Cammu və Kəşmir yenidən qurulub - Səfir VanlalvavnaAvrasiya.net Hindistanın Azərbaycandakı səfiri cənab B.Vanlalvavna Cammu və Kəşmirdə bir il ərzində müsbət inkişafla bağlı müsahibəsini təqdim edir.

Hindistan hökuməti tərəfindən keçmiş Cammu və Kəşmir ştatının yenidən qurulması ilə bağlı verilən qərardan bir il keçib. Hökumətin bu qərarının arxasındakı səbəbinin nə olduğunu deyə bilərsiniz?

Hindistan hökuməti 5 avqust 2019-cu il tarixində Cammu və Kəşmir ştatını Cammu və Kəşmir İttifaq Əraziləri (J&K) və Ladax olaraq yenidən qurmaq qərarına gəldi. Bu qərar yaxşı idarəetməni inkişaf etdirmək və hərtərəfli sosial-iqtisadi inkişafı iki ittifaq ərazisinin insanlarına çatdırmaq məqsədi ilə həyata keçirildi. Bir il ərzində Hökümət tərəfindən görülən müxtəlif səylər bölgədəki insanların həyatında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklər edib.

Son bir il ərzində baş verən ən mühüm dəyişikliklər barəsində danışa bilərsiniz?

Qanunvericilik tərəfindən həyata keçirilən ən mühüm dəyişikliklərdən biri, keçmiş Cammu və Kəşmir ştatlarının Hindistanın qalan digər hissəsi ilə vahid halda birləşdirilməsidir. Bununla, Hindistanın digər bölgələrində tətbiq olunan və qadınlar və uşaqlar da daxil olmaqla imtiyazı alınmış bir sıra qrupların sosial, iqtisadi və siyasi hüquqlarının qorunması və təbliği üçün nəzərdə tutulan bütün qanunların Cammu və Kəşmirin İttifaq Ərazisində (UT) tətbiq olunduğunu nəzərdə tuturam. Bununla, sadəcə İttifaq ərazisində qadınlara və uşaqlara dəstək olunmadı, eyni zamanda bütün əhaliyə fayda verən İdarəetmədə şəffaflıq və məsuliyyətliliyə səbəb oldu. Əslində, Cammu və Kəşmir İttifaq ərazisində 100-dən çox akt çağdaş və müasir dövrə uyğunlaşdırılması üçün dəyişdirilmişdir. Bu müddət ərzində Hökumət bənzərsiz və misli görünməmiş bir sosial yardım proqramı həyata keçirdi, burada 36 İttifaq Naziri Cammu və Kəşmir ərazisində 50-dən çox məkan ziyarət etdi və son bir ildə 200 layihənin açılışını etdi.

Uşaqların və qadınların bu dəyişikliklərdən necə faydalandıqlarını izah edə bilərsiniz?

Az öncə qeyd etdiyim kimi, dəyişikliklər Mərkəzin bütün qanunlarının Cammu və Kəşmir İttifaq ərazisində tətbiq edilməsinə imkan verdi. Uşaqlara xas olan, 2019- cu il Pulsuz və Məcburi Təhsil Hüququ Aktı son bir il ərzində Cammu və Kəşmirdə tətbiq olunur. Bu, Cammu və Kəşmirdə yaşayan uşaqların 14 yaşına qədər təhsillə təmin olunduğunu göstərir. Həmçinin, 2015-ci il Uşaq Ədalət Aktı, (Uşaqları qorumaq və onlara qayğı göstərmək) Cammu və Kəşmir İttifaq Ərazilərində tətbiq olunmağa başladı. Qadınlar üçün, 2005- ci il Qadınları Məişət Zorakılığından Qoruma Qanununun Cammu və Kəşmiri əhatə etməsi qadınlara səlahiyyət verərək onları istismar və təhlükədən qorudu.

Siyasi hüquqlardan bəhs etdiniz. Bununla, nəyi bildirmək istəyirsiniz?

İlk dəfə 24 oktyabr 2019-cu il tarixində Pançayati Rac (Yerli Özünü İdarəetmə) adlandırdığımız II səviyyəli Blok İnkişaf Şuralarına seçkilər keçirildi. Seçkilər 98 faizdən çox seçicinin iştirak etdiyinin şahidi oldu və qadınlar özləri üçün ayrılmış yerlərdə seçildi və bu, onlara əsas siyasətdə rol oynamağa imkan yaratdı. Kənd şuralarının funksiyaları və maliyyələri də son bir ildə gücləndirilmişdir. Son bir il əzrində kənd şuralarına 200 milyon ABŞ dolları dəyərindən yüksək bir məbləğin köçürülməsi buraya daxildir.

Cammu və Kəşmirin yenidən qurulması kənd yerlərinin inkişafına necə təsir etdi?

Hökumət, həmçinin 2019-cu ilin noyabr ayında 'kəndə qayıdış' adlı bir proqram təqdim etdi. Bu proqram vasitəsi ilə Hökumət işçiləri hər bir kənd şurasını ziyarət etdi və müxtəlif inkişaf proqramlarını müzakirə etmək üçün iki gün, bir gecə vaxt keçirdi. Bu müddət ərzində kəndlərdə yaşayan insanların rəylərini də toplandı. Nəticə etibarilə, görülməsi zəruri olan 20 mindən çox inkişaf işi xalq tərəfindən müəyyən edildi, onlardan 7000-i artıq icra edilmişdir. Bu yaxınlarda həmçinin Cammu və Kəşmirdə ilk dəfə olaraq Milli Kənd Təsərrüfatı Bazarının onlayn ticarət platformasının açılışı oldu.

İqtisadi fəaliyyətin digər sahələrində baş verən inkişafa dair nə deyə bilərsiniz?

Cammu və Kəşmirdə yüksək keyfiyyətli alma yetişdirilir. Bunun satışını təşviq etmək məqsədilə Kəşmir almaları üçün unikal bazara giriş layihəsi təqdim edildi. Bu, Hindistanın Milli Kənd Təsərrüfatı Kooperativ Marketinq Federasiyası tərəfindən idarə olunan 5 təyin olunmuş bölgədən alma alışı ilə nəticələndi. Bu proqram vasitəsi ilə əkinçilərdən 2020-ci ilin yanvar ayınadək təxminən 10 milyon ABŞ dolları dəyərində olan 15000 metrik ton alma birbaşa alındı ​​və əldə edilən gəlir birbaşa qazanc köçürmə yolu ilə alma yetişdiricilərinə ödənildi. Kəşmir zəfəranını tanıtmaq üçün Pampore şəhərində Beynəlxalq Zəfəran Missiyası nəzdində Beynəlxalq Kəşmir Zəfəran Ticarət Mərkəzi inşa edildi və bu mərkəz Kəşmir zəfəranının toplanmasını, emalını, qablaşdırılmasını və e-auksion prosesini asanlaşdıracaqdır.

Bütün dünyadan sərmayələri cəlb etmək üçün Cammu və Kəşmir 2020-ci ilin yanvar ayında Qlobal İnvestorlar Sammitinin ilk Zirvədən əvvəlki görüşünü Nyu Dehlidə təşkil etdi. Bu müddət ərzində istehsal və məşğulluğun artırılması üçün 14 hədəf sektoru təşkil edildi. Hindistan şəhərlərində də 1,8 milyard ABŞ dolları dəyərində Anlaşma Memorandumun imzalanması ilə nəticələnən təqdimat səfəri təşkil edildi.

Cammu və Kəşmirdə məşğulluğun yaradılması barədə danışdınız. Bu istiqamətdə, təhsil sahəsi də daxil olmaqla hansı addımlar atılır?

Əvvəla, gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə Cammu və Kəşmir Hökuməti birinci mərhələdəki bütün səviyyələrdə sürətlə işə qəbul üçün 10 000 iş yeri elan etmiş və gələcəkdə əlavə 25.000 iş yeri planlaşdırmışdır. Texniki sahədə bacarıqlı olan gənclər arasında məşğulluq imkanlarının artırılması və sahibkarlığın təşviq edilməsi üçün iki İnformasiya Texnologiyaları parkının yaradılması planlaşdırmışdır. Məhsul araşdırması, inkişafı və satışı üçün on iki startap seçilmişdir. Hökumət, həmçinin 70 il ərzində ən böyük əlavəsi hesab olunan 25,000 vakansiyası ilə 50 yeni təhsil müəssisəsi təsis edib. 2 yeni Bütün Hindistan Tibb Elmləri İnstitutu, 7 yeni tibb kolleci, 5 yeni tibb bacısı kolleci və bir dövlət xərçəng xəstəliyi üzrə institut daxil olmaqla 1 milyard ABŞ dolları dəyərində yeni bir sağlamlıq infrastrukturunun qurulması planlaşdırılır. Bundan əlavə, tibb təhsili üçün 1400 tibb / paramedik yer əlavə edilmişdir. Əlavə olaraq, son bir ildə hökumətin müxtəlif təqaüd planlarından istifadə edən 500.000 tələbə ilə Kəşmirli tələbələrin sayında dörd qat artım müşahidə edilib. Hökumət, eyni zamanda Hindistan Texnologiya İnstitutu və Hindistan Elm Təhsili və Tədqiqat İnstitutları kimi önəmli müəssisələrdə Cammu və Kəşmirdən olan 500 tələbəni iki aylıq təcrübə proqramı ilə təmin edəcək. Bununla yanaşı, Cammu və Kəşmirdə İxtiraçılıq, İnnovasiya, İnkubasiya və Təlim üçün iki Mərkəzin yaradılmasına icazə verilib.

Cammu və Kəşmirdə infrastruktur inkişafını sürətləndirmək üçün görülən tədbirlər barədə nə demək olar?

Baş nazirin İnkişaf Paketi çərçivəsində layihələr sürətləndirildi və bu paket çərçivəsində 17 layihə tamamlandı və ya tamamlanmaq üzrədir. Cammu və Kəşmir İnfrastruktur İnkişafı Maliyyə Korporasiyası çərçivəsində 80 milyon ABŞ dolları dəyərində 500-dən çox layihə tamamlandı və təxminən 800 milyon ABŞ dolları dəyərində 2000-dən çox layihəyə icazə verildi. Cammu və Srinaqarın ağıllı və davamlı şəhərlərə çevrilməsi üçün dəyəri 930 milyon ABŞ dollarından çox olan 190 layihə planlaşdırılır. Dəyəri 1,3 milyard ABŞ dollarından çox olan yüngül dəmir yolu tranzit sistemləri iki paytaxtda təsdiqlənib.

Xüsusilə iqtisadi cəhətdən əlverişsiz olan yerlərə yardım göstərmək üçün hökumət tərəfindən hansı tədbirlər görüldü?

Son bir ildə şəhərin yoxsullar yaşayan hissəsinin inkişafı və bərpası üçün 200 min ev təsdiq edilmişdir. Bundan əlavə, 70 il ərzində ilk dəfə olaraq 300.000 yaşayış məntəqəsi elektrik enerjisi və 293.000 yaşayış məntəqəsi isə su bağlantısı ilə təmin edilmişdir. Məktəb uşaqları üçün 800.000 tələbə sağlamlıq kartı verilib. Milli Qida Təhlükəsizliyi Qanununa əsasən, uyğun insanları lazımi qida taxıl məhsulları ilə təmin etmək üçün ‘Bir Millət Bir Ərzaq Kartı’ layihəsinin ilkin mərhələsi başlandı.

Hökumət son bir il ərzində Cammu və Kəşmirdən olan gəncləri idman sahəsinə necə cəlb etdi?

"Khelo Hindistan Qış Oyunları" ilk dəfə olaraq 2020-ci ilin mart ayında Gülmarqda keçirildi. Bundan əlavə, il ərzində Cammu və Kəşmirdə keçirilən müxtəlif idman fəaliyyətlərində 500.000-dən çox gənc iştirak edib və 126.000 gənc təlim məşqləri əldə edib. Hökumət, eyni zamanda hər rayonda qapalı idman kompleksi, hər kənd məclisində uşaq meydançası və Cammu və Srinaqarda beynəlxalq təsis tikməyi planlaşdırır.

COVID-19 pandemiyası Hindistanın digər bölgələri də daxil olmaqla dünyanın müxtəlif bölgələrinə təsir etdi. COVID-19 pandemiyasına qarşı Cammu və Kəşmirdə hansı tədbirlər görüldü?

Cammu və Kəşmir, Hindistanda ortalama nisbətlə müqayisədə təqribən 4 dəfə çox test sayı ilə ən yaxşı performans göstərən ştat/İttifaq ərazilərindən biridir. Ştat /İttifaq əraziləri arasında ilk olaraq COVID-19 xəstəxanalarını təsis etdi və hazırda 20,000 reanimasiya çarpayısı və oksigen aparatları olan 2500 təcrid yatağı daxil olmaqla 60.000 yeni çarpayısı olan 17 xüsusi xəstəxana fəaliyyət göstərir. Srinaqar, Hindistanda COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün ən yaxşı təcrübələri ilə seçilmiş 16 rayon arasında idi. Hökumət, mənfi təsirə məruz qalanlara kömək məqsədilə yardım paketi olaraq 47 milyon ABŞ dolları məbləğində maliyyə yardımı etdi və ölkə daxilində və xaricdə qalan 250.000 Cammu və Kəşmir sakininin təxliyyə edilməsinə köməklik göstərdi.
"Azərbaycan beynəlxalq müstəvidə böyük bir gücə çevrilib"Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov gündəmdə olan aktual məsələlərlə bağlı AzPolitika.info-ya müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Sadiq müəllim, xeyli müddətdir paytaxtda və bir sıra şəhərlərdə sərətləşdirilmiş karantin rejimi davam etsə də, koronavirusa yoluxanların sayı hələ də yüksək olaraq qalır. Bunu Azərbaycanda pandemiya ilə mübarizənin keyfiyyətli təşkil edilməməsi ilə bağlamaq olarmı?

- Əlbəttə, xeyr. Yeni növ koronavirus - COVID-19 infeksiyası, sözün əsl mənasında, bəşəriyyətin bəlasına çevrilib. Yer kürəsinin 213 ölkə və bölgəsində tüğyan edən COVID-19-un yayılmasının qarşısının alınması, virusun təsirinin azaldılması məqsədilə bütün ölkələrdə lazımi addımlar atılsa da, hələki infeksiyanı tam ram etmək mümkün olmayıb. İnkişaf etmiş ölkələrin səhiyyə sisteminin belə aciz qaldığı dönəmdə Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə atıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq, xəstəlik ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl hökumət onun ciddiliyini anladı və dünyada öz sərhədlərini, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Ölkədə qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu. Nəticədə, Azərbaycan COVID-19-la mübarizəni uğurla davam etdirən və müsbət nəticələr qazanan ölkələr sırasında yer aldı.

COVID-19 virusunun vətənimizdə qarşısının alınması istiqamətində görülən tədbirlər əhalinin sağlamlığına və təhlükəsizliyinə hesablanıb. Maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi, yeni laboratoriyaların təcili olaraq alınıb ölkəmizə gətirilməsi və quraşdırılması koronavirusla mübarizəyə inanılmaz töhfə oldu. Karantin dövrü ərzində pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən göstərilən maddi və sosial yardımlar bu xüsusda əhəmiyyətli rol oynadı. Hazırda da bu tədbirlər davam etdirilir.

İyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində Prezident İlham Əliyev deyib: “Bu çətin pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Onu da bildirməliyəm ki, Azərbaycan bu siyahıda yoxdur, biz öz hesabımıza yaşayırıq. Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət”.

Yəni Azərbaycan dünyanın pandemiya dövründə xarici maliyyə dəstəyinə ehtiyacı olmayan ölkələrindən biridir. Çünki bizdə mövcud makroiqtisadi göstəricilər və maliyyə vəziyyəti kifayət qədər dayanıqlıdır. Bunda həm 2014-2016-cı illərdə əldə edilmiş təcrübə böyük rol oynayır, həm ötən müddət ərzində iqtisadiyyatdakı uğurlar əhəmiyyət daşıyır, həm də 2 il öncə, yəni 2018-ci ilin ikinci yarısından başlanılan islahatlar mühüm təsirə malikdir.

Dünyanın digər pandemiya ilə mübarizə aparan ölkələrindən fərqli olaraq dövlətimiz həm pandemiya ilə mübarizə aparır, həm də dövlət milyon yarımdan çox işçinin əmək haqqının əsas hissəsini ödəməyi öz üzərinə götürür, 600 mindən çox aztəminatlı vətəndaşına ayda 190 manat birdəfəlik ödəmə həyata keçirir, ünvanlı sosial yardım alan ailələrin sayını 80 minə çatdırır, 600 minə yaxın işçiyə orta aylıq 712 manat civarında pul ödəyir, heç bir sosial proqramın təxirə salınmayacağını xalqın qarşısında bəyan edir, şəhid ailələri və məcburi köçkünlərə tək bu il 8500-dən çox mənzil vermək hədəfinə doğru inamla gedir, ziyan çəkmiş sahibkarlara kompensasiya ödəyir, işçini ixtisar edən sahibkarı güzəştsiz şəkildə cəzalandırır, müəyyən kateqoriya təhsil haqqı ödəmiş tələbələrin pulunu geri qaytarır, yəni "ağırlıq xalqın yox, onun yanında duran dövlətin çiyinlərinə düşəcək" kimi dərin humanist-sosial prinsipin əsasında fəaliyyət göstərir.

Eyni zamanda dünyanın pandemiya ilə çarpışdığı ağır bir zamanda Azərbaycanın sərhədlərinə xaincəsinə hücum edərək vəziyyəti çətinləşdirmək istəyən Ermənistan kimi mənfur düşmənlə də layiqli mübarizə aparır.

- Söhbət Ermənistanın növbəti təcavüz cəhdindən düşmüşkən, bununla bağlı bəzi məsələlərlə bağlı Sizin də fikirlərinizi öyrənmək istərdik. Əvvəla, necə bilirsiz, bu təcavüzün dəf edilməsində Azərbaycana verilən beynəlxalq dəstəyi yetərli hesab etmək olarmı?

- Bilirsiz ki, ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqda ibarətdir.

Bu günlərdə heç vaxt olmadığı qədər çox güclü beynəlxalq dəstək gördük. İlk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər. Eyni zamanda, ATƏT-də də, Avropa İttifaqında da Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin haqlı və ədalətli möv¬qeyi həmin təşkilatların müvafiq sənədlərində əks olunub. Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, TÜRK PA, GUAM kimi beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın hərbi təxribatını qətiyyətlə qınayan bəyanatlar verilib. 14 iyul 2020-ci il tarixli açıqlamasında Türk Şurasının Baş katibi Ermənistanın artilleriya qurğularından istifadə etməklə Azərbaycanın mülki əhalisinin sıx yaşadığı ərazilərini atəşə tutmasını qətiyyətlə pislədi və Ermənistanın bu təxribatı nəticəsində dünyasını dəyişən şəhidlərin ailələrinə başsağlığı bildirdi. Baş katib Türk Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həlli ilə bağlı mövqeyini bir daha təsdiq edib.

14 iyul 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi bəyanatla çıxış edərək Ermənistan Respublikasının Azərbaycan Respublikasının Tovuz rayonunda hücum cəhdini qətiyyətlə pisləyib. İƏT Baş katibi şəhid olan Azərbaycan hərbi qulluqçularının ailələrinə başsağlığı verib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində tam və qeyd-şərtsiz çıxmasını tələb edən İƏT-in məlum qərar və qətnamələrinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin dəstəkləndiyi vurğulanıb.

Qoşulmama Hərəkatının 18 iyul 2020-ci il tarixli kommünike sənədi isə Ermənistanın iki dövlətin beynəlxalq sərhədində son hərbi təxribatı ilə bağlı 120 üzv dövlətin mövqeyini ifadə edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan silahlı qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə iki dövlətin beynəlxalq sərhədi boyunca hücumu qətiyyətlə pislənib. Qoşulmama Hərəkatının Ermənistan və Azərbaycan arasındakı münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bir daha təsdiq edilib. Qoşulmama Hərəkatına üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyini bildirərək, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək məqsədilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə ediblər.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Baş katibi mülki əhalinin ölümü ilə nəticələnən Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhəd yaşayış mənətəqələrini atəşə tutmasını şiddətlə qınayıb. TÜRKPA-nın Azərbaycan respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəklədiyini bir daha bəyan edib.

GUAM təşkilatı isə sosial şəbəkə hesablarından etdiyi paylaşımlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hücumunu pisləyib və Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını paylaşıb.

Göründüyü kimi, Ermənistanın son hərbi təxribatı, gücdən istifadə etməklə yeni mövqelər ələ keçirmək və yeni təcavüz törətmək cəhdi beynəlxalq təşkilatların diqqət mərkəzində saxlanılıb. Baş vermiş təxribatla bağlı BMT, Aİ, ATƏT-in fəaliyyətdə olan sədri, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrlərinin verdiyi neytral və ümumi sakitləşməyə çağıran açıqlamalar ilə yanaşı, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən QH, eləcə də İƏT və Türk Şurası kimi beynəlxalq təşkilatlar tərəfindən işğalçı ölkəyə münasibətdə birmənalı və qətiyyətli ismarışlar ünvanlanıb.

- Sadiq müəllim, Ermənistanın birdən-birə Tovuz istiqamətində Azərbaycan ərazilərinə təcavüz etmək cəhdinin səbəbləri barədə müxtəlif mülahizələr var. Sizin fikinizcə, bu təcavüz cəhdinin arxasında hansı məqsəd dayanırdı?

- Fikrimcə, Ermənistanın son provokasiyaları yalnız Azərbaycan ərazilərinə qəsd deyil, həmçinin ölkəmizin strateji əhəmiyyətli nəqliyyat və enerji layihələrinə zərbə vurmaq məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri, Cənubi Qafqaz Boru Kəməri (CQBK), Bakı-Tiflis-Ərzurum (BTƏ) qaz kəməri erməni hərbi birləşmələrinin hucum etdiyi Tovuz rayonu ərazisindən keçir. Cənubi Qafqaz Boru Kəməri (CQBK) Türkiyədən TANAP və TAP vasitəsilə Cənubi Avropaya qaz ixracını nəzərdə tutur və bu ilin payızında Avropaya ilkin qazın çatdırılması planlaşdırılır. Hazırda Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi Avropa Komissiyasının ittifaq ölkələrinin enerji təhlükəsizliyi üçün prioritet hesab olunan layihələrdən biridir. Beləliklə, Ermənistanın Tovuz istiqamətində atdığı təxribat xarakterli addımlar birbaşa Avropanın enerji təhlükəsizliyini təhdid edir.

Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışırdı. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Ermənistanın daha çox güvəndiyi KTMT-dən arzuladığı dəstəyi, müsbət cavabı ala bilmədi.

Ermənistanın başqa bir avantürası isə ABŞ Konqresində iflas etdi. Artıq bilindiyi kimi, Azərbaycan əleyhinə düzəliş keçmədi, əvəzində, ilk dəfə, Ermənistan əleyhinə düzəlişlər qəbul edildi. Təbii ki, bu uğursuzluqlar erməni lobbisinin, xüsusilə, “Daşnak” partiyasını təmsil edən ANCA-nı (“Amerika Erməni Milli Komitəsi”) çaşqınlıq və məyusluğa düçar edib.

Digər yandan, Konqres üzvü Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş bilginin ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.

- Erməni təcaavüzünə qarşı ölkədə böyük milli həmrəylik nümayiş etdirildi. Bunu necə qiymətləndirirsiz?

- Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq müəyən qüvvələr, o cümlədən bəzi AXCP üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz. İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi, xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər.

Bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Münaqişənin yarımçıq həlli bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Unutmayaq ki, biz birlikdə güclüyük!

Fərid Mustafayev: “Torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq”İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosassiyasının (ACAE) prezidenti Fərid Mustafayev yaşadığı ölkənin nüfuzlu COPE radiosuna Ermənistan-Azərbaycan münaqişəsi və sərhəddə yaranmış son vəziyyət haqqında danışıb.

Avrasiya.net xəbər verir ki, bu barədə ACAE-dən məlumat verilib.

İspaniyanın Cope radiostansiyasının aparıcısı, Fərid Mustafayevlə söhbətə başlayarkən bunları deyib:

- Neçə illərdir burda (İspaniyada) fəaliyyət göstərirsiz. İdmançı olduğunuzu bilirik. Məşqçi kimi fəaliyyət göstərmisiniz, tələbələriniz dəfələrlə İspaniya çempionu olublar, Avropa çempionatlarında mükafatlar qazanıblar…

- Bəli mən uzun illərdi güləşlə məşğul oluram. Öz bildiklərimi buradakı güləşçilərlə də bölüşmək istədim və burada xeyli güləşçinin çempion olmasına nail oldum. İdmanla məşğul ola-ola həm də biznes sahəsində fəaliyyətə başladım, Azərbaycan İspaniya Mədəniyyət və Ticarət Assossasiyasını yaratdım ki, iki ölkə arasında ticarət və mədəniyyət əlaqələrinin daha da gücləndirək.

- Bu gün Azərbaycan-Ermənistan cəbhəsində baş verənlər sizi nə dərəcədə narahat edir?

- Azərbaycan haqq yolundadır və öz torpaqlarını tələb edir. Biz 30 ildir ki, bu haqsızlıqla üz-üzəyik, dözürük. Artıq buna dözmək fikrimiz yoxdur. Çünki Ermənistan heç bir beynəlxalq razılaşmaya əməl etməyib. BMT-nin işğalçı Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı 4 qətnaməsi var bunların heç birinə riayət olunmuyub. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilən təxribat göstərir ki, onlar öz işğalçı və terrorçu əməllərindən əl çəkməyiblər. Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan vətəndaşları şəhid olublar.

- Azərbaycan cəmiyyəti baş verənlərlə bağlı nə düşünür və hansı addımları atmaq istəyir?

- Azərbaycan xalqı artıq qalxıb ayağa və torpaqlarımızı erməni terrorçularından azad etmək niyyətindədir. Ali baş komandanımızın əmrini gözləyirik. Bütün Azərbaycanlılar müharibəyə hazırdır. Bütün Azərbaycan xalqı bu gün həmrəydir və ölkə başçısı ilham Əliyevin yanındadır. Biz müharibə istəmirik. Lakin lazım gələrsə torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazırıq.
ZİYALI MÖVQEYİ: SAĞLAM İŞGÜZAR MÜHİT OLAN YERDƏ…Vahid Tağıyev: “İmişli rayonuna yeni təyin olunmuş İH başçısı Elçin Rzayev arzuladığımız rəhbərdir. Ona görə də rayonda qısa zaman kəsiyində inam, ümid, sağlam işgüzar mühit, yüksək əhval-ruhiyyə yaranıb"

Həmsöhbətim obyektiv ziyalı mövqeyi, təhsil sahəsində peşəkarlığı ilə tanınan, Qabaqcıl təhsil işçisi, 2019-2020-ci tədris ilində ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülən, İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyevdir. Onun təhsildə uğurlu fəaliyyəti, məsələlərə ədalətli, lazım gələndə cəsarətli münasibəti hər zaman insanlar tərəfindən həm rəğbətlə, həm də müəyyən maneələrlə qarşılanıb. Vahid müəllim son illərdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatların tərəfdarı və təbliğatçısı olaraq bu sahədəki yeniliklərin obyektivlik və şəffaflığa xidmət etdiyini sosial şəbəkələrdə, mətbuatda əminliklə pedaqoji ictimaiyyət və cəmiyyətlə bölüşür. Bir neçə ildir ki, respublika üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müsahibə komissiya sədri kimi fəaliyyəti ona etimadın göstəricisidir. 20 ildən çox müddət ərizində Vahid müəllimi yaxından tanıyan, onun fədakar, şəffaflıq uğrunda mübariz fəaliyyətinə bələd olduğuma görə fikirlərini, əhvalını öyrənmək istədim.

- Vahid müəllim, xoş gördük! Siz pozitiv insansınız. Yay tətiliniz necə keçir?

- Çox sağ olun. Hazırda məzuniyyətdə olsam da hər gün iş yerimlə əlaqələrim olur, demək olar ki, işdən tam ayrılmamışam. Məlum hadisələrlə bağlı nəvələrimlə birgə evdəyəm, vaxtımı onlarla daha çox keçirirəm. Əsas olan odur ki, yaş artsa da sabaha, ədalətin sonda qalib gələcəyinə inamım, iş və yaşamaq ruhum da daim artır.
Hörmətli Böyükağa müəllim, Sizinlə ünsiyyət xoşdur. Dəfələrlə Azərbaycan Təhsil Şurası xətti ilə böyük alim, əziz dostum, rəhmətlik Əjdər Ağayevlə, sizinlə birlikdə İmişli rayonunda təhsilimizin yenilikləri və problemlərinə həsr olunmuş Respublika, zona və rayon səviyyəsində kofranslar keçirmişik.Son illərdə dünya təhsil sferasında axtarışlarınızı, tədqiqatlarınızı izləyir, yazılarınızı oxuyuram, dünyanın qabaqcıl universitetlərinin, təhsil sistemlərinin tədqiqi sahəsində fəaliyyətinizi təqdir edirəm. Yeri gəlmişkən təhsil ictimaiyyətinə doğma olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalına yeni nəfəs verən peşəkar komandanın bir üzvü olduğunuza görə Sizə təşəkkürümü bildirirəm.

- Pandemiya və ermənilərin hücumu nəticəsində gərginləşmiş müharibə şəraiti barədə nə düşünürsünüz?

- Pandemiya bütün dünyanı təlatümə gətirib. Dünya dövlətləri çox böyük sınaq qarşısındadır. Azərbaycan iqtisadi imkanları və dövlət olaraq idarəetmə strukturu ilə belə fövqəladə vəziyyətlərə hazır olduğunu göstərdi. Xüsusilə Prezidentimiz cənab İlham Əliyev uzaqgörən, qabaqlayıcı tədbirlərlə ölkəmizi daha ağır vəziyyətdən qorudu və qoruyur. Böyük və nüfuzlu dövlətlərin bu məsələdə aciz qalması ilə müqayisədə bizdə insan tələfatı, insanlarımızın sosial müdafiəsi diqqətəlayiqdir.
Pandemiya göstərdi ki, bütün həyatını nəfsinin quluna çevirilərək var-dövlət toplayanlar da belə məqamlarda xilas ola bilmir. Ona görə də mənəvi dəyərlərə sahib bir insan olaraq, ətrafına, insanlara dəyər verərək yaşamaq lazımdır. Düşünürəm ki, bütün fəsadları ilə bərabər pandemiya geniş mənada yeni baxış və münasibətlər sisteminin yaranmasını zəruri edir.
Qaldı ki, müharibə şəraiti, son günlər cəbhənin Tovuz istiqamətində düşmənin hücumları və Milli Ordumuzun cavab atəşləri ilə onların geri otuzdurulması gözlərimiz önündədir. Bu hadisə aprel döyüşlərindən sonra Azərbaycan ordusunun gücünü, xalqımızın vətənpərvərlik ruhunu və Prezidentimiz ətrafında sıx birliyini bir daha nümayiş etdirdi. Şəhid olan hərbçilərimizin məkanı cənnət olsun! Onlar bizim qürürumuzdur.
Bu hadisələr hər cürə təxribatlara qarşı ayıq-sayıq olmağın, güclü orduya və vətənpərvərliyə sahib olmanın əhəmiyyətini bir daha qabarıq şəkildə göstərdi, xalqımızın vətənpərvərlik ruhunun, dövlətimizin beynəlxalq nüfuzunun nə qədər yüksək olduğunu bir daha təsdiq etdi.
Müasir texnologiyaların yaratdığı sürətli informasiya dövründə cəbhədə aparılan əməliyyatlarla bərabər informasiya müharibəsinin də getdiyini və proseslərə böyük təsirini unutmamalı, bu həssas məsələnin tələblərini hər bir vətəndaş bilməli, şayiələrə deyil, rəsmi faktlara inanmalıdır. Torpaqlarımızın işğal altında qaldığı hər zaman müharibə qaçılmazdır, hətta labüddür, biz buna hər vaxt hazır olmalıyıq. İndi müasir silahlara sahib, güclü, nizami ordumuz var. Ali Baş Komandanın iradəsi və mövqeyi xalq, ordu və dövlətin birliyi ən böyük gücümüz və qürur mənbəyimizdir.

- Təhsil sistemində hər kəs Sizi uğurlu kadr kimi səciyyələndirir. Mətbuatda şəffaflıq siyasəti barədə yazılarınızı oxuyuruq. Hətta bir dəfə “aylıqsız”, rüşvətsiz fəaliyyət barədə mövqeyiniz haqqında bir müraciətinizi oxumuşdum.

- Düşünürəm ki, ədalət, düzlük və şəxsiyyətyönümlü xarakterə sahiblik ilk növbədə insanın özündə, necə deyərlər canında olmalıdır. Sözsüz ki, düşdüyü mühit, ətraf da ciddi rol oynaya bilir. Bir zamanlar şəffaflıqdan danışmaq asan deyildi, danışanlar isə düzgün başa düşülmürdü. İndi şəffaflıq və korrupsiyaya qarşı mübarizə dövlətin və Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətinin əsas qayəsidir. İdarəetmə sahəsində başlanmış genişmiqyaslı islahatlar, kadr islahatları da bu prosesin dönməzliyinin təsdiqidir. Artıq bunlar genişlənməklə ölkəmizdə öz bəhrəsini verir.
Təhsil sahəsində şəffaflıq və uğurlu islahatlar Mikayıl Cabbarov və Ceyhun Bayramov dövründə başlanaraq davam etdirildi. İlk növbədə nazirlikdə nail olunan şəffaflıq prinsipləri sonrakı mərhələdə müəllimlərin işə təyin olunmasında özünü doğrultdu. Tədricən rəhbər kadrların seçilməsində obyektivliyə çalışıldı. Lakin həmin dövrdə bir çox regionlara, o cümlədən də İmişli RTŞ- nə şəffaflığın gəlib çatmaması, dözülməz vəziyyətin davam etməsi, hər məsələnin şəxsi maraqlara hesablanması dözülməz bir həddə çatmışdı. Rayon təhsil şöbəsində rəhbər vəzifədə işləyərək bunlara qarşı çıxmağım mənə o qədər də asan başa gəlmirdi. Lakin mənə necə münasibət göstərilməyindən asılı olmayaraq uzun illər bu hallara qarşı açıq şəkildə etiraz edirdim. Əlbəttə, həm də Təhsil Nazirliyinin mövqeyinə arxayın olaraq. Əqidəsiz və rüşvətə meyilli insanlar tərəfindən haqqımda informasiyalar rayon icra hakimiyyəti başçısına və digər strukturlara da düzgün çatdırılmırdı. Lakin etiraf etməliyəm ki, keçmiş icra başçısından başqa digər strukturların rəhbərlərindən özümə qarşı həmişə hörmət görürdüm. O zamankı vəziyyətlə barışmazlığım, mənə qarşı münasibətlər elə səviyyəyə çatdı ki, bir dəfə təhsil sistemindən getmək barədə Təhsil Nazirinə müraciət etdim. Hörmətli Ceyhun Bayramov məni qəbul etdi. Bu görüş barədə, təbii ki, əvvəllər danışmazdım, ancaq Ceyhun müəllim indi başqa bir struktura nazir getdiyi üçün deyə bilərəm. Cənab nazirlə bir saata qədər çox səmimi söhbətimiz oldu. Nə qədər yüksək mədəniyyətə, diqqətə, məntiqə və geniş məlumatlığa malik bir insan olduğunu əvvəldən təxmin etmiş olsam da, canlı ünsiyyət zamanı sadəcə heyran qaldım. Onun tövsiyəsi ilə təhsildən getmədim, qalıb işlədim. Xatırlayanlar çoxdur ki, bundan sonra da rayonda mənə təzyiq göstərmək üçün geniş yığıncaq keçirildiyini, sabiq icra başçısının təzyiqlərini qeyd etməsəm, yəqin ki, real mənzərə tam aydın olmaz.
Sonralar İmişli rayon təhsilində yaranmış eybəcər situasiya zamanı həmin başçının təhsil şöbə müdiri vəzifəsini müvəqqəti mənə həvalə edəndə, elə oradaca ona bildirdiyim fikirləri bir neçə gün sonra rayon təhsil şöbəsinin şura yığıncağında bütün məktəb rəhbərlərinə rüşvətsiz aylıq və fəaliyyət barədə rəsmi mövqe olaraq elan etdim. Sosial şəbəkələrdə, mətbuatda da bunları işıqlandıraraq insanlara çağırış edirdim ki, rüşvət verməyin, düzgün əqidə, amalla işləyin. Bu prinsip, yanaşma fəaliyyət zamanı belə də davam etdi. Şöbə müdiri vəzifəsinə daimiləşmək üçün edilən təklifdən imtina etdim, neçə nəfər nazirliyə bu vəzifə üçün göndərilsə də, Təhsil Nazirliyi məsələyə prinsipial yanaşaraq, obyektiv seçim edərək müdir vəzifəsinə layiq olan şəxsi təyin etdi.

- Maraqlıdır ki, İmişlinin keçmiş İH başçısı Vilyam Hacıyev sizi niyə qəbul etmək istəmirdi? Hətta RTŞ-nin sabiq müdiri işdən gedəndə onun vəzifəsi müavin kimi sizə tapşırmayıb. Bu münasibət nəyə görə idi?

Bəzi çox xırdalıqlara getmək istəmirəm. Bu sualın cavabına da əvvəlki suala cavabda müəyyən qədər toxundum. Sadəcə o zaman təhsil şöbəsi tərəfindən ona məlumat çatdırılırdı ki, şəxsi mənafeli fəaliyyətlərinə mane oluram, Təhsil Nazirliyi ilə əlaqələrim var, onlar tərəfindən qəbul olunuram, gələcəkdə ümumi mənafe prinsiplərindən kənar heç bir şəxsi tapşırıqlarını yerinə yetirməyəcəyəm. Necə ki, müdir vəzifəsini müvəqqəti icra etdiyim dövrdə belə də oldu.

- İmişli hadisələrinə - DTX-nın uğurlu əməliyyatına ziyalı kimi mövqeyinizi bilmək istərdim...

- Bəli, bu hadisələrin belə sonluğu əhali tərəfindən gözlənilən və arzuedilən idi. Bunlar ölkədə Prezident tərəfindən elan edilən və korrupsiyaya qarşı aparılan barışmaz siyasətin tərkib hissəsidir. Ölkə rəhbəri dəfələrlə vurğulayır ki, hər kəs düzgün işləsin, məmurlar insanlara qayğı ilə yanaşsın. Toxunulmaz məmur yoxdur. O cümlədən İmişli hadisələri, sabiq başçı Vilyam Hacıyevin çirkin əməllərinin sonu belə də oldu. O, dövlətə, Vətənə, özünə də xəyanət etdi.
Qeyd edim ki, son il yarım ərzində rayon təhsilində şəffaflıq istiqamətində apardığımız işlərin, mübarizəmizin sayəsində bu hadisələrdə təhsilin adının hallanmaması bizi sevindirsə də məsuliyyətimizi daha da artırmışdır.

- Hazırda rayonunuzda vəziyyət, yeni təyinat almış başçınız cənab Elçin Rzayevin fəaliyyəti haqqında müşahidələriniz düşünürəm ki, maraqlı olar.

- Rəhbər haqqında söz demək çox vaxt birmənalı qarşılanmır. Ancaq fikirlərinə əminsənsə demək lazımdır. Digər tərəfdən mənim heç bir vəzifə, şəxsi marağım olmadığı çoxlarına bəllidir. Ona görə də səmimi və obyektiv olaraq deyə bilərəm ki, İmişli rayonuna yeni təyin olunmuş İH başçısı Elçin Rzayev arzuladığımız rəhbərdir. Ona görə də rayonda az zaman kəsiyində inam, ümid, sağlam işgüzar mühit, yüksək əhval-ruhiyə yaranıb. Bu təyinata görə Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq.
Bilirsiniz, hər hansı binanın inşası, yolun çəkilişi müəyyən səbəbə görə ləngiyə də bilər. İnsanlar bunu anlayar ki, quruculuq, abadlıq işləri davam edir, tədricən bu proses hər yeri əhatə edəcəkdir, necə ki də edir. Ancaq insana, insan mənəviyyatı, şəxsiyyətinə dəyər verilən, hörmətlə yanaşılan sağlam mühit bütün məsələlərdən öndə və birinci olmalıdır. Bu məsələdə vaxt anlayışı yoxdur. Belə şəraitdə insan özünü rahat, eyni zamanda məsuliyyətli və yaradıcı hiss edir. Ağıllı insan ona göstərilən etimad və diqqəti böyük məsuliyyət kimi qəbul etməlidir.
Hörmətli Elçin Rzayev İmişli rayonuna İH başçı təyin olunandan sonra rayonda məhz belə bir mühit formalaşmaqdadır. Onunla ünsiyyətdə olan hər bir şəxs yüksək mədəniyyət, diqqət, məsələlərə obyektiv münasibət və ədalətli yanaşmanın şahidi olur. Ünsiyyətdə olanların başçının simasında haqqa, ədalətə inamı yüksəlir. Dövlətə, Prezidentə sevgisi və məhəbbəti daha da artır. Əgər məmur öz şəxsiyyəti, davranışı, vətəndaşlara qayğısı zamanı dövlətin, Prezidentin siması şəklində onlarda məmnunluq hissi yarada bilirsə bu çox ciddi, əhəmiyyətli məsələdir. Müstəqil, müasir Azərbaycan dövləti məmurunun ən başlıca dəyərlərindəndir.
Təhsil işçisi olduğuma görə bu sahə ilə bağlı, tam əmin olduğum bəzi faktları qeyd etmək istəyirəm. Yeni başçı fəaliyətinin ilk günlərində rayon məktəblərinin binalarının vəziyyəti ilə yaxından, şəxsən tanış oldu. Tədris binasının əsaslı təmir olunması və yaxud yenidən inşa edilməsi vacib olan məktəblər müəyyən edildi və aidiyyatı üzrə müraciətlər olundu.
Bilmirəm nə qədər doğrudur bu barədə danışmaq. İmişli RTŞ-nin hazırkı müdiri Ələmdar Quliyev bir il öncə may ayında bu vəzifəyə təyin edilib. Mövcud qaydalara uyğun olaraq rəhbər vəzifələrə bir illik müqavilə ilə təyinat olur. Yeni başçı gələnə qədər sabiq icra başçısı RTŞ müdirinin yenidən təyin edilməsi üçün, nə məqsədləsə Təhsil Nazirliyinə məktub göndərmirdi. Hörmətli Elçin Rzayev rayona İH başçı təyin ediləndən sonra məsələ ilə maraqlandı. Təhsil şöbə müdirinin bir illik fəaliyyəti ilə yaxından tanış oldu, araşdırma apardı. Yazılı şəkildə geniş bir hesabat materialı alaraq təhlil etdi. Yalnız ondan sonra onu yenidən təhsil şöbəsinə müdir təyin olunmasını məqsədəuyğun hesab etdi.
Son 30 il ərzində mən bir ziyalı kimi rayona rəhbərlik edən birinci şəxslərin fəaliyyəti haqqında məlumatlı olmuşam, onlarla hansı formadasa ünsiyyətim olub. Kadrlar necə təyin edilirdi, insanlarla ünsiyyət necə aparılırdı kimi məsələləri müşahidə etmişik. Bu illər ərzində təhsil şöbəsinin geniş fəaliyyəti haqqında yuxarı icra strukturlarına yazılı hesabatı həmişə mən hazırlamışam. İnanmıram ki, əvvəlkilər o hesabatları nə vaxtsa vərəqləyib, tanış olub...Ancaq yeni təyin olunan icra başçısının məsələ ilə ətraflı, obyektiv və güzəştsiz tanış olaraq təmənnasız qərar verməsi rayonda ilk dəfədir müşahidə edilir. Sonda isə ədalətli və obyektiv qərar məmnunluq hissi ilə bərabər, ciddi məsuliyyət də yaradır.
Məsələlərə belə bir münasibət Respublika Prezidentnin mövqeyi, insanların çoxdankı istəyi və həmişə arzuladığımız rayon rəhbəri obrazıdır.

- Bu maraqlı söhbətin sonunda başqa nə demək istərdiniz?

- Hamımız lazımınca qiymətləndirib və dəyərləndirməliyik ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolundadır. Hər birimiz məsuliyyət və səmərəli fəaliyyətimizlə bu prosesin fəal iştirakçısı olmalıyıq. İndi həmişəkindən daha çox həmrəylik tələb olunur. Pandemiya təhlükəsinin yaratdığı vəziyyət ümumi inkişafa mane olur. Bütün məsələlərdə, xüsusilə təhsil sahəsində ciddi problemlər yaradır. Tərbiyə, təhsil elə bir sahədir ki, fasiləni heç sevmir və fəsadları isə gec aradan qalxır. Arzu edirik ki, tezliklə həyat öz məcrasına düşsün. İqtisadi inkişafımız, cəbhədə qələbələrimiz xalqımızı sevindirsin. Həmsöhbət olduğunuz üçün təşəkkür edirəm!


Müsahibəni apardı: Böyükağa MİKAYILLI
“Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir”Ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir. Hansı ki, bu mübarizədə QHT-lərin də yaxından iştirak etdiyi, məlum mübarizəyə böyük əmək verdiyi göz önündədir.

Moderator.az olaraq Azərbaycan Respublikasının Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbudla söhbətimizdə QHT-lərin bu yöndəki fəaliyyətini şərh etməklə yanaşı, media-QHT əməkdaşlığı kimi məsələlərə də diqqət yetirməyə çalışdıq.

- Elməddin müəllim, bildiyiniz kimi, bir neçə aydır ki, ölkəmzidə pandemiyaya qarşı ciddi mübarizə aparılır. Sizcə vətəndaş cəmiyyəti institutları bu mübarizənin hansı nöqtəsində yer alır? Onların pandemiyaya qarşı mübarizəsi nə dərəcədə əhəmiyyətli və effektivdir?

- COVID-19 pandemiyası gözlənilməz və ilk dəfə olaraq rastlaşılan qlobal miqyaslı təhlükə, bəla olduğundan ona qarşı cəmiyyətin bütün strukturlarının, əhalinin bütün təbəqələrinin mübarizə aparması zəruridir. Bildiyimiz kimi ÜST mart ayında bu infeksiyanı rəsmən pandemiya elan etdi. Bir neçə aydır ki, Azərbaycan Respublikasının prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan geniş miqyaslı mübarizə tədbirləri həyata keçirilir. Cənab prezident çıxışlarında bildirib ki, hər bir şəxsin pandemiyaya qarşı mübarizədə səfərbər olması vacibdir. Hər bir vətəndaş müvafiq qaydalara riayət etməli, eyni zamanda koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməlidir. Mediadan və sosial şəbəkələrdən izlədiyiniz kimi ölkənin vətəndaş cəmiyyəti institutları dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyi təmin etmək üçün ilk gündən etibarən aktiv fəaliyyət göstərirlər. Çünki bu qlobal təhlükəyə qalib gəlmək üçün yalnız dövlətin həyata keçirdiyi tədbirlər yetərli deyil. Vətəndaş cəmiyyəti institutları bu məsələdə mühüm rola malikdirlər. Mart ayının etibarən Şura QHT-lərin pandemiyaya qarşı mübarizə tədbirlərinə səfərbər edilməsi üçün davamlı şəkildə fəaliyyət göstərir. Martın 25-də Şura sədri Azay Quliyev Şura üzvlərinin və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdiyini bildirdi, həmçinin bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırdı. Məndə olan məlumata görə indiyədək 100-dək QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif məbləğdə ianə köçürüb. Şura martın 27-dən etibarən Real TV-lə birlikdə “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyasına başladıb. Bu kampaniyaya qoşulan yüzlərlə QHT koronavirus pandemiyası ilə bağlı vətəndaşların məlumatlandırılmasında, karantin rejiminə əməl edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işində yaxından iştirak etdi. Aprelin 2-də isə Şura koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirdi. Konfransda bir sıra mühüm qərarlar qəbul olundu. Aprelin 4-də QHT və media nümayəndələrindən ibarət İctimai Qərargah formalaşdırıldı. Şura hazırda da COVID-19 pandemiyası ilə mübarziə çərçivəsində onlayn konfranslar, görüşlər və iclaslar təşkil edir. Bu toplantılarda qəbul olunan qərarlar ciddi icra olunur. Həmçinin, QHT-lər də vətəndaşlara psixoloji dəstək və sosial yardımların göstərilməsini imkanları daxilində etdirirlər. Şuranın təşəbbüsü və rəhbərliyi ilə QHT-lərin ötən müddət ərzində bu sahədə gördüyü işlərin hamısı sadalasam bu müsahibə yox, uzun bir məqalə alınar.

Pandemiyaya qarşı mübarizədə ilk növbdə görülməli olan iş maarifləndirmə işidir. Əhalinin maarifləndirilməsi məsələsi çox vacibdir. Birincisi, insanlar bilməlidir ki, pandemiyanın doğurduğu təhlükə nədən ibarətdir? Bu, onlar üçün hansı təhlükəni yaradır? İkincisi, bu təhlükədən qorunmaq üçün nələri etmək lazımdır? Hansı gigiyenik normalara əməl etmək lazımdır? Həyat tərzimizə nələri əlavə etməliyik? Üçüncüsü, karantin rejimində qaydalara əməl etməyəcəyimiz təqdirdə nələrlə rastlaşacağıq? Karantin rejimi hansı səbəbdən tətbiq edilib?

Bunları əhaliyə izah etmək üçün ciddi maarifləndirmə işi aparmaq lazımdır. Bunu isə vətəndaş cəmiyyəti institutları, QHT-lər və media həyata keçirir. Bu baxımdan vətəndaş cəmiyyətinin iki mühüm komponenti olan QHT və medianın əməkdaşlığı zəruridir.

- Elməddin müəllim, pandemiyaya qarşı mübarizədə QHT və medianın birgə iştirak etdiyi hansı mühüm tədbirləri qeyd edə bilərsiniz?

- Öncə onu qeyd edim ki, proses yeni başlayanda cənab prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin hamısına çağırış etdi. Onları dövlətin koronavirusa qarşı mübarizə tədbirlərində yaxından iştirak etməyə, bu yöndə səfərbər olmağa səslədi. Bundan sonra yüzlərlə QHT bu prosesdə fəal şəkildə iştirak etməyə başladı. Bir məsələni xüsusi qeyd edim ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə başladığı ilk gündən QHT-lər cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına adekvat, çox həssas reaksiya verdilər. Şuranın rəhbərliyi ilə həyata keçirilən və bu gün də davam etməkdə olan ictimai kampaniyalarda, yardımlaşma aksiyalarında və digər fəaliyyətlərdə ürəklə, üzərlərinə düşən məsuliyyəti dərk edərək qoşuldular. QHT-lər dövlətçilik mövqeyindən çıxış edərək cənab prezidentin ümumi bəlaya qarşı həyata keçirdiyi kompleks tədbirləri birmənalı və fəal şəkildə şəkildə dəstəklədilər. Buna görə QHT-lərə təşəkkürümüzü bildiririk.

Şuranın COVID-19 pandemiyası ilə mübarizə sahəsində atdığı ilk addımlarından biri də REAL Tv ilə birlikdə “Evdə qal,cəmiyyəti qoru” ictimai maarifləndirmə kampaniyasını keçirməsi idi. Bu ictimai kampaniya qlobal təhlükəyə qarşı QHT-lərin media ilə birgə ümumi mübarizədə səmərəli əməkdaşlığının təşkil olunması ilə bağlı atılan mühüm bir addım idi.

Şuranın REAL TV ilə birgə keçirdiyi bu kampaniyası çərçivəsində karantin rejiminin qaydalarına riayət etməklə 50-dək QHT təmsilçisi Abşeron yarımadasının müxtəlif ərazilərində oldular. Bu tədbirlərin bir çoxu Real TV-də canlı şəkildə yayımlandı. Hər biri haqqında geniş reportajlar verildi. Monitorinqlər zamanı QHT-lər həm vətəndaşları maarifləndirdilər, həm də onlara spirt, maska və digər dezinfeksiyaedici vasitələr payladılar.

Eyni zamanda bildirim ki, Şura sosial media paltformasından da fəal şəkildə istifadə edən qurumlardandır. Mütəmadi olaraq Şuranın feyzbuk, tvitter və yutub sosial şəbəkələrindəki hesabları vasitəsi ilə canlı yayımlar təşkil edir, həmçinin keçirdiyimiz digər ictimai kampaniyalar, tədbirlər barədə ictimiayyəti məlumatlandırır və vətəndaşları maarifləndirməyə çalışırıq.

Şura aprelin 7-dən etibarən Real TV-lə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başladı. Kampaniya çərçivəsində QHT rəhbərlərinin, mütəxəssislərin və digər tanınmış şəxslərin iştirakı ilə Şuranın rəsmi feyzbuk səhifəsində canlı yayımda müxtəlif mövzularda ictimai müzakirələr təşkil olundu. Bu çərçivədə“Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma”, "Koronavirusla bağlı tibbi maarifləndirmə", "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri", "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar", "Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş", "Mədəniyyət və incəsənət xadimləri ilə görüş" və digər mövzularda onlayn konfranslar, ictimai müzakirələr təşkil edilib. Bu ictimai kampaniya çərçivəsində keçirilən tədbirlərin hər birində xeyli sayda media nümayəndəsi də iştirak edib. Şuranın təşkil etdiyi bu tədbirlərin hər biri onlarla media resursunda, o cümlədən yüzlərlə sosial şəbəkə hesablarında işıqlandırılıb. Cəmiyyətin ümumi rifahı və ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün QHT-lərin gördüyü işlərdə yaxından iştirakına və böyük dəstəyə görə KİV bir daha təşəkkürümüzü bildiririk.

Ümumilikdə isə hər bir şəxs bunu bilməlidir ki, biz koronavirus infeksiyasını nə qədər ciddiyə almayacayıqsa, bu təhlükə bir o qədər böyüyəcək və bizi həm fərdi qaydada, həm də cəmiyyət olaraq daha çox üzəcək. Koronavirus pandemiyasına yoluxanların sayı artdıqca, cəmiyyət olaraq bundan zərər görəcəyik. Vətəndaşlar müvafiq qaydalara, özünütəcridlə bağlı tövsiyələrə riayət etmədikcə məcburiyyət üzündən tətbiq olunan sərt karantin rejiminin müddəti uzandılmalı olacaq. İqtisadiyyatımız bundan zərər görməkdə davam edəcək. Ən önəmlisi isə odur ki, pandemiya insanlarımızın həyatına son qoymaqda davam edəcək. Ona görə pandemiyanın tezliklə başa çatması yalnız dövlətimiz üçün yox, həm də bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bu cəhətdən Şura da mühüm ictimai institut olan QHT-ləri ümumi təhlükəyə qarşı mübarizə məqsədi ilə konsaldasiya edərək həm televiziyaların, həm internet saytlarının, həm də sosial medianın imkanlarından istifadə edərək vətəndaşları maarifləndirməyə çalışır.

- Koronavirusa qaşrı mübarizə tədbirləri çərçivəsində regionlarda necə, hansısa tədbirlər təşkil edildimi?

- Regionlara səfər bildiyiniz kimi yalnız xüsusi qayadalar çərçivəsində mümkündür. Ciddi məhdudiyyətlər var. Ancaq regionlardakı QHT-lər də Şuranın onlayn konfrans və iclaslarına qatılır və qəbul olunan qərarların icrasına aktiv iştirak edirlər. Məlumat üçün bildirim ki, 5 regionda QHT-lərin Resurs və Təlim Mərkəzləri fəaliyyət göstərir. Bunlar Şirvan, Mingəçevir, Quba, Qəbələ və Şəmkirdə yerləşir. Resur və təlim mərkəzləri regional QHT-lərin fəaliyyətini koordinasiya etməklə onların yerlərdə maarifləndirmə və yardımetmə işinə dəstək olurlar.

- Pandemiyaya qarşı mübarizədə media və QHT-lərin birgə əməkdaşlığını nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?

- Bu, olduqca mühüm önəm kəsb edən bir məsələdir. Bu səbəbdən aprelin 18-də Şuranın təşəbbüsü və Mətbuat Şurasının yaxından iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasıyla mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans keçirilib. Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin tanınmış media qurumlarının və QHT-lərin rəhbərləri iştirak edib. 300-dək QHT və media nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məruzə ilə çıxış edərək birgə əməkdaşlığın vacibliyi və prioritetlər barədə fikrilərini bildiriblər.

Konfransın yekununda cənab prezidentə ünvanlanan müraciətdə ölkənin yüzlərlə QHT və media nümayəndəsi dövlət başçısının rəhbərliyi ilə COVID-19 infeksiyanın qarşısının alınması üçün atılan addımların nəticəsində xalqımızın bu böyük bəladan tezliklə xilas olacağına inamını ifadə edib. Konfrans iştirakçıları həmçinin, anti-Azərbaycan siyasəti həyata keçirən xarici dairələrin alətinə çevrilən margianl siyasi quruplara kəskin etiraz edərək dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyədiyini, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Hamımız bilirik ki, yalnız Azərbaycanda deyil, kiçik istisnaları çıxmaqla bütün dünyada insanların hazırda əsas və operativ informasiya və kommunikasiya vasitəsi sosial şəbəkələrdir. Sosial şəbəkələrin strukturu, orada fəaliyyət imkanı və xəbərləşmə mexanizmi elədir ki, alternativ, real mənbələr olmasa yüzminlərlə izləyici hansısa informasiya manipulyasiyasının, dezinformaya maşınının qurbanına çevrilə bilir. Bu cəhətdən həm informasiyanın düzənli, doğru bir şəkildə, insanların inanacağı formada, davamlı, operativ şəkildə təqdim etmək, həm də cəmiyyəti yanlış istiqamətdə yönəltmək, ictimai rəyi dövlət maraqlarımızın əksinə formalaşdırmaq cəhdlərini zərərsizləşdirmək vacibdir. Bu cəhətdən QHT-lərin və media qurumlarının, sosial mediadakı nüfuz liderlərinin bu istiqamətdə əlaqəli və çevik fəaliyyəti mövcud potensialdan daha optimal istifadə baxımdan vacibdir.

- QHT-lərin koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha hansı addımlar atması planlaşdırılır?

- Məlumat üçün bildirim ki, QHT-lər də aprel və may aylarında dövlət qrantları olmadan vətəndaşların maarifləndirilməsində, həssas təbəqədən olan insanlara psixoloji və ərzaq yardımların göstərilməsində böyük fəallıq göstərdilər. Ölkənin regionları da daxil olmaqla minlərlə ailəyə ünvanlı şəkildə ərzaq yardımları göstərdilər. Maarifləndirici proqramlar təşkil etdilər. Gigiyenik vasitələr payladılar. Mediada aktiv şəkildə çıxış edərək dövlətin həyata keçirdiyi tədbirlərə ciddi ictimai dəstək verdilər.

Şura 2020-ci ilin martın 5-də 26 dövlət qurumları ilə birlikdə təşkil etdiyi qrant müsabiqələrinin nəticələrini elan etdi. Məlum səbəblərdən Şura Katibliyi ötən iki ay müddətində işə çıxmadı, məzuniyyətdə oldu. Mayın 31-dən Şura Katibliyi işə çıxandan sonra qalib QHT-lərlə qrant müqavilələrinin imzalanmasına başlanılıb. Artıq onların böyük bir qismi ilə - 400-ə yaxını ilə SƏLİS müqavilə imzalanıb. Məlumat üçün bildirim ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir. SƏLİS müqavilələrin imzalanması prosesi hazırda da davam etməkdədir. Bu layihələrin böyük qismi məhz koronavirusla mübarizəyə həsr olunacaq. Çünki Şura mövcud vəziyyətdən çıxış edərək QHT layihələrinin çox hissəsini pandemiyaya qarşı mübarizə tədbirləri istiqamətində dəyişdirib. Vətəndaşların maarifləndirilməsi, onlara ərzaq və psixoloji yardımların göstərilməsi, informasiya təxribatlarının qarşısının alınması və s. Çox yaxşı olardı ki, media qurumları bu tədbirlərdə QHT-lərlə birlikdə birgə iştirak edərdilər. Tutaq ki, bir QHT 50 ailəyə yardım göstərəcək. Yardım hansı məbləğdə maliyyəni əhatə edir, kimlərə verilir, harda verilir – bütün bunları QHT ilə yanaşı medianın da ictimaiyyətə geniş şəkildə təqdim etməsi arzuediləndir. Dövlət başçısı çıxışlarında dəfələrlə ictimai nəzarətin önəminə diqqət çəkib, bunun zəruriliyinə toxunub. Ona görə də QHT-lərin və meda qurumlarının bütün sahələr üzrə birgə ictimai monitorinqləri artırması faydalı olardı.

Şura bu gündən başlayaraq Real Tv ilə birlikdə yeni ictimai maarifləndirmə kampaniyasına start verəcək. QHT-lər hörmətli media nümayəndələri ilə birgə paytaxt və yaxın ərazilərdə monitorinqlər təşkil edəcək, vətəndaşlara yeni növ koronavirus infeksiyasına yoluxmamaq üçün gigienik qaydalara ciddi riayət edilməsinin vacibliyini təbliğ edəcək, eyni zamanda onlara müvafiq dezinfeksiyaedici vasitələr paylayacaqlar. Kampaniya çərçivəsində karantin rejiminin pozulması halları ilə bağlı ictimia qınaq da olunacaq. Bu kampaniya bir neçə istiqaməti əhatə edəcək. Bununla bağlı ictimaiyyətə ətraflı açıqlamamız olacaq.

Pandemiyanın nə vaxt başa çatacağı bilinmir. Heç bir beynəlxalq qurum, heç bir dövlət deyə bilmir ki, COVID-19 pandemiyasına hansı tarixdə tamlıqla qalib gələcəyik. Bu baxımdan nə qədər ki, səhiyyə qurumları, hüquq-mühafizə orqanları və dövlətin digər müvafiq strukturları koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirir, QHT-lər də bu müddət ərzində fəaliyyətlərini davam etdirəcəklər.

- Elməddin müəllim, bəzi hallarda Azərbaycandma koronavirusla bağlı vəziyətin dözülməz həddə çatdığı, proseslərin az qala nəzarətdən çıxmaq səviyyəsində olması ilə bağlı əsassız fikirlər səslənir. Sizcə media və QHT-lərin əməkdaşlığı bu cür dezinformasiyalara qarşı mübarizə baxımından da effektli ola bilərmi?

- Şübhəsiz. Sosial medianın Azərbaycan seqmentində son iki həftədə baş verənləri, əsas trendləri izlədikdə bir daha əmin olursan ki, dezinformasiyalara qarşı mübarizə baxımından nəinki sağlam, dövlətçilik mövqeyində olan vətəndaş cəmiyyəti təsisatlarının, hətta bütün vətəndaşların yaxından əməkdaşlığı fəaliyyəti zəruridir.

Biz nəyi müşahidə edirik? Onu görürük ki, bir mərkəzdən ötürülən mesajlarla vətəndaşlara dövlətə, onun müxtəlif strukturlarının fəaliyyətinə inamsızlıq, tabesizlik təbliğ olunur, onlar hüquq-mühafizə orqanları ilə toqquşmağa təhrik olunur. Dövlət qurumlarının qəbul etdiyi qərarların əhəmiyyətsizliyi vurğulanır. Buna qarşı çıxan, dövlətçiliyimizi hədəfə alanlara etirazını bildirən sosial şəbəkə istifadəçiləri isə kütləvi hücumla linç olunur, mənəvi terrora məruz qalır.

Yaxud bir çox hallarda insanlarımıza təlqin etməyə çalışırlar ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyətin guya bütün ölkələrdən ağırdır. Əslində isə heç də belə deyil. Possovet ölkələri içərisində də Azərbaycan bu qlobal bəla ilə mübarizədə ən az itki verən ölkələrdəndir. Əhalisi bizdən dəfələrlə az olan Ermənistanla müqayisədə hər min nəfərə düşən xəstə sayını götürsək görərik ki, ölkəmizdə vəziyyət qat-qat yaxşıdır. Bir milyon nəfərə düşən ölüm sayı Ermənistanda 140, ölkəmizdə isə 18-dir.

Koronavirusa yoluxmadakı son həftələrdə müşahidə olunan yüksəliş halı isə yalnız ölkəmizə aid deyil və bir çox dövlətlərdə özünü göstərir. Əlbəttə ki bunun müxtəlif səbəbləri var. Əlaqədar qurumlar gözlənilməz bəlanı dəf etmək üçün müvafiq işlər görür. Xüsusi ilə tibb işçilərimiz öz həyatları bahasına olsa belə insanların sağlamlığının qorunması üçün böyük fədəkarlıqlar edirlər. Hüquq-mühafizə orqanları da, həmçinin, ilk vaxtdan etibarən var gücləri çalışırlar ki, vətəndaşlar infeksiyaya yoluxmamaq üçün gigiyenik qaydalara, karantin rejiminin tələblərinə əməl etsinlər. Bu cəhətdən diqqətli izləyicilərin müşahidə etdiyi kimi anti-Azərbaycan dairələrin informasiya terroruna qarşı mübarizədə ən aktiv rol oynayan təsisatlardan biri də QHT-lər, onların rəhbərləridir. Təbii ki QHT-lərin bu istiqamətdə aktivliklərini da daha da artırmaqlarına ehtiyac var.

Bu baxımdan indiyədək bu istiqamətdə böyük işlər görən təsisatlardan olan media və QHT-lərin üzərinə yenə də böyük məsuliyyət düşür. Bu iki vacib vətəndaş cəmiyyəti institutnun birgə əməkdaşlığını zəruri hesab edirəm və bir daha bildirirəm ki, Şura bu məsələdə üzərinə düşən hər şeyi etməklə yanaşı müvafiq təkliflərə də açıqdır.
İndi biz bundan maksimum yararlanmalıyıq - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev BakuNews.tv-yə müsahibə verib.

- Fuad müəllim, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə qəbul etdiyi bəyanatına partiya sədri olaraq ilk reaksiya verdiz və bunu alqışladız. Sizcə bu bizə hansı imkanlar verir?

- Biz bəyanatımızda da qeyd etdik ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamentinin rəsmiləri ilk dəfə birgə sənəd qəbul ediblər. Bu sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Ermənistan üçün bu gözlənilməz idi. İndi biz bundan maksimum yararlanmalıyıq. Hakimiyyət bütün imkanları işə salmalıdır. Mən ümid edir ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq. Çünki BMT-nin məlum 4 qətnaməsi, Avropa Parlamentinin bəyanatı işğalda olan torpaqların azad olunması üçün bizə hüquqi əsas verir.

- Ermənistan üçün gözlənilməz olduğunu geyd etdiniz. Ümumiyyətlə, son bir ay ərzində Ermənistanda hakimiyyət böhranı müşahidə olunur. Paşinyana təzyiqlər güclənir...

- Bir gündə 3 güc strukturunda rəhbər vəzifə tutan şəxslər istefaya göndərirlər. Böhran deyilsə, bəs nədir onda? Bunu karantin rejimin qaydalarının pozulması ilə əlaqələndirdilər. Amma mən hesab edirəm ki, bu belə deyil. Hesab edirəm ki, bir gündə 3 güc struktur rəhbərinin istefası heç də təsadüf deyil.

- Fuad müəllim, son vaxtlar Paşinyanın adı korrupsiya, siqaret qaçaqmalçılığı, silah, narkotik alveri kimi məsələlərində hallanır. Paşinyan hakimiyyətə meydandan gəlib və qısa bir zamanda adı belə işlərdə hallanır. Onun belə 180 dərəcə dəyişməsini necə qiymətləndirərsiz?

- Paşinyanın siyasətçi kimi naşı və təcrübəsiz olduğunu, onun siyasətə “atıldığı” birinci gündən demişəm. Rusiyameyilli güvvələri hakimiyyətdən devirmək üçün, xarici dairələr, o vaxt siyasətçi kimi tanınmamış bir jurnalisti ələ alaraq, siyasətə “atdılar”. Sonradan külli miqdarda pul buraxdılar ki, “parlament inqlabı” etsin. İndi də bu verilən milliyonları qaytarmaq lazımdır. Ona görə də heç də təəccüblü deyil ki, adı silah, narkotik və digər məsələlərdə hallanır.

- Sizin fikrinizcə, bu istefalar və yuxarıda qeyd etdiyiniz məsələlər Paşinyan iqtidarını süquta gətirib çıxara bilərmi?

- Hər şey ola bilər. Birincisi, Paşinyan komanda daxili münasibətləri normallaşdırmalıdır. Bu da inandırıcı görsənmir. 3 ay bundan əvvəl təyin etdiyi nazir istefaya gedir. Bu onu göstərir ki, Paşinyan kadr seçimini düzgün edə bilmir və təyin etdiyi adamlar onun istəyilə oturub, durmurlar. İkincisi, Ermənistan müxalifətindən də indi çox şey asılıdır. Müxalifət Paşinyanın komandasındakı narazılıqdan istefadə edə bilsə, onlarla birləşə bilsə onda bu Paşinyanın sonu olacaq. Fikrimcə, Paşinyan bunun qabağını almaq istəyir və müxalifətə qarşı sərt tədbirlər görür.
Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir - MüsahibəAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “BayMedia”ya müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Əli İnsanov bəyan edib ki, ölkəni vəziyyətdən çıxarmaq üçün 4 partiyanın etmad hökuməti formalaşdırmasına ehtiyac var. Siz necə düşünürsünüz?

- Əli İnsanov ahıl yaşında yenidən siyasi hakimiyyətə qayıtmaq istəyir. Siyasi rəqabətin güclü olduğu bir zamanda özünə diqqəti cəlb etməyin başqa yolunu tapa bilmir. Yəqin fikir verdinizsə, dediklərinə özü də gülürdü. Bu gün Qərbdən siyasi dəstək almaq ümidi ilə Azərbaycanın Avratlantik məkana inteqrasiya olunmasının zəruriliyindən danışır. Amma hakimiyyətdə olarkən Qərb dəyərlərini Azərbaycandan silmək üçün ən amansız möqe sərgiləyən hökumət üzvü olub. Müxalifətə həqarət edən, addımbaşı onu ən pis formada aşağılayan şəxs kimi yadda qalıb. Amma həbs olunandan sonra təhqir etdiklərinin dəstəyini almaq üçün onlardan üzr də istəyib. Bunu dəstək almaq istədiyi Qərb dairələri də bilir. Hakimiyyətdən də Prezidentlə fikir ayrılığına görə getməyib. Dediyinə görə, onunla mehriban şəkildə görüşüb icazə alaraq xaricə gedib, qayıdanda isə həbs olunub.

Bundan başqa ölkədə fövqəladə nə baş verib, hansı böhran yaranıb ki, etimad hökuməti qurulması məsələsi gündəmə gəlsin?! Həm də İnsanovun müəyyənləşdirdiyi partiyalarla. Cəmiyyətimiz inkişaf edib və dəyişikliklər istəyir. Bu dəyişikliklər konstitusion yolla, Prezident tərəfindən islahatlarla həyata keçirilməlidir.

Xalqımız heç zaman bu iqtidarın imtina etdiyi, demokrat çarşabına bürünmüş qisasçılara siyasi hakimiyyətə gəlib ölkəni dağıtmaq şansı verməyəcək.

- Qüdrət bəy, bəlli müsahibəsində Əli İnsanov dolayısı ilə Prezidenti yaxın ətrafına xəyanətdə ittiham edib. Bu məsələyə münasibətiniz necədir?

- Diqqətli vətəndaşlar görürlər ki, Prezident ona xəyanət edənləri, ya da işinin öhdəsindən gələ bilməyənləri vəzifəsindən azad edir, yaxud cəzalandırır. Əslində bəzi hallarda Prezidenti belə məsələlərdə çox gözləməklə bağlı tənqid etmək olar. Əli İnsanov bilir ki, keçmiş komanda üzvləri onu nədə ittiham edir. Ona görə də “adımı sənə qoyum, səni yana-yana qoyum” el məsəlinə uyğun davranır.
"İndoneziyaya Azərbaycanı ürəyimdə aparacağam...”Hüsnan bəy Fanani: “Bir azərbaycanlının sayəsində biz dinə, Allaha iman gətirdik”

4 ildir ki, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani iki dost və qardaş ölkə arasındakı əlaqələrin möhkəmlənməsi və genişlənməsinə çalışıb. Azərbaycanda İndoneziyanı, İndoneziyada Azərbaycanı tanıdıb. Diplomatik fəaliyyət müddəti az olsa da, Azərbaycan və azərbaycanlılara sevgisi böyükdür, tükənməzdir. Elə azərbaycanlılar da onu çox sevir – sadə, səmimi və mehriban bir diplomatı özümüzdən biri hesab edirik. Hüsnan bəy Fanani Azərbaycanda keçirdiyi İndoneziya mədəniyyəti günləri çərçivəsində Azərbaycan mədəniyyətini də təbliğ edib. Sintezatorda ölkəsinin milli musiqilərini ifa edən səfirin, daha sonra “Azərbaycan” , “Sarı gəlin” mahnılarını oxuması, ona Odlar Yurduna, onun sakinlərinə olan sonsuz sevgisinin nümunəsidir. Təəssüf ki, səfir gələn ay bizi tərk edir, ölkəsinə qayıdır.

Bu ərəfədə onunla görüşüb, təəssüratlarını öyrəndik.
“Xalq Cəbhəsi”nin ilk sualı dünyanı vahimə içində saxlayan koronavirusla bağlı oldu. Əhali sayına (270 milyon) görə dünyada dördüncü yerdə olan, Cənub-Şərqi Asiyanın ən böyük adalar dövləti İndoneziyada pandemiyaya qarşı mübarizənin necə aparıldığını öyrəndik.

- Koronavirus bütün dünyaya yayılsa da, bu İndoneziyaya gec çatdı – fevral və martın sonlarında. Amma buna baxmayaraq, virusun qurbanlarının sayı digər ölkələrə nisbətdə çox azdır. Pandemiya ölkələrin iqtisadiyyatına da ağır zərbələr vurub, müəyyən böhran yaşandı. İqtisadi baxımından da İndoneziya Cənub Şərqi Asiyada önəmli yer tutur, iqtisadiyyatın mərkəzi hesab olunur. Pandemiya İndoneziya iqtisadiyyatına da mənfi təsir göstərib, bizim ölkədə iqtisadiyyat dedikdə xalqın iqtisadiyyatı nəzərdə tutulur. Orada bir çox kiçik və orta müəssisələr-təşkilatlar vardır ki, onlar xalq tərəfindən istifadə olunur, böhran orada çalışan işçilərin dayanması deməkdir. Hökumətin qərarından sonra bir çox fabrik və zavodlarda fəaliyyət dayandırıldı, əhalinin bir qismi isə evdə qalmaq məcburiyyətində oldu. Pandemiya ilə mübarizəyə görə, 17500 adadan, 34 əyalətdən ibarət, 570 şəhəri olan İndoneziya zonalara bölünüb – qırmızı, sarı və yaşıl. Qırmızı zona xəstələrin sayının artdığı, əhalinin daha sıx yaşadığı şəhərlərdir, sarı zonada virusa az yoluxanlar, yaşıl zona isə normal həyatın davam etdiyi yerdir. Baxın, Azərbaycanın iri şəhərlərinə giriş, çıxış qadağan olunub. Amma bu qadağanı İndoneziyaya tam tətbiq etmək olmaz. Qadağaların tətbiqi əyalətlərdəki vəziyyətdən asılıdır. Orada əhalinin gəliri, həyatı onların yalnız iş yerlərindən asılıdır. Virusa yoluxanların artım sayına gəlincə, son aylarda bu Cənub Şərqi Asiya ölkələrində də özünü biruzə verdi. Mart ayında İndoneziyaya giriş-çıxış dayandırıldı, xüsusən də paytaxt Cakartaya. Hazırda Cakarta qırmızı zona elan edilib. Digər ölkələrdə olduğu kimi, İndoneziyada virusdan qorunmaq üçün insanlar arasında sosial məsafə saxlamaq və evdə qalmaq kimi qaydalar da tətbiq edilir. Bundan başqa əhaliyə sanitar-gigiyenik qaydalara riayət etmək tövsiyə olunub.

- Cənab səfir, bunu daha çox hansısa supergüclərin əvvəlcədən hazırladığı ssenari və ya bioloji silah olduğu iddiaları da səsləndirilir. Siz necə fikirləşirsiz?

- Mənim fikrimcə, bu məsələdə iki fərziyyə var – birincisi, böyük dövlətlər tərəfindən həyata keçirilən bir ssenaridir. Bu, inandırıcı ola da bilməz. Bu, əsas güc ölkələrinin ssenarisi olsa idi, bu ölkələrdə minlərlə insan virusdan ölməzdi. İkinci ssenari bioloji silahın olmasıdır ki, bu da inandırıcı görünmür. Vyana Konvensiyasına əsasən bioloji silahdan istifadə qadağandır. Bir ehtimal da var ki, bu da dünyanın maliyyə sistemini, iqtisadiyyatını qorumaq məqsədilə kapitalizm tərəfindən həyata keçirilən bir ssenaridir. Elə bir kapitalistlər ki, dünyadakı xalqların inkişafını istəməsinlər. Axı xalqlar inkişaf etdikcə onların maliyyə və maddi baxımdan idarə edilməsində çətinlik yaradır. Zəngin insanların sayının artması onların fəaliyyətlərinə əngəl olur. Çünki kapitalistlər istəməzlər ki, onlardan başqaları zənginləşsinlər. Onlar istəyirlər ki, həmişə başqalarının üzərində ağalıq etsinlər. Digərlərinin zənginləşməsi onların kapitallarının itirmələri ilə nəticələnə bilər. Dünyada əksər qüvvələrin kapitalistləri müdafiə etdiyini də göz önünə almaq lazımdır.

- O zaman bu virus haradan meydana çıxıb?

- Düşünürəm ki, Allahın qəzəbinin nəticəsidir. Bizə bəxş etdiyi həyata görə həmişə Allaha şükr etməliyik. Yalnız Allah bizim üzərimizdən hökmranlıq edə bilər. Hər şeyin müvəqqəti, Allahın daimi olduğunu nəzərə almalıyıq. Həyatımız bur anlıqdır. Dünyanın tanınmışları - Lenin, Linkoln, Vaşinqton, Stalin neçə yaşında vəfat ediblər. Ən yuxarısı 80 yaşında. Məhəmməd Peyğəmbər isə 63 yaşında dünyadan köçüb. O zaman necə ola bilər ki, biz bütün dünyaya hakim olmaq iddiasında olaq. Bəlkə də Allah bizə qəzəblənib, xatırlatma edir. Göstərir ki, mən varam. Birinci dünya müharibəsindən sonra Avropada müəyyən hadisələr baş vermişdi ki, bu, Allahın varlığının göstəricisi idi. Sonra da İkinci dünya müharibəsi oldu, ardınca SSRİ dağıldı, ABŞ-da hadisələr baş verdi. Dünya xəritəsinə baxsanız, nələrin baş verdiyini görmək olar. Yalnız Allahına inanan, ona sığınan, inam gətirən xalqlar xoşbəxt yaşayırlar. Azərbaycan da bu ölkələr sırasındadır. Bura Nuh peyğəmbərin, nəvə və nəticələrinin yeridir. Nizami, Füzuli, Nəsimi, Nəimi və başqa mütəfəkkirlərin məskənidir. Allah Azərbaycana neft bəxş edib, odlar yurdudur bura. Burada Allaha inam, etiqad olduğundan sabitlikdir.

- Koronavirus dönəmindən sonra yeni dünya düzəninin formasını necə görürsüz?

- Koronavirisdan sonra insanlar mehriban olacaqlar. Böyüyə hörmət olacaq, insanlar sağlamlıqlarının qeydinə qalacaq, bir-birlərini incitməyəcəklər. Ölkələr bir-birinə yaxınlaşacaq. İslam ölkələri arasında mehribançılıq yaranacaq. İnsanların əlaqələrini asanlaşdıracaq texniki vəsaitlər ortaya çıxa biləcək. Dünyanın ən ucqar yerində insanlar bir-birləri ilə telefonsuz əlaqə saxlaya biləcəklər. İşqalçı ölkələrin sayı azalacaq, qan tökülməsinə, müharibələrə son qoyulacaq...

- Müharibədən söz düşmüşkən, dünyanın siyasi xəritəsində müharibələrin daha çox müsəlman ölkələrində baş verməsinin əsas səbəbləri nədir?

- İkinci dünya müharibəsindən sonra dünyada ABŞ və SSRİ hegemonluğu ələ almağa çalışdı və hər biri istəyirdi ki, digər ölkələri öz əsarətlərində saxlasınlar. Mənim sizə bir sualım var – bu ölkələrdən daha hansı müsəlman ölkələrini işğal edib? (SSRİ –cavabını verdim – Red.) Amma indi SSR dağlıb, müsəlman ölkələri azaddır – Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan. Mərkəzi Asiyada bir çox ölkələr var ki, hazırda azaddırlar. Müsəlman ölkələrində İŞİD, Əl-Qaida kimi terror təşkilatları yoxdur, bu uydurmadır.

- Cənab səfir, bu il diplomatik missiyamız başa çatır. Azərbaycanda fəaliyyət göstərdiyiniz dörd il yaddaşınızda necə qalacaq..

- 4 ildir Azərbaycandayam. Pandemiya dövrünün Azərbaycanı tərk edəcək sonuncu səfiri mən olacam. Ömrümün ən gözəl günlərini burada keçirdim. Ölkənizi qarış-qarış gəzmişəm. Lələtəpədə, Cocuq Mərcanlıda belə olmuşam. Azərbaycanın bütün universitetlərində mühazirələrim dinlənilib. Ölkənin bütün regionlarında - Lənkəran, Sumqayıt, Mingəçevir, Gəncənin ali təhsil müəssisələrində mühazirələr oxumuşam. 30-dan çox universitet məni qəbul edib. Nəticədə mən Azərbaycanda professor adına layiq görüldüm. 4 il ərzində gördüyüm işləri sadalamaqla bitməz. Şad olardım ki, bir azərbaycanlı da mənim qədər Azərbaycanı sevdiyi kimi İndoneziyanı sevsin. İndoneziya Azərbaycanı hər bir məsələdə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Bilirsiz ki, Qarabağ, ona bitişik rayonlar işğal altındadır. İndoneziya həmin bölgəni Azərbaycanın torpağı tanıyır və həmin torpaqları işğaldan azad edəcəyik. İndoneziya İsrailin işğal etdiyi Fələstini də dəstəkləyir və Yerusəlimi fələstinin torpağı olaraq qeyd edir. Hər il keçirdiyim ziyafətin əsas məqsədi iki ölkə arasındakı dostluq və qardaşlığı göstərmək idi. 4 ildə Azərbaycanda hər il İndoneziyanın mədəniyyət günlərini keçirdim. Bulvarda, H.Əliyev adına sarayda, Fəvvəralər meydanında, Bakıda və bölgələrdə. Azərbaycanı çox sevirəm. Xalqımı, dövlətimi burada yüksək səviyyədə təmsil etdim. Azərbaycan dünyada öz gözəllikləri, tarixi ilə zəngindir, təbiəti gözəldir, əhalisi mehriban, səmimi və qonaqpərvərdir. Əxlaqi baxımdan yüksəkdir. Azərbaycanın bəyləri və xanımları yaraşıqlı və gözəldirlər. Bu gözəllikəri qoyub İndoneziyaya getmək istəməzdim. Azərbaycan mənim ikinci vətənimdir, yurdumdur. Burada dost və qardaşlarım var.

- Vətənə döndükdən sonra Azərbaycanla əlaqələrinizi hansı formada və necə qoruyub saxlayacaqsız?

- Çalışacam ki, Azərbaycanla əlaqələrimi saxlayım. İndoneziya və Azərbaycanı birləşdirəcək bütün sahələrdə. Ola bilsin biznes, media, təhsil, mədəniyyət, gənclər, din sahəsində assosiasiyalar yaradaq. Çalışacam ki, bu sahələri bir yerdə cəmləşdirən təşkilat yaradam. Darıxmayın və narahat olmayın, siz məni yenidən burada görəcəksiz. Azərbaycan islam ölkəsidir, istərdim ki, xalq islamı düzgün qəbul etsin. İki dövlət arasında təhsil, dini əlaqələrin inkişafına çalışacağımı dedikdə təbii ki, bunlar islamla əlaqələnir. Bilirsiniz, 15-ci əsrlərdə İndoneziyanın müsəlman ölkəsi olmasına əsas səbəb indoneziyaya gəlmiş azərbaycanlı olub. Azərbaycana islam Məhəmməd peyğəmbərin dövründən sonra, 7-ci əsrdə gəlib. 14-15-ci əsrlərdə isə anası qafqazlı, yəni azərbaycanlı, atası ərəb mənşəli olan Şeyx Mövlanə Malik İbrahim İndoneziyanın qərb adalarına gəlib İslam dinini yaymağa başlamışdı. Hazırda həmin adam İndoneziyada islam dinini təbliğ edən bir ustad kimi qəbul edilir. İbrahim orada dəfn edilib, məqbərəsi var. İndoneziyanın din nümayəndələrinin müəllimi hesab edilir, təbii ki, mənim də. Baxın, 6 əsrdən sonra İndoneziyadan Azərbaycana əcdadlarımın yurduna gəlmişəm ki, Mövlanənin bizə bəxş etdiyi həqiqi islami bilikləri axtarım. İslam Azərbaycan xalqı tərəfindən daha da qüvvətləndirilir. İndoneziyada elə bir yer yoxdur ki, orada namaz qılmaq üçün yerdən istifadə edilməsin. İndoneziyada islam olmasaydı, indi hinduzim dini olardı. Mən də namaz qılmazdım. Azərbaycanlının sayəsində biz dinə, Allaha iman gətirdik.

- Deməli, bizi bir-birinə bağlayan tellər 14-15-ci əsrə gedib çıxır..

- Düzdür. Baxın, Şirvanşahlar sarayında məzarı olan Yəhya əl Bakuvi 30 kitab yazıb. “Asroor At-Talibin - Elmin sirləri” adlı kitabı 15-ci əsrdən etibarən indoneziyalılar tərəfindən mədrəsələrdə istifadə olunur. Balaca olanda anam mənə müxtəlif hekayələr danışardı, onlardan biri də sevgi hekayələri idi. Sonradan bildim ki, həmin hekayələr Azərbaycandan gəlib. Məsələn, Nizaminin “Leyli Məcnun”undan. O vaxtdan bu hekayələr məndə Azərbaycana, azərbaycanlılara qarşı sevgi oyadıb. Ona görə də bu gün mən Azərbaycanı sevirəm. Bu səbəbdən də irəli gələrək “Leyli Məcnun” filmini çəkdirdim və hazırda İndoneziyada yayımlanır. Pandemiya dövrü düşdüyündən həmin filmi Azərbaycana gətirə bilmədik. Filmin 70 faizi Azərbaycanda çəkilib. Kann festifalına da göndəriləcək. Filmdə azərbaycanlı aktyorlar da yer alıblar, amma o qədər də tanınmış deyillər.

- Azərbaycanı tərk etdiyiniz zaman ölkənizə buradan xatirə olaraq nə aparacaqsız?

- Bütün gözəlliklərini aparacam. Azərbaycana vurulmuşam ürəyimin bir parçası Azərbaycanda qalacaq. İndoneziyaya Azərbaycanı ürəyimdə aparacağam...
Ermənipərəst qüvvələr AŞPA-da fəallaşıblar - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Avrasiya.net-ə müsahibə verib.

- Fuad müəllim, prezident İlham Əliyev Tərtərdə olarkən çıxışında deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar veriblər.

- Prezident düz vurğulayıb. Dağlıq Qarabağla bağlı məsələdə bütün dünya Azərbaycanın mövqeyini dəstəkləyib, ərazi bütövlüyümüzü tanıyıb. Dünyanın nüfuzlu təşkilatları münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasıyla bağlı bəyanatlar veriblər, mövqe bildiriblər.

- Amma Avropadakı bəzi dairələr Azərbaycanla bağlı öz hesabatlarında qərəz, ədalətsizlik və qeyri - obyektivliyə yol verir.

- Mən deməzdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Avropa və ABŞ dövlətlərin qərəzli mövqeləri olsun. Bu ölkələr BMT üzvüdürlər və Ermənistanın işğalçı dövlət olduğuna, Azərbaycanın işğal etdiyi torpaqlarından silahlı qüvvələrin çıxarıldması ilə bağlı 4 qətnamənin qəbulunda iştrak ediblər. Ondan başqa, Azərbaycanın bir çox ölkələrlə ikitərəfli formatda imzaladığı strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit olunub. Amma düzdür, vaxtaşırı bəzi beynəlxalq təşkilatlar bəyanatlar verirlər. O da əsasən insan haqları və seçkilərlə bağlı olur.

- Fuad müəllim, bəs Avropa Şurası? Qondarma “DQR”də keçirilən “seçkilər” və “inaqurasiya” ilə bağlı susqunluğu. “Susmaq razılığ əlamətidir” belə deyirlər.

- Avropa Şurasının Azərbaycanla münasibətləri, bu başqa bir söhbətdir. Ermənilərin dünyada güclü lobbisi var. Bu təşkilatlar illər boyu fəaliyyət göstərilən ölkələrdə Azərbaycan və Türkiyəyə qarşı iş görürlər. Azərbaycanın Avropa Şurasına üzv olandan sonra, bu təşkilatda ermənipərəst güvvələr fəallaşdılar. Bu faktdır. Və bəlkə də bu yeganə təşkilatdır ki, qondarma “DQR”də keçirilən “seçkilərə” öz mövqeyini bildirməyib. Azərbaycana qarşı ikili standart, qərəzli mövqe nümayiş etdirib. Dövlət başçısının çıxışına baxmışam. O, da öz çıxışında bunu vurğuladı.

- Belə olan təqdirdə biz daha nə etməliyik ki, bizə qarşı belə qeyri-obyektiv münasibət olmasın?

- Mənim fikrimcə, Azərbaycan belə qurumlarla və hətta erməni mövgeyindən çıxış edən ölkələrlə ikili münasibətlərə yenidən baxmalıdır. Bunlar bilməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsində neytrallığı qoruyub beynəlxalq prinsipləri, qəbul olunan qanunları, BMT-nin 4 qətnaməsini hər şeydən üstün tutub işğalçı Ermənistana qarşı siyasi və iqtisadi təzyiqlər etməlidirlər. Biz isə, bütöv bir cəmiyyət olaraq, Dağlıq Qarabağ məsələsində dövlət başçısına dəstək verməliyik. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, sülh danışıqları müsbət nəticə verməzsə və ermənilər beynəlxalq hüquq norma və prinsiplərinə sayqısızlıqlarını nümayiş etdirib işğalçılıq siyasətini davam etdirərlərsə, o zaman hərb yolunun seçilməsi məcburiyyətində qalacağıq. Mənə elə gəlir ki, dövlət başçısı İlham Əliyevin Dağlıq Qarabağda anti-terror əməliyyatlara başlanması tapşırığı bütün cəmiyyətin istəyi ola bilər. Prezidentin vurğuladığı 5-ci kalona gəlincə, onun planlarını heç bir zaman həyata keçməyəcək.
«Ev 500 min manata tikilibsə, o demək deyil ki, qiyməti də o qədərdir» - MÜSAHİBƏƏmlakın qiymətləndirilməsi sahəsində vəziyyət və gözlənilən yeniliklərlə bağlı FED.az-ın suallarına Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, «VECON CONSULTING» qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc cavab verir:

- Vüqar müəllim, 2019-cu il iqtisadiyyatda canlanma ili kimi yadda qaldı. Bu özünü daşınmaz əmlak bazarında da göstərdimi?

- 2019-cu il həm şirkətlərin özünün inkişafı, həm də daşınmaz əmlakların alqı-satqısı baxımından xüsusi yüksəliş ili oldu. Həm iqtisadiyyatda, həm də daşınmaz əmlak bazarının ayrı-ayrı seqmentlərində fəallıq artdı.
Bu vəziyyət qiymətləndirmə işlərinin və sifarişlərin də artmasına səbəb olub.

Alqı-satqının artması qiymətlərə də təsirini göstərdi, əvvəlki süstlük öz yerini dinamikaya verdi. Bazara təklif edilən qiymətlər artdı, hətta bir neçə ay əvvəl satış elanı verən şəxslər sonradan elanı dəyişərək qiymətləri artırdılar, baxmayaraq ki, əmlak həmin anadək satılmamışdı. Yəni, əmlak sahibləri öz obyektlərinin daha dəyərli olduğunu düşünür və bazardan gözləntiləri artır. Belə hallar isə iqtisadi inkişaf zamanı baş verir.

- 2019-cu ildə əmlak bazarının ayrı-ayrı seqmentlərində hansı proseslər baş verib?

- Təəssüflər olsun ki, statistik məlumatlar çox zaman ümumi yanaşmanı ehtiva edir və orta qiymətlər müəyyən olunur. Bu isə durumun seqmentlər üzrə dəqiq və obyektiv dəyərləndirilməsinə imkan vermir. Doğrudan da ayrı-ayrı seqmentlərdə vəziyyəti qiymətləndirmək daha düzgün yanaşmadır. Məsələn, şəhərin mərkəzindəki iri ticarət obyektlərinin alqı-satqısında durğunluq hələ də müşahidə edilir. Əvəzində, mənzillər və kiçik sahəli kommersiya obyektlərinə tələbat, onların satışı faktları xeyli artıb.

- Kiçik kommersiya obyektləri dedikdə, hansı qiymətə olanlar?

- Qiyməti 1-1,5 milyon manata qədər olanları nəzərdə tuturam, bu obyektlərin həm qiyməti artır, həm də onlar daha yaxşı, yəni tez satılır. Onlardan fərqli olaraq daha böyük obyektlərdə ekspozisiya (satışda qalma) müddəti böyükdür, bu əmlaklara müştəri tapmaq da asan deyil.

- Bəs ayrı-ayrı seqmentlərdə qiymətlər necə dəyişib?

- Müxtəlif əmlaklar üzrə qiymətlər 5-8% arasında yüksəlib. Xüsusilə də mənzillər və kiçik obyektlər, məsələn, metro ətrafında yerləşən və qiyməti o qədər də böyük olmayan obyektlərin təklif qiymətlərində təqribən 10% artım müşahidə edilib.

Amma şəhərin mərkəzində yerləşən və ipoteka krediti üçün o qədər də cəlbedici olmayan mənzillərin qiyməti artmayıb. Bəzi tanınmış MTK-lara məxsus böyük sahəli mənzillərin də qiyməti yüksəlməyib, əksinə hazırda bazarda böyük mənzillərə maraq az olduğuna görə, onların qiymətində ciddi endirimlər olub. Müştəri tapmaqda çətinlik çəkən böyük obyektlərin qiymətində də azalma müşahidə edilib.

- Bakı ərazisində infrastruktur yenilənir, həm qəsəbələrə qatar xətləri işə düşür, həm də şəhərin mərkəzində yeni parklar, yaşıl zonalar yaradılır. Bu proses qiymətlərə də təsir edirmi?

- Əlbəttə, birbaşa təsir edir. Çünki qiymətlər birbaşa infrastrukturdan asılıdır - adi mənzildən tutmuş qeyri-yaşayış obyektinədək istənilən əmlakın alıcıları ilk növbədə ona çatma yollarını dəqiqləşdirir və nə qədər əlverişli olduğunu müəyyən edirlər. Bundan başqa, yaxınlıqda sosial obyektlərin olması, bazar və alış-veriş mərkəzlərinə (AVM) çıxış da nəzərə alınır. Ona görə də yeni tikilən yollar və marşrutlar həmin ərazinin qiymətinə müsbət təsir göstərir.

- Bu zaman qiymət artımı hansı hədlərdə olur?

- Məsələn, Sumqayıta qatar yolu açıldıqdan sonra burada əmlakın qiymətləri 10-15% civarınla yüksəlib. Digər tərəfdən psixoloji amil yaranır və əmlakın satıcısı onun təsvirində əlverişli nəqliyyat imkanını qabardır. Bununla da əvvəlki aşağı qiymətin yüksəlməsinə bir növ haqq qazandırılır.

- İnfrastruktura görə, hansı ərazilərdə qiymətlərin daha da artacağı gözlənilir?

- Mərkəz ərazilər, necə deyirlər, doymuş vəziyyətdədir. Yəni burada hər hansı infrastruktur inkişafı və qiymət artımı gözlənilmir. Mərkəzdən kənarda, məsələn, Əhmədli, Yeni Günəşli və Həzi Aslanov metrosu ətrafında istənilən infrastruktur layihəsi qiymətlərə ciddi təsir edir. Hətta bir qədər əvvəl Ukrayna dairəsi yaxınlığında yerüstü keçidin tikintisinin də bu ərazidəki evlərin qiymətlərinə təsir edəcəyini gözləyirik.

- Yerüstü keçidin tikintisi qiymətlərə hansı səbəbdən təsir edir?

- Məsələn, bu keçid imkan verir ki, piyadalar yolu daha rahat və təhlükəsiz keçsinlər, yəni həmin ərazidə qəzaların sayı azalacaq. Hətta keçidin tikintisi barədə xəbərlər bu ərazidəki mənzillərin kirayə haqlarını artırdı. Əvvəllər bu zonalarda bir otaqlı mənzillərin kirayə haqqı 400-450 manat idisə, keçidin tikildiyi Ukrayna dairəsində qiymət 500-550 manata yüksəlib. İnvestor və ya düşüncəli alıcı obyekt əldə edəndə hər bir nüansı süzgəcdən keçirir.

- Hazırda ən çox hansı obyektlər qiymətləndirilir?

- Hazırda əsasən bankdan kredit götürən, əmlak alqı-satqısını həyata keçirən şəxslər əmlaklarını qiymətləndirirlər. Bunlar evlər, böyük obyektlər, iş mərkəzləri, zavodlar və sairdir. Bəzi iş adamları isə sadəcə malik olduqları əmlakların real dəyərini, hansı aktivlərə, hansı gücə sahib olduqlarını bilmək üçün əmlaklarını qiymətləndirirlər. Dünyada bu adi praktikadır. Məncə, hər bir vətəndaş da öz əmlakının dəyərini bilməlidir. Məsələn, əmlaklar dövlət ehtiyacları üçün alınanda, ailə quranda, şərikliyə başlayanda və sair hallarda insanlar öz əmlakları və onların dəyəri barədə biliyə malik olmalıdır.

- İş adamlarımız bu qaydaya əməl edirlərmi?

- O qədər də yox, iş adamlarının əksəriyyəti bu sahədə passivdir. Üstəlik, bəzi əmlak sahibləri əmlaklarının real qiyməti ilə bağlı fərqli fikirdə olurlar, ədalətli qiyməti izah edəndə isə narazı qalırlar. Məsələn, onlar bildirirlər ki, əmlakın yaradılmasına böyük məbləğ yatırılıb, amma onlara izah edirik ki, əmlakın dəyəri təkcə ona yatırılan məbləğlə hesablanmır. Ola bilər həmin əmlaka 10 milyon manat yatırılıb, amma onun bazar dəyəri 5 milyon manatdır. Və ya əksinə 10 milyon yatırılıb, investisiya layihəsi uğurlu alındığı üçün istifadəsinə başlandığı zaman dəyəri 20 milyon manata yüksəlmişdir.

- Vüqar müəllim, dövlət başçısının fərmanı ilə binaların istismara qəbulu və sənədləşdirilməsi sadələşib. Bu yenilik həmin mənzillərin qiymətinə necə təsir etdi?

- Əlbəttə, bu fərman nəticəsində yeni tikililərin istismara qəbulu və mənzillərin sənədləşdirilməsi onların qiymətinə də müsbət təsir edir. Burada bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, hazırda çox gözəl bir aksiyaya start verilib. Çıxarışların səyyar şəkildə verilməsi həyata keçirilir. Alqışlanan haldır və bu, neqativ halların qarşısını alır, yəni sənədlər qaydasındadırsa, asanlıqla çıxarışa sahib olmaq mümkündür. Bu müsbət təcrübəni davam və inkişaf etdirmək lazımdır.

- Adətən kredit almaq istəyən sahibkarlar girov qoyacaqları obyektlərin qiymətini artırmağa, banklar isə əksinə, aşağı salmağa çalışırlar. Bu iki qiymətləndirmə arasında fərq nə qədər olur?

- Bunu dəqiq demək çətindir, bəzən yaxın qiymət olur, bəzən isə əksinə, sahibkarın yüksək qiymətli hesab etdiyi əmlak bankların risk mütəxəssisləri tərəfindən ucuz dəyərləndirir. Əslində bankları başa düşmək olar, pulu onlar verir. Sabah krediti qaytara bilməyən sahibkar hansısa üsulla bundan yayınmağa, vaxtı uzatmağa çalışa bilər. Amma ortada olan məbləğ bankındır. Ona görə də bank bu məsələdə daha diqqətli olur.

- Əmlaka qiymət qoyarkən əsasən hansı yanaşmaya üstünlük verilir?

- Çox maraqlıdır ki, indiyədək Azərbaycanda sovet dövründən qalmış bir yanaşma – xərc yanaşması geniş yayılıb. Yəni mən hansısa obyektə nə qədər investisiya yatırmışamsa, hesab olunur ki, əmlakın dəyəri də budur. Amma dünya praktikasında əsasən gəlir yanaşmasına üstünlük verilir. Obyektin gətirdiyi gəlir onun uzunmüddətli istifadəsinin və təminatının əsasını təşkil edir. Ona görə də fikrimcə, obyektin dəyərini müəyyən edəndə onun gətirəcəyi gəlirlər və oxşar obyektlərin bazarda satış qiymətləri nəzərə alınmalıdır.

- Xərc və gəlir metodları ilə müəyyən edilən qiymətlər bir-birindən çox fərqlənir?

- Dünya praktikasında developer mənfəəti, yəni tikintidən əldə edilmiş mənfəət təqribən 30% civarındadır. Yəni mən obyekti satıramsa, onun satışından 30%-ə qədər gəlir götürürəmsə, bu gəlirli sayılır. Bəzi hallarda bu rəqəm 50-70% də ola bilər.

Amma əksinə də olur. Məsələn, Lənkəranın ucqar bir kəndində 500 min manat xərcləməklə gözəl zövqlə, hətta daxilində lifti olan böyük fərdi yaşayış evi tikilib. Sahibi hesab edir ki, evin qiyməti minimum 500 min manatdır. Amma ona izah edirik ki, evin real bazar dəyəri 4-5 dəfə aşağıdır. Çünki hansısa ucqar kənddə yerləşən bu əmlaka heç kim 500 min manat ödəməz. Yəni tikinti və bazar dəyəri arasında böyük fərq ola bilər.

- Elə obyektlər var ki, eyni yerdə yerləşməsinə baxmayaraq qiymətləri fərqli olur. Bunun səbəbi nədir?

- Bəli belə hallar var, eyni ərazi, hətta eyni binada yerləşməsinə baxmayaraq iki obyektin gəlirliyi və qiyməti fərqlidir. Bununla bağlı «xoşbəxt olmayan obyektlər» anlayışı var. Məsələn, eyni binada yerləşirlər, amma obyektin biri heç gəlir gətirmir, oraya gələn istənilən icarədar 1-2 aya həmin obyekti tərk edir. Səbəbi odur ki, insanlar hansısa səbəbdən ora meyllənmir, alver etmir. Tutaq ki, obyekt binanın uyğun olmayan tərəfində yerləşir, necə deyərlər «gizlənmiş» şəkildədir.

- Gələk qiymətləndiricinin özünün fəaliyyətinə: bu sahədə vəziyyət necədir, Azərbaycanda əmlaklar düzgün qiymətləndirilir?

- Azərbaycanda qiymətləndirmə sahəsində sağlam rəqabət tam mövcud olmadığına görə, bu sahədə problemər var. Bəzi qiymətləndiricilərin hazırladığı hesabat cəmi 1 səhifə olur və burada heç bir əsaslandırma olmur. Halbuki, bu beynəlxalq standartlara ziddir. Standartlara görə əmlakın dəyərinin hesablanması variantları, göstərilən dəyərin necə müəyyən edildiyi hesabatlarda birbaşa əksini tapmalıdır. Məsələn, bizim şirkətin ən sadə əmlaklar – mənzil və avtomobillər üzrə hesabatları 20-25 səhifədir. Yəni hesabatı oxuyan adamda təsəvvür yaranmalıdır ki, bu qiymət haradan formalaşıb.

Azərbaycanda isə qiymətləndirmə hesabatlarının 90%-də belə deyil. Əksər hallarda bu bank işçilərindən və sifarişçilərdən qiymətin necə formalaşdığını gizlətmək üçün edilir. Belə olan halda, qiymətləndiricinin öz maraqlarına uyğun şəkildə apardığı hesablamaların təftişi mümkün olmur.

- Bu vəziyyətin yaranmasına səbəb nədir?

- Əsas səbəb - bu sahədə ciddi nəzarətin olmamasıdır. Biz istəyirik ki, Auditorlar Palatasında olduğu kimi, oxşar bir palata və ya dövlət qurumu yaradılsın və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) ilə birlikdə bu sahəyə nəzarət etsin.

Xatırladım ki, Auditorlar Palatasında auditorların reyestri var və burada qeydiyyatdan keçməmiş şəxslər audit apara bilməzlər. Oxşar sistemin qiymətləndiricilər üçün də yaradılmasını istəyirik.

Çünki müxtəlif hallarda bəzən elə qiymətləndirici şirkətlərlə rastlaşırıq ki, onlar ümumiyyətlə tanınmır və hətta sadə hesabatları belə təqdim edə bilmirlər. Bəzi qiymətləndirmə aktları beynəlxalq standartlara, mövcud qaydalara və daşınmaz əmlak prinsiplərinə uyğun deyil. Belə hallar xüsusilə məhkəmələrdəki qiymətləndirmələr zamanı qarşımıza çıxır.

- Ölkə qanunvericiliyində qiymətləndiricilərlə bağlı hər hansı tələb varmı?

- Mövcud qanunvericiliyə görə, yəni 1998-ci ildə qəbul edilmiş «Qiymətəndirmə haqqında» qanuna görə, qiymətləndirmə ilə məşğul olan şəxsin sertifikatı olmalıdır, əks halda bu fəaliyyətə icazə verilmir. Amma indi bu qanuna əməl edilmir, qeyd etdiyim kimi xüsusilə məhkəmə prosesləri zamanı bunun şahidi oluruq. Yəni görürük ki, iştirak edən qiymətləndiricilər bizim cəmiyyətin üzvü deyil, sertifikatı yoxdur. Amma onun hesabatını qəbul edirlər, halbuki ən azı dövlət qurumu belə hala yol verməməlidir. AQC bununla bağlı dəfələrlə ayrı-ayrı dövlət qurumlarına müraciət edib. Söhbət AQC-nin monopoliyasından getmir, qoy bu mexanizmi dövlət özü yaratsın. Çünki məhz belə hallara görə qiymətləndirici fəaliyyətinə və ümumilikdə bu sektora etimadsızlıq yaranır və onun nəticələrini bütün bazar hiss edir.

- Bəlkə də məhz bu sahəyə ciddi nəzarət olmadığına görə, hazırlıqsız qiymətləndiricilər fəaliyyət göstərir və bu sonradan digər sahələrdə də problemlərə səbəb olur.

- Bəli, tamamilə doğrudur. Çünki düzgün olmayan qiymətləndirmə sonradan digər sahələr, o cümlədən bank-maliyyə sektorunda problemə, qeyri-likvid girovların yaranmasına səbəb olur. Ona görə də biz sertifikatlaşdırma məsələsini önə çəkmişik ki, dövlət qurumları, banklar və sahibkarlar sertifikatı olmayanlarla əməkdaşlıq etməsinlər.

Sertifikatı Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq təşkilatlarla birlikdə, aparılan treninqlər və imtahanın müvafiq nəticəsinə uyğun olaraq təqdim edir.

- Vüqar müəllim, bazarın daha da şəffaflaşması üçün başqa hansı təklifləriniz var?

- Məsələn Rusiyada dövlət səviyyəsində qiymətləndiricilər üçün kvalifikasiya imtahanları keçirilir və sertifikat verilir. Bizdə də belə imtahanın keçirilməsini təklif edirəm. Hətta indiyədək fəaliyyət göstərən mütəxəssislər də imtahan verməlidir. Çünki onların fəaliyyətidən bütün iqtisadiyyatın və bank sektorunun fəaliyyəti asılıdır. Rusiyanın elə qiymətləndirici şirkətləri var ki, nəinki öz ölkələrində, hətta bütün Avropada tanınsalar da 2 ildən bir imtahan verir və onun nəticəsini ictimaiyyətə açıqlayırlar. Bizdə isə cəmi bir dəfə sertifikat alıb demək olar ki, daimi fəaliyyət göstərmək mümkündür.

- Qiymətləndirmə fəaliyyətində xidmət haqqı necə formalaşır?

- Qeyd edim ki, qeyri-peşəkarların təsirini xidmət haqqında da hiss edirik. Bəzi qiymətləndiricilər tələb olunan prosedurları lazımi qaydada aparmadıqlarına görə, öz keyfiyyətsiz xidmətlərinə olduqca aşağı qiymət təyin edirlər.

Halbuki qiymətəndirmə ciddi prosesdir, bir neçə mərhələdən ibarətdir və sonda ətraflı hesabat hazırlanır. Bütün bunlar isə əlavə xərclərdir - peşəkar işçilər, ofis xərcləri, ezamiyyə xərcləri və sair. Biz də yüksək qiymətin əleyhinəyik, amma təəssüf ki, indi bazarda qiymətləri qeyri-real həddə qədər endirənlər var. AQC olaraq vahid minimal və maksimal tarifin tətbiq edilməsi üzərində işləyirik. Doğrudur, bəzi şirkətlər bununla razılaşmır, «bu bizim öz işimizdir və xidmətin qiymətini özümüz müəyyən edirik» deyirlər. Amma bu addım tövsiyə xarakteri daşımaqla sifarişçilərin də normal qiymətləndirmə tariflərindən xəbərdar edilməsi məqsədini daşıyır. Müştəri görəndə ki, 80-100 manatlıq qiymətləndirmə işini hansısa şirkət 50-60 manata edir, başa düşəcək ki, burada nəsə düz deyil.

Daha sadə desək, tanınmış sertifikatlı işçiləri, ciddi qurumlarda təmsilçiliyi, peşə riskinin sığortası, internet səhifəsi və ofisi olmayan qiymətləndiriciyə iş verilməməlidir. Bizdə əksər şirkətlərin saytları yoxdur, halbuki müştərilər şirkətin necə və hansı peşəkarlarla işlədiyini bilməlidir.

- Qiymətləndiricilər öz peşə məsuliyyətlərini sığorta etdirirlərmi?


- Çox az sayda. Halbuki böyük gəlirləri olan şirkətlər həmin gəlirlərindən cəmi bir neçə faiz ayırıb peşə məsuliyyətini sığorta edə bilər. Hazırda bunu onlardan tələb edən yoxdur, amma mənə elə gəlir ki, banklar və digər sifarişçilər qiymətləndiricidən peşə məsuliyyətini sığortalamağı tələb etməli, əks halda onlarla işləməməlidirlər.

Yəni sifarişçi əmin olmalıdır ki, gələcəkdə qiymətləndirmənin nəticələri ilə bağlı hər hansı problemi yaransa, ona dəyən zərər qarşılanacaq.