Prezidentin azərbaycanlı cangüdəni inanılmaz SİRLƏRİ AÇDI: "2000 nəfərlik erməni..."Maraqlı dünyada yaşayırıq deyilmi? Bəzən bir insanı minlərin sevgisindən, milyonların təhlükəsindən qorumaq lazım gəlir. Amma bu işi talismanlara, dualara, yaxud da böyük sevgiyə həvalə etmək olmur. Şöhrətin, şanın artdıqca, səni insandan elə insanın özü qoruyur. Yeri gələrsə, özünü, həyatını riskə atır. Çox sevdiyi üçün deyil, işi bunu tələb etdiyi üçün... Amma həyat çox şirindir axı.. İnsan bir məşhuru qorumaq üçün ölümlə burun-buruna gəlməyi gözə ala bilərmi?

Müsahibim Orhan Məmmədov deyir ki, bu hazırlığı təmin edən xüsusi kurslar var.

- Hətta silah istifadəsi üçün icazə alanda, müxtəlif həkimlərin yoxlanışından keçirik. Həm mental, həm də psixoloji cəhətdən sağlam olmaq lazımdır. Amma canını başqa bir can üçün təhlükəyə atmaq cəsarət istəyir. Doğrudur, buna görə yüksək qonorar alırıq. Amma heç bir mal, pul candan şirin deyil.

Müsahibimi təqdim etməyi unutdum. Uşaqlıqdan Türkiyədə yaşayan soydaşımız, qardaş ölkənin ən böyük təhlükəsizlik şirktlərindən birinin rəhbəri Orhan Məmmədov Publika.az-ın qonağıdır.

Həmsöhbətimin böyük güvənlik komandasının qoruduğu simalar arasında bu günədək Rəcəb Tayyib Ərdoğan, Abdullah Gül və digər siyasi xadimlərə eləcə də əlçatmaz dünya ulduzlarının adı var. Peşəkar etiket naminə əməkdaşlıq etdiyi ulduzların sirlərini bizimlə bölüşməsə də, dünya pop musiqisinin kraliçası Madonna ilə bağlı maraqlı hadisəni açıqladı.

- Rəhbərlik etdiyim komandadan əlavə bəzən böyük şirkətlərdən qısa müddətli əmədaşlıq təklifləri də gəlir. Hətta sırf bu məqsədlə yaxın məsafədən cangüdənlik dərsləri də almışam. Bəziləri düşünür ki, cangüdən əzələli olmalıdır. Əslində isə hadisələrə çevik reaksiya vermək, bədən dilini oxuya bilmək, tam nəzarət və silahdan doğru istifadə etmək bacarığı olsa, bəs edir. Endi Qarsiya, Van Damm, Adriana Lima, Red Hot Chili Peppers və digər dünya məşhurlarının Türkiyədə ikən təhlükəsizliyini təmin etmişəm. Ən maraqlı məqamlardan biri də Madonna ilə bağlıdır. 2012-ci il idi. Madonna konsert proqramı ilə İstanbula gəlmişdi. Çox böyük komanda ilə birgə ulduzun təhlükəsizliyini təmin edirdik. Həmin vaxtlar Madonna rəqs qrupunun 25 yaşlı rəqqası ilə sevgili idi. Sevgilisi qəzaya uğradığı üçün əsa ilə gəzirdi. Mediadan gizlənirdilər. Madonna və bütün komandası İstanbulun ən bahalı otellərindən birini demək olar ki, bağlatmışdılar. Təsəvvür edin ki, yeməkləri xüsusi olaraq Amerikadan gəlir. Hətta Madonna hər yeri döyməli yaşlı çinli aşpazını da gətirib. Bir gün Madonna yaxınlaşıb dedi ki, sevgilisi ilə birgə İstanbulu gəzmək istəyir. Bunun nə qədər mümkünsüz olduğunu, izdihamla üz-üzə qalacaqlarını bildirsəm də, fikirlərindən dönmədilər. İstəklərini nəzərə alıb, çox qəribə üsuldan istifadə etdik. Madonna hicab geyinib qara eynək taxdı. Bizsə uzaq məsafədən izləməyə başladıq. Məsafəni azalda bilməzdik, yoxsa diqqət çəkərdik. Madonna və sevgilisi bir kafeyə getdi. Ortaköydə böyük iştahla kumpir də yedilər. Amma bütün səylərimizə rəğmən onu tanıyan tapıldı. Tez otelə geri gətirdik.

Orhan peşəsi ilə bağlı çox maraqlı məqamların üstünü açdı. Özü qeyd etdiyi kimi də güvənlik sektorunda çalışmaq üçün heç də nəhəng və cüssəli olmağa gərək yoxdur.

- Əsgərlikdən dönəndən sonra təhlükəsizlik sahəsini araşdırmağa başladım. Türkiyədə bu sektorda çalışmaq üçün xüsusi təhsil almaq mütləqdir. Məsələn, mütləq akademiyanı bitirməlisiniz. Mən Silahlı təhlükəsizlik ixtisasına daxil olmuşdum. Fərqlənmə ilə də bitirdim. Akademiyadan sonra ikinci mərhələ Daxili İşlər Nazirliyinin imtahanına girməkdir. Bu imtahanı da mütləq uğurla keçməlisiniz. Silah istifadəsi peşəkar səviyyədə olmalıdır. Bununla da kifayətlənməyib universitet bitirmək lazımdır. Anadolu Universitetinin Özəl təhlükəsizlik və qoruma ixtisasına daxil oldum. Təhsilimi başa vurub elə həmin universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə oxumağa başladım. İndi də Atatürk Universitetinin Təhlükəsizlik və Kriminalistika ixtisası üzrə magistr təhsilimi davam etdirirəm. Bu günə qədər Çırağan Sarayı, Kempinski, Four Seasons Bosphorus, Canyon Ranch, Fairmont, Hyatt kimi nəhəng markaların təhlükəsizlik rəhbərli kimi fəaliyyət göstərmişəm. Hazırda “Emaar Square” kimi çox böyük mərkəzin təhlükəsizlik rəhbəriyəm. 300-dən çox təhlükəsizlik içşisi, silahlı polis və yanğınsöndürənlər dəstələri, həmçinin T9 komandalarımız var. Hətta qürurla deyirəm ki, bu gün Türkiyənin böyük şirkətlərinin təhlükəsizlik rəhbərləri güvənlik sistemini quranda, məndən kömək və dəstək istəyirlər. Layihə nə qədər böyük olursa-olsun mənim üçün fərq etmir. Bu sahədə qazandığım bilik və təcrübəm həmçinin güclü komandam sayəsində istənilən işi sıfırdan zirvəyə qaldıra bilirəm. Ən böyük arzum bu sahədə daha nəhəng dünya brendləri ilə əməkdaşlıq etməkdir.

Orxan siyasət dünyasının məşhur simaları ilə çalışıb.

- Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan, sabiq prezident Abdullah Gül, Şahzadə Harri, Co Bayden kimi şəxsiyyətlərin təhlükəsizlik komandasında olmuşam. Bu siyasi simalarla çalışmaq bir yana, yanlarında olmaq belə insana xüsusi zövq və qürur verir.

Lakin harda artıq pul varsa, orada mütləq qorxu, təhlükə var...

- Qısa müddət ərzində bir iş qadınının təhlükəsizlik komandasına başçılıq edirdim. Böyük holdinq rəhbəri idi. Atası vəfat edəndən sonra onun idarəçiliyi qızına miras qalmışdı. Ailə daxilində münaqişə olduğu üçün təhlükə altında idi. Bir gün səyahətə çıxdıq. Özümüzlə birgə çox güvəndiyim iki cangüdən də götürdük. Getdiyimiz şəhərdə avtomobillə təchiz olunmuşduq. İçində sürücü də vardı. Güvənmədiyim üçün sürücüdən imtina etdim. Avtomobili cangüdənlərin biri idarə etdi. Qoruduğumuz şəxsin qalacağı otelə getdik. Qeydiyyat köşəsinə yaxınlaşdıq. Otağın yanında iki nömrə də tutduq. Hər ehtimala qarşı gizli çıxış qapıları, ən yaxın polis bölməsinə qədər bütün xırdalıqları öyrəndim. Qorumam altında olan şəxsin qaldığı mərtəbəyə qalxan liftin birini tək kartlı sistemə çevirib açıq vəziyyətdə qalmasına nail oldum. Cangüdənlərin biri aşağı mərtəbədə, digəri mənimlə qaldı. Otağın təhlükəsizliyinə əmin olduqdan sonra “VİP” içəri keçib yemək sifariş etdi. Yarım saat sonra xidmətçilərdən biri yemək gətirdi. Bu ana qədər hər şey öz axarı ilə gedirdi. Amma bir məqam diqqətimdən yayınmadı. Xidmətçinin üzündə qəribə narahatlıq vardı. Yeməyi otağa keçirmədən xidmətçinin üstünü yoxladıq. Sonra qutunu açıb yeməyi göstərməsini istədim. Titrək səslə "açsam, yemək soyuyar" dedi. Yanımdakı cangüdənə işarə verdim ki, qutunu açsın. Xidmətçi əlindən yayınıb qaçdı. Qutunun içindən isə üst hissədə gizlədilmiş, səsi batırılmış silah çıxdı. VİP şəxsi digər otağa keçirdib, polisə xəbər verdik. Çox həyəcanlı idim. Çünki bir sui-qəsdin qarşısını almışdıq.

Amma müsahibim təhlükəni yalnız bahalı otellərdə, dünya ulduzlarının yanında ikən duymayıb.

- Uşaqlıqdan bəri polisliyə, əsgərliyə marağım vardı. Bir gün peşə seçərsəm, mütləq bu peşələr olağından əmin idim. Həmçinin gözümüzü açıb Qarabağ müharibəsinin şahidi olmuşduq. Bu da mənim vətənpərvərlik ruhumu gücləndirmişdi. Babam isə sovet dövründə hakim vəzifəsində çalışmışdı. Bəlkə də mühafizə sisteminə olan marağım da buradan qaynaqlanmışdı. Liseyi bitirəndən sonra əsgərliyə getdim. Mardin Jandarm Komandanı olaraq geri döndüm. Aylar boyu dağın başında qalmaq məcburiyyətində idik. Terroristlərlə baş verən qarşıdurmalar, münaqişələr hələ də gözümün önündən getmir. Xidmət etdiyim kənd PKK-nın üzvləri ilə aşıb-daşırdı. Təsəvvür edin ki, 2000 nəfərlik erməni kəndində aylar boyu azərbaycanlı əsgər kimi xidmət edirsiniz. Çox böyük təhlükə ilə üz-üzə idim. Əllərində olsaydı, bir qaşıq suda boğardılar məni. Amma hərbi xidməti sağ-salamat başa vurub geri dönmək qismət oldu. Geridə qalanlara da səbir diləyirəm.

Həmsöhbətimi sizinlə yaxından tanış etmədim axı...

- Əslən Azərbaycanlıyam. 1987-ci ildə Bakıda doğulmuşam. Uşaqlığım Sovet İttifaqının çöküş dövrünə təsadüf edib. Müstəqil Azərbaycan yenicə qurulurdu. Ölkə çox çətin günlər yaşayırdı. Valideynlərim ayrlandan sonra anamla birgə nənəmin yanına köçdük. Nənəmin danışdıqlarından Türkiyə mənim üçün dost, qardaş ölkədən daha üstün idi. 2001-ci ildə anamla Türkiyəyə köçdük. Anam peşəkar piano ifaçısıdır. Türkiyədə də məşhurdur. Bu gün həyatda əldə etdiyim bütün uğurlarımı ona borcluyam. O, mənim üçün həm ana, həm də atadır.

Orhan bu günədək dünyanın ən məşhur simaları ilə çalışsa da mahnılarına heyran olduğu bir sənətçimizin adını xüsusi qeyd etdi.

- Qoruduğun simaların daim yanında olduğun üçün şəxsi həyatına da şahidlik edirsən. Lakin bunlar mütləq və mütləq sirr olaraq qalmalıdır. Danışılacaq çox şey var, amma bu peşəkarlıqdan kənar olardı. Türkiyənin də ən məşhur müğənniləri ilə çalışmışam. Hadisə, Kənan Doğulu və s... Amma mahnılarına heyran olduğum Röyanın adını xüsusi qeyd etmək istəyirəm.
"Qəzetlərin ölüb sıradan çıxması halı baş verməyəcək"Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli ilə müsahibəni təqdim edirik:

- Yadigar bəy, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni qərarı şərtlərə cavab verməyən bir sıra qəzetlərin bundan sonrakı fəaliyyətini sual altına salıb. Siz necə düşünürsünüz, print media qalmalıdırmı?
- Azərbaycan dünyada gedən proseslərdən kənarda deyil, ölkəmiz dünyaya inteqrasiya edir, dünyada da bu proses xeyli vaxtdır gedir. Əsrin əvvəllərindən yeni media formalaşmağa başlayıb, günümüzdə internet media çap mətbuatını, televiziyanı, radionu üstələyib və artıq ön sıraya keçib. Ön planı müəyyənləşdirən isə istifadəçilərin sayıdır. Qəzetin reytinqini onun tirajı, televiziyanı tamaşaçılar, radionu dinləyicilərin sayı müəyyənləşdirir. Nə qədər çoxdursa, deməli daha çox izlənir. İş elə gətirib ki, indi insanların böyük əksəriyyəti informasiyanı internet mediadan üzərindən alır.

Son zamanlar sosial şəbəkələr internet medianı da qabaqlayır. Doğrudur ki, sosial şəbəkələri media növü kimi qəbul etmirik, ancaq müəyyən məqamlarda sosial şəbəkələrin xidmətindən istifadə edirik. Elə bir media orqanı yoxdur ki, sosial şəbəkələr üzərindən yayılmasın. İstər qəzetlərin, istərsə də TV və radioların Feysbuk, Tvitter, İnstaqramda səhifələri var. Bu, həmin media orqanına insanlara daha çox çatmaq imkanı verir. Bundan kim yaxşı istifadə edirsə, onun fəaliyyəti daha uğurlu olur və dövrlə ayaqlaşa bilir. Kim ki öz işini bu şərtlərə uyğun qura bilmirsə, müəyyən qədər geriləyir, bu və ya digər səbəblərdən bağlanma təhlükəsi qarşısında qalır. Məsələ bizdə də belədir. Demək olmaz ki, ənənəvi KİV sıradan çıxıb. Əksinə, bəzi statistik məlumatlara görə, ABŞ, Avropa ölkələrində müəyyən qəzetlərin tirajı 10 il əvvəllə müqayisədə artıb. Elə qəzet var ki, kreativ variantlardan istifadə edərək öz çapını artırıb. Qəzetlərin PDF variantları da var. Qəzetin bu variantı daha ucuz təklif edilir və alıcı öz evində oturub telefonunda, kompüterində oxumağa başlayır. Bu, o deməkdir ki, həmin qəzet ölməyib, onun həm çap, həm də PDF versiyası var.

İmkanlar çox müxtəlifdir. Bu baxımdan qəzetlərin ölüb sıradan çıxması halı baş verməyəcək. Təbii ki, öz formasını, modellərini dəyişəcəklər, amma ölməyəcəklər. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun qəzetlərlə bağlı yeni şərtləri cəmiyyətdə birmənalı qarşılanmadı. Bəziləri bunu qəzetlərə qarşı hərəkət kimi qələmə verir. Amma əslində söhbət qəzetlərə olan yardımın dayandırılmasından, hər hansı KİV-ə yardıma imtinadan yox, ayrılan maliyyə yardımları üçün şərtlərin dəyişməsindən gedir. Cənab Prezidentin sərəncamı ilə KİVDF 10 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində çoxlu pullar ayrılıb. KİV-lər bu maliyyə yardımından səmərəli istifadə etməli və dövrün tələbləri ilə ayaqlaşaraq uyğun modelləri seçməli idi. Qəzetlərin saytları fəaliyyət göstərməli, saytla bərabər PDF variantlar olmalıydı, sosial şəbəkələrin gücündən istifadə etməli idilər ki, bu gün belə çıxılmaz vəziyyətdə qalmasınlar.

Bu, hər zaman deyilirdi, dünya bu yolu getmişdi. Elə media orqanları var ki, fəaliyyətlərini internet üzərindən gücləndirməyiblər, kağız variantda çapla kifayətləniblər. Bu da müəyyən qədər problemlər yaradır. Mənə elə gəlir ki, müəyyən dövrdən sonra məsələ öz həllini tapacaq. Amma mən Azərbaycanda reklamla bağlı problemi qabartmaq istərdim.

- Reklam bazarının olmamasına dair zaman-zaman iradlar səslənir...
- KİV növündən asılı olmayaraq, biznes subyektidir. Biz məhsul istehsal edirik və onu satırıq. Digər məhsul istehsal edənlərdən fərqimiz odur ki, bizim məhsulumuz özəl informasiyadır. Bu baxımdan yanaşanda Azərbaycanda məhsulun satılması üçün bazar olmalıdır. Ölkədə bu bazar var, bunun müxtəlif formaları mövcuddur. Qəzeti götürsək, yayımla bağlı dövlət və özəl firmalar vardı, onların fəaliyyətində canlanma olmadı. 20 il bundan qabaqla indi qəzet köşklərinin müqayisəsini aparsaq, vəziyyət xoş deyil. Mətbuatın yayımında çoxlu problemlər var və ötən dövr ərzində yayım modernləşib yenilənmədi. Əl yayımı ölüb getdi. Halbuki əl yayımının da özünün üstünlükləri vardı.

“Qaya” mətbuat yayımının ölkə boyu çoxlu sayda qəzet köşkləri vardı ki, onları sayı azalıb. Bunlar hamısı qəzetin yayılmasına, onun tirajına birbaşa təsir edən amillərdir. Amma bu da əsas deyil. Əsas olan bazar münasibətləridir. Bu münasibətlər ölkəmizdə qurulub, amma təəssüf ki, liberallaşmayıb. Bazar münasibətlərində müəyyən qədər monopoliya qalmaqdadır. Hər kəs öz malını bazara çıxarmaqda, yaxud reklam etməkdə sərbəst deyil.

Çoxlu sayda məhsullar var ki, onların reklamı liberal deyil. Hər kəsin öz malını bazarda reklamı sərbəst və şəffaf olmalıdır ki, bundan mətbuat da istifadə edə bilsin. Bizim tirajımızı, cəmiyyətdəki gücümüzü aldığımız reklamın dərəcəsi göstərməlidir. Əfsuslar olsun ki, bu münasibətlər qurulmayıb və o səviyyəyə çatmayıb ki, hər kəs öz keyfiyyətli fəaliyyətinə görə reklam ala bilsin. Bunun başqa tərəfi də ondan ibarətdir ki, dövlət büdcəsindən maliyyələşən çoxlu sayda təşkilatların sosial reklamları var. Amma bu reklamlar da bazarda buna layiq olan media orqanlarına verilməlidir. Bizdə bazar münasibətləri liberal olmadığına görə bu indekslər itib. Müxtəlif dövlət qurumları var ki, sosial reklamlarını özlərinin təsis etdikləri qəzetlərə verirlər.

- Yeri gəlmişkən, müvafiq qanunvericiliyə görə, hər bir dövlət qurumuna ayrılan büdcənin 1 faizi reklama yönəldilməlidir. Amma əksər qurumlar mediaya reklam vermir. Səbəb nədir?
- Bəli, qanunvericiliyə görə, dövlət qurumlarının sahə KİV-i olmalıdır, amma hər dövlət qurumunun tərkibində çoxlu sayda sahəvi mətbuat orqanı olmamalıdır. Bunlar ləğv olunsa, dövlət orqanı o reklamı çox oxunan, cəmiyyətdə populyar olan KİV-ə verəcək. Bununla həmin müəssisənin reklamı daha çox adama çatacaq, eyni zamanda KİV subyekti də maliyyə əldə etdiyinə görə bundan faydalanacaq və daha güclü olacaq. Proseslər belə getməlidir.

Təəssüf ki, sosial reklamlarla bağlı tenderlər elan olunmur, alışdığımız populyar KİV-lərdə dövlət tenderlərinə az rast gəlirik. Demirəm, heç yoxdur, amma sayı azdır. Halbuki, hamısı bu formada yayılmalıdır. Belə olarsa, bu, KİV-in inkişafına təkan verər. Dünyada reklamın böyük əksəriyyətindən onlayn media qazanır. Qərbdə, Türkiyə və Rusiyada reklamın böyük hissəsi daha çox yeni mediaya ayrılır. Sonrakı yerdə televiziya, radio, qəzet, küçə reklamları gəlir.

Azərbaycanda isə mediaya ayrılan reklam çox azdır. Bizdə küçə reklamlarına daha çox pul ayrılır. Onlayn medianın üzərinə düşən payın böyük hissəsi televiziya və radioya gedir, qəzet və yeni mediaya cüzi qisim qalır. Bu da normal deyil. Bazar münasibətləri liberal olanda hər şey öz qaydasına düşəcək.

- Sahəvi media orqanlarından söz açdınız, araşdırma zamanı məlum olub ki, bəzi nazirliklərin hətta 3 media orqanı var. Sizcə, buna lüzum varmı?
- Əlbəttə, buna lüzum yoxdur. Bu məsələlər administrativ qaydada həll olunmamalıdır. Elə qurum var ki, qəzeti, jurnalı, bülleteni var. Əslində hər bir qurumun təkcə bülleteni olmalıdır, verilən qərarlar, hesabatlarla bağlı öz şəbəkəsini məlumatlandırmaq xarakteri daşımalıdır, bütövlükdə məlumatları ictimaiyyətə çatdırmaq üçün sahəvi qəzetlərdən istifadə etmək doğru deyil. Sahəvi media orqanı daxili istifadə üçün saxlanmalıdır. Sosial reklamlar və məlumatların geniş ictimaiyyətə çıxışı normal KİV üzərindən olmalıdır. Bir daha qeyd etmək istərdim, bu, administrativ qaydada yox, liberal qaydada edilməlidir. Belə olan halda daha çox fayda gətirər.

- Bəzi həmkarlarımız abunə kampaniyasına başlayıb. Sizcə, nəticəsi olacaq? Dövlətin dotasiyası olmadan mövcudluğunu saxlaya bilməyən qəzet lazımdırmı?
- Qəzetlər dövlətin dotasiyası olmadan çıxa bilmirsə, bu, artıq o deməkdir ki, həmin qəzetlər digər resursları da itirib. Dövlətin etdiyi yardımlar 100 faiz deyil, çapla, maddi- texniki bazanın artırılması ilə bağlı müəyyən qədər köməklikdir ki, cüzi hissəni təşkil edir. Mənə elə gəlir ki, bu, qəzetlərin səhv fəaliyyətinin nəticəsidir. Qəzetlərin abunə kampaniyasına gəlincə, bunu normal və lazımlı hesab edirəm. Hər zaman kampaniya aparmaq lazımdır. KİV-in cəmiyyətin dəstəyinə həmişə ehtiyacı var. Kampaniyalar abunə ilə bitməməlidir, müxtəlif kreativ tədbirlər təşkil etmək olar. Bu tədbirlərdə insanların, imkanlı adamların iştirakı, təşkilatların bu kampaniyalara qoşulması yaxşı olardı. Əslində dünyanın hər yerində qəzetlər, müxtəlif KİV-lər öz kampaniyalarını aparırlar. Düşünürəm ki, bizdə də effekti olacaq.

- Çap məhsulları üzərindən ƏDV-nin götürülməsi təkliflərinə münasibətiniz necədir?
- Ən ağrılı məsələlərdən biri də budur. KİV məhsullarına ƏDV tətbiq olunmağa başlayandan bunun ciddi psixoloji təsiri oldu. Bizim istehsal etdiyimiz məhsulun cəmiyyət üçün gərəkliliyi hər zaman vurğulanır. Amma belə çıxır bizim məhsulumuzun digər məhsullardan heç bir fərqi yoxdur. Əslində isə çox fərqi var və bunun üzərində əlavə dəyər vergisi qoyulmamalıdır. Psixoloji baryer var. Eləcə də bu, maliyyə çətinliyi yaradır. Bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu dəfələrlə Milli Məclisin tribunasından çıxış ediblər. ƏDV KİV-in üzərindən nə qədər tez götürülsə, əlavə nəfəslik yaradacaq.

- Onlayn media ilə bağlı qanunun vacibliyi də tez-tez müzakirə olunur. Media orqanlarının MMC kimi qeydiyyatdan keçməsi media anlayışı ilə nə dərəcədə uyğun gəlir?

- İnternet media ilə bağlı bir sıra qanunlarda əlavə və dəyişiklik edilir. Amma mənə elə gəlir ki, müvafiq qanunvericiliyə ayrı-ayrı maddələr salınmaqdansa, yeni media ilə bağlı qanunun qəbulu daha yaxşı olar, bütün məsələlər kompleks şəkildəhəllini tapar. Yeni qanun ən xırda incəliklərin nəzərə alınmasına imkan yaradardı. Başqa qanunlarda bu və ya digər dəyişiklik ediləndə bunu tam şəkildə əhatə etmək olmur. Ümidvaram ki, bu təşəbbüs yaxın zamanlarda müsbət dəyərləndiriləcək, yeni qanunun şahidi olacağıq.

- Bundan sonra proses necə davam edəcək? KİVDF onlayn mediaya da maliyyə ayıracaqmı?
- KİVDF rəhbərliyi və Mətbuat Şurası çərçivəsində məsələyə baxılıb. KİV deyəndə indi əksərən oxunma, reklam və digər statistikaya görə onlayn media götürülür. Bu baxımdan dövlətin onlayn mediaya maliyyə yardımı ayırması məntiqlidir. Təəssüf ki, 2019-cu ilin büdcəsində bu, əksini tapmayıb. Amma ümid edirik ki, cənab Prezidentin Ehtiyat fondundan internet mediaya müəyyən maliyyə yardımı ayrılacaq. Yaxud da KİVDF-yə ayrılan maliyyədən onlayn mediaya verilə bilər. Hər halda optimist yanaşırıq, bu məsələnin öz həllini tapacağına ümid edirik, çünki bu, dövrün tələbidir.

Teleqraf.com
"Dünya mediası ilə ayaqlaşmalı olan KİV-lərimiz olmalıdır"“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev mediaya açıqlamasında kütləvi informasiya vasitələrinə dövlət dəstəyi sistemi ilə bağlı fikirlər səsləndirib. Bu arada onun tənqid obyekti həm də Azərbaycan Mətbuat Şurasıdır. Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bununla bağlı musavat.com-a müsahibə verib.

- Əflatun müəllim, Arif Əliyev ideyanın mahiyyətinin dəyişdirilməsindən söz açır. Söhbət Mətbuat Şurası və KİV-ə dövlət dəstəyi ideyasından gedir. Şuranın sədri kimi şəxsinizə ünvanlanmış mesajı da görmək mümkündür. Öncə bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı.

- Arif Əliyev, müsahibəsində adını çəkdiyi Mehman Əliyev və Elçin Şıxlı Azərbaycan Mətbuat Şurasının yaranmasında və fəaliyyət göstərməsində əməyi keçən şəxslərdir. Eləcə də indiyədək Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilmiş hər bir şəxsin əməyi danılmazdır. Onlara Azərbaycan jurnalistlərinin qurultaylarında etimad göstərilib. Bu adamlar bizimlə eyni bir qurumda təmsil olunublar. Mətbuat Şurası onların dövründə hansı prinsiplərlə çalışmışdısa, indi də eyni formada fəaliyyət göstərir. Yəni burada Şuranı keçmiş Mətbuat Nazirliyinə bənzətmək istəyi yumşaq desəm, yerinə düşmür. Nəzərə alın ki, yalnız yumşaq deməklə kifayətlənmək istəyirəm.

İdeyaya gəlincə, bəli, o zaman ümumən medianın özünütənzimləməsi modeli üzərində dayanıldı. Dünyada Mətbuat Şuraları çoxdur. Onun funksiyasını daşıyan, lakin başqa adlarla fəaliyyət göstərən qurumlar da var. Azərbaycan mediası üçün Mətbuat Şurası yolu onsuz da gediləcəkdi. Burada şəxslər önəmli deyil. Əsas olan prosesin özüdür. Bəli, ayrılıqda şəxslərin də xidmətini vurğulamaq lazımdır. Necə ki, mən əvvəldə vurğuladım. Amma bu xidmət, bir növ, kollegial idi. Biz birlikdə qərarlar qəbul edirdik. Tale elə gətirdi ki, indi birlikdə deyilik. Amma Şuranın qərarları yenə kollegialdır. O cümlədən Mətbuat Şurası sədrinin seçilməsi məsələsini də qurultay həll edir.

Mətbuat Şurası ilə bağlı müəyyən mənada ideya mənimsənilməsi məsələsini, yaxud bu xüsusda hansısa digər məqamları qabartmaq keçmişdə ilişib-qalmaqdır. Mən çox şeyləri deyə bilərəm. Amma demirəm. Bunu etik saymıram. Heç zaman bu barədə danışmamışam və danışmayacam da. Bizim o yaşımız deyil.

Əbədi olan nəsə varsa, bunlar prinsiplər və dəyərlərdir. Mən prinsiplərə də sadiqəm, dəyərlərə də. Hər zaman çalışmışam ki, birincilərlə ikincilərin toqquşmasına yol verməyim. Kimsə bu barədə düşünməyi tərgidibsə, problemi özündə axtarsın. Bilirsiniz, nələrdənsə danışıb, nəsə fərqli mənzərə formalaşdırmaq mümkündür. Hətta asandır. Gerçəklər çox az adama bəlli olur. Əsas məsələ insanın gerçəkləri düşünərək öz prinsiplərini qorunmasıdır. Əgər mübarizə bu müstəvidən kənara çıxırsa, dəyərlər itir, eybəcərlik yaranır…

- Arif Əliyev müsahibəsində ideya məsələsindən bəhs edərkən KİV-ə dövlət dəstəyinə də toxunur…


- Gəlin düşünək. KİV DF yaranmayanadək Azərbaycanda KİV-ə dövlət dəstəyi olmayıbmı? Olub. Bəlkə KİV-ə dövlət dəstəyi Konsepsiyası qəbul edilməzdən öncə mətbuat orqanlarına yardım edilmirdi? Edilirdi. Bəs Konsepsiya və KİV DF nəyə görə lazım idi? Ona görə lazım idi ki, bu proses fundamental forma qazansın. Hər bir halda dövlətin mediaya dəstək göstərməklə bağlı fikri və iradəsi var idi. Yəni onsuz da bunun bir təşkilatlanması olacaqdı. İndi vaxtilə ideya irəli sürdüklərini bildirirlər. Yəni xoruz olmayanda səhər açılmırdı?

O zaman jurnalist təşkilatı olaraq Mətbuat Şurası medianın maliyyələşməsi ilə bağlı təkliflər verdi. Bu təkliflər nəzərə alındı. Bəli, bu prosesdə Mehman Əliyev, Elçin Şıxlı kimi digərləri də iştirak edirdilər. Yenə də deyirəm, heç kəsin əməyini danmaq olmaz. İdeyanı götürüb onu irəli sürənləri kənarlaşdırmaq kimi bir yanaşma yanlışdır. Kim kənarlaşmaq istədisə, kənarlaşdı və nəyə görə kənarlaşdığı də hər kəsə yaxşı məlumdur. Hətta indi nə üçün meydana çıxıblar, o da gizli deyil.

- Arif Əliyevin məlum müsahibəsində KİVDF-ni qeyri-effektiv qurum kimi təqdim edir. Əlbəttə, əsas məqam qurumun KİV-lərin maliyyələşmə ilə bağlı şərtləri dəyişdirməsi, nəticədə qəzetlərin bir çoxunun fəaliyyətini dayandırmasıdır. Bununla bağlı nələri deyə bilərsiniz?


- Dəfələrlə bildirmişik ki, dünya mediası ilə ayaqlaşmalı olan KİV-lərimiz olmalıdır. KİV-ə dövlət dəstəyi Konsepsiyası bunu təmin etmək baxımından mühüm sənəddir. Orada sahəyə kompleks baxış ifadə edilib. Bəli, onunla razıyam ki, Konsepsiyadakı fundamentallığın tam şəkildə təmin edilməsi özlüyündə yeni baxışın tətbiqini aktuallaşdırır. Kimsə kiminsə işini bəyənməyə bilər. Narazılığını da dilə gətirməsi mümkündür. Amma əsas olan 2 şərt var. Birincisi, media ümumən ölkə iqtisadiyyatında yetərincə təmsil olunmalıdır. Medianın iqtisadi sistemdəki rolu artmalıdır. İkinci məsələ bu təmsilçiliyə dəstək üçün maliyyədir. Heç kəs iddia edə bilməz ki, hər hansı fərqli ideyası var. Başlıca məqam budur ki, maliyyə olmalıdır. Mən dəfələrlə bildirmişəm ki, mediaya dövlət dəstəyi əsaslı şəkildə artırılmalıdır. O maliyyəyə ki indiyədək KİVDF malik olub, onunla üzərinə nə düşübsə, edib.

Prinsipcə indiki mərhələdə gedilməli olan yol hər kəsə yaxşı məlumdur. Yenidən Amerika kəşf etməyə ehtiyac yoxdur. Yəni Konsepsiyamız var. Bir daha deyirəm ki, əsas olan maliyyə yardımının çox olmasıdır. Maliyyə dəstəyi artsa, sənəddə nəzərdə tutulanların icrasına daha səmərəli və sistemli yanaşma mümkünləşəcək.

KİVDF iddia edildiyinin əksinə olaraq, pul paylamaqla məşğul olmayıb. Pul dövlət vəsaitidir. Həmin vəsait məqsədli şəkildə verilib və hesabatı da alınıb. Yəni pulun paylanması kimi ritorikanı yersiz sayıram. Əslində bu yanaşmanın özü elə qərəz göstəricisidir. Fond ötən 10 ildə kifayət qədər səmərəli fəaliyyət göstərib, üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Kimlərsə görülmüş işləri yetərsiz saya bilər. Amma arqumentlərindən görürəm ki, yanaşmaları əsaslı deyil, niyyətləri də tam başqadır.

O ki qaldı indiki mərhələdə KİVDF-nin maliyyələşmə şərtlərini dəyişdirməsinə, burada da faciəyə döndəriləcək nəsə yoxdur. Bununla bağlı bir dəfə bildirmişəm. Yenə təkrar edirəm, ümumən qəzetçiliyə yanaşma dəyişməlidir. Hədəf budur. Dövlətin maliyyə yardımı üçün göstərilən minimum tələbləri yerinə yetirə biləcək qəzetlər olacaqsa, onlar öz işlərinə istər yaradıcılıq, istərsə də texnoloji cəhətdən fərqli baxmalıdırlar. Bizdə rəngli, yüksək keyfiyyətli kağızda çıxan qəzetlər olmalıdır. Metro və digər yerlərdə satış bərpa edilməlidir, ümumən satış şəbəkəsi genişləndirilməlidir. Bu, öz yerində.

İnsanlar informasiyanı əsasən internet üzərindən yayımlanan xəbər saytlarından, yaxud sosial şəbəkələrdən alırlar. Belə olan halda sabahın qəzetini həmin informasiyalarla dolduraraq buraxmaq kiməsə lazım deyil. Deməli, yaradıcı yanaşma, iş üslubu da dəyişməlidir. Hesab edirəm ki, belə də olacaq. Qarşıda bizi böyük dəyişikliklər gözləyir. Amma görünür, məsələ bəzilərini bərk narahat edir. Ona görə bütün potensiallarını işə salıblar. Çalışırlar ki, KİVDF-ni tam yararsız şəkildə göstərməklə ümumən media sahəsinə cavabdeh olan şəxslərin fəaliyyətinə kölgə salsınlar. Mən qurum ətrafında son günlər yayılmış söz-söhbəti məhz bu cür qiymətləndirirəm.

Ümumən onu da deyim ki, bu gün Azərbaycanda media sahəsində aparılan dövlət siyasəti ölkə başçısı cənab İlham Əliyevin tam diqqət və nəzarətindədir. Dövlət başçısının medianın fəaliyyətinə olduqca həssas yanaşması var. Bu yanaşmanın və aparılan dövlət siyasətinin heç bir alternativi yoxdur. Bu unudulmamalıdır.

İstərdim ki, məsələlərə geniş prizmadan yanaşılsın. Hansısa dar düşüncələri prinsip kimi qəbul etmək, nəyinsə ələ keçiriləcəyinə, hansısa mövqelərin qazanılacağına ümid bəsləmək, buna görə qərəz notlarına köklənmək yolverilməzdir. Çox təəssüf ki, baş verənlərdə daha çox bu meyli görürəm.
"Dövlət başçısının iş qrafiki həmişə zəngin, dolğun olub""İnkişaf dinamik, davamlı olmalıdır".

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Azərbaycan Televiziyasının “Həftə” proqramına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Yola salmağa hazırlaşdığımız həftə ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında çox mühüm önəmli hadisələrlə yadda qaldı. Bura Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı keçirilən konfransda çıxışı, eləcə də Prezident və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə görüşü, Prezidentin gənclərlə görüşü və s. aid etmək olar. Bu istiqamətlərlə bağlı sizin fikirlərinizi eşitmək istərdik. Bu dinamikanı şərtləndirən səbəb nədən ibarətdir?

- Əvvəla onu deyim ki, yalnız ötən həftə deyil, Azərbaycanın dövlət siyasəti, dövlət başçısının iş qrafiki həmişə zəngin, dolğun olub. Azərbaycan dövləti 2018-ci ildə öz iqtisadi inkişafının xüsusi bir istiqamətini müəyyən edib - islahat kursunun davam etdirilməsi, idarəçilik sisteminin optimallaşdırılması, dövlət aparatının təkmilləşdirilməsi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin əsas fərqləndirici xüsusiyyətlərindən biri ondan ibarətdir ki, dünən görülən işin bu gün olduğu kimi təkrarlanması onu qane etmir, sabah görülən iş bugünkündən daha irəli getməli, daha təkmil olmalıdır. Bir sözlə, inkişaf dinamik, davamlı olmalıdır.

Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi prosesi, dövlətin ictimai, siyasi, iqtisadi, sosial, humanitar sahələr üzrə həyata keçirdiyi siyasət mütləq şəkildə əvvəlki təcrübəni, zamanın çağırışlarını və nəhayət, artan dinamikanın tələblərini nəzərə almalıdır. Keçən həftə, doğrudan da, bu istiqamətdə qəbul edilən qərarların, keçirilən görüşlərin intensivliyi baxımından dolğun oldu.

Bütün bu qərarların, həyata keçirilən tədbirlərin təməlində, cənab Prezidentin davamlı olaraq bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının maraqları, dövlətin mənafeləri dayanır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət və milli iradəsi güclü olan xalq hər şeyə qadirdir. Güclü milli iradənin, güclü iqtisadiyyatın təməli də Ümummilli liderimiz tərəfindən qoyulub.

Azərbaycanın müxtəlif sahələrdə, xüsusən karbohidrogen ehtiyatlarının hasilatı, emalı və daşınması sahəsində xarici ölkələrin ən qabaqcıl şirkətləri ilə tərəfdaşlıq etməsi, birgə layihələrin reallaşdırılması ölkəmizin inkişafını təmin etdi. Çünki o zaman Azərbaycanın nə texniki, nə maliyyə, nə də digər imkanları yox idi ki, malik olduğu iqtisadi potensialı, enerji resurslarını işə salsın.

Bu gün 90-cı illərdə yaradılmış sağlam zəmin əsasında Azərbaycan dövləti inkişaf edir, iqtisadiyyatın diversifikasiyası həyata keçirilir, ixracımızın çeşidi və coğrafiyası günü-gündən genişlənir. Cənab Prezidentin siyasətinin də təməlində o durur ki, dövlətin iqtisadiyyatı getdikcə güclənsin, iqtisadi artım təmin olunsun, əhalinin artan tələbatı ödənsin.

İqtisadi inkişafa paralel olaraq dövlətin gələcəyi olan sağlam nəslin yetişdirilməsinə, milli mənəvi dəyərlərin, multikulturalizm ənənələrinin qorunub saxlanması və təbliği və digər tədbirlər güclü, dayanıqlı bir sistemin formalaşdırılmasına, xalqın maraqlarının təmin olunmasına xidmət edir. Bundan sonra yürüdülən siyasətin təməlində də məhz bu amil duracaqdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən konfransda dövlət başçısı bildirdi ki, növbəti proqramda yer alan prinsiplər məhz vətəndaşların müraciəti əsasında işlənib hazırlanıb. Bir mühüm məqamı xüsusi ilə qeyd etmək lazımdır ki, bu inkişaf lider-xalq, dövlət-xalq birliyi sayəsində əldə edilir.

- Qeyd etdiyiniz kimi, Cənab Prezident dəfələrlə bildirib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun maraqları dayanır. Yola salmağa hazırlaşdığımız həftə Cənab Prezidentin şəhid ailələri ilə görüşünü izlədik. Bu görüş Xalqın öz Liderinə etimadının nümayişi oldu...

- Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl xətti Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və qəbul olunan dövlət proqramlarının mənbəyi də məhz ana qanunun başlıca prinsiplərinin həyata keçirilməsi məqsədini güdür. Həyata keçirilən dövlət siyasətinin dinamikliyinin təmin edilməsi, milli maraqlara tam uyğunlaşdırılması, insanlarımızın maddi və mənəvi tələbatlarının ödənilməsi vətəndaşlar tərəfindən bu siyasətin kütləvi şəkildə dəstəklənməsi ilə nəticələnib. Bilirsinizmi, liberal iqtisadiyyat şəraitində dövlət hər şeyə cavabdeh deyil. Əlbəttə, insanlar əsas hüquqlar üzrə - əmək, təhlükəsiz yaşamaq, bütün maddi-mənəvi resurslarından istifadə hüquqları təmin olunur. Amma xarici ölkələrdə baxın: insanların pensiyası müxtəlif fondlar tərəfindən həyata keçirilir. Vətəndaşların müalicəsi tibbi sığorta hesabına aparılır. Evi uçursa, mütləq şəkildə o evini sığortalamalıdır ki, kompensasiya ala bilsin. Amma baxın, Azərbaycan həm liberal bazar iqtisadiyyatı yolu ilə gedir, həm bütövlükdə demokratik cəmiyyət, demokratik dövlət qurur, digər tərəfdən vətəndaşın hələ reallaşdırmaq gücündə olmadığı sosial təminatını da öz üzərinə götürür. Əsası Ümummilli lider tərəfindən qoyulmuş sosial siyasətin qısa mahiyyəti bundan ibarətdir ki, bazar iqtisadiyyatına çətin uyğunlaşan insanların problemlərini dövlət çiyninə götürsün, liberal iqtisadiyyat sosial məzmundan xali olmasın.

Biz müharibəyə cəlb olunmuş dövlətik. İşğalçı Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb, işğala qarşı aparılmış döyüşlərdə Azərbaycanda minlərlə şəhid ailəsi, müharibə əlili yaranıb. 1997-2018-ci illərdə Azərbaycan dövləti bu kateqoriyadan olan insanlara 6654 mənzil verib. Bu o deməkdir ki, minlərlə şəhid ailəsi və müharibə əlili evlə təmin olunub. Təxminən o qədər şəhid ailəsi və müharibə əlilinə də dövlət minik avtomobili verib. Bu humanist siyasət bu gün də davam edir. Onların sonrakı taleyi, həyatı, iş və mənzil problemlərinin həll olunması dövlətin çiynindədir və dövlət bunları, əlbəttə ki, imkan olduqca həll edir. Amma əlbəttə ki, bu qayğılar qısa zamanda həll oluna bilməz.

Təsəvvürünüzə gətirin, Azərbaycanda hazırda 1 milyona yaxın qaçqın və köçkünün məskunlaşdırılması dövlətin çiynindədir. Çox da ağır yükdür. İndiyə qədər qaçqın və məcburi köçkünlərin məskunlaşdırılmasına, onların məşğulluğunun artırılmasına 7 milyarddan artıq vəsait sərf olunub. Respublikanın 30 şəhər və rayonunda 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan 102 müasir qəsəbə salınıb, 55 min qaçqın və məcburi köçkün ailəsi və ya 300 mindən artıq insana mənzil verilib. Təkcə ötən il 626 qədər şəhid ailəsinə, müharibə əlilinə, 6 minə qədər də qaçqın, köçkün ailəsinə ev verildi. 2019-cu ildə də bu işlər davam etdiriləcək.

Prezident İlham Əliyev hakimiyyətə gələndə, yəni 2004-cü ildə qaçqınların yoxsulluq həddi 75 faiz idi. Azərbaycanda ümumi yoxsulluq həddi isə 50 faiz civarında idi. Hazırda ümumi yoxsulluq həddi 5 faiz, qaçqınların yoxsulluq həddi isə 12 faizə qədər aşağı salınıb. Əlbəttə ki, bütün bunlar dövlətin sosial siyasətinin nəticəsidir.

Bilirsiniz, 2018-ci ildə yenidən prezident seçildikdən sonra cənab İlham Əliyevin imzaladığı ilk hüquqi aktlardan biri şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırlması ilə bağlı oldu. Bundan başqa, ötən həftə kompensasiya verilən şəhid ailələrinin əhatəsinin genişləndirilməsini və onlara ayrılan aylıq ödənişlərin artımını nəzərdə tutan daha iki hüquqi akt imzalandı.

Razılaşaq ki, 11 min manat indiki halda kifayət qədər böyük puldur. Baxın, belə ödəmələr qonşu dövlətlərdə olubmu? Dünyanın bir çox ölkələrində şəhid ailələri var və onlara ödənilən vəsait çox cüzidir.

Qeyd edək ki, Bu məbləğ əvvəl təxminən 10 minə yaxın şəhid ailəsi üçün nəzərdə tutulurdu. Sonrakı dövrdə siyahılar dəqiqləşdi və genişləndirildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına dəyişiklik edildi, ölkəmizin ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 şəhidin vərəsələrinə də birdəfəlik ödəmənin verilməsi qərarlaşdırıldı. Yeni Fərmanla birdəfəlik ödəmənin verilməsi prosesi artıq 12268 şəhidin vərəsələrini əhatə edir və bu məqsədlər üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur.

Cənab Prezidentin şəhid ailələri ilə görüşü göstərdi ki, dövlət başçısı sosial müdafiəyə ehtiyacı olan şəhid ailələri, müharibə əlilləri, qaçqın, köçkünlər, bazar şəraitinə çətin uyğunlaşan digər əhali kateqoriyalarına münasibətdə nə qədər həssasdır, onların problemlərinin aradan qaldırılması üçün nə qədər çalışır. Şəhid ailələrinə prezident təqaüdləri 240 manatdan 300 manatadək artırıldı. Ondan qabaqkı dövrdə isə milli qəhrəmanlara verilən təqaüdlərin miqdarı artırılaraq 1500 manat olmuşdu. 1-ci, 2-ci, 3-cü dərəcəli müharibə əlillərinə prezident təqaüdlərinin miqdarı artırılmışdır.

Dövlətin müxtəlif fondları Prezident İlham Əliyevin tapşırığı və bilavasitə yürütdüyü siyasətə uyğun olaraq şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə, qaçqın və köçkünlərə güzəştli kreditlər ayırır. Onların sosial cəhətdən zəif olan hissəsinə özünüməşğulluq siyasəti çərçivəsində təsərrüfat avadanlıqları verilir, mal-heyvan ayrılır ki, dolanışıqlarını təmin etsinlər. Bütün bunlar Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin yürütdüyü və bundan sonrada həyata keçirəcəyi siyasətin sosial mahiyyətli olduğunu, Azərbaycan vətəndaşlarının maraqlarını əks etdirdiyini və bilavasitə onların problemlərinin həllinə yönəldiyini göstərir.

Regionlarda məşğulluğu artırmaq üçün dövlət ötən illərdə xeyli vəsait ayırıb. Aqrar sahənin - pambıqçılığın, tütünçülüyün, taxılçılığın inkişafına dotasiyalar verilir. Prezident İlham Əliyevin bu layihələrə dəstək verməsinin, diqqət ayırmasının təməlində yenə vətəndaşlar durur, onların məşğuliyyəti, sosial təminatı, rifahı və bütövlükdə regionlarımızın inkişafı amili durur.

Bu gün Azərbaycan regionları ilə Bakı şəhərinin infrastrukturu arasında fərq xeyli azalıb. Ölkə vətəndaşları 24 saat işıq, qaz, su ilə təmin olunur, avtomobil yolları Bakının yolları, şəhərlərin, rayon mərkəzlərinin abadlığı paytaxtımızdakı kimidir. Əlbəttə, bütün bunları danışmaq, hamısını sadalamaq çox çətindir. Amma, inanın Azərbaycan Respublikası həm öhdəliklərinə daxil olan, həm də öhdəlik daşımadığı məsələlər üzrə region, dünya dövlətlərinin sırasında lider səviyyəsində sosial siyasət yürüdən dövlətdir.

- Bütün bu islahatlarla, yəni yürüdülən sosial siyasətlə yanaşı biz eyni zamanda struktur islahatlarının da şahidi oluruq. İstərdik ki, məsələnin bu tərəfinə də toxunaq. Yəni struktur islahatlarının aparılmasında qarşıda duran əsas hədəf, həlli vacib vəzifələr nədən ibarətdir?

- Yenə həmin məntiqə qayıdıram. Dünən görülən iş dünən üçün idi. Bu gün görülən iş daha mükəmməl olmalı, onun tələbləri, prinsipləri, standartları yenilənməlidir, real vəziyyətə uyğun təkmilləşdirilməlidir. Dünən görülən işə görə sağ olun, bu gün görülən iş ondan yüksək olmalı, daha yüksək tələblərə cavab verməlidir. Sabah görülən iş isə bundan da irəli getməlidir. Yəni, insanların ehtiyacları necə ki, bir yerdə qalmır, günü-gündən artırsa, tələbləri, zövqləri dəyişirsə, dövlətin apardığı siyasət də yenilənir, inkişaf etdirilir.

Cənab İlham Əliyevin yürütdüyü siyasətin, o cümlədən struktur islahatlarının məqsədi dövlət idarəçiliyinin dinamikliyi, mövcud dəyişikliklərə uyğunlaşması təmin olunsun, daim səmərəli işləyən mexanizm yaradılsın.

Görürsünüz ki, enerji resursları ilə bağlı dünya bazarında stabillik yoxdur, neftin qiyməti dəyişir, üstəlik onun azalması amili də nəzərə alınmalıdır. Təbii ki, cənab Prezidentin çevik, düşünülmüş və prinsipial siyasəti olmasaydı, gələcəkdə neftdən əldə olunan gəlirlərin bərpası üçün illər lazım olardı. Amma indi Cənub Qaz dəhlizi layihəsi işə salınır, Azərbaycan dünya bazarına təbii qaz ixracatçısına çevrilir və qarşıdan gələn illərdə ölkəmiz həm də bundan böyük gəlirlər əldə etməyə başlayacaqdır.

Avropa Birliyinin reallaşdıra bilmədiyi layihəni Azərbaycan Türkiyə ilə birlikdə reallaşdırdı. Əlbəttə, bütün bunlar Azərbaycan xalqının bilavasitə maraqlarına söykənib. Yüz illər bundan sonra da Azərbaycanın həm iqtisadi, həm siyasi, həm geosiyasi, həm də beynəlxalq maraqlarını təmin edəcək.

Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının hədəfi odur ki, dinamik inkişafı təmin etmək üçün daha effektli idarəçilik qurulsun, daha az vəsaitlə daha çox nəticə əldə etmək mümkün olsun. Təbii ki, dövlət idarəçilik sistemi mobilləşdikcə, təkmilləşdikcə əvvəllər mövcud olmuş və yaxud ötən dövrlərdə yaradılmış strukturlar ləğv olunmalı, ixtisara salınmalıdır. Burada da Cənab Prezident ciddi tapşırıq verib ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları işsiz qalmasın, yeni iş yerləri açılsın və onlar işlə təmin olunsun. İxtisar olunan qurumların əməkdaşları maksimum dərəcədə həmin strukturların tərkibində yerləşdirilməlidir, onların təcrübəsindən, potensialından istifadə olunmalı, vətəndaşın maraqları və tələbləri ödənilməlidir.

Yəni struktur islahatları vətəndaşın üzərinə yüklənməməlidir. Vətəndaş əziyyət çəkməməlidir. Azərbaycan vətəndaşı özünün işləmək hüququna malik olmalıdır.

- Son olaraq bir məsələ ilə bağlı fikirlərinizi eşitmək istərdik. Çox vacib məqamdır ki, bu islahatların önündə məhz gənclər dayanır. Yəni, bu gün Azərbaycanda eyni zamanda gəncləşmə siyasəti həyata keçirilir və elə məhz Prezident İlham Əliyevin gənclərlə görüşdə biz çox önəmli və eləcə də səmimi anların şahidi olduq. Bugünkü Azərbaycan gəncliyi müasir dövrün tələblərinə nə dərəcədə effektiv, adekvat cavab verir?

- Mən yenə Ümummilli lider Heydər Əliyevin dövrünə qayıdacağam. O böyük şəxsiyyət 1993-cü ildə hakimiyyətə qayıdar-qayıtmaz ilk görüşünü parlamentdə Azərbaycan gəncləri ilə keçirmişdi. Niyə gənclərlə? O müdrik, dahi bir şəxsiyyət idi. O bilirdi ki, gələcəyi haqqında düşünməyən dövlət, xalq heç nə əldə edə bilməz. Yəni bir xalqın, dövlətin gəncliyi əgər gələcəyi haqqında düşünmürsə, o dövlətin gələcəyi yoxdur.

1994-cü ildə Azərbaycanın hələ resursları yox idi. Ölkənin xarici iqtisadi əlaqələri pozulmuşdu, daxildə istehsalat yox dərəcəsindəydi. Xalq Cəbhəsi və Müsavat partiyasının yarıtmaz siyasəti nəticəsində zamanında Ümummilli liderin Moskvanın imkanlarından istifadə edərək Azərbaycanda həyata keçirtdiyi sənayeləşmə tam pozulmuşdu. Neft-qaz da daxil olmaqla, Azərbaycanda gəlir gətirən bütün sahələrin fəaliyyəti dayanmışdı. Faktiki olaraq, ölkənin büdcəsi çox pis vəziyyətdə idi. Belə bir mürəkkəb durumda Ümummilli lider Gənclər İdman Nazirliyini yaratdı. Çünki o bilirdi ki, xalq, bir millət gələcək haqqında düşünürsə, o mütləq şəkildə sağlam gəncliyin yetişdirilməli, vətənpərvər gəncliyin formalaşdırılması siyasətini ortaya qoymalıdır. Bununla da Azərbaycanın dövlətinin gənclər siyasətinin təməl prinsipləri müəyyən edildi.

1996-cı ilin fevral ayında Ümummilli liderin bilavasitə rəhbərliyi ilə Birinci Ümumazərbaycan Gənclər Forumu keçirildi. 1997-ci ildə artıq “Gənclər günü” təsis olundu. 2002-ci ildə gənclər siyasətinə dair xüsusi bir qanun qəbul olundu. 1996, 1999 və 2003-cü illərdə 3 gənclər forumu keçirildi. Hər forumda gənclərin ehtiyacları, problemləri, Azərbaycanın bu sahədə yürütdüyü siyasətin effektivliyi geniş müzakirə edildi.

Ümummilli lider haqq dünyasına qovuşandan sonra Prezident İlham Əliyevin hakimiyyətinin ilk birinci ilində gənclər siyasəti ilə bağlı proqram imzalandı. Sonrakı illərdə Prezident İlham Əliyev gənclər siyasəti haqqında 2005-2010, 2011-2015, 2016-2021-ci illəri əhatə edən daha 3 proqramı təsdiq etdi. Bundan başqa, 2007-ci ildə Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı xüsusi Dövlət Proqramı, “Gənclərin inkişafı strategiyası: 2015-2025-ci illər” qəbul edildi. Bu müddət ərzində Azərbaycan gəncliyinin formalaşması, inkişafı, təhsili, fiziki sağlamlığı və digər sahələrlə bağlı sözün həqiqi mənasında möhtəşəm bir Dövlət Proqramı həyata keçirilib. Prezident İlham Əliyevin gənclər siyasəti gənclərin sağlam böyüməsini, onların təhsilini, milli-mənəvi cəhətdən zənginləşməsini, Azərbaycan dövləti üçün əqidəli, vətənpərvər, bacarıqlı, dünyada rəqabətə davamlı gənclər formalaşdırılmasını nəzərdə tutur. Cənab Prezident həmişə deyir ki, gənlər bizim gələcəyimizdir və o, çalışır ki, yetişən gənc nəsil Vətənimizi daha da inkişaf etdirmək, Azərbaycanı daha da gücləndirmək imkanına və potensialına malik olsun.

Diqqət edin, son 15 ildə Azərbaycanda 44 Olimpiya İdman Kompleksi inşa olunub. Yaxud Azərbaycanın 40-a yaxın rayonunda Gənclər mərkəzləri yaradılıb. Bunların sayı da getdikcə artır. Azərbaycanın bütün rayonlarında gənclər və idman idarələri fəaliyyət göstərir. 2013-cü ildən gənclər üçün Prezident təqaüdü təsis olundu. Prezident təqaüdləri, gənclərə güzəştli kreditlərin verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, dövlət qulluğuna cəlb olunması, gənclərin imkanlarından bütün sahədə istifadə olunması geniş tətbiq olunan təcrübədir. Azərbaycanın Birinci Vitse-Prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva sosial sfera ilə yanaşı, hazırda gənclər siyasətinin inkişafına da böyük diqqət ayırır. Bu da, öz növbəsində, Azərbaycanda gənclər siyasətinə dinamizm gətirib. Əvvəllər yalnız gənclər idman naziri və Prezident Administrasiyasında İctimai-siyasi məsələlər şöbəsi ilə Humanitar siyasət məsələləri şöbəsi gənclər siyasəti ilə məşğul olurdusa, bu gün artıq gənclər siyasəti ilə bağlı ayrıca şöbə yaradılıb. Cənab Prezidentin yaratdığı Gənclər Fondu publik şəxsə çevrilib və gənclərə qrantlar verir, onların layihələrini maliyyələşdirir, xarici ölkələrdə təhsil və digər məsələləri həll edir və ayrıca bir qurum kimi dövlətin gənclər siyasətinin həyata keçirilməsində iştirak edir.

Yekun olaraq onu bildirməliyəm ki, Cənab Prezidentin yürütdüyü gənclər siyasəti, Azərbaycanda gənclərə ayrılan diqqət, qayğı və gəncliyimizin gələcək üçün hazırlanması istiqamətində həyata keçirilən siyasət nəinki bölgənin, nəinki Avrasiyanın, dünyanın heç bir ölkəsində müşahidə olunmur. Fəxrlə deyə bilərik ki, Azərbaycan bölgədə ən fəal gənclər siyasəti yürüdən ölkədir.
“Dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə...” Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması və sonrakı fəaliyyəti barədə Azadinform-a müsahibə verib.

Avrasiya.net Hikmət Cavadovla müsahibəni təqdim edir:

- Hikmət müəllim, bu günlərdə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması barədə razılığa gəliblər. Bu, o deməkdir ki, illərdir fikir ayrılıqları ilə müşahidə olunan fəaliyyətiniz bundan sonra birgə əməkdaşlıq şəraitində davam edəcək. Sizcə, gec deyilmi?

- Əvvəla haqlısınız, bu barədə qərarı çoxdan verməliydik, lakin nəticəsi müsbət sonluqla bitəcək heç bir iş üçün zamanın fərqi yoxdur. Həm də bu, nə məndən, nə də digər diaspor təşkilatlarının sədrlərindən aslı məsələ deyildi. Bu gün Ukraynada onlarla Azərbaycan diaspor təşkilatı var. Etiraf edək ki, onların bir çoxu kağız üzərindədir. Lakin bir çox təşkilatlar da var ki, imkanları daxilində fəaliyyət göstəririrlər. Təəssüf ki, aktiv fəaliyyət göstərən təşkilatların sayı bizim arzu etdiyimiz səviyyədə deyil. Birləşməyimizə mane olan digər mühum səbəb isə Diasporla İş üzrə Dövlət Komitəsinin əvvəlki rəhbərliyinin bu işdə maraqlı olmaması idi. İndi mən bu barədə detallı danışmaq istəmirəm, daha doğrusu, bunu etik saymıram. Artıq köhnə rəhbərlik yoxdur, yeni sədr var və sevindirici haldır ki, o da təkcə Ukraynada deyil, bütün dünyada mövcud olan Azərbaycan diaspor təşkilatlarının aktiv fəaliyyəti üçün əlindən gələni edir. Bu nöqteyi-nəzərdən daha çox onun tərəfdarıyam ki, biz keçmişdə nəyin baş verdiyini deyil, gələcəkdə dövlətimiz və millətimiz adına daha yaxşı nələri edə biləcəyimiz haqqında düşünməliyik.

- Belə çıxır ki, birləşmək ideyası təşkilatların yox, Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin təşəbbüsüdür?

- Etiraf edim ki, biz heç vaxt birləşmək məsələsini gündəmə gətirməmişdik. Daha doğrusu, bu barədə təklif nə bizdən, nə də Bakıdan irəli sürülməmişdi. Digərlərinə nisbətən daha aktiv fəaliyyət göstərən üç təşkilat - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Kiyev Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu ayrı-ayrılıqda tədbirlər keçirir, təkbaşına fəaliyyət göstərirdilər.

Birləşmək ideyası Cənab Prezidentin Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə Fuad Muradovu təyin etməsi ilə başladı. Qısa zaman ərzində digər ölkələrdə olduğu kimi Ukraynada da fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiya məsələsi gündəmə gəldi. Komitə rəhbərliyində təmsil olunan şəxslər bir neçə dəfə Kiyevdə oldular, mən və digər diaspor təşkilatlarının sədrləri ilə görüşlər keçirildi. Şəxsən mən bütün görüşlərdə Komitənin bu prosesə çox ciddi yanaşdığının şahidi oldum. Və beləliklə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun 17-19 iyul 2018-ci il tarixdə Kiyevə səfəri zamanı məhz onun rəhbərliyi ilə bir araya gəldik. Ədalət naminə qeyd edim ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatlarının birləşmək ideyasının müəllifi məhz Fuad Muradov oldu. Əlbəttə, istər Bakıda, istərsə də Ukraynada, xüsusən də mətbuatda hamı bizə “niyə birləşmirsiniz?” deyə sual edir, bəzən haqlı olaraq tənqid hədəfinə də tuş gəlirdik. Onlarla tamamilə razıyam, amma yenə də israrla qeyd edirəm, bu nə Hikmət Cavadovdan, nə Rövşən Tağıyevdən, nə Oleq Krapivindən, nə də digər dostlarımızdan asılı deyildi. Bu ideyanı reallaşdırmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsi aylardır iş aparır. Fuad Muradovun bilavasitə iştirakı ilə bütün diaspor təşkilatlarının aktivlərindən ibarət yaradılan İşçi Qrupu son 6-7 ayda bir neçə dəfə görüş keçirdi, təkliflər müzakirə olundu, qərarlar qəbul edildi. Bu təkliflərin müzakirəsində Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli şəxsən iştirak etdi. Yəni Komitə tərəfindən heç bir təşkilata təzyiq göstərilmədən birləşmək istiqamətində uğurlu yol qət etdik. Həm Rövşən Tağıyev, həm də Oleq Krapivinlə dəfələrlə bir araya gəlib bu işin sürətləndirilməsinə çalışdıq.

- Və beləliklə, “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması barədə razılığa gəldiniz…

- Əslində bu razılıq son 6-7 aydır aparılan müzakirələrin müsbət nəticəsi idi. Ukraynada Azərbaycan diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrup artıq bu istiqamətdə işlərini yekunlaşdırdı. Kiyev şəhərində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısını keçirdik. Görüşdə Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin birləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə “Ukrayna Azərbaycanlıları Radası”nın yaradılması ilə bağlı müzakirələr apardıq. Müzakirələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin bu işlə əlaqəli məsul şəxsi də iştirak edirdi. Qərara alındı ki, yaxın vaxtlarda “Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayı keçirilsin. Artıq bu istiqamətdə diaspor təşkilatlarının iştirakı ilə hazırlıq işləri davam edir, yəqin ki, hamı üçün münasib bir vaxtda “Ukrayna Azərbaycanlıları Radası”nın təsis qurultayını keçirəcəyik.

- Deyək ki, qurultay keçirildi, Rada yaradıldı, sonrakı birgə fəaliyyəti necə koordinasıya edəcəksiniz?

- Sonrakı fəaliyyətimiz ilk növbədə birgə addımlamaqdan ibarət olacaq. Rada elə bu məqsəd üçün yaradılır. İlk növbədə Azərbaycanla bağlı tədbirlərin birgə keçirilməsinin daha səmərəli və faydalı nəticələr verəcəyi qənaətindəyik. Hamı kimi biz də düşünürük ki, diaspor təşkilatlarının birgə və koordinasiyalı fəaliyyəti günün tələbidir. Çalışacağıq ki, Prezident İlham Əliyevin diaspor quruculuğu istiqamətində fəaliyyətinə dəstək verək. Bu işdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin tövsiyələri var. Bu tövsiyələr birgə fəaliyyətin daha səmərəli həyata keçirilməsinə hesablanıb. Nəticədə daha səmərəli mexanizmlər işlənib hazırlanacaq, Ukraynadakı Azərbaycan diasporunun inkişafında ümumi mövqeyin formalaşması prosesi sürətlənəcək.

- Uzun illərdir, gərgin münasibətlərin yaxşılığa doğru belə tez dəyişməsi müsbət haldır. Amma bütün məsələlərdə “vahid mövqe” bir az çətin olmayacaq ki?

- Bütün təşkilatlar bu işə könüllü razılıq verib, heç kimin qarşısında hansısa tələb qoyulmayıb. Hər bir təşkilat birləşmə ideyasının tezliklə reallaşması üçün əlindən gələni edir. Bizim geriyə yolumuz yoxdur, dövlətin diaspor siyasəti yeni yanaşmalar tələb edirsə, biz də buna əməl etməliyik. Əslində dövlətin yeni diaspor siyasəti bizim işimizi asanlaşdırır, yükümüzü və məsuliyyətimizi paylaşır. Bunun nəyi pisdir ki? Əlbəttə, gələcəkdə fikir ayrılıqlarını da istisna etmirəm. Biz robot deyilik, insanıq, səhvlərimiz, düzlərimizlə yola davam edəcəyimizə inanırıq. Amma şəxsən mənim qəti mövqeyim ondan ibarətdir ki, bu fikir ayrılığı Azərbaycanla, xüsusən də dövlətimiz, Cənab Prezidentin daxili və xarici siyasəti, xalqımız və Ukraynada yaşayan azərbaycanlılarla bağlı olmasın.

Bildiyiniz kimi, Ukraynada ictimai-siyasi proseslər son zamanlar gərgin keçir. Biz də istər-istəməz bu proseslərin müşahidəçisi və ya bəzi hallarda iştirakçısına çevrilirik. Məhz Ukraynada gedən ictimai-siyasi proseslərə münasibət məsələsində zaman-zaman fikir ayrılıqları yarana bilər. Əgər həmin fikir ayrılıqları Ukraynada yaşayan azərbaycanlıların və xüsusən də Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor siyasətinə, tövsiyələrinə zidd deyilsə, burda ciddi problem görmürəm.

Yenə də təkrar edirəm əsas məqsəd dövlətimiz üçün yararlı layihələri həyata keçirmək, Ukraynada yaşayan azərbaycanlıların hüquqlarını qorumaq, burada təhsil alan tələbələrlə səmərəli iş aparmaq, Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasının koordinasiyalı formada həyata keçirmək olmalıdır.
"Dərin dövlət"in adamı - Qarabağı işğaldan azad edəcəyikQondarma “erməni soyqırımı” ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində iddiaların yalan olduğunu sübut edən, Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçek “Report”a müsahibə verib.

Avrasiya.net Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek üsahibəsini təqdim edir:

- ABŞ-ın Kaliforniya ştatındakı erməni məktəbinə Türk bayrağı asanlara qarşı təhqiqat başlayıb. Polisin ittiham aktında “erməni soyqırımı” ilə yəhudi soyqırımı eyniləşdirilib. Bununla bağlı nə demək istərdiniz?

- Bizim 2008-ci ildəki şikayətimiz və 7 illik mübarizəmizdən sonra “erməni soyqırımı” iddiaları Avropanın gündəmindən çıxıb. Avropa İnsan Haqları Məhəkəməsinin (AİHM) İkinci Palatası, daha sonra isə Böyük Palatası 1915-ci ildə Osmanlı imperiyası torpaqlarında baş vermiş hadisələrin yəhudi soyqırımı ilə müqayisə edilə bilməyəcəyininə dair qərar qəbul edib. AİHM-in qəti qərarlarına görə,1915-ci il hadisələri soyqırımı deyildir. Çünki o hadisələrlə bağlı hər hansı yerli və ya beynəlxalq məhkəmənin qəbul etdiyi qərar yoxdur. Kaliforniyada Türklərə qarşı aparılan təhqiqatın heç bir hüquqi dəyəri yoxdur. Bu, erməniləri Türklərə qarşı qısqırdan, onların arxasında duraraq Türkiyə torpaqlarını parçalamağa çalışan amerikan imperializminin son çırpınışlarıdır. Kaliforniya prokurorluğu bu minvalla, oradakı ermənilərin könlünü xoş etmək istəyə bilər. Ancaq unudulmamalıdır ki, AİHM-in qərarları Avropa Şurasının üzvü olan ölkələr üçün məcburidir. ABŞ isə bu beynəlxalq qərara hörmət etmək məcburiyyətindədir. Məndən sonra Vətən Partiyası sədrinin müavini Əli Mərcanın da şikayəti ilə AİHM İsveçrəni bir daha məhkum etmişdir. İsveçrə parlamenti bununla bağlı olaraq qanunlarda dəyişikliklər etdi.İndi Avropanın istənilən ölkəsində qondarma “erməni soyqırımı” iddiaları gündəliyə gələn kimi, biz o ölkələrin qabağına AİHM qərarlarını qoyuruq.İsveçdə qazandığımız qələbə var. Almaniyadakı bir prosesdə mübarizəmizi davam etdiririk. Avropanın bəzi bələdiyyələri “erməni soyqırımı” abidələri qoymaq istəyirdilər, partiyamızın Avropadakı nümayəndəlikləri o dəqiqə səfərbər olaraq o təşəbbüslərin qabağını alırlar.Avropanın bütün ölkələrinin dəsrliklərindən qondarma “soyqırımı” məsələsini çıxartdıracağıq. Bir an əvvəl bu cür mənasız təşəbbüslərdən vaz keçilməlidir.

- Avropadakı təsirli mübarizənizi ABŞ-da nə vaxt davam etdirməyi planlaşdırırsınızmı?

- Bununla bağlı olaraq ABŞ-dakı nümayəndələrimiz lazımi hazırlıqları görürlər. Türkiyədən gedən nümayəndələrimiz ermənilərin kompakt yaşadıqları bölgələrdə “soyqırımı” böhtanlarına qarşı çıxışlar edirlər.Yaxın gələcəkdə ABŞ-ın bəzi ştatlarında qondarma “erməni soyqırımı”nın qanunlardan çıxarılması, məktəblərdə tədrisinin dayandırılmasına dair məhkəmələrə şikayət ərizələri verəcəyik.ABŞ demokratiyaya və insan haqlarına hörmət edirsə,ilk növbədə, AİHM qərarlarına hörmət etməlidir. Əslində AİHM-in iki qıərarı qondarma “erməni soyqırımı” iddiasını dünyanın gündəliyindən çıxarmışdır.

- 2002-ci ildən bəri Türkiyəyə qarşı “soyqırım” böhtanlarının əsas məqsədinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və ermənilərin törətdikləri Xocalı soyqırımını ört-basdır etmək olduğunu vurğulayırsınız. İndiki mərhələdə bu barədə nə demək istərdiniz?

- Azərbaycan bizim atalarımızın vətənidir, hamımızın vətənimizdir. Əziz vətən torpaqlarının erməni işğalı altında olması bizim üçün qəbuledilməz haldır. Torpaqların işğaldan azad edilməsi üçün Vətən Partiyasının lazımi hazırlıqları vardır. Bununla bağlı Rusiya dövləti ilə də lazımi danışıqlar aparırlır və məncə, artıq Rusiya da bu məsələdə həqiqətləri görməyə başlayır. Azərbaycandakı bacı-qardaşlarımız arxayın olsunlar: biz əziz vətən torpaqlarını erməni işğalından azad etmək üçün əlimizdən gələn hər şeyi edəcək və o torpaqlar mütləq işğaldan azad ediləcək. Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün daha fəal çalışacağımıza da heç kimin şübhəsi olmasın.
Nəsiminin dərisi soyulmayıb, qəzəllər onun deyil - Alman alim İNANILMAZ FAKTLARI AÇDIBu həyata Nəsimi gəlmək toxunduğun hər qəlbi solmayan rənglərlə bəzəməkdir. Onun misralarını sevmək yer üzünün hər döyünən ürəyini dinləməkdir. Güllələrin altında ovuc boyda canını qorumaqçün bir küncə sıxılan körpəyə də, bu dünyanın ədalətsiz, qırışlı üzünə də eyni yanğı ilə ağlamaqdır. Nəsimi olmaq bir əlini bu dünyadan üzdüyün halda, digəri ilə möhkəmcə yapışmaqdır.

Böyük mütəfəkkirimizin zəngin irsi dünya elminə də böyük töhfədir. Belə olmasaydı, müsahibim Mixael Hesslə Nəsimi dilində, Nəsiminin dilindən danışmazdıq.

Publika.az-ın müsahibi nəsimişünas alman alim Mixael Hessdir.

- Nəsimi ilə ilk tanışlığından bəhs edək?

- 2000-ci ildə Türkiyədə çalışırdım. Britaniyadan mənə araşdırmaq üçün bir neçə şərq klassikinin siyahısı gəldi. Həyatını, əlyazmalarını oxumağa başladım. Dissertasiyamı da bu mövzuda yazdım.

- Beləcə qərb insanı şərq fəlsəfəsinin şahlarından birinin sarayına girdi.

- Bəli, mən qərbliyəm. Amma etiraf edirəm ki, qərb sivilizasiyasının əsas sütunlarını şərq mədəniyyəti təşkil edir. Belə deyək “şərqdən gələn işıq”. Elə xristianlığın özü də qərbə şərqdən yol alıb. Yəhudiliyin bir qolu yunan sivilizasiyasının vəhdəti yeni din yaradıb ki, o da xristianlıq adı ilə qərb mədəniyyətinə yayılıb. Odur ki, bu iki dünya heç də bir-birinə yad deyil. Elə sufiliyin də əsas məqsədi bu birliyi qurmaqdır. Bəli, bu təriqət Qərb, Şərq, Azərbaycan, Nəsimi və digər növlərə bölünür. Amma ən mühümü hamımızın bir məqsəd və amal uğrunda mübarizə aparmağımızı, eləcə də bir mənşəyə mənsub olmağımızı sübuta yetirməkdir.

- Bu birliyi cahana yaymaq istəyənlərin də əsrlər boyu dərisi soyulub...

- Təbii ki, sözlərinizdəki məcazı anladım. Amma onun ölümü ilə bağlı bır sıra məqama aydınlıq gətirmək istəyirəm. Nəsiminin həyatını araşdırmış, onunla eyni dövrdə yaşamış alimlərin çoxu, həmçinin İbn Həcər əl Əskalani yazır ki, onun dərisi ölümündən sonra soyulub. Bugünədək bizə gəlib çatan mənbələrdə yanlışlıq var. Çünki əfsanələrə rast gələ bilərik. Doğrudur, ölümü faciəvi şəkildə baş verib. Çünki hakim dinlərə və siyasətə qarşı idi. Özündə tapdığı həqiqəti dünyaya car çəkmək istəyirdi. Tarixdə bu hallar az yaşanmayıb. İsa yəhudilərin şahı olmaq istədi. Onları çağırıb dedi ki, mən həqiqətin elçisiyəm. Ondan soruşdular ki, bəs əslində həqiqət nədir? Tarix boyu peyğəmbərlər, övliyalar, seçilmişlər sivilizasiyaya öz həqiqətlərini təbliğ etməyə çalışıblar. Amma bu qavramın açmasını heç vaxt bilməyəcəyik. Elə Nəsiminin Hələb şəhərindəki məhkəməsinə dörd böyük mənsəbin nümayəndələri toplanmışdı. Onlar öz aralarında belə həmfikir deyildilər. Çünki həqiqətin nə olduğunu bilmirdilər. Nəsiminin edamında dini faktorlardan əlavə siyasi ünsürlərin də böyük rolu vardı. Çünki tarix boyu istənilən din siyasətlə vəhdətdə olub. Hətta Həzrəti Məhəmmədin öldüyü anda belə bunun şahidi oluruq. Nəsiminin edamında da Misir məmlüklərinin və o vaxtın digər hökmdarlarları arasında bir iqtidar çarpışması vardı. Nəsimi öz şeirlərinə, məzhəbinə görə edam edilmişdi. Onun yaradıcılığı kifayət qədər araşdırılıb, amma həyat yolu və ölümünü daha geniş şəkildə tədqiq etməyə ehtiyac var. Mənbələrə inansaq, tərəfdarları həddən artıq çox olub. İnsanların çox sevdiyi şəxsiyyət idi. Bu baxımdan siyasi təhlükə mənbəyi idi. İstənilən dinin dünyasında bu cür hadisələrlə çox rastlaşmışıq.

- Mixael bəy, həqiqət mahiyyətcə nədir?

- Bunu izah edə bilməyəcəm. Konkret anlayış deyil. İsa deyirdi, mən yeganə həqiqətəm, Elə deyilmi? Axı siz Allah olmadan həqiqətin nə olduğunu anlaya bilməzsiniz. Müsəlmanlar da, yəhudilər də, xristianlar da eyni tanrıya inanırlar. Onların üçünü də bir otağa dəvət edin, hərəsi öz həqiqətini müdafiə edəcək və aralarında həmfikir olmayacaq. Həqiqət nisbi anlayışdır.

- Özünüz də qeyd etdiyiniz kimi seçilmişlər ömür böyu həqiqət qıfılının açarını arayırlar…

- Nəsimi öz əqidəsinə o qədər sadiq idi ki, “ən əl həqq” deyib ölümün üzərinə gedirdi. Dəfələrlə qeyd edir ki, "yolumun sonu ölümdür və mən bunu bilirəm". Bəzi mənbələri araşdırsaq, görəcəyik ki, bu qəzəllərin hamısının ona məxsus olduğu belə sual altındadır. Amma gəlin elə fərz edək ki, hamısı Nəsimi qələminin məhsuludur. İstənilən halda hakim təbəqə dəfələrlə xəbərdarlıq edir ki, öz təriqətinə sadiq qalacağı təqdirdə edam olunacaq. Amma Nəsimi yolundan dönmür, ölüm onun gözünü qorxutmur. Onu bu yola sövq edən nə idi, əqidəsinin dərinliyində nə yatırdı, onu ruhlandıran səbəblər bir az müəmmalıdır. Xüsusən də çağdaş qərb insanı üçün bu həyat tərzi çox yaddır. Nəsimiyə rast gəlsəydim, mütləq ona bir sual verərdim. Buna nə gərək vardı? Sən edam olundun, dərin soyuldu, can bədəndən ayrıldı, amma həqiqətin bir zərrəsi də dəyişmədi. Milyonlarla insan kimi öz əcəlinlə ölsəydin də bu fakt dəyişməyəcəkdi. Yəni həyatın, gerçəyin mahiyyətini belə dərindən dərk edən bir dahi niyə ölümün üstünə qaçırdı, bu məqam mənə qaranlıqdır. Bəlkə də ölümdən sonra digər aləmə keçəcəyinə inanırdı. Baxın, bu faktlar tam açıqlanmayıb.

- Nəsimini ölümün qucağına qaçmağa vadar edən başqa hansı səbəblər ola bilərdi?

- 13-cü əsrdə Elxanilər dövlətinin hökmdarı Qazan xanın ilk islahatı islamı dövlət dini elan etmək olur. Ondan öncə Azərbaycanda islam dini hakim deyildi. 14-cü əsrin 30-40-cı illərindən etibarən islamın yeri zəifləməyə başladı. Artıq belə desək, yeni nəzəriyyələrə, fikirlərə yer açdı. Ənənəvi mədəniyyət, ənənəvi din küncə sıxışdı. Dövrün mütəfəkkirləri də bu boşluğu doldurmağa can atdı. Nəsimi də o şəxsiyyət, həmçinin ali təbəqəyə mənsub olan düha idi. Yəqin ki, tutduğu mənəvi yoldan qidalanmaq niyyətində idi. Sonu ölüm olsa belə…

- Bəlkə də tək istəyi paslanmış gözlərə nur vermək idi...

- 8-ci əsrdən başlayaraq sufizm çox vacib mövqeyə çevrildi. Həmçinin islam dünyasına bir çox axın oldu. Hətta dinə hüquq sistemi kimi yanaşanlar da tapıldı. Yəni gündəlik həyatını, əqidəsini dinin buyurduğu qanunlarla uzlaşdırdı. Şərq şairlərinin bir qismi də sufi şairlərinə çevrilirdilər. Sufilərin dini rəhbərləri Zahid adlanırdı. Müsəlmanlarsa onlara küfr edərək özlərindən aşağı görməyə başladılar. Elə günü bu gün istər Almaniyada, istərsə də Türkiyədə qarşıma çıxan bəzi müsəlmanlar aramızdakı din fərqinə görə mənə kafir kimi baxır. Hətta üzümə deyirlər ki, sən ikinci növ insansan. Çünki islama sitayiş etmirsən. Belə müsəlmanlar da var. Nəsimi, Rumi, Yunus Əmrə kimi gözəlliyi təbliğ edənlər də. Onlar eyni dildə danışırlar, deyirlər ki, gün ərzində beş rükət namaz qılmasan da olar. Mühüm olan ürəyinin, zehninin təmizliyidir. çünki dinin vacib şərtlərini yerinə yetirib kafir olmaq da mümkündür. Ərəbcə bilmək, "Qurani-Kərim"i əzbərləmək, bu şərtlərə əməl etmək zərurət deyil. İstər hər yer Məryəmi İsa olsun, lap İslama bürünsün, içində şeytan varsa, onu susdura bilməyəcəksən. Hamımız insanıq, mənşəyimiz birdir, vacib olan budur. Və o dövrün ali düşünən insanlarının da niyyəti bərabərlik fikrini təbliğ etmək idi.

- Nəsimi şeiriyyatına təmas edəndə baş qaldıran duyğularınızı bizimlə bölüşə bilərsinizmi?


- Şeiriyyat bir dünyadır. Tutaq ki, meşəni vəsf edən bəsit bir şeir oxuyursunuz. Bir dəfə oxuyan kimi mənasını anlayırsınız. Amma Nəsiminin bir qəzəlini bəlkə 10 dəfə oxuyuram. Hər səfərində də özüm üçün yeni mükəmməl fikirlər kəşf edirəm. Şeir çoxmənalı sənətdir. Orta əsrlərin tarixini vərəqləyəndə də görürük ki, şeir çox mürəkkəb sənət nümunəsi olub. İstər heca, istər, əruz vəznində olsun, vərəqə köçürməyi bacarmaq vacib deyildi. Zəruri olan onu insanların içərisində əzbər söyləyərək yaymaq idi. Buna görə də olduqca zəngin məna daşımalı idi. İstər Nəsimi, istərsə də Füzuli kimi şairlərin dildən-dilə gəzən sənət əsərlərini indi oxuyub həmin dövrün mədəniyyəti, dini haqda məlumat əldə etməklə qalmırıq, həmçinin qəlbimiz isinir. Müsəlman, hürufi olmasam da, ürəyimə xitab edir. Bu da şairin və şeirin böyüklüyüdür.

- Sualım qəribə səslənə bilər, amma Nəsimini hansı qərb mütəffəkiri ilə müqayisə etmək olar?


- (gülür) Bəlkə də Nitsşe ilə… O, da dövrünün məşhur mütəfəkkiri, filosofu, yazıçısı, bəstəkarı idi. Alman fəlsəfə tarixində Nitsşenin özünəməxsus yeri var. Bu baxımdan onu Nəsimi ilə müqayisə edə bilərik. Axı Nəsimi də Azərbaycan təfəkkür tarixinin böyük şairidir. O, öz dövrü üçün təhlükəli olan yeni üsyankar təfəkkür, düşüncə gətirdi. Nitsşedə də eyni hadisə təkrarlandı. Lakin fərqli tərzlərdə… Məsələn, Nitsşe əsərlərinin birində deyir ki, "mən dünən Allahı öldürən insana, yəni özümə rast gəldim". Fransız inqilabına qədər xristianlıqda hər şey Allahdan idi. Nitsşe də fəlsəfəyə yeni və çox qalmaqallı baxış gətirdi. Nəsimi bu sözləri deyə bilməzdi, çünki ona görə Allah ölməz. Amma Allahla insanı birləşdirdiyi məqamlar var. İslamda isə insan Allahla bir tutula bilməz, çünki O ucadır, bizi Yaradandır. Təbii ki, dövrü üçün bu da bir inqilab idi. Lakin digər yöndən hürufilər, o cümlədən Nəsiminin əqidəsi mövcud islam əqidəsindən fərqli deyildi. Sadəcə Allaha hərflərdən, xətlərdən, bir sözlə, fərqli yollardan təmas etmək yollarını arayırdı. O, din mədəniyyətinə yeni baxış bucağı gətirmişdi. Bu inqilabi yanaşmalar Nitsşe ilə Nəsimini müqayisə etmə səbəbimdir.

- Mixael bəy, necə düşünürsünüz Nəsimi fəlsəfəsi çağdaş Avropada yetərincə araşdırılır?

- Təəssüf ki, xeyr. Düşünürəm ki, qərbdə Nəsimi kifayət qədər araşdırılmayıb. Hətta bir dəfə polşalı türkoloqun məqaləsinə rast gəldim. Nəsimi haqda heç də xoş sözlər yazmamışdı. Çünki məsələyə öz katolik dini düşüncələrinin güzgüsündən baxmışdı. Bu baxımdan Nəsimin fars və azərbaycanca olan divanları araşdırılmalıdır. Nəsimini sevmək üçün ölkənizə, mədəniyyətinizə bələd olmaq lazımdır. Elə Azərbaycanın özündə də sovet dövründə "Qurani-Kərim", din təbliğ olunmadığından, bir sıra ideoloji əqidələr qaranlıq qalırdı. Bu baxımdan üsyankar Nəsimi fəsləfəsi də tam obyektivliyi ilə tanıdılmayıb. O, dünya səviyyəsində araşdırılması gərəkən çox böyük mütəfəkkirdir, haqqında yeni, daha səhih kitablar yazılmalıdır. Bir sıra mənbələrin istifadəsi dayandırılmalıdır.

- Ən çox sevdiyiniz misralarını səsləndirə bilərsiniz?

- O, şah beytlərin müəllifidir. Misralarındakı ahəng, axıcılıq, dərin fəlsəfəni sevmək ona olan hisslərimin tam izharı deyil. Amma yəqin ki, bu qəzəli səsləndirəcəm:

Mərhaba, xoş gəldin, ey ruhi rəvanım, mərhaba!
Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!

Çün ləbin cami-Cəm oldu nəfxeyi-ruhulqudus,
Ey cəmilim, ey cəmalim, Bəhrukanım, mərhəba!

Könlümə heç səndən özgə nəsnə layiq görmədim,
Surətim, əqlim, uqulim, cismu canım, mərhəba!

Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çun dedin ləhmikə ləhmi, qanə qanım, mərhəba!

Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?
Mərhəba, xoş gəldin, ey xırdadəhanım, mərhəba!
“Mitinqə icazə verilməməsi üçün Bakı meriyası qarşısında vəsatət qaldıracağam”"Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər"

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov "Report"a müsahibəsində AXCP sədri Əli Kərimlinin iddialarına cavab verib.

Həmin müsahibəni təqdim edirik:

Cənab general, Milli Şuranın keçirdiyi son mitinqdən sonra əsas təşkilatçılardan olan AXCP sədri Əli Kərimli müsahibə verərək hakimiyyət orqanlarının guya qorxuya düşdüklərini və buna görə də polis naryadlarının paytaxtın hər yerində səfərbər olduğunu iddia edir. Onun bu fikirlərinə Sizin münasibətiniz necədir?

- AXCP sədri və onun tərəfdarları keçirdikləri son mitinqdən sonra eyforiyaya qapılaraq və reallıq hissini itirərək xalqın adından danışmaq səlahiyyətlərini üzərlərinə götürüb hakimiyyət orqanları ilə ultimativ tonda, şantaj dili ilə danışmağa çalışırlar. Vaxtilə on aylıq hakimiyyətləri dövründə AXCP-Müsavat cütlüyünün aparıcı funksionerlərindən olan Ə.Kərimlinin və digərlərinin siyasi səriştəsizliyi, təcrübəsizliyi və səbatsızlığı nəticəsində verdikləri yanlış qərarların doğurduğu fəsadların əziyyətini xalqımız bu gün də çəkir. Buna baxmayaraq, həmişə haqqdan, ədalətdən, obyektivlikdən, demokratiyadan dəm vuran, guya insan hüquqlarının pozulmasından danışan, hamıya qanunun aliliyindən dərs keçməyə çalışan Əli Kərimli iqtidarda olarkən vətəndaşlarımızı fəlakətə düçar etdiklərinə görə özündə indiyədək mənəvi güc və cəsarət tapıb xalqdan üzr istəməyib.

Xalqımızın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyev məhz Ə.Kərimli və digərlərinin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə yaranmış xaos, anarxiya və cəzasızlıq mühitinin qarşısının alınması üçün çox böyük səylər göstərdi. Ümummilli liderin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq bərpa edildi, insan hüquq və azadlıqları etibarlı şəkildə təmin olundu.

İndi hakimiyyəti mitinqdən qorxmaqda və polisi ölkə paytaxtında guya mitinqçilərə qarşı səfərbər olmaqda günahlandıran Əli Kərimli və onun tərəfdarları bilməlidirlər ki, Azərbaycan dövləti, hüquq mühafizə orqanları hər zaman öz vətəndaşının yanında olub, onun təhlükəsizliyini, əmin-amanlığını, hüquq və mənafelərini hər cür qanunsuz hərəkətlərdən qoruyub və bundan sonra da qoruyacaqdır.

Bu gün paytaxtda həyata keçirdiyimiz qabaqlayıcı-profilaktiki və əməliyyat xarakterli tədbirlərdə də əsas məqsəd günü-gündən gözəlləşən, dünyanın təhlükəsiz şəhərlərindən birinə çevrilmiş paytaxtımızın sakinlərinin həyatını, sağlamlığını, təhlükəsizliyini, əmin-amanlığını qorumaqdır. Bakı şəhərində sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən, Ə.Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcəkdir.

Cənab general, mətbuatın yazdığına görə, Milli Şura, yaxın günlərdə yenidən mitinq keçirmək istəyir. Buna Sizin münasibətiniz necədir?

- Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam.
Sərdar Cəlaloğlu Əli Kərimlini və Milli Şuranı ruslara işləməkdə suçladı“Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı”; “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” filmləri qadağan olunmalıdır”
20 yanvarda telekanallarda “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” filmləri nümayiş etdirildi. Cəmiyyətdən belə tənqidlər səslənməkdədir ki, Xocalı soyqırımının, 20 Yanvar hadisələrinin ildönümü günlərində efirdə sovet hökumətini, bolşevizmi təbliğ edən filmlərin nümayişi düzgün deyil.

Arqumentlər ondan ibarətdir ki, 20 Yanvar gecəsi sovet tankları Bakıya girərək əliyalın insanları gülləboran edib, telekanallar isə sovet hökumətinin qurulmasını, bolşeviklərin mübarizəsini təcəssüm etdirən məsələn, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm” kimi filmləri efirə verir.

Elə son olaraq 20 Yanvar faciəsinin 29-cu ilində telekanallarda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə ilə heç bir ideoloji-mənəvi bağlılığı olmayan filmlər nümayiş etdirildi.

Doğrudur, həmin kinolarımızda böyük sənətkarlar rol alıblar, həmişə maraqla izlənir və tez-tez göstərilir.

Amma bu filmlərin məhz 20 Yanvar günü və yaxud 18 oktyabr Müstəqillik Günü, Milli Dirçəliş günü efirə verilməsi heç bir məntiqə sığışmır. Axı o filmlərin 20 Yanvarla nə əlaqəsi var? Əksinə, tam antaqonist proseslərdir.

Bir tərəfdə sovet hökuməti qurulması üçün mübarizə aparılır, əks tərəfdə isə 70 ildir qurulan Sovet İttifaqının ordusu müstəqillik tələb edən azərbaycanlıları gülləboran edir. Bu mövzuda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”ın suallarını cavablandırıb.

S.Cəlaloğlu deyib ki, bu, adi məsələ deyil, ruspərəst qüvvələrin işidir: “Həmin qüvvələr iqtidarın müxtəlif tribunalarında və postlarında yer alıblar. Bu siyasətin məqsədi Rusiyanın xalqımıza düşmənçiliyini unutdurmaq, ört-basdır etməkdir. İstəyirlər ki, yenidən ruslarla dostlaşaq, can deyib, can eşidək. Ondan sonra Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv etsinlər, rusların 100 il qabaqkı pisliklərini yaddaşlardan silsinlər. Ona görə də işğala haqq verilən filmlər nümayiş olunur. “Yeddi oğul istərəm” filmi dinimizə, mədəniyyətimizə bir üsyandır. Onu göstərirlər, amma “Cavadxan” filmi nümayiş olunmur. Niyə? Çünki ruspərəstlərin xoşuna gəlmir. Hesab edirəm ki, bu siyasət təhlükəli tendensiyadır və Qarabağın təslim edilməsinə, Rusiyanın xalqımıza qarşı işğal siyasətini unutdurub münasibətlərin yaxınlaşmasına hesablanıb. Azərbaycanı təzədən Rusiyanın qucağına aparmaq istəyirlər, işğal prosesinin təkrarlanmasını istəyirlər. Həmin filmlərin göstərilməsi ilə bərabər Qarabağ mitinqinə razılıq verilməməsi də eyni siyasətin ssenarisidir, tərkib hissəsidir. Çünki Qarabağ mitinqi ruspərəstlərin əleyhinədir. Amma Mehman Hüseynova azadlıq tələbi ilə mitinq keçirilməsi onların indiki məqamda, özü də 19 yanvarda maraqlarına uyğundur. Bununla rus qoşunlarının 20 Yanvar gecəsi Azərbaycan xalqına divan tutmasını arxa planda saxlayırlar, iqtidarın ölkədə insan haqlarını pozması təsəvvürünü yaradırlar. Bu siyasətin nədən ibarət olduğunu uşaq anlamaz, biz anlayırıq”.

- Yəni, Milli Şura bu mitinqdə ruspərəst qüvvələrin əlinə oynayıb?

- Siz zamana, şüarlara baxın. Rusların düşmənçiliyini unutdurmaq üçün 19 yanvara mitinqə icazə verildi. Niyə Qarabağ Komitəsinin mitinqinə icazə vermədilər? 20 Yanvarda rusların Bakıya girməsi ilə komsomol hərəkatının bəylərimizə, zadəganlarımıza hücumu arasında nə fərq var? Mən bir müddət əvvəl Səməd Vurğunun “Komsomol” poemasının qadağan olunmasını təklif eləmişdim. Etiraz edənlər olmuşdu. İndi hamı dediyimə gəlir. Bu gün də o fikirdəyəm ki, o filmlər efirdə qadağan olunmalıdır. Bizim xalqımızın tarixinə qarşı olan bu filmlər nə üçün nümayiş etdirilməlidir? Niyə Nadir şah, Qacar şah, Şah İsmayıl Xətai barəsində filmlər vermirlər? Fətəli xanın ruslara qarşı mübarizəsinə dair film var, nə üçün nümayiş olunmur? “Cavadxan” filmini niyə göstərmirlər? Bu suallara cavab verilməlidir.

- Yəni, hesab edirsiz ki, həm “Axırıncı aşırım” filminin nümayişi, həm 19 yanvar mitinqi 20 Yanvar faciəsini unutdurmaq mahiyyəti daşıyır?

- Mitinq iştirakçıları bu məsələdə yetkin olmaya bilər. Amma “Mehmana azadlıq” şüarı ilə 19-da mitinq keçirmək rus qoşunlarının Bakıya soxulması hadisəsini arxa plana keçirmək idi. Qarabağa azadlıq tələbi ilə mitinq keçirilməsinə qoymurlar, amma 19-da “Mehmana azadlıq” aksiyasına icazə verir. Qarabağın azadlığı vacibdir, yoxsa Mehmanın? Mən demirəm ki, Mehman azad olunmasın. Amma sən niyə Qarabağ mitinqini ikinci dərəcəli sayırsan, icazə vermirsən? Əksinə, Milli Şura Qarabağ mitinqinə icazə verilmədiyi üçün 19 yanvar mitinqindən imtina etməliydi. Diqqət edin, son 10 ildə biz Şəhidlər Xiyabanına rahatlıqla ziyarətə gedirdik. Amma bu dəfə 4 saata gedib çıxdıq.

- Düşünürsünüz ki, sülhə hazırlıq prosesinin davamıdır?


- Əlbəttə. Nazirlərin Paris görüşü də xalqların sülhə hazırlanmasıdır. Biz Qarabağ mitinqində torpaqlarımızın azadlığını tələb edirik, bunlar sülhə hazırlaşırlar. Deyirlər ki, Qarabağdan danışma. Sən necə sülh danışıqları aparırsan ki, işğal edilmiş torpaqlarında hələ də erməni qoşunları var?! Sən beynəlxalq konvensiyanın şərtlərini özün pozursan. Orada qeyd olunur ki, torpaqları işğala məruz qalan ölkə ərazilərini istənilən yolla azad etmək hüququna malikdir. Bəs sən kimsən ay Elmar Məmmədyarov? Niyə xeyrimizə olan beynəlxalq hüquqdan imtina edirik? Düşünürlər ki, Qarabağı verək, KTMT-yə üz olaq, axı o halda Ermənistanın iddialarını yerinə yetirməliyik. Ona görə də 19 yanvar mitinqi rus qoşunlarının 20 Yanvar gecəsi törətdiyi cinayətləri ikinci planda saxlamaqdır və Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı. Xalqı təslimçi sülhə hazırlayırlar.
Müxalifətin bu mitinqi iqtidara lazım idi – Millət vəkiliAxar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Milli Şuranın son mitinqi ilə bağlı müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Milli Şuranın keçirdiyi son mitinq barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Öncə onu söyləyim ki, təkcə Milli Şura yox, həmçinin Müsavat Partiyası və Real həmin mitinqlə bağlı xalqa çağırış etmişdi. Düzdür, Əli Kərimli növbəti dəfə öz həmkarlarına münasibətdə yüksək “mədəniyyət” nümayiş etdirərək mitinqə digər iki partiyanın da qoşulması səbəbindən əvvəlkilərə nisbətən daha çox adam toplanmasından vəcdə gəlib, sözün həqiqi mənasında qışqıraraq bəyan etdi ki, ora toplaşanları məhz o “qələbəyə aparacaq”. Yeri gəlmişkən, qeyd edim ki, bu adam elə düşünür ki, qışqırırsa daha emosional görünür və insanları həyəcanlandırır.

Mitinqin real olaraq hansı səbəbdən çağırılmasına gəldikdə isə deyə bilərəm ki, bundan öncə mitinq keçirilməsi ilə əlaqədar İsgəndər Həmidovun liderliyi ilə yaradılan təşkilata və Müsavat Partiyasına icazə verilmədiyi üçün AŞPA-da Azərbaycanla bağlı məsələnin müzakirəsi öncəsi bu, daha çox iqtidara lazım idi.

Əli Kərimli tələbəlik illərindən iqtidarların və müxtəlif xarici dairələrin xidmətində olub. Mən istərdim ki, jurnalistlər onun 20 Yanvar qırğınından sonra Rəhim Qazıyevlə, Nemət Pənahovla birlikdə üzvü olduğu Müdafiə Komitəsinin vəsiqəsinin sovet ordusunun mətbu orqanı olan “Krasnaya Zvezda” qəzetində necə çap olunmasını və nədən həbs edilməməsini araşdırsın. Universitetdə onun və Cəmil Həsənlinin Ayaz Mütəllibovun silahdaşı, BDU-nun rektoru Mirabbas Qasımovun sadiq adamları olmasını hamı bilirdi. Təsadüfi deyildi ki, Mirabbas Qasımov Əli Kərimlini BDU-nun komsomol təşkilatının katibi təyin etmişdi. İqtidarın tapşırığı ilə AXCP-ni parçalaması da heç kimə sirr deyil. Onun Qənimət Zahidovu İrana və Rusiyaya göndərməsi də hər kəsə bəlli olan faktdır. ABŞ-ın Milli Demokratiya İnstitunun taşırığı ilə 2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu müdafiə etməsinə də bu yaxınlarda ən sadiq tərəfdarlarından biri Qorxmaz Əsgərov aydınlıq gətirdi. ABŞ səfirinin tapşırığı ilə Ki Uest (Key West) şəhərində Qarabağla bağlı danışıqlar zamanı elan olunmuş mitinqin təxirə salmasını da hamı bilir. Onu hamı tanıyır, heç kim etibar etmir və hər kəs bacardığı formada istifadə edir. Bunları ona görə söyləyirəm ki, bəzi gənclər ola bilsin onu yaxşı tanımır. Onu yaxından tanıyanlar əvvəlkilər kimi xəyal qırıqlığına uğrayacaq. O tərəfdarlarını nəinki qələbəyə aparmayacaq, əksinə onlara yalnız məhrumiyyətlər yaşadacaq.

- Qüdrət bəy, müxalif düşərgənin bir qisminin birdən-birə belə canlanmasının səbləri nədir?

Canlanması yox, canlandırılması desəydiniz, daha çox yerinə düşərdi. İqtidarın daxilində iddialı insanlar var ki, islahatların dərinləşdirilməsi onların maraqlarına cavab vermir və onlar hərəkətə gəlib Prezidenti və islahat tərəfdarlarını gözdən salmağa çalışırlar. Düşünürlər ki, 1993-cü ildəki kimi siyasi böhran yaranarsa hakimiyyəti ələ keçirə bilərlər.

İkincisi, ermənipərəst xarici dairələr qorxmağa başlayıblar ki, Azərbaycan Rusiya ilə yaxınlaşır və bundan istifadə edib Qarabağı işğaldan azad edə bilər. Ona görə də iqtidara təzyiq etmək, paralel olaraq Zaxarova kimilərin əli ilə Rusiya-Azərbaycan əlaqələrinə ziyan vurmaq istəyirlər. Amma bütün bunlar mənasızdır və onlar heç nəyə nail ola bilməyəcəklər.