədən ibarətdir - bu barədə də parlamentə məlumat verilməlidir və millət vəkillərinin fikirləri dinlənilməlidir. Elə məsələlər var ki, mediada deyə bilmirəm, parlamentin qapalı iclasında açıq danışa və məsələləri müzakirə edə bilərik.

Nəzərə almalıyıq ki, qonşu olduğumuz böyük dövlətlərin hər birinin də Ermənistanda öz marağı var. Azərbaycan hakimiyyəti bu məsələləri ciddi müzakirə etməlidir. İndi hakimiyyətə gəlməyə çalışan Nikol Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini qoruyub saxlayacağı barədə and-aman etsə də, o, daha çox qərbyönümlü elektoratın təmsilçisidir. Nikol Paşinyan mütəmadi olaraq Ermənistanın Avrasiya İttifaqından çıxması ilə bağlı çağırışlar edib. Bundan başqa, Nikol Paşinyan Dağlıq Qarabağ məsələsində Serj Sərkisyandan da sərt və radikal mövqe sərgiləyir. Ona görə də, bu məsələdə Azərbaycanın bəzi maraqları Rusiya ilə də üst-üstə düşə bilər. Bu səbəbdən də Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərlə, xüsusilə də Rusiya ilə intensiv danışıqlar aparmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycan öz ədalətli, haqlı dövlət maraqlarını təmin etmək üçün yaranmış vəziyyətdən istifadə edə bilsin. Mən əminəm ki, Ermənistanda qərbyönümlü siyasət yürüdənlər böyük bir ümid qırıqlığına düçar olacaq. Ola bilsin ki, Ermənistanda hərbi qiyam baş versin. Qiyamın nəticəsi olaraq İrəvanda qərbyönümlü hakimiyyət gedir, insalar ümidsizliyə düçar olur və xalq uzun illər Ermənistanda siyasətdən kənara çəkilir. Beləliklə də Rusiya Ermənistanda uzun illər istədiyi şəxsi hakimiyyətə gətirir, problemsiz Ermənistanı idarə edir.

Artıq üçüncü onillikdir ki, Dağlıq Qarabağ münaqişəsi davam edir. Bəlkə də son 30 ildə Azərbaycan üçün ən əlverişli məqamlardan biri yaranmaqdadır. Azərbaycan özünün ağıllı və çevik siyasəti, cəsarətli qərarları ilə torpaqlarımızın işğaldan azad edilməsinə nail ola bilər. Mən parlamentdə qeyd etdim ki, 1993-ci ildə Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası qərar qəbul etmişdi ki, Kəlbəcər və digər işğal olunmuş Azərbaycan əraziləri işğaldan azad olunsun. Amma ermənilər Azərbaycanda yaranmış hakimiyyət boşluğundan və vətəndaş qarşıdurmasından istifadə edərək, nəinki torpaqları azad etmədilər, üstəlik, Dağlıq Qarabağ ətrafındakı digər rayonları da işğal etdilər.

- Düşünürsünüz ki, tarix təkrarlanır…?

- Bəli. Məsələ Azərbaycandan asılıdır ki, nə dərəcədə çevik və cəsarətli siyasət yürüdüləcək. Tarixdə xalqların, dövlətlərin siyasi həyatında elə məqamlar olur ki, həmin məqamda qəbul edilən qərar o xalqın növbəti 100 illik üçün gələcəyini müəyyənləşdirir. Əlbəttə, fərqindəyəm ki, dövlət rəhbərliyi yüz dəfə ölçməli, bir dəfə biçməlidir, əsassız risklərə getməməlidir. Amma risklər zamanı olacaq. Əgər qələbə, torpaqların işğaldan azad edilməsini istəyiriksə, risk hər zaman olmalıdır və xalq da bu riskə hazır olmalıdır. Çünki risklər olmayan yerdə böyük qələbələrdən söhbət gedə bilməz. Yəni biz Lələtəpəni azad edə bilərik, amma Qarabağ azad etmək üçün yeri gələndə böyük risklərə, cəsarətli qərarlara da ehtiyac var və biz də buna getməliyik.

- Necə düşünürsünüz, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi mümkündürmü?

- Bəli, Nikol Paşinyanın hakimiyyətə gəlmək ehtimalı var, ancaq bu hakimiyyət uzun müddət davam etməyəcək. Yəni Nikol Paşinyan uzun müddət Ermənistanda sabitliyi təmin edə, qüvvələr arasında uzlaşma yarada bilməyəcək. Birincisi, Ermənistanda güclü Dağlıq Qarabağ klanı var, kifayət qədər maddi imkanlara malikdir, ordu və güc strukturlarında kifayət qədər kök atıblar, asanlıqla təslim olmayacaq, mövqelərini əldən verməyəcəklər. İkincisi, Rusiya amili var. Məncə, Rusiya özü də Nikol Paşinyanın hakimiyyətə gəlməsinə yol açır. Rusiya qərbyönümlüləri iflasa uğratmaq və uzun müddət hakimiyyət iddiasına düşməməsinə səbəb olacaq nəticəyə çalışır. Sadəcə, Azərbaycan bundan nə dərəcədə faydalana biləcək, bizim üçün əsas məsələ budur. Ona görə də Milli Məclisin xüsusi qapalı iclasının keçirilməsini təklif etdim. Azərbaycan hökuməti indi intensiv danışıqlar aparmalıdır. Ermənistanda bu qədər gərgin vəziyyət olmasına baxmayaraq, mən bu dövrdə görmədim ki, xarici işlər nazirimiz Qazaxıstana, Rusiya, Belarusa səfər etsin. Bu səfərlər olmalı idi. Parlamentdəki çıxışım da bu narahatlığımdan irəli gəlib. Bəlkə hökumətin addımlarını qənaətbəxş saysaydım, parlamentdəki çıxışıma da ehtiyac qalmazdı. Çox təəssüf ki, bizim hökumət indi Ermənistanda baş verənlərə müşahidəçi mövqeyi tutub.

- Uzun illərdir ki, sülh danışıqları aparılır, “xalq diplomatiyası” çərçivəsində ziyalıların səfərləri olur. Ancaq Azərbaycanın hətta bir rayonunun da işğal edilməsini zəruri sayan və münaqişənin həllində daha radikal mövqe tutan Nikol Paşinyan meydanlarda ermənilərin dəstəyini alır. Bu, əslində illərlə aparılan sülh danışıqlarının davam etdirilməsi ilə bağlı sual doğurmurmu?

- İndiyə qədər aparılan sülh danışıqları bizim ölkəmizə vaxt qazanmaq baxımından müsbət dividentlər də qazandırdı. Azərbaycan zamandan istifadə edərək neft müqavilələrini imzaladı, ölkədə silahlı müxalifət yığışdırıldı, sabitlik təmin olundu, ölkəyə böyük neft pulları gəldi, iqtisadiyyat dirçəldi, güclü ordu quruldu, hərbi sənaye kompleksi yaradıldı. Yoxsa Azərbaycanda hər kəs başa düşür ki, Ermənistanla, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistan heç bir şeyi həll etmir. Sizi əmin edirəm ki, Nikol Paşinyan, yaxud başqası Rusiyanın razılığı olmadan Azərbaycanla bu problemi həll etmək istəsə, ya Dəmiçiyan və Vazgen Sərkisyan kimi parlamentdə başlarına güllə vurulacaq, ya da yaxşı halda Ter-Petrosyan kimi hakimiyyətdən kənara atacaqlar. Hər zaman deyirəm, Azərbaycan bu danışıqları Rusiya ilə aparmalıdır. Rusiyanın istəyi, regionda maraqlarının necə təmin edilməsi də danışıqların mövzusu olmalıdır. Rusiya arxayın olmalıdır ki, onu bu regiondan tamamilə çıxarıb kənara atmayacaqlar və bizə imkan versin ki, Ermənistanla bu problemi həll edək, ərazi bütövlüyümüzü təmin edək. Ona görə də, danışıqlar Rusiya ilə aparılmalıdır. Ermənistanda bu qədər qarışıqlıqlar baş verir, hələ Azərbaycanın xarici işlər naziri Rusiyaya səfər etməyib. Mən, sadəcə, bunu başa düşə bilmirəm.

Azərbaycan daha çevik bir xarici siyasət yürütməlidir. Biz böyük müharibəsiz, böyük dağıntılarsız, böyük itkilərsiz bu problemi həll etmək istəyiriksə, Rusiya ilə danışmalıyıq ki, Azərbaycana mane olmasın. Yenə də deyirəm ki, Nikol Paşinyan, yaxud Serj Sərkisyan olsun, onlarla danışıqlar aparmağın mənası yoxdur. Digər tərəfdən, uzun müddətdir hamı bilirdi ki, Rusiya Serj Sərkisyanın ikili oyunundan bezmişdi. Onun həm Avropa İttifaqı ilə assosiativ saziş imzalamaq istəyi, həm də Sürix protokollarını imzalaması Rusiyanı qıcıqlandırmışdı. Rusiya Serj Sərkisyanı hakimiyyətdən devirmək barədə düşünürdü, amma bunun böyük çaxnaşmalarsız olmasını istəyirdi. Hesab edirəm ki, Rusiya bu istəyinə çatıb. İndi Rusiyanın qarşısında duran məsələ xalqın qərbyönümlü hissəsini məyusluğa məruz qoymaqdır ki, onlar bir daha Qərbə inteqrasiya haqqında düşünməsinlər. Nikol Paşinyan da həmin missiyanın həyata keçirilməsi üçün seçilmiş qurbanlıqdır. Bu qurbanlığın hakimiyyətdə 6 ay, bir il qalması və ya hakimiyyətə gəlmədən qurban verilməsi də mümkündür. Hazırda Ermənistanda Nikol Paşinyan bilərəkdən, yaxud bilməyərəkdən Rusiyanın siyasətinin həyata keçirilməsinə xidmət edən bir fiqurdur.

- Yeri gəlmişkən, Azərbaycanda prezident seçkilərindən sonra hökumətdə xeyli dəyişikliklər oldu. Bu dəyişiklikləri necə qiymətləndirirsiniz?

- Hökumətə xeyli gənc kadrlar gəlib. Çox müsbət haldır ki, parlamentdən hökumətə həmkarlarımız cəlb olunub. Düşünürəm ki, onlar öz vəzifələrini layiqincə yerinə yetirəcəklər. Parlament böyük bir siyasi məktəbdir. Düzdür, bu o demək deyil ki, millət vəkili olan şəxs nazir təyin olunursa, 100 faiz uğurlu olacaq. Ancaq hökumətə keçmiş deputatların digərləri ilə müqayisədə 90 faiz daha uğurlu olacağına əsas var. Parlamentdən nazirlərin təyin olunması çox müsbət haldır və təqdir olunmalıdır. Bu siyasət davam etməlidir. Görürsünüz, Türkiyədə nazirlər tez-tez dəyişir, parlamentə gəlirlər, bəziləri parlamentdən nazir təyin olunur. Yəni bu dinamika daim olmalıdır. Nazir postu siyasi vəzifədir və bu vəzifədə də siyasi baxımdan hazırlıqlı insanlar olmalıdır. Hökumətin tərkibində xeyli dəyişikliklər baş verib. Əlbəttə, hökumətin nüvəsini təşkil edən fiqurların qalması önəmli idi. Hökumətdə prezidentə sədaqəti, öz işgüzarlığı ilə seçilən insanlar var və bu insanların yeni hökumətdə də təmsil olunmaları müsbət haldır.

Hazırda nə baş verməlidir? İlk növbədə dövlət məmurlarının əməkhaqqı kifayət qədər artırılmalı və ixtisarlar aparılmalıdır. Mən prezident seçkiləri kampaniyasında da söyləmişdim ki, məmur ordusunun 1/3-i azaldıla bilər, buna çox böyük ehtiyac var. Sinqapurda baş nazir Li Kuan Yu böyük islahatlara başlayanda dedi ki, məmurların əməkhaqqını əhəmiyyətli səviyyədə artırmadan korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. O, nazirlərinə təqribən aylıq 100 min dollar əməkhaqqı verir. Hələ 2011-ci ildə Sinqapurda nazirlərin əməkhaqqı 36 faiz azaldıldı, o azalmadan sonra 100 min dollar əməkhaqqı alırlar. O zaman insanlar şoka düşmüşdülər ki, bu qədər aylıq maaş olar? Li Kuan Yu demişdi ki, nazirlərə normal yaşayışını təmin etmək üçün bu qədər pul verilməsə, onlar ayda 10 milyon oğurlayacaqlar. Demirəm ki, Azərbaycanda nazirlərə 100 min dollar vermək lazımdır. Ancaq ən azı 10 min dollar vermək lazımdır ki, sonra ondan oğurlamamağı tələb edəsən.

Buna görə də Azərbaycanda mütləq məmurların əməkhaqqına baxılmalıdır. Nə qədər nəzarətedici orqan yaradırsansa yarat, bunsuz mümkün deyil. Nəzarətedici orqanlar işləmələrin görüntüsü yaratmaq üçün ola bilər ki, bir-iki nəfəri tutub məsuliyyətə cəlb edəcəklər. Amma onlar da özləri şərait yaratmalıdırlar ki, kimsə oğurlasın ki, onlara da versinlər. Çünki onların da aldığı əməkhaqqı layiqli həyat şəraitlərini təmin etmir. Bu səbəbdən Azərbaycanda hazırda məmur ixtisarına getmək lazımdır. Hökumətdə müəyyən dəyişikliklər olub, əlbəttə, bu dəyişikliklərin miqyasını bir qədər genişləndirmək də olardı. Hər halda bu, prezidentin öz səlahiyyətində olan məsələdir. Qarşıdakı 7 il ərzində də kadr dəyişiklikləri davam etməlidir. Önəmli olan məsələlərdən biri də islahatların həyata keçirilməsidir. Kadrlar bir-birini əvəzləyiblər, amma islahatlar keçirilməlidir. İqtisadiyyat, vergilər naziri, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi kim olursa olsun, əgər iqtisadi islahatların dərinləşdirilməsi ilə bağlı ümumi siyasi qərar olmasa, onlar heç nə edə bilməzlər. O kadrların o zaman əhəmiyyəti artır ki, onlara islahatları dərinləşdirmək tapşırılır və onlar bu islahatları həyata keçirir, yaxud həyata keçirə bilmirlər. O zaman həmin kadrların bacarığı ortaya çıxır.

Düşünürəm ki, Azərbaycanda iqtisadi, o cümlədən siyasi islahatlar davam etdirilməlidir. Biz prezident seçkilərində müxtəlif məsələlər qaldırmışdıq və prezident də həmin məsələlərin nəzərə alınacağını bildirmişdi. Həmin məsələlərin bəziləri artıq nəzərə alınıb. Məsələn, prezident seçkilərində hərbi vəziyyət zamanı siyasi partiyaların fəaliyyətinin dayandırılması məsələsini qaldırmışdım, dünən parlamentdə bu barədə qanun qəbul olundu. Şəhid ailələrinə çatacaq vəsaitin verilməsi barədə də qərar qəbul edildi. Bütün bunlar onu göstərir ki, prezident doğurdanda dediyi sözün arxasındadır və gerçəkləşdirilməsi mümkün olan təkliflər həyata keçirilir. Amma islahatların daha da dərinləşdirilməsinə ehtiyac var. İslahatçı insanların özü də hakimiyyətə cəlb olunmalıdır. Düzdür, hakimiyyət üçün insanların sədaqət prinsipi önəmlidir. Amma ən önəmlisi odur ki, Azərbaycana bu gün mütərəqqi, innovativ və islahatçı kadrlar lazımdır. Ümid edək ki, bu addımlar da atılacaq.
"İnanıram ki, TBMM-də Can Azərbaycanı da təmsil edəcəm"İyunun 24-də Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərə Ankaradan Ədalət və İnkişaf Partiyasından (AKP) Azərbaycan əsilli Samir İsgəndər namizədlik üçün namizədliyini verib. Samir İsgəndər əslən Gədəbəy rayonundandır. 2003-cü ildə Xətai rayonu 48 saylı orta məktəbi bitirib. İxtisasca hüquqşünasdır. Yeni Nəsil Azərbaycan Gəncliyi İctimai Birliyinin qurucularındandır. 2007-ci ildə Bakıda Diplomatların Diskussiya Klubunun sədri olub. 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2011 - 2013-cü illərdə Gənclik Təşəbbüs Qrupu İctimai Birliyində fəaliyyət göstərib. 2013-cü ildən Türkiyə ilə Rusiya və Türkdilli dövlətlər arasında siyasi sosial işlərdə aktivlik göstərir. 2017-ci ildən Ankara Gənc İş Adamları Birliyinin xarici əlaqələr şöbəsinin rəhbəridir. Samir İsgəndərdən bu seçkilərdə nə qədər şansının olduğunu ilə maraqlandıq.

- Samir bəy, 24 iyunda Türkiyə Böyük Millət Məclisinə keçiriləcək seçkilərdə hakim partiyadan millət vəkilliyi üçün namizədliyinizi irəli sürmüsüz. Şansınızı nece dəyərləndirirsiniz?

- Bəli, AKP-dən millət vəkilliyi üçün namizədlik üçün namizədliyimi irəli sürdüm və qəbul olundu. Şansımın yüksək olduğu qənaətindəyəm. İnanıram ki, Can Azərbaycan bir millət iki dövlət sözü sadəcə sözdə yox, əməldə də olacaq və məclisdə Azərbaycanı da təmsil edəcəm.

- Növbədənkənar seçkiləri zəruri edən səbəb nədir? Türkiyənin təcili olaraq erkən seçimə getməsi əsasən nə ilə bağlı idi?

- Növbədənkənar seçkiləri biz əslində noyabr ayı üçün gözləyirdik. Son dönəmlərdə Türkiyəmizdə yaşananları hamımız yaxından izləyirik. Bu qərar dövlətin özünü yeniləməsi üçün çox vacib idi ve artıq siyasi sistem çox yavaşlamıştı. Məhz ən başlıca səbəblərdən olan sistemin və dövlətin özünü yeniləyib yeni sistemə keçərək inkişafı üçün qaçınılmaz oldu.

- Sizdən başqa Azərbaycan əsilli namizəd varmi hakim partiyadan. Əslində Türkiyə Böyük Millət Məclisində erməni əsilli şəxslər hər zaman təmsil oluna bilib. Azərbaycan əsilli şəxsin təmsil olunması da lobbiçilik baxımından çox faydalı olardı.

- Bildiyimə görə Azərbaycandan gelib vətəndaşlıq aldıqdan sonra namizədliyini irəli sürən başqa kimsə yoxdur. Lakin Türkiyə vətəndaşı olan və Iğdırdan olan Azərbaycan əsilli bir neçə layiqli şəxslər vardır ki, onlar da AK Parti də daxil olmaqla o biri partiyalardan da namizədliklərini veriblər. Məncə, Türkiyə Böyük Millət Məclisində Azərbaycan və digər türk dövlətlərindən olan ölkələrə bağı olan insanların seçilməsi gələcəkdə bu ölkələrlə münasibətlərin qurulmasında və inkişaf etdirilməsində əvəzsiz rolu oynaya bilər.

- Azərbaycan Prezidenti İlham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini yenə də Türkiyəyə etdi. İki qardaş ölkə arasında əlaqələrə dair vacib mesajlar verildi. Namizədliyinizin dəstəklənməsində bu amil də rol oynaya bilərmi?


- Azərbaycan Prezidenti İlham Əliyevin son səfəri sıx olan əməkdaşlıq əlaqələrinin daha da irəliləməsinə, daha strateji əməkdaşlıq müqavilələrinin bağlanmasına səbəb oldu. Düşünürəm ki, bu səfərin hər iki ölkə üçün böyük əhəmiyyəti olacaq. Unudulan bir şey də var ki, bu gün AK partinin içində ülküçülər və millətçilər də yetərincədir, onlar aktif çalışırlar. Ümid edirəm ki, onlar tərəfindən də dəstəklənə bilirim.

- Samir bəy, ümid edirik ki, bu seçimlərdə qələbə qazana biləcəksiniz. Azərbaycandan necə bir dəstək gözləyirsən?

- Mənim qazanacağım qələbə həm də Azərbaycanımızın qələbəsi olacaq. Ona görə də bu məsələyə mənim şəxsi timsalımda deyil, daha geniş çərçivədən baxmaq lazımdır. Ən böyük dəstək isə dövlət böyüklərimizin və aydınlarımızın yanımızda olduqlarını hiss etdirmələridir.

newscentr.az
 "Hazırda Baş nazir vəzifəsi nominal xarekter daşıyır, ləğv olunmalıdır"BAXCP sədri partiyanın mətbuat xidmətinə müsahibə verib.

O, seçkidən sonra yaranmış vəziyyət, baş nazir təyinatı və müxalifətin qarşıdakı vəzifələri barədə fikirlərini açıqlayıb.

Avrasiya.net müsahibəni oxucularına təqdim edir:

– Seçkilərin nəticələrinə və son Baş nazir təyinatına münasibətiniz necədir?

– Seçkilərin nəticələri göstərdi ki, xalqımız dəyişikliklərdən çəkinir və ölkənin gələcəyini İlham Əliyevlə görür. Mövcud problemlərin onun tərəfindən həll olunacağına inanır. Digərləri isə mövcud vəziyyətin onları qane etdiyini düşünür. Etiraf etmək lazımdır ki, bütün mövcud problemlərə baxmayaraq, xeyli işlər görülüb, əhalinin böyük qisminin sosial vəziyyəti yaxşılaşıb. Bütün bunlar seçkinin nəticələrində özünü göstərdi.

– İnsanlar nədən çəkinirlər ki, müxalifətə ciddi dəstək vermədilər?

– İstənilən dəyişikliyin hakimiyyət boşluğu yarada biləcəyindən çəkinirlər. 1993-cü ildə yaranmış hakimiyyət boşluğu xeyli torpaqlarımızın işğalı ilə nəticələndi. Ölkə hər mənada dağılmaq üzrə idi. Yaxın keçmişdə baş vermiş hadisələr insanları qorxudur. Onlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər. Çox istərdim ki, onların ümidləri özünü doğrultsun.

– Yeni təyin olunmuş Baş nazir həmin islahatları həyata keçirmək gücündədirmi?

– Sonuncu referendum layihəsi təəssüf ki, nə ictimai müzakirəyə çıxarılmadı, nə də Milli Məclisdə müzakirə olunmadı. Amma o zaman mən söylədim ki, vitse-prezidentlik institutu yaradılırsa, Baş nazir vəzifəsi ləğv olunmalıdır. Hazırda bu vəzifə nominal xarekter daşıyır. İqtisadi məsələlərlə Prezidentin iqtisadçı və maliyyəçilərdən ibarət komandası məşğul olur. Novruz Məmmədovun Baş nazir təyinatı ilə xarici siyasətdən uzaqlaşması prezidentə imkan yaradır ki, xarici siyasətin formalaşdırılmasında rol oynayacaq və onun həyata keçirilməsində aktiv iştirak edə biləcək, danışan yox, işləyən birisini özünə xarici məsələlər üzrə köməkçi təyin etsin. Bu, həm də ona görə zəruridir ki, Elmar Məmmədyarov xarıci işlər naziri olaraq qalır. Qarabağın azadlığı, ölkəyə xarici sərmayələrin cəlbi ağıllı və cəsarətli xarici siyasətdən çox asılıdır.

– Güclü müxalifətsiz ölkədə sürətli inkişafa nail olmaq mümkündürmü?

– Ölkəmizdə BAXCP kimi sağlam, öz siyasətini inkarçılıq üzərində qurmayan, problemlərin nədən qaynaqlandığını göstərən və həlli yollarını təklif edən, təhqirdən yox, sərt tənqiddən istifadə edən partiya var. Düzdür köhnə stereotipləri tam qıra bilməmişik. Hələ də bir çoxları, əgər hər hansı partiya iqtidarı təhqir edib ağır cinayətlərdə ittiham etmirsə onu real müxalifət saymır. Biz bu istiqamətdə də ciddi işləməkdə davam etməli, konsturiktiv fəaliyyət sərgiləyən sağ mərkəzçi partiyaların birləşməsinə nail olmalıyıq. Hazırda seçkilərdə qalib gəlmək imkanları olmadığından partiyalar birləşmək barədə yox, özlərini cəmiyyətə təqdim etmək barədə düşünürlər. Cəmiyyətimiz daha çox bu günlə yaşayır, vəziyyəti dəyişmək fikrindən çox uzaqdır. İqtidar isə müxalifətin güclənməsinə yol açacaq siyasi islahatlara getmir. Ona görə bir partiyanın güclü rəqiblərsiz fəaliyyətindən doğan dövlət əmlakından səmərəsiz istifadə, məmur özbaşınalığı kimi problemlərə qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Hazırda müxalifətin qarşısında duran əsas vəzifə o olmalıdır ki, proporsional seçki sisteminin bərpasına nail olaq, növbəti parlament seçkilərində konstruktiv müxalifət parlamentdə güclü fraksiya yarada bilsin. Hazırda biz Avropada yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur, heç bir partiya parlament idarəçiliyində iştirak etmir. Bu isə ölkənin sivil dövlətlər arasındakı imicinə və gələcəyinə ciddi zərbədir.

– Son günlər müzakirə olunan bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Necə hesab edirsiniz, Ermənistanın demokratikləşməsi Azərbaycanın xeyrinədirmi?

– Yalnız delitantlar belə düşünə bilər. Çünki demokratik Ermənistanın iqtisadiyyatı sürətlə inkişaf edəcək. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Demokratik ölkə ciddi beynəlxalq dəstək əldə edəcək. Gözdən salınmış dəyərlər bərpa olunacaq. Bunun nəticəsi olaraq Qarabağın azadlığı daha da çətinləşəcək. Unutmaq lazım deyil ki, Qarabağ uğrunda ən qanlı savaş demokrat Levonla Elçibəyin prezidentliyi zamanı baş verib.

“Bəzən cinsi təcavüzlər könüllü olur...” – Həkimdən şok açıqlamalarBakıda falçının tələbə qızları yuxuya verib bakirəliklərini pozması barədə xəbərlər gündəmə bomba kimi düşüb. Bu xəbərdən sonra sosial şəbəkədə etiraz statusları yazılıb, toplumun dərinliyinə işləmiş belə inancların fəsadları qeyd edilib.

Həkim pediatr Vaqif Qarayev isə təkcə falçılardan deyil, çöpçü, cinçıxaran, dua yazan, sınıqçılıq edən və onlara inananlardan söz açdı.

Avrasiya.net Vaqif Qarayevin Teleqraf.com-a verdiyi müsahibəni təqdim edir.

- Falçı, çöpçü, cinçıxaran, dua yazan, sınıqçılıq edənlər bizdə kifayət qədər populyardırlar. Sizcə, bunun əsas səbəbi nədir?

- Səbəb birmənalı olaraq cahillikdir, cəhalətdir. 30-35 il bundan qabaq həkimliyə təzə başlayanda həmin şəxsləri anlamağa çalışırdım. Çünki anaların, nənələrin əksəriyyəti təhsilsiz idi. Ən çox da əyalət və rayonlarda bu hal yaşanırdı. Onları anlamaq olardı, çünki gözləri qapalı idi. Gözlərini açıb falçı, çöpçü, sınıqçı görmüşdülər. Amma indi vəziyyət dəyişib, artıq 21-ci əsr birinci rübü başa çatır...

- Deyilənlərə görə, qolu-qıçı sınan insanlar həkimə getsə də, bəzən onları sınıqçı yanına göndərirlər. Eynilə neçə gün temperaturu olan uşaqların istiliyini sala bilməyəndə həkimdən “bəlkə çöpü qalıb, bir çöpçüyə göstərin” sözlərini eşidən valideynlər də var.

- Əgər həkim pasiyentini çöpçüyə göndərirsə, bu faciədir. Dəhşətdir... Həkim qruplarında çox tez-tez mübahisələr olur. Bir qisim həkim deyir ki, mən çöpçüyə inanıram, uşağımı da aparmışam.

Mən özüm sovet vaxtı təxminən 15-16 millətin yaşadığı yerdə işləmişəm. Sualım var: Bizimkilərdən başqa digər millətin uşağında niyə çöp qalmır? Cavab yoxdur. Burunda xüsusi ciblər var. Ona burun-udlaq deyirik. Orada yad cisimlər uzun müddət qala bilməz.

Xüsusən də indiki uşaqlar əllərinə keçən batareyanı, xırda oyuncaqları və sair şeyləri burunlarına, qulaqlarına, ağızlarına soxurlar deyə həmin cisimlərin ora düşmə ehtimalı var. Ona biz yad cisim deyirik. O yad cisim tibbi müdaxilə ilə çıxarılır.

Amma apardım, çöpçü uşağın burnundan kivi yarpağını, ananas qırığını çıxardı sözünün eşidəndə əsəbiləşirəm. Axı, uşaq onları yeməyib. Belə şey olmaz... Çöpdən fayda gördüyünü deyən həkimlərə bir arqumentim var - mən özüm çöpdən sonra vəziyyəti ağırlaşan neçə pasiyent qəbul eləmişəm. Həmin çöpçü ağzındakı infeksiyanı uşağın boğazına üfürüb və uşaq infeksiyaya yoluxub. Deyirlər, çöpçüdən sonra uşağın qızdırması düşür, qarınağrısı kəsir. Bunun tibbi izahı yoxdur. Elmi bir tezisə istinad etsinlər ki, mən filan şey edirəm, ona görə də qızdırma düşür, qarınağrısı kəsir.

Çöpçü üfürdü, qarınağrısı kəsildi... Bəs nədən yaranmışdı həmin qarınağrısı? O çöp nədir ki, qarınağrısı verir? Yəni bu kimi məsələlər var. Həkim özü çöpçüyə yönləndirirsə, mən adi insana bunu necə başa salım? Bu, dözülməz və qəbuledilməzdir.

- Bu günlərdə tələbə qızların falçı tərəfindən təkrar-təkrar zorlanması ilə bağlı xəbərlər yayılıb. Tələbə zorlandığını bildiyi halda yenidən həmin falçının yanına niyə gedir? Şantajdan qorxub, ya necə?..

- Tələbə qızların falçı tərəfindən zorlanması xəbərini gördüm, doğrusu, orada olan bəzi məqamlara inanmıram. Çünki təkrar-təkrar eyni şey baş verirsə, adama deməzlər ki, başın hardadır? Yəni o məqamlara inanmıram. 900 manat pul verib, nəyi düzəldirmiş falçı? Hər halda o qədər pulu tələbə valideynlərindən almalı idi. Tələbə qızda o qədər pul hardadır? Yaxşı, bəs, valideyn buna niyə razılıq verib?

Amma bir fakt inandırıcıdır ki, bizim bəzi qızlarımız dayanmadan falçı yanına gedirlər. Xüsusən, bəxtlərini açdırmaqdan ötrü. Fikirləşirəm ki, tutalım, o qız ərə getdi. Bəs onun böyütdüyü övlad nə tərbiyə alacaq?

Zorlanan qızın psixologiyası çox mürəkkəbdir. Əksər hallarda psixologiya zədələnir deyə, intihara cəhd edirlər. Çünki açıb heç kimə deyə bilmirlər. Bizdə qəbul olunmamış bir şeydir. Əgər üstü açılsa, valideynin reaksiyası-filan... Qız düşünür ki, bundansa ölsə, yaxşıdır.

Amma heç inana bilmirəm ki, psixoloji baxımdan zədə alsın və təkrar yenə eyni yerə getsin. Nə üçün və niyə? Əslində, bu zorlanma hadisələri mətbuatın yazdığı kimi olmur. Mətbuat belə xəbərlərə pafos qatır. Amma hər zorlanma epizoduna, bir az dərinə nüfuz eləsək, görərik, orda könüllülük cizgisi var. Özünü sığortalamaq üçün zorlanmanı qabardır. Deməzdim ki, hamısında könüllülük var, amma bəzən elə də olur.

- Bir çoxları falçılıqla, çöpçülüklə məşğul olanları və onların yanına gedənləri qınayır. Bəs həmin şəxslərin yanına gedənlər kimlərdir?

- Evlənmək üçün falçı yanına gedən valideyn olandan sonra uşağını çöpçüyə aparacaq. Bu düşüncəylə, cahilliklə uşağa necə baxacaq, axı? Məni əsas narahat edən bu cəhətidir. Deyilən görə, Biləcəri yolunda bir çöpçü var və onun qapısının ağzı dolu olur. Polis onu görmür? Rəsmi qurumlar ondan soruşmalıdır ki, sən neynirsən, nə işlə məşğul olursan? Həm yolda camaata əziyyət verirsən, həm də pul qazanırsansa, heç olmasa zəhmət çək, vergi ver. Necə olur ki, adam blokun qarşısına 2 daş qoyan kimi sahə müvəkkili başının üstünü alır, hər şeyi görür, amma o boyda həngamədən xəbərsiz qalır? Görürlər, əlbəttə. Mənim düşüncəmə görə, onların fəaliyyətində cinayət var. Hökumət adminstrativ yolla bu işə qarışmasa, bu cəhalətdən qurtara bilmərik.

Hökumətlə yanaşı biz də, mətbuat da maarifləndirmə aparmalıdır. İndi hansı zamandır ki, travma alan uşağı həkimə yox, sınıqçıya aparırlar?

Deyir, həkimə apardım bilmədi, amma sınıqçı düzəltdi. Sınıqçı nə qədər uşağı şikəst edib... 50 il bundan qabaq ucqarlarda həkim, rentgen yox idi. Onda belələrini anlamaq olardı. Amma indi, texnologiyanın inkişaf etdiyi vaxtda sınıqçı nədi?

- Falçının tələbələrə qarşı zor tətbiqi məsələsində vurğuladınız ki, belə şəxslərə inananlar cahildir, təhsilsizdir... Amma zərərçəkənlər tələbədir, təhsil alır axı. Əslində məsələnin kökündə nə dayanır?

- Biz hamımız toplum olaraq cahilik, təhsilsizik. Çünki təhsilli insan gözüaçıq olur, mütaliə edir, dünyagörüşə sahiblənir. Məntiqi normal işləyir, özünü müdafiə edir, gələcək üçün qarşısına məqsəd qoyur. Həmin hadisədə deyilir ki, hər iki qız İnstaqramda tanış olduqlarını yönləndirməklə bu yerə gediblər.

Bir də təhsillilərin hamısının dünyagörüşü normal olmur, axı. Həmişə belə olub, indi də belədir. Mənim işim gənclərlə bağlıdır, onlarla söhbət edirəm. Heç də hamısı savadlı, ağıllı deyil. Təsəvvür edin ki, gənc ana termometrdən istifadə qaydalarını da bilmir bəzən.

- Sizcə, belə falçıları, türkəçarə həkimlərini cəmiyyətdə kim populyarlaşdırır?


- Televiziyalar. Mən telekanallardan çox narazıyam. Bir vaxtlar hər gün ancaq cinçıxaran göstərirdilər. Bu, nə deməkdir?.. Həkim kabinetində nə qədər qışqırsa da, onu 10-15 nəfər eşidəcək, amma ölkənin böyük əksəriyyəti televiziyalara baxır. Ekran insanları maqnit kimi çəkir.

Bu yaxınlarda gördüm ki, kanalların birində kimsə bütün xəstəlikləri sağaldır... Maraqlı budur ki, studiyada həkimlər də oturmuşdu və aparıcı daha çox o şarlatana söz verirdi. Həkimə imkan vermirdi ki, bir kəlmə desin. Mən elə şarlatanlarla eyni yerdə oturmaram...

Qeyd edək ki, Bakıda tələbələri, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ovlayan” falçının peyda olması barədə məlumat yayılıb. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən kömək təklif edib. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada onlara bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.
Cinlər yanımdadırlar - Cindar Həsən - VİDEOMəşhur ekstrasens, cindar Həsən Həsrətli maraqlı müsahibə verib.

Avrasiya.net baku.ws-ə istinadən həmin müsahibəni təqdim edir:

– Həsən, qısa müddətdə məşhurlaşmağının sirri nədədir? Düşünürəm ki, səndə şeytani qüvvə var.
– İnsan məşğul olduğu işi mükəmməl bilməlidir. Sözsüz, şeytanların, cinlərin, gözəgörünməz varlıqların dilini bilən və özümə tabe edən tək-tük insanlardan biriyəm. Mən Süleyman peyğəmbərin yolunu gedirəm. Onun kimi cinləri özümə ram edirəm. Bir müsəlman olaraq bunu bacarıramsa nəyi pisdir? Vaxt vardı Həsən Həsrətli “Həsən Həsrətli” adının məşhurlaşması üçün çabalayırdım, artıq adımın mənə işlədiyi vaxtdır. Mən bədənimi, ruhumu şeytana satan biri deyiləm.

– Çox gözəl! Həsən, 5 il əvvəl sizin evdə olmuşam və cinlərinin sizinlə eyni evdə yaşadığını deyirdin. Həmin cinlər indi buradadırlarmi? Yoxsa onları İstanbula aparmısan?
– Mən istədiyim yerdə, istədiyim vaxtda onlar yanımda olurlar. Onlar işıq sürətilə hərəkət edirlər. İnsanların özlərini narahat hiss etməmələri üçün yanımda gəzdirmirəm. Amma istədiyim zaman mənimlədirlər. Mənimkilər müsəlman cinlərdir. Düzdür, şeytanlar kimi çox məlumat vermirlər. Onlar mənə cin müsallat olmuş xəstənin sağalmasında kömək edirlər.

– Sənə daha çox Azərbaycanda tələbat çoxdur, yoxsa Türkiyədə?

– Yanıma gələnlərin əksəriyyəti məndən kiməsə pislik etməyimi istəyir. Buna görə Bakıda heç kimi qəbul etmirəm. Bilirsiz ki, uzun müddətdir İstanbuldayam.

– Güt-güdə ekstrasenlərin sayı çoxalır. Səncə bu nə ilə bağlıdır?
– Bu gün 3 sənət dəbdədir. Müğənnilik, ekstrasenslik və jurnalistlik. Əlinə mikrafon alan özünə müğənni deyir, kart alan ekstrasensəm deyir. Hər yerindən duran, özünü tanımayan uşaq, dünya ekstrasenslər yarışmalarından qovulanlar, öz ana dilində səlis danışa bilməyənlər 2-3 verilişə çıxandan sonra insanlara ağıl verirlər. O insanların arxivini araşdırıb üzə çıxarmaq və yalanlarını ifşa etmək lazımdır.

-Mən deyərdim ki, ekstrasenslərin çoxalmasında Həsən Həsrətlinin böyük rolu var. Çoxu sizin qazandığınız şan-şöhrəti, uğurları görüb bu sənətə gəlirlər.

-Özlərini yormasınlar, qazana bilməyəcəklər. Çünki bu mümkün deyil. Bu sənət seçilmir, bu güc özü bizi seçir. Mən doğuşdan buyam, mən heç bir zaman istəməzdim belə olum. Mən özüm tamam başqa sahəni seçmişəm. İdmançıyam, biznesim var. Bu sahədən uzaqlaşmaq istəsəm də, məni özünə sürükləyir. Çünki mən buyam, belə doğulmuşam. Bu sənət ya var, ya yoxdur! Bəli, bunun elmini öyrənə bilərsən, amma o güc səndə yoxdursa olmayacaq. 6-7 yaşımdan dərk etmədiyim proqnozlar vermişəm.

– Məşhurlardan müraciət edənlər olur?
– Çox. Fakt budur ki, mən onları qəbul etmirəm.

– Yüksək rütbəli məmurlar necə?
– Türkiyədə və digər xarici ölkələrdə yükçək rütbəli məmurlar məndən kömək istəyirlər. Əksəriyyət kiməsə pislik etmək üçün mənim köməyimdən istifadə etmək istəyirlər. Ancaq mən buna razı olmuram. Xaricə daha çox cinli xəstələri sağaltmaq üçün dəvət edirlər. Azərbaycanda fəaliyyət göstərmirəm. İndi də Bakıya üçgünlük, dostumun toyuna gəlmişəm. Türkiyədə uzunmüddətli oturma izni almışam.

– Həsən, Təbrizdə ağır avtomobil qəzada kliniki ölüm keçirmişdin. Bu barədə danışardın.

– Bəli, kliniki ölüm keçirdim. Dostlarımla bərabər Təbrizdə cinli xəstənin üstünə gedirdik. Avtomobilimiz məscidin qarşısında xarab oldu və dostlarıma dedim ki, bizi güclü bəla gözləyir, gəlin qayıdaq. durdu. Bizi gözləyən şəxs arxamızca başqa maşın göndərdi. İkinci maşın gələndə dostlarıma özümü narahat və gücsüz hiss etdiyimi dedim və yatdım. Güzümü morqda açdım. Şikəst qalma ehtimalım böyük idi, hətta mənə əlil arabası da almışdılar. Möcüzə baş verdi və gördüyünüz kimi ayaqdayam. Qısa müddətdən sonra məşqlərimə də qayıtdım.