Ermənilərin işdən çıxartdığı Mətin axır ki, danışdıErmənilərin təsiri ilə işdən Sputnik agentliyinin Bakı bürosunun rəhbəri vəzifəsindən çıxarıldığı barədə informasiya yayılmasına baxmayaraq, bu barədə indiyə qədər danışmayan tanınmış jurnalist Mətin Yaşaroğlu nəhayət, Bizimyol.info-ya geniş açıqlama verib.

Avrasiya.net sözügedən müsahibəni təqdim edir:

– Mətin bəy, artıq iki həftəyə yaxındır ki, mediada və sosial şəbəkələrdə sizin Sputnik Azərbaycan-ın şef-redaktoru postundan ayrılmağınızla bağlı çoxsaylı yazılar və açıqlamalar dərc olunub. Martın 11-də isə Sputnik Azərbaycan İnformasiya Agentliyinin mətbuat xidməti Sizin işdən öz arzunuzla ayrılmağınız barədə məlumat yaydı. Siz yenə də susmaqda israrlısınız?

– Məni tanıyanlar yaxşı bilirlər ki, heç zaman konflikt adamı olmamışam və istənilən iş yerimdə sakitcə üzərimə düşən işi layiqincə yerinə yetirməyə çalışmışam. Gedişimlə bağlı yayılan açıqlama o şəkildə olmasaydı, əslinə qalsa, bu dəfə də baş verənlər barədə susacaqdım. Amma yayılan bəyanatdan sonra, sadəcə, baş verənlər barədə danışmağı özümə borc bilirəm. Peşə etikasını əsas tutaraq martın 15-nə qədər, yəni rəsmi olaraq, öz postumda sayıldığım üçün işlədiyim şirkətlə mənim aramda olan məsələlər barədə danışmağı düzgün hesab etmirdim. Baxmayaraq ki, bu vaxta qədər mənə dəfələrlə müsahibə verməyi, hətta ayrıca mətbuat konfransı keçirməyi təklif etmişdilər.

İlk olaraq, yazılanlara münasibət bildirim. İşdən kənarlaşdırılmağımla bağlı həm KİV-də, həm də sosial şəbəkələrdə həqiqət yükü müxtəlif olan çoxsaylı informasiya və şərhlər yer alıb. Milli Məclisin deputatları, ictimai fəallar, media mənsubları məni müdafiə ediblər. Mənə dəstək olan, öz mövqelərini səmimi şəkildə açıqlayan bütün insanlara təşəkkürümü bildirirəm.

– Sizi işdən kənarlaşdırıblar, ya özünüz getmisiniz?

– Şirkətin açıqlamasında da qeyd olunduğu kimi, mən işimdən rəsmi olaraq çıxarılmamışdım. Mənə şef-redaktor postundan gedəcəyim şərtilə əmək haqqım tam olaraq saxlanılaraq şirkət daxilində başqa bir işlə məşğul olmaq təklif olunmuşdu. Bu isə o demək idi ki, mən redaksiyanın informasiya siyasətindən tam olaraq kənarlaşdırılırdım. Şəxsən mənim üçün bu, “bir kənarda otur, pulunu al və işimizə qarışma” anlamına gəlirdi. Hətta, bir növ turistik-işgüzar səyahətlər də təklif olunurdu: Berlinə, Ankaraya və s. şəhərlərə daha geniş təcrübə qazanmaq üçün getməliydim… Qısası, mən həmin təklifdən imtina etdim və işdən getmək qərarı verdim.

– Gedişinizin səbəbləri arasında siyasi amil vardımı?

– Yəqin ki, bu sual bu məsələ ətrafında gedən müzakirələr zamanı ən çox verilən sualdır. Hər şeydən əvvəl qeyd edim ki, dövlətlərarası layihə olan “Sputnik Azərbaycan” İnformasiya Agentliyində şef-redaktor vəzifəsində işləməyin özü siyasi post tutmaq anlamına gəlir. 3 il əvvəl bu posta dəvət alarkən harada işləyəcəyimi aydın təsəvvür edirdim və bu müddətdə heç də asan olmayan fəaliyyətimlə əlimdən gələnləri etmişəm. Bu fəaliyyətimlə deyə bilərəm ki, dövlətimin və cəmiyyətimizin qarşısında alnım açıqdır. Mənə işimlə bağlı rəhbərlik tərəfindən bildirilən iradlar arasında bu faktor digərlərinin sıralarında səslənirdi.

Əgər kimlər üçünsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yanaşma tərzində, münaqişənin işıqlandırılma formasında, ümumiyyətlə, milli maraqlar məsələsində siyasi amil yoxdursa, bu, artıq həmin adamların problemidir. Mənim Qarabağ münaqişəsi ilə bağlı mövqeyim Azərbaycan dövlətinin və ölkə prezidentinin siyasətindən fərqli deyil. Qeyd edim ki, işlədiyim 3 il ərzində Azərbaycanın və dünyanın informasiya məkanında bu mövqenin dövlətçilik prinsiplərindən fərqli şəkildə nümayiş etdirilməməsi üçün əlimdən gələn hər şeyi etmişəm. Bu qədər cəlbedici görünən iş təklifindən imtina etməyimin özüm üçün müəyyən etdiyim başlıca bir səbəbi var: bir azərbaycanlı jurnalist kimi Qarabağ münaqişəsi ilə bağlı öhdəmə düşən işin, yəni mövqe ifadə edən yazıların dərcində iştirakımın sıfıra endirilməsi faktı ilə üz-üzə qalmağım…

Məsələni çox uzadaraq redaksiyadaxili söhbətləri mətbuata çıxarmaq fikrindən qətiyyən uzağam. Mənim istəyim və iştirakım olmadan yayılan söz-söhbətlərdən sonra, əminəm ki, dövlətin müvafiq qurumları məsələdən xəbərdardır.Mənim istəyim də ancaq Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı olub. Bu işi mənim və yaxud digər şəxsin həyata keçirməsinin önəmi yoxdur. Sadəcə olaraq, onu qeyd edə bilərəm ki, baş verənləri qətiyyən Rusiya-Azərbaycan, Qərb-Azərbaycan münasibətləri səviyyəsinə gətirməyi düzgün hesab etmirəm. Mən həmişə dövlətimin yanında olmuşam.

– Sosial şəbəkələrdə belə məlumatlar səsləndirildi ki, sizin Sputnik Azərbaycan-dan kənarlaşdırılmağınızda ermənilərin xüsusi rolu olub. Həqiqətənmi ermənilərin bu məsələdə təzyiqləri var?

– Bir məsələ hər kəsə aydındır ki, ermənilərin dünyanın bir çox nüfuzlu kütləvi informasiya orqanlarında təsir imkanları yetərincədir. Həmişə belə olub. O ki qaldı Sputnik Azərbaycan-da baş verənlərə, öz iş prinsipimdə topladığım komanda ilə birgə Azərbaycan həqiqətlərini dünyaya və ölkə oxucularına çatdırmağa çalışmışam. Cənab Prezident İlham Əliyevin “Rossiya seqodnya” BİA-nın rəhbəri Dmitriy Kiselyova verdiyi müsahibədə dediyi kimi, “Sputnik kimi iri və çoxşaxəli beynəlxalq agentliyin imkanlarından Azərbaycan naminə yararlanmağa” çalışırdıq.

– Redaksiyada baş verənlərin Rusiya-Azərbaycan münasibətlərinə təsiri nə dərəcədə ola bilər? Sizcə, məsələdə bu amil də varmı?

– Hesab edirəm ki, ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirmək istəyən qüvvələr həmişə mövcud olub. Bəzi məlum şəbəkələrin emissarları Rusiya-Azərbaycan münasibətlərini korlamaq üçün əlindən gələni edir. Bu, sosial şəbəkələrdəki müzakirələrdən də hiss olunur. Yuxarıda da qeyd etdim, əminəm ki, Azərbaycan dövlətinin müvafiq qurumlarında bu barədə yetərincə məlumatlar var və həmin qurumlar belə şəbəkələrin əməllərini puç etmək üçün əlindən gələni edəcək. Hər bir azərbaycanlı jurnalist kimi, mən də bütün məsələlərdə dövlətimin yanındayam, Azərbaycanın mənafeyi mənim üçün birinci dərəcəlidir.

– Baş verən hadisələrlə bağlı bu günə qədər yalnız kiçik bir açıqlamanız olmuşdu. Sputnik Azərbaycan-da işləyən əməkdaşların millətini sevən insanlar olduğunu demişdiniz. Son bəyanatdan sonra da bu fikrinizdə qalırsınız?

– Əlbəttə, qalıram. İstefa səbəbləri barədə yazılanlar arasında məni narahat edən əsas məqam Sputnik Azərbaycan-da çalışan insanların da tənqid atəşinə tutulması və “erməni pullarına” işləməsi kimi ittihamlar oldu. Nəzərinizə çatdırıram ki, “Sputnik” dövlət agentliyidir və Rusiya büdcəsindən maliyyələşir. Redaksiyadakı jurnalistlərin əkəsriyyətini işə mən dəvət etmişəm və onların hər birinin millətini, dövlətini sevən insanlar olmasına əminəm. Sayt Rusiya büdcəsindən maliyyələşsə də, dünyanın 32 dilində yayımlanır və biz bu böyük arenada, məhz haqqında danışdığım yaradıcı insanlarla Azərbaycan həqiqətlərini, ölkənin turizm potensialını, müxtəlif sahələrdəki uğurlarını önə çıxarmaq üçün çalışırdıq.

Və əminliklə deyə bilərəm ki, redaksiyada çalışan yaradıcı insanların Sputnik Azərbaycan-ın uğurlarında rolu az olmayıb. Həmin agentlikdə işləyən həmkarlarıma gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
“Hər bir insan islahatları dəstəkləməlidir” Qüdrət Həsənquliyev: “Bu prosesin dayanması ölkəmizin gələcəyi üçün çox böyük təhlükələrə yol aça bilər”

Rusiyalı politoloq, avrasiyaçılıq ideologiyasının yaradıcılarından olan Aleksandr Duqin Eskişehir Osman Qazi Universitetində keçirilən “Rusiya-Türkiyə münasibətləri-dünəndən bu günə” adlı paneldə bildirib ki, çoxqütblü dünyanın memarı Rusiya və Türkiyə olmalıdır Politoloqun qənaətinə görə, Türkiyə və Rusiya bərabər addımlar atarsa hər iki dövlət qüvvətlənə bilər.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Baymedia”ya müsahibəsində Aleksandr Duqinun fikirlərinə müsbət yanaşdığını bildirib.

Müsahibəni oxucularımıza təqdim edirik:

- Duqinin fikirləri iki qonşu dövlət arasındakı münasibətlərin yumşalmasına və inkişafına xidmət edir. Şübhəsiz ki, siyasətçilərin, politoloqların, elm adamlarının birlik haqqında danışmaları daha yaxşıdır nəinki qarşıdurma, maraqların toqquşması, düşmənçilik barədə. Bu baxımdan, əlbəttə Duqinin Rusiya-Türkiyə yaxınlaşmasının regionun inkişafına təkan verə biləcəyini , hər iki dövlətin regionda və bütün dünyada iddialarının gerçəkləşməsinə yardımçı ola biləcəyini söyləməsi təbii ki, diqqətçəkən fikirlərdir və bu barədə biz də dəfələrlə fikirlərimizi bildirmişik. Qeyd etmişik ki, yaxın gələcəkdə mümkün olmasa da nəzəri baxımdan gələcəkdə türk-slavyan respublikaları ittifaqının yaranması mümkündür. Amma bəzi hallarda bu və ya digər ideyaların gerçəkləşməsi tarixi şəraitdən və tarixi proseslərin necə inkişaf etməsindən asılı olur. O zaman böyük dövlət xadimləri öz xalqlarının gələcək inkişaf strategiyasını müəyyənləşdirdikləri zaman hansı siyasi kursu seçəcəklərindən çox şey asılıdır. Amma mən də hesab edirəm ki, gələcəkdə türk-slavyan respublikaları ittifaqının yaranması mümkündür. Buna qədər isə Türkiyə-Azərbaycan-İran ittifaqının yaranmasını daha real hesab edirəm.

İranda demoqrafik vəziyyətin dəyişməsi və bu ölkənin demokratikləşməsi nəticəsində İranın bir türk dövlətinə çevrilməsindən, yaxud da - vacib deyil ki, hakimiyyətdə türklər olsun - İranın dövlət siyasətinin fars şovinizmindən xilas olmasından çox şey asılıdır. İranda türklərin də dövlət quran xalq kimi həyati maraqları qorunarsa İran da bu birliyə qoşula bilər.

Bundan sonra Ukrayna, Belorus, Rusiya, buradan isə Türkiyə, Azərbaycan, İran, Orta Asiyanın türk dövlətləri avrasiyaçılıq ideyasını gerçəkləşdirə və Avrasiya İttifaqı qura bilərlər. Bu da Avropa İttifaqı ilə həm əhalisinin sayı, həm də iqtisadiyyatının gücü baxımından rəqabət apara biləcək gücün ortaya çıxmasına zəmin yarada bilər. Yeni bir rəqbət mühiti formalaşar, balans yaranar.

Hesab edirəm ki, əgər İran bu ittifaqda təmsil olunarsa, hətta Tacikistanın da burada yer alması mümkündür. Amma hazırda tarixi reallıqlar, mövcud şərtlər çərçivəsində belə bir ittifaqın yaranması real görünmür. Yalnız bu bir nəzəriyyə, ideya olaraq ortaya atılıb və hesab edirəm ki, cəlbedici bir ideya kimi müzakirə olunmaq haqqı var. Amma yenə də deyirəm, bu ideyanın gerçəkləşməsi bölgədə tarixi proseslərin necə inkişaf eləməsindən asılı olacaq. Düşünürəm ki, bu birlik Türk-Slavyan Respublikaları İttifaqı adlandırlsa da, bu ittifaqda regionun kiçik dövlətləri, o cünlədən Ermənistan və Gürcüstan da iştirak edə bilərlər. Təbii ki, Rusiya Federasiyasının tərkibindəki qeyri türk xalqların yaşadığı subyektlər də həmçinin... Düşünürəm ki, türk xalqlarının belə bir ittifaqda, yəni slavyan xalqları eyni birlikdə təmsil olunması onların xeyrinə olar. Amma hazırda reallıq fərqlidir. Bilirsiniz ki, Türkiyə NATO-nün üzvüdür və Türkiyənin belə qərar qəbul etməsi xeyli problematik görünür. O cümlədən Azərbaycan da “Qoşulmama Hərəkatı”nda təmsil olunur. Bu da xeyli problem yarada bilər. Amma gələcəkdə belə bir birliyin yaranması mümkündür.

- Qüdrət bəy, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı maraqlı prosesin şahidi oluruq. Minsk qrupu həmsədrlərinin son bəyanatı da bunu sübuta yetirir...

- İnsanlarımızın bəzilərinin daxilində bir ümid var ki, bəlkə Paşinyan Dağlıq Qarabağla bağlı fərqli bir siyasət yürüdə bilər. Ona görə ki, Paşinyanın Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olması barədə birmənalı fikir yoxdur. Hamı bilirdi ki, Köçəryanla Sarkisyan, keçmiş Ermənistan rəhbərliyi Moskvadakı hərbi sənaye kompleksinin müəyyən dairələri tərəfindən idarə olnanan adamlar idilər və Moskvasız heç bir qərar qəbul edə bilməzdilər.Yəni buna görə də bu ümidlər var ki,Paşinyan müstəqil qərar qəbul edə bilər. Amma hesab edirəm ki, bu ümidlərin əsası yoxdur. Əvvəla ona görə ki, Paşinyan çox gözəl başa düşür ki, onun hakimiyyətə gəlməsində Rusiyanın çox böyük iştirakı olub. Onu da başa düşür ki,Rusiya onu Ermənistanı demokratikləşdirmək ,Qarabağ münaqişəsini həll etmək üçün yox,qərbyönümlü siyasəti iflasa uğratmaq üçün gətirib. Faktiki surətdə küləvi etiraz aksiyalarının dağıdılmasının qarşısını Rusiya aldı. Bu da Paşinyanın hakimiyyətə yolunu açdı. Etiraz aksiyalarına güc tətbiq olunmasına Rusiya imkan vermədi. 10 il bundan əvvəl Sarkisyanın hakimiyyətə yolunu açmaq üçün hətta insanların güllə-baran edilməsi sanksiyalaşdırılmışdısa indi güc tətbiqinə icazə verilmədi. Ona görə də Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Rusiyasız qərar qəbul edə bilməyəcək.Həm də erməni xalqı buna imkan verməyəcək.Ermənilər xalq olaraq böyükdən kiçiyə “Böyük Ermənistan” xəstəliyinə yoluxub.Bu xəstəliyin müalicəsi döyüş meydanında erməni xalqının məğlub edilməsi ilə bağlıdır ki , ermənilər işğal etdiyi torpaqlardan çıxsın.Bunun üçün biz Rusiya ilə danışmalıyıq. Bu olmayacaqsa gözləməyimiz ki, nə vaxtsa Ermənistanda siyasi hakimiyyətə elə bir adam gələcək ki, o dinc yolla işğal altında olan torpaqları qaytaracaq, bu xülyadır və özümüzü aldatmaqdır. Ona görə də düşünürəm ki, hazırda əlverişli beynəlxalq şərait yaranıb.Həm də Azərbaycanın özündə də əksər siyasətçilər, tutaq ki, dünənə qədər biz deyəndə ki, problemin həlli üçün biz danışıqları Rusiya ilə aparmalıyıq və buna görə bizi topa-tüfəngə tutanlar indi özləri bu barədə danışırlar. 2016-cı ilin aprelində “atəşi dayandırmamalıydıq, Xankəndiyə qədər getməliydik” söyləyən insanlar indi deyirlər ki, yox, münaqişənin həllinin açarı Rusiyanın əlindədir. Halbuki o vaxt bizə qarşı hücumlar təşkil olunurdu, az qalırdılar bizi vətən xaini elan eləsinlər, bəziləri 5-ci kolonun nümayəndəsi də deyirdi və s. Amma indi özləri artıq açıq söyləyirlər ki, münaqişənin açarı Rusiyanın əlindədir.

Xatırlayırsınızsa 2000-ci ilin əvvəllərində biz söyləyəndə ki, Azərbaycandakı bir çox problemlər Azərbaycan xalqının inkişaf səviyyəsinə bağlıdır, bu iqtidardan qaynaqlanan problemlər deyil, eyni qaydada üzərimizə hücuma keçirdilər, təhqir edirdilər. Amma indi görürsünüz mətbuatda çıxışlar edirlər, biz olmuşuq yalan, bunlar söyləyirlər ki, həy şey xalqdan asılıdır, xalqın potensialına bağlıdır. Amma əvvəl bütün günahları, cəmiyyətimizdə olan nöqsanları, çatışmazlıqları yalnlız iqtidara bağlayırdılar və biz də çalışırdıq ki,onlara anladaq ki, bu belə deyil, iqtidarda tımsil olunanlar da bu xalqın övladlarıdır. Əgər xalqa qarşı hansısa yumşaq ifadələrlə desək doğru olmayan, ədalətsiz siyasət yürüdürlərsə yəni bu insanlar da bizim içimizdən çıxanlardır, bizlərdən biridir. Deməli bu da xalqın ümumi inkişaf səviyyəsinə bağlı olan bir məsələdir. Görürüsünüz də, nə qədər zaman keçdi və bu insanlar həqiqəti qəbul elədilər ki, yox, bəzi şeylər var ki, birbaşa xalqla bağlı olan məsələlərdir. Ona görə də düşünürəm ki, Rusiya ilə anlaşmaq və Rusiyanın Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini məhdudlaşdırmayacaq hansısa maraqlarını təmin etmək mümkündür. Çalışmaq lazımdır ki, hansısa məsələlərdə güzəştə getməklə böyük uğurlar əldə edə bilək. İndiki nə sülh, nə müharibə şəraitini də mənə elə gəlir ki, dəyişmək lazımdır. Əslində vasitəçilərə və region dövlətlərinə də bu siyasət sərf edir. Ona görə ki, həm vasitəçilər, həm də region dövlətləri hesab edirlər ki, bu halda həm Azərbaycanı, həm də Ermənistanı özlərindən tam asılı vəziyyətdə saxlaya bilərlər. Bunun üçün Azərbaycan Qarabağ məsələsi ilə əlaqədar daha cəsarətli siyasət yürütməlidir.

Ölkənin beynəlxalq nüfuzunun artırılması, daha ciddi beynəlxalq dəstəyə nail olmamız üçün irticanın müqaviməti qırılmali və islahatlar dərinləşdirilməlidir. Məsələ burasındadır ki, ölkə daxilindəki bu irticaçı qüvvələr radikal müxalifətin artıq müxalifətdə olmaqdan bezdiyini görür və bundan çox məharətlə istifadə edirlər. Demokratiya uğrunda mübarizə apardıqlarını deyən bəzi keçmiş hərəkatçı yoldaşlarımız prosesləri dərindən təhlil etsələr görəcəklər ki, onlardan sadəcə istifadə olunur. Bu ona gətirib çıxara bilər ki, ölkə onların pozuculuq fəaliyyəti nəticəsində nəinki inkişafın yeni mərhələsinə keçməz, hətta yenidən geriyə düşə bilər. Ölkədə orta əsr təfəkkürlü insnaları hakimiyyətə gətirə bilərlər. Ölkənin faciəsi və fəlakəti də onda olar. Bəzi xarici güclər və ermənilər də bunu istəyir. Siz görürsünüz ki, sosial şəbəkələrdə xalqın ünvanına nə qədər aşağılayıcı ifadələr işlədilir, xalq təhqir olunur. Düşünürlər ki,guya onlar xalqı təhqir eləsələr, xalq bunların çağırışlarına cavab verəcək. Yəni bunun özü də göstərir ki, xalqı təhqir edənlərin təfəkkürü, inkişaf səviyyəsi qərb standartlarına uyğun demoktratik cəmiyyət qurmağa imkan vermir. Xalqın içərisində düşünən insanlar, ziyalılar ,siyasətlə maraqlananlar bunu görür.

Ona görə də yorulmadan Azərbaycan xalqı, ictimaiyyəti ilə işləmək və cəmiyyətimizi addım-addım irəli aparmaq lazımdır. İslahatların qarşısını almaq üçün iqtidarı təhdid, şantaj edirlər, qorxdular, çəkindirirlər. Məqsədyönlü şəkildə həyata keçirilən islahatların guya qorxudan qaynaqlandığını deyirllər. Və beləliklə də hakimiyyəti növbəti addımlar atmaqdan çəkindirmək niyyəti güdürlər. Problemlərin həll olunmamasını arzulayırlar. İstəyirlər ki, problemlər yığılıb böyük bir patrtlayışa gıtirib çlıxarsın, onlar da bundan yararlansınlar. Düşünürəm ki, Azərbaycandakı konsturiktiv siyasi qüvvələr bunun fərqindədir. Mən həmişə söyləmişəm ki, kimin nə düşünməsindən asılı olmayaraq siyasətdə insanları dövlət maraqları, ictimai və şəxsi maraqlar birləşdirir. Şəxsi münsibətlər birləşmədə əlavə bağlardır. Amma əsas maraqlar söylədiyim maraqlardır. Bunun üçün də insanlar oz şəxsi maraqlarını önə çəkməməlidirlər. İndiki mərhələdə daha çox dövlət və ictimai maraqlar önə çəkilməlidir. Bir az səbrlə bu məsələlərə yanaşılmalıdır. Əlbəttə, Avropa kimi oturuşmuş, böyük demokratik ənənələrin olduğu ölkələrdə hər hansı bir şəxs siyasətə atılırsa və seçkilərdə uğur qazana bilmirsə bunu uğursuzluğu kimi onun siyasi tərcümeyi-halına yazmaq olar. Amma bizim kimi inkişaf etməkdə olan ölkələrdə hakimiyyətə gəlib-gəlməmək, təmsil olunub-olunmamaq 10-cu, bəlkə də 100-cü məsələ olmalıdır. Müxalifətdə də olub xalq üçün böyük xidmətlər göstərmək mümkündür. Hakimiyyətin heç bir qolunda təmsil olunnmayıb, dövlətə, xalqa xidmət göstərmək olar. Siyasətçilər bax o komplekslərdən qopmalıdırlar. Çoxu dəhşətə gəlir ki, bəs mənim bir siyasətçi kimi siyasi tərcümeyi-halım necə yazılacaq? Tarixdə qalacağam ya yox? Bu kimi düşüncələrdən uzaq olmaq lazımdır. Gənc siyasətçiləri inandırmalıyıq ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmasınlar. Çünki xarici güclər belə zəif nöqtələrdən istifadə edib, ayrı-ayrı adamlara təsir göstərirlər. Məsələn biz özümüz nə qədər haqsız, ədalətsiz təqiblərlə, təhqirlərlə üz-üzə qalırıq.

Mən sadəcə onunla təskinlik tapıram ki, bütün bunlar mənə, şəxsiyyətimə qarşı deyil. Mənim kimi islahatları dəstəkləyən, islahatların davam etməsi üçün çalışan, islahatlar yolu ilə müsbət dəyişikliklərin baş verməsi, xalqımızın xoşbəxt gələcəyi üçün hər şeyin yuxarıdan islahatlar yolu ilə həyata keçirilməsini görən və bunu istəyən, islahatların davam etdirilməsi üçün xalqı prezidenti dəstəkləməyə çağıran bütün siyasətçilərə və onların siyasi fəaliyyətlərinə qarşıdır. Bunu çox gözəl başa düşürəm. Biz imkan verməməliyik ki, kimlərsə prezidentə təzyiq edib islahatları dayandırıa bilsin. Bu prosesin dayanması ölkəmizin gələcəyi üçün çox böyük təhlükələrə yol aça bilər. Ölkənin gələcəyi haqqında düşünən hər bir insan islahatları dəstəkləməlidir.
Paşinyan Xankəndidə Bakıya “meydan oxuyur”? – Rüsvayçı “revanş”Analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqlar öncəsi məntiqsiz görünən aqressiyası nə ilə bağlıdır?


- İlk növbədə Paşinyanın bu addımları niyə atdığını müəyyənləşdirmək lazımdır. Paşinyan ardıcıl olaraq bir neçə müstəvidə uğursuzluğa düçar olub. Birinci olaraq, onun Avropa səfəri və Avropa İttifaqındakı rəsmilərlə görüşünə diqqət çəkmək lazımdır. Görüşlərin hər birində Dağlıq Qarabağ separatçı rejiminin ayrıca bir subyekt kimi danışıqlar prosesinə cəlb olunmasının mümkünsüzlüyü onun diqqətinə çatdırıldı. Digər tərəfdən, ərazi bütövlüyü məsələsinin önəmli faktor olduğu həm Avropa İttifaqı Nazirlər Şurasının sədri, həm də xarici işlər üzrə komissarı tərəfindən ona bildirildi. Eyni zamanda, danışıqlar prosesinin uzadılması istiqamətində fərqli addımların yolverilməz olduğu vurğulandı və bildirildi ki, status-kvonun saxlanılması yolverilməzdir. Yəni danışıqlar prosesi ön şərt olmadan davam etdirilməlidir. Bunlar, şübhəsiz ki, Ermənistana qarşı kifayət qədər ciddi təpkilərdir. Həmçinin, Paşinyanın Avropa İttifaqından iqtisadi müstəvidə dəstək almaq cəhdləri də səfər çərçivəsində nəticə vermədi. Yəni Paşinyan tam uğursuzluğa düçar oldu. Bu uğursuzluğun ardınca isə növbəti bir uğursuzluq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son bəyanatı oldu. Orada da açıq şəkildə danışıqların formatının dəyişməsinin mümkünsüz olduğu, həmçinin ərazi bütövlüyü ilə bağlı Helsinki Yekun Aktının prinsipləri xüsusi olaraq, vurğulandı. Bütün bunlar Paşinyanın bu günə qədər irəli sürdüyü iddialarının üzərindən xətt çəkilməsi anlamına gəlir. Paşinyanın bütün bunlardan hiddətləndiyi göz önündədir.

- Ermənistan Təhlükəsizlik Şurasının iclası niyə Azərbaycanın işğal olunmuş ərazisində keçirilir?

- Paşinyanın Xankəndiyə səfəri əslində isterik, erməni cəmiyyətinə hesablanmış populist addımdır. Yuxarıda qeyd etdiyim iflasdan sonra Paşinyanın Ermənistandakı rəqibləri onu ciddi şəkildə ittiham etməyə başlayıb. Bütövlükdə Dağlıq Qarabağ məsələsi ilə bağlı tutduğu kursun, yol verdiyi səhvlərin onun üçün ciddi problemlər yaratdığı göz önündədir. Hətta qeyd olunur ki, Sərkisyan hakimiyyətdə qalsaydı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi nəticələr əldə oluna bilərdi. Yəni artıq bu formada ittihamlar ona qarşı səsləndirilir. Digər tərəfdən, Paşinyan iqtisadi müstəvidə verdiyi vədləri yerinə yetirmədiyi üçün də ona qarşı erməni cəmiyyətində etirazlar güclənməkdədir. Həmçinin də separatçı rejim, onun ətrafında olan və onu Ermənistandan stimullaşdıran qüvvələr bu prosesdə iştirak edirlər. Paşinyan məhz buna görə Dağlıq Qarabağa səfər etdi. O, bununla müqavimət göstərmək istədiyini, prosesdə fərqli mövqe sərgiləməyəcəyini, revanş edəcəyini göstərmək istədi. Əslində bu faktın özü də Paşinyanın növbəti səhvi kimi qiymətləndirilə bilər. Çünki separatçı rejimin danışıqlar prosesində subyekt kimi iştirak etməməsinin əsas səbəblərindən biri Azərbaycan torpaqlarınıın Ermənistan tərəfindən işğal edilməsi faktıdır. Hazırda oradakı separatçı rejimi himayə edən, qoruyan, bütövlükdə həmin ərazilərdə olan erməni hərbçilər də Ermənistanın silahlı qüvvələrinin nümayəndələridir. Belə olduğu təqdirdə Paşinyanın həmin əraziyə səfər etməsi, hərbi xidmətdə olan oğlu ilə şəkil çəkdirib paylaşması bir daha Ermənistanın işğalçı tərəf olduğunu, əslində Dağlıq Qarabağ adlı hər hansı bir subyektin olmadığını sübuta yetirən amildir.

- Azərbaycan tərəfinin Paşinyanın son addımlarına cavabı necə olacaq?

- Paşinyan atdığı addımlarla yenidən özünün iddialarını təkzib etdi və özünü rüsvayçı vəziyyətə saldı. Bu baxımdan onun bu “revanşları” danışıqlar prosesinə hər hansı təsir göstərməyəcək. Əslində onun Azərbaycan prezidenti ilə görüşü, prinsip etibarı ilə Paşinyan üçün münaqişənin həlli istiqamətində sonuncu bir şans kimi dəyərləndirilməlidir. Azərbaycan tərəfi Paşinyana indiyə qədər daha öncə verdiyi müəyyən bəyanatların yerinə yetirilməsi, danışıqlar prosesinin irəliləməsi və Ermənistanın işğalçı mövqeyindən əl çəkməsi üçün kifayət qədər şans verib. Göründüyü kimi, bu baş vermədi. Belə olduğu təqdirdə beynəlxalq ictimaiyyət də onun əleyhinə çevrilməyə başladı. Çünki Paşinyan təkcə region dövlətlərini deyil, bütövlükdə dünya birliyini də aldatdı, yalan danışdı və növbəti manipulyasiyaya yol verdi. Bu baxımdan biz artıq beynəlxalq müstəvidə Ermənistana olan təzyiqlərin şahidi oluruq. Növbəti mərhələdə əgər danışıqlar prosesi nəticə verməsə, düşünürəm ki, bundan sonra Azərbaycanın atacağı addımlar kifayət qədər sərt olacaq. O zaman həm Paşinyanın müharibə ritorikasına və Dağlıq Qarabağla bağlı sərgilədiyi absurd iddialara son qoyulacaq, həm də işğalçı rejimə qarşı təkcə Azərbaycanın deyil, eyni zamanda beynəlxalq güclərin də təzyiqləri güclənəcək.

- ATƏT-in Minsk Qrupunun son bəyanatının ardınca ordumuz genişmiqyaslı hərbi təlimlərə də başladı. Bu təlimlər nəyəsə işarədir?

- Nikol Paşinyan hakimiyyətə gələndən sonra Azərbaycan Ordusu ilk genişmiqyaslı hərbi təlimlərini keçirir. Bu təlimlər birbaşa Ermənistana mesaj xarakteri daşıyır. Azərbaycanın keçirdiyi hərbi təlimlər Paşinyanda isterika, qorxu yaradır. O, işğal altında olan Azərbaycan ərazilərinə gəlməklə, oğlu ilə şəkilini yaymaqla, qorxmadığını nümayiş etmək istəyir. Amma təbii ki, biz Aprel döyüşlərində bütövlükdə Ermənistan cəmiyyətinin kiçik bir əməliyyatdan necə qorxuya düşdüyünün şahidi olmuşduq. Paşinyan Azərbaycanın arsenalında olan bütün potensial işə düşərsə, Ermənistanın aqibətinin necə olacağını indidən düşünsə, daha yaxşı olar.
"Birləşsinlər və doğma Azərbaycan üçün etibarlı dayağa çevrilsinlər"Azərbaycan diasporunun lideri, ictimai xadim, siyasətçi, xeyriyyəçi, "Dünya Azərbaycanlıları İttifaqı"nın və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nun prezidenti Fizuli Məmmədovla müsahibəni sizə təqdim edirik:

- Hörmətli Fizuli müəllim, son zamanlar müxtəlif ölkələrdə, o cümlədən, Rusiyada həmvətənlərimizlə əlaqədar baş verənlər göstərdi ki, baxmayaraq ki, diasporumuzun sayı milyonlarla ölçülür, yəhudi, Ukrayna və italyan diasporu kimi güclü nüfuza malik deyil. Niyə bəzi ölkələrdə Azərbaycan icması ümumiyyətlə, heç bir təsirə malik deyil?

- İstənilən diasporun nüfuzu onun sayı ilə deyil, mütəşəkkilliyi və birliyi ilə ölçülür. Dağınıq diaspor sadəcə insan kütləsidir ki, bu kütlədə hər kəs öz şəxsi maraqları və şəxsi rifahı barədə düşünür. Diasporun birliyi üçün onu başlıca milli məfkurələrin ətrafında birləşdirmək lazımdır. Yəhudi, Ukrayna və italyan diasporunun güclü nüfuzunun sirri ondadır ki, onlar məhz öz xalqlarına və tarixi vətənlərinə dəstək ideyası ətrafında birləşiblər. Nə vaxta qədər ki, hər bir həmvətənimiz ümummilli maraqları öz şəxsi maraqlarından yüksəkdə tutmayacaq, biz heç bir zaman bir yumruq kimi birləşə bilməyəcəyik.

Mən artıq 30 ildən çoxdur, təkrar edirəm ki, istənilən diasporun gücü və nüfuzu onun təşkilatlanmasında və birləşməsində gizlənir. Buna görə də 1988-ci ildə Rusiyada həmvətənlərimizin ilk ictimai təşkilatını – “Azərbaycan Birliyi’’ni («Единство Азербайджана») yaradanda, əsas vurğunu məhz birliyə yönəltmişdik, hətta birlik məsələsini onun adında əks etdirmişdik. O zamandan bəri Rusiyadakı azərbaycanlıların sayı bir neçə on min insandan 2,5 milyon nəfərə çatıb. Lakin təəssüf ki, diasporumuzun sayı artsa da, bu, onun nüfuzunun artmasına gətirib çıxarmayıb.

- Bizim diasporumuzun belə zəifliyinin və qeyri-mütəşəkkilliyinin səbəbi nədir?

- Problem ondadır ki, bizim bir sıra həmvətənlərimiz artıq mövcud olan vahid ümummilli diaspor təşkilatının ətrafında birləşmək yerinə, öz strukturlarını yaradır və onun ətrafına dostlarını və tanışlarını toplayırlar. Nəticədə isə belə təşkilatlar diasporumuzu nəinki birləşdirmir, hətta daha da çox parçalayır. Bu gün təkcə Rusiyada onlarla yox, yüzlərlə azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. 2017-ci ilin mayında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova RF Ali Məhkəməsi tərəfindən “Ümumrusiya Azərbaycanlıları Konqresi’’nin ləğvi qərarına şərh verərkən bəyan etmişdi ki, Rusiyada azərbaycanlı vətəndaşların maraqlarını təxminən 260 təşkilat müdafiə edir, o cümlədən, federal səviyyədə’’. O zaman o, Azərbaycan diasporunun bir neçə başlıca ictimai təşkilatının, o cümlədən də bizim "Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun’’ adını çəkmişdi. Ancaq çətin ki, elə bir azərbaycanlı tapılsın ki, xüsusi hazırlaşmadan o 260 təşkilatdan heç olmasa, 10 dənəsənin adını çəkə bilsin.

Buna görə də artıq 30 ildir, təklif edirəm ki, bir böyük və nüfuzlu təşkilatın ətrafında birləşmək lazımdır, kiçik təşkilatlara parçalanmaq yox... Düşünürəm ki, ətrafında birləşməli olduğumuz belə təşkilatlar ‘’Dünya Azərbaycanlıları İttifaqı’’(DAİ) və onun əsas strukturu olan ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’ (ÜAMF) ola bilər. Bu təşkilatlar artıq 15 ildən artıqdır ki, uğurla fəaliyyət göstərir və onun qapıları bütün həmvətənlərimizin və bütün diaspor təşkilatlarmızın üzünə açıqdır. Mövcud olduğu uzun illər ərzində DAİ və ÜAMF özünü kifayət qədər yaxşı doğruldub və zamanın sınağından çıxıb.

Söhbətimizin əvvəlində adını çəkdiyiniz yəhudi, Ukrayna və italyan diasporlarının təcrübəsi də göstərir ki, bizim diasporumuz da məhz bir-iki böyük və nüfuzlu təşkilatın ətrafında birləşməlidir. Artıq bu il bizim diasporumuz mövcud olan böyük təşkilatlardan birini seçməli, onun ətrafında birləşməli və kiçik strukturlara parçalanmamalıdır. Onlara nəzarət etmək və birləşdirmək demək olar ki, imkansızdır. Bu səbəbdən də kiçik təşkilatlar mövcudluğuna son qoymalı, onların üzvləri isə böyük diaspor strukturu ətrafında birləşməlidirlər. Hesab edirəm ki, bizim bütün diasporumuz vahid mərkəzdən idarə olunmalıdır.

- Diasporumuzun birləşdirilməsi üçün hər hansısa bir tədbirin keçirilməsi planlaşdırılırmı?

- Bəli, əlbəttə. Mən fikirləşirəm ki, biz artıq daşı-daş üstünə qoymağa başlamalıyıq, bütün diasporumuzu kiçik və qeyri-effektiv təşkilatlardan vahid təşkilata çevirməliyik. Bununla əlaqədar olaraq 25-27 may tarixlərində bütün keçmiş sovet respublikalarındakı azərbaycanlı icmalarının, ictimai təşkilatlarının nüməyəndələri ilə birlikdə böyük forum keçirməyi planlaşdırırıq. Biz bu foruma müxtəlif ölkələrdən 500-ə yaxın diaspor nümayəndələrimizi dəvət edəcəyik.

- Fizuli müəllim, Siz əminsiniz ki, bizim həmvətənlərimiz bir vahid böyük ictimai təşkilatın ətrafında birləşə biləcəklər? Axı onlar heç Rusiyada tanınmış və azərbaycanlıların ən böyük ictimai təşkilatı olan ‘’Ümumrusiya Azərbaycanlıları Konqresi’’ ni qoruya bilmədilər...

- ÜAK-ın ləğv olunması Azərbaycan diasporunun tarixində “qara səhifə”dir. Bu təşkilatın yaranması həmvətənlərimizin birləşməsi üçün yaxşı şans idi. Lakin diasporumuz bu şansdan istifadə edə bilmədi və bu nəhəng təşkilatı qoruyub, saxlaya bilmədi. Axı ÜAK 2001-ci ilin martında bu təşkilatın təsis qurultayında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin şəxsən iştirakı ilə yaradılmışdı. Onu çox güclü və nüfuzlu diaspor təşkilatına çevirmək lazım idi.

Lakin çox yaxşı başlanğıc imkanlarına baxmayaraq, ÜAK effektiv işləmədi və demək olar ki, xalqımız üçün faydalı heç nə etmədi. Azərbaycan diasporunun bir çox digər ictimai təşkilatları kimi, ÜAK da intriqaların qurbanı oldu. "Qara qüvvələr’’ bu təşkilata daxil oldu və həmvətənlərimizi ordan uzaqlaşdırdı. Nəticədə ÜAK rəhbərləri ilə diasporumuz arasında uçurum yarandı ki, bu uçurum da həmin təşkilatın taleyini həll etdi. Bu nəhəng təşkilatın necə dağıldığını görmək mənə olduqca ağır oldu. Sosial şəbəkələrdə hətta azərbaycanlılar var idi ki, ÜAK-ın bağlanmasına sevinirdilər. Diasporumuzun yeni böyük təşkilatı ÜAK-ın səhvlərini və acı taleyini təkrar etməməlidir.

Problem ondadır ki, bizim bir sıra həmvətənlərimiz artıq mövcud olan vahid ümummilli diaspor təşkilatının ətrafında birləşmək yerinə, öz strukturlarını yaradır və onun ətrafına dostlarını və tanışlarını toplayırlar. Nəticədə isə belə təşkilatlar diasporumuzu nəinki birləşdirmir, hətta daha da çox parçalayır.

- Fizuli müəllim, Sizin fikrinizcə, Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin yeni sədri Fuad Muradov diasporumuzu birləşdirməyi bacaracaqmı?

- Mən buna zərrə qədər də şübhə etmirəm. Fuad Muradov Diasporla iş üzrə Dövlət Komitəsinə sədr təyin olunduqdan sonra 1 il ərzində çox böyük işlər görüb. Demək olar ki, böyük azərbaycanlı icmalarının olduğu bütün ölkələri gəzib və diaspor nümayəndələri ilə çoxlu görüşlər keçirib. Fuad müəllim artıq diasporumuzun birləşməsinə kömək edəcək bir sıra təşkilati tədbirlər də həyata keçirib. O, əksər həmvətənlərimizdə çox xoş təəssürat yaradıb. Fuad Muradova diaspor içərisində böyük etibar var və əksəriyyət ona böyük ümidlər bəsləyir. Əminəm ki, Fuad müəllimin başladığı bir çox işlər uğurla nəticələnəcək və bütün dünyadakı diasporumuzu bir yumurq kimi birləşdirmək ona müəssər olacaq. Biz isə öz tərəfimizdən bu istiqamətdə ona bütün lazımi köməkliyi göstərəcəyik.

- Bizim başlıca milli bayramımız olan Novruz yaxınlaşır. Novruz Bayramını harda qeyd etməyə hazırlaşırsınız?

- 15-21 mart tarixlərində Bakıda olacağam. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və iştirakçıları üçün bayram tədbiri təşkil etməyi planlaşdırırıq. Bizim üçün həmişə öncə Vətən, sonra digər işlərdir. Niyyətim var ki, Novruz Bayramı ərəfəsində şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına daha 3 mənzil hədiyyə edim. Ümumiyyətlə, bu il ərzində onlara 5 mənzil hədiyyə etməyi planlaşdırırıq. Artıq, hər Novruz Bayramı öncəsində vətənimizin müdafiəçilərinə mənzillər hədiyyə etmək və onlara maddi yardım göstərmək bizim üçün bir ənənəyə çevrilib. Ötən il ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 12 mənzil hədiyyə etdik. Ümid edirəm ki, DAİ və ÜAMF gələcəkdə də bu ənənəni davam etdirəcəkdir.


- Fizuli müəllim, yanvarın sonunda Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə şəxsən 11 min manatlıq maddi yardım ayırması davranışını dəstəkləyən çıxış etmişdiniz. Bununla bağlı nə deyə bilərsiniz?

- Prezidentimiz İlham Əliyev şəhid ailələri, Qarabağ müharibəsi veteranları, hərbi qulluqçuların ailələri üçün çox işlər görür. İqtisadiyyatın qeyri-neft sektorunun intensiv inkişafı üçün çox işlər görülür. Bunların sayəsində Azərbaycanda çox keyfiyyətli yollar salınıb, müasir qabaqcıl texnologiyalarla təchiz olunan çoxlu sayda sosial obyektlər yaradılıb. Bu gün beynəlxalq ekspertlər Azərbaycan yollarını MDB ölkələrində ən yaxşısı hesab edirlər, Heydər Əliyev adına Hava Limanı isə postsovet məkanında ən yaxşı, ən rahat və ən müasir hava limanı seçilib.

Lakin mən düşünürəm ki, əhalinin sosial problemlərini həll etmək, xüsusilə də şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına maddi yardım göstərmək üçün diasporun da pulunu cəlb etmək lazımdır. Bununla əlaqədar olaraq diasporumuzun bütün imkanlı iş adamlarını bu işə qoşulmağa çağırıram. Hesab edirəm ki, bizim hər birimiz öz rayonumuzda, şəhərimizdə və kəndimizdə şəhid ailələrini və Qarabağ müharibəsi veteranlarını tapmalı və onlara lazımi köməkliyi göstərməliyik. Belə olan halda 1 il ərzində şəhid ailələrinin və Qarabağ müharibəsi veteranlarının bütün problemlərini bütünlüklə həll edə bilərik. Yeri gəlmişkən, həmin yəhudi və italyan diasporu öz ölkələrinə belə kömək edirlər.

Kiçik diaspor təşkilatları öz mövcudluqlarına son qoymalı, onların üzvləri isə böyük diaspor strukturu ətrafında birləşməlidirlər. Hesab edirəm ki, bizim bütün diasporumuz vahid mərkəzdən idarə olunmalıdır.


- Bir müddət öncə həmvətənlərimiz Moskvadakı Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının başçısı Ağadadaş Kərimovu və Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının prezidenti (FNKA AzerRos) Mehriban Sadıqovanı tənqid atəşinə tutmuşdular. Onları qeyri-vətənpərvərlikdə günahlandırırlar. FNKA AzerRos ətrafında nə baş verir?

- Diasporumuzun rəhbərlərinin vətənpərvərliyi haqqında məsələni mən çoxdan qaldırmışam. Hesab edirəm ki, diaspor təşkilatlarımıza cəmiyyətdə hörmətə malik olan, xalqını və ölkəsini sevən azərbaycanlılar rəhbərlik etməlidir. Onlar həmvətənlərimizin dəstəyindən istifadə etməlidirlər. Buna görə də diaspor strukturlarında köklü dəyişikliklər edilməlidir. Biz diasporumuzun taleyini illərlə xalqımıza və Azərbaycana sədaqətini sübut etmiş insanlara etibar etməliyik. Erməni separatçılarına rəğbət bəsləyən insanlar isə dərhal diaspor təşkilatlarımızı tərk etməlidirlər.

Hesab edirəm ki, FNKA AzerRosun yeni qurultayı çağırılmalı və xalqın hörmət etdiyi insanlardan bu təşkilata yeni rəhbərlər seçilməlidir. Ağadadaş Kərimov və Mehriban Sadıqova isə diaspordan uzaqlaşdırılmalıdır. Öz xalqına hörmətsizlik edən belə insanlara diasporda yer yoxdur.

- Fizuli müəllim, sevimli milli bayramımız olan Novruz ərəfəsində həmvətənlərimizə nə arzu edərdiniz?

- Mən bütün qəlbimlə, bütün dünya azərbaycanlılarını əsl xalq bayramı olan Novruz münasibətilə təbrik edirəm. Ənənəvi arzular olan möhkəm can sağlığı, uzun illər xoşbəxt və firavan həyat, möhkəm ailə səadəti və uğurlardan başqa, həm də bütün həmvətənlərimizə arzu etmək istəyirəm ki, doğma Azərbaycana ürəkdən aşiq olsunlar, xalqımıza sadiq qalsınlar və ona xidmət etsinlər. Arzu edirəm ki, Azərbaycan mümkün olan ən qısa zamanda öz ərazi bütövlüyünü bərpa etsin və öz vətəndaşlarının xoşbəxt həyatı üçün lazımi şərait yaratsın. Bütün dünyadakı Azərbaycan diasporuna isə arzu edirəm ki, birləşsinlər və doğma Azərbaycan üçün etibarlı dayağa çevrilsinlər. Bütün azərbaycanlıları Azərbaycanın müstəqilliyini qorumağa, onun zənginliyini artırmağa və təhlükəsizliyini möhkəmləndirməyə çağırırıam.

Bundan başqa, çox istəyirəm ki, vətənpərvərlik hər bir azərbaycanlının həyatının mənasına çevrilsin.

Söhbət etdi: Azər Muradbəyli
Бakı-Milan-Bakı
“Azərbaycan böyük imicə, hörmət və nüfuza malikdir”Malik Ayub Sumbal: “Beynəlxalq aləmdə Azərbaycan sülh və müasir bir Avrasiya ölkəsi kimi yer tutub”

Azərbaycan gənc müstəqil dövlət kimi dünya birliyində özünəməxsus bir mövqe və yer tutmaqdadır. Ölkəmizin qazandığı nüfuz onun beynəlxalq və regional səviyyələrdə reallaşdırdığı layihələr və balanslaşdırılan siyasətinin nəticəsidir. Azərbaycanın bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi olduğu faktdır. Rusiya, Türkiyə, İran kimi regional lider statuslu ölkələrlə qonşu olan Azərbaycan, ABŞ və Avropa, eləcə də Yaxın və Uzaq Şərqin güclü dövlətləri ilə elə bir balanslaşdırılan siyasət yürüdür ki, bu siyasət onu geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın liderinə çevirib.
“Xalq Cəbhəsi”nin suallarını cavablandıran dünyada tanınmış geosiyasi analitik, beynəlxalq icmalçı Malik Ayub Sumbal (Pakistan) Azərbaycanın beynəlxalq arenada tutduğu yer və mövqeyini yüksək qiymətləndirərək, dünyada baş verən siyasi təlatümlərə uyğun ağıllı və uzaqgörən bir siyasət yürütdüyünü qeyd edib.

- Azərbaycan Cənubi Qafqaz regionunun ən strateji yerindədir, buna görə də bu ölkə həmişə dünyanın güclü və nüfuzlu dövlətlərinin marağında olub, dünyanın heç bir ölkəsi tərəfindən laqeyd qalmır. Beynəlxalq aləmdə Azərbaycan sülh və müasir bir Avrasiya ölkəsi kimi yer tutub ki, bu da dinlərarası harmoniya və tolerantlığa əsaslanır. Azərbaycan bir tolerant, bütün konfessiyaların birləşdiyi, milli və etniz azlıqların hüquqlarının qorunduğu, söz və ifadə azadlığı verilən bir ölkədir. Belə ki, beynəlxalq səviyyədə Azərbaycan böyük bir imicə, hörmət və nüfuza malikdir və bu ölkə Cənubi Qafqaz regionunda lider ölkə kimi ortaya çıxır. Elə bundan irəli gəlir ki, Azərbaycan dünyanın diqqətindədir, marağındadır. Azərbaycanın güclü iqtisadiyyata malik olması onun dünya dövlətləri ilə əməkdaşlığına zəmin yaradıb.

- Ancaq Azərbaycanın dünyadakı mövqe və nüfuzunun güclü olmasına baxmayaraq dünya birlikləri Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləmirlər və işğalçı Ermənistanı dəstəkləyirlər...

- Hesab edirəm ki, bu məsələnin həllinə nail olmaq üçün vaxt və daha çox güclü lobbiçilik fəaliyyətinə malik olmaq lazımdır. Heydər Əliyev vaxtilə dünyada Azərbaycanın diaspora quruculuğu və böyük lobbiçilik fəaliyyətinin gücləndirilməsinə böyük diqqət edib. Bu gün bu siyasəti prezident İlham Əliyev həyata keçirir. Azərbaycanın dünyada lobbiçiliyi güclənərsə, bu Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərəcək. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi çox güclü və qətidir. Bunu prezident İlham Əliyev beynəlxalq səviyyəyə məharətlə təqdim edib. İndiki zamanda belə bir mövqe sərgiləmək böyük qətiyyət tələb edir ki, bunu da İlham Əliyev bacarıb. Bundan sonar Azərbaycan diplomatiyası böyük bir təsirə malik güclü mədəniyyətə əsaslanır və bu, prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın böyük vizasıdır.

- Necə fikirləşirsiz, bu məsələdə Azərbaycan öz qonşuları ilə siyasətində hansı korrektələr etməlidir. Bir tərəfdən açıq şəkildə Ermənistanı müdafiə edən Rusiya, digər tərəfdə gizli yolla işğalçıya dəstək verən İran var…

- Əslində Rusiyanın da regional prioritetləri və strategiyaları var. Amma düşünürəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsini həll edə bilsə, həm rəsmi Bakıdan, həm də ərazisində yaşayan azərbaycanlılardan daha yaxşı cavab ala bilər. Rusiyada çox sayda Azərbaycan diasporu var, həmçinin yüz minlərlə azərbaycanlı orada işləyir. Münaqişənin həlli Azərbaycan və Rusiyada yaşayan azərbaycanlıların ölkə iqtisadiyyatına böyük töhfələr vermələri ilə nəticələnə bilər. İran da eyni addım ata bilər. Axı orada da milyonlarla azərbaycanlı yaşayır. Dağlıq Qarabağ itkisi təkcə Azərbaycandakı azərbaycanlıların deyil, bütün dünya azərbaycanlılarının itkisidir, acısıdır. Qarabağın qaytarılması hamının sevincinə səbəb olacaq, bu sevinc də cavabsız qalmayacaq. Ona görə qeyd etdim ki, Rusiya və İran Qarabağ münaqişəsinin həllində rəsmi Bakıya dəstək olarsa, həmin ölkələrdə yaşayan azərbaycanlıların dövlətə və hakimiyyətə inamı daha da artar, hər zaman onları müdafiə edər.

- Qarabağ münaqişəsinin həllində çıxış yolu nədir - sülh, yoxsa müharibə? Bu gün Azərbaycan daha çox hansını seçim etməlidir.

- Düşünürəm ki, müharibə dünyanın heç bir münaqişəsinin həlli deyil. İndi bütün dünyada iqtisadi müharibələr gedir, ölkələr iqtisadiyyat sahəsində bir-birləri ilə çarpışırlar, sözün əsl mənasında iqtisadi müharibə aparırlar. Amma Azərbaycan iqtisadiyyatı sabitdir və bölgədəki ölkələrdən daha güclüdür. Ermənistanın isə bir çox problemi var, onlar iflas etmiş iqtisadiyyata malikdir və ölkədə siyasi sabitlik yoxdur. Buna ona görə burada toxundum ki, iqtisadiyyatı güclü olan ölkə qüdrətlidir, müharibədə qələbə qazana bilər. Mən ümid edirəm ki, BMT-nin məlum qətnamələrinə, beynəlxalq hüquq normalarının tələblərinə uyğun Dağlıq Qarabağ münaqişəsi həll edilməlidir.

- Xocalı faciəsinin 27 illiyini andıq. Bu faciə sizin üçün nə deməkdir?

- Həmişə olduğu kimi bu il də Xocalıdakı soyqırımın 27-ci ildönümü dünyanın müxtəlif ölkələrində möhtəşəm tədbirlərlə anıldı. Dünya ictimaiyyəti Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik soyqırımla bağlı daha çox məlumat aldılar. Dəhşətdir, bunu sözlə ifadə etmək də ağırdır. 1992-ci il fevralın 26-da Xocalıda soyqırımını törətmiş şəxslər Beynəlxalq Məhkəməyə verilməlidir. Bu, bütün dünya ictimaiyyətinə, bəşəriyyətə qarşı törədilən bir vəhşilikdir. Dünya birlikləri, ictimaiyyət buna göz yummamalıdır.

- Xocalı soyqırımının dünyaya, dünya parlamentləri tərəfindən tanınması üçün nə etməliyik?

- Xocalı soyqırımını beynəlxalq səviyyədə tanıtmaq üçün daha çox şüurun olması lazımdır. Erməni hökuməti bu cinayətləri gizlətməyə çalışsa da, hər il Xocalı şəhidləri üçün ədalət tələbi artır. 15-dən çox ölkənin parlamentləri Xocalını soyqırımı kimi tanıyıb. Hər il yox, hər gün Xocalı soyqırımının dünyada tanınması, yayılması, ermənilərin işğalçılıq siyasətinin ifşası üçün çalışılmalıdır. Bunu müxtəlif formalarda həyata keçirməklazımdır – tədbirlər, sərgilər, mətbuat, ədəbiyyatların paylanılması, filmlərin nümayişi, görüşlər… Yəni, gözləməli deyil ki, hər il fevralın 26-I gəlsin və dünya azərbaycanlıları, türkləri, vəhşiliyi, terror, soyqırımını lənətləyənlər ayağa qalxıb səslərini ucaltsınlar. Bu səs hər gün ucalmalıdır.

- Ötən ay Gürcüstan prezidenti Zurabişvili Azərbaycanda səfərdə oldu, sonra Ermənistana getdi. Regional siyasət çərçivəsində Gürcüstan hər iki ölkə ilə eynisəviyyədə siyasət yürüdür…

- Gürcüstandakı iqtisadi əməkdaşlıq baxımından Azərbaycanın mövqeyi Ermənistandan daha güclüdür. Bakı-Tiflis-Qars dəmir yolu kimi Azərbaycanla Gürcüstan arasında böyük əməkdaşlıq var. Azərbaycan həmişə Gürcüstana kömək əlini uzadıb. Azərbaycanın investiyası və yatırımı hesabına Gürcüstan bu gün ayaq üstə durub. Rəsmi Tbilisi bunu heç vaxt unutmamalıdır. Unudarsa və Azərbaycana qarşı hər hansı səhv siyasət yürüdərsə, o zaman dara düşər, o zaman Ermənistandan onaheç bir kömək olmayacaq. Ermənistanın özünə kömək edən lazımdır.

- Son aylar Gürcüstanın Rusiyanın münasibətlərində istilik müşahidə olunur. Gürcüstan və Rusiya arasında Abxaziya və Cənubi Osetiya vasitəsilə bir körpünün yaranması planı üzərində danışıqlar gedir... Bunu nəticəsi necə ola bilər?

- Gürcüstan və Rusiya arasındakı əlaqələr böyük bir etimad çatışmazlığına malikdir, çünki Gürcüstan daha çox Avropa İttifaqına meyl göstərir. Rusiya iqtisadiyyatının zəifləməsi vəziyyəti gərginləşdirir. Rusiya rublunun dəyərdən düşməsi Abxaziya və Cənubi Osetiyadakı insanların ticari gücünü və Rusiyaya aid olan malların dəyərini effektiv şəkildə azaldıb. Öz növbəsində, bölgələrdəki insanlara Gürcüstandan ucuz mal almaq üçün stimul artırdı.

- Azərbaycanla Ermənistan arasındakı iqtisadi, siyasi və ya hərbi sahələrdəki güc nisbətini necə müqayisə edə bilərsiniz?

- Hər iki ölkə arasında böyük bir fərq var. Azərbaycan iqtisadiyyatı sabitdir, güclüdür, ildən-ilə inkişaf edir. Ermənistan iqtisadiyyatı isə dağılıb. Ölkədə istehsal yoxdur, strateji zavod və fabriklər fəaliyyətini dayandırıb. İşsizlik hökm sürür. Azərbaycan hərbçiləri müasir silahlara malikdir, nizami ordu quruculuğu var, beynəlxalq reytinqlərdə Azərbaycan ordusunun gücü xüsusi olaraq qeyd edilir. Erməni hərbçiləri isə Rusiyanın köhnə hərbi texnikası ilə təchiz olunub, orduda heç bir quruculuq işləri aparılmır. Beynəlxalq hərbi ekspertlərin fikrincə, Ermənistan ordusu Azərbaycan ordusuna nisbətən qat-qat gücsüzdür. Azərbaycan siyasi cəhətdən daha sabitdir, Ermənistan isə ciddi siyasi böhrana və qarışıqlığa malikdir. Bir sözlə, bütün sahələrdə Azərbaycan Ermənistanı üstələyib.

Cavid
Azərbaycan neytral ölkələr sırasında olmalıdır - QHT sədrinin fikirləriAvrasiya.net Vətəndaş Cəmiyyət Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Fizuli Kərimovun qurumun mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edir:

- Füzuli bəy, Sizin ictimai birlik uzun illərdir yaradılıb. Lakin bu günə kimi demək olar ki, cəmiyyət tərəfindən tanınmır. Fəaliyyətiniz haqda nə deyə bilərsiz?

- Bəli, bu belədir! Etiraf edirəm! Məlumat üçün deyim ki, bizim təşkilat 2006-cı ildə yaradılıb. Onu da xüsusi qeyd etmək istəyirəm ki, nə dövlətdən, nə də xarici donorlardan bir manat da pul almışıq. Maliyyəsi olmayan təşkilatdan çox şey gözləmək olmaz. Buna baxmayaraq daxili imkanlar hesabına cəmiyyətin hüquqi marifləndirməsi istiqamətində addımlar atmışıq. Ictimai birlikdə kifayət qədər hüquqşünaslar və qeyri sahənin mütəxəssisləri var. Bu mütəxəssislərin gücü hesabına vətəndaşlara təmənnasız hüquqi yardım göstəririk. Demək olar ki, müraciət edən vətəndaşların problemlərinin həlli istiqamətində axıra qədər kömək edirik. Vətəndaş cəmiyyətinin güclü olması dövlətin gücü deməkdir.

- Vətəndaş cəmiyyəti institutlarının quruculuğu istiqamətində dövlətin apardığı işi necə qiymətləndirirsiz?

- Bu gün Azərbaycanda 4 minə yaxın QHT fəaliyyət göstərir. QHT-lərin fəaliyyət göstərməsinə hökumət tərəfindən geniş imkanlar yaradılıb. QHT-lərə Dövlət Dəstəyi Şurası ildə iki dəfə QHT-lərin müxtəlif maarifləndirici layihələrini maliyyələşdirir. Yəni ölkəmizdə bu sahədəki şəffaflıq qorunub saxlanılır. Heç bir QHT hakimiyyətin təzyiqi ilə üzləşmir, tam müstəqil fəaliyyət göstərir.

- QHT sədrlərinin müxtəlif sahələr üzrə ekspert qismində çıxış etmələri, fikir söyləmələri bəzən ictimaiyyət tərəfindən birmənalı qarşılanmır...

- Bunu çoxuna aid etmək olmaz. Elə QHT sədrləri var ki, öz sahələri üzrə ixtisaslaşıblar, aralarında politoloqlar, jurnalistlər, iqtisadçılar, hüquq müdafiəçiləri var. Onların fikirləri önəmlidir. Kimsə bunu qəbul etməyə bilər, təbiidir, amma həmin QHT sədrlərinin fikirləri, hansısa hadisə və ya məsələ ilə bağlı proqnozu, şərhi və yaxud rəyinə müsbət yanaşmaq lazımdır.

- Bir hüquq müdafiəçisi kimi sizin də Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı sosial səhifənizdə digərlərinə nisbətən fərqli fikirlərinizə rast gəlmişik. Belə bir sula cavab almaq istərdik : Sizcə, Azərbaycan NATO-ya və ya Avropa Birliyinə inteqrasiya etməlidirmi?

- Mənə elə gəlir ki, bu sual təkcə Azərbaycana deyil, bütün post-sovet məkanının düşündürür. Bu məsələyə ikili münasibət mövcuddur: həm mənfi, həm müsbət. Elə mənim də münasibətim birmənalı deyil. Niyə bu fikrə gəlmişəm? Bu gün dünyada gedən prosesləri nəzərdən keçirək. ABŞ, NATO-Rusiya münasibətlərinə yaxından baxaq.
Hər birimizə məlumdur ki, 2-ci dünya müharibəsindən sonra güclü dövlətlər öz güclərinə balanslı şəkildə proporsional olaraq dünyanı böldülər. Sovet İttifaqı dağılandan sonra isə bu güc balansı yenidən dəyişdi və dünyanı bölüşdürmək problemi gündəmə gəldi. Beləliklə indi dünyanın yenidən bölüşdürülməsi prosesi ciddiləşmiş və olduqca kəskin xarakter almışdır. Məhz bu prosesin aktiv iştirakçıları olan ABŞ, Rusiya, Çin, Türkiyə və İran özlərini mənafelərini maksimum qorumağa çalışır. Bu proseslər həmişə olduğu kimi yenə də olduqca təlatümlü və ağrılı proses kimi realizə olunur.
Yaxın Şərqdə, Venesuelada, Afrikada və digər ölkələrdə nəyə gətirib, çıxardığı göz qabağındadır.
Azərbaycanın geopolitik vəziyyətinə nəzər yetirsək görərik ki, Avropaya inteqrasiya ölkəmizi çox ağır duruma sala bilər. Qonşularımızın kim olduğuna nəzər salsaq biz bunu açıq anlaşıqlı görə bilərik. Rusiya bizim şimal qonşumauz olmaqla Azərbaycanda güclü təsir rıçaqlarına malikdir. Həm cənubda, həm şimalda Rusiyanın təsiri ciddi ölçülərdə mövcudluğunu qoruyub, saxlayır. Bundan əlavə Rusiyada çoxsaylı hətta milyonlarla Azərbaycandan olan miqrantlar var ki, bu da Azərbaycan üçün ciddi təsir deməkdir.
İran cənub ərazilərinə nüfuz etməkdə çətinlik çəkməyəcək. Çünki tarixi imkanlar buna şərait yaradır. Xüsusiylə qeyd etmək istəyirəm ki, İran hətta gizlətmir ki, Azərbaycanın Avropaya inteqrasiyasını arzu etmir. Bundan sonra isə Ermənistan qalır ki, o da ərazi bütövlüyümüzü pozmaqla yanaşı , hətta bu illər ərzində bu və ya digər formada ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Fransa, Rusiya)tərəfindən dəstək görmüşdür.
Gürcüstan isə bzim üçün heç vaxt nə düşmən, nə də dost olmamışdır. Türkiyə isə qardaş ölkə olaraq öz problemləri o qədər çoxdur ki, bizə kömək etmək iqtidarında deyildir.

- Sizin sözünüzdən belə çıxır ki, çıxış yolu yoxdur...

- Əbəttə çıxış yolu var. Bildiyimiz kimi ABŞ-Rusiya qarşıdurması Suriya böhranına qədər sakit templə gedirdi. Bu vəziyyət Azərbaycan hökümətinə imkan verirdi ki, balansı qoruyub saxlaya bilsin. Lakin Suriyadan sonra tərəflər arasındakı qarşıdurma pik nöqtəyə qalxdı. Bu da Azərbaycanı məcbur etdi ki, tərəflərdən birinin yanında olduğunu elan etsin. Bu addımı atmaq isə Azərbaycan üçün tarixi fəlakət ola bilər. Çünki Azərbaycan belə bir seçimi heç vaxt edə bilməz. Ya Qərbə, ya da Şərqə inteqrasiya Azərbaycan üçün olduqca ağır faciələrə səbəbiyyət verə bilər. Mənim fikrimcə, təcili şəkildə Azərbaycan parlamenti buraxılmalıdır. Yeni seçilmiş parlament cənab prezident İ.Əliyevin rəhbərliyi altında dayanmadan siyasi-iqtisadi islahatlar keçirməlidir. Parlamentin seçilməsindən dərhal sonra referendum keçirilib, konstitusiyaya müəyyən dəyişikliklər edilməlidir ki, burada da Azərbaycanın neytral ölkələr sırasında olduğu açıq göstərilməlidir. Bu müddəa təsbit olunduqdan sonra həm Qərblə, həm də Şərqlə iqtisadi əlaqələri gücləndirmək olar


Paşinyanın qarşısına konkret tələb qoyulmalıdır - DeputatAvrasiya.net Teleqraf.com-un Bütöv Azərvaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Pakistan hər zaman Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində müdafiə edib, Ermənistanla diplomatik əlaqələr belə qurmayıb. Hazırda Pakistanla-Hindistan arasında gərgin hərbi vəziyyət müşahidə olunur. Bu iki ölkə arasında yaşananları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu məsələdə Hindistan haqsızdır. Pakistan bizə qardaş ölkə olduğuna görə belə demirəm. Baş nazir İmran Xan bəyan etdi ki, bəli, terror hadisəsi baş verib, Pakistan dövləti bu terroru qınayır, bu terror hadisəsi İslamabad tərəfindən dəstəklənə bilməz. Əgər bunu hansısa terrorist təşkil edibsə, biz, sizinlə tam əməkdaşlığa hazırıq. Yəni Pakistan elan etdi ki, terrorçuları ən ciddi şəkildə cəzalandırmaq, ədalət mühakiməsinin qarşısına çıxarmaqda Hindistanla əməkdaşlığa hazırdır. Əgər dövlətdən şübhələnirsinizsə, faktlar təqdim edin. Pakistan dövlətini belə ağır və insanlıq əleyhinə cinayətdə ittiham etmək düzgün deyil. Pakistanın mövqeyi belədir. Amma buna baxmayaraq, Hindistan tərəfi Pakistanın ərazi bütövlüyünü pozaraq ora hava zərbələri endirdi və Pakistanı hədələməyə başladı. Hesab edirəm ki, Hindistan nə qədər böyük dövlət, nüvə ölkəsi olsa da, Pakistan bizim yaxın müttəfiq dövlətimizdir və Azərbaycan tərəddüd etmədən, birmənalı şəkildə Pakistanı dəstəkləməlidir. Çünki Pakistan bizə qardaş ölkədir. Söhbət yalnız Pakistanın bizə qardaş ölkə olmasından getmir, həm də bu məsələdə haqlıdır.

- Əslində tərəflər arasında böhran Kəşmir problemindən qaynaqlanır. Kəşmir 3 hissəyə bölünüb, onun 45 faizinə Hindistan, 35 faizinə Pakistan, 20 faizinə isə Çin nəzarət edir. Sizcə, nədən dava Kəşmirin Hindistan və Pakistan ərazisi üzərində gedir, amma Çinin nəzarət etdiyi 20 faizlə bağlı hamı susur?

- Açığı, bu barədə geniş informasiyam yoxdur. Çin böyük dövlətdir. Amma söhbət həm də orada yaşayan insanların aktivliyindən gedir. Kəşmirin Hindistan hissəsinə düşən ərazidə yaşayan kəşmirlilər daha aktiv şəkildə Pakistana birləşmək istəyirlər. Ancaq Çinlə bağlı məsələ fərqlidir və oranın payına düşən Kəşmirdə insanlar aktiv deyil. Bəlkə də səbəb buradadır. Həm də Çinin daha böyük dövlət olması da buna təsirini göstərə bilər. Məncə, səbəb budur. Birinci növbədə sözsüz ki, insan faktoru, fəallıq gəlir.

- Vyetnamda Tramp-Kem Çin İn görüşü başa çatdı və müzakirələr uğursuz oldu, tərəflər nüvə anlaşması əldə edə bilmədi. Şimali Koreya nüvə silahından tam imtina etmir, Pakistan-Hindistan münaqişəsində də nüvə təhlükəsi var. Sizcə, bu vəziyyət hansı ana qədər davam edəcək və hansı təhlükələr yarada bilər?

- Vyetnamda razılaşmanın baş tutmamamasında böyük dövlətlərin əli var. Mən əminəm ki, Çin və Rusiya belə bir anlaşmada maraqlı olmayıb, bu səbəbdən də razılaşma əldə edilməyib. Bilirsiniz ki, Şimali Koreyaya Rusiyadan daha çox Çinin təsiri var. Əslində Şimali Koreya Respublikasının yaşamasının səbəbkarı da Çindir. Kem Çin İn də birbaşa Çin tərəfindən təlimatlandırılır və idarə olunur. Ona görə mən həmişə deyirəm ki, böyük dövlətlərin razılığı olmadan hər hansı regiondakı konflikt və münaqişələrin qarşısını almaq, həll etmək mümkün deyil. Vaxtilə SSRİ Əfqanıstana daxil olmuşdu. Amma oradakı mücahidləri Qərb silah, kəşfiyyat informasiyası ilə təmin edirdı. Sonra ABŞ Əfqanıstana daxil oldu. Bu zaman Rusiya və ABŞ-ın əleyhinə olan digər dairələr mücahidlərə dəstək verməyə başladı. Yəni böyük dövlətlər anlaşmayana qədər regionda sülh və sabitliyi təmin etmək mümkün olmur. Vyetnamda baş verən uğursuzluğun kökü də burAdan qaynaqlanır. Əlbəttə, bəzi xarici ekspertlər və analitiklər qeyd edirlər ki, proses davam edəcək, dialoq prosesini uğursuz adlandırmaq olmaz və s. Amma Vyetnamda nüvə sazişinin əldə edilməməsi bütün hallarda uğursuzluqdur. Bunun da səbəbi regionda böyük dövlətlərin marağının toqquşmasıdır. Açıq desək, Çinlə ABŞ-ın maraqlarının toqquşmasıdır. Eləcə də Çinlə Yaponiya və Cənubi Koreya arasında soyuqluq və s.

- Gürcüstan Prezidenti Salome Zurabişvilinin Bakı səfərindən bir müddət əvvəl aydın oldu ki, Gürcüstanın Rusiyadan qaz almaq niyyəti var və Azərbaycanın Gürcüstan qaz bazarında inhisarçı rolunun azalmasını istəyir. Bu konteksdə xanım prezidentin Bakı səfərini necə qiymətləndirirsiniz?

- Əlbəttə, Gürcüstan anlayır ki, mövcud reallığı dəyişənə qədər Azərbaycandan asılı vəziyyətdədir. Gələcəkdə İrandan və ya Rusiyadan qaz alacağını indi söyləmək çətindir. Hətta belə bir razılaşma olsa da, bunu həyata keçirmək müəyyən vaxt alacaq. Prezident Zurabişvili də başa düşür ki, Azərbaycansız Gürcüstanın yaşaması çətin olar. Birincisi, Gürcüstana ən çox turist Azərbaycandan gedır. Ora ən çox investisiya qoyan azərbaycanlı iş adamlarıdır. Həm də onu da nəzərə alırlar ki, Gürcüstan ən böyük qonşusu Rusiya ilə düşməndir, digər böyük qonşusu Türkiyədir. Türkiyə və Azərbaycan isə qardaş, strateji müttəfiqdirlər. Və oradan Azərbaycana yönəlik siyasət müəyyən edilərkən, gürcü rəsmilər mütləq Türkiyə amilini nəzərə almaya bilməzlər. Eyni zamanda Gürcüstanda azərbaycanlılar yaşayır. Dəqiq statistika bəlli olmasa da, orada 400-500 minə yaxın soydaşımızın yaşadığı ifadə olunur. Bu kifayət qədər ciddi rəqəmdir və azərbaycanlılar Gürcüstanda faktordur. Əlbəttə, siyasi baxımdan böyük faktora çevrilməsə də, ciddi faktordur. Zənnimcə, bu amillərin hamısı nəzərə alınır. Həmçinin bir mənəvi məsələ də var. Bu da onunla bağlıdır ki, gürcülər həmişə çətin vəziyyətə düşəndə Azərbaycandan hər zaman dəstək görüblər. 2008-ci ilin avqust müharibəsi zamanı humanitar dəstəkdən oldu. Sonrakı dövrdə Rusiya tərəfindən qaz kəsiləndə, Azərbaycan öz rayonlarına verilən qazı dayandırdı ki, paytaxt Tbilisi başda olmaqla Gürcüstanın böyük şəhərlərini qazla təmin etsin. Düzdür, bizim ekspertlər bu barədə çox az danışırlar. Amma fikrimcə, bundan gecə-gündüz danışmaq lazımdır. Hətta dostlara demək lazımdır ki, mən sənin üçün hansı əhəmiyyəti daşıyıram. Görünür, bunu demək lazımdır. Gərək bizim siyasətçilər, ekspertlər bu haqda danışsınlar, gürcülər bunu bizim dilimizdən eşitsinlər. Yaxşı olar ki, gürcü ekspertlər də bu barədə fikirlərini desinlər.

Fikrimcə, Prezident Salome Zurabişvilinin Bakı səfəri çox əhəmiyyətlidir. Burada bir sıra razılaşmalar da əldə edildi. Zurabişvili nə qədər xristian həmrəyliyindən çıxış edərək, ermənilərə meyllənsə də, bir şeyi başa düşür ki, Ermənistan Rusiyanin hərbi müttəfiqidir, Gürcüstana nəfəslik olan Türkiyə isə Azərbaycanın hərbi-siyasi müttəfiqidir. Reallıq tamam başqa bir şeydir və prezident adətən öz xalqının maraqlarından çıxış edir. Gürcü xalqının da maraqları tələb edir ki, Azərbaycanla dost olsun, heç vaxt Azərbaycana xəyanət haqqında düşünməsinlər. Azərbaycanla tam səmimi dostluq etsinlər. Əgər bu olacaqsa, Gürcüstanın yaşam perspektivi var. Yox, olmayacaqsa, Gürcüstanın özü bundan əziyyət çəkəcək.

- Bu ayın sonunda Ukraynada prezident seçkiləri keçiriləcək. Rusiya-Ukrayna münasibətlərinin gərgin olduğu bu mərhələdə seçkilərin nəticəsi sürpriz ola bilərmi?

- Ukraynada Yuliya Timoşenkonun hakimiyyətə gəlmək imkanları böyükdür. Bu da onunla bağlıdır ki, 2014-cü ilin martında Yanukoviçi ölkədən qovan zaman Timoşenko həbsdə idi. Və həbsdən çıxdıqdan sonra Poroşenkonu müdafiə etdi. Bu, Ukraynaya böyük təsir imkanları olan Qərbin xeyir-duası ilə baş verdi. Qərb Timoşenkonu saxladı və çox çətin dövrdə Poroşenkonu qabağa buraxdı. Həm də o zaman Timoşenkoya qarşı ciddi ittihamlar vardı və s. Mənə elə gəlir ki, indiki mərhələdə qərbin simpatiyası daha çox Yuliya Tomoşenko üzərində fokuslaşıb. Onun hakimiyyətə gəlmək imkanları böyükdür. Amma siyasətdə yüz faizlik proqnoz vermək çox çətin məsələdir. Düşünürəm ki, Qərb Timoşenkoya dəstək verəcək. Çünki onun həm Rusiya ilə əlaqəsi var və Qərbə lazımdır ki, Ukrayna-Rusiya əlaqələrində yumşalma olsun. Üstəlik bu xanımın dövlət idarəetmə təcrübəsi var, Qərb onunla işləyib və onu proqnozlaşdıra bilir, bir siyasətçi kimi xarakterinə bələddir. Bu, çox önəmlidir.

- Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqları necə qiymətləndirirsiniz, ümumən bu istiqamətdə fəallıq hiss edirsinizmi?


- Əslində sizə deyim ki, mən 2019-cu ili Azərbaycan tərəfindən Qarabağın azad edilməsi üçün ciddi addımlar atılacağı il kimi qiymətləndirirəm. Fikrimcə, Azərbaycana olan təzyiqlərin bir hissəsi bununla bağlıdır. Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal anti-hökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir.

Hesab edirəm ki, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir. Onun qarşısına konkret tələb qoyulmalıdır. Ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər. Amma Azərbaycan bundan əvvəl Rusiya ilə intensiv danışıqlar aparmalı, çalışmalıyıq ki, Rusiya buna intensiv müdaxilə etməsin və Azərbaycanın haqlı olduğunu qəbul edərək imkan yaratsın ki, torpaqlarımızı azad edək. Hətta bu olmasa belə, düşünürəm ki, Azərbaycan hökuməti sonda xalq ilə açıq danışmalı və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində addımlar atmalıdır. Siyasətdə bəzən ağıllı fikirləşincə dəli vurub çayı keçir. Tarixdən yüzlərlə misallar gətirmək olar ki, ağıllı siyasətçi oturub fikirləşir və sonda kələfin içində itib-batır, nəticə də olmur. Bəzən dövlət başçıları qəti və ciddi qərarlar qəbul etmək məcburiyyəti qarşısında qalır. Düşünürəm ki, 2019-cu ildə belə qərarlar qəbul oluna bilər.
"Ailəm üçün mütləq qorxuram"İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri, jurnalist Fuad Abbasovun Axar.az-a eksklüziv müsahibəsi:

- Azərbaycanlılar və çeçenlər arasındakı davanın arxasında “erməni izi”nə çıxmağa necə nail oldunuz? Bəziləri məhz sizin operativliyiniz sayəsində münaqişənin alovlanmasının qarşısının vaxtında alındığını söyləyir, amma Rusiyada yaşayan azərbaycanlılar arasından da şəxslərin olduğu bəziləri isə sizi təxribatçı adlandırır. Bu cür tənqidə necə yanaşırsınız? Hər şey əslində necə baş verib? Bu məsələdə sizin iştirakınız necə olub?

- Azərbaycanlılar və çeçenlər arasındakı davanın tarixində erməni izini internet sayəsində tapa bildim. Mən artıq çoxdandır üztanıma proqramlarından istifadə edirəm. Bu cür proqramları çox sadə şəkildə internetdə tapmaq olar. Daha sonra mən yenə də ən son internet texnologiyalarının vasitəsilə onun yerini axtarmağa başladım. Vkontakte sosial şəbəkəsində onun səhifəsini tapdım. Burada 100 faiz uyğunluq vardı. Bu səhifədən sübut kimi istifadə eləmədim, çünki istənilən şəxs bu səhifəni aça bilərdi. Bir az da axtardıqdan sonra onun pasportunu tapdım.

Mən məhz bu şəxsin davanın təhrikçisi olduğunu iddia etmədim. Bu, sadəcə, həmin şəxsi peşəkar səviyyədə dindirə biləcək hüquq-mühafizə orqanları üçün informasiya idi. Bu, təmiz jurnalist fəaliyyəti idi və buna görə də qan tökülməsini dayandırdığını və nöqtə qoyduğunu deməyəcəm. Hərçənd görünür ki, hər şey məhz belə baş verib: o, əlaqəyə çıxıb, hər iki tərəfi yalnız sahibi olduğu avtoservisin müştəriləri kimi tanıdığını söyləyərək özünə bəraət qazandırmağa başlayıb. Bu isə həqiqətdən çox uzaqdır. Bu şəxsin Volqoqrad, Rostov, Moskva və digər Rusiya şəhərlərində insanları aldatması ilə bağlı fərqli məlumatlar mövcuddur. Onun pasportunu paylaşdıqdan sonra fırıldaqçılığının qurbanlarından bir çox mesajlar aldım. Bu şəxsin Rusiyanı tərk etməsi onun millətlərarası qarşıdurmanın alovlandırılmasındakı günahını sübut edir.

Təəssüf ki, Rusiyada diasporlarda vəzifə tutan və buradakı azərbaycanlılar üçün heç bir şey etməyən şəxslər bu cür fəaliyyətimə görə mənə nifrət edir. Onlar ölkədən çıxarılmağımı və həbsimi istəyirlər. Onlar dünənki jurnalistin yarıməsirlik diaspor fəallarına və onların pul qazanmağa davam etməsinə mane olmasını istəmirlər.

Bu paylaşımlar mənim bir jurnalist kimi fəaliyyətimi qaralamaq cəhdindən başqa bir şey deyil. Onların sözlərində bizim rəqiblərimizin iddiaları ilə 100 faizlik uyğunluq var. Buna görə də təəccüblənmirəm, qoy təkcə özlərinə ziyan vuran kampaniyalarına davam etsinlər.

Əvvəl də dediyim kimi, özümü münaqişənin tənzimlənməsinin əsas iştirakçısı hesab etmirəm. Bu məsələdə Azərbaycanın Rusiyadakı səfirliyinin və şəxsən Polad Bülbüloğlunun iştirakı böyük olub. Fərq yalnız onların öz fəaliyyətlərinə dair informasiyaları sosial şəbəkələrdə paylaşmamasındadır.

- Bu hadisədən sonra ünvanınıza gələn təhdidlər oldu. Azərbaycan ictimaiyyətindən sizə hücumlarla əlaqədar hansı dəstəyi alırsınız?

- Təhdidləri sənədləri paylaşdıqdan sonra deyil, hələ 2016-cı ilin aprel hadisələrindən sonra almağa başlamışam. Rusiyanın müxtəlif federal kanallarında Azərbaycanın mövqeyini müdafiə etməyim heç kimin dəyişməyə çalışmadığı və yalnız öz baxışlarını və fikirlərini görməyə öyrəşmiş insanları şoka saldı. Təhdidlər yalnız internetlə deyil, həmçinin real şəraitdə küçədə də olub. Silahla vurmaq, ailəmə hücumla təhdid ediblər. Mən hüquq-mühafizə orqanlarına şikayət etmişəm, ancaq heç kim buna məhəl qoymayıb. Təhdidlər vardı və olacaq da, düşünürəm ki, onlar daha da artacaq. Bizim vicdansız qonşularımızın mənə qarşı nifrəti yalnız artır. Öz izləyicilərim mənə dəstək olurlar, bu isə ən vacibidir.

- Ailənizə və özünüzə görə qorxmursunuz?

- Özüm üçün olmasa da, ailəm üçün mütləq qorxuram. Mən də hər kəs kimi sadə bir insanam, özünəməxsus qorxuya sahibəm, ancaq daxilimdə nəsə məni hərəkətə gətirir. Bunun nə olduğunu bilmirəm və izah da edə bilmərəm. Lazım hesab etdiyim hər şeyi yayıram və özümü nədəsə məhdudlaşdırmaq istəmirəm. Ailəm təhlükəsiz yerdədir və hər şey sakitləşənə qədər onlar Moskvaya qayıtmayacaq. Hesab edin ki, Fuad Abbasov öz fəaliyyətini təkbaşına aparır.

- Hər hansı bir dəstəyiniz var, yoxsa hər şeyi özünüz etməli olursunuz? Siz peşəkar jurnalistsiniz? Özünüzün jurnalist karyeranız barədə danışa bilərsiniz?

- İzləyicilərim tərəfindən dəstək var. Son dövrlərdə dəstək müstəqil jurnalist kimi fəaliyyət göstərdiyim bütün bu 3 ildən daha çoxdur. 2016-cı ildə 20 il işlədiyim türk kanalından qovuldum. Bundan sonra özümün Misra TV internet telekanalımı açdım və qeyri-kommersiya təşkilatımı qeydiyyatdan keçirdim, ancaq dəstəyim çox az oldu. Hər halda son hadisələr kraudfandinq sisteminin iştirakçılarının sayını artırıb. Bu mənim üçün yeganə gəlir mənbəyidir. Əgər belə davam etsə, mən Rusiya azərbaycanlılarının internet kanalını işə sala biləcəm. Misra TV internet telekanalı Rusiyada yaşayan azərbaycanlıların etibarlı informasiya aldığı və xalqımıza qarşı təxribatların qarşısının alınması üçün bir-biriləri ilə məlumatları bölüşdürə biləcəyi platforma olacaq.

Mən Türkiyənin “Anadolu” və “İhlas” xəbər agentliklərində çalışmışam. TGRT, TRT və digər bir sıra türk kompaniyaları ilə əməkdaşlıq etmişəm. Aprel hadisələri zamanı “Birinci kanal”dakı çıxışımdan sonra kanalın amerikalı rəhbərliyi vəzifəmdən azad edilməyimlə bağlı qərar qəbul etdi. Bundan sonra da mənim Türkiyəyə qarşı münasibətim heç bir halda dəyişmədi. İndiyə qədər Rusiyanın müxtəlif kanallarındakı 250-dən artıq verilişdə iştirak etmişəm.

- Bu gün Dağlıq Qarabağ problemi ətrafında bir çox mübahisəli danışıqlar aparılır. Bəziləri hazırlanan sülhdən danışır, bəziləri isə konfliktin sülh yolu ilə həllinə inanmır, yeganə yolu müharibədə görür. Bu məsələyə sizin münasibətinizi öyrənmək istərdik.

- Mən dəfələrlə demişəm ki, heç kim – nə Rusiya, nə ABŞ, nə də Fransa Dağlıq Qarabağ münaqişəsini müharibə ilə həll etməyə bizə imkan verməyəcək. Onlar bizim Qarabağ probleminin həllini etibar etdiyimiz Minsk Qrupunun həmsədrləridir. Əgər biz özümüz müharibə başlamağa qərar versək bütün dünya bizdən üz döndərəcək. Buna görə də, hesab edirəm ki, Qarabağ məsələsini yalnız sülh yolu ilə həll etmək mümkündür. Bütün ərazilərin Azərbaycanın tərkibində qalacağı sülh müqaviləsi imzalamaq ən yaxşı varianat olacaqdır. Biz erməniləri qova bilməyəcəyik. Deportasiya və soyqırım Azərbaycan üçün sonun başlanğıcı ola bilər. Bütün dünya bizdən üz döndərəcək. Ermənistanın rəhbərliyi dəyişib, bizə isə yeni rəhbərliyin sülhə daha çox meyilli olmasına ümid etmək qalır.

- Hazırda Moskvada azərbaycanlılar və ermənilər arasında vəziyyət necədir? Onların burada başqa bir ölçüdə yaşadıqları məlumdur. Birlikdə işləyirlər, ünsiyyət qururlar, bu fonda ermənilərin Qarabağ probleminə münasibəti dəyişibmi?

- Azərbaycanlılar və ermənilər Rusiya Federasiyasının ərazisində çox yaxşı dolanırlar. Onların birgə biznesləri hətta ailələri var. Bu mənada nümunə kimi azərbaycanlıların milli-mədəni muxtariyyətinin Moskva təşkilatının rəhbərini göstərmək olar. Onun həyat yoldaşı ermənidir, qızı isə erməniyə ərə gedib. Onlar Rusiya vətəndaşlarıdır və Rusiya qanunlarına uyğun şəkildə yaşayırlar. Bir çox azərbaycanlılar ermənilərin təqib obyektinə çevrilməmək üçün mənimlə ictimai şəkildə əlaqə saxlamırlar. Belə ki, ermənilər Rusiyada heç də az əhəmiyyətli vəzifələr tutmurlar. Mən heç vaxt kiminsə məni dəstəkləmək üçün ermənilərə qarşı münasibətini dəyişməsinə təkid etməmişəm. Ancaq öz fəaliyyətimi də lazım bildiyim şəkildə davam etdirəcəm. Rusiya Federasiyası ərazisində yaşayan azərbaycanlıların özlərini rus vətəndaşlarla bərabərhüquqlu hiss etməsi üçün çalışmağı lazımlı hesab edirəm.

- Rusiyadakı azərbaycanlılar ətrafındakı vəziyyət necədir?


- Azərbaycanlı nəsil dəyişir. 90-cı illərin sonunda bura qazanc dalınca gələn insanların övladları böyüyür, universitetlərdə təhsil alırlar. Onlar əvvəlki nəsillərdən özlərinə ən yaxşı inkişaf yolunu göstərəcək irs tələb edirlər. Buna görə də Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatında daha çox iştirakını təmin etmək, vəzifələrə seçilməsinə, mer və qubernator seçkilərində iştirak etməsinə çalışmaq lazımdır. Təəssüf ki, bu istiqamətdə işlər ya çox ləng aparılır, ya da ümumiyyətlə aparılmır. Mən insanların sadəcə ailələrini saxlamaq üçün pul qazanmasını deyil, eyni zamanda Rusiyanın ictimai-siyasi həyatında iştirak etməsini istəyirəm. Mənim hədəfim budur.
"Gürcüstan rəhbərliyi Azərbaycanın onlara uzatdığı əli unuda bilməz"Azərbaycan həmişə ən çətin anlarda belə Gürcüstanın yanında olub.

Xəbər verildiyi kimi Gürcüstan Prezidenti Salome Zurabişvilinin Azərbaycana rəsmi səfəri səmərəli keçdi. Onun Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərlə, Qax rayonunda gürcü icması ilə görüşləri çox yaddaqalan oldu. Xanım siyasətçi Bakıda mətbuata verdiyi bəyanatı zamanı bildirdi ki, Azərbaycanla Gürcüstan yaxın qonşular kimi tarixi bir yol keçib və o tarix də hər iki xalqı birləşdirir.

O, son əsrlər ərzində Azərbaycanla Gürcüstanın birlikdə faciələrdən keçdiyini də vurğuladı: “Ancaq yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik”.

Mövzunu politoloq Rufiz Qonaqovla davam etdirdik. AzNews.az onunla müsahibəsi sizə təqdim edir:

- Rufiz bəy, hazırda Azərbaycan-Gürcüstan əlaqələri nə yerdədir?

- Bildiyiniz kimi Azərbaycan həmişə özünün qonşuları ilə Ermənistan istisna olmaqla dostluq, mehribanlıq və qardaşlıq şəraitində yaşayıb. O cümlədən qonşu Gürcüstanla Azərbaycanın əlaqələri ən yüksək səviyyədə olub. Bu əlaqələr həm ikitərəfli, həm də layihələr çərçivəsində çoxtərəfli formada inkişaf edir. Gürcüstan Qafqazın üç ölkəsindən biridir. Hələ Eduard Şevardnadze hakimiyyətdə olanda onların ən ağır günlərində Azərbaycan Gürcüstana müxtəlif səviyyələrdə yardım edib. Sözsüz ki, bu gün də bu münasibətlər davam edir. Gürcüstanda hansı iqtidarın hakimiyyətdə olub-olmamasından asılı olmayaraq Azərbaycan hakimiyyəti həmişə gürcü xalqı ilə dostluq və mehribanlıq şəraitində yaşayıb.

- Gürcüstanın yeni prezidentinin regionda ilk səfərini Azərbaycana etməsi nəyin göstəricisidir?

- Biz bilirik ki, Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Təqribən yarım milyon. Soydaşlarımızla bağlı həmişə Azərbaycan gürcü xalqı ilə mehribanlıq şəraitində yaşamağın tərəfdarı olub. Sözsüz ki, onlar Gürcüstanda olan soydaşlarımıza da vaxtaşırı öz köməkliklərini ediblər. Gürcüstanın yeni seçilmiş prezidentinin regionda ilk səfəri Azərbaycana idi. Bu səfər çərçivəsində cənab prezident İlham Əliyevlə, birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdü. Eyni zamanda indi Gürcüstan prezidenti Qax rayonuna gedib və “El Resort” otelinin Konfrans Mərkəzində rayonun gürcü icması ilə görüşüb. Bu isə əməkdaşlığın daha da möhkəmlənməsi, artan xətt üzrə inkişaf etdiyini göstərir. Sözsüz ki, həmişə müxtəlif qüvvələr, Ermənistan çalışıb ki, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirsin. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Azərbaycan ilk növbədə özünün qonşuları ilə mehribanlığın, dostluğun tərəfdarı olub.

- Azərbaycan-Gürcüstan arasındakı iqtisadi-ticarət əlaqələrini necə şərh edərdiniz?

- Məlumdur ki, Gürcüstan iqtisadiyyatının müəyyən hissəsi Azərbaycanla bağlıdır. Azərbaycan enerji ölkəsidir, hal-hazırda böyük nəqliyyat dəhlizi olan ölkəyə çevrilib. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ölkədir. Məhz bu baxımdan Gürcüstan Azərbaycanla hər zaman əlaqələrə üstünlük verib. Azərbaycan da öz qonşularından bunu heç vaxt əsirgəməyib. Bu baxımdan düşünürəm ki, bu səfər çərçivəsində yeni gürcü hökuməti ilə Azərbaycan dövləti arasında münasibətlər daha da yaxşılaşacaq.

- Bu əlaqələrə xələl gətirməyə çalışan qüvvələrin olduğu da aşkardır. Bu barədə düşüncələriniz nələrdir?

- Təəssüflər olsun ki, gürcü və Azərbaycan xalqlarının dostluğuna xələl gətirmək istəyənlər olub. Ancaq onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyiblər. Bundan sonra da ola bilməzlər. Azərbyacan multikultural ölkədir. Sözsüz ki, bizim xalqlarımız illər boyu dostluq şəraitində yaşayıblar. Bundan sonra da inana bilmərəm ki, nə Gürcüstan, nə də Azərbaycan tərəfdən kimsə bu dostluğun pozulmasına imkan versin. Ermənipərəst dairələr, ayrı-ayrı şovinist dairələr, xüsusilə Ermənistan bu mövzuda maraqlı olub ki, Azərbaycan-Gürcüstan münasibətləri pozulsun. Bunun əksi olub, çünki Azərbaycanın həm bölgədə, həm də dünyada yürütdüyü siyasət, eyni zamanda Gürcüstan rəhbərliyi Azərbaycanın onlara uzatdığı əli unuda bilməz. Çünki Azərbaycan həmişə ən çətin anlarda belə Gürcüstanın yanında olub.

- Gürcüstan prezidenti səfəri çərçivəsində “ölkələrimiz işğalla yaşayır” ifadəsini işlədib. Aydındır ki, bu faciələrin əsası keçmiş SSRİ-nin süqutunun son dövrlərində qoyuldu. Fikrinizcə, bu faciələr bir-birinə oxşardırmı?

- Əlbəttə, oxşar cəhətləri var. Gürcüstanda da əfsuslar olsun ki, bənzər problemlər mövcuddur. Azərbaycan da qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Ərazilərimizin 20%-i düşmən tapdağı altındadır. Bu baxımdan müəyyən oxşar cəhətlər var. Sözsüz ki, bu cəhətlər bir daha onu deməyə əsas verir ki, həm Azərbaycan, həm də gürcü xalqı bundan sonra öz dövlətlərini daha da gücləndirməlidirlər. Bu istiqamətdə də Azərbaycan dövləti öz uğurlarını Ermənistan istisna olmaqla, qonşuları ilə də paylaşıb. Boru kəmərləri, nəqliyyat dəhlizləri, bundan sonra keçiriləcək digər layihələrdə Gürcüstan, Rusiya, Türkiyə, İran və digər Xəzəryanı ölkələrin də maraqları nəzərə alınıb.

- Azərbaycan-Gürcüstan arasında olan ikitərəfli əməkdaşlıq Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əsasda da davam edir. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, çox maraqlı sualdır. Bununla bağlı onu deyə bilərəm ki, həqiqətən də bu formatın özü bir daha onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi layihələrdə və onları həyata keçirməklə də diplomatik və siyasi sahədə həm Gürcüstan, həm də Türkiyə ilə müxtəlif istiqamətlər üzrə xalqların milli maraqlarına söykənən layihələr həyata keçirir. Bu da hər üç ölkənin iqtisadiyyatına böyük gəlir gətirmiş olur və bu üçlüyün özü strateji baxımdan çox önəmlidir. Bu formatlar zaman-zaman ölkələrin regionda sülhün bərpası, əməkdaşlığın, iqtisadiyyatın, sənayenin, diplomatiyanın və digər sahələrin inkişafına xidmət edən formatlardır.
Həmin dövrdə İranın Ermənistana dəstəyi və yardımı olmasaydı...Analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Ermənistan və İran arasında genişlənən münasibətlərə Tehrana sərt sanksiyalar tətbiq edən və bu barədə İrəvana xəbərdarlıq edən ABŞ-ın reaksiyası necə olacaq?

- Ermənistanın İranla əlaqələrini gücləndirməsi ABŞ-ın İrəvana münasibətində müəyyən dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər isə artıq hiss olunmaqdadır. Çünki Ermənistan-İran münasibətləri ilə bağlı məsələ Boltonun regiona səfəri zamanı da diqqətə çatdırılmışdı. Ondan öncə də ABŞ-ın ayrı-ayrı institutlarının hesabatlarında Ermənistan-İran əlaqələri ilə bağlı kifayət qədər maraqlı məqamlar yer alıb. Bütün bunların içərisində hətta zənginləşdirilməmiş uranın İrana verilməsi, həmçinin Metsamor AES-lə bağlı bəzi məqamlar vardı. Bu məlumatlara qadağan olunmuş, nüvə texnologiyasının hazırlanmasında istifadə olunan materialların İrana keçirilməsi ilə bağlı da müxtəlif faktlar daxildir. Ermənistanda hazırda 5300 İran şirkəti var. Bu, yeni hadisə deyil. Bundan öncə də İran şirkətləri aktiv şəkildə Ermənistanda bu və ya digər şəkildə iştirak edirdilər. Bunun əhəmiyyətli hissəsi ticarətlə - Ermənistana hazır qida məhsullarının gətirilməsi ilə məşğul olan, bir qismi isə Ermənistandan xammal daşıyan şirkətlərdir. Onlar xammalı əsasən də Azərbaycanın işğal altında olan torpaqlarından çıxarırlar. Daha biabırçı faktlardan biri Azərbaycan torpaqlarının işğalı prosesindən sonra bu ərazilərdəki mənzillərin hətta daşlarının belə İrana satılması və İran şirkətlərinin də bu prosesdə fəal şəkildə iştirak etməsidir. Təbii ki, bunlar çox narahatedici məqamlardır. İranın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dostluq, qardaşlıq mesajları verməsi ilə bu dediklərimiz uyğun gəlmir.

- 2018-ci il ərzində Ermənistan və İran arasında ticarət dövriyyəsi 40% artıb. İran şirkətlərinin Ermənistana ABŞ sanksiyalarından sonra bu qədər axın etməsinə səbəb nədir?

- Sanksiyalar İran şirkətlərinin Avropa bazarlarından geri çəkilməsinə səbəb olub. Onlar bizneslərini Ermənistan kimi ölkələrə, hətta Rusiya ərazilərinə köçürməyə çalışır. Aktiv şəkildə bu istiqamətdə işlər aparılır. Nəzərinizə çatdırım ki, Ermənistan iqtisadi baxımdan cazibədar ölkə sayılmır, əsasən tranzit ölkə kimi istifadə olunur. Ərazidən həm də çirkli pulların yuyulması üçün istifadə edilir. Ermənistanda bu prosesləri həyata keçirmək İran üçün çox rahatdır. Əgər Ermənistan bütün xəbərdarlıqlara baxmayaraq, İranla bu istiqamətdə əməkdaşlığını davam etdirəcəksə, bu ölkənin sanksiyalara məruz qalması üçün kifayət qədər əsaslar yaranacaq. Doğrudur, bu əsaslar artıq çoxdan var. Amma bu sanksiyaların tətbiq olunub-olunmayacağı başqa bir müzakirə mövzusudur. Çünki biz bu günə qədər Ermənistana tətbiq olunan sanksiyaları görməliydik. Təkcə İran məsələsinə görə yox, eyni zamanda Azərbaycan torpaqlarını işğal etdiyinə görə də Ermənistana sanksiya tətbiq olunmalı idi. Digər tərəfdən, bundan öncə də İrana tətbiq olunan sanksiyaların aktiv dövründə, nüvə razılaşmasından öncəki dönəmdə də Ermənistan və İran arasında ciddi ticarət əlaqələri var idi. Bir məqamı nəzərinizə çatdırım ki, Ermənistanın keçmiş prezidentləri - həm Petrosyan, həm Köçəryan Azərbaycan torpaqlarının işğalı prosesində Gümrü yolunun Ermənistan üçün “həyat yolu” olduğunu vurğulamışdı. Həmin dövrdə İranın müvafiq dəstəyi və yardımı olmasaydı, şübhəsiz ki, ermənilər Azərbaycana qarşı apardıqları müharibəni davam etdirməyə çətinlik çəkərdilər. Bu faktın özü də əslində İranın siyasətinin əsasını ortaya qoyur.

- Ermənistana qarşı sanksiyaların tətbiqi imkanlarını necə dəyərləndirərdiniz?

- Məsələ burasındadır ki, sanksiyalar çoxdan tətbiq olunmalıdır. Çünki ABŞ-ın sanksiyalar siyahısında olan xüsusilə İran İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarətindəki şirkətlərin Ermənistanda fəaliyyəti göz önündədir. Ermənistanın müvafiq şirkətləri ilə birlikdə İran şirkətlərinin ortaq müəssisələri də var. Ortaq müəssisələrin özlərinə qarşı da sanksiyalar tətbiq olunmalıdır. Amma bu olmayıb. Burada şübhəsiz ki, yenə də ikili standartlar, ABŞ-dakı erməni lobbisinin təsiri öz rolunu oynayır. Təbii ki, hətta nəinki beynəlxalq hüquq normalarına, ABŞ-ın öz maraqlarına uyğun olan məsələlərdə belə hüquqi məqamlara yanaşmada ikili standartların tətbiq olunduğunu görürük. Əgər ABŞ regiondakı maraqlarını təmin etmək istəyirsə və sanksiyaların bütün istiqamətlərdən tətbiq olunması prosesinin sadəcə simvolik xarakter daşımayacağını arzulayırsa, şübhəsiz ki, bu sanksiyalar Ermənistana şamil olunmalıdır. Amma olunacaqmı? Bu artıq müzakirə mövzusudur.