"Azərbaycan qəlbimin bir hissəsidir"İntiqam Abışov: "Harada yaşamağımızdan asılı olmayaraq hər kəs öz dilini və mədəniyyətini bilməlidir"

"Qazaxıstan hər zaman Azərbaycanın vacib tərəfdaşı olub, ikitərəfli diplomatik münasibətlər yüksək səviyyədə inkişaf edib və bu münasibətlər çərçivəsində Qazaxıstan Azərbaycanı hər zaman dəstəkləyib"

Qazaxıstanın azərbaycanlı deputatı İntiqam Abışovun "OLAYLAR"-a müsahibəsi

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmin ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyi, onların seçkili orqanlarda iştirak edib təmsil olunması barədə zaman-zaman səsləndirilən istəklər, bununla bağlı irəli sürülən təşəbbüslər artıq reallığa çevrilməkdədir. Bu gün dünyanın bir çox ölkəsində mərkəzi hakimiyyətlərdə, eləcə də qanunverici orqanlarda, parlamentlərdə təmsil olunan soydaşlarımız var ki, onlar da imkan düşdükcə həmin təyinatlı və seçkili orqanlarda Azərbaycanın haqq səsini qaldırır, ölkəmizin üzləşdikləri problemləri diqqətə çatdırırlar. Bu sırada Qazaxıstan Respublikasını da xüsusi qeyd etmək lazımdır. Məlumat üçün qeyd edək ki, hazırda Qazaxıstan Respublikasının parlamenti və yerli özünüidarəetmə orqanı sayılan maslixatda (məclis) təmsil olunan azərbaycanlılar var ki, soydaşlarımız bu imkanlardan istifadə edərək Azərbaycanın haqq səsini qazax qardaşlarımızın nəzərinə çatdırırlar. Onu da qeyd edək ki, bu kimi imkanlar həmçinin Nur-Sultan ilə Bakı arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verir. Elə Qazaxıstanın Karaqanda vilayətinin Temirtau şəhərinin maslixatının (məclis) deputatı, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin Nur Otan Partiyasının üzvü İntiqam Abışov da bu qənaətdədir. İntiqam Abışov "OLAYLAR"-a verdiyi müsahibədə hazırda Nur-Sultan ilə Bakı arasında mövcud olan münasibətlər, bu münasibətləri inkişaf etdirmək istiqamətində atılması vacib olan addımlardan da danışıb.

- İntiqam müəllim, nə vaxtdan Qazaxıstanda yaşayırsınız və Qazaxıstandan baxanda Azərbaycanı necə görürsünüz?

- Əvvəla mənə diqqət ayırdığınız üçün təşəkkürümü bildirirəm. Məlumat üçün qeyd edim ki, mən milliyətcə azərbaycanlı olsam da, Qazaxıstan Respublikasında anadan olmuşam. Qazaxıstan Respublikasının, Karaqanda vilayətinin Temirtau şəhərində dünyaya gəlmişəm. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Temirtau şəhəri, Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayevin ilk əmək fəaliyyətinə başlamış olduğu şəhərdir. Həmçinin Temirtau Qazaxıstan Respublikanın ən böyük metallurgiya zavodlarının yerləşdiyi metallurgiya şəhəri kimi tanınır. 37 yaşım var və iki ali təhsil almışam. Bunlardan biri hüquq, digəri isə iqtisadiyyatdır. Azərbaycan, rus, ingilis dillərində sərbəst danışıram. Temirtau şəhər maslixatı (məclisinin) ilk azərbaycanlı deputatı və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin rəhbəri olduğu Nur Otan Partiyasının üzvüyəm.

Qazaxıstanda yaşasam da, tez-tez Azərbaycana baş çəkirəm və daim ölkədə müsbət dəyişikliklər, inkişafın şahidi oluram. Azərbaycanın necə inkişaf etdiyini, dünya siyasi olimpində layiqli yer tutduğunu, iqtisadi və siyasi əlaqələrinin gündən-günə inkişaf etdiyini əyani şəkildə görürük. Buna Azərbaycanın Qazaxıstan Respublikası və digər dünya ölkələri ilə qurduğu yüksək səviyyəli əməkdaşlıq, qardaşlıq münasibətlərini misal göstərmək olar. Günümüzdə dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxlu sayda turistlər gəldiyinin şahidinə çevrilirik. Bu da ondan irəli gəlir ki, Azərbaycanda turistlərə göstərilən müvafiq xidmət, eləcə də qonaqpərvərlik ən yüksək səviyyədədir. Buna görə də Azərbaycan Qafqaz regionunda turistlər üçün cəlbedici ölkəyə çevrilib. Təbii ki, bütün bunlara günümüzdə Azərbaycan dövləti gənc və enerjili Prezident İlham Əliyevin gərgin əməyi, həyata keçirdiyi uğurlu siyasət nəticəsində nail olub. Bu sırada Azərbaycan və Qazaxıstanın da daxil olduğu Türk Şurası çərçivəsində qurulan yüksək səviyyəli əməkdaşlığı da qeyd etmək yerinə düşər.

- Hər nə qədər yaxşı şəraitdə yaşamasından asılı olmayaraq hər zaman insanda bir Vətən sevgisi olur, bir çox hallarda Vətən yadına düşür. Bu kimi hallarda Siz çarəni nədə görürsünüz və ümumiyyətlə Vətən həsrətini Qazaxıstanda nəylə qarşılayırsınız?

- Öncəliklə onu qeyd edim ki, Azərbaycan qəlbimin bir hissəsidir və mən onu çox sevirəm. O ki qaldı sualınıza, qeyd etməliyəm ki, milliyyətcə azərbaycanlı olduğum üçün Azərbaycanla çox sıx, geniş münasibətlərim var. Azərbaycanda kifayət qədər qohumlarım və dostlarım var. Onu da qeyd etmək istəyirəm ki, Qazaxıstan çoxmillətli bir ölkədir və Qazaxıstanda Azərbaycanın müxtəlif bölgələrindən olan çox sayda azərbaycanlı yaşayır. İmkan düşdükcə ailəmlə birlikdə Azərbaycana gedirəm. Adətən Bakı, Sumqayıt, Biləsuvar və Naftalanda oluruq. Anam və həyat yoldaşımın müntəzəm olaraq hazırladıqları Azərbaycanın ləzzətli yeməkləri bizə milli mətbəximizi unutmamaq üçün fürsət verir. Onu da qeyd edim ki, evdə, ailəmizdə bir qayda olaraq Azərbaycan dilində danışırıq. Hesab edirəm ki, harada yaşadığımızdan asılı olmayaraq hər kəs öz dilini və mədəniyyətini bilməlidir.

- Bildiyimiz qədər siz Qazaxıstanın yerli özünü idarəetmə orqanının deputatısınız. Ümumiyyətlə, Qazaxıstanda siyasi fəaliyyətlə məşğul olmaq nə dərəcədə çətin və ya asandır?

- Bəli, sizin də qeyd etdiyiniz kimi mən Temirtau şəhər məclisinin deputatıyam. Sözügedən şəhərin deputatı olaraq, əsasən mənim vəzifəm, şəhər icra hakimiyyəti ilə birlikdə şəhər əhalisinin bu və ya digər məsələlərini həll etmək və onlara problemlərinin həllində kömək göstərməkdir. Bir sözlə şəhər sakinlərinin yaşayış şəraitindən məmnun olması üçün hər şeyi etmək lazımdır. Həmkarlarımın da hər birinin bölündüyü öz rayonlar var. Bir qayda olaraq qəbul günlərində vətəndaşları qəbul etdiyimiz zaman onların problemlərini həll etməyə, onlara mümkün qədər kömək göstərməyə çalışırıq. Müraciətlər, sakinlərin üzləşdiyi problemlər isə fərqlidir. Bu sıraya hüquqi yardım, məsləhət, maddi, sosial və s. kimi təminatlar daxildir. Əlbəttə ki, bu kimi işlər çox vaxt və fəaliyyət tələb edir. Amma nəticə müsbətdirsə və insana kömək edə biliriksə, onda bundan ruhlanır və günün faydalı keçdiyinə əmin oluruq.

- Bir deputat kimi hazırda iki ölkə arasındakı əlaqələrin səviyyəsindən razısınızmı və bu əlaqələri hansı yollarla daha da inkişaf etdirmək mümkündür?

- Deputat olaraq hesab edirəm ki, iki ölkə arasında yüksək səviyyəli münasibətlər mövcuddur. Xəzər dənizində əməkdaşlıq, xüsusən də neft sənayesi sahəsində qarşılıqlı əlaqələr yaxşı inkişaf edir. İki ölkə arasında düzgün istiqamətdə inkişaf edən çox yaxşı iqtisadi və siyasi əlaqələr mövcuddur. Həmçinin miqrasiya sahəsində müsbət dinamika hiss edilir, artıq vətəndaşların respublikalarda vizasız qalma şərtləri asanlaşdırılıb və əvvəllər təbiq edilən zaman məhdudiyyəti bir qədər artırılıb. Qazaxıstan hər zaman Azərbaycanın vacib tərəfdaşı olub, ikitərəfli diplomatik münasibətlər yüksək səviyyədə inkişaf edib və bu münasibətlər çərçivəsində Qazaxıstan Azərbaycanı hər zaman dəstəkləyib. Hazırda da dəstəkləyir. İnanıram ki, ölkələr arasında əlaqələrin növbəti inkişaf mərhələsi Azərbaycanın Gömrük İttifaqına daxil olması ola bilər. Bu ölkələr arasında ticarət dövriyyəsini artırmaq və yeni iş yerlərinin açılmasına imkan yaradar.

İki qardaş respublika arasında turizm sahəsini də inkişaf etdirmək lazımdır. Bu gün dünyanın müxtəlif ölkələrindən, Özbəkistan, Rusiya, ərəb ölkələrindən Azərbaycanın turizm istirahət mərkəzlərinə xarici turistlərin səfər etdiklərinin şahidi oluruq. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həmin turizm istirahət mərkəzlərinə Qazaxıstandan gedən turistlərin faiz göstəricisi yüksək deyil. Ona görə də hər iki ölkənin turizm istirahət mərkəzləri ilə bağlı Azərbaycan və Qazaxıstan vətəndaşlarına daha çox məlumat vermək tələb olunur. Düşünürəm ki, azərbaycanlılar Almatı, Nur-Sultan, Burabay, Şımkent şəhərlərini bəyəndiyi kimi, qazaxlar da eyni zamanda Bakı, Masallı, Yardımlı, Şəki, Naftalanı çox bəyənəcək və həmin yerlər barədə onlarda xoş, unudulmaz təəssüratlar qalacaq.

- Astana ilə Bakı arasında əlaqələri daha da yüksək səviyyəyə qaldırmaq, bu əlaqələri inkişaf etdirmək üçün bir deputat kimi hansısa təşəbbüslər, təkliflərlə çıxış etmisinizmi?

- Deputat olaraq hər zaman iki respublika və türk xalqları arasındakı yaxınlaşmanın tərəfdarı olmuşam, bu istiqamətdə səylər göstərmişəm. Hesab edirəm ki, Nur Otan Partiyası ilə Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının daimi təmasları çərçivəsində sıx əməkdaşlığı lazımdır. Müxtəlif sahələrdə əməkdaşlıq memorandumlarının imzalanması, ortaq konfranslar və tədbirlərin keçirilməsi mümkündür. Hazırda hər iki partiyanın gənclər qanadı arasında əlaqə yaratmağa və şəhər şöbələri arasında qarşılıqlı əməkdaşlığı təşkil etməyə çalışıram. Əminəm ki, bu qarşılıqlı faydalı əməkdaşlıq olacaq.

- Yəqin, deputat olaraq Qazaxıstanda yaşayan soydaşlarımızın əsas üzləşdikləri problemlərlə maraqlanmısınız. Həmin problemlər arasında daha çox diqqət çəkən nədir?

Azərbaycan Respublikası vətəndaşlarının Qazaxıstan Respublikası ərazisindəki əsas qanun pozuntuları bunlardır. Miqrasiya qanunvericiliyinin pozulması, Qazaxıstan Respublikası ərazisində icazəsiz işləmək, qeydiyyat müddəti bitmiş sənədlər, sənədləri itirmək və s.

- Bu neçə illərdə Qazaxıstanda yəqin ki, Azərbaycan diasporu da formalaşıb, Yeri gəlmişkən bu ölkədə diasporumuzun vəziyyətini necə qiymətləndirərədiniz?

- Bu gün Qazaxıstanda fəal bir Azərbaycan diasporu var və mən özüm də bir diaspor üzvüyəm. Diasporanın tərkib hissəsi olaraq azərbaycanlılar mütəmadi olaraq Qazaxıstanda keçirilən respublika və şəhər tədbirlərində iştirak edir, Azərbaycan millətinə mənsub olan insanların problemlərini və onların həlli yollarını müzakirə edirlər. Həmçinin, diaspor vasitəsilə Azərbaycan vətəndaşları hüquq mühafizə orqanları və ədliyyə qurumları ilə qarşılıqlı əlaqə yarada bilərlər. Azərbaycan vətəndaşları ilə işləmək baxımından Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyinin fəaliyyətini, onun azərbaycanlılara dəstəyini xüsusilə vurğulamaq istəyirəm. Səfirlik hər zaman diasporun tələblərinə cavab verməyə çalışıb. Hətta lazım gələrsə, Azərbaycan vətəndaşlarına qanun çərçivəsində kömək etməyi də əsirgəməyib.

- Hər iki ölkənin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunması Astana ilə Bakı arasında münasibətlərin daha da yaxşılaşmasına hansı müsbət təsir göstərə bilər?


-Müsahibənin əvvəlində də qeyd etdiyim kimi, Azərbaycan və Qazaxıstan respublikaları arasında münasibətlər çox güclüdür və bu qarşılıqlı münasibətlər durmadan inkişaf edir. Məncə, Azərbaycanın Avrasiya İqtiisadi Birliyinə daxil olması iki ölkə arasında daha sıx əməkdaşlığa təkan verər.

Süleyman İsmayılbəyli

Qarabağın qaytarılmasını canlı yayımlayacam – İrfan SapmazAxar.az türkiyəli məşhur jurnalist və hərbi müxbir İrfan Sapmazla müsahibəni təqdim edir:

– Azərbaycanda “Avrasiya” adlı qəzetiniz fəaliyyət göstərirdi. Onun nəşri niyə dayandı?

– Təxminən 12 il Azərbaycanda qaldıq. Bizim Can Azərbaycanımız! Ən yaxşı illərimizi orada keçirdik. “Avrasiya” qəzetində işləyən azərbaycanlı dostlarımız sayəsində qəzetimiz adını ölkə tarixinə yazdırdı. Ancaq təəssüf ki, daha sonra nəşri dayandıraraq, Türkiyəyə dönmək məcburiyyətində qaldıq. Çünki maddi vəziyyətimiz qəzet çıxarmağımıza imkan vermirdi. Üzülərək Azərbaycanı tərk etdik.

– “Avrasiya” qəzetində birlikdə çalışdığınız insanlarla əlaqə saxlayırsınızmı?

– Hazırda yalnız sosial media vasitəsilə ünsiyyətdəyik. Təəssüf ki, sosial mediaya girməyə və dostlarla görüşməyə, danışmağa çox vaxtım yoxdur. Çox sayda mesaj gəlir, amma vaxt məhdudiyyətinə görə onları oxuya bilmirəm. Bəlkə, bir çox dostum cavab vermədiyim üçün məndən inciyib. Ancaq həqiqətən də yüzlərlə mesaja bir-bir cavab verməyə vaxtım yoxdur. Fürsətdən istifadə edərək, sizin vasitənizlə “Avrasiya” və “Hər gün” qəzetlərində çalışan dostlarımıza, qardaşlarımıza ən xoş arzu və salamlarımı çatdırıram.

– Sonuncu dəfə nə vaxt Azərbaycanda olmusunuz?

– 2011-ci ildə Azərbaycanı tərk etdim və qayıtmağa vaxtım olmadı. Ancaq ümid edirəm ki, bu ilin sonunda Azərbaycana gəlmək planım baş tutacaq. Çünki doğrudan da Azərbaycan üçün çox darıxmışam. Azərbaycanda baş verən hadisələri yaxından izləyirəm. Çox şeyin dəyişdiyini öyrəndim. Qismət olarsa, gəlib öz gözlərimlə görmək və köhnə xatirələrimi yad etmək istəyirəm.

– SAHA informasiya agentliyini hansı məqsədlə yaratmısınız? Türkiyədə media agentliklərinin bolluğunu nəzərə alsaq, bu agentliyi önə çıxarmağa müvəffəq ola biləcəksinizmi?

– Məqsədimiz jurnalistikaya yeni nəfəs gətirməkdir. Adından da göründüyü kimi, əsl jurnalistləri meydana (türkcə: saha) çıxarıb, işlərindən yararlanmaq istəyirik. Bildiyiniz kimi, dünyanın tək-tük savaş müxbirlərindən biriyəm və öz təcrübəmi bu agentlik vasitəsilə insanlara ötürmək arzusundayam.

– Nəyə görə hərbi müxbirliyi seçdiniz?

– 1983-cü ildə Adanada jurnalistikaya başlamışam. İstanbulun məşhur və təcrübəli jurnalistləri arasında olmaq, uğur qazanmaq asan deyildi. Buna görə də hərbi müxbirliyi seçdim. 1987-ci ildə Əfqanıstana getdim. İllərlə Sovet İttifaqı ilə əfqan mücahidləri arasındakı müharibələri yaxından izlədim. Sonra Azərbaycana gəldim. Hazırda işğal altında olan Azərbaycan ərazilərindəki döyüşləri izlədim. İşğal olunmuş ərazilərinizdə ayaq basmadığım yer qalmayıb.

– Müharibələrin ağrı-acılarını görmüş biri kimi, sizcə, bu savaşları durdurmağın bir yolu varmı?

– Təəssüf ki, bu müharibələri dayandırmağın yolu yoxdur. Çünki ABŞ başda olmaqla, Rusiya, İngiltərə, Almaniya və Fransa kimi dünya nəhənglərindəki müharibə tacirləri milyard dollarlıq silahları sataraq, sərvətlərinə sərvət qatırlar. Bütün savaşlar bu cür təhrik olunur və nəticədə daha çox silah satılır. Dünyada hər zaman müharibə olacaq. Buna görə müharibə müxbiri olaraq, dünyanın ilk müharibə kanalının əsasını qoydum və www.wartv.net veb səhifəsini açdım. Onu 24 saat efirdə olan bir televiziyaya çevirməyi planlaşdırıram.

– Sizi müharibə müxbiri kimi tanıyırıq, amma şəxsi həyatınızla bağlı heç nə bilmirik. Bizə özünüz haqda danışa bilərsinizmi?

– Ən çətin şey insanın özü haqda danışmasıdır. Çünki insan həmişə özünü axtarır. Mən özümü axtarıram, böyük bir axtarış içindəyəm. Buna “sufi yolu” deyirik. İnsan özünü kənarda deyil, yalnız öz içində, öz qəlbində tapa bilər. Mən də onu ürəyimin dərinliyində axtarıram, sufi alimlər onu “Qara dəlik” adlandırır. Bu “qara dəlik”dən keçə bilsəm, istədiyim hədəfə çatacağam. Demək istəyirəm ki, böyük mənəvi sirlərə yiyələnə biləcəm. Müharibə müxbiri olaraq, dünya artıq mənim üçün əhəmiyyət kəsb etmir. Buna görə də qorxmadan müharibəyə gedirəm. Mən cəbhələrdə bombalar altında, mərmi yağışının ortasında işləməliyəm və ölüm qorxusunu dəf etməliyəm. Çünki harda olursansa-ol, ölüm gəlib səni tapacaq. Bunun üçün müharibənin içində olmaq lazım deyil. Buna görə də sufi alimlər “ölmədən öncə ölün” deyirlər. Yəni ölmədən öncə ölməyi bacarmaq lazımdır. Bu, əlbəttə ki, fiziki ölüm deyil, mənəvi ölümü dadmaqdır.

– Xocalı soyqırımını dünyaya təqdim edən ilk jurnalistlərdənsiniz.

– Mən azərbaycanlı dostum Ağası Hunla Ağdamda olduğum zaman Xocalıda bir qırğın olduğunu öyrəndik və oraya gedərək, yaşananların fotoşəkillərini, videolarını çəkib, dünyaya çatdırdıq. Ancaq təəssüf ki, hələ də Xocalı soyqırımını dünyaya lazımı qədər çatdıra bilməmişik.

– Türkiyədəki media orqanları, vətəndaş cəmiyyətləri Qarabağla bağlı çox az məlumata sahibdirlər. Hətta Qarabağı erməni torpağı hesab edənlər də var. Qardaş ölkədə Azərbaycanla bağlı bu məlumatsızlığın səbəbləri nədir?

– Bu mənada həm Azərbaycan, həm də Türkiyə mediası olaraq təəssüf ki, üzərimizə düşənləri tam olaraq yerinə yetirə bilmədik. “CNN Türk”ün koordinatoru olduğum 1,5 illik müddətdə Türkiyə televiziyalarında Azərbaycan və Qarabağ xəbərlərini yayımlayırdım. Şöbə müdirlərinə tapşırmışdım ki, Azərbaycanla bağlı hər hansı bir xəbər gələrsə, mütləq mənə məlumat verib, televiziyada işıqlandırsınlar. Ancaq Türkiyə mediası olaraq, bu mövzuda tam uğur qazandığımızı deyə bilmərik.

– Müharibə müxbiri olaraq, sizin fikriniz bizim üçün maraqlıdır. Sizcə, Azərbaycan Qarabağ savaşında qalib gələ biləcəkmi?

– Müharibə müxbiri kimi yubileyimi qeyd etmək istədiyim yer, şübhəsiz ki, Qarabağdır. Qəhrəman Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin əsgərləri ilə polad dəbilqəmi geyinərək, Qarabağın qaytarılmasını canlı yayımla dünyaya çatdırmaq istəyirəm. Və bunun olacağına inanıram. Yetər ki, buna təkcə mən yox, hamımız inanaq. Azərbaycan Ordusunun əsgərlərinin böyük təlimlər keçərək, peşəkarlaşdıqları ilə bağlı məlumatlar əldə edirəm. Bir gün televiziyada Azərbaycan Ordusu haqqında böyük bir proqram və ya sənədli film çəkmək istərdim. Sizin vasitənizlə Azərbaycan Ordusunun qəhrəman əsgərlərinə salam və hörmətimi yollayıram.
Şit lətifəli səfirimiz yoxa çıxmışdı - Millət vəkiliAxar.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, NATO Parlament Assambleyasının Londonda baş tutan payız sesiyası necə keçdi?

- Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olandan sonra tərəflərin bir-birinə marağı qarşılıqlı olaraq azalıb. Hətta Londondakı səfirimiz belə ilk dəfə idi ki, gözə dəymədi. Halbuki o, Çexiyada səfir olanda NATO Parlament Assambleyasının Praqada keçirilən iclasında yanımızdan əl çəkmirdi.

- Bəlkə xəstə imiş və ya ola bilsin başqa vacib işi olub...

- O halda mən fikir bildirməzdim. Parlament Assambleyasının iclasları keçirilən zaman səfir ənənəvi qaydada əhvalı yaxşı, qabağına keçənə, daha çox özünə ləzzət edən, haradansa öyrəndiyi primitiv lətifələrdən bir-ikisini danışıb, adi iş günlərini yaşayırmış.

Assambleyada qəbul olunan hesabatlarda Gürcüstan və Ukraynadan fərqli olaraq nə bizə, nə də neytrallığını elan etmiş Moldovaya ciddi dəstək ifadə olunmur.

PA-nın iş prinsipinə gəldikdə isə əsas müzakirələr bir qayda olaraq komitələrdə keçirilir. Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində Məlahət xanım çox fəal iştirak etdi. Mən isə Siyasi Komitənin iclasında iştirak etdim. Təəssüf ki, nümayəndə heyətinin digər üç üzvü Londona səfər edə bilmədiyindən biz digər üç komitədə keçirilən müzakirələrə qatıla bilmədik. Müzakirələrinə mənim də qatıldığım əsas məsələlər isə Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Şimali Afrika ilə bağlı idi. NATO Parlament Assambleyasının nə qədər ciddi siyasi institutut olması barədə nəsə demək artıqdır. Biz o cür yüksək tribunalardan ünvanımıza yönələn ittihamlara cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün maksimum dərəcədə faydalanmalıyıq.

- Qüdrət bəy “fit müxalifəti”nə Lökbatanda mitinq keçirilməsi üçün yer ayrılsa da onlar icazəsiz aksiya keçirəcəklərini bəyan ediblər.Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

- Prezidentin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb. Mitinqin təşkilatçıları da bunu görür, xalqın onlara dəstək verməyəcəyindən əmin olduqları üçün Lökbatana getməkdən imtina edirlər. Özünüz fikirləşin, 10 minlərlə insan onların çağırışına cavab verib Lökbatana getmək üçün Azneftin, yaxud FHN-nin qarşısındakı dayanacaqlara toplanıb avtobus gözləsə, avtobus olmasa piyada Lökbatana yürüş etsə daha effektli olmazmı? O zaman iqtidar bunun qarşısını alarsa haqlı olaraq həm cəmiyyətin, həm beynəlxalq birliyin ciddi təpkisi ilə üzləşər. Çünki Lökbatana yol iki istiqamətdən mümkündür. Yoxsa icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq daha effektli olar? Aksiyaya icazə verilməsəydi, bu başqa məsələ. Mənə elə gəlir ki,onlar icazəsiz aksiya keçirməklə özlərinin “payız kampaniyası”nı hələ başlamamış yekunlaşdıracaqlar. İndiyədək bu tipli qərarları çox olub.

Mən üzümü narazı insanlara tutub deyirəm ki, kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Onlara elə məqamda elə tapşırıqlar veriləcək ki, böyük xəyal qırıqlığına uğrayacaq, siyasi proseslərdən uzun müddətə uzaqlaşacaqsınız. Rüstəm İbrahimbəyovun prezidentliyi məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmdə fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız mərhumiyyətlərlə üz-üzə qoyub kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın.
Rusiya türk ordusuna dəstək verə bilər – Mühüm gəlişməAxar.az rus politoloq və tarixçi Oleq Kuznetsovla müsahibəni təqdim edir:

– Türkiyənin Suriyanın şimalında başlatdığı əməliyyatlara Rusiyadan baxış necədir? Ümumi mənzərəni necə təsvir edərdiniz?

– Mən bir şeydən əminəm ki, Kreml bu əməliyyatda maraqlı deyil və bütün təmas xətlərindəki rəsmi nümayəndələrinə - siyasi, diplomatik, hərbi - bu məsələdə həddən artıq ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib. Yəni bu ifadələri rus kargüzarlıq-bürokratik dilindən rus danışıq dilinə tərcümə etsəniz, məlum olur ki, Rusiyanın siyasi elitası Türkiyə Silahlı Qüvvələrinin bu hərbi əməliyyatı ilə tanışdır və bu məsələdə Ankaraya xas olan entuziazmı bölüşmürlər. Suriyadakı hərbi gərginliyin artdığı açıq şəkildə ortadadır, bu, ölkədəki rus qoşunları qrupunu narahat etməyə bilməz. Lakin yeni başlayan hərbi əməliyyatlar zonası coğrafi cəhətdən rus bazalarından və Suriyadakı rus hərbçilərinin məsuliyyət bölgələrindən uzaq olduğundan, Moskva tərəfindən heç bir etiraz yoxdur. Buna görə də Moskva rəsmi Ankaranı təmkinli olmağa çağırır, düzü, Rusiya vəziyyətə birbaşa təsir etmək üçün real imkanı olmadıqda həmişə belə davranır.

– Astana formatı çərçivəsində Türkiyəylə Suriya məsələsində aktiv əməkdaşlıq edən Rusiyanın bu əməliyyatda Ankaraya dəstəyi nə qədər realdır?

– Suriyadakı rus hərbi qruplarının bu əməliyyatın aparılmasında türk qoşunlarına birbaşa hərbi və ya hərbi-texniki yardım göstərməyəcəyindən əminəm. Lakin Suriyanın şimalındakı beynəlxalq terrorçularla əlaqəli kəşfiyyat məlumatlarının mübadiləsi gözləniləndir. Bunun xüsusilə də ABŞ-ın ənənəvi olaraq dəstəklədiyi ərazilərin tamamilə təmizlənəcəyi günə qədər davam edəcəyini istisna etmirəm. Çünki bu, həm Rusiya, həm də Türkiyə hərbçilərinin əsas məqsədidir. Rəsmi Ankara Moskvanın tammiqyaslı siyasi dəstəyini yalnız o zaman ala bilər ki, əməliyyatı həyata keçirərkən əvvəlcədən elan edilmiş parametrlərdən kənara çıxmasın və elan edilmiş hədəflərinə çatsın. Bütün başqa hallarda, Rusiyada deyildiyi kimi, “müxtəlif variantlar” mümkündür.

– Bu əməliyyatın müddətini və nəticələrini necə proqnozlaşdırırsınız?

– Bununla bağlı hər hansı bir proqnoz verməkdən çəkinirəm, çünki müharibə çox mürəkkəb bir məsələdir və əməliyyatlar teatrındakı vəziyyəti dəqiq bilmədən nəsə deməyin düzgün olmadığını düşünürəm. Hazırda döyüşən tərəflərin hərbi-texniki tarazlığını, əməliyyatın miqyasına və vaxtına təbii və iqlim amillərinin təsirini dəqiq şəkildə qiymətləndirə bilmirəm. Ancaq birmənalı olaraq bir şeyi deyə bilərəm - Türkiyə hərbi qüvvələri əməliyyat ərazisini çox yaxşı tanıyır, çünki onunla həmsərhəddir, türk qoşunları məhz belə şəraitdə hərbi əməliyyatlar keçirməyə hazırlaşdırılıb, bu əməliyyata hazırlıqlar bir ay deyil, bəlkə də bir ildən çox aparılıb. Buna görə də düşünürəm ki, Türkiyə hərbi komandanlığı bütün mümkün riskləri, döyüşlərdə iştirak edən qoşunların ehtiyaclarını, resurslarını, döyüş sursatları, hadisələrin inkişafı üçün müxtəlif ssenariləri əvvəlcədən hesablayıb, öz hücumlarına və düşməninin reaksiyasına uyğun əvvəlcədən tədbirlər görüb, bir sözlə, müharibəyə tam hazır vəziyyətdədir. Maksimum nəticəni ən qısa zamanda görmək istərdim, amma müharibədə həmişə belə olmur.
Abxaziyada erməni batalyonları döyüşüb: Gürcü politoloqGürcüstan Ermənistanın ərazi iddialarından ehtiyat etməlidir. Ermənistanın gözlədiiyi Gürcüstan və Rusiya arasında konfliktin qızışmasıdır. O, Samçxe-Cavaxetini etnik olaraq, Abxaziyanı isə hələlik iqtisadi cəhətdən ələ keçirib. Amma Abxaziyanı etnik cəhətdən də ələ keçirmək üzrədir. Orada digər xalqları və ilk növbədə abxazların özlərini sıxışdıracaq yeni mərhələ başlayır. Bu gün Gürcüstan Abxaziyada olmasa belə, bu proseslərə laqeyd qala bilməz.

Bu barədə ötən gün Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev sosial şəbəkələrdə yazıb.

Vəziyyət nə dərəcədə ciddidir, Gürcüstan təhlükə üçün nə dərəcədə əsas olduğunu düşünür?

Media.Az bunları gürcü politoloq Georgi Mdivani ilə müzakirə edib:

- Gürcüstan hökuməti hər zaman xalqın və dövlətin maraqlarından çıxış etməlidir. Və hər zaman unutduğumuz reallıqları artıq nəzərə almalıyıq. Cavaxetiyaya gəlincə, təbii ki, orada erməni icması mövcuddur. Bu bölgənin sakinləri, təəssüf ki, gürcü dilində yaxşı danışmır. Lakin tarixən Gürcüstan həmişə tolerant ölkə olub.

Bunu ən azı gürcü kilsəsinin, məscidin, sinaqoqun və erməni kilsəsinin eyni küçədə olması sübut edir. Heç bir münaqişə Gürcüstanın maraqlarına uyğun deyil. Biz bütün problemləri yalnız sülh yolu ilə həll etməliyik. Həm Osetiyada (Sxinvali regionu), həm də Abxaziyada Gürcüstanın bir hissəsi olmaq istəyi yaranmalıdır.

Ancaq Abxaziyaya gəlincə, təbii ki, orada erməni batalyonları döyüşüb. Bu heç kimə sirr deyil ki, çeçenlər də bir vaxtlar burada vuruşub. Lakin Şimali Qafqazın nümayəndələri olan inquşlar heç vaxt gürcülərlə döyüşməyib. Sovet dövründə inquşlar Qazaxıstana sürgün edildi. Onlar sonralar gürcülərin məskunlaşdığı və qoyub getdikləri hər şeyin qayğısına qaldıqları evlərini tərk etdilər. İnquşlar geri döndükdə isə gürcülər onların evlərini təhlükəsiz və sağlam bir şəkildə təhvil verdilər.

İndi Ermənistan haqqında danışaq. Hər ölkə kimi, onun da öz maraqları var. Ancaq Tbilisi əvvəldə də qeyd etdiyim kimi, dövlət maraqlarından çıxış etməlidir.

- Cavaxetiyada separatizm cəhdləri ilə nə etmək olar? Əgər onlar Gürcüstan hakimiyyətinə qarşı açıq olsa, nə olacaq?

- Gürcüstan mümkün qədər şəffaf, rasional və emosiyasız hərəkət etməlidir. Amma hər şeydən əvvəl separatçı ab-havanın təzahürü üçün heç kimə bəhanə verilməməlidir. Ən əsası, xarici qüvvələrin daxili işlərimizə qarışmasına imkan verməməliyik.

- Ermənistanı Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətləri çox narahat edir. Bizim birgə hərbi təlimlərimiz aparılır. 16 oktyabrda isə Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirlərinin görüşü keçiriləcək. Bir çox erməni analitiklər Ankara, Tbilisi və Bakı arasındakı yaxın münasibətləri Ermənistana qarşı bir növ “üçlü ittifaq” kimi qiymətləndirir...

- Erməni politoloqlar bu cür açıqlamalar verəndə faciəvi olmur. Ancaq belə ifadələrin Ermənistanın yüksək rəhbərlik nümayəndələrinin ağzından eşitmək istəməzdim. Biz qonşularla və xüsusən də Azərbaycanla dostuq. Tbilisi ilə Bakı arasında yaxın iqtisadi əlaqələr var və bu, bizim seçimimizdir. Odur ki, heç kimin bizim işimizə qarışmaq hüququ yoxdur.

- Bu arada, Paşinyanın “Mənim addımım” fraksiyasından olan deputatı Şirak Torosyan ötən günlərdə ən ciddi problemlərdən birinin Gürcüstandakı türk təsirinin artması olduğunu bildirib. Mən onun sitatını xatırlatmaq istəyirəm: “Gürcüstanda türk sərmayələri fonunda anti-erməni mövqeyini formalaşdıra biləcək müəyyən təbəqə və qüvvələr meydana gəlib...”

- Onların bu vəziyyətin hakimiyyəti narahat etdiyindən artıq nəsə söyləmək hüququ yoxdur. İcazə verin xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və Yerevanın EAEU ilə əlaqələri yalnız Gürcüstan vasitəsilə mövcuddur. Ermənistanın Gürcüstanla az-çox normal münasibətləri var. Düşünmürəm ki, Yerevan münasibətlərin mənfiyə doğru getməsindən qazanclı çıxar.
Qüdrət Həsənquliyev: “Hər dəyişiklik bir ümiddir”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibə verib.
Avrasiya.net müsahibəni təqdim edir:

- Qüdrət bəy, Baş nazirin dəyişdirilməsinə münasibətinizi bilmək istərdik.

- Hər dəyişiklik bir ümiddir. Ona görə də kadrların yerlərinin dəyişdirilməsi və əvəz olunması mütəmadi olmalıdır. Məsələnin müsbət tərəfi həm də ondan ibarətdir ki, hər kəs başa düşdü ki, o təşəbbüskar olub müsbət dəyişikliklərə yol aça bilməsə və etimadı doğrultmasa işlədiyi müddətdən asılı olmayaraq dəyişdirilə bilər. Əli Əsədovun təyinatına gəldikdə O peşəkar iqtisadçı olması ilə yanaşı onu yaxından tanıyanlar tərəfindən işgüzar və müsbət bir insan kimi xarakterizə olunur. İlham Əliyev istisna olmaqla - o çox qısa zamanda kəsiyində baş nazir olub - müstəqillik illərində baş nazir təyin olunmuş insanlar arasında düşünürəm ki, Əli Əsədov ən uğurlusu olacaq. Əli Əsədova müəyyən fəaliyyət azadlığı verilsə o qeyri-neft sektorunun inkişafına öz töhfəsini verə bilər. Amma mən ümumən Nazirlər Kabinetinin ləğv olunmasının tərəfdarıyam.

- Qüdrət bəy, İstanbulda keçirilən konfrans barədə nə deyə bilərsiniz?

- Konfrans NATO-nun 70, Sülh Naminə Tərəfdaşlıq proqramının 25 illiyinə həsr olunmuşdu. Mən də çıxış etdim. NATO üzvü olan dünyanın aparıcı ölkələrinin Azərbaycanın torpaqlarının işğalına, Xocalı soyqırımına, BMT TŞ-nin torpaqlarımızın qeyd-şərtsiz azad olunmasına dair qətnamələrinin icra olunmamasına dair ədalətsiz mövqelərini kəskin tənqid etdim, bunun erməni diasporasının Qərb siyasətçilərini ələ alması səbəbindən, həm də bizim müsəlman ölkəsi olmamızdan qanaqlandığını vurğuladım. Qərbin Azərbaycana bu münasibətinin onun təbliğ etdiyi dəyərlərə ölkəmizdə ciddi zərbə vurduğunu da söylədim. ATƏT-in Minsk Qrupunun münaqişəni həll etmək yox, onu dondurulmuş vəziyyətdə saxlamaq üçün fəaliyyət göstərdiyini qeyd etdim. Doğrudur, buna etiraz edənlər də oldu, amma fakt faktlığında qalır. Bildirdim ki, Azərbaycan nə qədər güclü orduya sahib olsa da Rusiya Azərbaycana təcəvüz edərsə bizim müqavimət imkanlarımız məhduddur. Həm birinci Qarabağ savaşı zamanı işğala məruz qalan ölkə olsaq da ABŞ-ın bizə sanksiya tətbiq etməsi, həm Krımın işğalı zamanı Ukraynanın ərazi bütövlüyünə qarant ölkələrin işğalı qorxaqcasına kənardan seyr etməsi bizi “kimsə bizə kömək edə bilər” kimi illüziyadan uzaq etmişdir. Rusiyadan çəkindiyimizdən və NATO-da bizi heç kimin gəzləmədiyinə əmin olduğumuzdan Gürcüstan və Ukraynadan fərqli olaraq NATO-ya can atmırıq və Qoşulmayanlar Hərəkatına üzv olmuşuq. Hansı ki, təşkilatın növbəti zirvə toplantısı ayın sonunda Bakıda keçiriləcək və Azərbaycan 3 il müddətinə həmin təşkilata sədrlik edəcək.
Ayaz Mütəllibov: “Allah mənim vəziyyətimə heç kəsi salmasın” - VİDEOAzərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Speys TV-nin efirində yayımlanan “Sadə həqiqətlər” verilişində nə qədər pensiya alması ilə bağlı sualı cavablandırıb.

Avrasiya.net xəbər verir ki, o, 10 min manat təqaüd aldığını bildirib:

“Mənim ailəm qürbətdə olmazın əziyyətlər çəkib. Məni Moskvada azərbaycanlılar əlimdə çanta çörək dalınca getdiyimi görəndə, Ayaz müəllim bu sizsiniz?- deyə təəccüblənirdilər. Deyirdim mənəm. Əvəz-əvəz olmamalı idi. Günahım varsa, onu mənim üzümə deyin, razılaşıb –razılaşmamaq mənim işimdir. Sizin də işiniz ona qiymət verməkdir. Allah mənim vəziyyətimə heç kəsi salmasın”.
ABŞ “Bütöv Azərbaycan”ı müzakirə edir - Sensasion şərhBeynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Prezidentin eks-köməkçisi, politoloq Eldar Namazovun Axar.az-a müsahibəsi:

- Elmar Məmmədyarovun BMT Baş Assambleyasındakı məşhur çıxışı diqqət çəkdi. Məmmədyarov son 1 il ərzində Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda pozitiv inkişafın olmamasını vurğuladı. Azərbaycan XİN bu bəyanatı hansı zərurətdən verməli oldu?

- Azərbaycan Xarici İşlər nazirinin son açıqlaması onun bundan öncə verdiyi açıqlamalardan fərqlənir. Birincisi, ondan başlayaq ki, bu məsələyə verilən qiymət tamamilə obyektivdir. Həqiqətən, danışıqlar heç bir nəticə vermir, heç bir irəliləyiş yoxdur, baş verənlərin günahı Ermənistan rəhbərliyinin üzərinə düşür və BMT-nin Nizamnaməsinə uyğun olaraq, Azərbaycan işğalçını öz ərazilərindən çıxarmaq haqqına sahibdir. Nazirin açıqlamasının məğzi bundan ibarət idi və bu, tamamilə dəqiq, eləcə də obyektiv açıqlamadır. Problem ondadır ki, yaranmış durumu artıq uzun zamandır hamı görür. Bu haqda mən də, Qarabağ məsələsində ixtisaslaşan başqa ekspertlər də daimi xəbərdarlıq edirdik. Vəziyyət o yerə çatmışdı ki, bu haqda artıq xarici diplomatlar, xarici ekspertlər də bəyanatlar verməyə başlayırdılar. Təəssüf ki, xarici işlər nazirimiz bu həqiqəti çox gec dilə gətirdi.

Faktiki olaraq biz bir il müddətində imkan verdik ki, Ermənistan hakimiyyəti bu danışıqlarda iştirak etmək görüntüsü yaratsın. Ermənistan XİN başçısı ilə hər görüşdən sonra pozitiv açıqlamalar verməklə biz imkan verdik ki, Ermənistan rəhbərliyinin dünya ictimaiyyəti qarşısında hərəkətlərinin normal olması, proseslərdə iştirak etməsi təsəvvürü formalaşsın. Halbuki onların bütün addımları sülh prosesini pozmağa və Azərbaycana qarşı təcavüzü leqallaşdırmağa yönəlmişdi. Gec də olsa, bu rəsmi şəkildə dilə gətirildi və bu çox yaxşı haldır, amma eyni zamanda, “bundan sonra necə olacaq” sualını da meydana gətirir. Yəni E.Məmmədyarov yenə Ermənistan xarici işlər naziriylə hansısa görüşə dəvət alaraq, görüşüb heç nə olmamış kimi prosesi davam etdirmək fikrindədir, yoxsa hansısa yeni yanaşma ortaya qoymaq lazımdır?

- Maraqlı məqam odur ki, Ermənistan hakimiyyəti Qarabağla bağlı getdikcə daha sərt mövqe sərgiləməyə başlayır...

- Mən yeni yanaşmanın ortaya qoyulması zərurəti ilə bağlı mətbuatda dəfələrlə çıxış etmişəm. O cümlədən Ermənistanın yeni hakimiyyətindən Qarabağın həlliylə bağlı müsbət addım gözləməyin sadəlövhlük olduğunu vurğulamışam. Paşinyan hakimiyyəti çox ciddi daxili və xarici təzyiq altındadır. Ona qarşı istifadə olunan təzyiq rıçaqlarından biri də Qarabağ məsələsidir. Paşinyanı həmçinin Ter-Petrosyana yaxın olmaqda, eləcə də onun komandasında Petrosyanın bəzi adamlarına yer verməkdə ittiham edirlər. Paşinyan bu təzyiqlər altında hətta Serj Sərkisyan və Robert Köçəryandan da daha sərt mövqelər ortaya qoymağa başladı. Köçəryanla Sərkisyan “Qarabağ məsələsi artıq həllini tapıb, Qarabağ Ermənistan ərazisidir. Nöqtə” demirdi. Əvvəlki hakimiyyətlər Azərbaycanla danışıqlara getməyəcəklərini, danışıqların Qarabağla Azərbaycan aparılması gərəkdiyini iddia etmirdi. Yəni hazırda Paşinyanın mövqeyi əvvəlki hakimiyyətlərdən fərqli olaraq daha sərt və zəifdir. Bunun isə səbəbi odur ki, Paşinyanın hələ də güclü dayaqları yoxdur.

- Onda belə çıxır güclü dayaqlar olmadıqca Qarabağda güzəştlər ehtimalı da azalır?

- Paşinyanın hakimiyyətə gəlməsinin özü belə bir neçə təsadüflərin üst-üstə düşməsiylə bağlı oldu. Həmin dövrdə Ermənistandakı hakimiyyətin daxilindəki iki qrup bir-biriylə şiddətli mübarizə aparırdı. Serj Sərkisyan vaxtıyla elan etmişdi ki, o, yeni Konstitusiya islahatları həyata keçirəcək, Prezidentin səlahiyyətləri baş nazirə veriləcək və onun özü isə Baş nazir olmayacaq. O zaman hamı şübhələnirdi ki, Sərkisyan üçüncü dəfə prezident seçilmək şansı olmadığı üçün Baş nazir olmaqla Ermənistanı idarə etməyə davam etmək istəyir. Serj Sərkisyan o islahatları elan edəndə özünün Baş nazir olmayacağını təkcə öz ictimaiyyətinə deməmişdi, o, Moskva ilə danışıqlarda da bu mövqedən çıxış edirdi. Onun bu mövqeyindən sonra Rusiya tərəfi Sərkisyanı əvəz edə biləcək yeni fiqur üzərində çalışmağa başladı. Bu işdə də onlar “Qazprom”da çalışan Karen Karapetyanın üzərində dayandılar. Nəticədə Karapetyan Ermənistana geri döndü, onu Baş nazirin müavini təyin etdilər ki, növbəti addımda o, Baş nazir kimi ölkəyə rəhbərlik etsin. Proses artıq başa çatmaq üzrə olanda Sərkisyan qəflətən fikrini dəyişdiyini elan etdi. Təbii ki, bununla hakimiyyətin daxilində parçalanma yarandı, eyni zamanda, Moskva da bunu gözləmirdi və öz adamının “havadan asılı qalmasından” narazı idi. Bu zaman hakimiyyətin daxilində qarşıdurma yarandı. Hakimiyyətin daxilində iki qüvvə bir-biriylə vuruşanda hər zaman üçüncü qüvvə qalib gəlir. Bu, siyasətin qanunudur. Ermənistanda da bu cür oldu. Paşinyanın hakimiyyətə gəlməsi onunla bağlı idi ki, onun zəif və elə də böyük olmayan siyasi gücünə Sərkisyanı Baş nazir postundan yıxmaq üçün ilkin mərhələdə Karapetyan dəstək verirdi. Buna nail olduqdan, Karapetyanın baş nazir postunu bir neçə günlük ələ keçirməsindən, Putinin ona zəng edərək ölkənin gələcəyi barədə danışmasından sonra bu dəfə də Serj Sərkisyanın komandası Paşinyana dəstək verdi ki, Karapetyanı yıxsınlar. Bu iki böyük qüvvənin savaşının nəticəsində üçüncü tərəf olan Paşinyan gözlənilmədən hakimiyyətə gəldi.

Onun bu hakimiyyətdə möhkəmlənməsi üçün nə komandası, nə hansısa proqramları, nə bu proqramları həyata keçirə biləcək mütəxəssisləri, nə də xarici dəstəyi var idi. Moskva da, Avropa da, ABŞ da Paşinyanın hakimiyyətə gələcəyini gözləmirdi. İndi bu zəif durumda Paşinyan hökumətinin yeganə məqsədi öz hakimiyyətini qorumaqdır. Belə bir halda o, Qarabağla bağlı hansı güzəştlərə gedə bilər? İşğal olunmuş ərazilərin hansını qaytara bilər?

- Belə çıxır ki, biz Paşinyanın Qarabağ mövqeyini 1 il boyunca gözləməməli idik?

- Ona görə də deyirdim ki, bizim yanaşmamız tamam fərqli olmalıdır. Birincisi, yeni hakimiyyətdən Qarabağ məsələsiylə bağlı heç bir kompromis gözləyə bilmərik, əksinə, bu hakimiyyət daha sərt mövqedən çıxış edəcək. İkinci proqnozum ondan ibarət idi ki, bu hakimiyyət zəifləyəcək. Bu işdə köhnə hakimiyyətin nümayəndələri də, Moskva da, Paşinyanın komandasındakı adamların buraxdığı səhvlər də rol oynayacaq. Böyük səslə qalibiyyət mühüm deyil, qısa müddətdə bu əhval-ruhiyyə dəyişəcək və Qarabağ klanıyla yeni hakimiyyət arasında qarşıdurma şiddətlənəcək. Azərbaycan isə bu vəziyyətdən istifadə etməli, həm Moskva, həm Qərblə işləməli, danışıqları erməni tərəfi pozanda hərəkətə keçib, işğaldakı torpaqlarımızı azad etməlidir.

Biz isə Paşinyan hakimiyyətinə vaxt verdik. İl yarım gözlədik və nəticədə vaxt itirdik. Ermənistanı təkləmək, Qarabağ siyasətiylə bağlı onları təcrid etmək, onları BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən ölkə kimi, artıq Qarabağı özünə birləşdirdiyini elan edən təcavüzkar ölkə kimi tanıtmaq və digər işləri ən yüksək təbliğat səviyyəsinə qaldırmalı idik. Yəni Elmar Məmmədyarov bu sərt mövqeyini bir il əvvəl ortaya qoymalı idi.

- Və gec də olsa, bu mövqe ortaya qoyuldu... İndi istiqamət necə olacaq?

- İndi əsas məsələ odur ki, Qarabağla bağlı yeni strategiyanı ortaya qoyaq. Əvvəla, bu məsələyə institusional yanaşmaq lazımdır. Bu strategiyanı həyata keçirmək üçün bizə həm ordu, həm diplomatiya, həm güclü informasiya strukturu lazımdır. Bunları uzlaşdırmaq və koordinasiya etmək üçün dövlət qurumu olmalıdır. Bu sahəylə bağlı mən müxtəlif təkliflər vermişəm. Bu institusional mexanizmləri yaradandan sonra biz yeni strategiyaya keçə bilərik.

- Bəlkə biz Qarabağ konfliktinə baxışımızı dəyişməliyik?

- Mən dəfələrlə demişəm ki, biz bu məsələyə artıq Qarabağ məsələsi kimi baxmalı deyilik. Vaxtı ilə Azərbaycana qarşı çox böyük ərazi iddiaları olub və bizi bir neçə dəfə böyük güzəştlərə getməyə məcbur ediblər. Bizim qədim torpağımız olan İrəvan xanlığı ermənilərə veriləndə Azərbaycan şərtlər qoymuşdu ki, Azərbaycana qarşı heç bir ərazi iddiası olmayacaq. Zəngəzur məsələsi də müzakirə olunanda bizə təzyiqlər etdilər ki, bu ərazi Ermənistana birləşsin və orada da onların başqa torpaqlarımıza iddia etməyəcəklərinə dair öhdəlikləri var idi. Bizim mövqeyimiz həm tarixi həqiqətlərə söykənməli, həm də bugünkü geosiyasi reallıqlarla uzlaşmalıdır. Biz açıq deməliyik ki, ermənilərlə bizlə əvvəldən əldə edilən bütün razılıqların hamısını pozublar. Burada söhbət təkcə Qarabağdan getmir. Açıq deyilməlidir ki, ermənilər artıq bizə başqa imkan qoymayıblar. Ermənilər tarixən onlara torpaq güzəşt edilərkən üzərlərinə götürdükləri şərtləri pozublarsa, biz də tarixi torpaqlarımızın qaytarılmasıyla bağlı rəsmi mövqe ortaya qoymalıyıq və bu istiqamətdə də işləri qurmalıyıq. Nəzərə almaq lazımdır ki, bütün bu proseslər köhnə dünya nizamının dağılması və yeni dünya nizamının hələ formalaşmadığı dönəmə təsadüf edir. Bu isə dünya geosiyasətində ən təhlükəli dönəm sayılır.

Siz ətraf dünyada nələrin baş verdiyini görürsünüz. Dövlətlər dağılır, dövlətlərin sərhədləri dəyişir, yeni dövlətlərin yaradılmasıyla bağlı proseslər gedir. Biz bunu İraqda, Suriyada, İranda görürük. İndi İran ətrafında baş verən proseslər çox ciddi xarakter alır. Bu yaxınlarda Avropa ölkələrinin birində İranda yaşayan milli azlıqların müdafiəsi ilə məşğul olan təşkilatların yığıncağı keçirilmişdi. Buna bənzər iclaslar Nyu Yorkda da baş tutur. Köhnə dünya nizamı dağılıb, yeni dünya nizamı formalaşana qədər müəyyən bir vaxt keçir. Bu proses faktiki olaraq artıq başlayıb. Bu mərhələdə hansı xalqlar, hansı dövlətlər özlərinin çox düşünülmüş geosiyasi layihələriylə ortaya çıxırsa və onların reallaşdırılması üçün özlərinə müttəfiq tapırsa, onlardan lazım dəstək alırsa, bu xalqlar yeni dünya nizamının formalaşmasıyla bağlı prosesdən böyük uduşlar əldə edir.

- Amma son 300 ildə biz demək olar ki, bu dəyişikliklərin hamısından ya itki, ya da uduzaraq çıxmışıq.

- Ermənilərə Cənubi Qafqazda, Azərbaycan türklərinin torpağında dövlət yaradılması layihəsi I Pyotrun dönəmində (XVIII əsrin əvvəllərində - E.N.) meydana gəldi. Lakin o vaxta qədər xeyli danışıqlar olmuş, ermənilər Rusiyaya xeyli məktublar, nümayəndələr göndərmişdilər. Yalnız I Pyotrun zamanında belə bir layihə formalaşdı ki, Rusiya Qafqazı aşıb bölgəyə gəldikdə onlar üçün dayaq olacaq bir xalq və ya dövlət olmalıdır. Bunun üçün də Cənubi Qafqaza gələcəkləri halda onlar Qafqaz türklərinin yurdlarında dövlət yaratmalı idilər. Burada isə onların yetərli qədər sayı olmadığı üçün həm İrandan, həm də Türkiyədən yaradılacaq süni dövlətə ermənilər köçürülməliydilər. Bu fikir layihə kimi XVIII əsrin əvvəllərində formalaşmışdı. Üzərindən yüz il keçdikdən sonra - XIX əsrin birinci yarısında – Gülüstan və Türkmənçay müqavilələrinin əsasında bu, reallaşdırılmağa başlanıldı. Yəni bu geosiyasi layihənin gerçəkləşdirilməsi üçün yüz il lazım gəldi. Bu yüz il ərzində Rusiyanın dəfələrlə çarları dəyişdi, amma hər yeni çar hakimiyyətə gəldikdə bu layihə də onun masası üzərinə gəlirdi. Onlar yüz il hazırlıq işi gördükdən sonra bu layihəni reallaşdırdılar. Eyni formada Qarabağ layihəsi də getdi. 1920-ci illərdə Qarabağ Azərbaycanın tərkibində qaldı, amma sonra SSRİ-də hakimiyyətlər dəyişdikcə hər yeni rəhbərə Qarabağın Ermənistana birləşdirilməsiylə bağlı məktublar göndərilirdi. 70 il bu hazırlıq işləri, təbliğat aparılır, Moskvada bu işə dəstək verəcək adamlarla razılaşmalar olurdu, müxtəlif partiya nümayəndələri korrupsiya mexanizmləri ilə erməni maraqlarına bağlanılır, onların daha yaxşı vəzifələrə gətirilməsi üçün sonradan erməni lobbisi dəstək verirdi. Nəticədə 70 il hazırlıq işlərindən sonra onlar SSRİ dağılan kimi Qarabağ savaşını başlatdılar. Yəni biz bu tarixi proseslərdən nəticə çıxarmalıyıq. Əvvəla, köhnə dünya nizamı dağılıb yeni dünya nizamının formalaşdığı dönəm ən təhlükəli mərhələdir və biz hazırda onun içindən keçirik. İkincisi, bu proseslərə özünün geosiyasi layihələrin olmadan əliboş gedirsənsə, illərdir sənə qarşı formalaşdırılmış, səni ərazilərinin parçalanmasını nəzərdə tutan layihələrə müqavimət göstərəcək layihələr hazırlamırsansa və ya müttəfiqlər axtarmırsansa, o zaman hər dəfə belə dönəmlər yaşananda sən itirəcəksən. Baxın, Çar Rusiyası gəlib Qafqazı zəbt edəndə Azərbaycan iki yerə parçalandı. Çar Rusiyası dağılıb, SSRİ yarananda torpaqlarımızda Ermənistan dövləti yarandı, SSRİ dağılanda isə Qarabağ işğal olundu. Biz, həqiqətən, belə geosiyasi qarışıqlıqlara, yeni dünya nizamının formalaşması proseslərinə əliboş gedirik və hər zaman da itiririk. Bu tarixi həqiqətləri nəzərə alaraq, indiki prosesə hazırlıqsız gedə bilmərik. Ona görə də bizim öz layihəmiz olmalı və onun daxilində Qarabağ, Zəngəzur, Bütöv Azərbaycan məsələlərinin yeri olmalıdır. Ola bilər ki, bizim bu layihələrimizə dəstək verən çoxlu sayda dövlətlər var və bununla bağlı müəyyən addımlar da atıblar. Bunu bizi sevdikləri üçün yox, maraqlarımız üst-üstə düşdükləri üçün edirlər. Məsələn, bu gün İranı özünə təhdid sayan çoxlu sayda ölkə var. Məhz buna görə də Cənubi Azərbaycan məsələsi ABŞ Konqresində, Avropa Parlamentində qaldırılıb. “Nyu York Tayms” kimi qəzetdə dünyada hansı yeni dövlətlərin, o cümlədən Böyük Azərbaycan dövlətinin yarana biləcəyi ilə bağlı məqalələr dərc edilir, bunun real olduğu və regionun ən böyük dövlətlərindən biri ola biləcəyi qeyd edilir. Yəni maraqlarımızın üst-üstə düşdüyü dövlətlərin sayı kifayət qədər çoxdur və əgər öz layihəmizi irəli sürməsək, bu istiqamətdə çalışmasaq, bizi yenə də böyük itkilər gözləyir. Bu haqda ciddi düşünməliyik.

- Böyük dövlətlər niyə bizim kimi ölkələrin müqavimətini zəiflədən Qarabağ tipli məsələlərin həllində maraqlı olsunlar?

Ardı var...
Pakistanın Bakıdakı səfiri: “Kəşmirdə 11 mindən çox qadının isə namusuna toxunulub”Dr. Said Xan Mohmand: “Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək Pakistan Yerevanl diplomatik əlaqələr qurmayacaq”

Pakistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Dr. Said Xan Mohmand Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

- Cənab səfir, 1947-ci ildə Pakistan Britaniya Hindistanından ayrılaraq, öz müstəqilliyini elan etdi. Pakistan müstəqillik müddətində çox böyük çətinliklər yaşadı. İstərdik rəsmi şəxs olaraq bu barədə fikirlərinizi eşidək...

- Çətin zamanlardan keçdikcə, millət bir-birinə daha çox bağlanır. Çətinliklər bizi daha güclü olmağa və özünü inkişaf etdirməyə vadar etdi. Pakistan bu gün çox güclü dövlətdir. Bizim güclü ordumuz və güclü hərbi sənayemiz var. Pakistan müasir standartlara cavab verən qırıcı təyyarələr istehsal edir. Çox yaxşı idarəçilik və məhkəmə-hüquq sistemimiz var. Ən əsası isə Pakistanın özündən beş dəfə güclü olan Hindistan kimi bir düşməni var. Düşmənlər bizi güclü edir və birləşdirir.

- Hazırda Pakistan-Hindistan münasibətləri necədir? Bildiyimiz qədər sərhədləriniz açıqdır. Bəs ticarət və digər sahələrdə necə? Əməkdaşlıq edirsiniz?

- Pakistan həmişə Hindistanla dostluq münasibətləri qurmağın tərəfdarı olub və buna çalışıb. Bəli, sərhədlərimiz açıqdır. Hər iki ölkədə də yoxsul insanlar var və düşünürəm ki, bu, cəmiyyətin yazılmamış qanunlarından biridir. Bu insanlara firavan bir həyat bəxş etməyin əsas yolu isə sülhdür. Pakistan hər zaman sülhsevər dövlət olub və bunu bütün dünya bilir.

- Pakistanın Britaniya Hindistanından ayrılmasına səbəb nə olmuşdu?

- Buna bizə qarşı yürüdülən etnik və dini ayrı-seçkilik siyasəti səbəb olmuşdu. O zamankı Britaniya Hindistanı pakistanın ayrılmağına razı olmurdu. Həmin dönəmdə Pakistanın ümummilli lideri Qeyd Əzim idi. Hindistan tərəfində isə Mahat Maqanda idi. 1930-cu ildən 1940-cı illərə qədər bu məsələyə dair danışıqlar davam edib. O zaman Hindistanın səmimiyyəti görünmədi. Müstəqilliyimizi qanımızla qazanmalı olduq. 1940-cı ildə “Lahor qətnaməsi” qəbul olundu. Bundan 7 il sonra isə Pakistan müstəqil dövlət kimi tanınmağa başladı. Bu gün Hindistanda və Kəşmirin Hindistan hissəsində yaşayan müsəlmanların aqibətinə baxanda düşünürük ki, biz o zaman çox doğru addım ataraq müstəqil dövlətimizi qurmuşuq.
Pakistan 1973-cü ildən bu günə kimi Konsitutiyaya malik olan İslam Respublikasıdır. Ölkə 4 vilayətdən ibarətdir və hər vilayətin özünün parlament sistemi və nazirlikləri var.

- Söhbət Kəşmirdən düşmüşkən, orada son günlərdə baş verən qarşıdurma haqqında Pakistanın Azərbaycandakı səfirindən düzgün və dəqiq məlumat almaq tam yerinə düşərdi..

- Kəşmirdə əsasən müsəlmanlar yaşayır. Bölgənin yarısı Pakistanın, yarısı isə Hindistanın tərkibindədir. Pakistanın tərkibində olan hissə “Azad Kəşmir”adlanır. Kəşmirin Hindistana aid olan hissəsində olan müsəlmanlara qarşı hər zaman aşağılayıcı münasibət sərgilənir. Hüquqları xeyli məhdudlaşdırılır. Onlar dini inanclarına görə ittiham olunurlar. Kütləvi qırğınlar baş verir. Son günlərdə isə Hindistan Kəşmirdə yaşayan müsəlmanlara qarşı soyqrımı həyata keçirməkdədir.

- Təxminən nə qədər vaxtdır ki, Kəşmirdə soyqrımı davam edir? Kəşmir soyqrımının təfərrüatları haqqında məlumat almaq istərdik.

- Demək olar ki, Kəşmirdə hal-hazırda yerli əhaliyə qarşı kütləvi soyqrımı baş verir. Artıq 52-ci gündür ki, Kəşmir ərazisi blokada şəraitindədir. Orada komendant rejimi tətbiq olunmaqdadır. Əraziyə nə işıq, nə qaz, nə də internet verilir. Xəstəxanalar və məktəblər işləmir. Artıq ərazidəki müsəlmanlar arasında aclıq başlayıb. Doğrusu, heç kim orada tam olaraq nələr baş verdiyini bilmir. Bəlkə də düşündüyümüzdən və bildiyimizdən daha dəhşətli hadisələr yaşanmaqdadır. Hindistan həmin əraziyə 900 minlik yaxşı silahlanmış ordu yeridib. Kəşmir müsəlmanlarına qarşı kütləvi qırğınlar törədilir. Bu yaxınlarda 10 min gənc evlərindən aparılıb və onların aqibətinin necə olduğu heç kimə məlum deyil. Kəşmir böyük bir həbsxanaya çevrilib. Əraziyə giriş və çıxışlara qadağa qoyulub.

- Hindistanın bu soyqrımında müttəfiqləri var, yoxsa özü təkbaşına həyata keçirir?

- Heç bir ölkə bu hadisədə Hindistana müttəfiqlik etmir. Hindistan bunu təkbaşına həyata keçirir. Tarixən Kəşmirdəki insanlar Hindistan tərəfindən təhqirlərə məruz qalıblar. Bu gün baş verənlər isə vəhşiliyin ən son həddidir.

- Hindistanın Kəşmirdə bu cür kütləvi qırğınlar həyata keçirməsinə əsas səbəb nədir? Qarşı tərəf nəyə əsaslanaraq, əraziyə qoşun yeridir?

- Buna səbəb ərəzidə yaşayan insanların müsəlman olmaları və öz müqəddəratlarını özlərinin həll etmək istəmələridir. BMT-nin Kəşmirlə bağlı 11 qətnaməsi qəbul olunub. Qətnamələrdə göstərilir ki, Kəşmir əhalisinə referendum keçirməyə icazə verilsin və bu zaman onların öz seçimləri ilə, Hindistana - yoxsa Pakistana birləşmək istədikləri ortaya çıxacaq. Hindistan isə referendum keçirilməsinə əsla icazə vermir. Kəşmirin Hindistan hissəsində yaşayan insanların hamısı doğal olaraq pakistanlıdırlar. Mədəniyyətləri, dilləri və dini inancları bizimlə eynidir. Hətta geyindikləri paltarlar da, bizim milli paltarlarla eynilik təşkil edir. Əslində ora Pakistana birləşdirilməlidir. Əgər orada yaşayan əhali heç bir təzyiqlərə məruz qalmadan şəxsi iradələri ilə bunu istəyirlərsə, niyə də olmasın. Bu gün Kəşmirdə azadlıq mübarizəsi göstərən aclıq və susluqdan qorxmayan insanarın hamısının əzmkarlığını alqışlayıram.

- Bəs dünya birliyi bu barədə nə düşünür?

- Dünya Birliyi bu məsələyə müdaxilə etməyə deyərdim ki, çəkinir. Pakistan və Hindistanın nüvə silahları var. Bu silahlardan istifadə isə kütləvi qırğınlara səbəb ola bilər. Təbii ki, dünya ölkələri bu məsələyə müdaxilə etməlidirlər. Kəşmirdəki komendant rejimi ləğv olunmalı və insanlara göstərilən ağır işgəncələrə son qoyulmalıdır.

- Cənab səfir, sizcə Kəşmirdəki insanların müqəddəratı necə həll olunacaq və komendant rejimi nə vaxta kimi davam edəcək?

- Təbii ki, bu müddət çox davam edə bilməz. Kəşmirdə uşaqlar, qadınlar, yaşlı insanlar çox böyük əziyyət çəkirlər. Təsəvvür edin əlli gün işıqsız, acqarına, həkimsiz və dərmansız necə yaşamaq olar? Bu soyqrımında insan tələfatının sayının artmaması üçün təcili olaraq məsələyə müdaxilə olunmalıdır. Biz də təzyiqlər göstəririk ki, bölgədəki komendant rejiminə son qoyulsun. Artıq bu barədə Pakistanın baş naziri mətbuata bəyanatla çıxış edib.

- Kəşmir münaqişəsi neçə ildir baş verir və son 52 gündə basqının şiddətlənməsinə səbəb nədir?

- Münaqişə uzun illərdir davam edir. 1990-cı ildən isə münaqişə şiddətlənib. Ən dəhşətlisi isə təbii ki, indi baş verən kütləvi qırğındır. Bu günə kimi Kəşmirdə 100 mindən çox insan öldürülüb, 11 mindən çox qadının isə namusuna xələl gətirilib. Minlərlə insan gözlərinin nurunu itirib.
Hindistan əsgərləri bölgədə insanı kor edən güllələrdən istifadə edir.

- Bəs Hindistanın öz ərazisində yaşayan müsəlmanlara necə? Onlara da bu cür münasibət bəslənilir?

- Hindistanın öz ərazisində 200 milyondan artıq müsəlman yaşayır. Hindistanın hazırkı hakim partiyası tərəfinən onlara da müəyyən qədər təzyiqlər olunur. Xüsusilə də inək ətini yeməkdə iddiham olunurlar. Ən dəhşətlisi isə təbii ki, bu gün Kəşmirdə baş verən hadisələrdir. Onları Kəşmirlə müqayisə etmək düzgün deyil, çünki Kəşmir işğal olunmuş ərazidir.
Hazırda Kəşmirdə 12 miyon insan yaşayır və onun 8 milyonu müsəlmanlardır. Təbii ki, müsəlman əhaliyə qarşı soyqrımı gerçəkləşdirilir.

- Üç ildən artıqdır ki, Azərbaycanda səfirisiniz. Bu müddət ərzində Azərbaycan haqqında formalaşan düşüncələrinizi öyrənmək istərdik..

- Mən Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. İki ölkə arasında istər siyasi, iqtisadi, istərsə də diplomatik sahədə yüksək əlaqələr vardır. Dəqiq bilirəm ki, Azərbaycan xalqı da, Pakistanı çox sevir. Keçən ilin statistik göstəricilərinə əsasən, Azərbaycana Pakistandan turizm, ticarət və s məqsədlə 40 mindən çox pakistanlı gəlib.

- Səfir işlədiyiniz müddətdə hansı işləri görmüsünüz?

- Diplomatiya bir hadisə deyil, prosesdir və bu proses zamanla əlaqəli şəkildə inkişaf edir. Mən burada olduğum müddət ərzində daha çox iqtisadi əlaqələri inkişaf etdirməyə çalışmışam. Müəyyən uğurlu nəticələrimiz də olub. “Raval-pindi” ticarət palatasının burada tədbiri keçirildi. 450 iş adamı Pakistandan buraya təşrif buyurdu. İki həftə öncə isə “Sərhəd” ticarət palatasının Bakıda möhtəşəm tədbiri keçirilib. Bir çox iş adamları bu layihə çərçivəsində iştirak etdilər. Əminliklə deyə bilərəm ki, qarşıma qoyduğum iqtisadi münasibətlərin gücləndirilməsinə yönəlmiş fəaliyyətimdə bir çox uğurlu addımlar atılıb.

- Pakistandan Azərbaycana daha çox hansı məhsullar gətirilir?

- Bildiyimiz kimi, Pakistan məhsulları bir çox dünya ölkələrində ticari dövriyyədədir. Azərbaycana ixrac olunan məhsullarımız arasında düyü xüsusi yer tutur və bütün dövrlərdə bu məhsul Azərbaycana ixrac olunub. Mən çox çalışıram ki, ölkəmdən meyvə-tərəvəz, idman məhsulları, dəri-məhsulları, tekstil və xüsusilə Pakistan mərməri Azərbaycana idxal olunsun.

- Bir müddət öncə Bakı küçələrində tez-tez Pakistandan gəlmiş xırda ticarətçilərə təsadüf olunurdu. Son günlərdə belə pakistanlı ticarətçilərin gözə dəyməməsinin səbəbi nə ola bilər?

- Bəli, düz vurğulayırsınız. Vaxtilə onların sayı Azərbaycanda çox idi. Bu, Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlı idi. Onlar iqtisadi problemlərlə əlaqədar Azərbaycanı tərk etmək məcburiyyətində qaldılar. Lakin bu gün Azərbaycan bir çox pakistanlı iş adamlarının maraq dairəsindədir. Pakistanlı iş adamları, sahibkarlar, firma və kompaniyalar mənə zəng vuraraq, Azərbaycanda ticarətlə məşğul olmaq istədiklərini bildirirlər. Bu sevindirici haldırdır. Həmçinin, biz Azərbaycanın enerji sahəsindəki təcrübəsindən yararlanmaq istərdik. Azərbaycan uzun illərdir neft və qaz emalı ilə məşğuldur. Biz arzu edərdik ki, Azərbaycan neft və qaz sahəsində Pakistana investitsiya yatırsın.

- Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz Pakistan olub. Azərbaycanın ən çətin günlərində Pakistan ona dəstək göstərib. Aramızdakı məsafələrin uzaq olmasına baxmayaraq, bu iki xalqın belə doğma və yaxın olmasının səbəbini nədə görürsünüz ?

- Bu sualı bir çox mənada əsaslı şəkildə cavablandırmaq olar. İlk növbədə onu deyim ki, bizim ölkələrimizin tarixi bağları var. Tarixən bizim möhkəm dini və mədəni əlaqələrimiz olub. Azərbaycan əsasən türk kökənli bir xalqdır və etnos olaraq Pakistan xalqı da əsasən türk mənşəli olmuşdur. Urdu dili də, Türk dilinə çox yaxındır. Tarixi abidələrimiz və tikililərimizdə də çox yaxın bağlılıqlar var. Məsələn, sizdə olan karvansarayları bizdə multansaraylar əvəz edib. Tarixən insanlarımız arasında yaxın əlaqələr olub. İnsanlarımız bir-birinə qaynayıb-qarışıb. Hətta mətbəxlərimiz də bir-birinə çox yaxındır. Qeyd etdiyiniz kimi, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Xüsusilə də Dağlıq Qarabağ münqişəsi və Xocalı soyqrımı məsələsində Azərbaycan Pakistandan dəstək görüb. Pakistan Parlamenti bununla bağlı qətnamələr qəbul edib. Həmçinin də Azərbaycan Respublikası bir çox məsələlərin həllində Pakistana açıq şəkildə dəstək nümayiş etdirib. Tək əl ilə heç zaman alqışlamaq olmur. Alqış üçün iki əlin birləşməsi lazımdır.

- Pakistan Parlamentinin Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr barəsində məlumat almaq istərdik...

- 2012-ci ildə Pakistan Senatı Xocalı soyqrımını rəsmi şəkildə tanıdı. 2017-ci ildə isə Pakistan Milli Asambleyası qətnamə qəbul etdi ki, işğalçı Ermənistan dövləti öz qoşunlarını təcili olaraq Qarabağdan çıxarmalıdır. Pakistanın heç zaman Ermənistan ilə diplomatik əlaqələri olmayıb və Azərbaycan torpaqlarını işğaldan azad edənə qədər də olmayacaq.

- Hazırda Pakistanın əsas gəlir mənbəyi nədir?

- İnformasiya texnologiyaları sahəsi və maşınqayırma sahələri Pakistanın bu gün ən gəlirli sahələridir. Tekstil sektoru Pakistanda inkişafının ən gözəl dövrlərini yaşamaqdadır. Əkinçilik və təsərrüfat sahələri tarixən Pkistana böyük gəlir gətirib. Əczaçılıq da ölkəmizdə günü-gündən güclənməkdədir. Eyni zamanda, bizim hərbi sənayemiz sürətlə inkişaf etməkdədir.

- Bəs təbii sərvətləri ölkənizə gəlir gətirirmi ?

- Pakistanda olan neft və qazdan ölkə özü üçün istifadə edir və bu təbii ehtiyatlar elə də çox deyil. Yəni əhalini tam təmin edə bilmədiyi üçün Pakistan başqa ölkələrdən də neft alır.

- Pakistanın lobbi təşkilatları - diasporu ölkəyə yardımlar edirmi?

- Bəli. 10 milyondan çox pakistanlı dünyanın bir çox ölkələrində müxtəlif vəzifələrdə çalışır. Lobbi təşkilatları hər il 20 milyad dollara yaxın bir məbləğdə Pakistana investitsiya yatırır.

- 1993-1996-cı illərdə Pakistan tarixində ilk qadın baş nazir olan, fəaliyyəti ərzində Azərbaycanda da maraqla izlənilən və sui-qəsd nəticəsində öldürülən Bənəzir Brutto haqqında nə söyləyə bilərsiniz?..

- Xanım Bənəzir Brutto nəinki Pakistanda, bütün müsəlman dünyasında hökumət başçısı olan ilk qadın idi. Bənəzir Bhutto o zaman qadınların səsinin və onların azadlığının ən mükəmməl simvoluydu. Mən düşünürəm ki, onun sui-qəsdinə səbəb bəzi insanların gerizəkalılığı oldu. Çünki bir qadının hökümət başçısı olmasını bəzi qüvvələr heç cür həzm edə bilmirdilər.

- Azərbaycan və Pakistan əlaqələrinin gələcəyi haqqında nə düşünürsünüz?

- Bizim 25 ildən artıqdır ki Azərbaycanla diplomatik münasibətlərimiz qurulub və bu münasibətlərimiz bütün sferalarda inkişaf etməkdədir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Azərbaycan indi dünyanın inkişaf etməkdə olan ölkəsidir və mən deyərdim ki, bu gün Qafqaz regionunun ən güclü dövlətidir. Azərbaycana ən böyük arzum Qarabağ münaqişəsinin həll olunması, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasıdır. Necə ki, Kəşmir Pakistanın qəlbində yaradır, eləcə də Qarabağ Azərbaycanın ən yaralı yeridir. İnanıram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlar qazanacaq.
"Atam yazdı ki, Allah bəlanı versin!"
“Atam mənə mesaj göndərdi. Yazıb ki, Allah bəlanı versin"
Bunu Azvision.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur deyib. Atası ilə bağlı yazdığı qalmaqallı statusla gündəm olan Selcan əməkdaşımızla söhbətində bəzi məqamlara aydınlıq gətirib.

- Atanız deyirdi ki,sizin profiliniz oğurlanıb?

- Bu, yalandır. Mənim profilim oğurlanmayıb.

- Bəs, yazdıqlarınız həqiqətdir?

- Bəli, yazılanlar həqiqətdir. Onların hamısını şəxsən özüm yazmışam.

- Sonra iddia etdilər ki, sizə təzyiqlər olub. Bu barədə nə deyə bilərsiniz?

- Mən Hollandiyadayam. Hakimiyyət məni burada heç nəyə məcbur etməyib. Mən həmin statusu öz iradəmlə yazmışam. Bu mövzu barədə danışmaq mənə çox çətindir. Bu dəqiqə mənə saysız-hesabsız mesajlar yazırlar. Həmin statusu yazıb, dəfələrlə silmişəm. Çox çətin idi. Mən deyilə biləcək hər şeyi demişəm, başqa nə isə demək istəməzdim.

- Bu məsələdən sonra atanız sizinlə əlaqə saxladımı?

- Mənə mesaj atdı. Yazıb ki, Allah bəlanı versin...

- İndiki məqamda belə məlumatı paylaşmağınız nə ilə əlaqədardır? Necə oldu ki, buna qərar verdiniz?

- Mənə deyirlər ki, sən Hollandiyaya getdin, orada yazdın. Əlbəttə, mən qorxurdum və özümü güvənə almalıyam.

- Yəqin ki, xəbəriniz var, AXCP üzvləri sizi sərt tənqid edirlər. Xoşagəlməz fikirlər səsləndirənlər də az deyil.

- Onlar üçün tapşırıq alıb, eyni şeyi yazmaq nadir hadisə deyil. Ola bilər, bunu da eləsinlər. Mən artıq dediyimi dedim. Bu, şəxsi məsələm deyildi, sosial məsələ idi. Düşünürəm ki, sosial məsələnin aydınlaşması lazım idi.