Qarabağ aksiyası niyə iflas oldu? - Hiyləgər metod...Avrasiya.net BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Ovqat.com-a verdiyi müsahibəsini təqdim edir:

- Ötən həftənin ən önəmli hadisəsi Qarabağ Azadlıq Təşkilatının keçirdiyi mitinq idi. Mitinq barədə müxtəlif fikirlər irəli sürülür. Əsasən də aksiyada iştirak edənlərin sayı mübahisə predmetinə çevrilib. Siz nə fikirləşirsiniz bu barədə: iştirakçıların sayı qənaətbəxş idimi?

- Əlbəttə, qənaətbəxş deyildi. Mitinqdən əvvəl mən özüm də ictimaiyyətə müraciət edərək bildirmişdim ki, aksiyaya geniş xalq kütlələri qatılmalıdır. Aksiyanın təşkilatçıları tərəfindən ictimaiyyətə elə mesajlar verilməli idi ki, insanlar mitinqin yalnız Qarabağ məsələsinə görə çağırıldığına əmin olsunlar. Əmin olsunlar ki, kimlərsə Qarabağ problemindən istifadə edib siyasi hakimiyyət uğrunda mübarizə aparmayacaq. Nə yazıq ki, mitinqin təşkilatçıları cəmiyyətə bu mesajı verə bilmədilər. Mitinq zamanı edilən çıxışlar da sübut etdi ki, siyasi hakimiyyət uğrunda mübarizə daha ön plana çıxıb.

- Sizcə, Qarabağ problemi ilə bağlı etiraz aksiyası hansı zərurətdən doğmuşdu? Ehtiyac var idimi bu mitinqə?

- Çox böyük ehtiyac var idi. Azərbaycan həm dünya birliyinə, həm ermənilərə, həm ermənilərin arxasında dayanan Rusiyaya, həm region dövlətlərinə, həm də problemin həlli ilə məşğul olan Minsk qrupuna səbrimizin tükənməsi ilə bağlı mesajlar verməli idi. Və bu mesajlar Ermənistan hakimiyyətinə qarşı təzyiqləri stimullaşdırmalı idi. Hesab edirəm ki, haqqında danışdığımız aksiyaya onminlərlə etirazçı çıxsaydı, müsbət təsiri olardı. Erməni xalqı başa düşməlidir ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və Qarabağ problemi gec-tez böyük bir müharibəyə çevriləcək. Çox təəssüf ki, bu mesajı lazımınca verə bilmədik.

- Fikrimcə, bu məsələdə hakimiyyət də maraqlı olmalıydı. Ən azı ona görə ki, beynəlxalq danışıqlarda ən çox təzyiqlərə məruz qalan tərəf Azərbaycan hakimiyyətidir. Niyə o zaman hakimiyyət bu mitinqin keçirilməsinə nəinki kifayət qədər dəstək vermədi, hətta həmin təşəbbüsün qarşısını almağa çalışdı?

- Aydın məsələdir ki, hakimiyyət müxalifət düşərgəsində gedən prosesləri, aparılan müzakirələri izləyir, necə ki, müxalifət də hakim komandanı eyni şəkildə müşahidə edir. Bir çox hallarda alınan qərarlarda, atılan addımlarda həmin müşahidələrin də mühüm rolu olur. Bildiyimiz kimi, mitinq müzakirələrinin getdiyi ilk dövrlərdə YAP rəhbərliyindəki bəzi yetkililər açıq şəkildə bu təşəbbüsü alqışladılar. Çünki aksiyanın təşkilatçıları iqtidara da müraciət etmişdi və bəyan olunmuşdu ki, mitinq iqtidara etiraz aksiyası kimi təşkil olunmur, siyasi hakimiyyət uğrunda mübarizə aparan siyasətçilər çıxış etməyəcəklər. Hakimiyyət biləndə ki, bu söz tutulmayacaq, istər-istəməz geri çəkildi. Məncə, hakimiyyətin bu mövqeyi başa düşüləndir. Özünüz fikirləşin: tutalım, mən tərəfdarlarımı toplayıb sizin aksiyada iştirak edirəm ki, siz mənim əleyhimə təbliğat aparasınız, bu, sağlam məntiqə sığırmı?

Səmimi etiraf edək ki, iqtidarın dəstəyi olmasa, hazırda on minləri meydanlara toplamaq qeyri mümkündür. Mitinq təşkilatçılarının bəzi səhvləri və şəxsi ambisiyalarını kənara qoya bilməmələri bu çox önəmli aksiyanın iflasına, sönük keçməsinə yol açdı.

- Əslində indi soruşacağım suala nə cavab verəcəyinizi təxmin edirəm. Çünki aksiyada Sizin partiyanın rəhbər üzvlərindən bir çoxunu şəxsən gördüm. Amma Siz, deyəsən, orda deyildiniz. Hesab edirəm ki, oxucularımız indiyə qədərki fikirlərinizlə tanış olanda xəyalən Sizə bu sualı ünvanlayacaqlar: Qüdrət bəy, bir halda ki mitinq bu qədər önəmli idi, özünüz niyə iştirak etmirdiniz?

- Bəli, bizim bir çox üzvlərimiz aksiyada iştirak etdi. Mən özüm hətta mətbuatda da mitinqi dəstəkləyən mövqe ortaya qoymuşdum. Şəxsən özümün o aksiyaya qatılmamağıma gəlincə, bunun səbəbi mitinqin öz məramından kənarlaşacağını bilməyim ilə bağlı idi. Bütün siyasi qüvvələr ora dəvət olunmuşdusa, deməli, qarşılıqlı ittihamlar və təhqirlər olmamalı idi. Həmin mitinqdə qaçqınlar çıxıb öz problemlərindən danışsaydılar,ata-baba yurdlarına qayıtmağı tələb etsəydilər, Qarabağ əlilləri, müharibə veteranları, şəhid ailələrinin təmsilçiləri çıxış etsəydilər, daha effektli olardı, nəinki hansısa siyasi qüvvələrin Qarabağ mitinqini hakimiyyət uğrunda mübarizə vasitəsinə çevirməsi. Mən qarşıya qoyulan məramın dürüstlüyü şübhəli olan heç bir aksiyaya qatılmıram. Amma Qarabağ adına görə partiya üzvlərinə tövsiyyə etdim ki, qatılsınlar.

Bu sözlərlə demək istəmirəm ki, bu tipli aksiyalarda hakimiyyət tənqid olunmamalıdır. Əlbəttə, problemin indiyə qədər həll edilməməsi istər-istəməz vətəndaşların hakimiyyət qarşısında sırf bu məsələylə bağlı sərt tələblər qoymasını şərtləndirir. Eyni tələblər beynəlxalq vasitəçilər və təşkilatlar qarşısında da irəli sürülə bilər. Amma tələblər irəli sürülərkən müəyyən səviyyə qorunmalıdır. Mən də mitinqdən əvvəl xəbər almışdım ki, təşkilatçılar dedikləri sözü tutamayacaqlar. Bilirdim ki, ümumxalq problemi olan Qarabağ məsələsini hakimiyyət uğrunda mübarizə predmetinə çevirəcəklər. Mitinqə özümün qatılmamağımın səbəbi bu idi.

- Qüdrət bəy, mən demirəm ki, kimsə Qarabağ problemindən siyasi hakimiyyət uğrunda mübarizə silahı kimi istifadə etsin. Amma məsələ burasındadır ki, bizdə siyasi hakimiyyət uğrunda mübarizəyə ən böyük cinayət, vətənə xəyanət kimi baxılır. Halbuki, siyasi partiyaların ən önəmli vəzifələri də, hüquqları da budur. Heç uzağa getməyək, Siz prezidentliyə namizədlərdən olubsunuz. Deməli, ən yüksək siyasi post uğrunda mübarizə aparıbsınız. Bəs, niyə cəmiyyətimizdə hakimiyyət uğrunda mübarizəyə cinayət kimi baxılır?

- Heç kim siyasi hakimiyyət uğrunda mübarizəyə cinayət kimi baxmır. Kim istəyirsə, hakimiyyətin istənilən qanadında təmsilçiliyə iddia edə və mübarizə apara bilər. Amma bunu açıq bəyan etməli, siyasi tələblərini və məramlarını dürüst şəkildə ortaya qoymalı, hər kəsi bu məqsədlə özünə qoşulmağa çağırmalıdır. Məsələn, deməlidir ki, Azərbaycanda qanunun aliliyi, insan hüquqları, sosial-iqtisadi və s. məsələlərlə bağlı problem var, korrupsiyaya qarşı mübarizə gücləndirilməlidir və biz bununla əlaqədar hökumət əleyhinə mitinq keçiririk. Mən də bunu normal qarşılayaram. Amma deyirsən ki, mən sırf Qarabağla bağlı mitinq keçirirəm və bundan istifadə edib xalqı meydana toplayırsan, sonra isə onu iqtidar əleyhinə etiraz aksiyasına çevirirsən. Bizim qarşı çıxdığımız bu dürüstsüzlükdür, hiyləgər mübarizə metodudur.

Kim deyir ki, mən hakimiyyət uğrunda siyasi mübarizəyə pis baxıram. Əksinə, hakimiyyətin iqtisadi, məhkəmə-hüquq islahatları, sosial, təhsil, hərbi quruculuq siyasəti ilə bağlı tam fərqli konsepsiyalar ortaya qoymuşam. Adı ilə mahiyyəti bir-birindən fərqlənən siyasi manevrlərlə məqsədə çatmaq olmaz. Əksinə, həm öz mübarizəni, həm də adından istifadə etdiyin dəyərləri gözdən salar, ona ictimai marağı azaldarsan. Necə ki, Qarabağ mitinqdə bu baş verdi. Qarabağ bizim ümumi bəlamız olduğu halda, bəzilərinin məkrli taktikaları bu siyasi aksiyaya daha az adamın qatılmasına yol açdı.

Bilirsinizmi, Qarabağ mitinqini təşkil edən bəzi adamların bu məkrli taktikaları mənə nəyi xatırlatdı? 2008-ci ildə rəhmətlik Heydər Əliyevin doğum günü münasibətilə Gülüstan sarayında bir tədbir keçirilirdi. Tədbiri keçirən “Avrasiya Dialoq” adlı Fəthullah Gülən tərəfdarı təşkilat idi. Mən də o tədbirə dəvətli idim. Tədbirə qatıldıq. Gördük ki, həmin toplantı ilə bağlı xüsusi jurnal buraxıblar. İçərisində yalnız bir-iki məqalə mərhum Heydər Əliyevə həsr olunmuşdu. Jurnalın qalan hissəsi Fəthullah Gülən və onun hərəkatından bəhs edirdi. Sanki Heydər Əliyevin adıyla insanları Gülüstan sarayına toplayıblar, amma orda Gülənçilik təbliğ olunurdu. Bu, əlbəttə, doğru hərəkət deyildi. Dürüst insanlar belə davranmırlar.

Eynilə bu mitinq də bənzər məntiqlə hazırlanmışdı. Ümummilli problem adıyla Qarabağ məsələsi əldə rəhbər tutulacaq, hər kəs, o cümlədən iqtidar mənsubları ora dəvət olunacaq, mitinqdə isə hakimiyyətin əleyhinə sərt şüarlar səsləndiriləcəkdı...

- Təsvir etdiyiniz tablo lap “O olmasın, bu olsun” filmindəki bir epizoda bənzədi. Məşədi İbadın təbirincə desək, “mənə “meymun” deməyin bəs deyil, hələ bir əl də uzadırsan?”.

- Bəli, Heydər bəy, məhz bu məqam qəbulolunmazdı. Yoxsa, heç kim heç kimə “siyasi mübarizə aparma”, demir.

- Yeri gəlmişkən, bayaq “Avrasiya Dialoq”un məlum toplantısını xatırlatdınız. Eşitdiyimə görə, Siz o toplantını nümayişkarənə şəkildə tərk edibsiniz. Digər rəsmi dəvətlilər isə başını aşağı salıb FETÖ-çuların möuzələrini sonuna qədər dinləyiblər. Bununla da özlərini “Hoca əfəndi”nin müridlərinin yanında şirin salmağa çalışıblar. Azərbaycan hakimiyyətinin Türkiyənin tələbləri ilə FETÖ-çuluğa qarşı mübarizə apardığı indiki zamanda belə, həmin hər kəsə şirin görünən rəsmilər yenə öz postlarındadırlar...

- Bu məsələyə bir daha qayıtmaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, dürüst olmayan bu hərəkətə etiraz edərək toplantını tərk etmişdim. O ki qaldı orda sonuna qədər iştirak edənlərə, fikrimcə, məsələyə bu qədər maksimalist yanaşmamalıyıq. Həmin toplantıya qatılanların hər biri Fəthullah Gülənə duyduğu məhəbbətə görə yox, mərhum prezident Heydər Əliyevə görə ora gəlmişdi.

İkincisi, o zamanlar Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanla Fəthullah Gülənçilər arasında yaxın münasibətlər var idi. Toplantıda axıra qədər iştirak edənlər də Türkiyənin iqtidar partiyasına və Ərdoğana simpatiyalarını büruzə vermək üçün orda idilər. İnanmıram ki, həmin adamların hamısı hansısa ideologiyaya bağlıdırlar. “Avrasiya Dialoq” adlanan qurum o vaxt Ərdoğanı ciddi şəkildə müdafiə edən təşkilatlardan idi. Fəthullah Gülənin müridləri seçkilərdə ciddi şəkildə Ərdoğana dəstək verirdilər. Ərdoğanın İsraillə münasibətləri korlanandan sonra Fəthullah Gülənlə də yolları ayrıldı. O vaxta qədər isə həmin qüvvələr bir yerdə olublar və bir-biriləri barədə yaxşı sözlər deyiblər, ehtiramla danışıblar...

- Belə deyək, o vaxta qədər Ərdoğanın özü ən böyük FETÖ-çu idi.

- Bu baxımdan, mən ora qatılanları qınamıram. Qınanacaq olanlar təşkilatçılar idi. Amma onu da deyim ki, etiraz edən tək mən deyildim. Ən ciddi etiraz edənlərdən biri də Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olmuşdu. Xatırlayıram ki, Əli Həsənov o zaman tədbirin təşkilatçılarını bu əməllərinə görə ciddi tənqid atəşinə tutmuşdu.

Onu da xatırlayıram ki, həmin tədbirdən iki gün sonra MM-in sessiyası keçirilirdi və mən bəhs etdiyim jurnalı özümlə parlamentə gətirmişdim. Çıxış edərək söyləmişdim ki, axı, bizim qanunlara görə, din dövlətdən ayrıdır. Amma Gülüstan sarayında keçirilən toplantıda iştirakçılara paylanan jurnalda açıq şəkildə din siyasiləşdirilir. Fikrimi əsaslandırmaq üçün jurnaldakı bir məqalədən sitat da gətirmişdim. Sitatda deyilirdi: “Beyni biliklə, qəlbi nurla dolmayan insanlar ədalətli cəmiyyət qura bilməzlər”. Mənim fikrimcə, bu sırf açıq çağırış idi ki, hakimiyyətdə yalnız dini dünyagörüşlü nurçular təmsil olunsalar ədalətli cəmiyyət qurmaq olar. Bu isə nurçuluğun ideoloji əsasları idi.

- İstərdim, yenidən Qarabağ məsələsinə qayıdaq. Paşinyan hakimiyyətə gələndə bizim bir çox siyasi xadimlərimiz, o cümlədən də Siz belə bir fikir səsləndirmişdiniz ki, bu hadisədən sonra Rusiya ilə Ermənistan arasında gərginliklər yaranacaq və Azərbaycan bundan faydalanıb öz torpaqlarını geri qaytara bilər. Amma deyəsən, tam tərsinə oldu. Paşinyandan sonra Ermənistanın da, Azərbaycanın da Qarabağla bağlı ritorikası dəyişdi. Əvvəl biz savaş ritorikasından çıxış edirdiksə, indi Paşinyan bizi hədələyir. Bizim Xarici İşlər Nazirliyinin rəsmiləri isə daha təmkinli görünməyə çalışırlar. Bu mövqe dəyişikliyini necə izah edərdiniz?

- Səhv etmirəmsə, bu fikri sizin sayta müsahibəmdə demişdim.

- Bəli.

- Mən hər zaman söyləmişəm ki, dövlət başçılarının bir-biri ilə münasibətləri dövlətlərarası münasibətlərə də öz təsirini göstərir. Amma bu fakultativ bir səciyyə daşıyır. Beynəlxalq münasibətləri müəyyənləşdirəm əsas amil isə dövlətlərin milli maraqlarıdır. Dövlətləri yaxınlaşdıran da, uzaqlaşdıran da bu maraqlardan qaynaqlanır. İnsanları maraqlar birləşdirdiyi və ya düşmən etdiyi kimi, dövlətlər də öz maraqlarının tələblərilə hərəkət edir. Məsələn, insanlar siyasi partiyalarda niyə birləşirlər? – öz siyasi maraqları, ideyaları üst-üstə düşdüyünə görə. Bu birləşmə nəticəsində komandalar hakimiyyətə gəlir və komanda üzvülərinin hərəsi bir vəzifə tutur...

- Üzr istəyirəm, Sizin sözün qüvvəti, Adam Smitin belə bir fikri var: Londondakı hansısa çörəkçi çörəyi ona görə bişirmir ki, bu şəhərin sakinlərinə xidmət etsin. O, pul qazanmaq üçün öz işini görür. Amma nəticədə London sakinlərinə xidmət edir. Hansısa gizli əl fərdi maraqları ümumi maraqlarda birləşdirir.

- Bəli, əsas məqsəd orda xalqa xidmətdən çox, öz yaşayışını təmin etməkdir. Siyasi münasibətlərdə də belədir. İstənilən komanda öz üzvünü özündən uzaqlaşdırırsa, həmin adam əvvəlki komandasına eyni sədaqətlə bağlı qala bilməz.

2016-cı ilin 2 aprel savaşında Rusiya Azərbaycanın irəliləməsinə 3 gün susdu. Ona görə ki, Rusiya Qərbə meyllənən Ermənistan rəhbərliyinin cəzalandırılmasında maraqlı idi. Maraqlı idi ki, Azərbaycan Ermənistana qulaqburması versin, torpaqlarının bir hissəsini işğaldan azad etsin. Bunun nəticəsində isə Sərkisyanı hakimiyyətdən uzaqlaşdırsın. Hamı bilirdi ki, Kreml artıq Sərkisyanın timsalında İrəvana inanmır. Çünki Sərkisyan hakimiyyəti Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamağa hazırlaşırdı. Rusiyanın ciddi təpkisi olmasaydı, Sərkisyan bu addımı atacaqdı. Moskvanın fikrincə, Sərkisyanı qovmaq üçün xarizmasını sındırmaq lazım idi. Sərkisyan hərbi səhra komandirliyindən böyük siyasətə gəlmişdi, məğlubedilməz, Azərbaycan üzərində qələbə çalan sərkərdə imici qazanmışdı. 4 günlük aprel döyüşləri bu imicin sabun köpüyündən başqa heç nə olmadığını ortaya qoydu. Putin bizə imkan yaratdı ki, onun bu imicini sındıraq. Bundan sonra Moskva həm bizim, həm də Ermənistan hərbi rəhbərliyini çağırıb atəşkəsi bərpa etməyə çağırdı. Çünki artıq öz istəyinə nail olmuşdu. Moskva Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaqla, həm də Paşinyanın iqtidara gəlməsinə yol açdı. Burada da məqsəd eyni idi: Qərbə bağlı və təcrübəsiz birini hakimiyyətə gətirib, uğursuz siyasəti nəticəsində nüfuzdan salmaq. Təcrübəsiz Paşinyan ətrafında güclü komanda formalaşdırmaq iqtidarında da deyil. Moskvanın fikrincə, Paşinyan və onun təcrübəsiz komandası təcili hakimiyyətə gətirilərək tez bir zamanda nüfuzdan salına bilər. Beləcə, bütün Qərb yönümlü qüvvələr iflasa uğrayar. Necə ki, eyni ssenarini 1992-93-cü illərdə Azərbaycanda sınaqdan çıxartmışdı.

Mənim istəyim odur ki, Azərbaycan indiki halda Rusiya ilə çox intensiv danışıqlar aparsın və Paşinyanın cəzalandırılmasında rol oynasın. Bunun müqabilində isə öz torpaqlarını qaytarsın. Necə ki, bizdə hakimiyyət çevrilişi baş verəndə ermənilər bundan istifadə edib Qarabağ ətrafındakı rayonları da ələ keçirdi. Eyni fürsət artıq bizim üçün doğub...
İsgəndər Həmidov Paşinyanı duelə çağırdı: “İstədiyi silahı seçsin...”“Paşinyanın əlini-qolunu yığmaq, onu susdurmaq üçün hərbi yolla 2-3 rayonu azad etmək lazımdır. Onda Paşinyanın ağlı avtomatik olaraq başına gələcək...

Bu sözləri AzNews.az-a müsaibəsində sabiq daxili işlər naziri İsgəndər Həmidov dedi. Onunla olan söhbəti təqdm edirik:

- Cənab Həmidov, “Real” partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında sanki “soyuq dava” gedir. Sosial şəbəkələrdə AXCP tərəfdarlarının “Real”a qarşı qısqanclığı açıq-aşkar hiss olunur. Sizcə, bunun səbəbi nədir?

- Bu cür konfliktlərə qarışmıram. Ona görə də onların bir-birinə qarşı qısqanclığı barədə heç nə deyə bilmərəm. Əslində, elə cavanlıqa da dedi-qodudan, bir-biri ilə icəşməkdən uzaq olmuşam.

- İstərdim ki, Azərbaycan Ordusunun bugünkü gücü, xüsusən də Türkiyə ilə əməkdaşlığını şərh edəsiniz. Bilirsiniz ki, Türkiyə ordsu ilə birgə davamlı hərbi təlimlər və paradlar keçirilir.

- Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını çox yüksək qiymətləndirirəm. Türkiyə hər zaman bizim yanımızdadır və Türkiyə Ordusu 1914, 1918-ci illərdə xilaskar kimi tarixə düşüb. Birgə keçirilən hərbi paradlar da insanlarımıza qürur verir. Bütün bunlar mətbuatda geniş şəkildə işıqlandırılır. Bilirsiniz, bizim mətbuatı ermənilər də çox yaxından izləyirlər. Şübhəsiz ki, bütün bunlar düşməndə ciddi xof yaradır. Azərbaycan xalqı güclüdür, döyüşkəndir. Təbii ki, Azərbaycan Ordusu da vaxtı gələn kimi öz sözünü Qarabağda deyəcək. Ordumuzu sevirəm, ordu bizimdir, xalqın ordusudur, ordunun hər bir nəfəri bizim balalarımızdır.

- Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar sanki başını itirib. Ağzına və ağlına nə gəldi danışır. Bu adamı necə xaraktezə edərdiniz?


- Paşinyan artıq sərsəmləyir və yumruq yeməyənə qədər belə də edəcək. Əslində, onun başqa yolu yoxdur, ardıcıl şəkildə qışqırmaqla, boş-boş bəyanatlar verməklə, Dağlıq Qarabağla bağlı populist çıxışlar etməklə özünün erməni xislətini bir daha ortalığa qoyur. Biz bir şeyi bilməliyik ki, erməni rəhbərliyində kim olursa-olsun, erməni ermənidir. Erməninin xisləti bəllidir. O ki qaldı Paşinyanın Azərbaycan xalqını təhqir etməyinə, əgər onda zərrə qədər də kişilik varsa, özünü qəhrəman sayırsa, istədiyi ölkədə, istədiyi silahı seçsin, mən onunla təkbətək vuruşmağa hazıram. Paşinyanın sərsəmləməyi bir daha göstərir ki, Ermənistanın ardıcıl və sağlam siyasəti yoxdur. Ümumiyyətlə, Paşinyanın əlini-qolunu yığmaq, onu susdurmaq üçün hərbi yolla 2-3 rayonu azad etmək lazımdır. Onda Paşinyanın ağlı avtomatik olaraq başına gələcək.

- Bir az da Azərbaycanın mədəniyyət aləmindən danışaq. Sizcə, bugünkü incəsənət adamının çatışmayan əsas cəhəti nədir?

- Azərbaycanın mədəniyyət aləmində çox istedadlı sənətkarlar, muğam ifaçıları var. Amma onların bəzilərini gözdən salan danışıqları, yaradıcılıqları deyil, yaltaqlıq və məddahlıqlarıdır. Eyni zamanda, layiq olmayan şəxslərə fəxri adlar - əməkdar artist, xalq artisti adları verəndə layiq olmayanları da layiq olanlarla bərabər tuturlar. Bu da ictimaiyyəti qıcıqlandırır. Çünki insanların düşüncəsi, təfəkkürü fərqlidir. Mən həmişə demişm, xanəndə heç vaxt xırdaçılığa, heç kimin qapısına getməməlidir, əksinə, xanəndənin, şairin qapısına gələrlər. Amma bizdə incəsənəti bir alver predmetinə döndəriblər. Amma mədəniyyət adamlarının hər biri bizim milli sərvətimizdir. İstəmərəm ki, onların adı ilə bağlı pis qalmaqallar, qeyri-etik fotoşəkillər paylaşılsın. Bu yaxınlarda Elnur adlı gənc bir ifaçıya əməkdar artist adı verildi, mən uşaq kimi sevindim ki, bəli, incəsənətə qiymət verildi.

- İsgəndər bəy, bildiyimizə görə, vaxtilə Rasim Balayevlə konfliktiniz olub.


- Rasim Balayevlə çox yaxşı münasibətlərimiz var. O məsələdən sonra zəngləşib danışdıq, cavan vaxtı olub, keçib gedib. Rasim Balayev böyük sənətkardır. O şeir deyəndə mən həzz alıram. Siz hələ Rasim Balayevin oxumağını eşitməmisiniz. Mən cavan vaxtı eşitmişəm, onun səsi Qədir Rüstəmovun səsi kimi gur idi. Bu adamlar Azərbaycanın milli sərvətləridir. Onlar haqqında mənfi söz demək düzgün deyil. Bu cür insanlar hiss adamlarıdır.

- Dediniz ki, inciklik baş verən vaxt cavan olmusunuz. Bəs, bu konflikt əslində nədən yaranmışdı?

Əslində, konflikt heç nədən yaranmışdı. O vaxt onlar Kəlbəcərdə, İstisuda kino çəkirdilər. Baş rolda rəhmətlik Hökumə Qurbanovanın qızı ilə Şahmar Ələkbərov oynayırdı. Rasim də Babək rolunda çəkilib gəlmişdi. O da cavan idi, yan yörəsindəkilər də. Bu cavanlığın da nəticəsi o oldu ki, onlar tans oynamağa yerli bir qızı dəvət elədilər. Qız da nişanlı idi. 2-3 dəfə başa saldıq ki, bu qızın nişanlısı var, özü də yerli adamdı. Başa düşmədilər deyə, aramızda konflikt yaşandı. Yəni keçmişdə qalan bir şeydi, buna görə, Rasimdən küsmək, incimək düzgün deyil.

- Həyat yoldaşınız Rəna xanım rəhmətə gedəndən sonra çox sarsıldınız. Özünüzə gələ bilirsinizmi?


- Mən elə bilirdim ki, möhkəm adamam, məni nə əymək olar, nə sındırmaq. Amma tənhalıq çox pis şeydir, ailənizin qədrini bilin. Mən evdə hansısa problemin olmağını bilməmişəm. O, məni bütün problemlərdən azad eləmişdi. Uşaqlar necə böyüyürdü, necə oxuyurdu xəbərim yox idi. Milli azadlıq hərəkatı, həbslər filan başımı qatmışdı. Bunların hamısı ilə Rəna xanım məşğul olurdu. Bir ana, bir həyat yoldaşı kimi həmişə ondan razı olmuşam. Ümumiyyətlə, dünyada Azərbaycan qadınından gözəl, namuslu, qeyrətli ikinci bir qadın tanımıram. Azərbaycan qadını eyni anda qardaşının, atasının, ərinin və övladlarının namusunu qoruyur...
“Tədris proqramını sona qədər yetirmək heçdə ali səviyyəyə yüksəlmək deyil”"Avropaya edilən istənilən inteqrasiya ölkəmizin Avropa modelinə keçidi deməkdir. Həm də yeni iqtisadi inkişaf deməkdir.”

Xaricdə təhsil, təhsilimizin hazırki vəziyyəti və valideyinlərin övladına verdiyi "təhsil”i müzakirə etmək üçün Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan ""FONO” Açıköğretim” qurumunun Azərbaycan bölgə müdürlüyünün müdür müavini, Nəzər Media.az informasiya portalının baş redaktoru Nəzərbəy Hacıağayevin İslahat.az xəbər portalına müsahibəsini təqdim edirik.

Təhsilimizin hazırki vəziyyəti ilə bağlı fikirləriniz hansılardır?

Azərbaycan Təhsilində bu gün bir sıra problemlər var. Bunu danmaq məncə düzgün olmazdı. Ancaq problemlərin həlli yolunda dövlətin apardığı təhsil siyasətini dəyərləndirməmək də düzgün olmazdı. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə xüsusi diqqət ayırması və bu sahəyə dövlət büdcəsindən ayrılan investisiyalar bu sahənin inkişafı üçün dövlətin ortaya qoyduğu iradənin əyani sübutudur. Problemlərin əsas səbəblərindən biri ölkəmizin vaxtikən sovet təhsil sistemində olması və bu sistemdən hələdə yaxa qurtara bilməməsidir. Azərbaycan təhsili hal-hazırda keçid dönəmini yaşayır. Təhsilimiz sovet təhsil sistemindən müstəqil modernləşmiş, dünya ilə ayaqlaşan liberal təhsil sisteminə keçiddədir. Bu keçid prosesinin isə qısa zaman ərzində həll olunmasını gözləmək sadəcə sadəlöhvlüyün rəmzidir. 70 il sovet təhsil sistemindən birdən-birə müasir Avropa təhsilinə inteqrasiyanı nə nəzəri olaraq, nə də praktiki olaraq pedaqoji heyətin mənimsəməsi mümkün deyil. Mən ölkəmizdə Distant Təhsil haqqında qanun qəbulunu çox arzulayıram. Bizim hər birimizin arzusu Azərbaycan təhsilinin Avropa və dünya təhsilinə inteqrasiyasıdır. Ancaq bu inteqrasiya prosesi kor təbii şəkildə olmamalıdır. İlk növbədə cəmiyyəti bu prosesə hazırlamaq lazımdır. Biz "Boloniya” sisteminə keçid zamanı Azərbaycan pedaqoji heyətinin və tələbələrin buna hələ hazır olmadığını müşahidə etdik.

"Xaricdə təhsil” əvəzinə ölkəmizə həmin təhsili gətirmək mümkündürmü?

Xaricdə təhsilə bu qədər laqeyd yanaşmanın tam eleyhinəyəm. Sualınıza gəldikdə isə demək istəyərəm ki, xairici tələbələrin Azərbaycana axını üçün xaricdə olan tələbərimizin, hətta xaricdə fəaliyyətdə olan məktəb və universitetlərdəki pedaqoq vətəndaşlarımızında üzərinə böyük yük düşür. Ancaq bu sahədə ən böyük yükü və məsuliyyəti dövlət daşıyır. Bu ilin iyulun 6-da Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi "Təhsil Haqqında” qanun bu prosesə xidmət edir. Bu qanunla eyni zamanda xarici dövlətlərin vətəndaşlarının Azərbaycana və Azərbaycan təhsilinə marağı bir qədər də artacaq. Burda iqtisadiyyatımıza da çox ciddi xeyir verəcək. Çünki, ölkəmizin təhsil sektoruna maraq təkcə xarici tələbələr tərəfindən olmayacaq. Eyni zamanda da maddi nemətlər kapitalı üçün ölkəmizə axın edən investorlar artıq təhsil sahəsinə investisiyalar yatıracaqlar. Bu investisiyaların səyəsində artıq büdcəmizdə yeni əmtəə kapitalı formalaşacaq. Nəticə də möhtərəm Prezident İlham Əliyevin ölkəmizin rifahı üçün arzuladığı və çıxışlarında qeyd etdiyi "Biz maddi nemətlər kapitalını, insan kapitalına çevirməliyik" fikri zamanla artıq həyata keçir.

Bundan əlavə universitetlərə qəbulla bağlı olan dəyişikliklərdə istedadlı və fəal gənclərin təhsilə gedən yolu asan olacaq. Ümumiyyətlə, sizin sualınızın cavabını yalnız bu qanunun qəbulu və onun gələcək nəticələrini gördükdən sonra daha ətraflı vermək olar. Ancaq mənim proqnozlarım hadisələrin müsbət nəticələnəcəyini göstərir.

Təhsilimizin inkişafı üçün ayrılan maliyyə sizi qane edirmi?

Bu suala konkret cavab vermək istəyərdim. Hal-hazırda qəbul edilən dövlət büdcəsinə görə təhsilə ayrılan xərclərin həcmi tam qaneedicidir. Çünki, ayrılan vəsait zamanı bütün zəruri tədbirlərin böyük qismi həyata keçirilir. Buna yeni məktəblərin inşası, təmirə ehtiyacı olan məktəblərin təmiri, onların maddi texniki bazasının inkişaf etdirilməsi, ümumiyyətlə, təhsil infrasturukturlarımızın yenilənməsi prosesi Avropa və dünya standartlarına tam cavab verir.

Tələbələr nə üçün xaricdə təhsili bu qədər üstün tuturlar? Əsas fərq nədədir?

Bu tendensiya dünyanın hər bir ölkəsində var. Bu gün amerikalı İngiltərədə, Fransada təhsilini davam etdirə bilər. O demək deyil ki, Amerikanın təhsilində hər hansısa problemlər var. Sadəcə, hər şey gənclərin seçim və arzularıyla bağlıdır. O demək deyil ki, bu gün Azərbaycan təhsil sistemi Almaniya ilə birdir. Problemlər danılmır, ancaq onların həlli də labüddür. Azərbaycan təhsil sistemində zəiflik, boşluqlar var. Bunların həlli üçün yollar da var. Gənclərin xaricə getməsi təhsilimizə xeyirdir. Almaniyada təhsil alıb geri qayıdan şəxs Azərbaycan pedoqoji sisteminə böyük töhfələr verə bilər. Orda gördüyü yenilikləri, bilik və bacarıqları burda tətbiq edə bilər. Türkiyə 1923-cü ildə müstəqilliyə çıxan kimi inkişaf edib deyə bir anlayış yoxdur. Gənclərin xaricə axınını Azərbaycan təhsilinin uğursuzluğu ilə bağlasaq, düzgün olmaz. İnteqrasiya etmək və inkişaf etmək lazımdır. Sovet sistemindən çıxanda fərqinə vardıq ki, necə qapalı bir sistemin tərkibində olmuşuq. Bugün xaricdə tələbələrimizin çox olması yaxşı haldır. Lakin onlar da Azərbaycanla bağlı bir çox məsələlərdə aktiv olurlar. Çünki, biz bilirik ki, Azərbaycanın bir haqq savaşı var. Düşmən öz yalançı təbliğatı zaman xaricdə olan tələbələrindən fəal istifadə edir. Ona görə Azərbaycanlıların xarici təhsil müəsisələrində çox olması həqiqətlərimizin dünyaya çatdırılmasında bizə bir qədər də yardım edəcək.

Azərbaycanda təhsilin inkişafı üçün hansı yeniliklərə ehtiyac var?

Boloniya Təhsil sistemi tam şəkildə mənimsənilməlidir. Distant Təhsil haqqında qanun qəbulu üçün artıq dünya təcrübəsi öyrənilməlidir. Çünki gələcəkdə bu təcrübənin ölkəmizdə tədbiqi üçün bir sıra analizlər aparılmalıdır. Təhsil infrasturukturlarında heç bir problem yoxdu. Ancaq bir iki xırda məsələlər həllini tapmalıdır. Əsas məsələ dərs vəsaitlərinin yenilənməsinə də ehtiyac var. Orta məktəb sahəsində artıq bu işdə uğur əldə etmişik. Tədris proqramlarında məncə nailiyyətlərimiz var. Bu işə bakalavr və magistr təhsil pilləsi sahəsində də diqqət ayırmalıyıq. Bir də xarici tələbələrin Azərbaycana axınını təmin etmək üçün daha çox tədris prosesinin ingilis və rus dillərində olduğu ixtisasları fakültələrdə artırmalıyıq.

Sizin fikrinizcə Azərbaycan təhsili məqsədyönlüdürmü?

Bəli. Azərbaycan təhsili məqsədyönümlüdür. Əsas məqsədimiz Avropaya və dünya təhsilinə inteqrasiyadır. Sadəcə bu prosesdə bir qədər səbirli olmaq lazımdır və düzgün strateji yolla getmək lazımdır. Azərbaycan dövləti prosesi qanunauyğunluğu ilə həyəta keçirir.

Ali təhsil müəssisələri ilə yanaşı orta ixtisas təhsil müəssisələri də faydalıdırmı?

Bilirsiz burada əsas tələbənin bilik və bacarığıdır. Elə insan var onun savad göstəriciləri universitetə qəbul olmaq səviyyədə deyil. Ancaq ondan yaxşı bir sahənin mütəxəssisi ola bilər. Ona görə də orta ixtisas təhsil müəsisələrinin əhəmiyyəti çox böyükdür. Çünki cəmiyyət təkcə ziyalı təbəqədən ibarət deyil. Müəyyən sahələrdə fəaliyyət göstərmək üçün peşə sahiblərinə ciddi ehtiyac var. Bu peşə sahiblərinində peşəkar yetişməsi üçün bu formada olan orta ixtisas təhsil müəsissələrinə, peşə məktəblərinə ciddi ehtiyac var.

Azərbaycanda ali təhsil almaq niyə bu qədər dəb halını alıb?

Üzücü haldır ki, bu tendensiya ancaq ölkəmizdə mövcuddur. Bəzən, burda ən böyük günah valideynindir. Valideyn "qonşudan geri qalma” prinsipini həyata keçirmək istəyir. Ancaq bu da nəticədə gəncin taleyinə mənfi təsir göstərir. Məcburi şəkildə universitetə hazırlaşdırlan gənc sonrada o universitetə daxil olduğu zaman bir tərəfdən ixtisas dərsinin ağırlığı, digər tərəfdən isə bu ixtisasa olmayan maraq, bilik və bacarıq gəncin bu sahədə uğur qazana bilməməsinə səbəb olur. Ancaq valideyn düşünsə ki, onun övladının bilik və bacarığının müəyyən sərhəddi var, o orta ixtisas təhsili üzrə təhsil alsa gələcəkdə öz peşəsinin peşəkarına çevriləcək və maddi rifahını düzənləmək üçün öz peşəsinə və bilik və bacarığına görə iş tapacaq belə problem olmaz. Bəzən deyirlər ki, universiteti bitirən gənclər bazarda alma satır. Bunun əsas səbəblərindən biri həmin gəncin öz ixtisasına düzgün yiyələnə bilməməsi və ali təhsil diplomunun olmasına baxmayaraq savad, bilik və bacarığına görə aliliyə çata bilməməsidir. Tədris proqramını sona qədər yetirmək heçdə ali səviyyəyə yüksəlmək deyil. Məhs buna görə mən ən böyük günahı valideynlərin düzgün olmayan seçimində və övladlarının həyatına yalnış istiqamət verərək müdaxilə etməsində görürəm.

Xaricə axının qarşısını almaq üçün hansı üsullardan istifadə etmək lazımdır?

Məncə buna qətiyyən ehtiyac yoxdur. Əgər, inkişaf etmək istəyiriksə inteqrasiya prosesinin əsas mərhələsi olan tələbə mübadiləsini daha da genişləndirməliyik. Təbii ki, siz deyəcəksiniz ki, ancaq azərbaycanlılar xarici seçir və mübadilə ikitərəfli olmalıdır. Ancaq biz tələbə göndərdiyimiz ölkələrin müstəqillik dövrünə, keçdikləri böyük inkişaf yoluna nəzər salmalıyıq. Mən inanıram ki, gələcəkdə mübadilə prosesində bərabərlik əldə olunacaq. Bu, çox gözəl tendensiyadır. Biz qapalı ölkə deyilik. Təhsil inteqrasiya, inkişaf dövrünü yaşayır və bunun əsas tərəfləri xaricə tələbə göndərməkdir. Onlar öyrəndiklərini burada tətbiq edəcəklər. Bu yalnız pedaqoji sahədə deyil. Tibbdən gələnlər də gözəl həkim ola bilərlər. Onlar gəlib təcrübəsini həmkarlarıyla da bölüşə bilərlər. Avropaya edilən istənilən inteqrasiya ölkəmizin Avropa modelinə keçidi deməkdir. Həm də yeni iqtisadi inkişaf deməkdir.

Hansı xaricdə təhsil proqramlarını tövsiyyə edirsiniz? Hansı proqramlar daha faydalıdır?

Son illər İELTS imtahanları çox inkişaf edib. Elə vəziyyət yaranıb ki, müraciət çox olduğundan onlar Tiflisdə imtahan verməyə gedirlər. Bu, tələbənin dil biliyinin inkişafı ilə yanaşı, həm də xarici universitetlərin bu sənədlərə güvənməsidir. Beynəlxalq proqramların üstünlüyü odur ki, universitetlər tərəfindən daha çox tanınırlar. Hansısa dil bilib imtahan nəticəsi olmayanda, universitetə qəbul çətin olur. Qarşı tərəfi inandırmalısınız ki, siz ingilis dilində danışa bilirsiniz. Bu imtahanların tələbi daha çox miqrantların qərb ölkələrinə axını ilə bağlıdır. Təsəvvür edin ki, artıq yaş məhdudiyyətləri belə müəyyən edilib. Bəzən miqrantlar təhsil adıyla gəlib, ölkədən getmək istəmirlər. Ona görə avropalını tam inandırmalısan ki, sən ora təhsil üçün gedirsən və ölkənə qayıdacaqsan. Mən SAT proqramını da yüksək qiymətləndirirəm. Ancaq keçən il bəzi xoşagəlməz halların olması bu proqramı gözdən salsa da bu proqram yenə də dünyada öndə gedən proqramlardandır. Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, məsələn qardaş Türkiyədə tibb təhsili alan gənclərə hər zaman SAT-dan deyil YÖS (Yabancı Öğretim Sınavı) yararlanmağı məsləhət görürəm. Çünki orada SAT balın o qədər yüksək olmalıdır ki, sən dünyada 10-15 nəfərin yığdığı balla rəqabət apara bilməlisən. SAT ilə qəbul zamanı yerlər məhdud, müsabiqə isə çox rəqabətli və çətin olur. Digər proqramlardan TOEFL imtahanını mən hər zaman tələbərə məsləhət görürəm.
Daşqın Şikarov: “Mehriban xanım Əliyevanın fəaliyyəti bütün sahələri əhatə edir”Daşqın Şikarov: “Azərbaycanın birinci xanımı dünya xalqlarına sülh, əməkdaşlıq və inteqrasiya mesajları göndərir”

1964-cü il avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Əliyeva Mehriban Arif qızı anadan olub. Bizim Yol Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlət işlərində, ictimai-siyasi, soaial-humanitar və sair sahələrdə fəaliyyəti ilə bağlı tanınmış diplomat, uzun illər Türkiyə Respublikasında, Pakistan İslam Respublikasında, eləcə də, Əfqanıstan İslam Respublikasında diplomatik xidmət göstərmiş, sonuncu iki ölkədə səfir olaraq ölkəmizi yüksək peşəkarlıqla və ləyaqətlə təmsil etmiş, hazırda Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

– Azərbaycan siyasi tarixində ilk dəfə birinci xanım institutu formalaşması Mehriban xanımın adı ilə bağlıdır. Bu institut Azərbaycanın müasir dövlətçilik tarixində, siyasi mədəniyyət müstəvisində, ictimai- sosial həyatında nə kimi yer tutub?

– Dünyanın bir sıra aparıcı dövlətlərində mövcud olan və ölkənin ictimai-siyası həyatı üçün böyük əhəmiyyət kəsb edən Birinci Xanım institutunun müstəqil Azərbaycan Respublikası tarixində ilk dəfə formalaşması yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik ziyalı bir ailədə doğulub tərbiyə almış, Azərbaycan və dünya şeir, musiqi və incəsənətin incilərini dərindən bilən, sözün əsl mənasına Azərbaycan xanımı və ziyalısı olan Mehriban xanım Əliyevanın üzərinə düşmüşdür. Məhz Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri səbəbindən onun başçılığı ilə fəaliyyət göstərən sözügedən institut qısa müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında vacib rol oynamış, ölkəmizin daha da müsbət imicinin formalaşmasına, Azəbaycanın qədim mədəniyyətinin xaricdə tanınmasına xidmət etmişdir. Əlamətdardır ki, Mehriban xanım Əliyevanın Azərbaycan və xaricdə apardığı ardıcıl və dinamik fəaliyyəti həyatın, demək olar ki, bütün sahələrini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Gimnastika Komitəsinin Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında, humanitar, elm, texnologiya, təhsil, səhiyyə, ekologiya, idman və digər sahələrdə fəallıqla seçilir. Azərbaycanın Birinci Xanımı beynəlxalq arenada fəaliyyəti ilə ölkəmizin dünyada daha da geniş tanınması, respublikamızın reallıqlarının və ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırlması, xalqımızın zəngin mədəniyyətinin dünyada təbliğ edilməsində böyük rol oynayır, çətin durumda olan ölkələrə yardım etməklə və xalqımızın sadiq olduğu multikulturalizm və tolerantlıq ideyalarını işıqlandırmaqla dünya xalqlarına sülh, əməkdaşlıq və inteqrasiya məsajlarını göndərir.

– Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkə daxilində və xaricdə apardığı işləri necə qiymətləndirisiniz? Humanitar, multikulturalizm, tolerantlıq yönündə fəaliyyət, həyata keçirilən layihələrin hansı uğurlu nəticələri var?

– Bir Azərbaycan vətəndaşı kimi, eyni zamanda xaricdə çalışdığım müddət ərzində Mehriban xanım Əliyevanın fəaliyyətini şahidi olmuş bir diplomat kimi, Azərbaycanın Birinci Xanımının fəaliyyətini ölkəmizin dövlətçiliyinin daha da güclənməsi, mədəniyyətinin qorunub saxlanması və təbliğ edilməsı üçün zəmin yaradan, idmançılarımıza dəstək olan və yeni nailiyyətlərə sövq edən, xalqımızın yüksək mədəniyyətə malik olmasını nümayiş etdirən, dünya dövlətləri və xalqları arasında Azərbaycana, xalqımıza qarşı sevqini artıran, xalqımıza qarşı yönələn mənfi cərəyanların qarşısını alan bir fəaliyyət kimi dəyərləndirirəm. Xüsusi olaraq vurğulanmalıdır ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr vermiş Mehriban xanım Əliyevanın fəaliyyəti bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Mehriban xanım Əliyeva uşaqların, ahılların, qaçqınların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşır, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, tibb mərkəzlərinin yaradılmasına nail olmuşdur. O, mədəniyyət sahəsində irimiqyaslı layihələr həyata keçirmiş, Azərbaycanın musiqi mədəniyyətinin təşviqində əvəzsiz xidmətlər göstərmiş, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin təbliğinə əvəzsiz töhfələr vermişdir. Azərbaycan mədəniyyətinin dünyada təbliğində və mədəniyyətlərarası dialoqun genişləndirilməsində Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri də xüsusi əhəmiyyətə malikdir. Bu zamana qədər Azərbaycan muğamı, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. Bununla yanaşı, aşıq, xalçaçılıq və tar ifaçılığı sənətləri, eləcə də Novruz bayramı, dolma, lavaş və kəlağayı, Lahıc misgərlik sənəti, çövkən oyunu UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına aiddir. Təbii ki, bütün bunların hamısı Heydər Əliyev Fondunun rəhbəri və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsidir.

Eyni zamanda, xarici ölkələrdə fəaliyyəti çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Paris, Berlin, Moskva, Roma, Vatikanda, Strasburqda və digər şəhərlərdə bir sıra mühüm işlər aparılmışdır.

Ən mühüm məqamlardan biri budur ki, Mehriban xanım Əliyevanın fəaliyyəti humanizm prinsiplərinə söykənir. Onun xeyriyyəçilik fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirlir. Bildirmək istərdim ki, qardaş Pakistan İslam Respublikasında çalışdığım dövrdə Mehriban xanım Əliyevanın bu ölkədə çoxsaylı humanitar və inkişaf proqramları və layihələrin icra etdiyinin, Pakistan xalqının Azərbaycan Birinci Xanımına olan böyük sevgisinin şahidi olmuşam. Belə ki, 2007-ci ildə Müzəffərabad şəhərində zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi Heydər Əliyev Fondu tərəfindən yenidən inşa edilmiş və hal hazırda bu məktəb Mehiban Əliyevanın adını daşıyır. Eyni zamanda, 2012-ci ildən başlayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində humanitar, səhiyyə və təhsil sahələrində layihələr icra edilmişdir. Belə ki, Dera İsmail Xan bölgəsində Heydər Əliyev su təchizatı sistemi yaradılmış, Xayber Paxtunxva Əyalətində Göz klinikası, Pəncab əyalətində Talessemiya Mərkəzinin qurulmasında iştirak edilmiş, hepatit B virusuna qarşı peyvəndləşdirmə, açıq ürək əməliyyatları poqramları icra olunmuş, daşqın sellərindən zərər çəkmiş insanlara yardımlar edilmiş, uşaq və ahıllar evlərinə yardımlar edilmiş və bir çox digər layihələr həyata keçirilmişdir. Qeyd olunmalıdır ki, Mehriban Əliyevanın Pakistanda fəaliyyəti İslam Respublikanın dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, 2013-cü ildə Azərbaycanın Birinci xanımı ölkənin ən nüfuzlu qəzetlərindən olan “Daily Times” tərəfindən “İlin qadını” elan edilmiş, 2014-cü ildə “Şəhid Benazir Bhutto” mükafatı, və nəhayət, 2015-ci ildə ölkənin ali “Hilali Pakistan” ordeni ilə təltif olunmuşdur. Sözügedən orden şəxsən Pakistan Prezidenti cənab Məmnun Hüseyn tərəfindən Mehriban xanım Əliyevaya təqdim edilmişdir. Ümumiyyətlə, həm Azərbaycan xalqı, həm də beynəlxalq ictimaiyyət Mehriban xanım Əliyevanın xidmtlərini yüksək dəyərləndirir. İndiyədək Mehriban xanım Əliyeva bir sıra təltiflərə layiq görülüb. Dövlət başçımızın 29 iyun 2015-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyeva “Heydər Əliyev” ordeninə layiq görülüb. Bundan başqa o, Fransa, Polşa, Rusiya, Serbiya, Kuveyt, UNESCO və digər ölkə və çoxsaylı beynəlxalq təşkilatların yüksək səviyyəli mükaftları ilə təltif olunub. Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın fəaliyyəti həm də ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasında önəmə malikdir. Bu bir həqiqətdi ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər tədbirlərə ev sahibliyi edib. Bəlli olduğu kimi, Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Azərbaycanda bir sıra meqatədbirlər, o cümlədən “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsi, Avropa Oyunları, IV İslam Həmrəyliyi oyunlarının ən yüksək səviyyədə keçirilmişdir.
Öz fəaliyyəti ilə Azərbaycanın Birinci Xanımı dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanizm dəyərlərinin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir. Mehriban xanım Əliyevanın “Azərbaycan tolerantlığın evidir” proqramı çərçivəsində ölkəmizdə bir sıra müsəlman, katolik, ortodoks və yəhudi dini məbədlərinin yenidən qurulması və bərpasının təşəbbüskarı olduğu xüsusi qeyd olunmaldır.

– Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyəti necə qiymətləndirilə bilər?


– Mehriban xanım Əliyeva çıxışların birində Milli Məclisdə 12 illik fəaliyyətini böyük bir ömür məktəbi kimi qiymətləndirmiş, millət vəkili kimi əldə etdiyi təcrübəni əvəzsiz adlandırmışdır. Məlum olduğu kimi, Mehriban xanım Əliyeva respublikamızın ali qanunverici orqanında 2005-ci ildən etibarən təmsil olunmuş və deputatı olduğu Xəzər rayonunda bu dövrdə 42 məktəb, 44 uşaq bağçası, 16 uşaq evi və internat məktəbi, o cümlədən 3 uşaq evi üçün yay düşərgəsi inşa edilib və əsaslı təmir olunmuşdur. Şübhəsiz ki, Mehriban xanım Əliyevanın Milli Məclisdə fəaliyyəti nə bu statistik məlumatlarla, nə də təmsil etdiyi Xəzər rayonu ilə məhdudlaşmamışdır. Çünki Mehriban xanım Əliyeva hər bir Azərbaycan vətəndaşının vəkili olmuşdur, hər bir Azərbaycanlının maraqlarını təmsil etmişdir. Azərbaycanın Birinci Xanımı humanizm və ədalət ideyalarına əsaslanaraq, 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktlarını irəli sürmüşdür. Nəticə etibarilə amnistiya elan edilməsi haqqında qərarlar əsasında ümumilikdə 40 minə yaxın məhkum cəzadan azad edilmişdir. Azərbaycanın Birinci Xanımı ölkəmizdə sağlam ailənin formalaşması və bu istiqamətdə risklərin azaldılması məqsədilə 2014-cü ildə nikaha daxil olmaq istəyən şəxslərin məcburi tibbi müayinədən keçməsi təşəbbüsü ilə də çıxış etmiş və müzakirələrdən sonra Ailə Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsi haqqında qanun qəbul edilmişdir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətinin önəm kəsb edən məqamlarından biri də, onun təşəbbüsü ilə dünyada Azərbaycanı çoxmillətli, tolerant, çoxkonfessiyalı ölkə kimi tanıtmaq üçün bir çox tədbirlərin keçirilməsi olmuşdur. Diqqətinizi bir vacib məqamə cəlb etmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması məsələsi Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritetlərindən olmuşdur. Heydər Əliyev Fondunun münaqişəyə dair yaratdığı internet portalı, nəşr olunmuş çoxsyalı materiallar dünya ictimaiyyətinə problemin səbəbləri və acı nəticələri haqqında geniş məlumatlar vermişdir. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı xüsusi təbliğat aparılır. Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə atılan önəmli addımlardandır. Təsadüf deyil ki, bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımın tanınması ilə bağlı qətnamə və qərarlar qəbul etmiş, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulmuşdur.

– Mehriban xanım Əliyevanın Azərbaycan siyasi tarixində ilk dəfə yaradılmış I vitse -prezident postunda fəaliyyətini necə qiymətləndirisiniz?

– Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti, malik olduğu yüksək insani keyfiyyətlər, ölkəsinin inkişafı istiqamətində göstərdiyi səylər, beynəlxalq humanitar yardım missiyalarına verdiyi töhfələr istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda birinci xanımın yüksək imicinin formalaşmasına böyük təsir etmiş və onun ən yüksək vəzifəyə layiq görülməsinə yol açmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ona böyük sevgi, hörmət və ehtiram hissləri bəsləyən Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmışdır. Çünki Mehriban xanım Əliyevanın bütün fəaliyyəti sübut etmişdir ki, o, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə birlikdə Azərbaycanın daha da sürətlə inkişaf etməsi istiqamətində apardığı şərəfli işi davam etdirəcəkdir. Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmuşdur. Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Birinci vitse-prezident Mehriban Əliyeva ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr edib. Ötən il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilmişdir. Birinci Vitse-Prezidentin qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində atdığı ardıcıl addımlar sayəsində yüzlərlə ailə yeni mənzilinə qovuşmuşdur. Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mühüm layihələrdən biri də 2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunması olmuşdur. Bununla dövlət Vətənin azadlığı uğrunda sağlamlığını itirən heç bir hərbçisini diqqətdən kənarda qoymamışdır. Ötən bir il yarım müddət ərzində Mehriban Əliyeva həm ölkə daxilində, həm də beynəlxalq aləmdə uğurlu siyasi fəaliyyətini bir daha sübut etmişdir. İctimai-siyasi fəaliyyəti boyu humanitar, sosial sahələri daim diqqət mərkəzində saxlayan Birinci vitse-prezident həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində çoxsaylı layihələrə, mühüm işlərə imza atmışdır. Valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının göstərilməsi, xəstələrin müalicəsi, əlilliyi olan şəxslərin reabilitasiyası, uşaqlar üçün müalicə və istirahət pansionatlarının, məktəblərin, uşaq bağçalarının, xəstəxana və poliklinikaların tikilməsini və digər yüzlərlə belə faktı sadalamaq olar. Onun təşəbbüsü ilə Azərbaycandan xaricdə də çoxsaylı humanitar aksiyalar həyata keçirilmişdir. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fədakar fəaliyyəti ilə seçilir. İnsanlığa xidmət edən, nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır.

Fürsətdən istifadə edərək hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirəm, tutduğu şərəfli və məsuliyyətli dövlət vəzifəsinin icrasında, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının yaxşılaşdırılmasında, ictimai-siyasi fəaliyyətində daha böyük uğurlar arzulayıram!

Duqin:“Beş rayonun verilməsi haqda Serj Sərkisyanla anlaşma var idi, Paşinyan isə bunu ləğv edib”1-in am (Ermənistan), 10.07.2018

Rusiya politoloqu, sosioloq və filosof, “Beynəlxalq Avrasiya hərəkatı”nın lideri Aleksandr Duqinin Ermənistan nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

-Cənab Duqin, siz iyulun 1-də Bakıda “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı forum keçirmisiniz. Yəqin, bu forumla bağlı müzakirələrlə tanışsınız? Yeganə müttəfiq nə deməkdir, məgər Ermənistan Rusiyanın müttəfiqi deyil?

– Faktiki olaraq bu forum Cənubi Qafqazda yaranmış geopolitik gerçəkliklər kontekstində Bakının Rusiyaya yaxınlığını vurğulayıb. Ermənistanda yeni baş nazir Paşinyanın hakimiyyətə gəlişindən sonra (fikrimcə, rəngli inqilab nəticəsində gəlib) keçmiş rəhbərliklə əldə edilmiş anlaşmalar – Qarabağ ətrafındakı yeddi-beş rayonun Azərbaycana qaytarılması – Qarabağda sabitliyin təminatına açar idi, amma bu anlaşmalar ləğv olunub. Serj Sərksiyan uzun müddət bu danışıqları aparıb və bu, Rusiyanın Azərbaycanla münasibətlərini möhkəmləndirməyə imkan verərdi, amma Ermənistana qarşı deyil, bütün xalqların xeyrinədir. Bütün bunlar dayandırılıb və ləğv edilib. Rusiya Ermənistanın müttəfiqi olmaqla, əslində, müxtəlif strateji məsələlərdə Azərbaycana getdikcə daha çox yaxınlaşır. Paşinyann siyasəti bu sazişləri zərbə altında qoyub ki, bu da öz növbəsində durumun gərginləşməsinə səbəb ola bilər. Bu konfransı buna görə keçirmişik. Mənim fikrimcə, bu həm Ermənistanda, həm də hətta Rusiyada qeyri-adekvat reaksiya doğurub. Söhbət antierməniçilikdən getməyib. Bu konfransda ermənilərə və Ermənistana ünvanlanan heç bir tənqid olmayıb, söhbət əməkdaşlıqdan və yalnız Ermənistan hökumətinin qatıldığı sazişlərin yerinə yetirilməsindən gedib. Yeni hakimiyyət bu rayonların Azərbaycana dinc və qeyri-hərbi yollarla qaytarılmasını şübhə altına qoyub…

–Bağışalyın, amma bizə rəsmən məlum deyil ki, Serj Sərkisyan öz idarəçiliyinin sonunda beş rayonu verməyə hazırlaşırmış və habelə məlum deyil ki, yeni rəhbərlik bu vədi ləğv edib. Bu məlumat sizdə haradandır?

–Əlbəttə, bu mənim məlumatımdır, amma məsələ bunda deyil. Rusiyanın Azərbaycanla yaxınlaşması ölkəmizin suveren qərarıdır. Amma bu yaxınlaşma dinc olsun deyə buna Ermənistan da qatılmalıdır, bu yaxınlaşma Ermənistana qarşı deyil. Mən demək istəyirəm ki, bu konfransda antiermənistan heç nə yoxdur, hətta qiyabi də. Cənab Paşinyan Serj Sərkisyanın yolunu davam etdirsə, onda Bakı və Moskva arasında yaxınlaşma ancaq sürətlənəcək və inanın, bu, Ermənistana qarşı deyil. Rusiya sülh istəyir, bütün tərəflərin maraqlarını nəzərə almaqla tənzimləməyə getmək istəyir. Beş rayonun qaytarılması bütün tərəfləri qane edir, çünki bundan Ermənistanın da öz mənfəəti var. Siz təkcə bu rayonları vermirsiniz, həm də Azərbaycan prezidenti əvəzində həm iqtisadi əməkdaşlıq üçün güzəştlər təqdim etməyə, həm də Ermənistan-Türkiyə sərhədinin açılmasına şərait yaratmağa hazırdır. Ermənistan mühasirədən çıxacaq, düşmənlik yox olacaq. Mən Ermənistan tərəfinin bütün bunları necə şərh etdiyinə, sadəcə, mat qalmışam. Heç bir antiermənistan demarşı yoxdur, İnternet və mətbuatda gördüyüm zir-zibil məni məəttəl qoyub.

–Rusiya qeyd edir ki, münaqişənin ATƏT Minsk Qrupu formatında tənzimlənməsinə tərəfdardır, hazırda siz beş rayonun verilməsindən danışırsınız ki, bu da mahiyyətcə ayrı bir plandır. İndi bu sizin özəl fikrinizdir, yoxsa rəsmi dairələrin siqnalını ötürürsünüz? Məsələn, Moskvada qeyd ediblər ki, bu, rəsmi rəy deyil.

-Rusiyada bir rəsmi fikir var: bu, prezidentin rəyidir, qalan hamısı şərhdir. Mənim söylədiklərimi müdafiə edən adamlar var, öz fikri olanlar var. Ümumiyyətlə, Rusiyada müxtəlif qruplar, müxtəlif analitiklər var. Mən təkcə öz fikrimi deyil, həm də Yaxın Şərq, Türkiyə, İran, Cənubi Qafqazın problemərilə məşğul olan və professional, çox mühüm və nüfuzlu strateji qrupların fikrini ifadə edirəm. Amma adamlar var ki, rəğbəti, ya da mənfi önrəyçiliyi əsas götürürlər, mən rəğbəti əsas götürmürəm. Mən savaşa qarşıyam, həm də ancaq barış istəyirəm. Azdan-çoxdan məşhur hərbi ekspertlər, Dövlət Dumasının deputatları – o cümlədən “Vahid Rusiya”dan – jurnalistlər Bakıda mənimləydi, amma məsələ bunda deyil. Məsələ bundadır ki, obyektiv geopolitik gerçəkliklər var. Söhbət Rusiya və Ermənistan arasında münasibətlərin dəyişilməsindən getmir, söhbət bundadır ki, Cənubi Qafqazda Azərbaycanın Rusiya üçün rolu xeyli güclənib və bunu görməmək olmaz. Habelə Rusiya və Türkiyə arasında da münasibətlər dəyişilib ki, mən bunda iştirak etmişəm, Ermənistan isə indi olduqca konstruktiv yolla bu dəyişiklikləri diqqətə almalıdır. Strateji məsələlərdə Ermənistanın keçmiş rəhbərliyi ilə bəzi konstruktiv anlaşmalar əldə etmək mümkün olubsa, onda yeni rəhbərlik bu anlaşmalara əməl etməlidir, bu halda heç bir problem olmayacaq. Zaman keçdikcə Rusiyanın münasibət qurmağa, yeni təmaslar tapmağa cəhd etdiyi Gürcüstan da prosesə cəlb olunacaq. Düşünürəm ki, hazırda reaksiya şişirdilib, bu konfransa xeyli intellektual qatılıb, yeri gəlmişkən, orada Ermənistandan bir qadın, hüquq müdafiəçisi Süzan Caginyan var idi.

-Bu qadının daha Ermənistandan olmadığını bilmirsinizsə, o, Bakıya qaçıb və Ermənistanda satqın sayılır.

–Xəbərim yoxdur, duruma pis bələdəm, sadəcə, qeydə aldım ki, o, oradaydı – barışın gərəkdiyi, erməni anaların iztirablarından və s.-dən danışırdı… Mən indi tələsirəm, mümkündürsə, son sual.

-Siz qeyd edirsiniz ki, barış tərəfdarısnız, amma Azərbaycanın 2016-da hərbi yolla iğşal etdiyi Lələ təpəyə qalxırsınız. Səfərinizin məqsədini necə anlayaq?

-Birinci növbədə, yəqin, bilirsiniz, Rusiyanın fikrincə, təkcə bu beş rayon deyil, bütün Qarabağ Azərbaycanın ərazisidir, beynəlxalq hüquq belə təsbit edir. Və düşünürəm ki, ölkəmin Azərbaycan ərazisi saydığı əraziyə səfər etmək yetərincə adi məsələdir. İkincisi, bu, Lələ təpə yüksəkliyinə səfər idi, hərbi xarakter daşımırdı, əlimdə silah yox idi və hərbi əməliyyatda iştirak etmirdim. Anlamaq istəyirdim ki, proseslər necə inkişaf edir, nə qədər dağıdıcı, təhlükəlidir, gələcək hadisələr necə ola bilər. Demək istəyirəm ki, bu ərazini Azərbaycan ərazisi kimi tanıyırıq və Rusiya vətəndaşının bu rayon üzrə yer dəyişməsi tamamilə normaldır, onu Ermənistan ələ keçirməyib… buranın kimin əlindən kimin əlinə keçdiyini o qədər başa düşmədim, amma hüquqi baxımdan heç bir pozuntu etməmişəm. Mən və konfrans iştirakçıları heç bir antiermənistan bəyanatı verməmişik, bu, elmi konfrans idi. Mən Kürdüstan, İraq, Suriya, Türkiyə sərhədlərində olmuşam, qaynar nöqtələrə gedərək orada nə baş verdiyini araşdırıram. Bu mənim həyatımdır, baş verənləri öz gözlərimlə görməliyəm. İnsanların əzablarını görmədən danışmaq asandır, müharibə ilə şəxsən üzləşməyəndə hər şey asan görünür, amma siz hər şeyi yaxından görməlisiniz. Mənim orada iştirakımın son dərəcə yeri var, heç bir qanunu pozmamışam, mən niyə özümə bəraət qazandırmalıyam? Mən deyirəm ki, dinc yolun alternativi yoxdur, insanlar əziyyət çəkməməlidir, qarşılıqlı güzəştlər, qarşılıqlı öhdəliklər gərəkdir. Qan – böyük faciədir.

Tərcümə Strateq.az-ındır.
Mingəçevir İES-də baş verən qəzanın detalları – EkspertMingəçevir İES-də baş verən qəza ilə bağlı “Barmek Azərbaycan”ın keçmiş texniki direktoru Vəfa Ağayevin Axar.az-a müsahibəsini təqdim edirik:

- Mingəçevir İES-in bir blokunda baş verən qəza niyə bütün ölkəni iflic vəziyyətinə saldı?

- Digər bloklar yarımstansiya vasitəsilə çalışmağa davam etsəydi, bir blokda baş verən qəza ölkəni iflic etməzdi. Lakin yarımstansiyada yaranan yanğın cərəyan transformatorunun partlamasına səbəb olub. Bu da ölkədə elektrik enerjisinin kəsilməsinə gətirib çıxarıb.

- Qəza baş verəndən sonra kiçik kəndlərə, rayonlara elektrik enerjisi verildi. Bu enerjinin Bakıdakı strateji obyektlərə yönəldilməsi mümkün deyildimi?

- Mingəçevirlə Bakı arasında əsas strateji xətlərin sayı azdır. Bu say istehsal edilən enerjinin mərkəzə ötürülməsi üçün yetərli deyil. Yəni bu xətlərdən birində qəza olsa və əks qəza avtomatikası çalışmasa, yenə eyni şey olacaq. Bu qəza baş verdiyi anda yükatma avtomatikası, asinxron gedişdən qoruma, tezliyin düşməsindən yükatan avtomatika çalışsaydı, Bakının birinci və ikinci kateqoriya işlədiciləri enerji almaqda davam edərdi.

- Azərbaycanda çoxlu İES var. Onlar ölkəni elektrik enerjisi ilə təmin etmək gücünə malik deyilmi?

- Azərbaycanın santrallarının quruluş gücü ölkənin enerji təminatına kifayət etsə də, istehsal edilən enerjini ötürəcək xətlər yetərli və dayanıqlı olmadığından, bu işə kompleks şəkildə yanaşmaq lazımdır. Yəni yenə də təkrar edirəm, baş verən 3 qəzadan biri ölkənin enerji sisteminin çökməsinə səbəb olub. Bunun da əks qəza avtomatikasının çalışmaması olduğunu düşünürəm. Çünki çalışsaydı, paytaxtın stansiyaları lokal sistemdə həyati vacib obyektləri enerji ilə təmin etməyə davam edərdi.

- Mingəçevir İES-də baş verən qəzanın səbəblərinin aradan qaldırılmasına nə qədər vaxt lazımdır?

- Mingəçevirdəki Azərbaycan İES-də 3 qəza olub. Birincisi cərəyan transformatorunun partlaması nəticəsində baş verib. Bunu dəyişmək və yanmış kabellərin yenilənməsi yarım gün çəkir. İkincisi soyutma sistemindəki yanğındır ki, bu qəzanın nə böyüklükdə olduğunu görmədiyim üçün bir zaman verə bilmirəm. Üçüncüsü və ən pisi əks qəza avtomatikasının çalışmaması nəticəsində baş verən qəzadır ki, bu da sistemin çökməsinə səbəb olub.

- Gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün hansı qabaqlayıcı tədbirlər görmək lazımdr?

- Bu halların baş verməməsi üçün ilk növbədə əks qəza avtomatikasını və rele-mühafizəni yeniləmək lazımdır. Yəni rele-mühafizə selektiv və zamanında çalışmalıdır. İkinci, yarımstansiyadakı ölçü transformatorları yeni, müasir yanğın və partlama təhlükəsizliklərinə uyğun avadanlıqlarla dəyişdirilməlidir. Ölkədə fosil yanacaqlarla işləməyən yeni külək və günəş stansiyaları tikilməlidir və bu yeni stansiyalar istehlak mərkəzlərinə yaxın yerlərdə olmalıdır. Digər tərəfdən enerji sisteminin qan damarı olan xətlər yenilənməli və enerji sistemi statik dayanıqlığını bərpa etməlidir. Yəni interkonnekte (dairəvi sistem) sistem güvənli halda gücləndirilməlidir. 500, 330, 220 Vt-lıq dairəvi sistemin gücləndirilməsi və enerji istehsalı mərkəzlərinin yerinin optimallaşdırılması, sistemin qəza vəziyyətində tamamən çökməməsi üçün mühafizə və avtomatika sisteminin gözdən keçirilməsi, avadanlıqların yenilənməsi vacibdir. Daha səmərəli stansiyaların tikilməsinə ehtiyac var. Savadlı kadrların yetişdirilməsi və nəhayət bu işlərin sürətlə görülməsi üçün istehsal və enerji ötürülməsi sistemini bir-birindən ayırmanın zamanı gəlib. Eyni zamanda Azərbaycanda enerji sisteminə yeni, gənc mühəndislər işə alınmalı və onların xarici ölkələrin enerji sistemini görmələri üçün şərait yaradılmalıdır.

Ayrılan pulların nə üçün xərcləndiyi müəyyən edilməlidir. Çünki Azərbaycanda enerji sektoruna ayrılan pullarla enerji sistemini sıfırdan yeniləmək olardı.
“Bu sistem tam yerinə yetirilsə, universitetlərdə qapını açıb, bir tələbə də görə bilmərikAzEdu.az xaricdə təhsil məsələləri ilə bağlı maarifləndirici yazı və müsahibələrinə davam edir. Budəfəki müsahibimiz FONO təhsil-tədris qurumunun müdir müavini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəzərbəy Hacıağayevdir. Onunla söhbətdə xaricdə təhsillə bağlı bir çox suallara cavab tapmağa çalışdıq:

-Nəzərbəy, ilk olaraq FONO haqqında danışaq: Necə qurumdur, hansı missiyanı həyata keçirir?

-FONO 1953-cü ildə Türkiyə Milli Təhsil Nazirliyində fəaliyyətə başlayan bir dövlət qurumudur. Elə həmin vaxtda Türkiyədə ilk distant təhsili həyata keçirib. FONO sonradan təkcə Türkiyə şəhərlərində kifayətlənməyib, Avropa və Amerikada filiallarını açaraq, türk vətəndaşlarına xidmət göstərib. 1999-2000-ci illərdə FONO dövlətlər arasındakı rəsmi razılaşmaya əsasən, Azərbaycanda da fəaliyyətinə başlayıb. Bununla da Azərbaycanda ilk dərsanə sistemi qurulub. 2000 - 2015-ci illər arasında əməkdaşlıq davam edib, 2015-ci ildə isə rəsmi lisenziya dayandırılıb. 2017-ci ildə Türkiyədə müəssisələrin özəlləşdirilməsinə başlanıldıqda FONO-nun 50%-i Azərbaycandakı türk iş adamı Səlçuk Tapan tərəfindən özəlləşdirilib. Qalan hissəsi isə yenə Türkiyə dövlətinin tabeliyində qalıb.

Biz də bundan sonra yalnız xarici dilin tədrisi deyil, ümumilikdə xarici təhsili şaxələndirməyə başladıq. Yəni burada YÖS, SAT, TOEFL, İELTS və digər proqramlar tədris olunmağa başladı. Həmçinin, xaricdə təhsillə bağlı bizə müraciətlər olunurdu. Əsas özəlliyimiz beynəlxalq təhsil qurumlarının, xüsusilə distant təhsillə bağlı əsas üzvlərdən biri olmamızdır. Biz həm də Avropa distant təhsil qurumunun üzvüyük. Burada 23 üzv var, Avropa İttifaqı dövlətləri ilə yanaşı burada Ukrayna, Hindistan, Amerika və Kanada da var. FONO bu qurumun üzvü olmaqla, həm də həmin ölkələrlə qarşılıqlı əməkdaşlıq edir. Türkiyəni təmsil edərək hər dəfə zirvə toplantılarında iştirak edir. Bu ildən qərar vermişik ki, Azərbaycan nümayəndə heyəti olaraq o toplantılarda iştirak edək.

FONO-nun kadrları peşəkarlardan ibarətdir. Müəllim işə təyin olunarkən, öncə onunla bağlı məlumatlar Ankaraya göndərilir. Yalnız Təhsil Nazirliyinin təsdiqindən sonra müəllim işə qəbul olunur.

-İlk dərsanə sistemini Azərbaycana gətirdiyinizi qeyd etdiniz. Bu sistem haqqında ətraflı məlumat verərdiniz; onun əsas özəllikləri nədir?



-Azərbaycanda dərsanə sistemi təəssüf ki, bəzi işbazların sayəsində bir qədər çökmüş vəziyyətdədir. Demək olar ki, bu sistem yoxdur. Bu, həm müəllimlərin qeyri-peşəkarlığı, həm də sistemin düzgün olmaması ilə əlaqəlidir. Dərsanə sisteminin özünün xüsusi quruluşu var: Əsas tələbənin hazırlıq prosesidir.Tələbə istər magistr, istərsə də bakalavr səviyyəsində universitetə daxil olmaq üçün bizə müraciət edir. Onların hər bir hazırlığını təmin edirik. Dərsanə sistemi o demək deyil ki, tələbə universitetə daxil olmaq üçün hazırlıq dərslərinə girdi və bununla da iş tamamlandı. Xeyr! Onu öncə müəllimlə dərsə salmalısız, dərsi başa düşməyibsə, yenidən dərsdə qalmalıdır, sonra “etüd müəllimi” deyilən mütəxəssislə dərs keçirilməlidir. Bundan əlavə, psixoloqlar da onlarla danışmalıdır. Yəni, dərsanə sistemi ümumilikdə Türkiyədə bu formatdadır; Azərbaycandakı hazırlıq sistemlərindən bir qədər fərqlidir. Burada tələbənin tədris proqramını mənimsəməsi əsas götürülmür, vacib olan onun imtahana qədər həm psixoloji, həm də mənəvi hazırlığıdır.

Azərbaycanda qəbul imtahanından sonra abituriyentlərin intihar hallarının tez-tez baş verməsi ona düzgün istiqamət verilməməsi ilə bağlıdır. Məsələn, şagird Hüquq fakültəsini seçəcəyini bildirir, amma bacarığı onu hüquqa yox, texniki fənlərə yönəldə bilər. Bəzi tələbələr deyir ki, tibbi istəyirəm. Onlarla ünsiyyətdə olandan sonra psixoloq və müəllimlərimiz aydınlaşdırırlar ki, bu tələbədən tibb işçisi olmaz. Amma sonda yenə də yekun qərarı özünə buraxırıq.

-Bəs burada tələbələrin psixoloji hazırlığı üçün nə tədris olunur? Psixoloq xidmətinin əsasını nə təşkil edir?

-Biz Bakı Dövlət Universitetinin Psixologiya fakültəsini bitirmiş bir psixoloqla müzakirələr aparıb, onu bura dəvət etmişik. Bizimlə əməkdaşlıq edib. Növbəti illərdə yeni psixoloqlar gətirəcəyik. Dünya sistemində belə bir anlayış var ki, yaxşı müəllim, həm də yaxşı psixoloq olmalıdır. Pedaqoji Universitetdə ayrıca psixologiya keçirilir ya yox, dəqiq bilmirəm. Amma dünya praktikasında bu mövcuddur. Müəllimi həm də xüsusi psixoloq kimi hazırlayırlar. Abituriyentlik keçid dönəmidir. Bu zaman dərs proqramı ilə yüklədikdə ona daha da çətin olur. Burda hər kəsin üzərinə yük düşür: həm dərsanənin, həm də valideynin... Biz təkcə tələbələrlə deyil, valideynlərlə də maarifləndirmə söhbətləri aparırıq. Bildiririk ki, övladlarınıza çox təzyiq göstərməyin və ya çox boş buraxmayın. Yəni balanslaşdırılma prosesini həyata keçirilməsini dərsanə psixoloqları öz üzərinə götürür.

-Gənclər təhsil üçün daha çox Türkiyəyə üz tuturlar. Bunun əsas səbəbləri nələrdir?

- İki faktor var: birincisi, Türkiyənin bizə yaxın dövlət olmağı, ikinci isə dil faktorudur. Bəzən, elə bilirlər ki, türk dilini onların filmlərindən və ya hər hansı musiqilərinə qulaq asaraq bilirik. Amma elə deyil, bu dilin çox çətin qrammatikası var. Başqa əsas faktor isə Türkiyə təhsilinin hazırki çox böyük inkişafıdır. Bu inkişafınsa əsas səbəbi təhsilinin Avropaya daha çox inteqrasiya etməsidir. Türkiyə təhsili dedikdə, eyni zamanda, İngiltərədəki sistemi də düşünə bilərik. Son 20 ildə Türkiyənin əsas hədəflərindən biri böyük təhsil ölkəsinə çevrilməkdir. Sual verə bilərsiniz ki, bəs niyə dünyanın top yüzlüyündə Türkiyə universitetlərinin adı yoxdur? Burada siyasi faktorlar da önəm kəsb edir. Türkiyənin əsas məqsədi təhsil turizmini inkişaf etdirməkdir. Türkiyə anlayır ki, ora gələn hər bir tələbə onların iqtisadiyyatına bir töhfədir. Təkcə təhsilin inkişafı deyil, hər bir sahəsi inkişaf edir.

İngilis elçinin Qandiylə bir söhbəti olub. O deyib ki, ingilislər Hindistanda bu qədər zorakılıqlar həyata keçiriblər, amma çox sevinirəm ki, eyni zamanda, hind xalqına təhsil verdiniz. İngilis elçisi cavabında bildirib ki, biz sizə ən böyük pisliyi etdik, öz təhsil sistemimizi yeritdik və min illərlə bundan qurtula bilməyəcəksiz. Bu gün türk dünyasını istəməyən qlobal güclər var ki, özlərini “xoşsimalı” göstərmək üçün təhsil faktorundan da istifadə edirlər. Müəyyən təqaüdlü proqramlar təşkil edirlər. Onların əsas hədəfi insanları psixoloji olaraq öz tərəflərinə çəkməkdir. Amma Türkiyənin əsas hədəfi təhsilini inkişaf etdirərək türk dünyasına öz töhfəsini verməkdir. Təbii ki, həmin proqramları yaradanlarla mübarizə aparmaq o qədər də asan deyil, Türkiyə bu məsələdə özünə, müsəlman türk dövlətlərinə güvənir. Türkiyənin əsas məqsədlərindən biri super təhsil ölkəsinə çevrilməkdir.

Söhbətin bu yerində, Avropa və Türkiyə təhsilinin oxşar və fərqli cəhətlərindən danışaq...

- Türkiyə və Azərbaycan təhsilinin fərqli cəhətlərini desəydiniz, müqayisələr edə bilərdim. Amma Türkiyə Avropa təhsilinə tam inteqrasiya edib. Türkiyə təhsili Şərqi Avropa ölkələrindən daha çox Qərb təhsilinə yaxındır. Ümumilikdə, Britaniya, Amerika təhsil sistemi ilə eyni səviyyədədir. Azərbaycan sosialist sistemindən çıxmış dövlətdir. Onun Avropaya inteqrasiya etməsi bir qədər çətindir. Kortəbii şəkildə inteqrasiya düzgün deyil, bu, mərhələli şəkildə olmalıdır. Həm pedaqoji heyət, həm tələbələr, həm də cəmiyyətin bu inteqrasiyanı qəbuletmə müddəti var. Yeni müstəqillik qazanmış bir ölkəyik. Lakin 26 ildir ki, müstəqilliyə çıxmağımıza baxmayaraq, inkişafımız daha əvvəl müstəqil olanlardan sürətlidir. Bu da əvvəldən Azərbaycanın savadlı kadrlarının olması ilə əlaqəlidir. Hazırda sovet sistemindən Avropa təhsil sisteminə inteqrasiya gedir. Bu da 3-5 ilin işi deyil. Öncə cəmiyyət bunu qəbul etməlidir.

-Son illərdə təhsil üçün xarici ölkələrə axın çoxdur. Sizcə, Azərbaycan təhsili gəncləri qane etmirmi? Buradakı əsas məqsəd hansıdır: ölkədən getmək, yoxsa, həqiqətən Qərb təhsili almaq?

-Yox, bununla əlaqələndirməzdim. Bu tendensiya dünyanın hər bir ölkəsində var. Bu gün amerikalı İngiltərədə, Fransada təhsilini davam etdirə bilər. O demək deyil ki, Amerikanın təhsilində hər hansısa problemlər var. Sadəcə, hər şey gənclərin seçim və arzularıyla bağlıdır. O demək deyil ki, bu gün Azərbaycan təhsil sistemi Almaniya ilə birdir. Problemlər danılmır, ancaq onların həlli də labüddür. Azərbaycan təhsil sistemində zəiflik, boşluqlar var. Bunların həlli üçün yollar da var. Gənclərin xaricə getməsi təhsilimizə xeyirdir. Almaniyada təhsil alıb geri qayıdan şəxs Azərbaycan pedoqoji sisteminə böyük töhfələr verə bilər. Orda gördüyü yenilikləri, bilik və bacarıqları burda tətbiq edə bilər. Türkiyə 1923-cü ildə müstəqilliyə çıxan kimi inkişaf edib deyə bir anlayış yoxdur. Gənclərin xaricə axınını Azərbaycan təhsilinin uğursuzluğu ilə bağlasaq, düzgün olmaz. İnteqrasiya, inkişaf etmək lazımdır. Sovet sistemindən çıxanda fərqinə vardıq ki, necə qapalı bir sistemin tərkibində olmuşuq. Bugün xaricdə tələbələrimizin çox olması yaxşı haldır. Lakin onlar da Azərbaycanla bağlı bir çox məslələrdə aktiv olurlar.

-Türkiyədən danışdıq, hazırda gənclər başqa hansı ölkələrə daha çox üstünlük verirlər?

-Gənclərin ən çox üstünlük verdiyi ölkələrdən biri Almaniyadır. Azərbaycan təhsilinin problemlərindən biri Avropa təhsilinə tam inteqrasiya edə bilməməsidir. Bizdə məktəblər 11, Avropada isə 12 ildir. Bu balans pozulduğu zaman onlar bəzən, bizim tələbələrimizin bakalavr sənədlərini qəbul etməkdə çətinlik yaradırlar. Qazaxıstan sovet təhsil sistemindən çıxmış bir ölkə olsa da, artıq bu mərhələni keçib. Bu gün tələbələrimiz Almaniya ilə yanaşı Litva, Ukrayna, Macarıstana üz tuturlar. İtaliyaya qarşı xüsusi bir maraq var. Təəssüf ki, İtaliya dövləti viza məsələlərində bəzi problemlər yaradır. Bu da gənclərimizə xoş olmur. Bu da İtaliyanın daxili qanunudur.

-Gənclər daha çox hansı ixtisaslar üzrə təhsil almağa gedirlər?

- Hər ölkənin özünə görə ixtisası var. Bir gənc müraciət edib desə ki, mən İtaliyada tibb təhsili almaq istəyirəm, bu, bir az gülməli olar. Məsələn, Polşanın Krakov Universitetində İdarəetmə fakültəsində oxumaq istəyən ola bilər, təbii ki, orda bu fakültə var, amma mükəmməl deyil.

-Bizdə olmayan bəzi ixtisaslar var. Həmin ixtisaslar üzrə xaricdə təhsil almaq istəyənlər olur? Onları geri qayıdandan sonra iş problemləri narahat etmir ki?



-Gənclərlə həmişə müzakirələr aparırıq, ixtisas seçimində bu məsələləri qeyd edirik. Bu günün və keçmişin ixtisasları var. Bu gün Avropada ən tələb olunan ixtisas tibbdən sonra turizm və otelçilikdir. Demək olar ki, tələbələrin 70%-i turizm oxumaq istəyir. Elə ixtisaslar var ki, həmin sahə üzrə oxumaq lazım deyil. Bəzən valideynlə, tələbənin İQ göstəricisi üst-üstə düşmür. Valideyn bəzən övladını göndərmək istəyir. Amma bu tələbə nə ingilis, nə rus dilini bilir.Onun tədris prosesini qəbul etməsi də o qədər güclü olmur. Təbii ki, valideynin arzusu ola bilər. Amma övladının səviyyəsinə nəzər salmalıdır bu istiqamətdə oxuya bilərmi?

Burdan başqa ölkəyə tələbə yönləndirəndə, burada artıq iki ölkə arasındakı münasibətlər əsas mövzu olur. Heç bir savadı olmayan 10 tələbəni ora yönləndirsək, onların təsdiq sənədi gəlsə, orda Azərbaycan haqqında xoş olmayan təəssüratlar yaranar. Valideynlərə səslənirəm: Hamı universitet oxumalıdır deyə bir anlayış olmamalıdır. Peşə təhsili,texniki məktəblər var. Universitetə göndərilən hər hansı tələbə peşə məktəbinə göndərilsə, bəlkə də öz peşəsinin mahirlərindən biri olar və daha çox gəlir əldə edər. Valideyn bunu düşünməlidir. Amma Azərbaycanda düşünürlər ki, ali təhsil, diplom olsun. Amerikada bu gün belə yanaşma yoxdur. Orada insanlar ali təhsil almağa o qədər maraqlı deyillər. Ən böyük idealları olanlar universitetə gedirlər. Digər məsələlərdə yüngül kurslar onların iş qazanmasına kömək edir.

-Xaricdə magistraturaya sənəd verərkən öz ixtisasından fərqli seçim etdikdə hansısa problemlər yaranırmı?

-Bu, gündəmdə olan bir məsələdir. Bəzən, humanitar fakültədən gəlib turizm və biznes üzrə oxumaq istəyir. Biz onlara deyirik ki, sizi göndərərik, problem yoxdur, ancaq bu sizin üçün çətin olacaq. Bu zaman dərs yükü çətin olur və ödəniş də artır. Yaxın sahə üzrə oxuduqda heç bir problem olmur. Hər tədris ilinə görə ödəniş etməli olacaqsınız. Bilmədiyiniz bir mövzuların içinə girirsiz və bilinmir və məlum deyil, hamısını mənimsəyə biləcəksiniz, ya yox. Amma magistr üzrə hər hansı universitetə yönləndirmək, qətiyyən problem deyil. Dünyada təhsil biznesi formalaşıb. Təhsilin və tədrisin mənəvi tərəfləri var. Amma burda vicdan və məsuliyyət faktorlarını kənarda qoymamalıyıq.

-FONO-da xaricdə təhsilə göndərilən tələbələr yalnız ödənişli əsaslarla oxuyurlarmı?

- Universitetlərlə əlaqə saxlayıb, onların dediklərini birbaşa valideynə çatdırırıq. Məsələn, Hollandiyada Kral Universiteti var, onlarla əlaqə saxladım. Onlar mənə dedilər ki, təhsilhaqqı illik 21 min avrodur. Soruşdum ki, hər hansı təqaüd proqramı var? Cavab verdilər ki, tələbənin nəticələri xoşumuza gələrsə birinci ildə biz onun təhsil haqqına endirim edə və ya ləğv edə bilərik. Sonra növbəti ildə təqaüd proqramına onu qoşa bilərik, bu da semestr ərzində qiymətlərindən asılıdır. Amma bəzi işbazlar iki-üçüncü mərhələni kənarda qoyurlar. Belə bir məsəl var: Tutar qatıq, tutmaz ayran. Şirnikləndirmək üçün çağırıb deyirlər ki, təqaüd proqramına müraciət edəcik, qəbul olacaqsınız. Məni düşündürən bir məsələ var. Bu işlərdə olan saxtakarlar, həm də peşəkar psixoloqlardır. Qarşı tərəfi çox gözəl cəlb edə bilirlər. Psixoloji iradəsi ən möhkəm olan insan onların yanına getdikdə xoş vədlərinə inanırlar. Elə bil ki, onlar üçün xüsusi “adam aldatma” ixtisası açılıb, hamısı oranı bitiriblər. Çox gözəl aldatma qabiliyyətinə malikdirlər. Bu da insanların məlumatsızlığından irəli gəlir. Azərbaycanda insanların aldanma istəyi var. İnsan özü də məlumatlı olmağa maraqlı olmalıdır.

-Hansı ölkələrdə təhsilhaqqı daha yüksəkdir?



-Ən bahalı ölkələrdən biri İsveçdir. Çünki bura təhsilin inkişafına görə dünyada bir nömrəli ölkədir. Sonra əməkdaşlıq etdiyimiz İsveçrədir. Amerika, Kanadada da qiymətlər yüksəkdir; illiyi 10-15 min avroluq universitetlər var. Məsələn, Amerikada universitetlər var ki, illik təhsilhaqqı 23 min dollardır. Qiymətlər əyalətə və universitetin keyfiyyətinə görə dəyişir. Bəzən valideyn gəlib deyir ki, mənə tez hansısa universitet haqqında məlumat verin. Başa salıram ki, mənim əlimdə məlumatlar var, amma dünyada 79 mindən çox universitet var. Bir şəxsin istəyinə uyğun universitet tapmaq üçün bir gün vaxt sərf olunur. Amma bu gün Avropa Distant Təhsil qurumunun üzvü olduğumuz üçün hər yerə qapımız açıqdır.

-Tələbələr dövlət, yoxsa özəl universitetlərə üstünlük verir?

-Bu tendensiya yalnız Azərbaycanda mövcuddur. Hər içəri girən “dövlətdi ya özəl” sualını verir. Dünyada isə belədir: özəl universitetin keyfiyyəti dövlət universitetindən daha yaxşıdır. Çünki düşünürlər ki, özəl universitet biznes obyektidir və özünü inkişaf etdirmək üçün gəlir mənbəyi oradakı tələbələrdir. Bunun üçün hər şeydən istifadə edəcək ki, ən yaxşı olsun. Hətta qardaş Türkiyədə də bu yanaşma var.

-Əsas problemlərdən biri xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlıdır. Əsasən hansı ölkələrdə təhsil alanlar bu problem üzləşirlər?



-Elələri var ki, hansısa saxtakarlar vasitəsilə və ya öz yollarıyla Ukraynaya gedirlər. Bu hal ən çox Ukrayna və Rusiyadadır. Bəzi yollarla öz diplomlarını alırlar, qayıtdıqdan sonra rus dilində heç “salam, sağol”u da bilmirlər. Təhsil Nazirliyində müsahibədən keçəndə ona görə də diplomları təsdiqlənmir. Həmçinin, Azərbaycanda distant təhsil haqqında qanunun olmadığı haqqında məlumat vermirlər. Bu da yenə saxtakarların və məlumatsızlığın nəticəsidir. Bizə də İsveçdən gələn nümayəndələr distant təhsillə bağlı təkliflər etdilər. Amma bildirdim ki, bununla bağlı mükazirələri dayandıraq. Türk vətəndaşları göndərə biləcəyimi, amma azərbaycanlı tələbələri göndərə bilməyəcəyimi dedim. Çünki Azərbaycan qanunvericiliyi distant təhsili qəbul etmir. Bu məsələlərə diqqət etmək lazımdır. Sonra həmin ölkənin Təhsil Nazirliyinin o universitetə tanıdığını, lisenziyası olduğunu bilmək lazımdır.

-Distant təhsillə bağlı müraciət edən azərbaycanlı tələbələr olurmu?

-Bu qanun olmasa da azərbaycanlı tələbələr distant təhsil ala bilər. Bəlkə onun məqsədi Azərbaycanda qalmaq deyil. Sadəcə, bu təhsil sistemi Azərbaycanda tanınmır. Biz də istəyirik tədris və təhsilin inkişafına görə, Avropaya inteqrasiya yolunda distant təhsil haqqında qanun qəbul edilsin. Ancaq bizim cəmiyyət buna hazır olmalıdır. Mənim təklifim budur, amma digər ekspertlərin arqumentləri daha iddialı ola bilər. Cəmiyyətin bu proseslərə hazır olması lazımdır. Biz hələ Boloniya sisteminə hazır deyilik. Boloniya təhsil sistemi tam yerinə yetirilsə, inanın ki, universitetlərdə qapını açanda bir nəfər görmək olmaz. Bu sistemdə tələbənin dərsə gəlib, gəlməməsi maraqlı deyil. Sonda imtahanını verəcəksən. Necə öyrənəcəksən, ya yatıb yuxuda görəcəksən, bu, artıq tələbənin işidir. Türkiyə əvvəldən bu sistemlə başlayıb, amma bizdə sovet təhsil sistemi olub. Pedoqoji heyətin yenilənməsi baş tutmalıdır ki, bu sistemlərə keçirilsin.

-Konkret olaraq distant təhsillə bağlı müraciət edən olubmu?

-Son zamanlar insanlar bizdə distant təhsillə bağlı qanunun olmamasına inandırılıb. Müraciət çox azdır.

-Qanun qəbul olunarsa nə kimi dəyişiklər baş verə bilər?

- Birinci, təhsildə Avropa modeli üstünlük təşkil edəcək. İkincisi də çox gözəl haldır ki, evinizdən çıxmadan tədris proqramını yerinə yetirirsiz və sonda diplom alırsınız. Ümumiyyətlə, Avropada qəbul edilən qərarlar insanların rifahı üçün nəzərdə tutulur. Bizdə bəlkə bir-iki ilə tam hazır ola bilər, amma indi yox. Bu qərarın qəbul olunması tam olaraq Avropa təhsil sisteminə gətirilməsi deməkdir.

-Hazırda tələbələr xaricdə təhsil üçün müxtəlif beynəlxalq imtahanlara üz tuturlar. Ən çox hansına üstünlük verilir?

- Son illər İELTS imtahanları çox inkişaf edib. Elə vəziyyət yaranıb ki, müraciət çox olduğundan onlar Tiflisdə imtahan verməyə gedirlər. Bu, tələbənin dil biliyinin inkişafı ilə yanaşı, həm də xarici universitetlərin bu sənədlərə güvənməsidir. Beynəlxalq proqranların üstünlüyü odur ki, universitetlər tərəfindən daha çox tanınırlar. Hansısa dil bilib imtahan nəticəsi olmayanda, universitetə qəbul çətin olur. Qarşı tərəfi inandırmalısınız ki, siz ingilis dilində danışa bilirsiniz. Bu imtahanların tələbi daha çox miqrantların qərb ölkələrinə axını ilə bağlıdır. Təsəvvür edin ki, artıq yaş məhdudiyyətləri belə müəyyən edilib. Bəzən miqrantlar təhsil adıyla gəlib, ölkədən getmək istəmirlər. Ona görə avropalını tam inandırmalısan ki, sən ora təhsil üçün gedirsən və ölkənə qayıdacaqsan.

-Beynəlxalq imtahanların qiymətləri elə də ucuz deyil. Bunlar nəyə görə müəyyən olunur?

-Qiymətləri təyin edənlər düşünür ki, bu məbləği ödəyə bilirsə , demək bura təhsil üçün gəlir. Niyə Almaniya təhsil üçün gələnlərdən tələb edir ki, Düsseldorf bankında 9 min avro pul olsun. Çünki əmin olmalıdır ki, iş dalıyca gəlmirlər.

-Bəzən təqaüd proqramlarında belə bank hesabında müəyyən məbləğdə pulun olmağı tələb olunur. Bu nə dərədəcədə doğrudur?

-Təqaüd proqramları onun üçün nəzərdə tutulmayıb ki, tələbənin təminatını həyata keçirsin. Düzdür hesablananda bunlar nəzərə alınır. Bu proqramlar sırf həvəsləndiricidir. Avropa təhsilini psixoloji, mətnaltı olaraq bizimkilərin beyninə yeridirlər. Bu gün Şərq - Qərb münaqişəsi gedir. Onlar bu yollarla özlərini yaxşı göstərməyə çalışırlar. Ona görə müəyyən məbləğ qoyurlar ki, ora gələnin məqsədi sırf təhsil olsun.

Nəzərbəy son sualım belədir: Xaricdə təhsil azərbaycanlı tələbələrə nə dərəcə iş imkanları qazandırır?

-Bu, çox gözəl tendensiyadır. Biz qapalı ölkə deyilik. Təhsil inteqrasiya, inkişaf dövrünü yaşayır və bunun əsas tərəfləri xaricə tələbə göndərməkdir. Onlar öyrəndiklərini burada tətbiq edəcəklər. Bu yalnız pedaqoji sahədə deyil. Tibbdən gələnlər də gözəl həkim ola bilərlər. Onlar gəlib təcrübəsini həmkarlarıyla da bölüşə bilərlər. Avropaya edilən istənilən inteqrasiya ölkəmizin Avropa modelinə keçidi deməkdir. Həm də yeni iqtisadi inkişaf deməkdir.
Tailandda cinsiyyətini dəyişdirən azərbaycanlı kimdir? - FotoÇağdaş dünyada insanların bir qismi hiss və davranışlarına görə özünü əks cinsin nümayəndəsi kimi hiss etdiyi üçün cinsiyyətini dəyişdirmək məcburiyyətində qalır. Bir vaxtlar bu məsələ dəhşət kimi qarşılansa da, sonradan bunun bioloji səbəblərinin olduğu sübuta yetirildi. Artıq ölkəmizdə də cinsini dəyişən insanlara rast gəlmək olur. Soruşsan, hərəsinin özünə görə səbəbi və ya kimlərəsə görə “bəhanə”si var. Kimi də görüntü, ya hansısa tələbatlarına yox, hisslərinə və arzusunda olduğu ailəyə sahib olmaq üçün bu addımı atdığını deyir.

Müsahibim hamının Tuncay kimi tanıdığı Aysel Əkbərovadır. Yaxın 2-3 dostu və uşaqlıqdan tanıyan ətrafından başqa heç kim onun qız olduğunu bilmir.

Aysel nələr görüb, nələr yaşayıb – bu barədə özü danışacaq.

Nə ata üzü, nə ana qayğısı gördüm

O, 1989-cu ilin 28 dekabrında dünyaya gəlib, Bakıda, Yasamalda böyüyüb. Arzuolunmaz uşaq olub, atasının ailəsi razı olmadığından anası ilə ailə qurmayıb. Nə atasının üzünü, nə anasının qayğısını görüb, onu elə ana bildiyi nənəsi böyüdüb. Bunu isə kinayəli gülüşü ilə danışır:

“Atamı görməmişəm, harada olduğunu bilmirəm, maraqlanmamışam, məni axtarmayanı niyə axtarım ki? Sadəcə ad olaraq Cəlal yazılıb, amma özünü mənə təqdim etməyib. Danışdıqlarından tək bildiyim sarışın və gözlərinin rəngli olması idi. Heç ana qayğısı da görməmişəm, məni nənəm böyüdüb. Anamın görüntüsünü xatırlayıram, amma səsini unutmuşam. Anam İranda yaşayırdı. Orda ikinci dəfə evlənmişdi”.

Anası 37 yaşında İranda rəhmətə gedib. Ayağının qırıldığını deyib çağırsalar da, getdikdən sonra vəziyyətin başqa olduğunu öyrənib:

“Əslində, niyə getdim, bilmirəm, anama da əsəbi idim, amma deyəsən, artıq bağışlamış kimiyəm”.

Bundan sonra Aysel üçün ən çətin günlər başlayıb. Ailə qurub, Türkiyəyə köçən xalası nənəsi və onu da özü ilə aparıb:

“Nənəm ən çox qızlarına bağlı idi, anamın ölümünü qəbul edə bilmirdi. 6 yaşım vardı, hər səhər ağlamaq, qışqırtı səsinə oyandığımı xatırlayıram. Xalam bu vəziyyəti bildikdən sonra nənəmə dedi ki, gəl, köç, burda yaşa. Nənəm vətəndaşlıq alması üçün Türkiyədə formal bir nikaha girdi. Yaşlı bir adama baxırdı, yetim olduğum üçün məni də böyüdürdü. Ondan başqa heç kimim yox idi”.

Bir oğlanı döyüb, məhkəməyə düşdüm

Aysel birinci sinfi Bakıda oxuyub, sonra isə təhsilini Türkiyədə davam etdirib. 18 yaşında orta məktəbi bitirib, universitetə qəbul olsa da, oxumayıb:

“Türkiyədə bir oğlanı döydüm. Həyatda özümə aid məhrəmlərim var. Mənə hər şeyi demək olar, amma ailəmə yox. Çünki mənim bir yox, iki anam var. Ona görə birinin ədəbsizliyinə görə dava oldu, məhkəməyə düşdüm, 3 il davam etdi. Sonra Azərbaycan vətəndaşı olduğum üçün bura gəldim. Bəraət aldıqdan sonra yenidən Türkiyəyə qayıtdım”.

Dayım nənəmin göndərdiyi pulu mənə vermirdi

Bakıya gəldiyi ilk günlər özünə aid evdə dayısıgillə birlikdə yaşayıb. Nənəsinin Türkiyədən ona göndərdiyi pulla dolanıb, lakin daha sonra vəziyyət dəyişib:

“Gəldiyim ilk il işləmək istəmədim. Bütün gün kitab oxuyurdum. Amma nənəmin göndərdiyi pulu dayım alıb, mənə vermirdi. Bir dəfə son pulumla keyfiyyətli qəşəng bir ayaqqabı aldım. Avqust ayı yaxınlaşır, mən hələ də yayın ortasında cırıq-cırıq olmuş qış ayaqqabısında gəzirdim. İşləmirəm, eyni paltarları geyinirəm, siqaret çəkirəm, almağa pulum yox. Bir gün bir yerə dəvət etdilər. Evdən çıxanda dayımdan yol pulu istədim. O da mənim pulumu mənə verməyəndə dedim ki, mən işləməliyəm”.

Soyuq, əşyasız evdə qalmışdıq

Həmin vaxt nənəsi Türkiyədə beyin qanaması keçirdiyi üçün Bakıya, onun yanına qayıdıb. Dayısı nənəsi ilə dalaşıb, ailəsini götürüb evdən gedib. Onlar soyuq, əşyasız evdə qalıblar:

“Qış vaxtı nənəmlə soyuq, qazsız evdə qalmışdıq. Bir yorğanımız, döşəyimiz vardı, bütün əşyalarımızı da qırıb tökmüşdülər. Heç kim işləmirdi. Əvvəlcə “Elmlər”də bir restoranda günü 7 manata kuriyer kimi işləməyə başladım. Mənim həyatımda önəmli olan, son puluma aldığım o ayaqqabıların içinə sellofan salırdım ki, su keçməsin”.

Kuriyerlikdən aşpazlığa...

Bütün gün işləyirdim. O vaxt qərar verdim ki, aşpaz olacağam. İşi də çox yaxşı bildiyim üçün səhərlər mətbəxdə olurdum, günortadan sonra öz işlərimi görürdüm.

Çox yaxşı qazanırdım. Taksi üçün verilən pulu da avtobusla gedib, özümə yığırdım. Qazandığımı evə gətirib nənəmə verirdim. Nənəm paralic olduğundan onun bütün ehtiyaclarını mən ödəyirdim. İndiki yaşım olsaydı, bəlkə, mənə yüngül gələrdi, amma o yaşda elə deyildi.

Üç ay ərzində o evi yenidən düzəltdim. 2012-ci ildə isə nənəm rəhmətə getdi.

Qadınlığı heç vaxt qəbul etmədim

O deyir ki, heç vaxt qız kimi görünmək, yaşamaq istəməyib. Hələ 6 yaşında uzun saçları olmasına baxmayaraq, qız kimi görünmək istəməyib. Əvvəllər ailəsi, qohumları çox təzyiq göstərsə də, yenə tək dəstəkçisi nənəsi olub:

“Bəlkə mənə əsəbiləşəcəksən, qınayacaqsan, amma... Mən qadınlığı heç vaxt qəbul etmədim. 6 yaşımda belə xoşuma gələn tiplər vardı. O zamanlar da nədən xoşum gəldiyini bilirdim. Qızlar oyuncaqlarla oynayanda, mən qarajların üstündə hoppanırdım, futbol oynayırdım. Məhlədə dalaşırdım, oğlan dostlarımla davalara gedirdim. Hər zaman haqqımı müdafiə edən insan olmuşam. 18 yaşımda dayım, xalam çox problem çıxartdı. Nənəm dedi, hər zaman düzgün, dürüst ol, mən yanındayam. İndi də ancaq bir qohumum dəstək olur. Çox təzyiqlər olurdu. Məsələn, ətək geyinməyi, qız kimi hərəkət etməyi sevmirsən, amma onu zorla geyinmək məcburiyyətindəsən. Niyə? Həyat mənimdir... Bir gün heç kimə deməmiş gedib uzun saçlarımı kəsdirdim”.

Hormonlarım 70% kişidir

Aysel deyir ki, bütün bu basqılardan qurtulmaq üçün Türkiyəyə qayıdıb. Orda heç kim onun keçmişini bilmədiyindən daha rahatdır: “21 yaşımda Türkiyəyə getdim. Mənim üçün orda daha rahatdır”.

Psixoloji arayışım var, hormonlarımın 70%-i kişi hormonudur. Bax, bunların mənimlə əlaqəsi yoxdur, belədir. (Üzündəki tükləri göstərir) Çox insan qınayır ki, Allah səni belə yaradıb. Bu hissiyyatı mənə Allah verib, öz-özümə qoymamışam. Məni qınayanlar barədə bir şey düşünürəm, cahildirlər”.

Sevgili olduğum qız cinsiyyətimi bilmədi

Sevgililərinin çox olduğunu deyir. Ən maraqlısı isə sevdiyi qız onun cinsiyyətindən xəbərsiz olub:

“Həyatımda çox pis bir travma yaşamışam. Mənim 3 il yarım davam edən münasibətim oldu. Qız heç nə bilmədi bu qədər müddətdə. Alman idi, onu dəhşət çox sevirdim. Bir kişi kimi davransan da, fiziki olaraq bəzi məsələlərdə əskiksən.

Bir qadın birini sevirsə, onun birlikdə olmaq, yaxınlaşmaq istəyir. Bir qadın sənə yaxınlaşmaq istəyəndə, sən 3 il ərzində itələyəndə necə olsun... Ayrılıq səbəbi bu deyil, amma əsas səbəblərdən biri də budur”.

Evimi satıb, Tailanda əməliyyata gedirəm...

Aysel əməliyyata gedə bilmək üçün illər sonra yenidən Azərbaycana gəlib, evini satıb, sənədlərini hazırlayıb. Cinsiyyətini dəyişmək, əməliyyat olunmaq üçün Tailanda yola düşüb:

“Bunu illərdir düşünürəm. Bu barədə cəmi 2 nəfər bilir, qohumum və ən yaxın 23 illik dostum. Əməliyyatdan sonra vəsiqəm də dəyişəcək. 3 əməliyyata girəcəm. Biri sinə hissə, ikincisi aşağı hissə və bədəni ümumi düzəltmə. Bu, növbə ilə 1 ay yarım-2 aya olacaq.

Lüks bir xəstəxana ilə danışdıq, 12 min dollar istədi. Evimin pulu ilə gedirəm. Hazırda hesabımdakı pulun üzərinə işləyərək pul yığsam, yenidən ev ala bilərəm”.

Ailə qura bilmək üçün kişi olacağam

O deyir ki, ailə qurub xoşbəxt olmaq üçün bu addımı atır. Əməliyyatdan sonra isə Azərbaycana gəlib, sənədlərini qaydaya salıb, daha sonra Türkiyəyə qayıdacaq:

“Tək ölmək istəmirəm. Ən böyük ehtiyacım ailədir. Çünki mən anasız, atasız - yetim böyüdüm. Gizlənməmək, vəsiqəmi göstərdikdə bəzilərinin üz ifadəsini görməmək, ailə sahibi olmaq üçün əməliyyat olunuram.

Həyatımda bir insan olsun, ancaq ona əməliyyat olunduğumu deyə bilmərəm. İstər-istəməz məni qınayacaq. Hətta səninlə danışırıq, bəlkə, indi sən də qınayırsan”.

axar.az
""Kimlərsə mütləq getməlidir, biz gəlməliyik" prinsipi heç vaxt xeyir gətirməyib""Bir daha deyirəm, xəbər daşıyıcılarının KİV olaraq hüquqi statusa yiyələnmələri önəmlidir. Bu mexanizm tətbiq edilməlidir".

Avrasiya.net xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov APA-ya müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- Son zamanlar internet medianın problemləri müzakirə olunmaqdadır. Bu baxımdan yeni yaradılmış Media Klubu aktivlik göstərir. Bu barədə Siz nə düşünürsünüz?

- İstənilən prosesin müsbət nəticələr verməsi bu prosesdə iştirak edənlərin niyyətindən, məramından asılıdır. Təəssüf ki, bir çox hallarda niyyət və məram fərqli olur. Gəlişigözəl fikirlər məqsədi bir növ, məchul saxlayır. Buna görə də indidən nəyin, hansı fikrin və xəttin müsbət sonluq gətirəcəyini söyləmək çətindir. Amma bir məqam qətidir - internet media ilə bağlı məsələlər qaydasına düşməlidir. Bunu dəfələrlə parlament tribunasından da bildirmişəm. Konkret təkliflər vermişəm, əsaslandırmışam.

Bəli, internet medianın hüquqi statusu müəyyənləşdirilməlidir. Yəni o, kütləvi informasiya vasitəsi statusuna malik olmalıdır. Bu, bütövlükdə cəmiyyətin mənafeyi baxımından vacibdir. Hüquqi status internet media orqanının KİV üçün olan imtiyazlardan bəhrələnməsi deməkdir. Bu mexanizmin tətbiqi nəticəsində cəmiyyət də onun fəaliyyətini mübahisələndirmək imkanı əldə edəcək.

Təsəvvür edin, indiki halda məhkəmələr internet media vasitələri barədə qərar çıxarmaqda çətinlik çəkirlər. Eləcə də Mətbuat Şurası olaraq biz. Bəzən, barəsində şikayət olunan hansısa saytın ünvanını tapmaq, ümumiyyətlə, mümkün deyil. Bilmək olmur ki, orada yazan, idarə edən kimdir. Nəticədə məsuliyyətsizlik mühiti formalaşır. Bu isə öz növbəsində gərginlik yaradır.

Ümumən bir çox cəhətlərə toxunmaq mümkündür və Mətbuat Şurası olaraq toxunmuşuq da. Məsələ Media Klubu və qeyri-təşkilatın müzakirə açmasında deyil. Əlbəttə, konstruktiv müzakirə, xoş niyyət varsa, müsbət sonluqlar olacaq. Əsas olan yanaşmadır. Belə görürəm ki, klubun yanaşmasında ciddi problemlər var.

- Media Klubunun toplantısında Mətbuat Şurasının ünvanına da ittihamlar səslənib. Bununla bağlı nə deyə bilərsiniz?

- İttiham etmək çox asandır, ancaq hətta ittiham etmək əzmi belə səmimi olmalıdır, hansısa maraqlardan irəli gəlməməlidir. Əks halda, qərəz təsiri bağışlayacaq. Hər halda bizim də bildiyimiz bir çox şeylər var.

Bildirilir ki, dövlətin kütləvi informasiya vasitələrinə, o cümlədən internet mediaya münasibətdə siyasəti dəyişməlidir. O da bildirilir ki, KİV-lərin bu problemə uzun müddət konstruktiv yanaşma təcrübəsi uğursuz olub. Məncə, hansı mesajların verildiyi çox aydındır və bu mesajları verənlər vaxtilə bu gün ittiham etdikləri Mətbuat Şurasında təmsil olunublar. Onlar vaxtilə mövcud olmuş Bakı Mətbuat Klubu ideyasının tarixə çevrilməsində hakimiyyətin Mətbuat Şurası planını əsas kimi göstərirlərsə, nəzərə alınmalıdır ki, özləri də həmin planın içərisində olublar. İndi özlərini elə aparırlar ki, sanki Mətbuat Şurasından ayrılma səbəbləri hansısa ideoloji baxış fərqləridir. Birlikdə nə təklif etmişdiksə, həyata keçib. İstər mediaya dövlət dəstəyi Konsepsiyası olsun, istərsə də ona uyğun olaraq yaradılmış KİV-ə Dövlət Dəstəyi Fondu.

Ona görə həyata keçib ki, proseslər dövlətin də maraqlarına cavab verirdi. Yəni dövlət ümumən mediaya diqqət və qayğını prioritet seçirdi. Bu cəhət dəfələrlə Prezident İlham Əliyevin çıxışlarında vurğulanıb. Dövlət başçısı medianın durumuna kifayət qədər səmimi və həssas münasibət göstərib. Nəticədə dövlət üçün prioritet olan sahələr Konsepsiyada əksini tapıb. Əlbəttə, Konsepsiya fundamental dövlət sənədidir və ona uyğun olaraq daha geniş miqyaslı işlərin görülməsi mümkündür. Əminəm ki görüləcək də. Bu, günümüzün tələbidir. Eləcə də internet mediaya dövlət dəstəyinin göstərilməsi.

Bir məsələni də yadda saxlamaq lazımdır ki, Konsepsiya heç də KİV-ə dövlət dəstəyinin əbədiliyini nəzərdə tutmur. Sənəd onların müstəqilliklərinin dəstəklənməsi üçündür. Müəyyən vaxtdan sonra dövlət dəstəyindən, ümumiyyətlə, imtina oluna bilər. Dəyişəcək siyasət bu olacaq. Hədəf də budur. Ancaq hələlik başqa yol yoxdur. Əslində dövlətin media siyasətinin dəyişilməli olduğunu bildirənlərin də heç bir baxışları yoxdur. Baxışları qrup mənafelərinə xidmət platformasındakı demokratizm, mütərəqqilik imitasiyasından o yana keçmir. Yenə də deyirəm, ittiham etmək çox asandır.

- Yeri gəlmişkən, ayrı-ayrı saytların domenlərinin bloklanması da ciddi müzakirə mövzusudur...

- Hansı KİV-lərdir bloklananlar - əvvəlcə buna diqqət yetirilməlidir. Və bloklanmanı internet medianın problemi kimi qabartmaq nə dərəcədə düzgündür? Məncə, düzgün deyil. Bəli, saytların bloklanması üçün hüquqi zəmin olmalıdır və var. Bu, demokratik dövlət quruculuğunun tələbidir. Məsuliyyətsizlik, peşə dəyərlərinə hörmətsizlik varsa, buna adekvat münasibət olmalıdır. Məsələnin söz və ifadə azadlığına etinasızlıq kimi göstərilməsi sui-istifadədir.

İddia olunur ki, məhkəmə qərarı olmadan bloklanan saytlar var. Ancaq nəzərə alınmır ki, o saytlar hüquqi baxımdan KİV olmadıqları üçün onların fəaliyyətinin bu və ya digər formada dayandırılması üçün məhkəmə qərarına ehtiyac yoxdur. Əlbəttə, bir daha deyirəm, xəbər daşıyıcılarının KİV olaraq hüquqi statusa yiyələnmələri önəmlidir. Bu mexanizm tətbiq edilməlidir.

Ümumən bloklanmanın faciə kimi qiymətləndirilməsinin əleyhinəyəm. Bütün dünyada bu mexanizm tətbiq edilir. Hesab edirəm ki, qanuna düzəliş edilməli və bloklanma üçün bəlli müddət qoyulmalıdır. Bu barədə parlamentdəki çıxışımda da bildirmişəm. Nöqsan varsa, islah üçün şans tanınmalıdır. Məqsəd heç də cəzalandırmaq təsiri bağışlamamalıdır. Dünyada bu parktikadan geniş istifadə edilir. KİV-lərin fəaliyyətinin dayandırılması məsələsinə onların yol verdikləri xətanın dərəcəsindən asılı olaraq yanaşılır. Üç, beş, yeddi, on ay, bir il - konkret müddətlər seçilir. Düşünürəm ki, bizdə də oxşar mexanizmlər tətbiq edilməlidir və böyük ehtimalla ediləcək də.

Bildirilir ki, 2007-ci ildən bu günədək "KİV haqqında” Qanuna 13 dəfə məhdudlaşdırıcı xarakterli dəyişikliklər olub. Onu deyim ki, "KİV haqqında” Qanun bəlkə də ən az dəyişikliyə məruz qalan qanundur. Cəmiyyət dəyişir, reallıqlar dəyişir. Qanunlar da buna uyğunlaşdırılır. Burada faciəyə döndəriləsi heç nə yoxdur, əksinə təkmilləşdirmələr aparılır. Kimlərinsə məsələni söz və ifadə azadlığı müstəvisinə daşıması yalnız spekulyasiya mahiyyəti daşıyır. Onlar nəzərə alsınlar ki, mövcud sahədəki məsuliyyətsizlikdən, düzənsizlikdən bütövlükdə cəmiyyət əziyyət çəkir.

- Amma Media Klubunun iclasında media ilə bağlı bir çox məsələlərdən söz açıldı. Sizcə, orada səslənən fikirlərin faydalı tərəfləri üzərində dayanmaq lazım deyil?

- Əlbəttə, media ilə bağlı bütün təşəbbüslərdə fayda var. Biz hətta ən faydasız adamların belə fikirlərini dinləmişik. Bəzən dəlidən doğru xəbər eşitdiyimiz anlar olub (gülür). Media Klubuna gəldikdə, orada kifayət qədər jurnalistlik təcrübəsi olan adamlar var. Ancaq sıralarında sahəyə aid olmayanları da görürük. "Reket jurnalist” təfəkkürlü bu adamlarla bir səngərdə olmaq, bilmirəm nə dərəcədə düzgündür və belə yanaşma nə dərəcədə səmimidir. Bəlkə klubun tərkibini geniş göstərmək istəyirlər, bilmirəm...

Media Klubunun son iclasındakı məruzəyə nəzər saldım. Bəli, qəti şəkildə razılaşmadığım məqamlar var və onlardan söz açdım. Digər tərəfdən, məsələ heç də məruzədə nələrin səslənməsində deyil. Vəziyyət hər kəsə məlumdur. Məlum olmayan məsələ kimlərinsə bəlli ideya və platforma olmadan nəyisə ələ keçirmək niyyəti ilə meydana atılmasındadır.

Ayrıca sənəd müxtəlif vaxtlarda bizim səsləndirdiyimiz fikirlərin məcmusudur. Təbii, bu məcmunun yenidən gündəmə gətirilməsinin özü də cəmiyyət üçün xeyirlidir. Ancaq gərək, əməldə də səmimi və sadiq olasan ki, inam qazanasan, etimadı yerə vurmayasan. Başlıca dəyər budur və hər zaman dəyişməz qalacaq.

Bir məsələni də qeyd edim. Meydan açıqdır. Medianın gələcəyi naminə kimliyindən asılı olmayaq hər kəs mövqeyini bildirə bilər. Ancaq tənqid etməyin, irad bildirməyin də bir həddi var. Bolşeviksayağı yanaşmaq doğru deyil. "Kimlərsə mütləq getməlidir, biz gəlməliyik" prinsipi heç vaxt xeyir gətirməyib.
“Məmurlar da bir-birinə “protiv” gedir” – Elnur Şuşalı avtoritetlərin savaşından DANIŞDIBir neçə gün öncə avtoritet Elnur Şuşalı haqqında video yayılıb. O sevdiyi qadına müraciət edir. İddia edilirdi ki, həmin videodan sonra Lotu Quli E.Şuşalını ətrafından uzaqlaşdırıb. Həmin xəbər Unikal.org saytında da yayımlanmışdı.

Bu səbəbdən avtoritet Elnur Şuşalı Unikal.org-la özü əlaqə saxlayıb və bəzi məsələlərə aydınlıq gətirmək istədiyini deyib.

- İddia edilir ki, həmin videodan sonra sizi Lotu Quli ətrafından uzaqlaşdırıb. Bu barədə nə deyərdiz?


- Yazmısız ki, Lotu Quli avtoriteti ətrafından uzaqlaşdırdı. Bu məlumatı hardan alıbsız ki, mən uzaqlaşmışam, ya uzaqlaşmamışam. Olan şey yazılanda adama ləzzət edər.
Bunu yayan adam "proqramist”dir. Dədə, şəkilə diqqətlə baxsanız, görəcəksiniz ki, mənim boynuma "Quli” sözü yazılıb. Amma baxın görün, o videoda mənim boyunumda yazılan "Quli” sözü varmı? Yoxdur.
Bunu yayan adam mənim doğma bibim oğludur. Aygün də mənim yoldaşımın adıdır. Onu mən adam etmişəm, mən onu Avropaya gətirmişəm. Üstü örtülü deyim, başa düşərsən - O Azərbaycana 3 günlük gedəndən sonra oturdu kiminsə qucağında. Mənə qıcıq verməkdən ötəri belə şeylər yaydı ki, Azərbaycana gəlim.
Birincisi, mən qol gücü idmanı ilə yox, ağır atletika ilə məşğul olmuşam. Avropa, Asiya çempionuyam. 10 dəfə Azərbaycan çempionu olmuşam. Bu adam məni şantaj elədi. Az əvvəl də dediyim kimi, doğma bibim oğlu buradan Azərbaycana gedəndən sonra məni şantaj etməyə başladı. Kiminsə qucağında oturdu. Mənə qıcıq verir ki, özüm ora gəlim. Hər şeyin axırına baxın. Bu gün – sabah o haradasa görünəcək ki, onun başına nələr gəlir. Mən bunu qorxmadan deyirəm. Mən kişiyəm, elədiyimi də, nə edəcəyimi də deyərəm. O mənim ailəmə bacı deyib, onun qarşısına çörək qoyub. Qeyrətli oğlan bu hərəkəti edər, brat?

- Yəni, deyirsiniz, uzaqlaşdırılma yalandır?


- Axı, mən Qulidən uzaqlaşmamışam və yaxud əksinə. Dədə, mən bugünkü gün də hamı ilə "obşaq” da edirəm, hamı ilə əlaqədəyəm də... Bunu yazınca deyin ki, Elnur Şuşalı Azərbaycanda qocalar evinə, Qarabağ əlillərinə kömək edir, yazın, deyim hə....
Elnur Şuşalı böyük bir xeyriyyə fondunun prezidentidir, Avtoritetdən əlavə Avropada iş adamıdır. Düzü nədir onu yazın. Mən uşaq evlərindən tutmuş, nə qədər yetim-yesir var, onlara əl tutan oğlanam. Elnur Şuşalı Prezidentə, dövlətimizə qarşı söyüş söyənlərin hamısının qarşısına çıxan admadır. Çünki mənim dövlətimə qarşı heç kim heç nə edə bilməz. Çünki biz azərbaycanlıyıq. Bizim dövlətimizi pisləməyə haqqımız yoxdur. Bayrağının, dövlətinin qeyrətini bilməyən adam namusdan qeyrətdən danışa bilməz. Bəli, Elnur Şuşalı bu gün Avropada yaşayır. Hər cür şəraiti var. Mənim qaqaşım, reallıq nədir, onu yazın, sizə zəng etmərəm. Başa düşürəm, siz eşitdiyinizi yazırsız, jurnalistsiz. Sizə heç nə demirəm. Amma dədə, mənim nömrəm var. Özümə zəng edin, nə sualınız varsa, cavab verim. Mən indi sizə qardaşyana demək istəyirəm ki, olanı yazın canım qurban. Əgər mən nəsə səhv hərəkət etmişəmsə, yazsaz, mən dillənmərəm. Bu gün Elnur Şuşalıya Avropanın özü dayaq durur. Avropada tanınan adamlarıq. Kimsə mənim haqqımda yazanda heç vecimə olmur, çünki mən özümü tanıyıram. Allah göydən görürsə, bu, mənə bəsdir. Reklama ehtiyacım yoxdur.

- Ümumiyyətlə Azərbaycanlı avtoritetlər arasında son illər intriqalar daha da çoxalıb. Gah deyirlər, Lotu Quli Lənkəranskini öldürdü, gah da başqa məsələlər.... Buna necə münasibət bildirərdiz?


- Hərə özünə cavabdehdir. Mən öz fikirimi bildirəcəm. Allah Rövşən Lənkəranskiyə rəhmət etsin, Quliyə can sağlığı versin. Amma o intiraqa söhbətinə gəldikdə, görürsən ki, eyni qurumda çalışan iki məmur bir-birinə "protiv” gedir. Əks gedirlərsə, bir-birlərinə qarşı bunu cəm halda yazmaq lazım deyil.
Bir də görürsən ki, qardaşlar arasında da intiriqa gedir. Buna qısa misal - mənim doğma bibim oğlunun hərəkətidir.
Bu həyatın qanunudur. Amma bu gün konkret olaraq, mən bunu deyə bilərəm ki, hamı beynində bir şey dərk etməlidir – Süleymana qalamyan dünya, heç kimə qalmayacaq. Hamımızın yeri torpağın altıdır.

- Ümumiyyətlə, Lotu Quli və Lənkəranski ilə bağlı yayılan informasiyalar nə dərəcədə düzgündür? Həqiqətən, Lənkəranskini Lotu Quli öldürdüb?

- Onlar hamısı təxribatdır. Boş-boş danışıqlardır. Əvvəllər arvadlar qeybət qırırdı, indi kişilər qeybət qırır. Bunlar boş-bekarçılıqdan bir şayiə uydurur və yayılır. Amma çox şey yalandan yayılır.

- Türkiyədə Rövşən Lənkəranskinin qardaşının həbsi barədə yəqin ki, oxumusuz. Guya Lotu Quliyə sui-qəsd olub, ona hücum olunub. doğrudurmu?

- Belə deyək, danışmaq gümüşdürsə, susmaq qızıldır. Mənim haqqım yoxdur ki, öz çərçivəmdən çıxam. Kimsənin də haqqı yoxdur çərçivəsindən çıxsın... Çox şeylər şayiədir.

- Lotu Qulinin tərəfdarı olaraq Lənkəranski haqqında danışmaq istəmirsiz?


- Yenə deyirəm, Allah Rövşənə qəni-qəni rəhmət etsin, Quliyə də cansağlığı versin. Bu gün mən bir kənarda durmuşam. Görsəm ki, zəifi əzirlər, mən yenə də onun arxasında duracam. Qanım bahasına da olsa... Mən qoymaram mənim millətim əzilsin. Ya özümüzünkü əzilsin ya da qeyrisi... İnsan bu dünyadan köçəndə ya rəhmət qazanır, ya da lənət qazanır...