"Atam yazdı ki, Allah bəlanı versin!"
“Atam mənə mesaj göndərdi. Yazıb ki, Allah bəlanı versin"
Bunu Azvision.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur deyib. Atası ilə bağlı yazdığı qalmaqallı statusla gündəm olan Selcan əməkdaşımızla söhbətində bəzi məqamlara aydınlıq gətirib.

- Atanız deyirdi ki,sizin profiliniz oğurlanıb?

- Bu, yalandır. Mənim profilim oğurlanmayıb.

- Bəs, yazdıqlarınız həqiqətdir?

- Bəli, yazılanlar həqiqətdir. Onların hamısını şəxsən özüm yazmışam.

- Sonra iddia etdilər ki, sizə təzyiqlər olub. Bu barədə nə deyə bilərsiniz?

- Mən Hollandiyadayam. Hakimiyyət məni burada heç nəyə məcbur etməyib. Mən həmin statusu öz iradəmlə yazmışam. Bu mövzu barədə danışmaq mənə çox çətindir. Bu dəqiqə mənə saysız-hesabsız mesajlar yazırlar. Həmin statusu yazıb, dəfələrlə silmişəm. Çox çətin idi. Mən deyilə biləcək hər şeyi demişəm, başqa nə isə demək istəməzdim.

- Bu məsələdən sonra atanız sizinlə əlaqə saxladımı?

- Mənə mesaj atdı. Yazıb ki, Allah bəlanı versin...

- İndiki məqamda belə məlumatı paylaşmağınız nə ilə əlaqədardır? Necə oldu ki, buna qərar verdiniz?

- Mənə deyirlər ki, sən Hollandiyaya getdin, orada yazdın. Əlbəttə, mən qorxurdum və özümü güvənə almalıyam.

- Yəqin ki, xəbəriniz var, AXCP üzvləri sizi sərt tənqid edirlər. Xoşagəlməz fikirlər səsləndirənlər də az deyil.

- Onlar üçün tapşırıq alıb, eyni şeyi yazmaq nadir hadisə deyil. Ola bilər, bunu da eləsinlər. Mən artıq dediyimi dedim. Bu, şəxsi məsələm deyildi, sosial məsələ idi. Düşünürəm ki, sosial məsələnin aydınlaşması lazım idi.
"Bizim məqsəd və məramımız növbəti qələbəni əldə etməkdir"Müsazibimiz YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyovdur

- Mehdi müəllim, məlum olduğu kimi, bu günlərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında rayon və şəhər təşkilatlarının bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunan müşavirə keçirilib. Partiyanın fəaliyyət istiqamətini seçki prizmasından necə dəyərləndirərdiniz?

- Bu gün Yeni Azərbaycan Partiyasının regionumuzda ən böyük siyasi partiya olması kimsəyə sirr deyil. Partiyamızın bu gücünü şərtləndirən bir sıra amillər də mövcuddur. Belə ki, YAP ölkədə fəaliyyət göstərən digər partiyalardan müqayisəolunmaz dərəcədə güclüdür və bunun başlıca səbəbi təşkilatın Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənməsidir. Həmçinin, partiyamızda Azərbaycan cəmiyyətinin ən yüksək intellektə malik olan təbəqələri toplaşıb ki, bu təbəqə artıq öz fəaliyyəti ilə sözünü deməkdədir. YAP-da birləşənlər həmçinin, vahid azərbaycançılıq və dövlətçilik ideologiyası ətrafında birləşiblər. Bu günlərdə bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovun sədrliyi ilə şəhər və rayon təşkilat sədrlərinin iştirakı ilə keçirilən ümumrespublika müşavirəsində qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla bağlı tapşırıq və tövsiyələrini verdi. Qeyd etdi ki, bələdiyyə seçkiləri ilə əlaqədar olaraq ölkədə siyasi canlanma müşahidə olunur: "Təəssüflə qeyd etmək lazımdır ki, müxalifət, bütövlükdə, özlərinə zəruri olan sosial bazanı təmin edə bilmədiyi üçün siyasi proseslərə norma və dəyərlərdən fərqli məqamlar gətirməyə çalışır. Onların apardıqları siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır. Xüsusi qeyd olunmalıdır ki, müxalifətin müəyyən kəsiminin apardığı siyasi kampaniya mənəvi terror, yalan məlumatlar yaymaq və böhtan atmaq üzərində qurulub".

Bəli, budur dağıdıcı, satqın və mənəviyyatsız müxalifətin iç üzü.

Müxalimfət bilməlidir ki, 750 mindən çox partiya üzvü olaraq Yeni Azərbaycan Partiyası ümummilli maraqları özündə əks etdirən, milli köklərə söykənən, milli maraqları beynəlxalq aləmdə müdafiə edən aparıcı siyasi partiyadır. Hər bir partiya üzvü olaraq bu işdə daha məsuliyyətli, daha fəal olmalı, Prezidentimiz ətrafında sıx birləşməli, yad ünsürlərə mövqeyimizi ortaya qoymalıyıq.

- YAP Şabran rayon təşkilatı seçki fəallığını artırmaq üçün fərqli təbliğat aparmağı nəzərdə tuturmu?

- Həm Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri, həm də rayon təşkilatının Seçki Qərargahının rəhbəri kimi qeyd etmək istərdim ki, bizim məqsəd və məramımız növbəti qələbəni əldə etməkdir. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də yüksək səviyyədə baş tutacağına, şəffaflığın, ədalətin təmin olunacağına və bələdiyyə seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inanırıq. Artıq bizim işlərimiz tam sürətlə aparılmaqdadır. Qeyd edim ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda 46 məntəqədə 30 min, 193 seçici qeydiyyatdadır ki, onların seçkilərdə iştiraklarının fəallığı üçün çalışırıq.

Seçki kampaniyasının keçirilməsi ilə bağlı rayon təşkilatının böyük seçki təcrübəsi var. Biz bu seçki təcrübəsindən maksimum yararlanaraq, uğurlarımızı davam etdirəcəyik.

Sia.az
Gültəkin Hacıbəyli nələr edib? - Keçmiş əri danışdıNəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qayınanasına 85 min manat ödəməlidir. Həmçinin, Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Leksus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilinə, eləcə də deputatlığı müddətində ona verilən mənzilinə həbs qoyulub.

Bu məsələdə həm mənəvi, həm də maddi zərbə alan G.Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyev Axar.az-a müsahibə verib. Sözügedən müsahibəni təqdim edirik:

- Mahmud bəy, Gültəkin Hacıbəyli ilə ananız Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı dünən qərar verildi. Bu barədə danışmağınızı istərdik...

- 50 min dolları bizə Gültəkinə deputat kimi hədiyyə verilən evin təmiri üçün anam vermişdi. Sonra da biz o pulu anama qaytaracaqdıq. Məhkəmədə evi təmir edən ustalar da gəlib izahat veriblər. O ustalar bizim evləri dəfələrlə təmir etmiş insanlar idi. Məhkəmədə onlar da gəlib təsdiqlədilər ki, onlara biz pul vermişik. Mən özüm ustalarla birgə gedib o pula təmir üçün lazım olan hər şeyi alıb, Gültəkinə evlilik müddətimizdə verilən evi təmir etmişik. Ustalar dəqiqliklə hansı materialdan nə qədər alınmalı olduğunu özləri deyirdi. Evin təmiri başa çatandan sonra Gültəkin oranı hansısa xarici şirkətin nümayəndəsinə kirayəyə verdi. Biz o evdə yaşamamışıq. Bilirəm ki, indi də Gültəkin o evdə yaşamır. Kimlərin orda kirayə qaldığını isə bilmirəm.

- Ananızın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus "Leksus LX 570" və "Toyota Avalon" markalı iki bahalı avtomobilinə də həbs qoyulub. Bu əmlaklar onun sizinlə evlilik müddətində aldıqlarıdırmı?

- Biz evli olanda Gültəkinin başqa avtomobili var idi. Mənzil isə bizim birgə nikahda olduğumuz müddətdə ona deputat olduğu üçün verilən və mənim anamın verdiyi pulla təmir edilən evdir. Hazırda həbs qoyulan avtomobillər Gültəkinin sonradan əldə etdiyi maşınlardır. Ancaq onu da qeyd edim ki, o avtomobilləri deputat olduğu müddətdə almışdı.

- Gültəkin Hacıbəyli ilə uzun müddət oğlunuzla bağlı da problemlər yaşamışınız. Hər açıqlamasında bildirir ki, siz oğlunuzu görməkdə maraqlı olmamısınız.

- 2013-cü ildə oğlumla görüşməklə bağlı məhkəmə qətnamə çıxardı və görüşməyimlə əlaqədar vaxtı uzatdı. 2007-ci ildə görüşlə bağlı qətnamə var idi. Ancaq Gültəkin oğlumla görüşümüzə imkan vermirdi. Bu səbəbdən 2013-cü ildə yenidən bununla bağlı məhkəməyə müraciət etdim və bu reallaşdı. Mən də əlavə görüş vaxtının artırılması ilə bağlı məhkəməyə iddia verdim və bununla da görüş vaxtı artırıldı. Çünki o vaxt oğlumla görüş həftədə bir dəfə təyin edilmişdi. Müraciətimdən sonra 3 dəfəyə qədər qaldırıldı. Ancaq bu görüşlərdə əvvəllər uşaq özünü normal aparırdı, münasibətimiz də normal idi. Sonradan anasının təsiri altında qeyri-adi rəftar etməyə başladı. Qışqırırdı, söyürdü, başını divara vururdu. “Səni istəmirəm”, “gəlmə”, “görüşmək istəmirəm səninlə” deyirdi. Mən bu görüşlərin uşağa xeyiri olmadığını görüb məcbur qalıb görüşmədim. Gültəkin də bunu əlində əsas tutaraq məlumat verdi ki, guya mən özüm ərizə yazaraq işim çox olduğu üçün uşaqla görüşlərdən imtina etmişəm. Hətta ərizənin şəklini də yaymışdı. Ancaq mən uşağın mənafeyindən çıxış edərək onu yazmağa məcbur olmuşdum. Çünki görüşlər zamanı görürdüm ki, uşaq ananın təsiri altında olduğu üçün heç bir səbəbsiz qışqırır, məni istəmir. Bunun ona daha da pis təsir edəcəyini düşünərək belə addım atmışdım. Mən yaza bilməzdim ki, uşağım ananın təsiri altında olduğuna görə özünü dəliliyə qoyub deyə, mən onunla görüşdən imtina edirəm.

- Oğlunuzla olan münasibətinizi yaxşılaşdırmaq üçün nə isə etmək fikriniz varmı? Qeyd etdiniz ki, anasının təsiri altında uşaq özünü qəribə aparır. Sizcə, uşağınız təhlükə altında ola bilər?

- 2015-ci ildə 10 yaşı var idi və ananın təsiri altında olurdu. Bu səbəbdən də məni dinləmək istəmirdi, dinləyə bilmirdi. Ancaq indi o, bir yetkin insandır. Onunla görüşüb hər şeyi izah edə bilsəm, düşünürəm ki, məni başa düşər. Dərslərin açılmasını gözləyirdim ki, onunla görüşə bilim. Mən bir dəfə oğlumla danışmağa cəhd göstərmişdim. Gültəkin bununla bağlı şikayət etmişdi ki, mən zəng edərək onu öldürməklə hədələyirəm. Onun şər-xəta, böhtançı biri olduğuna görə nə isə addım atmağa ehtiyat edirəm.

- Gültəkin Hacıbəyli hər açıqlamasında bildirir ki, uşaq balaca olduğu vaxtlarda da siz onu görmək istəməmisiniz. Belə açıqlamalara səbəb nədir?

- Bunlar hamısı onun uydurduğu yalanlardır. Mənim əlimdə bütün məhkəmə sənədləri var. Biz evli olduğumuz müddətlə uşağı evdən götürərək çıxıb gedən Gültəkin olub. Mən ailəmi tərk etməmişəm ki! Biz heç boşanmamışdıq, rəsmi nikahımız pozulmamışdı, amma o, evdən getdi və uşaqla görüşməyimə imkan vermədi. Səbail Rayonu İcra Hakimiyyətinin Qəyyumluq komissiyasının rəyi də olmuşdu ki, uşaq valideynlərindən birinin himayəsinə verilmədən hər hansısa valideynin həmin uşağı götürüb digəri ilə görüşdürməməsi tam qanunsuzdur. 2005-ci ildən mən bununla bağlı mübarizə aparıram. Ərizə vermədiyim yer, qurum qalmayıb. Lakin o, uzun müddət millət vəkili statusundan istifadə edərək mənim müraciət etdiyim qurumlara təsir edirdi. Qəyyumluq komissiyasına Milli Məclisin blankında məktub yazırdı ki, görüş vermək istəmirəm. Oğlumla həftədə bir dəfə 1 saat yarım görüş təyin etmişdi məhkəmə. Gültəkin bununla bağlı apellyasiya şikayəti vermişdi. Həftədə 1 dəfə, 1,5 saat görüşə də etiraz edirdi. Şikayət edəndə də bunu əsaslandıra bilmirdi. Sadəcə məhkəmələrə şikayət etməklə vaxt qazanırdı. Bu vaxt ərzində də uşağı məndən soyudurdu. Daha sonra uşaq mənlə görüşmək istəmədi.

- Uşağın ana ilə birgə ölkə sərhədindən kənara çıxması ilə bağlı da müraciətiniz olmuşdu. O iş hazırda nə yerdədir?

- Gültəkin deputat olduğu vaxtlarda bir neçə dəfə uşaqla xaricə gedə bilmək üçün mənə müraciət etmişdi, mən özüm buna şəxsən icazə vermişdim. Ancaq sonradan mənim uşaqla görüşməyimə imkan vermədiyi üçün ona bildirdim ki, mənə bir də uşaqla görüşməyə icazə verməsən, mən də adekvat addımlar atacam. Ondan sonra da Sərhəd Xidmətinə gəldim və bildirdim ki, verdiyim ərizəni qüvvədən düşmüş hesab etsinlər və mənim icazəm olmadan övladımın anası ilə sərhədi keçməsinə imkan verməsinlər. Mən belə müraciət etdiyim vaxt o özü xaricdə səfərdə idi. Ölkəyə gəldiyi vaxt demişdilər bunu ona. Mən bildirmişdim ki, sən uşağı aparıb qaytarmayacaqsan ölkəyə. Ona görə belə addım atıram. O da bildirmişdi ki, mənim uşağım sərhədi keçəcək, o, heç səni ata kimi tanımır. Hətta bildirmişdi ki, uşağın ad, soyadını dəyişəcəm və o, istədiyi ölkəyə gedə biləcək.

- Gültəkin Hacıbəyli ilə ayrılma səbəbiniz barədə heç vaxt danışmamısınız. Bu ayrılığa səbəb nə olub?

- Bu barədə danışmaq istəmirəm, bu, ailə məsələsidir. Mən onunla bağlı nə şikayət etmişəmsə, o bizim evdən çıxıb gedəndən sonra mənə qarşı elədiklərinə görə olub. Ailəli olduğumuz müddət ərzində nə olubsa, mənim bu barədə danışmağım düzgün olmaz, heç danışmaram da. Bir onu deyirəm ki, ailəmi mən dağıtmamışam. Mən ancaq övladımla bağlı, boşandıqdan sonra mənə qarşı etdiklərinə əsasən şikayət etmişəm.

- Oğlunuzun sizin valideynlərinizlə münasibəti necədir?

- Oğlum 15 yaşına yaxınlaşsa da, anasının təsiri altındadır. Mən nə vaxt görüşə getmişəmsə, məni tanımadığını deyib. Övladım mənə deyir ki, sizin kimi qohumlarım yoxdur. O, ananın təsiri altındadır. Kim bilir, ona bizim haqqımızdan nələr deyilir ki, uşaq bizi görmək istəmir.
“Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov
"Belə bir komandanın Bakıya gəlməsi, bütün Azərbaycan futbolu üçün sevindiricidir. Azarkeşlər bir ilə yaxın idi ki, bu cür kluba qarşı canlı oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda güclü kollektiv görəcəyik. Sona qədər mübarizə aparacağıq".

Avrasiya.net Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Sevilya" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- “Atletiko”dan sonra “Sevilya”dan da ən azı bir xal almaq mümkündürmü?

- “Sevilya” Çempionlar Liqasının qrupunda oynamağa layiq komandadır. Amma evdə oynayacağıq. Düşündüyümüz oyunu göstərə bilsək, yaxşı nəticə də əldə edə bilərik. Rəqiblə layiqli mübarizə aparmağa çalışacağıq.

- Zədəli futbolçunuz Mahir Əmrəlinin son durumu necədir?

- Yaxşı deyil. Böyük ehtimalla, oyunu buraxacaq.

- İspaniyalı futbolçularınızdan rəqib barədə hər hansı məlumat almısınızmı?

- Heç bir məlumat almamışam. Düşünürəm ki, buna ehtiyac da yoxdur. Rəqibi yaxşı tanıyırıq.

- Rəqibin baş məşqçisi Xulen Lopeteqini nə qədər tanıyırsınız və onun məşqçilik metodu barədə nə deyə bilərsiniz? "Sevilya"nın heyətində hansı futbolçuları fərqləndirə bilərsiniz?

- Xüsusi tanışlığım yoxdur. Ancaq “Real”da, İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl ispan futbolu tələb edən məşqçidir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat La Liqa, milli komanda isə İspaniyadır. Heyətlərini saysam, gərək hamısının adını çəkim. Bilmirəm hansını deyim. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlərimiz ən azı oyunumuzdan razı qalsın.

- “Sevilya” rəsmiləri və futbolçuları açıqlamalarında “Atletiko” ilə heç-heçələrinizi qabardırlar. "Sevilya" artıq sizə çətin rəqib gözü ilə baxır. Bu, sizin işinizi çətinləşdirməyəcək?

- Açıqlamalarından məlumdur ki, oyuna ciddi hazırlaşırlar. Ola bilər ki, həmin nəticə onları daha ciddi hazırlaşmağa vadar edib. İstənilən halda, inanmıram ki, hansısa komanda qrupda özünü rahat hiss etsin, ciddi hazırlaşmasın. Xüsusən də, İspaniya klubları. Futbolda son vaxtlar gözlənilməz nəticələr olur. Bu da iddialı klubları ciddi hazırlaşmağa məcbur edir. Rəqibin də sabah həddən artıq ciddi olacağını düşünürəm.
Yazıçılar Birliyində vəziyyətlə bağlı daha bir müzakirə… – Dəyanət Osmanlı ilə MÜSAHİBƏ“Bəzən gerçəyi deyəndə bunu tərəfkeşlik, yarınmaq, əks halda isə qərəzli tənqid, populizm kimi anlayanlar var”

“Hətta ictimai rəydə Anarın əleyhinə səngiməyən kampaniyalar da AYB-də yeri möhkəmlənmiş qrup başçıları tərəfindən planlanır və həyata keçirilir”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının keçirilməsinə cəmi bir neçə ay qalıb. AYB-nin yaydığı məlumata görə, qurultayın keçirilməsi gələn ilin martına planlaşdırılıb. Bəzi məlumatlara görə isə AYB-nin növbəti qurultayının bu ilin noyabr ayında keçirilməsi ehtimalı daha böyükdür.

Qurultayın vaxtı daraldıqca, AYB və Birlik sədri ilə bağlı mətbuatda müxtəlif qalmaqallı fikirlər yayılır, qurum sədri vəzifəsinə namizəd kimi müxtəlif şəxslərin adları çəkilir. Məlumatlara görə, qurultay öncəsi artıq AYB-nin daxilində və xaricində müxtəlif qruplaşmalar mövcuddur və onların bütün güclərini Anarın Birlik sədri seçilməməsi üçün səfərbər etdikləri bildirilir.

AYB-dəki vəziyyəti bu dəfə tanınmış şair-publisist, Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, AYB üzvü Dəyanət Osmanlı ilə birgə müzakirə etdik.

– Dəyanət bəy, qarşıdan Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı gəlir. Başqa ictimai qurumlardan fərqli olaraq, AYB də hər zaman qurultay öncəsi ajiotaj yaşanır. AYB-nin bu dərəcədə maraq kəsb etməsi nə ilə bağlıdır?

– Düzdür, AYB bir ictimai qurumdur, ancaq eyni zamanda, ictimai rəyə təsir göstərən bir adlı-sanlı qurumdur. Bu birliyin bir çox üzvü var ki, həmişə ədəbi-mədəni, elmi, eləcə də ictimai aktuallıq daşıyan sferalarda fəal vətənçi, dövlətçi mövqeləri ilə seçilirlər. Ona görə də AYB-nin nüfuzu və statusu digər qurumlarla müqayisədə üstündür. Yazıçı bir fərd kimi də, yaradıcı şəxs kimi də xalqın, dövlətin marağı ilə tən olmalıdır. Həm də bu, təbii surətdə belə də olmalıdır.
Azərbaycanda ədəbiyyata həmişə dövlət səviyyəsində yüksək qayğı olub. Başqa ölkələrdə bu münasibət ya yoxdur, ya da heç bizdəki səviyyəyə yaxınlaşa bilməz. Yaradıcı insanların sosial problemlərinə diqət göstərilir. Cənab Prezident İlham Əliyevin yaradıcı insanlarla builki görüşü çox qiymətli hadisədir. Dövlət başçısının böyük səmimiyyəti ilə keçən görüşdə Xalq yazıçısı Anar tərəfindən qaldırılan təkliflərin hamısı gerçəkdən aktual ehtiyacları ifadə edir. Eyni zamanda, Prezidentin böyük xeyirxahlığı sayəsində yazıçılar üçün yaşayış binasının tikintisinə torpaq sahəsi ayrıldı. Yazıçılar Birliyinə 850 min manat vəsait verildi. Yaradıcılıq evlərində bərpa-tikinti işlərinin aparılması məsələsi qərara alındı. Dövlətin ədəbiyyat siyasəti böyük humanizm, ədəbi-mədəni irsə sahiblik prinsiplərinə söykənir.

– Ədəbi mühitdə baş verən canlanmanı necə qiymətləndirmək olar?

– Ədəbi mühitdə canlanma həmişə olub və olması yaxşı haldır. Amma gəlin görək bu, ədəbiyyat naminə canlanmadırmı, yoxsa imtiyazlar uğrunda canfəşanlıqdırmı… Çoxlarının isə könlündən ədəbiyyata xidmət yox, ədəbiyyatı idarə etmək keçir. Gənclik dinamikadır. Şübhəsiz, gəncliyə imkanlar yaratmaq lazımdır ki, özünü göstərə bilsin. Ancaq bunu kütləvi şəkildə etmək mümkün deyil, həm də bir təşkilat çərçivəsində. Eyni zamanda, istedadından, haqlı və haqsızlığından asılı olmayaraq, ədəbi cameədə gərginlik axtaran və bunun üçün səy göstərən adamlar var. Sizin bayaq toxunduğunuz ajiotajın və ondan da mürəkkəb situasiyanın AYB-də baş verməsini istəyən qruplar var. Onlar üçün fərq etməz, yaxşıya, ya pisə, təki dəyişiklik olsun.

– Keçən qurultaydan əvvəl deyilirdi ki, “Anar getməlidir, o getsə AYB xilas olacaq”. Lakin yazıçı və şairlər yenidən Anara etimad göstərib onu birlik sədri seçdilər. Bəzi qüvvələrin Anara qarşı apardığı kampaniya nəyə xidmət edir?

– Təkcə qurultay ərəfəsində yox, adi vaxtlarda belə bu fikirlər maraq güdən yazarlar tərəfindən ortaya atılır. Onların nə istədikləri bəzən özlərinə də aydın olmur. Mən razıyam, hər hansı vəzifə daimi deyil və heç kimin adına yazılmayıb. Kiminsə işləmək imkanı məhdudlaşıbsa, o öz yerini təyin etməlidir.

Bəzən gerçəyi deyəndə bunu tərərəfkeşlik, yarınmaq, əks halda isə qərəzli tənqid, populizm kimi anlayanlar var. Gerçəyi deyəndə mən bu kimi iradlara qəti fikir vermirəm. Anar təkcə böyük yazıçı deyil, həm də böyük patriotdur. Keçən əsrin 90-cı illərində və elə ondan öncə də SSRİ-nin ən yüksək tribunasından xalqa qarşı törədilən cinayətləri, haqsızlıqları çəkinmədən pisləyib. Onda o, kimi düşünürdü? Əlbəttə, özünü yox, millətini. Bundan başqa, o, AYB-nin rəhbərliyinə ən çətin zamanlarda, özü də yazıb-yaradıb dünya miqyasında tanınandan sonra gəlib və bundan da mürəkkəb vəziyyətlərdə qurumu məhv olmağa qoymayıb. Bunlar ki, gözümüzün qabağında baş verib. Hamı çəkilib gedəndə o, qalıb, AYB-nin, ədəbiyyatın və yazıçıların taleyini düşünüb. Eləcə də bu gün Yazıçılar Birliyi ilə bağlı görülən müsbət tədbirlər bir şəxs üçün deyil, bütövlükdə, ədəbiyyat, yazıçılar üçündür.

Onun əleyhinə gedənlərin, demək olar ki, hamısını AYB-yə Anar qəbul edib. Məqsədli gəliblər, müəyyən dividendlər qazanmaq, məşhurlaşmaq istəyiblər. Bunlar olmayanda, Anarı təhqir ediblər. Azərbaycanda və bəlkə də dünyada Anar qədər haqsız təhqirə, qərəzə məruz qalan ikinci bir yazıçı yoxdur. Onun yerinə başqa adam olsaydı, günü qalmaqallı məhkəmələrdə keçərdi. Anarın böyüklüyü məhz müdrikliyində, rəhmli olmağındadır. Həm də yazıçı-sədr Anarın müdrikliyi ondadır ki, hətta onu təhqir edib AYB-dən gedənlərin ardınca qapını bağlamayıb, səhvini anlayıb qayıdanda da onlara əl uzadıb. Sədrin qapısı həmişə hər kəsə və maraqlı təşəbbüslərə açıq olub. Millətini sevən insan da milləti üçün bu qədər zəngin irs yaradan bir mütəfəkkirin dəyərini bilməzmi? Yəni anlaşılmazlıq bax bunda, – insanın düşüncəsində, özünə münasibətindədir.

Açıq deyim, o “xilaskar”ların əksəriyyətinin də yazdıqlarının heç bir ədəbi dəyəri yoxdur. Mən başa düşmürəm, nəyi xilas etmək lazımdır? O adamlar öz içlərində vicdanlarıyla və bir-birilə gizlin intriqadadırlar. Hələ sən bir yaxşı əsər yaz, cəmiyyətin, dövlətin üst dəyərlərinə, alt yapılarına cavab versin. İddaların da gerçəyi yansıtsın. İntriqaçı nəyisə, tutaq ki, Yazıçılar Birliyini idarə edə bilərmi?! Əksinə, orada elə xaos yaradar ki, özü də içində boğular. Elə onda onun özünü xilas etməyə ehtiyac yaranar. Həm də AYB idarəçiliyi belələrinə tapşırılsa, qurum özünü doğrultmayan adi, mənasız qeyri-hökumət təşkilatı səviyyəsinə düşər.

– Bu gun AYB əleyhinə xüsusi qruplaşmalar yaradıldığı haqqında məlumatlar dolaşır. Onların məqsədi nədir, Anarı devirmək, yoxsa “ədəbiyyatı ağ günə çıxarmaq”dır? Bəziləri niyə yaradıcılıqla məşğul olmaq əvəzinə, AYB-yə daş atmaqla məşğul olur?


– Vaxtilə AYB-ni ən çox tənqid edənlərdən biri mən olmuşam. Lakin tənqidi fərdi keyfiyyətlər üzərində qurmamışam. İşə, idarəçiliyə münasibətimi qərəzə, təhqirə yol vermədən bildirmişəm. Düzdür, AYB-də islahatlar aparılmalıdır. Mən həmişə bunu demişəm. Gənclərə, xüsusən də istedadlı gənclərə imkan yaradılmalıdır. Bəzi hallarda yaradılır da. Təəssüf ki, istedadsız sui-istifadəçilər bu imkandan daha çox faydalana bilir. Bu da var ki, hamı özünü istedadlı sayır. Elə bir istedad meyarı yoxdur ki, ölçəsən. Amma daha hamının tələbini, istəyini təmin etmək də mümkün deyil.

Son illər ədəbiyyata sosial şəbəkələrdən gəlirlər. Çap olunmaq imkanı da kifayət qədərdir. Kim nə yazır, eləcə də çap olunmaq istəyir və olunur. Bəzən heç özləri də yazdıqlarını oxumurlar. Ədəbiyyata kütləvi axın getdikcə dərinləşən və amansızlaşan gizli ədavətçi qruplara sərf edir. Hətta ictimai rəydə Anarın əleyhinə səngiməyən kampaniyalar da AYB-də yeri möhkəmlənmiş qrup başçıları tərəfindən planlanır və həyata keçirilir. Sonra bu zirək yazarlar təqaüd, vəzifə, mükafat istəyir və alırlar da…

Ortada bir əməlli yazı-pozusu olmayan, özü kimilərdən dəstə yaradıb haqq eləmədiyi vəzifə, yardım, mükafat alanlarım kiçikçaplı oyunları da göz qabağındadır. Buyur, bir irad bildir, üstünə tökülüşəcəklər.

AYB-də qruplaşmalar həmişə olub. Hesab edin, hər kəsin əlində də qələm var. Amma həqiqi ədəbiyyat və ədəbiyyatçılar bundan mənəvi travma alıb. Qruplaşmalara qoşulan gənclərə tövsiyəm budur: yazıb-yaratmaq haqqında düşünün, sənəti siyasətə dönüşdürməyə çalışan “ədəbiyyatçı-siyasətçi-millətçi” vampirlərə vaxtınızı, istedadınızı, haqqınızı yedirtməyin. Kiminsə marağına vasitə olmayın. Və lütfən, vasitəyə çevrilməyin ki, yaradıcılıq potensialınızı və şəxsi özəlliklərinizi qoruyub saxlaya və enerjinizlə ədəbiyyata, millətə fayda verə biləsiniz…

– Qurultaydan gözləntiləriniz? Yeni sədr haqda danışmaq olarmı? Çünki AYB sədri postunu tutmağa iddialı olanlar var…

– İddialar, arzular olmalıdır və normal haldır. İddiası olmayan adamın, demək ki, özündə bir problem var. Bunsuz inkişaf da olmaz. Amma iddia mütləq haqqa əsaslanmalıdır. Belə düşünürəm ki, növbəti qurultay AYB-nə yeniliklərlə müşayiət olunan islahatlar gətirəcək. Bu proses mütləq olmalıdır. İslahatlar birliyin aparatında, ədəbi orqanların strukturunda, eləcə də AYB üzvləri arasında, üzvlük məsələsində və s. getməlidir. Təsadüfilər də coxdur, ədəbiyyata bir cümlə fayda verməyiblər. Amma istəkləri başdan aşır, elə hey tələb edirlər…

AYB sədri postuna gəlincə, düşünürəm ki, quruma elə Anar kimi bir mütəfəkkir yazıçı, yüksək idarəçilik təcrübəsi olan vətənpərvər ziyalı başçılıq etməlidir. Anar Yazıçılar Birliyini özünün dünyada tanınan nüfuzu səviyyəsinə qaldırıb. Bu işdə ona uğurlar diləyirəm.

İradə SARIYEVA

mənbə:https://www.baki-xeber.com/medeniyyet/94349.html?fbclid=IwAR12wK8iiT2Ckm0yU-X9LgsJ9E4iID45C2OR2o-o3qRzq7gSWIAry-NRh9k
Eldar İbrahimov sensasion açıqlamasını şərh etdiYeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Son açıqlamanız kifayət qədər rezonans yaratdı. Xüsusən, “düşmən” ifadəniz. Bunu necə başa düşmək olar?

- Dediyim fikirlərim təhrif olunub, bu işdə jurnalistin müəyyən səhvi olub. Jurnalist də bunun üçün hətta məndən üzr istəyib. İnsandır da, səhv olanda olur. Kimlərsə bu müsahibəni ortaya salıb, bundan bəhrələnməyə çalışırlar. Bu sözləri bugünkü parlamentdə olan həmkarlarıma şamil etməmişəm. Keçmişdə ifadəsini işlətmişəm, təəssüf ki, bu söz ora əlavə edilməyib və ona görə də müsahibədən guya bu sözləri indiki deputatlara şamil etdiyim fikirləri ortaya çıxıb. İndiki parlamentdə müxalifətdən olan deputat yoldaşlarımın hamısı çox gözəl, yüksək səviyyədə qanunlara münasibətlərini bildirirlər və çox konstruktiv danışırlar. Mən belə adamların düşmən olması barədə niyə hər hansı bir ifadə işlətməliyəm?

Yadınızdadırsa, keçmişdə müxalifətdən seçilən elə adamlar vardı ki, parlamentdə oturub təkcə tənqid yox, təhqir də edir, fərqli ifadələr işlədirdilər. Mən də bunu ad çəkmədən, ümumiləşdirərək fikir bildirmişəm. Bunun kimə şamil olunmasını heç kim bilmir, o, mənim ürəyimdə olan bir şeydir. Kimlərsə bu məsələni hallandırmağa çalışır. Mən özüm də başa düşə bilmirəm ki, burada nə baş verir? Müsahibədə siyasi partiyaların adını çəkməmişəm. Bütün siyasi partiyalarda olan adamların, onların sədrlərinin çoxunu tanıyıram. Mən hər zaman barışdırıcı adam olmuşam. Hər zaman milli birlik baxımından danışmışam. Fikrimi indi hara və niyə yozduqlarını anlamıram.

- Eldar müəllim, sizin cəmiyyətdə müəyyən bir nüfuzunuz var, 5 çağırışdır parlamentdə deputat kimi təmsil olunursunuz, üstəlik, YAP-ın ilk üzvlərindən birisiniz. Fikirlərinizin kimlərsə tərəfindən yozulduğunu dediniz. Sizcə, belə bir addımın arxasında hansı məqsəd dayana bilər?

- Mən 1990-cı ildən, yəni təxminən 30 ilə yaxındır millət vəkiliyəm. Açığını desəm, mənim düşmənim və ya istəməyənim yoxdur. Əksinə, hər kəs xətrimi çox istəyir, çünki ağsaqqal adamam, müxalifət və iqtidardan hər kəslə yaxşı münasibət saxlayıram. Mənim bir məqsədim var. Bu gün biz – müxalifət və iqtidar - bir olmalıyıq. Hər iki düşərgədə təmsil olunanlar azərbaycanlıdırlar. Bir yerdə olmağımız bütöv Azərbaycan deməkdir. Hər zaman barışdırıcı mövqeyi müdafiə etməyin tərəfdarı olmuşam. Doğrudur, bəzən tənqid də olur. Ola bilər ki, bir ifadə işlədirsən və jurnalist onu düz tutmayıb, bir qədər şiddətləndirir.

Açığını desəm ki, sanki bu mənim qismətimdədir. Bundan öncə bir dəfə də Bolqarıstana səfərdən öncə müsahibə vermişdim və orada səsləndirdiyim müəyyən ifadələr belə şişirdilmişdi. İndi də Türkiyəyə yüngül bir problemlə əlaqədar həkimə getməzdən öncə verdiyim müsahibədə də oxşar şeylər baş verdi. Əslində mən özümə söz vermişdim ki, kimə müsahibə verirəmsə, mətn dərc edilmədən öncə özüm də onunla tanış olmalıyam. Doğrudur, bəzən olur burada da jurnalist müəyyən ifadələri doğru tuta bilmir. Bir daha deyirəm ki, mən bu müsahibəmdə qərəzli danışmamışam. Mən ümumi siyasi həmrəylik, ümumi siyasi mənafe kontekstindən kənara çıxmamışam.

- Birlik zamanı olduğunu deyirsiniz. Bunu nəyə əsaslanıb söyləyirsiniz? Ölkəmiz üçün hər hansı təhlükə var, ya nədənsə şübhələnirsiniz?

- Heç bir təhlükə yoxdur. Biz hamımız Azərbaycan vətəndaşıyıq. Hörmətli Əli Həsənov da hörmətli Prezidentin fikirlərini çox düzgün şəkildə təqdim və şərh etdi. Hörmətli Prezidentimiz seçiləndə dedi ki, mən hər bir azərbaycanlının prezidentiyəm. Prezidentimiz Yeni Azərbaycan Partiyasının sədridir. Mən Prezidentimiz, partiyamızın dediyi bu sözdən sonra nə haqla deyə bilərəm ki, biz ayrıyıq? Müxalifət də, iqtidar da azərbaycanlılardan ibarətdir və birlikdə olanda güclü oluruq. Mən belə baş düşürəm və bilirəm. Mən nəyə görə burada kiməsə düşmən deməliyəm? Sadəcə, jurnalist mənə keçmişdə olan şeylə bağlı sual verdi və mən də sualdan qaçmadım. Baş verənlərin keçmişdə olduğunu dedim, sadəcə o, “keçmiş” sözünü yazmayıb və ona görə də sözlərimin indikilərə də şamil olunduğu fikri yaranıb. Mən hazırkı deputat yoldaşlarımdan çox razıyam. Bu şəxslərin hamısı sağlam insanlardır. Açığını desəm, onların hamısı yüksək hörmət etdiyim insanlardırlar. Heç vaxt qərəzli adam olmamışam. Mənim üçün yalnız Azərbaycan və azərbaycanlılar, dövlətim və xalqım var.

- Sizin bəyanatınız, eləcə də Siyavuş Novruzovun eks-nazirlərlə bağlı sərt açıqlamasından sonra sosial şəbəkələrdə bir sıra fikirlər yayılmağa başladı. Belə təəssürat yarandı ki, YAP-ın daxilində hansısa fikir ayrılıqları var...

- YAP-ın daxilində heç bir çəkişmə, yaxud fikir ayrılığı yoxdur. Siyavuş müəllimin dediklərindən mənim xəbərim yoxdur. Belə çıxır ki, o da mənimlə eyni zamanda müsahibə verib. Bu gün gecə saatlarında Bakıya gəlmişəm və açığını desəm, Siyavuş Novruzovun müsahibəsini oxumamışam, sadəcə kimlərdənsə nəsə fikirlər eşitmişəm. Bu, Siyavuş müəllim öz fikridir. Novruzovun da, mənim də tək məqsədimiz dövlətçilikdir. Biz hər zaman milli mənafelərdən danışırıq. Bilirsiniz ki, mən parlamentdə o qədər də çox danışmıram. Daha çox öz sahəm üzrə - kənd təsərrüfatı, iqtisadiyyat üzrə danışıram və siyasətə o qədər də girişmirəm. Belə deyək ki, buna o qədər ehtiyac da olmur. Yenə də deyirəm dövlətimi, xalqımı sevən adamam və bu dövlətin qurulmasında mənim əməyim var. İndi mən nəyə görə xalqı ayırmalıyam? Məni tanıyan hər kəs bilir ki, mənim üçün regionçuluq deyilən bir şey yoxdur.

- Siz həm YAP-ın İdarə Heyətinin üzvüsünüz, həm parlamentin ən qocaman millət vəkillərindən birisiniz, həm də parlamentdə partiyanızı təmsil edən deputatlar arasında böyük nüfuzunuz var. Siyavuş Novruzovun eks-nazirlərlə bağlı kəskin tənqidi var, üstəlik, bəzi deputat yoldaşlarınız hətta bəyan edirlər ki, o şəxslərin etdiklərinin cəzasını biz (deputatların özləri) çəkirlər. YAP-ın deputatı olaraq yaxın gələcəkdə parlamentdə ya təkbaşına, ya da hansısa deputatlar qrupu ilə birgə bu şəxslərə qarşı hansısa araşdırmanın başladılması üçün təşəbbüslə çıxış edə bilərsinizmi?

- Çox sağ olun ki, belə bir sual qoydunuz. Hər deputatın özünün fikri var və azad şəkildə fikir söyləyə bilər. Yenə də deyirəm ki, ölkəyə yeni gəlmişəm və Siyavuş Novruzovun müsahibəsinin konkret detalları ilə bağlı məlumatlı deyiləm. Ona görə də bu barədə söz deyə bilmirəm. Bir daha deyirəm ki, deputat və ya nazir olmasından asılı olmayaraq, hər birimiz dövlətçiliyimizi, milli mənafeyimizi və milli birliyimizi qorumalıyıq. Bu sözləri havayı yerdən demirəm. Gəlin, bir olaq, birgə olaq, güclü Azərbaycan olaq. Mənim fikrim budur. Kim nə deyirsə, bu onun öz fikridir, bunu yozmaq istəmirəm və bu, doğru da olmaz.

- Bu sözlərinizi dövlətə zərər verən - nazirindən tutmuş ən kiçik məmuruna qədər - istənilən şəxsə qarşı və onunla bağlı hər hansı araşdırmanın başladılmasının tərəfdarı olmağınız kimi başa düşə bilərikmi?

- Mən hər hansı işin başladılmasını söyləmirəm. Məndən də səlahiyyətli şəxslər var, qoy onlar belə işin başlayıb-başlamamasını müəyyən etsinlər. Sadəcə olaraq deyirəm ki, gərək belə şeylər olmasın. Olubsa da və kim bunu deyirsə, bu onun öz fikridir, mən isə başqasının fikrinə müdaxilə etmək istəmirəm. Bir daha bəyan edirəm ki, Siyavuş Novruzovun fikirləri ilə tanış olmamışam. Oxumadığım, bilmədiyim şey haqqında mən necə danışım. Mənim üçün yeganə olan xalqım, onun birliyi, partiyaların birliyi, siyasi birlik, milli həmrəylikdir.
Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik - Əli ƏhmədovAvrasiya.net baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədovun Trend-ə müsahibəsini təqdim edir:

- Əli müəllim, son dövrlərin əhəmiyyətli siyasi meyllərindən biri geniş spektrli siyasi qüvvələrin Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməsindən ibarətdir. Bunun səbəblərini Siz nədə görürsünüz?

- Azərbaycanın inkişafı, uğurlarımız, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan möhtəşəm addımlar göz qabağındadır. İnsanlar Prezident İlham Əliyevin siyasətini, onun nəticələrini yüksək qiymətləndirir. Biz bunu əhalinin bütün təbəqələrinin davranışında və baxışlarında hiss edirik. Hesab edirəm ki, dediyiniz geniş spektrli siyasi qüvvələrin hökümətin siyasətini dəstəkləməsi ilk növbədə bununla əlaqədardır. Onlar bununla dövləti, dövlətçiliyi partiya maraqlarından üstün tutduqlarını nümayiş etdirirlər. Mahiyyət etibarilə, Yeni Azərbaycan Partiyası onlarla siyasi rəqib olsa da, dövlətçilik maraqları naminə vahid mövqe nümayiş etdirilməsini alqışlayırıq.

Başqa bir səbəbi də vurğulamaq olar. Prezident İlham Əliyevin dövlət maraqlarının ən yüksək səviyyədə ifadə olunmasına və həyata keçirilməsinə yönəldilmiş siyasəti eyni zamanda həmin maraqlar naminə bütün siyasi qüvvələrin birliyini, dialoqunu və əməkdaşlığını həm nəzərdə tutur, həm də mümkün edir. Hakimiyyət milli maraqlar naminə konstruktiv mövqedə olan siyasi partiyaların vahid mövqeyinin formalaşmasını alqışlayır və bu zəmində əməkdaşlığa hazır olduğunu bildirir. Yaxşı haldır ki, siyasi partiyaların böyük bir qismi dediyim bu xətti dəstəkləyir və adekvat cavab verir. Nəticədə müxtəlif siyasi partiyaların ümummilli məsələlərdə vahid mövqeyinin yaranması, səmərəli əməkdaşlığı sahəsində ciddi irəliləyişlər əldə edilmişdir.

- Yeni Azərbaycan Partiyasının bir sıra tanınmış simaları milli maraqlar naminə hakimiyyətlə əməkdaşlıq mövqeyində olan partiyaları, onların rəhbərlərini yumşaq şəkildə desək, qeyri-səmimilikdə suçlayır, onları hətta düşmən adlandırmaqdan belə çəkinmirlər. Deputatlar Eldar İbrahimovun və Tahir Rzayevin bu məzmunda verdiyi müsahibələr partiyanızın mövqeyidir, yoxsa onların şəxsi mövqeyi?

- Mən qaldırdığınız məsələ ilə əlaqədar partiyamızın mövqeyini yuxarıda bildirdim. Bu gün ölkəmizdə həyata keçirilən siyasətdə milli birlik, milli həmrəylik ideyası mühüm yer tutur. Biz bunu sadəcə bəyanat kimi deyil, real siyasət olaraq qəbul edir və həyata keçirilməsi naminə real addımlar atırıq. Həmin fundamental dəyərlər naminə bütün insanların, siyasətçilərin, partiyaların və ya ictimai təşkilatların birləşməsinə nail olmağa çalışmağımız əsas vəzifələrdəndir. Dövlətçilik naminə əməkdaşlıq etdiyimiz hər kəsə və hər bir siyasi partiyaya hörmətlə yanaşırıq, onlara vətənini və dövlətini ürəkdən sevən insanlar kimi baxırıq. Düşünürəm ki, onları qeyri-səmimilikdə suçlamağa heç bir əsas yoxdur və partiyamız kiməsə belə bir səlahiyyət verməyib. Bu gün Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri xalqın elçisidir, onun səsi ilə millət vəkili mandatını qazanıb. Hakim partiya kimi məmnunluğumuzu ifadə etmək istəyirəm ki, xalqın etimadı ilə Milli Məclisdə təmsil olunan ayrı-ayrı partiyaların nümayəndələri ümummilli məsələlərdə, islahatların həyata keçirilməsində Prezident İlham Əliyevi dəstəkləyir. Biz buna İlham Əliyevin yürütdüyü siyasətin bütün xalq tərəfindən dəstəklənməsinin daha bir ifadəsi kimi yanaşırıq. Bu, həqiqətən belədir. Azərbaycan siyasətində uzun illər tanınan həmin adamlar hörmət və nüfuz sahibləridir, partiya rəhbərləridir, ziyalılardır. Onlar əhalinin müəyyən qisminin maraqlarını ifadə edir və ölkəmizdə milli həmrəyliyin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayırlar. Bunu görməmək və qiymətləndirməmək ədalətsizlik olardı.

- Əli müəllim, partiyanın vaxtilə yüksək vəzifə tutmuş keçmiş məmurlara münasibəti necədir?


- Uzun illər Yeni Azərbaycan Partiyasının iqtidarında vəzifə tutmuş bütün keçmiş məmurlara münasibətimiz onların vəzifədə olduğu dövrdəkindən fərqlənmir. Vəzifədə olarkən ciddi səhvlərə yol verdiyinə görə işdən kənarlaşdırılan və haqqında qanuna uyğun olaraq tədbirlər görülənlər istisna olunmaqla. Məmurun istefaya getməsi partiyanın ona münasibətinin dəyişməsi üçün əsas deyil və ola bilməz. İstefaya getmək onun cəzalandırılması deyil. Bizim hər birimiz nə vaxtsa istefaya gedəcəyik. Bunu normal yeniləşmə prosesi kimi qəbul etmək lazımdır və biz məhz belə edirik. İstefaya gedən və ya Milli Məclisə növbəti dəfə deputat seçilə bilməyən keçmiş millət vəkili yenə də bizim yanımızdadır, yenə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğur qazanmasına öz imkanları çərçivəsində dəstək verir. Onların xidmətləri və zəhmətləri də unudulmur. Əgər siz diqqətlə müşahidə edirsinizsə, həmin qəbildən olan insanlar partiyamızın keçirdiyi bütün tədbirlərdə iştirak edir, bizimlə bir sırada dayanır. Söhbət siyasi əqidədən gedir. Vaxtilə vəzifədə olan insanların hər biri Heydər Əliyev ideyalarına, İlham Əliyevin siyasətinə, dövlətə və dövlətçiliyə sadiq insanlardır. İstefaya çıxdıqdan sonra da onların hamısı həmin dəyərlərə sədaqətini saxlayırlar. Onlar bizim əqidə dostlarımız, yol yoldaşlarımızdır. Onlar bu iqtidarın təəssübünü çəkən, qədrini bilən, hər addımda onu dəstəkləyən hörmətli insanlardır.

Onu da demək istəyirəm ki, hər bir iqtidarın gücü həm də onun daxili əqidə birliyində, qarşılıqlı inam və hörmət mühitinin olmasındadır. Biz keçmiş məmurları əqidə və sədaqət baxımından indi vəzifədə olan məmurlardan fərqləndirmirik. Onların hər biri xalqını, dövlətini, dövlətçiliyi və prezidenti yolunda sədaqət və fədakarlıq göstərmiş və göstərən dəyərli insanlardır. Biz bir yerdə daha güclü oluruq.
“ABŞ üçüncü tərəf olaraq çoxdan Cənubi Qafqazda yerləşib”Son zamanlar Türkiyə ilə Rusiya arasında münasibətlər çox yaxşı vəziyyətdədir. Baxmayaraq ki, tarixən bu iki ölkə arasında dəhşətli müharibələr gedib, amma yeni dövrümüzdə proseslər müsbətə dəyişməkdədir. Hər halda görüntü bunu deməyə əsas verir. NATO-nun subyekti olmasına baxmayaraq türkiyənin Yaxın Şərqdə geopolitik prosesləri ABŞ-la deyil, məhz Rusiya ilə birlikdə idarə etmək istəməsi nə ilə bağlıdır? Bəziləri düşünür ki, bəzi xırda səbəblər üzündən Türkiyə, necə deyərlər, NATO-nun səddini aşaraq ABŞ-a xəyanət edir, bəziləri isə belə hesab edir ki, Ərdoğanın rəhbərliyi altında güclənmiş Türkiyə artıq özü qlobal siyasi-hərbi aktyor olmaq əzmindədir və proseslər də buradan qaynaqlanır.

Tanınmış çeçen politoloq Saslanbek İsayevlə bu suallara cavab tapmağa çalışdıq. Buyurun, oxuyun:

- Mənə görə artıq dünyada sabit ittifaqlar yoxdur. ABŞ başda olmaqla böyük dövlətlər və arxalarınca gedən zəif ölkələr yoxdur. Yeni dünya qaydalarına əsasən, necə deyərlər, hər kəs ayağını yorğanına görə uzadır. Bu gün hər bir ölkənin öz milli maraqları var və siyasətini buna görə müəyyənləşdirir. Türkiyə xəyanət etmədiyi üçün bu tərz xarici siyasəti şərh eləmək də yanlışdır. Bu gün dünyamızda güclü və zəif dövlətlər var və onların ortaya qoyduqları özlərinə məxsus davranışları mövcuddur. Türkiyə güclü olmaq üçün çalışır. Məncə bunu çöx uğurla edir və məqsədinə çatacaq.

- Kimlərsə rus qırıcısının vurulmasından sonra soyuqlaşan Türkiyə- Rusiya əlaqələrini daha da pisləşdirmək üçün Rusiyanın Ankaradakı səfirinə sui-qəsd törətməklə müharibə vəziyyəti yaratmaq istədisə də, biz bunun əksini gördük. Hətta bu iki dövlət az qala müttəfiq səviyyəsinədək yaxınlaşdılar. Sizcə bu əlaqələr haradək inkişaf edə bilər, Ankara ruslarla birlikdə Yaxın Şərqdəki maraqlarını qoruya, Suriya, İraq məsələsində Moskvaya güvənə, PKK problemini çözməkdə, iqtisadiyyatını, müdafiə sənayesini gücləndirmək və digər sahələrdə Rusiyadan dəstək ala biləcəkmi?

- Hesab edirəm ki, türk siyasətçilər xarici siyasətdə kimlərəsə güvənmək kimi xəta edərsə, itirən tərəf olacaq. Xüsusilə son 12 il ərzində inam deyə bir şeyin olmadığını bizə Gürcüstan və Ukrayna misalları sübut edib. Türkiyə Rusiya ilə əlaqələrini planlaşdırdığı seviyyədə inkişaf etdirməliidr. PKK kimi terror problemlərini çözməkdə də qərarlı davranması lazım olduğu kimi, Rusiyanın bu cür məsələləri necə həll etməsindən örnək götürə bilər. Əlbəttə, zorakılıq müstəvisində Rusiyadan örnək götürməməlidir. Amma bu bir faktdır ki, terror problemlərinin həlli prosesində Rusiya çox yaxşı təcrübəyə malikdir. Yenə deyirəm, Türkiyə dövlət olaraq bütün hallarda özünə güvənməlidir. Əgər böyük güclərlə uğurlu siyasət qura bilsə, Türkiyə yaxın gələcəkdə digər qlobal siyasi aktyorlarla da istədiyi kimi əlaqə quracaq. Yaxın Şərqə gəlincə, Türkiyə burada gəlir götürməkdən daha çox humanitar siyasət yürüdür. Türkiyənin Yaxın Şərq siyasətinin məğzi terrorun birdəfəlik aradan qaldırılması, İraq və Suriyanın ərazi bütövlüyünün qorunması, sülh və sabitliyin bərqərar olmasından ibarətdir. Bu problemlər həll olunduğu təqdirdə Türkiyə razı qalacaq.

- ABŞ-ın Yaxın Şərqdə möhkəmlənməsinin qarşısını almaq, digər yandan da İran məsələsində fikirləri üst-üstə düşən Ankara ilə Moskvanın yaxınlaşması Azərbaycan torpaqlarının bir vaxtlar elə Rusiyadan dəstək alaraq işğal edən Ermənistanın əsarətindən qurtulmasına səbəb ola bilərmi? Rusiya Türkiyənin təsisi altında Ermənistanı Azərbaycan torpaqlarından çıxmağa məcbur edə bilərmi?

- Türkiyə Qarabağ məsələsində qeyd-şərtsiz Azərbaycanın arxasında durur. Rusiya isə Ermənistanla bağladığı müqavilələrə sadiqdir. Şəxsən mən Qarabağ probleminin sülh yolu ilə həll olunacağına inanıram. Bu səbəbdən də burada güman səsləndirməyim mümkün deyil.

- Rusiyanın cənub sərhədlərində yerləşən müstəqil türk dövlətləri və Rusiya Federasiyası daxilində yerləşən türkdilli respublikaların gündən-günə böyüyərək güclənməsi, Moskvanı Türkiyə və digər türkdilli ölkələrlə daha mehriban davranmağa məcbur edə bilərmi? Bəlkə Putin bunları anladığı üçün türklərlə yaxından əlaqələr qurmağa məcbur olur?..

- İndiki məqamda Rusiya dövləti çox güclüdür. Putin isə hər zaman dövlət maraqlarını qoruduğunu açıq-aşkar dilə gətirir. Bu səbəbdən də Rusiya Federasiyası daxilindəki türkdilli respublikalardan hansısa məsələdə sui-istifadə edilməsi mümkün görünmür. Məncə Rusiya türkləri qalmaqallı məsələlər istisna olmaqla əlaqələrin inkişafında vacib rol oynaya bilərlər. Həm də bu əlaqələr nə qədər çox inkişaf edərsə, hər iki dövlət nə qədər çox problemi dilə gətirərsə, maraqların nə olduğunu açıq-aşkar ortaya qoyarsa və bütün bunları müzakirə edərsə, bir o qədər faydasından yararlanarlar.

- İndiki qarmaqarışıq siyasi münasibətlər prizmasından baxtdğımızda, məsələn, 2023-cü ildə - Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü olacaq – Rusiya – Türkiyə, Rusiya – Azərbaycan və bu ölkələrin əlaqələri fonunda ABŞ – Türkiyə və ABŞ – Azərbaycan münasibətlərini necə şərh etmək olar?

- Mənə görə, ABŞ üçüncü tərəf olaraq çoxdan Cənubi Qafqazda yerləşib. Bölgənin siyasi aktyorları bəyənsə də, bəyənməsə də, bu belədir. Fikrimcə daha 5-10 il ərzində ABŞ indiki şəkildə bölgəyə yerləşməyə davam edərsə, burada real gündəmi də Vaşinqton təyin edəcək. Qalan ölkələr isə gündəmə uyğun addım atacaqlar. Rusiya və Türkiyə artıq burada, necə deyərlər, ABŞ-la birlikdə yaşamağa alışmalıdır. Sizin sualınıza cavab olaraq da, bayaq dediyim kimi, hadisələr ABŞ-ın yaratdığı gündəmə görə dəyişəcək. Əgər ABŞ isətəsə ki, burada sabitlik olsun, olacaq, yox istəmədi, hətta Suriya və İranla münasibətlərinin bənzərinin yaranması da mümkündür. Ən vacibi odur ki, ABŞ bölgə ölkələrindən daha çox, Rusiya və digər böyük dövlətlərlə oynayacağı şahmatın gedişindən asılı olaraq burada siyasi gündəmi yaradacaq.

Vüsal Tağıbəyli
Vaqif Məmişov Patriot TV-yə müsahibə verib - VİDEORusiyanın "Konrad" Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Patriot.TV-yə müsahibə verib.

O, müsahibəsində Rusiyada yaşayan azərbaycanlılar, Azərbaycan diasporası, Azərbaycan hakimiyyətinin, xüsusilə də ümummilli lider H.Əliyevin dünya azərbaycanlılarına qayğı və diqqətindən, onunla görüşlərindən bəhs edib. V.Məmişov həmçinin Azərbaycanın dünyada və regiondakı mövqeyindən, güclənməsindən, ordu quruculuğunda aparılan işlərdən, prezident, Ali Baş komandan İlham Əliyevin dövlət və dövlətçiliyin qorunması istiqamətində əzmkarlığından danışıb.